Edebiyyat.az » Təqdimat » Günel Mehri - İşıq. (esse)

Günel Mehri - İşıq. (esse)

Günel Mehri - İşıq. (esse)
Təqdimat
admin
Müəllif:
11:11, 12 iyul 2021
1 817
0
Günel Mehri - İşıq. (esse)


 Nemət Mətinin “Sonuncu uçuş” kitabının təqdimatından.
İstidir. Çox isti və bürkü. Maşını park edib deyilən ünvanın sorağında o ətrafı dörd dolanıram. “Bookzone, bookzone, bookzone”, yox,  tapa bilmirəm. Az qalır ki, ümidim üzülsün. Axır ki, nəzərlərim iri və parlaq hərflərlə yazılmış lövhələrin

arasındakı  kiçik başlığa ilişir: “Bookzone”. Hə, buradır, deyəsən. Kiçik qapıdan daxil olanda pillələrin kənarına düzülmüş dibçək çiçəkləri diqqətimi çəkir. Bir anlıq dayanıb onlara sarı boylanıram ki, arxadan gələn gənc böyrümdən keçib yuxarı addımlayır və birdən geri qanrılıb soruşur: 
-Xanım, “Bookzon”u axtarırsız? 
-Aha. 
-Buradır.
Təşəkkür edirəm və qəribədir ki, bu bandanalı gənci hardansa tanıdığımı xatırlayıram. Gənc şairlərdəndir, deyəsən. Gənc içəri keçir, mən də onun ardınca. Və birdən elə bil kitab selinə düşürəm. Rəngarəng üzlüklü kitablar adama gəl-gəl deyir. Baxıram ki, çoxu mənə doğmadır: illərlə əlimdən düşməyən rus və Azərbaycan dilində olan dünya ədəbiyyatı klassikası. Nəzərlərim rəflərin üstündə qaçır: kitablar, kitablar, kitablar və adamlar, adamlar, adamlar... Kitabların maqnit tək çəkən sehirli üz qabığından başımı qaldırar-qaldırmaz o qədər doğma sima tanıyıram ki... Yuxu kimidir lap. Fotolarda

gördüyüm simalara elə bil hərəkət verilib. Bir anlıq özümü sehirli çubuğun işarətiylə sosial şəbəkənin düz ortasına düşmüş kimi sanıram. Hər gün facebookun xəbər lentində qarşıma çıxan şəkil-adamlar indi realda bir-biriylə səmimiyyətlə görüşür, danışır, gülürlər... Və onlar danışdıqca, güldükcə gözümdə başqalaşırlar. Şəkil-adamlar dönüb olur kitab-adamlar... Kitab kimi səlist, kitab kimi dərin, kitab kimi maraqlı... və bir də oxunaqlı... Və mən  onları az-maz da olsa real həyatda səhifələmək üçün divara söykənib gözdən keçirirəm.
İstidir, hətta günəşin qaynar çağıdır. Amma kitab-adamların qarışqa tək qaynaşdığı mühitdə təbəssümlər daha istidir, hətta işıqlıdır. Təzadlı da olsa, həmin işıqlardan yavaş-yavaş mühitə sərinlik çökür və  damarlarımda dolanan istilik getdikcə azalır. Rahatlaşıram. Tədbirin şirin yeridir. Kitabla poz verən kim, qruplaşıb söhbətləşən, müəllifdən imza alan kim. Və birdən öz-özümə deyirəm ki, ey dadi-bidad, biz əslində covidli günlərdəyik e. Amma hər kəs - uzun müddət sonra sözün hər iki anlamında hər kəs maskasızdır. Və mən bu şirin tabloları izlədikcə bir şeyi başa düşürəm ki, insanlar virus həyəcanı ilə evlərə kilidlənəndən bəri maskasız və məsafəsiz görüşlərə susayıb. Elə bu məqamdan da kitab-adamlar dönüb olur işıq-adamlar. Çün məncə, hərəsi təqdimata bir qucaq işıqla gəlib. Və elə bu düşüncələrdən yol alıb bu işıqlı görüşə vəsilə olan şəxsə minnətdarlıqla baxıram. Gənc yazıçı Nemət Mətin... Bu gün yaman həyəcanlıdır. Üzdən sakit görünsə də, baxışlarını tez-tez ora-bura qaçırmasından və şəkil çəkdirərkən utancaq görkəm alan çöhrəsindən açıq-aşkar sezilir həyəcanı. Empati hissim dərhal işə düşür. Bəs necə? Bu qədər işığı bir araya toplamaq az iş deyil ki... Üstəlik hər kəs indi onun uçuşundan danışır: “Sonuncu uçuş”.  Tədbirin ağsaqqalı da geniş nitqini bu

sözlərlə tamamlayır: “Qoy bu Nemətin sonuncu uçuşu olmasın. Səndən roman kitablarını da gözləyirik”. Bunları qocaman yazıçı Azad Qaradərəli deyir. Elə bu vaxt tədbirin ən gənc adamı Amin (mən ona kitab qurdu deyirəm) eyvana keçir və üzbəüzdən bir əziz sima mənə əl edir:
-Otur, əzizim. Ayaq üstdə durma. 
İncə ruhlu şairə Aysel Fikrətdir. Nə vaxtdır, görüşmürük. Həmişəki nurlu çöhrəsinə baxanda hiss edirəm ki, darıxmışam və nədənsə, bu anda rəhmətlik atası Fikrət Sadığı xatırlayıram. İstəyirəm, gedib qucaqlayam Ayseli. Amma adamlar çoxdur və sakitcə bayaq Aminin əyləşdiyi boş kətilə çökürəm. İndi də Gülnar xanım danışır. Düz Sumqayıtdan Bakıya yol alan əsl kitab aşiqi. Deyir ki, özü yazı-pozu damı deyil, amma 40 ilin sadiq oxucusudur. Və mən ömrünün 40 ilini kitablar arasında keçirən bu kitab-qadına heyranlıqla baxıram. Və başımı qaldıranda kimi görsəm yaxşıdır, ay üzlü Ayparanı. O da məni tanıyır. Əl yelləyir. Aypara Ayxanı şeirləriylə tanımışam facebook üzərindən. Real həyatda ilk qarşılaşmamız. Ona baxdıqca beynimdən bircə fikir keçir: bir adama öz adı necə də yaraşarmış...  


Aypara ilə uzaqdan-uzağa baxışdığımız məqamda iki gənc qarşımdan eyvana keçir. Biri bayaqkı bandanalı şairdir. Hə, adını xatırladım: Ələsgər Əhməd. Yanındakı da gənc yazar Dərvişdir. Deyəsən, onlar da məni tanıyır. Baxışlarından duyuram. Elə bu vaxt hamının mehribanca foto çəkdirdiyi məqamda üzündəki təbəssümlə Mübariz Örən peyda olur. Bir anlıq baxışırıq və mən onun təbəssümündə balıq gülüşünü anıram. Əcəba, balıqlar təbəssüm edə bilirmi?.. 
Yanımda əyləşən yaraşıqlı xanım diqqətimi çəkir. Amma görkəmindən çox, tədbirin səbəbkarına yönələn sözsüz dialoqu ilə. Nemət Mətin və adını bilmədiyim gözəl xanım sakitcə baxışırlar. Və mən onların arasındakı ruhsal körpüdən duyuq düşürəm:
-Yazarsız, xanım? 
-Xeyr. Kitabxanada işləyirəm. ... onun həyat yoldaşıyam. 
Gülümsəyir Nemət Mətinə baxaraq:
-Gələcəyimi bilmirdi. Sürpriz etdim.
-Gözəl düşünmüsüz. Tanışlığımıza şad oldum.
Mənə elə gəlir ki, tədbirin axınındakı  ən zərif məqam da bu pünhan görüşdür. Yalnız ikisinə, bir də ki, bir təsadüf nəticəsində mənə bəlli olan görüş...
Bizim pıçıltılarımızı işığını da götürüb otağa daxil olan yazıçı Azər Qismət pozur. Həmişəki xoşməramlı ampluasındadır. O danışarkən hər kəsin üzündə xoş bir ifadə yaranır. Nitqini bitirər-bitirməz iki köhnə tanış tək salamlaşırıq. Bizə yaxınlaşan yazıçı Nicat Həşimzadəni nişan verir:
-Gör nə nurlu adamdır.
-Məncə, bura yığışan hər kəs işıqlı. Yazı-pozu adamlarında qəribə bir ziya olur. Hər kəsdə olmayan.
-Razıyam sənlə.
Aypara Ayxan bu işıqlı dialoqu nöqtələyib telefonun foto yaddaşına həkk edir:
-Bir gülümsəyin, görüm.
-Üçümüz birlikdə. Əla foto alındı.
-Hə, işıqlı...

Sonra fürsət tapıb Aysel Fikrətlə qucaqlaşırıq:
-Darıxmadın ki? Yaman səssiz gördüm səni tədbir boyunca.
-Nə darıxmağı, Ayselcan? Müşahidə edirdim. 
Get-gedə foto çəkdirmək üçün toplaşan insanlar kiçik otağı dolub-daşdırır. Bax burda deyiblər ki, gərək adamın ürəyi geniş olsun. Otaq darısqal olsa da, hamı özünü öz qabında hiss edir. Elə mən də... Tədbirin səbəbkarıyla fotolar çəkdirib qapıya yaxınlaşıram. Burda tədbir boyu görmədiyim nə qədər insan var... Qapıda  şair Mənsur Həsənzadə və gözəlim Aypara Ayxanla vidalaşanda öz-özümə düşünürəm ki, tədbirdən əməlli-başlı dolu-dolu qayıdıram. Əlimdə çantam və kitab olsa da, sinəmdə bir qucaq təbəssümün işığı parlayır. Qəfil maşın siqnalı... Dik atılıram. Sürücünün əsəbi siması düz gözümə tuşlanır:
-Xanım uçursuz e elə bil. Belə olmaz axı. Yaxşı qurtardıq. 
-Hə, uçurmuşam deyəsən. Bağışlayın.
Biixtiyar əlimdəki kitaba baxıram: Sonuncu uçuş.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)