Aygün Cəfərova(Yaşar) - “YAZI"mızın yozumu
Təqdimat
Aygün Cəfərova(Yaşar) - “YAZI"mızın yozumu
Sevindirici haldır ki, son zamanlar oxucuların və yazarların say nisbətində birincilərin artımı müşahidə olunur. Bu o deməkdir ki, toplum olaraq doğru yoldayıq. İnkişafın və səadətin bilgidən keçdiyini anlamışıq, deməli. Oxumaq tələbatını ödəmək üçün maraqlı, gərəkli, mənalı, öyrədici və zövqverici kitablar, jurnallar axtarırlar oxucular.
2021-ci ilin oktyabr, noyabr aylarında Azərbaycanda keçirilən kitab yarmarkalarına xeyli sayda kitablar, jurnallar çıxarıldığının şahidi oldum. Onlardan biri də "YAZI" jurnalıdır.
2011-ci ildə Azad Qaradərilinin təsisçiliyi ilə ilk dəfə işıq üzü görən dərginin ilk özülündə Rəhim Əliyev, Rafiq Tağı, Aslan Quliyev, Əlabbas, Eyvaz Zeynalov kimi imzaları görürük. Araz Gündüz, Güntay Gəncalp, Ahmey Yıldız, Həsən Səfəri, Cavidan kimi imzaların çabaları ilə də Moskva, Türkiyə, Güney Azərbaycandan bu yana ellərdə adı çəkilib, işığı şölələnib "YAZI"nın. "Və ən son mərhələdə böyük yazıçımız Əkrəm Əylisli, filosoflar Niyazi Mehdi, Rahid Ulusel, ədəbiyyatşünas alim Tehran Əlişanoğlu, dərgimizin yetişdirməsi olan Mübariz Örən, Əjdər Ol, Sevinc Elsevər, Namiq Şaman "Yazı"nın inkişafı üçün əllərindən gələni etmişlər."( Azad Qaradərili. "Yazı" -1/24; səh.4)
Pandemiyalı fasilədən sonra isə "YAZI" nı oxucularla görüşdürmək məsuliyyətini Nemət Mətin fədakar, istedadlı dostları Mübariz Örən, Günel Rəcəb, Amin Namazlı və Elvin Rizvangillə bərabər öz çiyinlərinə götürüb.
Jurnalın yeni yaradıcı qrupla işıq üzü görən bu sayında hekayələr, roman hissələri, esse və məqalələr yer alıb.
Azad Qaradərilinin "Morqda karantin" romanı, Miri Rəsulzadənin"Ana bətnində 25 il", Elvin Rizvangilin "Ərbahi-əzəldən", Kənan Hacının "Buynuz qəziyyəsi", Huanita Malenin "Gecə peşəsi", Devid Sedarisin " Ailənə məxmər və pambıq geyindir", Nurdan Aladağın "Yağışın rəngi", Nurlan Kaminin "Stepanıç", Nəcib Məhfuzun "Uşaqların cənnəti" hekayələri, Xəyalə Muradın "Güzgünün yaddaşı yoxdur" essesi, Con Steynbekin "Məktublar"ı, Məhəmməd Tanhunun "Cəfər Cabbarlı və türkçülük", Vaqif Osmanovun "Durna qatarına sığışan ömrün harayları", "Ümid, həsrət və səadət", Nicat Həşimzadənin "Tərcümə və ideologiya", Ceylan Mumoğlunun "Düz xətt", Rahid Uluselin "Vətən müharibəsi çağdaş ədəbiyyatımızda", Xan Rəsuloğlunun "Yaşamaqmı, yaratmaqmı?", Aygün Cəfərovanın (Yaşar) "Əfqanın "Cənnətməkan"romanı: türk hökmdarın siyasətnaməsi" məqalələri, Rəssam Yusif Mirzənin "Babil qülləsi", "Muğam üçlüyü", "Qədim Alban kilsəsi Ağoğlan haqqında rəvayət", "Red night in Old City","Pomegranats-2017" və "Xatirə işığı" adlı rəsm əsərləri "Yazı"nın səhifələrinə çevrilib.
Azad Qaradərilinin " Morqda karantin" ("Morq çiçəkləri", 2-ci kitab) romanı pandemiya fonunda yaşadığımız gerçəklikləri əks etdirir. O dövrlə bağlı ən spesifik qənaətlər, fikirlər, ruhi durumlar, psixoloji gərginliklər nəinki Azərbaycan adamı olan Süleymanlara, Cahangirlərə, Təhməzovlara, Mətiyevlərə, Gülsümlərə, Zeynəblərə, əslində pandemiya- ölüm zəncirlənməsinə məruz qalmış bütün dünyan sakinlərinə aiddir. Dar gündə özünü büruzə verən sağ qalmaq çabası mənəvi dəyərləri qoyur masaya çox vaxt. Sakit zamanlarda da seçimlər etməyə məcbur olan adamların belə zamanlarda qarşısına ikicə seçim çıxır: hər şeyə rəğmən insan qala bilmək və ya sağ qala bilmək üçün insanlıqdan çıxmaq. Azad Qaradərili romandan- bədii əsərdən daha çox həyati gerçəkləri realistcəsinə qələmə alıb "Morqda karantin"də.
Məhəmməd Tanhu "Cəfər Cabbarlı və türkçülük" məqaləsində görkəmli dramaturq, nasir, şair Cəfər Cabbarlının yaradıcılığına türkçülük sevgisinin işığında nəzər salır. "Trablis müharibəsi", "Ədirnə fəthi","Bakı müharibəsi" əsərlərindən söz açaraq onları "Türkçülük trilogiyası" adlandırır. M.Tanhu öz məqaləsində Cəfərin "Sevdiyim", "Azərbaycan bayrağına" kimi şeirlərini təhlil edərək "azadlıq və istiqlal məfkurəsinin daşıyıcısı olan gənc dahi"yə növbəti dəfə Azərbaycan oxucusunun qəlbində rəğbət oyadır.
XƏYALƏ MURADın "Güzgünün yaddaşı yoxdur" essesi zamanla yarışan, gələcəyə can atan insanın arzuladığı o gələcəkdə bir sürprizlə- qocalıqla qarşılaşarkən yaşadığı duyğular qələmə alınıb. Güzgü effektini gerçək güzgüdən daha yaxşı heç nə göstərməzdi. "Həqiqətdən gizlənmək mümkün deyildi... Bunu isə çox gec anlayacaqsan!... - deyir Xəyalə Murad.
VAQİF OSMANOVun "YAZI"dakı iki məqaləsindən biri müasir poeziyamızın dəyərli imzalarından olan Aida Adıgözəlin "Sükutun səsi" adlı şeir dünyasını səyahətinin nəticəsi olaraq yazılıb. "Ümid, həsrət və səadət" məqaləsi isə şair Tahir Taisin şeirlərindən yaranmış nostalji təəssüratlar və gözəl bir fikirlə yadda qalır: "Həsrət kəmşirindi, ümid şirindi, səadət isə şipşirindi..."
NİCAT HƏŞİMZADƏnin "Tərcümə və ideologiya" məqaləsində kitablara münasibətdə ideologiyaların mühüm rol oynadığını tarixi faktlarla sübut edir. Bu mövzuda Ceyms Dürrantın fikirlərindən yol alan müəllif tarixən kitab yandırma faktlarını sadalayaraq səbəblərini maraqlı şəkildə izah edir. Tərcümə sahəsində də iqtidarın yürütdüyü siyasi ideologiyaları dəstəkləyən əsərlərin "bəxti gətirdiyini" vurğulayır. Kitabların qədim zamanlardan ta bu günüməzədək yaranma yaşama və ya "öldürülmə"silə bağlı qələmə aldığı olduqca maraqlı faktlar məqaləyə görə Nicat Həşimzadəyə oxucu təşəkkürü qazandıracağına əminəm.
CEYLAN MUMOĞLUnun "Düz xətt" hekayəsi Elnarə Həziyeva adlı məktəbli qızın intiharı ilə bağlı ürək ağrısından yaranıb. Sinif yoldaşı Samirənin dilindən yazılmış bu yazıda uşaqlara ailə və ətraf mühitdə təsir edən yanlış yanaşmaların yığılaraq bir gün böyük bir faciə yaratdığı fikrinin təsdiqini görürük.
RAHİD ULUSELin "Vətən müharibəsi çağdaş ədəbiyyatımızda" adlı məqaləsində dəyərli alimimiz bir xalqın birliyində, milli ideyaların ətrafında cəmlənməsində dövlət siyasəti ilə yanaşı hətta bəlkə ondan da artıq rol oynayan vasitənin məhz bədii ədəbiyyat olduğunu nümunələr əsasında analiz edir. Şəhid Teymur Rəsulovun, Səlim Babullaoğlu, İlqar Fəhminin, Məmməd İsmayıl, İbrahim İlyaslı, Vaqif Bəhmənlinin, Ayaz Arabaçının və başqa müasir poeziya nümayəndələrinin şeirlərində Vətən müharibəsi motivlərindən söz açır. Alim bu qənaətə gəlir ki: "Göründüyü kimi, bəzən siyasət "ədəbiyyat dilində danışmaqla hədəfi daha dəqiq nişan ala bilir."
MİRİ RƏSULZADƏnin "Ana bətnində 25 il" hekayəsi fiziki və əqli məhdudiyyətli övladları olan analardan biri Şücayət və qızı Sədaqətin yaşantılarından bəhs edir. Yazıçının ifadə və təsvir ustalığı ilə oxucu olaraq Sədaqətin və ananın yerində hiss edə bilirik özümüzü. 25 il hamı kimi yaşamadan ömür sürən qızının son dəfə gözlərini bağlayanda ananın hiss etdiyi sevincin də səbəbini başa düşürük. Hekayənin epiqrafını - "Görəsən, bu dünyada övladını qarğıyan, övladının ölümünə sevinən neçə ana var?" sonda anlayırıq.
XAN RƏSULOĞLU "Yaşamaqmı, yaratmaqmı?" məqaləsi fəlsəfi düşüncələrə malik yaradıcı insanların əksəriyyətinin gec-tez qarşılaşdığı bir suala cavab axtarır. "Yaratmaq- yaşamalı olduğun bu dünyaya asi olmaq və ya intihar deyilmi? Ya da tərsinə, yaşamaq ali mahiyyətimiz və başqa canlılardan əsas fərqimiz olan yaratmaq imkanımıza xəyanət deyilmi?" sualın cavabını bilmək istəyərkən Xan Rəsuloğlunun- kitablar aləminin bilgə Xanının çox maraqlı mülahizələri və yaşamaq istəməyən məşhur yaradıcı adamlar ilə tanış oluruq.
ELVİN RİZVANGİLİN "Ərvahi-əzəldən" hekayəsi yuxuda buta verilmiş Hüseynin hansı yollarla ərmiş Sümmaniyə çevrildiyindən, haqq aşığı, yuxuda şah qızı Gülpəriyə aşiq olmasından, onların dünyada eşqlərini necə qoruduqlarından bəhs olunur. Bir çox dastanlarımızı xatırladan ştrixlərlə bir hekayədə rastlaşmaq və ümumilikdə süjet və yazı üslubu çox maraqlıdır. Xoş təəssüratla hekayədən ayrılınca insan öz ruhunda da bir arınma duyur. Ədəbiyyatın elə ilk funksiyası da ruhumuzu saflaşdırmaq, gözəlləşdirmək deyilmi?!
KƏNAN HACI "Buynuz qəziyyəsi" adlı hekayəsində Nizami Gəncəvinin "Xəmsə"sindən tanıdığımız obrazları - İsgəndər, Xosrov, Fərhad, Şirin, Şəkər, Nüşabə, Mehin, Bəhram, Şapur, Nemanı müasir dövrdə və müasir həyat tərzində görürük. Əslində dövr, maddi aləm, əşyalar, vasitələr dəyişsə də, insan elə əsrlər öncəki mənəvi aləminin içində eyni mübarizələrdə, eyni ehtiras və arzularda, eyni axtarışlardadır. İlk baxışda bir az məzəli də gəlir Nizami Gəncəvi idealizmindən - romantizmindən Kənan Hacının 21-ci əsr realizminə düşmək. Amma bu məzəliliyin içində həqiqət də var. (Hekayədə İsgəndərin iş yerinə ədəbi-jurnal buraxmağa görə maddi vəsait üçün gələn iki gənc yazıçı barədəki epizod da məzəli və maraqlı epizodlardandır.). Kənan Hacının İsgəndəri də Nizami Gəncəvinin İsgəndərinin gəldiyi qənaəti yeniləyir müasir insan üçün: "Ürəklərə mərhəmət, yaxşılıq toxumu səpmək lazımdır ki, bu bəlalardan xilas olaq. Dirilik çeşməsinin ünvanı bizim ürəyimizdir. Əks halda xilas ola bilməyəcəyik."
Dərgidə yer alan Ataqamın Huante Maledən tərcümə etdiyi "Gecə peşəsi", Zahid Sarıtorpağın tərcüməsində Con Steybekin "Məktublar"ı, Günel Rəcəbin Devid Sedarisdən tərcümə etdiyi "Ailənə məxmər və pambıq geyindir", Aslan Quliyevin tərcüməsində Nurdan Aladağın "Yağışın rəngi", Vaqif Əjdəroğlunun Nurlan Kamidən tərcümə etdiyi "Stepaniç" hekayəsi, Xan Rəsuloğlunun Nəcib Məhfuzdan tərcümə etdiyi "Uşaqların cənnəti" hekayələri Azərbaycan oxucusuna həqiqətən dəyərli bir töhfədir.
"YAZI"nın bu sayının son səhifəsində yer almış Rəssam Yusif Mirzənin yaradıcılığı haqqındakı "Laçından başlayan sənət yolu" adlı tanıtım məqaləsi də dünya səviyyəli bir sənətkarımızla bizi daha yaxından tanış edən bir mənbədir.
Dərgidə mənim də Yazıçı Əfqanın "Cənnətməkan" romanı haqqında yazdığım məqaləyə yer vermiş yaradıcı heyətə başda baş redaktor Nemət Mətin olmaqla ürəkdən təşəkkür edirəm. Sevindim ki, yazımla "YAZI"çıların siyahısına yazıldım. Keyfiyyətli mətnlərin toplandığı "YAZI" ilə dünya və Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı və rəssamlığı barədə aydın təsəvvürümüz yaranır. Bədii zövqümüzü oxşayan bir dərgi üzə çıxara bildiyinə görə bütün ədəbiyyatsevərlər adından yaradıcı heyətə: Nemət Mətinə, Mübariz Örən, Amin Namazlı və Elvin Rizvangilə, rəssam Yusif Mirzəyə və jurnalın işıq üzü görməsində əməyi olan Nurlan Yunusova təşəkkür edirəm. Mən "YAZI"nızı xeyirə yozdum. YAZImız xeyirlə- uğurla yazılsın, oxunsun, sevilsin! Uğurlar, əziz "YAZI"çılar!
Mövzuya uyğun linklər: