Kənan Hacı - Repressiya qurbanı olmuş şair Əlirza Xızılı
Dağlı məhəlləsinin o başından telli-toqqalı bir oğlan gəlirdi. Çiynində çantası, dalğın, fikirli halda tez-tez əliylə dalğalı saçlarına barmaqlarıyla daraq çəkirdi. Məhəllərinin yeniyetmə cayılları kənardan həsədlə ona baxırdılar. Biri o birisinə dedi:
-Tanıyırsan onu?
-Yoox, kimdir ki? – böyründə dayanan arğaz oğlan laqeydliklə soruşdu.
-Əlirzadı. Bizim Müşfiqlə yaxın dostdurlar. Səməd Vurğunla, Əhməd Cavadla, məşhur şairlərlə oturub-durur e. Özü də şairdir, yaxşı şeirləri var.
Oğlanın gözləri parladı:
-Doğrudan? Hər gün bizim məhəllədən keçir. Şair olduğunu bilmirdim. Bəlkə yaxınlaşaq, tanış olaq?
-Yaman fikirlidir. Başqa vaxt tanışlıq verərik. Budey, bizdən iki tin o yanda qalır.
Əlirza asudə addımlarla gəlib keçdi, əlində “Ədəbiyyat və incəsənət” qəzeti vardı. O, yol gedə-gedə qəzeti vərəqləyir, qələm yoldaşlarının yazılarına nəzər salırdı.
Bu gənc şair Əlirza Abdullayev idi. Şeirləri qəzet və jurnallarda Əlirza Xızılı imzasıyla dərc olunurdu.
Bir irmaq olsaydım, eh,
Bəzən çaşıb yolumdan
Dəhnəyə dolsaydım, eh,
Bilsən, necə coşardım...
Gəmirərək bəndləri qırardım, parçalardım,
Hər sahilə bu günün sevincini calardım,
Azadlıq sevdasıyla dalğalanıb daşardım...
Bu, şairin “Arzu” şeirindəndir. Gəncin köksündə arzuları coşub-çağlayırdı. Qəlbinin xoş diləkləri misralara çevrilib kağıza tökülürdü. Gələcəyin üfüqlərində taleyinin günəşini görmək eşqiylə çırpınırdı.
Əlirza Cəfər oğlu Abdullayev 1916-cı ildə Xızıda dünyaya gəlmişdi. Bolşeviklər Azərbaycanı işğal edəndə onun cəmi dörd yaşı vardı. Tale elə gətirdi ki, o, yeni quruluşun şairi kimi yetişdi, formalaşdı. Şeirlərində də yeni həyatı səmimi-qəlbdən tərənnüm edirdi.
Günəş məni qucur yenə
Yar yarını qucan kimi.
Azad fikrim uçur yenə
Göydə tərlan uçan kimi.
Ah, xəyalım! Uçur yenə
Qanadında bir can kimi,
Uçur, uçur yüksəklərə
Kədər bilməz şad könlümü
Qoy dinləsin hər dağ, dərə,
Qəm-qüssəyə yad könlümü.
Əlirza Xızılı adlı bir şairin varlığından xalq yazıçısı Əzizə Cəfərzadənin “Tanıdıqlarım və sevdiklərim xatirələrimdə” kitabını oxuyarkən xəbər tutdum. Şeirləri və taleyi diqqətimi çəkdi. Cəmi iyirmi altı il yaşamış gənc şair yaradıcılığının qaynar çağında bir erməni qadının fitnəsinin qurbanı olubmuş. Hadisə necə baş verib?
Əlirzanın sonuncu iş yeri “Vətən uğrunda” jurnalı olub. Orda ədəbi işçi kimi fəaliyyət göstərirmiş. Jurnalın redaksiyası Azərbaycan Yazıçılar İttifaqında imiş. Şaxtalı-çovğunlu günlərdən birində Əlirza işə gələrkən Quba meydanında uzun bir çörək növbəsiylə rastlaşır, ayaqyalın bir oğlan uşağı diqqətini çəkir. Uşaq soyuqdan ayağının birini qoyub o birini götürürmüş, isti nəfəsini əllərinə hovxurub soyuqdan qorunmağa çalışırmış və ucadan qışqırırmış:
Əcəb ağ gündədir mənim vətənim!
Əlirza redaksiyaya gələndə görürlər ki, bikefdir. Makinaçı Sona xanım ondan soruşur ki, Əlirza, nə baş verib, niyə belə fikirlisən? Əlirza da bir az əvvəl rastlaşdığı əhvalatı nəql edir. Gənc şairin heç ağlına gəlməzdi ki, bu söhbət ona həyatı bahasına başa gələcək...
Redaksiyanın müsahibi erməni qadın bu söhbəti elə həmin gün lazımi yerlərə çatdırır və səhər gəlib Əlirzanı aparırlar. 1942-ci il, aprel ayının 2-i idi. O gedən olur... Nə öldüsündən, nə qaldısından xəbər çıxmır.
Caparidze rayonu, 2-ci köndələn, ev 3 ünvanında yaşayırdı. Anasını itirəndə beş yaşı varmış. Özündən böyük iki bacısı – Fatma və Zəhra ilə birlikdə öksüz cocuqlar kimi gözlərini atalarına dikirlər. Ata ananı əvəz edə bilməz axı. Bu üç cocuğun ana mehrinə, ana nəvazişinə həsrət qalması qohum-qonşuda onlara qarşı mərhəmət hissi oyatsa da fələyin hökmünü dəyişmək müşküldür. Atası Cəfər kişi isə 1937-ci ildə dünyasını dəyişib. İyirmi bir yaşında ata-anadan yetim qalan Əlirza ailənin yeganə oğul övladı idi. Sənədlərdə həbs zamanı onun ailə üzvü kimi bacısı Fatma Axundova göstərilir. Özündən doqquz yaş böyük bacısı ona analıq edirmiş. Əlirza tutulanda Fatmanın otuz beş yaşı varmış.
Bu günlərdə Xızının Qarabulaq kəndinə getmişdik. Yol yoldaşlarım qaynım İlqar və xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov idi. Şeirlərində Qarabulağın dağ havası dolaşan şair Ağasəfanın görüşünə gedirdik. Yolüstü Müşfiq ocağında da ayaq saxladıq. Muzeyin direktoru Orxan Əzimovla söhbətimiz olmuşdu, mənə Əlirza Xızılının həbsiylə bağlı istintaq materiallarını verəcəyini demişdi. İstintaq materiallarıyla tanış oluram. Əlirzanın məhbəsdə çəkilmiş şəklinə baxa bilmirəm, içim oyulur... Gözlərində yekə bir təəccüb donub qalıb... Hansı səbəbdən həbs edildiyini bilmir.
Ömrünün 80-ci onluğunu xırdalayan Ağasəfa bizi xüsusi qonaqpərvərliklə qarşıladı. Söhbət uzandı, şair çox mətləblərin üzərindən ağır daşları götürdü. Sən demə, Əlirza ilk dəfə 1940-cı ildə həbs edilibmiş. “Xuliqanlıq” üstündə... Şair dostu Abdulla Faruqla birləşib məşhur bir yazıçını döyübmüşlər. Həmin yazıçı sonralar xalq yazıçı kimi şöhrət tapdı və uzun bir ömür yaşadı. Adını çəkib ruhunu incitmək istəmirəm. Bu hadisədən sonra “Ədəbiyyat qəzeti”ndə “İki dost, iki xuliqan” adlı bir yazı dərc olunub və Abdulla Faruqla Əlirza Xızılıya yaxşıca “dərs” verilib. Amma...
Amma 1937-ci ildə Mikayıl Müşfiq həbs edilən günün səhərisi Əlirza Müşfiqi güdaza verən şairlərdən birini küçənin ortasında xub deyincə döyüb. “Onu sən satdın!” deyib.
Əlirza həbs ediləndən sonra məsələ araşdırılıb və məlum olub ki, onu satan Yazıçılar İttifaqında mühasib işləyən erməni qadın imiş. O vaxt Yazıçılar İttifaqının sədri işləyən Səməd Vurğun həmin erməni qadını “Sən daha burda işləyə bilməzsən” – deyə işdən qovub.
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Hərbi Tribunalının 20 noyabr 1942-ci il tarixli hökmünə əsasən, Ə. Abdullayev Azərbaycan SSR CM-nin 72-ci (anti-sovet təbliğatı) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Vəssalam. Bundan sonra Əlirzanın taleyi haqda heç yerdə məlumat yoxdur. Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 12 sentyabr, 1966-cı il tarixli qərarına əsasən, Ə. Abdullayevə bəraət verilmişdir.
Əlirzanı Sibirəmi sürgün ediblər? Nargin adasındamı güllələyiblər? Bəlkə xəstəlikdən dünyasını dəyişib? Bəs məzarı hardadır? Bu sualların cavabı yoxdur. Nə vaxtsa bu suallardan heç olmasa, birinə cavab tapılacaqmı?
Bir də əs, bir də əs, ey səba yeli,
Əs ki, varaqlansın könül dəftərim.
Sövdalı dalğalar öpsün sahili,
Mən də qoy onlara töhfə gövdərim...
Sevdasız bir könül, bilirəm ki, mən
Yarpağı tökülmüş quru budaqdır.
Tarixdə yadigar qoymayıb gedən
Barsız bir baxçadır, susuz bulaqdır.
Mən də bu sahildə yadigar deyə
Kiçik misralardan çiçəklər əkdim.
Hər açan qönçənin eşqi var deyə—
Sevgiylə bəslədim, nazını çəkdim.
Kiçik misralardan əkdiyi çiçəklər bu gün də ətir saçır. Onun da Müşfiq kimi məzarı yoxdur. 1960-cı illərdə Ağasəfa Əlirza Xızılının “Yadigar yarpaqlar” adlı kitabını çapa hazırlayır, kitaba ön söz də yazır. Di gəl, bu dəfə də Əlirzanın bəxti gətirmir. Onun kitabını plana salmırlar. Və kitabın əlyazması Ağasəfanın arxivində qalır. Ağasəfaya Əlirzanın kitabını nəşrə hazırlamaq istədiyimi deyəndə sevindi. Dedi ki, oğul, mənim səksən yaşım var, dünyanın işini bilmək olmaz, onun arxivi məndədir, gəl onları sənə verim. İstifadə etdikdən sonra Dövlət Arxivinə verərsən. İndi həmin əlyazmalar stolumun üstündədir. Əlirzanın öz əliylə yazdığı, üzərində düzəlişlər etdiyi şeirlərin saralıb solmuş vərəqləri… Bu vərəqlər hələ də zamana müqavimət göstərməkdədir. Şeirləri oxuyuram və düşünəndə ki, nə vaxtsa bu vərəqlərə, dəftərlərə Əlirzanın əli toxunub, içimi həyəcan bürüyür. Şeirlərini ümumi dəftərlərə səliqə ilə yazıb. Gözəl xətti varmış… Hansı şeiri oxuyursan, misralardan həyat eşqi fışqırır. Mikayıl Müşfiqdən sonra Azərbaycan poeziyasının ikinci ən nikbin şairidir Əlirza Xızılı.
Süz tərlanım, tərlan gəzən obada,
Bala tərlan qərar tutmaz yuvada,
Kimdir sənə yol verməyən havada,
Bulut sənin, duman sənin, yel sənin.
Boran keçdi, çatdı ömrün baharı,
Nazlı sonam, budur əsrin ilqarı.
Sən də silkin, al döşünə suları,
Dərya sənin, çeşmə sənin, sel sənin!
Yazıçı Seyfəddin Dağlıyla məktublaşmaları var. Mürəkkəb qələmlə yazılıb hamısı… Bu məktublar Əlirzanın birinci həbsi zamanı yazılıb. Çox maraqlı məqamlar var o məktublarda… Gənc Seyfəddin dostuna yazır:
“Səndən son xahişim: qətiyyən ruhdan düşmə, yaxşı bir əsər yaz, ölkəmizə, xalqımıza xeyir verəcək bir əsər! Dostların arzusu belədir; sən dustaqdan bu əsərlə bərabər çıxmalı və ilk gündəncə özünü sovet oxucuları qarşısında doğrultmalısan.
Hər halda, xahişimi yerinə yetirəcəyinə ümidvar oluram!
Öpürəm!
Qardaşın Seyfəddin”.
18. I. 41
Əlirza məhbəsdən çıxdı və bir-birindən gözəl şeirlər, poemalar yazdı. “Çin qızı” poeması Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci yerə layiq görüldü.
Zaman və İblis isə pusquda idi.
Seyfəddin Dağlı ilə, Abdulla Faruqla, Mikayıl Müşfiqlə, Cəfər Cabbarlı ilə möhkəm dost olublar.
Əlirza 30-cu illərdə, 40-cı illərin əvvəllərində dövri mətbuatda ən çox çap olunan şairlərdən olub. Gənc Qızıl Qələmlər Cəmiyyətinin üzvü olub. Ölkənin ədəbi həyatında aktiv şəkildə iştirak edib. O dövrün təndiqçiləri Əkbər Ağayev, Mehdi Hüseyn, Məmməd Arif onun poeziyası haqqında yüksək fikirlər bildiriblər.
Əlirza Xızılı cəmi iyirmi altı bahar gördü. Amma kim deyir ki, o, ölüb? Yaşayır axı…