XALTANLI TAĞININ İCTİMAİ MOTİVLİ ŞEİRLƏRİ.
Xaltanlı Tağının yaşadığı dövr ictimai münasibətlərin kəskin dəyişdiyi, sinfi mübaruizənin
konfliktlərinin artdığı, cəmiyyətdə sürətli dəyişmənin baş verdiyi vaxtlar idi. XlX əsrin əvvəllərində
qubalı Şeyxəli xanın rus çarizmi ilə iyirmi ildən çox davam edən mübarizəsi, Dərbənd dağıstanında
xalqların uzunmüddətli etirazı, Qubada baş verən kəndli üsyanı Xaltanlı Tağının yaşadığı illərin necə
ağır bir dövrə düşdüyünü göstərir. 1813 və1828-ci illər Rusiya-İran müharibələri də xalqın yaşayışının
daha da ağırlaşmasına və ölkədə hərc-mərcliyin artmasına, yerli feodalların özbaşınalığına səbəb
olurdu.
Belə bir dövrdə meydana çıxan aşıq ədəbiyyatının parlaq simalarindan bırı
Aşıq Tağının aşiqanə-lirik, təbiət təsvirli şeirləri ilə yanaşı ictimai motivli şeirləri də diqqəti cəlb edir.
Ustadnamə, şikayətnamə, həcv, deyişmə, qıfılbənd, divani və qəzəllərində zəmanəsinin nöqsanlarını,
hakim sinfin zülm və istismarını tənqid etməklə yanaşı oxucu və dinləyicisinə əxlaqi nəsihətlər verən,
zəngin həyat təcrübəsinə və yüksək biliyə malik bir el ağsaqqalının müdrikliyini görürük. Bu
hadisələrin içində baş verən haqsızlıqlara, istismara, zülmə biganə qalmaq, seyrçi mövqe tutmaq
olmazdı.
Bədəsil yolunda çəksən də əzab,
Yetirib haqqıňı o verməz cavab.
Baldırqandan dirək, zırnıqdan gülab,
Andız yarpağindan bürüncək olmaz.
Ustadnamə və şlkayətnamələrində aşıq gəzdiyi, gördüyü yerlərdə “namərd” və “muxənnət”
insanların, var-dövlət əsiri olub yoxsula, yazığa kömək olmayanlarını kəskin tənqid edir, dövrün ictimai
nöqsanlarını ifşa edir. Dinləyicisini düşünməyə sövq etməklə hamıni ədalətli olmağa, saflığa,
dürüstlüyə, əliaçıqlığa səsləyir.
Gərək olmayasan ağıl möhtacı,
Olsan, bu dünyada əziyyətin var.
Qaldırsan yıxlanı, doyursan acı,
Sanarsan Kəbəyə ziyarətin var.
Aşığın ustadnamələri atalar sözlərinə uyğun hikmətli ifadələrlə zəngindir. Şeirlərin bədiiliyini artıran
bu ifadələr xalqın zəkasından süzülüb gəlir, müdriklərin, el agsaqqallarının dilində cilalanır, zərbməsəllərə dönür, yaddaşlarda yaşayır, yenidən xalqın dilində məşhurlaşır.
Gülaba qarışmaz arducun külü,
Kəlam xətm eyləməz tutunun dili.
Məzardan qayıtmaz imansız ölü,
Məscid qapısında it gərək olmaz.
Quzğundan qaz olmaz, qarğadan ördək,
Ətdən quyruq olmaz, dalaqdan böyrək.
Bədöv tövlədində bəslənsə eşşək,
Tükü təmiz olar, çox yüyrək olmaz.
Həmişə kasıbın, fağırın yanında olub haqsıza,qudurğana, imanını pula satanlara qarşı çıxmaqdan
çəkınməyən Xaltanlı Tağı insanın mənəviyyatını maddiyyatdan üstün tutmuş, xalqını, millətini xarici
görünüşə uymamağa çağırmışdır. Heç kəsə qalmayacaq dünyaya aldanıb namərd, ğünahkar insanlarla
yaxın olmamağı məsləhət görür.
Namərdin çörəyi qarın doyurmaz,
Kəsib süfrəsində nana aldanma.
Gədadan dost olmaz, qardaşdan düşmən,
Fağırdan əl üzüb xana aldanma.
Baxıb yorğanına uzat ayağı,
Hər boya ölçərlər kəfəni, ağı.
Qaytarma qapıdan gələn qonağı,
Libasa göz qoyub dona aldanma.
Aşığın yaradıcılığında əsas tənqid obyektlərindən biri var- dövləti sayəsində bəy adlanıb, bəyliyə layiq
olmayan insanlardır. Qudurğanlıq edib kasıbları saymayan, onları təhqir edən, əzab verən, ar-namus
gözləməyib fağırlara sataşan bəylərə aşıq onların adını çəkərək birbaşa sözünü demişdir:
Varmış belə biqeyrətlilik zatında,
Dediyimi yaxşı saxla yadında.
Bir kimsəsiz gəlinə söz atanda,
Demək, namus- qeyrətini atdın, bəy!
Xaltanlı Tağı çəkinmədən sözünü üzə deyən şəxs olduğundan ədalətsiz, özünüsevən bəylərin, vəzifə
sahiblərinin ondan heç də xoşu gəlməmişdir. Aşığın yeganə oğlu Sədi uzun müddət xəstə yatdığından
İrana müalicəyə aparmaq istəyi ilə əlacsız qalıb tərif yazaraq belələrindən kömək istəmişdir. Öz
qohum- əqrəbasından başqa heç kəsin köməyi olmadığından aşıq təsirlənmiş, səhv etdiyi üçün
peşman olub bəyin, yüzbaşının eyiblərini, nöqsanlarını şeirlərində tənqid etmişdir:
Arif odur bu qəflətdən ayıla,
Adı-sanı tamam xalqa yayıla.
Sultan gərək nəcabətli sayıla,
Dövlət ilə hər çavuşdan bəy olmaz.
Xaltanlı Tağının dövrün haqsızlıqlarına etirazı qəzəllərində daha qüvvətli şəkildə üzə çıxmışdır. Aşığın
qəzəlləri XlX əsrin 30-40-cı illərində yazdığını güman etmək olar. Bu illərdə kəndli-mülkədar
ziddiyyətləri daha da kəskinləşmiş, rus çarizminin müstəmləkəçilik siyasəti güclənmişdi. Yoxsul
təbəqənin vəziyyəti getdikcə ağırlaşdığından aşıq vaizləri, mollaları, bəyləri, ruhanl alimləri, tacirləri
tənqid edir. Ölkədə baş alıb gedən bu hərc- mərclik insanların əxlaqına da təsir etmiş, günahdan
özünə yük tutanlar hörmətdən uzaq düşüb, bərəkət itib, ədəb-ərkan yoxa çıxmışdır.
Alimlərdə yoxdur hörmət, eyləməz heç bir ibadət,
Alırlar xalqdan rüşvət, tamam şəri bitaətdir.
Bəylər, yüzbaşılar, yalançı din xadimləri xalqı istismar edir, cəmiyyət qəbul edilmiş qanunlarla deyil,
ictimai quruluşun özündən doğan, imtiyaz sahiblərinin mənafeyinə xidmət edən qeyri-normal
qaydalarla idarə olunurdu. Dövrünün ziyalısı olan el sənətkarı bu haqsızlıqları görüb susa bilmir,
etirazını sazı ilə, sözü ilə xalqa çatdırırdı:
Gedibdir əldən zirəklər, gəlibdir çox daş ürəklər,
Dönübdür qurda ol bəylər, necə hökmü niyabətdir.
Nə ümmətdə ədəb-ərkan, nə mollada qalıb iman,
Alimlərdə əməl yoxdur, avamına xəcalətdir.
Aşıq “Həya etməz əhli-bazar...” qəzəlində hər yetənin ticarətlə məşğul olub bir-birini aldatdıqlarını
söyləyir. Xalqı düz yola istiqamətləndirməli olan alimlər (din xadimləri) ibadətdən uzaq düşüb, nizam
itib, əhali də günahları alimlərdə görür. Dolanacaq hədsiz dərəcədə çətinləşdiyindən əxlaq da gözdən
düşur, heç kəs heç kəsi eşitmir, hərə öz başını qoruyur.
Vaiz hədisə inanmaz, əvam əhli sözə baxmaz,
Oğul atanı bəyənməz, bir-birinə ədavətdir.
Aşıq hətta sevənlərin də vəfasızlığıňı görüb “aldanma gəl xubların o yalançı xətt-xalına” deyir, onların
da etibarsız olduğunu söyləyir. Dünyanın etibarsızlığından bəhs edən aşıq şair dünyanı bir
karvansaraya, gəlib keçənləri macəraya bənzədir. Zahirən xoş görünən dünyanın daxilən pis niyyətli
olduğunu bildirir və “Nə istərsən” rədifli qəzəlinin sonunda fikrini belə tamamlayır:
Tağı, bu dünya bəladır, ona çoxlar mübtəladır,
O, bir köhnə xarabadır, xarabadan nə istərsən?
Dövrünün baş verən haqsızlıqlarına səsini ucaldan aşığın o illərın böyük etirazçısı qaçaq Molla Nura
yazdığı şeirlə rəğbətini ifadə etməsi, azadlıq təbliğatına görə həbs olunmuş mədrəsə müəllimi
Məhəmməd Yaraqlıya, Dağıstan xalqlarının birinci imamı Qazi Məhəmmədə, Quba qazisi Abdulla
əfəndiyə, tahircallı Əmir Əli əfəndiyə, Dağıstan xalqlarının 25 illik azadlıq mücadiləsinə rəhbərlik etmiş
Şeyx Şamilə, xınalıqlı Eminə münasibəti, rəğbəti və yazdığı şeirləri Xaltanlı Tağının cəmiyyətdə baş
verən hadisələrə biganə qala bilmədiyini göstərir.
Aşığın bizə məlum olan bir neçə divanisində isə sözə, sənətə, sənətkara qiymət verməyən insanlara
tənqidi münasibəti ifadə edilmişdir:
Mən gəlmişəm uzaq eldən,
Bir cavanın söz dovuna.
İstərəm tuta qolumdan
Apara xürrəm evinə.
Əzizləyə mehmanını
Baxa sevinə-sevinə.
Ərk eylərəm elə mərdin
Şənliyinə, hər işinə.
Durub genden mənə baxan
Key qurumsaq istəmərəm.
Kamil biliyə malik, ərəbi, farsı bilən, azərbaycan türkcəsiylə yazıb oxuyan, ləzgi və tat dillərində
danışmağı bacaran, hamıya eyni münasibət bəsləyən Xaltanlı Tağı dövrünün böyük ustadı olduğunu
şeirlərinin birində belə ifadə etmişdir:
Yığılsın bir neçə alim olanlar,
Görüm kimdir dura meydan içində.
Dindirəndə cavahirdən xəbərdar,
Mənəm deyib dura bir an içində.
Tağının qıfılbəndbəndləri və deyişmələri özü kimi təhsilli şəxslərlə olduğundan əksəri dini biliklərlə
bağlıdır. Hələ ki, təhsilimizdə din elminə yer verilmədiyindən belə şeirlər geniş oxucu kütləsi üçün bu
gün oxunaqlı və başa düşülən deyilsə də aşığın irsi bütövlüklə tədqiq olunmağa və öyrənilməyə
layiqdir.
Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi.