Edebiyyat.az » Təqdimat » Xəyal Bayramlı - Oğul itkisinə dözməyən ana ürəyi

Xəyal Bayramlı - Oğul itkisinə dözməyən ana ürəyi

Xəyal Bayramlı - Oğul itkisinə dözməyən ana ürəyi
Təqdimat
admin
Müəllif:
23:51, 12 sentyabr 2024
711
0
Xəyal Bayramlı - Oğul itkisinə dözməyən ana ürəyi




                                                                               Bir gün xəbər gəldi: dava başlanıb...

                                                                               Onlar əsgərliyə çağırıldılar.

                                                                               Nə tütək çaldılar, nə fit çaldılar,

                                                                               fikirli oldular, ağır oldular...

                                                                                               İsa İsmayılzadə 


Günlərin bir günündə sosial şəbəkələrdə qarşıma çıxan videolara baxırdım. Müxtəlif bölgələrimizin insanları, adət-ənənələri, görməli yerləri həmişə məndə maraq oyatdığından “Facebook” sosial şəbəkəsindəki Azərbaycanın müxtəlif rayonlarını təmsilən yaradılmış qrupların üzvüyəm. Ən çox da işğaldan azad edilmiş rayonlarımızı təmsil edən qruplarda paylaşılanlar xüsusi diqqətimə səbəb olur. Qubadlı qruplarından birində bir videoya baxdım ki, məni tamam özgə bir aləmə apardı. 1990-cı illər. Müharibə bütün şiddəti ilə davam edir. Mərhum hərbi jurnalist Ədil Arifoğlu çəkiliş qrupu ilə birgə Qubadlının Ermənistanla sərhəddə yerləşən Zor kəndində çəkiliş aparır və bu vaxt kəndin bir dəstə uşağı üz-gözlərində sevinc “Vətən marşı” oxuyurlar. Bu hadisənin qabağında mat-məəttəl qalmışdım. Bu uşaqlar necə olmuşdu ki, düşmənlə sərhəd olan və daim atəşə məruz qalan kənddə üz-gözlərində sevinc “Vətən marşı” oxuyurlar? Qorxmurlarmı? Sözsüz ki, onlar da qorxurdular, amma artıq bu bir vərdiş halına gəlmişdi Qubadlının Ermənistanla sərhəd kəndlərinin əhalisində. Hələ XX əsrin əvvəllərindən daşnak hücumlarına məruz qalmışdı Qubadlının Zor, Fərcan və Ermənistanla sərhəd digər kəndləri. 

Bu kəndlərin əhalisi ilə də ilkin tanışlığım sosial şəbəkə üzərindən baş tutdu. Sosial şəbəkənin belə müsbət yönləri də var. Fərcan kəndindən şair Haqverdi Hacıoğlu ilə qurduğum ünsiyyət məni Fərcan kənd sakini Nizami Qurbanovun ocağına qonaq apardı. İstər Nizami əmi ilə, istərsə də onun həyat yoldaşı Şəhla xala ilə ünsiyyət məndə onlara qarşı doğmalıq yaratdı. Nizami əminin bir xüsusiyyətini də deyim. Sinədəftərdir. Bir də baxdın müsahibə aldığım yerdə mənə hansısa şeir söyləyir, lətifə ya hansısa tarixi əhvalat danışır. Köhnənin kişilərindəndir Nizami əmi. Doğulub boya-başa çatdığı Fərcan kəndi və qonşu kəndləri olan Zor və Göyyal kəndlərinin şəhidləri barəsində reportajlar qələmə alacağımı biləndə ürəkdən sevindi. Sevincin işartısı gözdən bilinir axı. Gözləri güldü kişinin. Bu kəndlər mətbuatda daha əvvəllər çox az işıqlandırılıb. Görünür, gözdən uzaq olan, könüldən də iraq olar deyib, özlərinə əziyyət verməyiblər qələm sahibləri. Bu kəndlər sərhəd kəndlərdir, gözdən uzaqdadır axı. Gözdən uzaq olanı könüllərə yaxın etmək isə həqiri-bəndənizin, yəni mənim işimdir. Nizami əmi bu kəndlərin şəhidləri barəsində reportajlar hazırlamağıma kömək boyun oldu və beləcə, ilk reportaj üçün Sumqayıta-Fərcan kənd sakini Mübarək Vəliyevin ocağına yola düşdük. 

Sumqayıt Bakıdan fərqli olaraq, bəyəndiyim şəhərdir. Sakitlik hökmrandır bu şəhərdə. Sovet dövrü tikilmiş və artıq öz ömrünü başa vurmaqda olan binalar çoxlarına xoş gəlməsə də, məndə bir az doğmalıq- keçmişə nostalgiya hissini yaradır. Sumqayıta bugünədək elə də çox səfərim olmayıb. Şəhərin Göyərçin parkı hissəsindən kənar bir guşəsini, demək olar ki, tanımıram. İlk dəfə Göyərçin parkına gələndə qrup yoldaşımla idim və kənardan bir xanım yaxınlaşıb fotomuzu çəkə biləcəyini söylədi. Bizə elə qəribə gəlmişdi ki. Bakıda çətin belə bir hadisə ilə qarşılaşa biləsən. Bu doğmalığın Sumqayıtda yaşayan əhalinin əksəriyyətinin bir rayondan-Qubadlıdan olduğu üçün belə olduğunu düşünmüşdüm o zamanlar. 

Taksidən düşürük və necə mənim yaşadığım ərazidəki binalar varsa, bənzərlərini də burada görürəm. Sovet İttifaqı ömrünü necə başa vurubsa, Sovet İttifaqı dağılandan sonra təmir üzünə həsrət qalan bu binalar da ömrünün ahıl günlərini yaşamaqdadırlar. Boz divarlar adamda bədbin əhvali-ruhiyyədən başqa heç bir hiss yaratmır.

Nəhayət ki, ünvana çatdıq. Ev sahibləri bizi gülərüzlə qarşılayırlar və dərhal süfrəyə armudu stəkanda çay gətirilir. Konfetlə ağzımızı dadlandırıb çayımızı içirik. Divara asılmış çərçivədəki şəkil diqqətimi cəlb edir. Şəkildəki ev sahinin qardaşı, şəhid Bəhruz Əvəz oğlu Vəliyevdir. Şəkilin aşağı hissəsində bu bayatı yazılıb: 

Mən aşiq, bala dağı,

Bürüyüb lala dağı.

Hər yara sağalsa da,

Sağalmaz bala dağı!


Mübarək bəylə müsahibəyə başlayırıq. Hiss olunur ki,həyəcanlıdır və danışmaqla siz deyən arası yoxdur.

Mübarək bəy, zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edəsiniz.

Mən- Mübarək Əvəz oğlu Vəliyev 1968-ci il iyun ayının 24-də Qubadlı rayonunun Fərcan kəndində dünyaya göz açmışam. Qardaşım, şəhid Bəhruz Əvəz oğlu Vəliyev isə 1971-ci il may ayının 13-də dünyaya göz açıb.

Ailədə neçə övlad olmusunuz?

Ailədə 9 övlad olmuşuq. 5 qardaş, 4 də bacı. Qardaşlarım: Mübariz, Mais, Oqtay, bir də şəhid qardaşım Bəhruz. Bəhruz ən balacamız olub yaşca.

Qardaşınız Bəhruzun uşaqlığı ilə bağlı nələr deyə bilərsiniz? Ailədə necə bir övlad olub?

Sözəbaxan uşaq olub. Bir yerdə gedirdik meşədən odun gətirməyə. 

Uşaqlıqdan idmana marağı var idimi?

Var idi. 

Xüsusi olaraq nəyə marağı var idi?

Maşın sürməyə. 

Hər hansı bir musiqi alətində ifa etməyi bacarırdımı?

Yox. Sürücülüyə meyli yüksək idi.

Orta məktəbdə qiymətləri necə idi?

Babat. 

Dostları ilə arası necə idi?

Çox mehriban idilər. 

Ata-ananızın sizlərə qayğısı nə dərəcədə olub?

Çox qayğıkeş olublar bizə qarşı. 

Qardaşınızla bağlı xüsusi bir xatirə yadınızdadırmı?

Ot biçininə birgə gedərdik, şirin söhbətlər edərdik. Zarafatımız tuturdu bir-birimizlə. 

Bəhruz Sovet ordusunda xidmətini harda çəkmişdi?

Saratovda. Dustaqların üstündə çəkirdi hərbi xidmətini. 

Orda nə qədər müddət xidmət edib?

2 il. 2 ildən sonra gəldi Azərbaycan ordusu sıralarına qoşuldu.

Neçənci illərə təsadüf edir bu hadisələr?

1991-cı ildə qayıdıb Azərbaycana.

Bəhruz Azərbaycana qayıdanda artıq torpaqlarımıza qarşı hücumlar var idi.

Kəndimizdə özünümüdafiə dəstəsi yaradılmışdı. Əliyar Əliyev komandir idi. Qardaşım Bəhruz da özünümüdafiə dəstəsinə qoşuldu. Döyüş yolu doğulduğu Fərcan kəndindən başlayıb. Fərcan və Göyyal kəndləri ətrafında gedən döyüşlərdə fəal iştirak edib, onlarla erməni yaraqlısının məhv edilməsində böyük rol oynayıb. 

Bəhruz hansı istiqamətlərdə gedən döyüşlərdə iştirak edib?

Ağdamda Güllücə kəndi uğrunda gedən döyüşlərdə, sonra Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb, müalicəsini Bakıdakı hərbi hospitalda davam etdirməli oldu. Son döyüşü 1994-cü ilin noyabr ayında olmuşdu. Müalicələr nəticə vermədi və qardaşım dünyasını dəyişdi.

Bəhruzun döyüş yoldaşlarından sonralar sizinlə əlaqə saxlayan oldumu?

Əlbəttə. 

Ölümündən sonra qardaşınıza şəhid adı verildi?

Bəli. Şəhidliyinə görə ata-anama pul ödənilirdi, amma təqaüd verilmədi ki, oğlunuz hospitalda yatandan sonra evdə dünyasını dəyişib. Halbuki qardaşımın ölüm kağızında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olduğu qeyd edilmişdi. 

Qardaşınız dünyasını necə dəyişdi?

Avtomat gülləsindən bir dəfə yaralanmışdı. Ələtdə 1 ay yarım-2 ay qaldı hardasa. Əlləri pis günə düşmüşdü. Dedik qal, bu halda getmə. Razılaşmayıb getdi. Getməsindən heç 10 gün keçməmişdi. O vaxt difteriya xəstəliyi yayılmışdı. Qardaşım da həmin xəstəliyə yoluxub orda. Həkimlər baxmayıb, evə gəlməyinə də icazə verməyiblər. Yarımcan gətirmişdilər Bakıya. O biri xəstəxanalar qəbul etmədi. Hərbi komissarlıq da hərbi hospitala yönləndirdi. Düz 39 gün yatdı. Həkim demişdi ki, 40 gün keçsə, yaşayacaq. 39-cu günün axşamı vəziyyəti pisləşdi. Nizami əminin Allah canını sağ eləsin. Qardaşıma dərman sarıdan bilirsən nə qədər köməyi dəyib? Nizami əmin olmasa, hospital dərman vermirdi ki. Nizami əmin tanıyırdı hospital rəhbərini. 

Sonuncu sözü nə olub qardaşınızın?

Məni burdan evə aparın. 

Qardaşınızın itkisi ata-ananıza necə təsir etdi?

Çox pis. Bəhruzun dünyasını dəyişdiyi günü yad etmək üçün qəbri üstünə getmişdik. Anam ürəyini tutdu, qəbir üstündə vəziyyəti pisləşdi. 3 gün keçmədi ki, dünyasını dəyişdi. Atam da qardaşımdan sonra xəstə yaşadı, sonra da rəhmətə getdi. 

Mübarək bəyin həyat yoldaşı Həcər xanım qoşulur söhbətə:

Bəhruz çox gözəl oğlan idi. Hamımızın fəxri idi. Mənim uşaqlarımı o qədər çox istəyirdi ki, bəlkə ataları heç o qədər çox istəmirdi. 

Bəhruz subay idi?

Hə. 

İstədiyi qız var idi?

Var idisə də, ürəyində idi. Sovet Ordusundan qayıdıb burda müharibə gördü. Postlarda idi bütün gün. Hansı qızı gördü ki, istəyə idi. Bəlkə də ürəyində var idi.

Bəhruz cəbhə bölgəsindən sizlərə məktub yazırdımı?

Sovet ordusunda xidmət çəkəndə yazırdı. O məktublar hamısı qaldı kənddə. Cəbhə bölgəsindən məktub isə yazmayıb. 

Fərcan kəndinə erməni yaraqlılarının hücumları başlananda kənddə idiniz, Mübarək bəy?

Bəli. Bəhruz iştirak edirdi döyüşlərdə. Mən iştirak etməmişəm. 

Həcər xanım söhbətimizə yenə qoşulur:

Top mərmiləri tökülürdü göydən. Evə qaçdım ki, sənəd-sünədlərimizi götürəm. Ərim məni tutub saxladı ki, top atılır,gəl bu tərəfə qaç. 5 saniyə bu tərəfə keçdik ki, əvvəl dayandığımız yerə top mərmisi düşdü. Uşaq qucağımdan düşüb özündən getdi. Nə zülmlər çəkdik orda. Bəhruz da onda postda idi. 

Kəndiniz işğaldan azad edilib. İşğaldan azad ediləndən sonra kəndinizə heç getmisinizmi, Mübarək bəy?

Getmişik. Bir dənə salamat ev qoymayıblar. 

Bəhruzun məzarı harda yerləşir?

Sumqayıt Şəhidlər Xiyabanında. Hospitaldan evə gətirmişdik qardaşımı. Evdə dünyasını dəyişdi elə. Hərbi komissarlıq işçiləri dedilər ki, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilməlidir qardaşın. Dəfn mərasimi özləri təşkil etdilər. Hər il icra hakimiyyətindən qardaşımın ildönümü ilə bağlı qəbir üstünə yığışırlar

Bəhruz heç yuxunuza girir?

Bir-iki dəfə girib. 

Nəsə danışıb sizlə?

Elə-belə baxıb gedib. 

       Həcər xanım:

Bacısının yuxusuna tez-tez girir. Yaşca 3-cü bacısının. Deyir ki, nəsə narahatçılığım oldumu, Bəhruz yuxuma girir. 


    

 Müsahibə götürməyi yekunlaşdırıram ki, Həcər xanım süfrəyə aş gətirir. Nizami əmi deyir ki, Qubadlı aşı ləzzətində aş tapa bilməzsən respublikada. Aşın həqiqətən də dadı damağımda qaldı. Mübarək bəyin ocağında qonşusu şəhid Hikmət Salman oğlu Zamanovun anası da var. Nizami əminin zəngi ilə Fərcan kəndinin itkin düşmüş hərbçisi Əsədullah Nuşrəvan oğlu Həsənovun qardaşı da bu ocağı ziyarətə gəlib. Fərcan kəndinin hər iki igidi barəsində də ailə üzvlərindən reportaj götürdüm və növbəti dəfə həmin reportajları da sizlərə təqdim edəcəyəm.

Mübarək bəyin ocağına gəlişimiz şad xəbər üstünə idi elə. Oğlu Əvəz bu il ali təhsil müəssisəsinə qəbul olub. Ayağım düşərlidir. 

                                                                                                 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)