Edebiyyat.az » Lətif Babayev - “Taleyin izləri”kitabından(Qələbə xronikası)

Lətif Babayev - “Taleyin izləri”kitabından(Qələbə xronikası)

Lətif Babayev - “Taleyin izləri”kitabından(Qələbə xronikası)
---
admin
Müəllif:
18:23, 29 iyun 2022
924
0
Lətif Babayev - “Taleyin izləri”kitabından( Qələbə xronikası)






20 oktyabr 2020-ci il. Növbə doğma Zəngilana çatdı. Azadlığın mübarək, Ata, Ana yurdum! Azərbaycana bu Qələbə sevinclərini yaşadan, başımızı uca edən şanlı Ordumuza, qəhrəman əsgər və zabitlərimizə bütün ömrüboyu minnətdarlıq etsək də azdır. Tanrı Sizləri qorusun, şanlı bayrağımızı Qubadlıda, Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda ucaldasınız! Vətən onun bütövlüyünü qaytaranlarla qürur duyur.

Ali Baş Komandan Zəngilanın düşmən işğalından azad olunduğunu elan edəndə yadıma həmyerlim, el şairi Məhərrəm Mahinin iki misrası düşdü:

Mənə öyünməyə Azərbaycanım,

Vəsf etməyə Zəngilanım bəs edər.

21 oktyabr 2020-ci il. Fikirləşirdim ki, dostlarım Zəngilana hansı nəqliyyatla gəlsələr yaxşı olar. Artıq Mincivan qəsəbəsi də işğaldan azad edildi. Deməli dostlar daha rahat nəqliyyat olan qatarla gələ biləcəklər. Bəhanənin biri də azaldı. İnşallah, Zəngilanda görüşənədək.

24 oktyabr 2020-ci il. 525-ci qəzet “Tarixi dəyişən günlər” adlı məqaləm dərc olunb və əziz dostlar, onu tarixi günlərimizə şahidlik edən sizlərlə bölüşürəm.

28 oktyabr 2020-ci il. Yaxın qohumum baş leytenant Elşən Mustafayev cəbhədə ağır yaralanıb. Hazırda hospitalda müalicə alır. Allahdan ona və torpaqlarımızın işğaldan qurtuluşu uğrunda döyüşlərdə yaralanmış bütün əsgər-zabitlərimizə şəfa diləyirəm. Özünü itirmədən aramsız atəş altında qəlpə qoparan qolunu götürüb yerinə sıxaraq, çoxlu qan itirməsinə baxmayaraq, 200 metr məsafə qət edən Elşən əsl qəhrəmanlıq göstərib. Peşəkar və fədakar həkimlrimizin səyi nəticəsində onun tam sağalacağına inanırıq. Ona da inanırıq ki, Elşənin döyüş dostları tezliklə Laçınımızı, Şuşamızı, Ağdamımızı da erməni işğalından qurtararlar.

28 oktyabr 2020-ci il. Sabah, 29 oktyabrda Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ili tamam olur. Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Paşanı –Atatürkü və bu müqəddəs yolda onun silahdaşları olmuş milli mübarizə qəhrəmanlarını dərin hörmət və rəhmətlə anırıq. Yaşa Türkiyəm! Sənin qüdrətin bütün Türk dünyasının qüdrəti və yenilməzliyidir!

28 oktyabr 2020-ci il. Bərdə şəhərinin dinc əhalisinin raket zərbələri ilə bombardman olunması, 21 nəfərin öldürülməsi, 70-dən çox şəhər sakininin yaralanması erməni vəhşiliyinin, Ermənistanın terrorçu dövlət olmasının növbəti təsdiqidir. Bu terrorçu dövləti durdurmaq artıq bəşəri bir vəzifəyə çevrilməlidir. Çünki bu dəhşətli cinayətlər bütün insanlığa, bəşəriyyətə qarşı törədilməkdədir. Ermənistanı durdurmaq əvəzinə, onu dəstəkləyənlər bu cinayətlərin ortaqlarıdırlar.

7 noyabr 2020-ci il. Əziz dostlar, şair olmasam da, bu gecə qəlbimdən keçənləri yazmaya bilmədim. “Mürəkkəbi qurumamış” da paylaşıram ki, mənim üçün qiymətli olan rəylərinizi öyrənim. Onu da deyim ki, əlim yüngüldür. İnşallah bu gün Şuşanın, 2-3 gün keçməz ki, Laçının azad edilməsi xəbərləri ilə bir-birimizə gözaydınlığı verərik!

 

Azərbaycan əsgəri.

Yenə tarix yaradır, yeni tarix yazırsan,

Düşmənin məzarını əllərinlə qazırsan.

Vətən qurtulsun deyə, son savaşa hazırsan

Sən Şuşa qalasında çalacaqsan zəfəri,

Azərbaycan əsgəri.

 

Keçdiyin zəfər yolu şanlı soyundan gəlir,

Yurdu azad etdikcə qalib səsin yüksəlir.

Bayrağım əllərinlə zirvələrə dikəlir

Son baharda yurdumun ilk bahar müjdələri

Azərbaycan əsgəri.

 

Ulu türkün qanıdır damarında axan qan,

Yenilməz iradənə dünya qalıbdı heyran. 

Əzmini qıra bilməz min bir qüvvə, min düşman 

Səngərlərdə açırsan qələbə səhərləri

Azərbaycan əsgəri.

 

Ayağın toxunduğu torpaqlarım gül açır, 

Başı ucalan Vətən günəş tək şəfəq saçır.

Qarşında tab gətirmir düşmən səngərdən qaçır

Səndən güc alır ellər, uca dağ zirvələri

Azərbaycan əsgəri.

 

Sən tarix səhnəsində hər vaxt qalib olmusan,

Torpağına göz dikən yağıdan bac almısan 

Neçə zəfərlər çalıb, qüdrətlə ucalmısan.

Yenə sənin olacaq Qələbə çələngləri

Azərbaycan əsgəri.

 

Dağları arxa bildin, sənə dayaq oldular,

Vətənin xilas günü mərd ərlər doğuldular.

Quşqonmaz qayalardan şahintək şığıdılar

Uğuruna sökülür yenə dan şəfəqləri

Azərbaycan əsgəri.

 

Al Gəncəmin, Bərdəmin, Tərtərimin qisasın,

Uşaq qatillərini susdur, səsi çıxmasın.

Elə qov ki, düşməni bir də geri baxmasın

Təmizlə torpağımı, aydınlat üfüqləri

Azərbaycan əsgəri.

 

Cənubdan gələn yolun, Xudafərin dualı,

Qaytar dağ vüqarını, qıy vuran qartalımı 

Bir qarış da vermə sən yağıya torpağımı 

Vətən sənə əmanət, xalqımın cəngavəri

Azərbaycan əsgəri.

 

Əmrə müntəzir durub, hucum anın gözləyir,

Yurdunu addım-addım yağıdan təmizləyir

Tapdaq altdan qurtulan hər daşı əzizləyir

Yollarına göz dikib Ağdam, Laçın şəhəri

Azərbaycan əsgəri.

 

O qabaran köksündə şir ürəyi döyünür,

Vətən bir nəfər kimi bu gün sənlə öyünür

Hərbdə aslan tək coşur, sülhə məcbur eləyir 

Qədəminə gül səpir bu gün Vətən göyləri

Azərbaycan əsgəri.

 

Əz düşmənin başını, dirçəlməsin bir də qoy!

Sıranda birləşibdir neçə millət, neçə soy.

Qoy deməsin analar “Torpağım oy, Vətən oy!”

Sapla düşmən köksünə o qan daman xəncəri.

Yubanma, azad elə ulu yurd Kəlbəcəri

Azərbaycan əsgəri.

 

6 noyabr 2020-ci il.

Qeyd: Şeir 5 gün sonra, noyabrın 12-də “525-ci qəzet”də dərc olundu.

 

8 noyabr 2020-ci il. Şuşanın 28 il 6 aylıq işğaldan qurtuluşu bütün Qarabağın ən azı mənəvi qurtuluşu, 30 illik müharibədə Azərbaycanın tam və böyük Qələbəsi deməkdir. İndi Laçının, Kəlbəcərin, Xankəndinin murdarlardan təmizlənməsi uzağı bir neçə günün məsələsidir. Gözün aydın Azərbaycan! Başından bəri bütün xalqımız və fərd olaraq hər birimiz bu Qələbəyə inanır və onu gözləyirdik. Çünki bu Qələbə Vətənimiz Azərbaycanın haqqı idi, Yaşa Azərbaycan əsgəri, yaşa Azərbaycan xalqı! Tanrı Sizi qorusun!

9 noyabr 2020-ci il. Dövlət Bayrağı günümüzə ən böyük töhfə müqəddəs Bayrağımızın Şuşada və işğaldan azad edilmiş rayonlarımızda dalğalanmasıdır. İnşallah, Bayrağımız tezliklə Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində ucalar. Bayramınız mübarək!

Həmin gün “redaktor.az” saytı Qubadlı rayonunun işğaldan azad olunmasına həsr etdiyim “Qubadlıya salam de” şeirini öz səhifəsində yerləşdirmişdi və mən onu dostlarla paylaşmışdım.

Qubadlıya salam de

Vətənsevər dostum Hacı Nərimanoğluya

Əziz dostum, Qubadlıya salam de,

İllər idi həsrət idik hüsnünə.

Sən alınmaz, basılmayan qalam de,

Xəncər oldu yağıların köksünə.

 

Topağacı, Hərtiz deyib gəz-dolan, 

Göy qalada, “Qalalı”da sür dövran.

Pirdağında igidlərə kəs qurban

Düşmənləri yaxşı qoydu pis günə.

 

Həkəri, Bərgüşad oxusun nəğmə, 

“Xırman yeri” bir də batmasın qəmə. 

“Laləzar körpüsü” gül açsın yenə

El yığılsın toy-büsatın səsinə.

 

Məzar oldu yağılara hər qayan,

Qurbantəpə,   Maltəpəsi, Qalaçan,

Eldar Baxış sözün deyib o zaman 

Yolun azmış, quduz it sürüsünə.

 

Ulu yurdsan, ərənlərin sayı yox,

İgidlikdə Əlyarımın tayı yox.

Min şükür ki, Şükürüm də oldu ox,

Batdı qəvi düşmənlərin gözünə.

 

Sözüm yetməz səni öyəm qəlbimcə,

Dədə Süleymanın dili nə incə.

Hacı qardaş, ələ qələm gəlincə,

Könül istər qüvvət versin sözünə.

 

10 noyabr 2020-ci il. Azərbaycan öz Qələbəsini Ermənistana qəbul etdirdi. Böyük Qələbə münasibəti ilə bütün xalqımızı və qardaş Türkiyə xalqını təbrik edirəm! Bu Qələbəyə görə biz Ali Baş Komandanın rəhbərliyi altında həqiqi qəhrəmanlıqlar göstərmiş Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə, şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımızın tezliklə şəfa tapmalarını arzu edirik! 

Əlbəttə, Türkiyənin proseslərdə daha yaxından iştirakı (məlum Mərkəzdə təmsilçilikdən daha geniş formatda) bizim üçün daha etibarlı təhlükəsizlik qarantı ola bilərdi. Ancaq inanırıq ki, Ermənistanın Bəyannamənin hansısa bəndindən yayınması onun özünə zərər vurar. Azərbaycan əsgəri bunu təmin etməyə həmişə hazırdır. Gözün aydın Azərbaycan!

16 noyabr 2020-ci il. Bu şeiri dərc elətdirmədən, hansısa sayta göndərmədən sizlərlə bölüşürəm. 

Bir şəhid hekayəsi

O da şəhid oldu bu gün, günəş batmadan öncə, 

Az sonra düşəcəkdi, onun görmədiyi daha bir uzun gecə. 

Şəhidliklik oldu onun da baxtı.

Son kərə gücünü toplayıb, 

düşmənə güllə sıxmaq üçün dikəldi 

və cansız bədəni düşən torpaqdan

Ruhu azad göylərə yüksəldi.

Yazdı öz qanı ilə hekayəsini fəda olduğu torpağa,

Lap az qalmışdı Şuşaya çatmağa.

Macal da tapmadı ürəyindəkiləri

ürəyi başındakı kağıza yazmağa.

Güllədən o kağız da al qana boyandı,

Ürəyini açacağı bir parça kağız,

İndi onuntək cansız. 

Amma bəxti varmış, şəhid qanından rəng aldı.

Beləcə, bir əsgər hekayəsi də yarımçıq qaldı.

Bir əsgər hekayəsi. 

Onu danışmaq öz qisməti olmadı.

Doğmalara, dostlara, hər kəsə borc qaldı.

Vətən əmanəti, 

Bir şəhid hekayəsi.

Yaralıykən cansız dostunu çiynində daşıyan,

Yalın əllə düşməni yenən bir igidin hekayəsidi 

Bu hekayə.

Bir şəhid hekayəsi.

O şəhid oldu günəş batmadan öncə, 

Bir ana oğulunun boyunu sevdi gizlicə.

Sevə-sevə ağladı, ağlaya-ağlaya oğlundan qalan şəkillərə baxdı, 

birgə xoşbəxt günlərin tək şahidləri.

Qonşu qızları oğluna yaraşdırdığı günləri xatırladı.

Xatırladıqca göz yaşları sel oldu.

Ağladı, ağladı,

Ən qara günü qara şal kimi bir anda ağarmış saçlarına bağladı.

Beləcə başladı bir şəhid anasının da qəlb parçalayan hekayəsi.

Bu hekayədə nələr, nə arzular yoxdu, ilahi...

Ana qəlbinə gömüldü arzuların ən gözəlləri, 

duyuğuların, sevinclərin ən ülvüləri.

Bir şəhid hekayəsi.

“Təki Vətən sağ olsun”, dedi ata, 

Başını ucaltdığı oğlu ilə qürur duydu, 

bir yandan da qəlbi qan ağladı, 

düşmən çəpəri olan oğlunu son kərə harayladı,

“Qalx, uğuruna can verdiyin Vətən səni gözləyir.

Sən tək mənim oğlum idin, indi Vətən sənə “oğlum”, deyir.

Qalx, adına şahidlik et, Şəhid oğul”.

Bir şəhid hekayəsi. 

Bu gündən onu hamı danışacaq.

Borc kimi, yaddaş kimi yaşadacaq.

Yəqin özü danışacağından da gözəl olacaq bu hekayə.

Bir şəhid hekayəsi.

Onun gizli qalan bir parçası da vardı.

Qələbədən sonra bu sirri anasına açacaqdı, 

Daha qızları sonalama, sən də tanıyırsan, deyəcəkdi.

İndi anası kimi gözü yaşlı birisi,

Gecəni diri gözlü səhər edib, dərdini soyuda bilməyən sevgilisi.

Yarımçıq şəhid hekayəsinin ən kövrək parçası, 

Dünyası yıxılmış məsum bir qızın hekayəsi. 

Bir də yaşanmayacaq birgə günlərin dərdi, 

iki qəlbə gömülmüş bir məhəbbət xatirəsi. 

Bir şəhid hekayəsi.

Yüz minlərin, milyonların kövrək nəğməsi, 

Bir qürur hekayəsi,

Şəhid ruhlarının tək təsəllisi. 

Ana qəlbində ağrını, ata ürəyində dərdi ovudan,

Sənin, mənim hekayəm. 

Bir şəhid hekayəsi...

 

19 noyabr 2020-ci il. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbəni diplomatik sahədə möhkəmləndirmək üçün ciddi işlər görülməlidir. Bu istiqamətdə xüsusi səylərin göstərildiyinə şübhə etmirik. Ona da inanırıq ki, bu mühüm addımlar qardaş Türkiyə ilə birgə atılmalıdır və atılır. Ancaq birgə Bəyanatın imzalanmasından ötən qısa müddətdə Rusiyanın müəyyən addımları narahatlıq doğurur. Belə ki, RF Müdafiə Nazirliyinin tabeliyində yaxın vaxtlarda Xankəndində fəaliyyətə başlayacaq Humanitar Reaksiya üzrə İdarələrarası Mərkəzdə bu ölkənin Mülki Müdafiə, Fövqəladə Hallar, Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin və digər icra strukturlarının nümayəndələri təmsil olunacaq. Humanitar Reaksiya üzrə Mərkəz və Xarici İşlər Nazirliyi. Sual doğurur.

19 noyabr 2020-ci il. İşğaldan qurtuluşun mübarək olsun, Ağdamımız! Gözün aydın Azərbaycan, doğma ocaqlara dönüşünüz uğurlu olsun, əziz ağdamlılar! İnşallah, tezliklə Kəlbəcər, Laçın da silahlı, silahsız hər cür ermənidən təmizlənər və Vətənə qovuşar.

25 noyabr 2020-ci il. Nəhayət, Kəlbəcər rayonu da işğalçılardan təmizlənərək öz sahibinə – Azərbaycana qaytarıldı. Başları üzərində müqəddəs Azərbaycan bayrağı dalğalanan qəhrəman hərbçilərimiz dünən gecə Kəlbəcərə daxil olublar. Ancaq əbədi xislətlərinə sadiq qalan ermənilər onlar üçün yad olan bu gözəl diyara da bacardıqları qədər ziyan vurublar. Apara bilmədiklərini dağıdıb, yandırıb, bir sözlə viran qoyublar. Ancaq qoy vandallar bilsinlər ki, Azərbaycan xalqı, dövləti Vətənimizin bu gözəl və nadir parçasını da tam bərpa edəcək, yenidən quracaqdır. Ermənilər isə törətdikləri bütün, eləcə də Kəlbəcər ərazisində yol verdikləri cinayətlərə görə Beynəlxalq Məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə sayılı günlər qaldı. Beş gün sonra dağ vüqarlı Laçınımızın da Azərbaycana qaytarılması ilə 29 illik işğala son qoyular. Gözün aydın doğma Vətən! Yolun açıq olsun, Azərbaycan əsgəri!

28 noyabr 2020-ci il. "Qubadlıya salam de" və bütün şəhidlərimizə həsr etdiyim "Bir şəhid hekayəsi..." adlı şeirlərimi "redaktor.az" saytının təqdimatından sonra sizlərlə bir daha paylaşıram. "redaktor.az" saytının əməkdaşlarına təşəkkür edirəm.

1 dekabr 2020-ci il. Laçının ermənilərdən tam təmizləndiyi, Azərbaycanın dağ vüqarlı diyarının doğma Vətənə qovuşduğu barədə rəsmi xəbəri səbirsizliklə gözləyirəm. Laçının qaytarılması Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması demək olacaq və inşallah, saatlar keçməz ki, bu şad xəbəri Laçından olan dostlarımla, ən birinci də bu nisgillə dünyadan köçmüş dostum Yaşarla bölüşərəm. Gözün aydın Laçın, qayıdışımız mübarək laçınlılar, ruhun şad olsun, Yaşar, deyəcəm. Gözün aydın Laçınla bütövləşən Azərbaycan!

3 dekabr 2020-ci il. 2783 Şəhid. Torpağı Vətənləşdirənlərin yeni sıra nəfərləri. 2783 yarıda qırılmış, ancaq qovuşduqları əbədiyyət qədər əbədi olacaq ömür. 2783 nəfər Oğul, Qardaş, Ata, Ər, Dost. Onlar öz həyatları hesabına aylar, bəlkə illər sürə biləcək müharibəni 44 günlük vaxt çərçivəsinə sığışdırmaqla dünyanı heyrətləndirən yeni bir Azərbaycan yaratdılar. 2783 Əsgər. Vətən nə vaxt dara düşsə onlar yenidən sıraya dönüb eyni yenilməzliklə düşmən üzərinə yürüyəcəklər. Atılacaq hər sərrast güllədə, vurulacaq hər ölümcül zərbədə Onların da payı olacaq. Onlar 2783 Qələbə müjdəçisi idilər. Gəldilər, ölümünə savaşdılar və Qalib oldular.

5 dekabr 2020-ci il. Əmimin həyat yoldaşı olsa da, hamımız ona “Bəyim nənə” deyirdik. Körpəlikdən çox əziyyətimizi çəkmişdi. Neçə vaxtdı xəstə yatırdı. Oktyabr ayının 20-də 27 il ildən bəri gözlədiyi şad xəbəri - Zəngilanın işğaldan qurtardığını eşidəndən sonra doğma evinə qayıtmaq ümidi ilə yaşayırdı. Ancaq ömür vəfa etmədi, həsrətində olduğu torpaqları yenidən görmək, o yerlərin havasını ciyərlərinə çəkmək onun da qisməti olmadı. Dekabrın 3-də rəhmətə getdi. Yəqin artıq Zəngilanda olan ruhu nəhayət ki, dinclik tapıb. Torpağın nurla dolsun, əziz Bəyim nənə.

10 dekabr 2020-ci il. Azərbaycanın ən yeni tarixinin qızıl səhifəsi. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin möhtərəm Prezidentlərinin iştirakı və rəhbərliyi ilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin mötəşəm hərbi paradı. Şanlı ordumuzun düşmən üzərində qazandığı böyük Zəfərin həqiqi təntənəsi. Qarabağın qurtuluş savaşının qürurdoğuran yekunu olan bu tarixi günü yaşamaq talenin bizlərə qismət etdiyi əvəzedilməz şansdır.

Bu gün Azərbaycanın dostları ürəkdən sevindi, düşmənləri isə bir daha xar və rəzil oldular. Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmiş, bizə bu qürurlu və şanlı günləri yaşatmış, Vətənin başını ucaltmış Şəhidlərimizə Allahdan rəhmət, Yaralılarımıza şəfa diləyir, Qazilərimizə “var olun”, deyirik.

16 dekabr 2020-ci il. Zəngilanın dəyərli insanlarından və ziyalılarından biri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cəmi bir il əvvəl pensiyaya çıxmış yaxın qohumum Dilavər Mustafayevin dünyasını dəyişməsi xəbərinə hələ də inana bilmirəm. Uca boyu, dəyanətli və mərd görkəmi, tanıdığım 31 il ərzində bircə dəfə nədənsə şikayətləndiyini görməməyim də bu xəbərin doğru olmadığını deməyə əsas verir. Böyük oğlu Elşən Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb Hərbi hospitalda müalicə aldığı təqribən 2 ay ərzində bir neçə dəfə görüşmüşdük. Oğlunun səhhəti ilə bağlı çox narahatlıq keçirməsi sözsüz ki, sağlamlığına ciddi təsir göstərmişdi, ancaq belə tezliklə aramızdan gedəcəyinə kim inanardı. Görünür taledən qisməti beləymiş, nə işğaldan qurtaracağı günü həsrətlə gözlədiyi Zəngilana gedə, nə də oğlu Elşənin sağlığına qovuşduğunu görüb arxayınlaşa bildi. Allah rəhmət eləsin. Tanrı Elşəni tezliklə sağlamlığına qovuşdurub Dilavər müəllimin hələ də narahat qalan ruhunu şad etsin.

31 dekabr 2020-ci il. Yola saldığımız 2020-ci il Azərbaycanımız üçün ən uğurlu, tarixi bir il oldu. Xalq və fərd olaraq itkilərimizə baxmayaraq, 2020-ci ildə torpaqlarımızı mənfur düşmənin işğalından qurtarmaqla vüqarlı, öz haqqını müdafiə etməyi bacaran, milli maraqlar naminə yumruq kimi birləşən xalq olduğumuzu yenidən bütün dünyaya sübut etdik. 2020-ci il Azərbaycan tarixinə əbədi olaraq Zəfər ili kimi yazıldı. 2021-ci ildən də xalqımızın və hər birimizin gözləntiləri çoxdur. Uğurlu, yadda qalan olcağına əmin olduğumuz 2021-ci il tariximizə Qarabağa Böyük Qayıdış ili kimi yazılacaq. Bütün dostları dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. Hamınıza can sağlığı, firəvan həyat, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. 2021-ci il xalqımız və hər bir soydaşımız üçün uğurlu, yadda qalan olsun! 

1 yanvar 2021-ci il. 2021-ci ili başladıq. Mənim üçün cox üzücüdür ki, bu il üç əziz insanla görüşə, birgə günlər, saatlar keçirə bilməyəcəm. Heç olmasa telefonda hallarını soruşmaq, ordan-burdan söhbətləşməyimiz də mümkünsüz oldu. Ancaq nə anam, nə Bəyim nənə, nə də dostum Qasım haqqında keçmiş zamanda danışmaq istəmirəm. Hər üçü həyat davam etdiyi, ən azı yaddaşım diri qaldığı zamana qədər mənimlə bir olacaqlar. Yaddaşımın daim isti, doğma olan və belə qalacaq xatirələri, unudulası mümkünsüz, özünəməxsus kəlmələriylə yolun davam etdiyi zamandək yoldaşlıq edəcəyik. Sonrasından onlar artıq xəbərdar olsalar da, mən nəsə deməkdə çətinlik çəkirəm. Özümü, bəlkə orada görüş imkanımız olacaq deyə, bir təsəlliylə ovutmaq da istəməzdim. Tanrıdan hər üçünə və bir çoxunun hələ qırx mərasimi də çıxmamış şəhidlərimizə rəhmət diləyir, Ruhunuz şad olsun, deyirəm.

27 yanvar Əziz Dost, qırx gündür ki, cismən aramızda deyilsən. Bilirsən, ən çox nəyə yanırıq? Səninlə bağlı yüzlərlə unudulmaz, həmişə canlı xatirəmiz olduğu halda, səninlə birgə canlı ünsiyyətimizi yaşadan 2-3 dəqiqəlik bir videogörüntümüz də yoxdur. Səndən xatirə qalanlar da 5-10 saniyəlik görüntülərdir ki, heç onları da bu günədək bir yerə yığmamışıq. Yəqin nə vaxtsa bu işi görəcəyik, hələliksə, yalnız yaddaşımızda qalan xatirələrlə təsəlli tapırıq. Gedişin elə qəfil oldu ki, indiyədək nə doğmaların, nə də onlardan fərqləndirmədiyin dostların özlərinə gələ bilmirlər. Məzarının üstündə səsim çatdığı qədər "Qasım hey", deyib haray çəkmək keçdi qəlbimdən. Ancaq səsim içimdə boğuldu. Bilmirəm, sən bu harayıi eşitdin, ya yox. Ancaq sənin Ruhunun bu 40 gündə həm də bizimlə olduğuna bir an belə şübhə etmədik, əziz Dost. Hərdən mənə elə gəlir ki, yolumuz düşsə, bağ evində yenə bizi həmişəki kimi gülərüzlə qarşılayacaq, bir neçə saatdan sonra da eyni ovqatla yola salacaqsan. Ancaq sədd heyf, milyon dəfə təəssüf ki, səni görmək, şirin, səmimi söhbətlərinə qulaq kəsilmək artıq mümkünsüzdür. "Ə qardaş..." niyə bəs belə etdin? Ruhun şad, məkanın cənnət olsun, Qasım! Allah sənə rəhmət eləsin.

1 fevral 2021-ci il. Çox acı xəbər oldu. Uşaqlıq dostum Tofiq Nəcəfovun rəhmətə getməsi qəlbimi parçaladı. Zəngilanda keçirdiyimiz qayğısız gənclik illərini xatırladım. Təmiz qəlbli, sadə insan olan Tofiq mənim tələbə dostlarımı da özünə dost bilirdi. Elə onlar da Tofiqin xətrini çox istəyirdilər. Dostluğumuz illərin sınağından çıxdı, Zəngilansız qaldığımız 27 ildə də müntəzəm olmasa da, görüşürdük. Hərdən ümumi dostlarımızın təkidi ilə Tofiqlə istirahət günlərində birgə görüşlərimiz də olmuşdu. Ancaq son illərdə xəstəliyi səbəbindən çox seyrək gürüşürdük. Hər dəfəsində dostların onu görmək istədiyini deyəndə, sağalım, inşallah, görüşərik, deyirdi. Görünür qismət deyilmiş. Heç 27 il həsrətində olduğu, işğaldan azad edildiyi gün sevincdən ağladığı Zəngilana dönmək də nəsibi olmadı. Taleyi beləymiş. Yalnız Tofiqin də artıq ruhən doğma yerlərə qovuşması ilə təsəlli tapırıq. Ruhun şad olsun, Allah sənə rəhmət eləsin, Tofiq. Sadədən sadə, əməli ilə sözü bir, mərd İnsan. Tanrı oğlun Talehi qorusun, qardaşlarına, bütün yaxınlarına səbr versin!

20 mart 2021-ci il. Əziz dostlar, Novruz bayramınız mübarək olsun! Min şükür ki, builki Novruz tonqalları işğaldan qurtarılmış torpaqlarımızda da çatıldı. Nə şanslı insanlarıq ki, bu günləri gördük. Bu günləri bizlərə qismət edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfqət, qazilərimizə arzularının gerçək olmasını diləyirik. Novruz tonqallarını ata yurdum Zəngilanda, hamımıza doğma olan Şuşada, Laçında, Qubadlıda, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Ağdamda çatan, əlində silah o torpaqları bu gün də inamla qoruyan oğullara xüsusi təbrik düşür. Tanrı sizləri – düşmənə göz dağı olan igidlərimizi qorusun!

 

Lətif Şüküroğlu.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)