Edebiyyat.az » Proza » Lətif Babayev - Epiloq əvəzi, tarixi dəyişən günlər(“Taleyin izləri”kitabından)

Lətif Babayev - Epiloq əvəzi, tarixi dəyişən günlər(“Taleyin izləri”kitabından)

Lətif Babayev - Epiloq əvəzi, tarixi dəyişən günlər(“Taleyin izləri”kitabından)
Proza
admin
Müəllif:
17:51, 05 iyun 2022
1 832
0
Lətif Babayev - Epiloq əvəzi, t arixi dəyişən günlər( “Taleyin izləri”kitabından)





Daha çox avtobioqrafik xarakter daşıyan qeydlərimi 2016-cı ildə bitirmişdim. Ancaq 2020-ci ilin yayından etibarən biz bütövlükdə xalq və onun bir parçası olaraq hər birimiz elə hadisələr yaşadıq və şahidi olduq ki, onlara münasibət bildirməmək mümkün deyildi. Xüsusi ilə ötən ilin iyul ayının 12-də baş verən hadisələr, daha sonra 27 sentyabrdan başlanan Vətən Müharibəsi bütün Azərbaycanımızın və özünü onun övladı sayan hər kəsin həyatını tamam dəyişdirdi. 28 ildən artıq müddətdə Ermənistan Respublikasının işğalı altında qalan torpaqlarımız Azərbaycan Ordusunun apardığı 44 günlük qəhrəmanlıq şavaşında azad olundu. Azərbaycanın igid əsgər və zabitləri qanları, canları bahasına özünü yenilməz sayan düşməni ağır məğlubiyyətə uğradaraq, doğma torpaqlarımızı işğaldan azad etdi. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında və başqa qədim yurdlarımızda Azərbaycanın müqəddəs bayrağını dalğalandırdı. 

Bu tarixi qələbəyə gedən yolda təkcə hərbçilərimiz deyil, körpəsindən ahılına, yaxınından uzağına qədər bütün Azərbaycan, Azərbaycan xalqı böyük inam və vüqarla yürüdü və əbədi qürur mənbəyimiz olan möhtəşəm tarix yazdı. O günlərin həyacanını, sevincini, iftixarını olduğu kimi, şəhidlərimizlə bağlı müqəddəs kədəri də biz xalq olaraq birgə, yumruq kimi birləşmiş şəkildə yaşadıq və düşmənə unutmayacağı bir dərs verdik. Torpaqlarımızda törətdiyi qətliamların, vandallığın, qəddarlığın və silsilə cinayətlərin bədəlini ödətdirdik. Ancaq mahiyyətcə himanist və mərd olan Azərbaycan xalqı, onun Silahlı Qüvvələri yalnız əli silah üstümüzə gələnləri layiqli cəzasına çatdırdı, hətta ən qanlı döyüşlərin getdiyi vaxtlarda, ermənilərin öz xislətlərinə sadiq qalaraq Gəncə, Bərdə, Mingəçevir kimi böyük şəhərlərimizi, Tərtər, Goranboy və başqa rayonlarımızı, irili-xırdalı yaşayış məntəqələrimizi, sayı yüz minlərlə ölçülən dinc əhalimizi hədəfə alanda belə mülki ermənilər olan ərazilərə atəş açılmadı. Bu, həm bizim fərqli dəyərlərə malik xalqlar olduğumuzu göstərməklə yanaşı, həm də dünyaya, xüsusən erməni havadarlarına növbəti mesajımız idi. Ermənilər barədə hər şey onsuz da aydın idi, ancaq təəssüf ki, gözlərini “erməni heyranlığı” tutanlar da, son 30 ilin hadisələrindəki qərəzli yanaşmalarına sadiq qalaraq bunu da görməzdən gəldilər. 

Bir çox dostlarımız və insanlarımız kimi 44 günlük Vətən Müharibəsində və ondan iki ay əvvəl baş verənlərə mən də öz Facebook səhifəmdə vaxtaşırı münasibət bildirmiş, paylaşmalar etmişdim. Bir həqiqət var ki, əziz oxucu, sənin də, mənim də Vətən Müharibəsinə qədərki paylaşmalarımız daha çox qələbə arzusu, torpaqlarımızın işğaldan qurtarıldığı günü görmək, doğma ocaqlarımza qayıtmaqla bağlı idi. 2020-ci il mayın 9-dakı paylaşmamda İkinci Dünya müharibəsində faşizm üzərindəki qələbənin 75-ci ildönümü ilə əlaqədar yazmışdım: “Sıraları getdikcə seyrələn əziz veteranlarımızın bayramını təbrik edir, Qələbə günü sənin də qismətin olsun, doğma Azərbaycanımız, deyirik!”

Laçın rayonunun işğalı günü, 2020-ci il  may ayının 18-də yazmışdım: “Bu gün Azərbaycanın mərdlik, mübarizlik timsalı olan Laçının rayonunun işğalından 28 il ötür. 40 il əvvəl Laçında tələbə dostum rəhmətlik Yaşar və onun sonradan mənim də dostlarım olan Zahid, Fəxrəddin, rəhmətlik Valeh və başqaları ilə dağ döşündə futbol oynadığımız günü xatırladım. Düşmən təkcə torpaqlarımızı, doğma yurdlarımızı işğal etməyib, yaddaşımızın ən əziz parçalarını, ən isti xatirələrimizi əlimizdən alıb. Dönə bilmədiyimiz o yerlərdə daha nələri itirdiyimizi düşünəndə adamın qəlbi parçalanır, ruhu dara çəkilir. Ay Laçın...”

2020-ci il 26 iyunda isə Silahlı Qüvvələrimizi təbrik edəndə: “Azərbaycan Xalq Cümhuriyyətinin yetirməsi olan Silahlı Qüvvələrimiz bu gün özünün 102-ci ildönümünü qeyd edir. Şanlı tarixi olan Silahlı Qüvvələrimizin bütün hissə və birləşmələrində xidmət edən əsgər və zabitlərimizi, eləcə də Vətən qarşısında borcunu layiqincə yerinə yetirmiş veteranlarımızı bayram münasibəti ilə təbrik edirəm. Nəsibiniz Qələbə olsun!”, demişdim və oldu da. 

Əlbəttə, mən bayramlarda və rayonlarımızın işğal günlərində belə paylaşmaları edən yeganə şəxs deyildim. Çox insanlarımızın sosial şəbəkə üzərindən bu sayaq paylaşmaları olurdu və nə xoşbəxt və şanslı xalqıq ki, qələbə arzumuz gerçəyə çevrildi. Sözsüz ki, bu, sadəcə, arzu deyildi, hər birimizin Vətən, xalq qarşısında ən ümdə borcu, uşaqdan böyüyə qarşımıza qoyduğumuz müqəddəs vəzifə, Azərbaycan xalqının və dövlətinin ali məqsədi idi. Məhz buna görə də bu arzunun reallaşması naminə Azərbaycan bir yumruq kimi birləşə bildi. 

Əziz oxucu, indi 2020-ci il iyulun 8-dən başlayan və 2021-ci ilin Novruz təbriki ilə bitən həmin paylaşmaları sizlərlə bölüşür və ötən dövrün ən əlamətdar hadisəsi olan, qəlbimizi sonsuz fərəh hissi ilə dolduran şanlı Zəfər Günümüz münasibəti ilə “Zəfərin, yenidən doğuluşun mübarək, Azərbaycan!”, deyirəm.

13 iyul 2020-ci il. Düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgərlərimizə Tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik (həmin tarixdən bir gün əvvəl erməni faşistləri cəbhənin Tovuz istiqamtində növbəti təxribat törətmişdilər – L.Ş.). Tovuz cəbhəsində baş verənlər həm də şəhidi ilə qürur duyan xalqımızın mübarizə ruhunun, torpaqlarımızı işğaldan azad etmək qətiyyətinin nümayişi oldu. Sən Qələbəyə layiqsən və onu qazanacaqsan, Azərbaycan əsgəri! Bu yolda bir nəfər kimi sıradayıq!

15 iyul 2020-ci il. Müharibə hər şeydən əvvəl nizam-intizam, bütün məsələlərin, eləcə də informasiyanın nəzarətdə saxlanılması və məqsədyönlü istiqamətləndirilməsi deməkdir. Bu məsələlər yalnız vahid mərkəzdən idarə edilməlidir və edilir. Müharibə aparan tərəflər dəqiq informasiya əldə etmək məqsədi ilə bütün mümkün vasitələrdən istifadə edirlər. Bizlərə adi məlumat kimi görünən, mümkün istifadə ehtimalını nəzərə almadan yaydığımız hansısa informasiya (xüsusi ilə çəkilişlər) düşmən üçün göydəndüşmədir. Düşmənə bu imkan yaratmayaq. Nəzərə alaq ki, cəbhə xəttində baş verənlər barədə məlumatların nə vaxt və necə yayılması nə qədər vətənpərvər olsaq da, bizlərin deyil, müharibəni aparan dövlət orqanının – Müdafiə Nazirliyinin vəzifəsidir. Gəlin, bu məsələləri daha düzgün qiymətləndirməklə onlara dəstək olaq.

15 iyul 2020-ci il. Qardaş, şəhidlik nə qədər şərəfli, müqəddəs olsa da, məqsəd sayıla bilməz. Məqsəd Vətən, millət naminə qazi olmaqdır. Bu yolda taleyinə şəhid olmaq yazılanlar millətin, xalqın baş tacıdırlar. Son döyüşlərdə düşmən təxribatının qarşısını alarkən şəhid olmuş generalımız Polad Həşimov, başqa zabitlərimiz və əsgərlərimiz kimi. Allah onlara rəhmət eləsin, ruhları şad olsun! Hamılıqla Azərbaycan hərbçilərinə Qazilik arzulayaq. Şəhidlərimizin ruhu ancaq onda rahatlıq tapacaq.

15 iyul 2020-ci il. Orduya dəstək hər birimizin vətəndaşlıq borcudur. Ancaq bu ümummilli məsələni törətdikləri təxribatla başqa istiqamətə yönəltmək istəyənlərin məqsədi nə ordu, nə Vətən, nə də torpaqdır. Onlar tamam başqa məqsədlərə xidmət edirlər.

24 iyul 2020-ci il. Son günlər Belçikada, ABŞ-da, Rusiya Federasiyasında və digər ölkələrdə ermənilər tərəfindən törədilən və gələcəkdə törədiləcəyi istisna olunmayan hadisələr bir daha göstərdi ki, biz necə təhlükəli, qəddar, istənilən cinayətə və vəhşiliyə hazır olan bir düşmənlə mübarizə aparmalıyıq. Belə bir təhlükəli düşmənə qalib gəlmək üçün bütün istiqamətlərdə düşünülmüş, dəqiq fəaliyyət planları hazırlanmalı və kimliyindən asılı olmayaraq, həm ölkə daxilində, həm də xaricdə hər birimiz bu məqsəd uğrunda səfərbər olunmalıyıq. Tarixi təcrübədən də məlumdur ki, ermənilərə və erməniliyə qarşı mübarizə daimi və güzəştsiz xarakter almayınca biz heç nəyə nail ola bilmərik.

31 iyul 2020-ci il. 1918-ci ilin Qurban bayramı Bakının qurtuluşu ilə yadda qalmışdı. Qoy 2021-ci ilin Qurban bayramı da Qarabağın və işğal altındakı başqa ərazilərimizin işğaldan QURTULUŞU ilə yadda qalsın! Bayramınız mübarək, yazmışdım. 

Bu qeydləri yazandan təqribən 2 ay sonra qəhrəman Azərbaycan əsgəri ermənilərin növbəti təxribatına qəti cavab verərək inamla düşmən üzərinə yeridi və qısa müddətdə mənim kimi milyonlarca soydaşımızın arzusunu çin etdi. Azərbaycan əsgəri tarixi Zəfər yolunu 44 gün ərzində tamamlayaraq düşməni diz çökdürdü. Bu 44 günün hər günü, hər saatı xalqımızın, hər bir azərbaycanlının qəlbinə və taleyinə mərdlik və qəhrəmanlıq dastanı, ən unudulmaz tarix kimi əbədi yazıldı. O günlərdə sosial şəbəkə üzərindən paylaşdığım qeydlərimi oxuduqca hər dəfə həmin ovqata köklənir, erməni işğalındakı torpaqlarımızı azad etmiş, Vətənin və xalqın başını ucaltmış oğul və qızlarımızla qürur duyuram.

27 sentyabr 2020-ci il. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı Ermənistan tərəfinin növbəti təcavüzünün qarşısını alan ordu bölmələrimiz cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatlarına cəlb olunub. Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində döyüşlər aparılıb, düşmənin komanda məntəqələrinə zərbələr endirilib, canlı qüvvəsi, döyüş texnikası və hərbi obyektləri məhv edilib. Qoşunlarımızın Goranboy istiqamətində keçirdiyi hərbi əməliyyat nəticəsində Murov zirvəsi azad olunub. Hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolunun artilleriya nəzarətinə götürülməsi nəticəsində Ermənistandan hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almaq imkanı yaranıb. 

Azərbaycanımızın ərazi bütovlüyünün təmin edilməsi yolunda canından keçmiş şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qəhrəman ordumuzun zəfər yürüşü uğurlu olsun, deyirik! Tanrı əsgər və zabitlərimizi qorusun, onlara qazilik nəsib etsin!

1 oktyabr 2020-ci il. Azərbaycan 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarını azad etmək üçün müqəddəs müharibə aparır. Biz Vətənimizin ayrılmaz tərkib hissəsi olan, BMT səviyyəsində tanınmış, min illərdən bəri dədələrimizin, babalarımızın yaşadıqları və məzarlıqlarında uyuduqları ərazilərimizi işğalçı Ermənistanın hərbi birləşmələrindən təmizləmək uğrunda döyüşürük. Azərbaycan bu müharibədə bütün yanları ilə haqlı tərəfdir, ona görə də dünyadan da haqq, ədalət ummağa hüququ çatır. Bu gün haqlının səsini eşitməyənlər, ən müxtəlif bəhanələrlə haqsızın yanında olanlar öz sabahlarını eyni təhlükə altında qoyduqlarını da unutmasınlar. Dünyada bumeranq effekti deyilən bir nəsnə də var.

1 oktyabr 2020-ci il. Yaxın qohumum Emin Əhmədov Tovuzda erməni təxribatlarının qarşısının alındığı günlərdə minlərlə Azərbaycan oğlu kimi könüllü surətdə cəbhəyə getmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon bölməsinə müraciət etmişdi. Sentyabrın 27-də ermənilərin yenidən cəbhəyanı ərazilərimizdə yaşayan dinc sakinləri hədəfə alması yüz minlərlə gənc kimi onu da ciddi narahat etmişdi. “Məni niyə çağırmırlar, mən cəbhə bölgəsində xidmət etmişəm, təcrübəm var”, deyib durmuşdu. Atasından eşitdim ki, təkrar müraciətinə müsbət cavab verildiyini, “təcili məntəqəyə gəl” sözlərini eşidəndə sanki qanad açıb uçmuşdu. Üç gün əvvəl cəbhəyə yola düşməzdən qabaq zəng vurub mənə də gözaydınlığı verdi. “Əmi, inşallah, Qələbə ilə qayıdacağıq”, dedi. Arzun gerçək olsun, Emin! Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə Qələbə yaraşır! Əminəm ki, qisməti də Qələbə olacaq!

2 oktyabr 2020-ci il. Torpaqlarımızı erməni işğalından azad etmək üçün bu gün mərdliklə və cəsarətlə döyüşən Azərbaycanın gənc övladları arasında körpəliyindən tanıdığım, ailə üzvü bildiyim İlkin də var. O da cəbhənin, səngərin nə olduğunu yaxşı bilir. Azərbaycanı, onun dinc sakinlərini hədəfə almış, sığınacaq tapdığı xalqın dədə-baba yurdlarına göz dikmiş azğın düşmən igidlərimizin əlinin duzunu hələ çox görəcək. Tanrı düşmənə qan udduran oğullarımızı, bütün əsgər və zabitlərimizi qorusun! Ordumuza, Azərbaycanımıza Qələbə nəsib etsin! İnanıram ki, Vətənin bütövlüyünü təmin edib, sönmüş ocaqlarımızı yenidən çatacaq, ulularımızın narahat ruhlarını şad edəcəyik! O günü İlkinlə, onun döyüş dostları ilə birgə qeyd etmək arzusu ilə, Amin!

2 oktyabr 2020-ci il. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında yerləşən, Ermənistan tərəfindən 28 ildən artıq müddətdə işğal altında saxlanılan 7 rayonunda istənilən xarakterli əməliyyat aparması müstəqil dövlət kimi haqqıdır. Dünya gücləri, eləcə də bu gücün təmsilçiləri sayılan Minsk qrupunun həmsədr dövlətləri Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına ala, onun separatçılara qarşı daha 30 il də dözüm nümayiş etdirməsini tələb edə bilməzlər. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında olan bu dövlətlərdən ikisi birmənalı şəkildə beynəlxalq hüququn özlərinin təminat verdikləri prinsiplərini pozurlar. 1992-1996-cı illərdə Çeçenistanda separatçı hesab etdiyi qüvvələrə qarşı qanlı müharibə aparan Rusiya, Basklara qarşı çoxillik mübarizə aparan Fransa bu gün Azərbaycandan Ermənistan tərəfindən idarə olunan və silahlandırılan erməni separatçılarına (onların arasında müxtəlif terror qrupları da var) toxunmamağı tələb edir. Sabah Tatarıstanda, Başqırdıstanda və türkdilli əhalinin yaşadığı digər ərazilərdə eyni hərəkətlər törədilsə Rusiya hansısa addımlar atmazdımı, yaxud Korsika və Bretan bölglərində separatçılıq yenidən baş qaldırsaydı Fransa müvafiq tədbirlər görməzdimi? Təbii, bunlar ritorik suallardır. Onlar nəinki Azərbaycan kimi 29 ilə yaxın səbr edər, həmin separatçı meylləri dərhal beşiyindəcə boğardılar. Ən azı bu gün Liviyadakı, Suriyadakı davranışlarını təkrarlayırdılar. Azərbaycansa bu gün də öz humanist mövqeyini birmənalı ifadə edərək əməliyyatların dayandırılması şərti kimi Ermənistandan işğal altında saxladığı torpaqlardan çəkilməsini tələb edir. Bu, Ermənistan hərbçilərinin onlara aidiyyatı olmayan torpaqlarda ölmələrinin qarşısını alar, erməni icmasına Dağlıq Qarabağda azərbaycanlılarla birgə yaşamaq şansı verərdi. İkinci yol yoxdur, bunu ermənilər və havadarları istisna ediblər. Minsk qrupuna gəlincə, onun tərkibinin yenilənməsinin vaxtı çoxdan çatıb.

4 oktyabr 2020-ci il. Dünən əmioğlum Nizaminin artıq 7 gündür cəbhədə döyüşlərdə olduğunu öyrəndim. Ailəsinə, heç kimə xəbər verməməyi tapşırıbmış. Sakit təbiətli, səbirli insan olan Nizami müharibəni də hay-küysüz keçməyi lazım bilib. Fərq etməz, əsas torpaqlarımızın tezliklə erməni işğalından azad edilməsi, yurd həsrətli insanlarımızın doğma ocaqlarına qayıtmasıdır. Buna bütün varlığı ilə can atanlar arasında Nizami də var. Artıq ruhu doğma yerlərdə dolaşan dostu - şəhidlik mərtəbəsinə ucalmış Rafiq də bizləri 27 il əvvəl tərk etdiyimiz torpaqlarda gözləyir. Ruhun şad olsun, Rafiq. Yolun açıq, qismətin qazilik olsun, Nizami! 

Bu gün Cəbrayılın rayon mərkəzinin və bir neçə kəndinin erməni işğalından azad edilməsi Böyük Qələbənin növbəti müjdəsi oldu. Bu Qələbədə payı olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Tanrı əsgər və zabitlərimizə xalqımızı yeni qələbələrlə sevindirməyi nəsib etsin! Azərbaycan Ordusuna, Azərbaycan xalqına yalnız Qələbə yaraşır!

5 oktyabr 2020-ci il. Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazır. Yüz ildən artıq bir müddətdə ilk dəfədir ki, ermənilərin Azərbaycandan növbəti torpaqları qoparmaq planları baş tutmayacaq. Ermənistan, dünya erməniliyi üçün sarsıdıcı olan bu acı həqiqət, məğlubiyyətin qaçılmazlığı onun işğalçılıq planlarına canı-dildən hamilik edənləri də, xüsusi ilə Fransanı ciddi narahat edib. Bütün vasitələrlə ordumuzun işğal altındakı torpaqlarımızın qurtuluşu naminə başladığı Qələbə yürüşünü durdurmağa, Kəlbəcərə, Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Ağdama, Xankəndinə daxil olmasının qarşısını almağa çalışırlar. Bütün bu təzyiq və təhdidlərin qarşısında Azərbaycan qardaş Türkiyənin və onun haqq işinə mənəvi güc qatan ədalətli dost dövlətlərin dəstəyi ilə mətanətlə, vüqarla duruş gətirir və sonadək də gətirəcək! 

Azərbaycan əsgərinin addım səsləri düşməni vahiməyə salır, bu səsə təşnə qalmış yurd yerlərinə son baharda ilk bahar ovqatı gətirir. Son günlər Azərbaycanın bir neçə böyük şəhərini öz ərazisindən raket zərbələrinə məruz qoyan Ermənistanın növbəti təxribatları da heç bir nəticə vermir və verməyəcək. Azərbaycanın məqsədi öz ərazilərini Ermənistanın silahlı qüvvə adı ilə Dağlıq Qarabağda və işğal altında olan ətraf rayonlarımızda yerləşdirdiyi quldur və terrorçu dəstələrdən tamamilə təmizləməkdir. Azərbaycan əsgəri Vətəndə Vətənin qurtuluşu uğrunda döyüşür. Onun məramı aydın və ədalətli, missiyası müqəddəsdir.

Bir məsələni də qeyd etməyi vacib bilirəm ki, Azərbaycanın 1991-ci ilədn etibarən apardığı müharibənin, hərbi əməliyyyatların, bir sözlə irili-xırdalı bütün döyüşlərin adı Qarabağ, Vətən müharibəsidir. Bu müharibə 30 ilə yaxındır ki, davam edir və inşallah, yaxınlarda tam Qələbə ilə başa çatacaq. Onun nə 1-cisi, nə də 2-cisi yoxdur. Narahatlıq doğuran odur ki, Qarabağ, Vətən müharibəsinə bu adları əlavə edənlərin yanlışları artıq rəsmi şəxslər tərəfindən də səsləndirilir. Bunu doğru hesab etmirəm. Dünya tarixində 30 illik, 100 illik müharibə təcrübələri var və həmin xalqlar bu müharibələri hansısa süni mərhələlərə bölməyiblər. Bizim haqq işimiz uğrunda apardıımız müharibənin də bir adı var – Qarabağ Müharibəsi. Bunun yeganə alternativi Vətən müharibəsidir. Hamınıza azad olunmuş və olunacaq bütün yurdlarımızda Qələbə sevincləri arzusu ilə, Amin!

9 oktyabr 2020-ci il. Bu gün Hadrut qəsəbəsi və 8 kənd də doğma Azərbaycanımızın nəzarətinə qaytarıldı. İgid əsgər və zabitlərimiz erməniləri iti qovan kimi qovdular. İnşallah, tezliklə şanlı ordumuz Zəngilanı, Qubadlını, Laçını, Kəlbəcəri, Şuşanı da düşmən işğalından azad edib, həmin ərazilərdə və Xankəndində bayrağımızı qaldırar. Yalnız irəli Azərbaycan əsgəri!

9 oktyabr 2020-ci il. Bütün yollar Şuşaya aparır. İstər Ağdamdan, istərsə də Laçından. Seçim Qalib Azərbaycan əsgərinindir!

10 oktyabr 2020-ci il. Həkimlərin müalicəsindən keçib dediyi, ömürlərinin sayılı həftələri, bəlkə də günləri qalan iki ağbirçək Zəngilanda dəfn olunmaq ümidi ilə gecəli-gündüzlü əsgərlərimizə dua edirlər. Onlar kimi, doğma ocaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə insanlarımız Azərbaycan Ordusunun Zəfər yürüşünün davamını gözləyir. Onları naümid qoyma, Azərbaycanımızı məkrli düşmənlərin tələsindən hifz et, İlahi!

10 oktyabr 2020-ci il. Ermənilər tarix boyu razılaşmalara, o cümlədən atəşkəs razılaşmalarına əməl etməyiblər və bunu öz planlarını həyata keçirmək üçün növbəti fürsət biliblər. Azərbaycan isə bütün razılaşmalara əməl etməyə çalışıb və nəticədə daim itirən tərəf olub. Nə vaxtadək belə davam edəcək, nəticə çıxarmağın vaxtı çatmayıbmı?

12 oktyabr 2020-ci il. Rusiyanın Azərbaycana hazırkı münasibətindən təəccüblənənlər qoy son iki əsrdən artıq tarixi bir də vərəqləsinlər.

16 oktyabr 2020-ci il. 27 il Zəngilan həsrəti, ata yurduna qayıdacağı günün arzusu ilə yaşayan anam sentyabrın 27-dən sonra Ordumuzun zəfər yürüşündən, torpaqlarımızın erməni işğalından azad edilməsindən yaman ümidlənmişdi. İstəkli nəvəsi Emin “nənə tezliklə Zəngilanı alacağıq, səni o yerlərə özüm aparacam” demişdi. Ömür vəfa etmədi, dünən Tanrının rəhmətinə qovuşdu. İndi anam da doğma ruhlarla birlikdə bizim qədim yurdlara qayıdacağımız günü gözləyir. Minlərlə ata-anaların narahat ruhlarını bu üzüntüdən tezliklə qurtar, İlahi! Onlara qismət olmadı, təki övladları doğma yerlərə qayıdıb qədim ocaqları bir də çatsınlar! Ayaqları altında olan cənnəti analarımızdan əsigəmə, Tanrım!

17 oktyabr 2020-ci il. Füzuli rayonunun erməni işğalından azad olunması Azərbaycanın növbəti qələbələri üçün möhkəm zəmin deməkdir. İnşallah, tezliklə Ağdamın, Zəngilanın, Qubadlının, Şuşanın, Kəlbəcərin, Laçının azad olunmasını bayram edərik. Tanrı Azərbaycana böyük qələbə sevinclərini yaşadan əsgər və zabitlərimizi qorusun!

18 oktyabr 2020-ci il. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ili bir çox ərazilərimizin erməni işğalından azad edilməsi ilə yadda qaldı. Bu böyük günü son 27 ildə indiki qədər qürurla qeyd etməmişdik, Müstəqillik gününüz mübarək olsun!

 

Lətif Şüküroğlu.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)