Kosmik Qorxu
“İnsanlığın ən qədim və ən güclü duyğusu qorxudur, ən qədim və ən güclü qorxusu isə, bilinməyənə qarşı duyulan qorxudur.”¹
Bu, ədəbiyyatda altjanr olaraq həm də Eldritch Abomination adlanan Kosmik Qorxudur. Psixoloji sarsıntılar və travmalarla dolu uşaqlıq keçirmiş Hovard Filips Lavkraft bu altjanrın atası hesab edilir, elə buna görə də Kosmik Qorxuya həm də Lavkraftvari Qorxu da deyilir. Eynilə Tolkin² kimi Lavkraftdan əvvəl də bu janrın elementlərinə sahib əsərlər yazan yazıçılar - hətta aralarında daha sonra bəhs edəcəyim, ona ilham olmuş müəlliflər də var - olsa da, öz əsərləri ilə Kosmik Qorxuya verdiyi intəhasız töhfələr nəticəsində bu titula sahib olub.
H. P. Lovecraft 1934.
Nədir axı Kosmik Qorxu? dediyinizi eşidirəm, ancaq bir neçə izahı var:
Bilinməzlik bu altjanrın ən əsas ünsürlərindən biridir. Lavkraft, eyni şəkildə digər əksər yazıçılar hekayələrində bilinməzlikdən istifadə edərək əsərdə kosmik qorxu yaratmışlar. Hekayələrdə bilinməyən ələlxüsus məxluq olsa da, çox vaxt hadisənin də tam olaraq anlaşılmadığını və məkanın da bilinmədiyini, qeyri-adi olduğunu, obrazın məkanı təsvir etməyi bacarmadığını görürük. Misal gətirməli olsam: Lavkraftın əsərlərindən bir nəfərin sirli, İnnsmut adlı qəsəbəyə ziyarətindən və orda qarşılaşdığı qəribə insan mələzlərindən bəhs edən İnnsmut üzərindəki kölgələr (The Shadows Over Innsmouth), Ktulhunun Çağrışı (The Call of Cthulhu) və Alcernon Bləkvudun³ Söyüdlər (The Willows) əsəridir. Lavkraft bir məktubunda - qeyd etməliyəm ki, oxucular arasında ən çox məktub yazan yazıçı olaraq Volter⁴ tanınsa da, Lavkraft qısa ömründə 100.000-ə yaxın məktub yazmışdır (Volterdən beş dəfə daha çox) - Bləkvudun ən sevdiyi yazıçılardan biri olduğunu qeyd etmişdir. Alcernon Lavkraftla yanaşı digər bir çox yazıçılara da ilham mənbəyi olmuşdur. Onun Söyüdlər əsərini oxuyanda da içərisindəki kosmik qorxunun bilinməzlik elementləri ilə rastlaşacaq, Lavkraftı necə ruhlandırdığının şahidi olacaqsınız.
Anlaşılmayan məkanlar altjanrın bünövrələrindən olub, bilinməzliyi olduqca artırır. Kosmik Qorxuda çox vaxt təbiət qanunlarını inkar edən, insan beyninin qavrayıb, təsvir edə bilmədiyi - qorxu hissini böyüdən - məkanlardan istifadə edilir. Həmin yerlər unudulmuş, tərk edilmiş, yaxud itmiş şəhər, kitabxana, abidə, ya da ümumiyyətlə insan oğlunun məkan və zaman qavrayışından tamamilə kənar olaraq göstərilir. Məsələn Ktulhunun Çağrışındaki R’lyeh şəhəri həndəsi olaraq imkansız və narahat edici memarlığa sahib idi.
Çarəsizlik Söyüdlər əsərində də yer alan, kosmik qorxunun digər bir izahıdır. Çarəsizlik üçün - eyni zamanda bilinməzlik ünsürü də bolca var - tövsiyə edəcəyim əsər isə Lavkraftın ən böyük ilham mənbəyi olan - belə ki, hətta bəzi əsərlərində birbaşa adını da çəkir - Edqar Allan Ponun Nantuketli Artur Qordon Pimin Hekayəsi (The Narrative of Arthur Gordon Pym of Nantucket) əsəridir. Bu kitabda Artur Qordon adlı macərapərəstin dostu ilə birgə gizlin mindiyi Qrampus gəmisində cənuba səfərindən bəhs edir. Getdikcə qaranlıqlaşan bu əsərin əvvəllərində Pimin bilinməzliyə qarşı duyduğu qorxusunun və çarəsizliyinin şahidi olur, onunla empatiya qururuq.
Belə açıqlayım sizə, əziz oxucular, əsasən bu altjanrda yazılmış kitablarda hər hansı bir məxluq ortaya çıxır və onu görəni gücü, yaxud böyüklüyü sayəsində çarəsizliyə düçar edir. Çünki insanlıq əvvəllər bənzər şeylə qarşılaşmayıb. Başqa ssenaridə isə hər hansısa detektiv bir vaqiəni araşdırarkən sonda yenə də insanlığa naməlum olan canlı ilə rastlaşır və ya ağlını itirir, ya da çarəsizlik içərisində dünyasını dəyişir. Buna isə Lavkraftın Red Hukda Dəhşət (The Horror at Red Hook) hekayəsində rast gəlirik. Malon adlı detektivin Red Huk rayonunda baş verən qəribə və dəhşətli hadisələri araşdırması nəticəsində insan zehnini və inanclarını inkar edən gerçəklərlə qarşılaşır.
Biganəlik də Kosmik Qorxuda tez-tez qarşılaşdığımız elementdir. Bu isə insanın hansısa məxluqla qarşılaşaraq onun bəşəriyyətə qarşı necə laqeyd olduğunu görməsi şəklində verilir. Məxluqun böyüklüyü, yaxud gücü onu insanları özündən kiçik (hər iki mənada), zəif və özünü isə qat-qat üstün gördüyü üçün insanlığa məxsusi diqqət ayırmağı lazım bilmir. Lavkraftın da bəzi kitablarında fövqəlbəşər məxluqun insanlığa zərər vermədiyini görürük.
Araşdırdığım qədərilə sırf bu altjanrda yazılmış, azərbaycanlı yazıçının qələmindən çıxan əsər tapa bilmədim. Ona görə də öz yazdığım, bigənəlik və bilinməzliyin daha çox işləndiyi, Lavkraftvari Qorxu altjanrlı hekayədən danışacam. Bu il nəşri planlanan hekayənin sonra dəyişəcəyim cari adı Balıq İnsandır. Əsər anası ilə tək yaşayan yeniyetmənin evlərinə təşrif buyuran, babası olduğu iddia edilən yaşlı kişinin qəribə hərəkətlərinə şahidi olmasıyla başlayır. Daha sonra həmin qocanın qeyri-adi keçmişi ilə davam edən hekayə, fikrimcə, ölkəmizin ilk kosmik qorxu altjanrlı əsəri hesab edilə bilər.
Dəyərsizlik yenə altjanrda çox işlənən ünsürlərdəndir. İnsanın kainatda tək güc sahibi canlı olmadığını öyrənməsiylə birlikdə hiss etdiyi dəyərsizlik. Kitablarda daha çox kiminsə yeni, daha əvvəl görülməmiş bir irq, yaxud icma kəşf etməsi ilə təsvir olunur. Bu irq istər sahib olduğu insandan üstün imkanlar (məsələn dörd qollu bir məxluq), istərsə də şüuru, ağlı ilə insanın min illərdir qurduğu gerçəkliyi yıxaraq onu dəyərsizlik hissinə məruz qoyur. Bu mövzunun işləndiyi, Lavkraftın ilk nəşr olunan romanı hesab edilən Dəliliyin Dağlarında (At the Mountains of Madness) kitabında Miskatonik Universiteti geoloqlarının Antarktidada apardığı bir sıra araşdırmalardan bəhs edilir. Bu tədqiqatların nəhayətində dağların arasında bənzəri görülməmiş, fövqəladə memarlıq tərzinə sahib, əvvəllər hansısa irqin - sözsüz ki, insandan yüksək - yaşadığı, qədim tikililər tapırlar. Qeyd edim ki, bu araşdırmalar Oyuq Dünya Nəzəriyyəsi⁵ ilə bağlıdır. Hətta Lavkraft romanının əvvəlində eyni nəzəriyyə ilə bağlı, yuxarıda bəhs etdiyim, özünə ilham olan Edqar Allan Ponun kitabının adını çəkir.
Yalnızlıq. İnsan ətrafında kimlərsə olanda da yalnız ola bilər, ancaq kosmik qorxuda həqiqi mənada yalnızlıqdan istifadə olunur. Lakin tənha olan təkcə insan yox, hansısa meşədəki daxma da ola bilər. Tənhalıq sözsüz ki, qorxunu daha pik nöqtəyə daşıyır. Çünki tənha olmaq, özündə
başqa heç kəs sənə kömək edə bilməyəcək deməkdir. Yalnızlıq insanı mənfi düşünməyə cəlb edir. Gələn ən kiçik səs qorxuya səbəb olur. Bilinməyənə duyulan qorxuya.
Nəsil. Qəribədir, ancaq bəzi Kosmik Qorxu hekayələrində qəhrəman öz nəslində, əcdadlarında insan olmayan varlıqların mövcudluğunu öyrənir. Sözsüz ki, bu, dəhşət vericidir və qorxu hissini kosmik həddə çatdırır. Lavkraft özünün də dediyi kimi həmişə ilham aldığı Edqar Allan Po, Alcernon Bləkvud, Lord Dansani⁶ kimi yazıçıların qotik qorxusunu kosmikliyə - ən zirvəyə çatdırmağa çalışmış və buna nail olmuşdur. Bu mövzu Hovard Fillipsin İnnsmut Üzərindəki Kölgələr hekayəsində olduğu kimi, baş qəhrəmanın əvvəl qarşılaşdığı dəhşətamiz varlıqların sonradan öz əcdadları olduğunu öyrənməsi şəklində verilir. Fillips Lavkraftın Dəliliyin Dağlarında uzun hekayəsində isə təkcə baş qəhrəmanın yox, bəşəriyyətin əcdadlarının bildiyimiz canlılar olmadığı öyrənilir yeni - insandan üstün - irqin kəşf edilməsiylə birlikdə. Bu da obrazların öz qədərindən, taleyindən qaça bilməyəcəyini göstərir.
Jason Thompson’un “Innsmouth Folk” adlı əsəri.
Qan və şiddət yerinə daha çox fiziki deformasiyalar, insan və yaxud hansısa canlının iç orqanları təsvir edilir Kosmik Qorxuda. Anatomik ünsürlər insanı dəhşətə bürüyən məxluqun bildiyimiz təbiət qanunlarından kənara çıxdığını göstərmək üçün istifadə olunur.
Kosmik Qorxunu digər qorxu əsərlərindən ayıran ən əsas xüsusiyyəti hekayəni oxucunun xəyal gücünə həvalə etməyidir. Mütaliəçi daim
yazıçının məxluqu təsvir etməyini gözləyir, lakin bilinməzlikdən istifadə olunmuş əksər əsərlərdə ya canlı ümumiyyətlə görünmür, ya da sadəcə bir hissəsi görünür. Belə olduqda da oxucu istər-istəməz mənfur məxluqu öz beynində canlandırır, çox güman, öz qorxularıyla - Məsələn: hörümçəkdən qorxan kimsə, xəyalında nəhəng bir hörümçək canlandırması ehtimaldır - və beləcə, hekayə oxuyanın yaradıcılığına əsasən formalaşır. Sözsüz ki, bəzi söz ustaları kosmik qorxu hissini yaradan canlını - yaxud əşya da ola bilər - öz əsərlərində təsvir etmişdirlər.
Lavkraftvari Qorxu kitablarının çox böyük bir hissəsi birinci şəxslə yazılıb. Səbəbi isə obrazla birlikdə oxucunun da canlı haqqında heç bir məlumata sahib olmamalı olduğudur. Obraz gördüyü, insan zehninin dərk edə bilməyəcəyi hadisəni və ya canlını sözləri ilə təsvir edə, qavraya bilmirsə, oxucu da bacarmamalıdır. Üçüncü şəxslə yazılsa idi, müəllifin məxluq haqqında yazmamağı absurd olar, yazmağı da hekayənin həyəcanını öldürərdi. Bundan başqa da obrazın qarşılaşdığı şey nəticəsində sarsılan psixologiyasını oxucuya ən yaxşı şəkildə birincə şəxslə, obrazın öz dilindən ötürmək olar. Qəhrəmanın get-gedə pozulan, qəribələşən, dəliliyə doğru gedən fikirləri, gözünə görünən xülyalar oxucunun nəyin gerçək, nəyin xəyal məhsulu olduğunu sorğuya çəkməsinə səbəb olur.
Kosmik - Lavkraftvari Qorxu altjanrı ədəbiyyatdan başqa Call of Cthulhu: The Dark Corners Of The Earth⁷ bənzəri video oyunlara, The Thing⁸ tərzi filmlərə, Guillermo del Toro's Cabinet of Curiosities⁹ tərzi seriallara, The Doom That Came to Gotham¹⁰ oxşarı animasiyalara və bir sıra illustrator, Junji İto kimi manqaka¹¹, komiks rəssamlarına ilham vermiş, istifadə olunmuşdur. Kosmik qorxu belə böyük topluluğu əhatə edir.
Əlqərəz, Kosmik Qorxu bilinməzliyi əsas götürən, insanın qavrayıb dərk edə bilmədiyi məkan və hadisələrlə dolu, insanı minillərdir qurduğu inanclarının yıxılmasıyla birgə çarəsizlik və dəyərsizlik hissinə düçar edən əsərləri özündə birləşdirən altjanrdır. Bəli, Eldritch Abominationun fəlsəfəsi budur, insanı məyus etmək, tək üstün irqin o olmadığını, hətta ondan dəfələrlə üstün və qədim irqlərin mövcudluğunu göstərmək. Şüphəsiz ki, bunu öyrənən insan ağlını itirəcəkdir.
¹Howard Phillips Lovecraft, Supernatural Horror in Literature.
²John Ronald Reuel Tolkien Üzüklərin Hökmdarı adlı məşhur fantastik trilogiyasının müəllifi, Epik Fentezinin atası.
³Algernon Blackwood.
⁴Voltaire XVIII əsrdə yaşamış, fransız yazıçı və filosof.
⁵Oyuq Dünya Nəzəriyyəsi dünyanın kürə formasında olub, ortasında bir oyuğun mövcudluğu fikrini müdafiə edir.
⁶Lord Dunsany 90-dan çox fantastik janrlı əsərə sahib, İrlandiya əsilli dramaturq, hekayə yazıçısı.
⁷Lovecraftın The Call of Cthulhu əsərindən ilham almış video oyun (2005).
⁸Özündə Kosmik Qorxu elementlərini ehtiva edən elmi-fantastik film (1982).
⁹Bir neçə seriyası Lavkraft hekayəsindən ekranlaşdırılmış serial (2022).
¹⁰Batmanın Lavkraftvari məxluqlarla qarşılaşmasından bəhs edən animasiya (2023).
¹¹Manqaka yapon komikslərini - manqaları çəkən rəssam.
Yazdı: R.N. İrukin
İstinad:
1- https://hplovecraft.com/
2- H. P. Lovecraft, "Supernatural Horror in Literature" (1927)
3- https://lovecraft.fandom.com/wiki/Cosmic_horror
4- "H. P. Lovecraft Bütün Hikayeleri (Alfa Yayınları, 2019)
5- Sarah S. Davis, "Your İntroduction to the Cosmic Horror Genre" (2019)
6- https://eaomag.com/kozmik-korku/
7- H. P. Lovecraft, "Tuhaf Kurgu Yazmak Üzerine Notlar" (Laputa Kitap, 2019)
8- Gökhan Kodalak, "H.P. Lovecraft veMekânın Canavarsılığı" (2016)
9- Robert Broch, "Poe & Lovecraft" (1973)
10- https://www.gerisihikayekorku.com/kozmik-korku-i-s11e03-gerisi-hikaye/
11- ChipperEditor, "H.P. Lovecraft Writing Style: How to Bring Your Cosmic Horror Story to Life" (2020)
12- Michael Zenke, "Dreading the Shadows on the Wall" (2006)
13- Jubel B., "Cosmic Horror"
14- https://www.writersdigest.com/write-better-fiction
15- https://www.libraryjournal.com/story/lovecraftian-cosmic-horror
16- https://youtu.be/hUo7rZExs34
17- https://youtu.be/HFNdsjqIFbo
18- https://youtu.be/mvNuFn_3lpk
19- https://youtu.be/vAOiPVEkkLw
20- https://youtu.be/9_jsn-EqzJE
21- W. Scott Poole, "Delilik Dağlarının İçinde" (Alfa Yayınları, 2017)
22- https://www.bbc.co.uk/programmes/articles/4cvLY6FX2yhsChKS8HT7hbX
23- C. R. Willey, "Lovecraft’s Cosmicism: What it Is, How It Works, and Why It Fails" (2017)
24- S. T. Joshi interview (2006)
25- Fırat Osmanoğulları, "Karanlık Sular Filminin Kozmik ve Fantastik Yapısında Kant’ın Yüce Kavramının İzini Sürmek" (2023)
26- https://evrimagaci.org/kozmik-korku-20-yuzyilin-korku-yazari-ve-cthulhu-mitosunun-yaraticisi-h-p-lovecraft-ve-mirasi-10678
27- Marcia G. Kutrieh, "The Cosmology of H. P. Lovecraft"
28- https://youtu.be/pQT84gjaV2g
29- H. P. Lovecraft Selected Letters II
30- H. P. Lovecraft Selected Letter IV
31- https://www.kahramangiller.com/rol-yapma-oyunu/rol-yapma-oyunlarinda-korku-ogesi-bolum-4/
32- Eric Wilson, "The Republic of Cthulhu" s. 15-27, 47-119 (2016)