Edebiyyat.az » Ədəbi tənqid » Günel Əsgərova - Azad Qaradərəlinin romanlarında müharibə ağrıları

Günel Əsgərova - Azad Qaradərəlinin romanlarında müharibə ağrıları

Günel Əsgərova - Azad Qaradərəlinin romanlarında müharibə ağrıları
Ədəbi tənqid
admin
Müəllif:
19:51, 17 aprel 2023
847
0
Günel Əsgərova - Azad Qaradərəlinin romanlarında müharibə ağrıları

 

 

 

 


 

 

Açar sözlər: I Qarabağ müharibəsi, müharibə ağrıları, sosial-psixoloji roman, magik ünsürlər, tarixi kontekst, Vətən müharibəsi

 

 

XÜLASƏ

      Azad Qaradərəli müasir Azərbaycan nəsrində sosial-psixoloji roman ustalarından biri kimi tanınır. Yazıçının yaradıcılığından Qarabağ müharibəsi mövsuzu leytmotiv kimi keçir. Məqalədə Azad Qaradərəlinin I Qarabağ müharibəsinin ağrılarını hərtərəfli əks etdirməsi “Günəş tutulan yerdə”, “Kuma Manıç çökəkliyi”, “Şəhərcik”, “Morq çiçəkləri” romanları əsasında təhlil və şərh olunur. Azad Qaradərəli Qarabağ müharibəsini qəfil fəlakətin cəmiyyətdə törətdiyi sosial və psixoloji sarsıntılar, ağrılar, faciələr aspektindən qələmə alır, mövzunun reallıqlar kontekstində bədii dərkinə çalışır. “Cəbrayıl əfsanəsi” romanında yazıçı II Qarabağ müharibəsində qəhrəman Azərbaycan əsgərinin, müzəffər Azərbaycan ordusunun, qalib Azərbaycan xalqının və mərd-qürurlu Azərbaycan insanının tarixi hünərlərini təcəssüm etdirir.

 

 

       Azərbaycan ədəbiyyatında müharibə ağrılarının cəmiyyətdə - “arxa cəbhə”də dərindən təsviri 1960-cı illər nəsrində olmuşdur. İsa Hüseynovun “Saz”, “Tütək səsi”, “Doğma və yad adamlar” əsərlərində II Dünya müharibəsinin ön cəbhədən çox uzaqlarda olan Azərbaycan kəndində doğurduğu acı nəticələr, mənəvi sarsıntılar gərgin psixoloji konfliktlərlə, rəngarəng obrazlarda ustalıqla qələmə alınmışdır. 1990-cı illərin əvvəllərində ermənilərin torpaqlarımızı işğalı ilə başlayan Qarabağ müharibəsi də yalnız ön cəbhədə baş verən hadisələrin, döyüşlərin təsviri ilə ədəbiyyata gəlmir, Qarabağ müharibəsinin nəticələri bütünlükdə cəmiyyətdə kataklizmlər, ictimai və mənəvi sarsıntılar yaradır, milli cəmiyyətin və insanın yaşadığı psixoloji durumun təsviri və bədii dərki zəruri olur. Azad Qaradərəlinin yaradıcılığı bütünlükdə bu dövrə təsadüf etdiyindən, müharibə mövzusu onun əsərlərində cəmiyyət və insan tematikası ilə yanaşı davam edir, hətta çox zaman üzvi şəkildə birləşir. 

       Azad Qaradərəlinin yaradıcılığı bütünlükdə müharibə dövrünün cəmiyyətdə təsirləri, doğurduğu problemləri əhatə etsə də, yazıçı I Qarabağ müharibəsini əsl müharibə saymır, qəfil xarici basqın nəticəsində Azərbaycan xalqının məruz qaldığı fəlakət, bu fəlakətin törətdiyi acı nəticələr kimi qiymətləndirir. Müsahibələrinin birində əsl müharibənin hələ qarşıda olduğunu bəyan edir, müxbirin: “Niyə ədəbiyyatımızda müharibə mövzusunda yazılar yox dərəcəsindədir? Baxmayaraq ki, Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsidir” sualına cavabında deyir: “Fikir verdinizmi, siz Qarabağ müharibəsi deməmisiniz, Qarabağ münaqişəsi demisiniz. İş ondadır ki, o döyüşlərdə şəhid olan, sağlamlığını itirən qəhrəman oğullarımızın hünərini azaltmadan deməliyəm ki, bizim bir dövlət kimi MÜHARİBƏMİZ hələ olmayıb, ermənilər rus ordusunun köməyi ilə bizim torpaqlarımıza hücum edib, təzə yaranan ordumuzun könüllülərini və yerli əhalini silahdan keçirib və torpaqlarımızın yeddidə birini işğal edib. Yazıçı müharibə tərəfdarı olmaz və təbii ki, mən də müharibə istəmirəm. Amma bunu demək zorundayam: bizim MÜQƏDDƏS MÜHARİBƏMİZ hələ qabaqdadır” (1, s. 200)

Azad Qaradərəli yaradıcılığında Qarabağ müharibəsini məhz bu aspektdən, qəfil fəlakətin cəmiyyətdə törətdiyi sosial və psixoloji sarsıntılar, ağrılar, faciələr mövqeyindən qələmə alır (“Günəş tutulan yerdə”, “Kuma Manıç çökəkliyi”, “Şəhərcik”, “Müharibə uşaqları”, “Morq çiçəkləri”), mövzunun reallıqlar kontekstində bədii dərkinə çalışır. Və yalnız əsl müqəddəs müharibə zamanı gəlib yetişdiyi zaman, yazıçının əvvəlcədən gördüyü və inandığı kimi, qəhrəman Azərbaycan əsgərinin, müzəffər Azərbaycan ordusunun, qalib Azərbaycan xalqının və mərd-qürurlu Azərbaycan insanının tarixi hünərlərini təcəssüm etdirir (“Sevgilim Vətən”, “Cəbrayıl əfsanəsi”).

        Azad Qaradərəlinin yaradıcılığı hekayəçiliklə başlamış, Qarabağ mövzusuna da ilk əvvəl hekayələrində müraciət etmişdir. Azad Qaradərəli Azərbaycanın Birinci Qarabağ savaşında işğal olunmuş Zəngilan rayonundandır. Qaçqınlığın məşəqqətli yollarını, sərt-ağrılı həqiqətlərini həmvətənləri ilə birgə öz bioqrafiyasında yaşamış, bilavasitə əsərlərində əks etdirmişdir. “Son döyüş” (1993), “Axın” (1994), “Ulartı” (1995), “Ölə bilməyən ana” (1997), “Ananın oğulları” (1998), “Girov” (1994), “Generalın atı” (1999), “Quduz” (1992-2016), “Sonuncu kibrit çöpü” (2010), “Adamı igid kimi ölməyə də qoymurlar”(2010) , “Gilənar albalı olurmu?” (2011), “Toy olmayan günlər” (2011), “Alışqan” (2013-2014) və s. hekayələrində yazıçı gerçək əhvalatlar, müharibə və müharibədən sonrakı hadisələr fonunda Azərbaycan insanının ağır taleyini qələmə almışdır. O da qeyd olunmalıdır ki, Azad Qaradərəlinin bir çox hekayələrində toxunduğu müharibə motivləri sonradan romanlarına da keçmiş, daha əhatəli şəkildə təcəssüm olunmuşdur. 

         I Qarabağ müharibəsinin ən ağrılı nəticələrindən biri erməni əsirliyi olmuşdur. Hadisələr də, bu mövzuya həsr olunmuş əsərlər də göstərir ki, Azərbaycan insanı ermənilərə əsir düşməkdənsə ölməyi tərcih edirdi. Buna səbəb bir yandan azərbaycanlıların əyilməzliyi, mərdliyi idisə, digər amil erməni faşizmi idi. Erməni vandalları əsirlərlə heç bir müharibə qanunlarına sığmayan tərzdə amansızlıqla davranır, insanlığa sığmayan cinayətlər törədirdilər. Erməni fəlakətinin ilk dövrlərində əsirlər problemi cəmiyyətdə şiddətlə qarşılanır, barışmaz reaksiyalar doğururdu. Xüsusən azərbaycanlı qızların-qadınların əsir düşməsi birbaşa insani ağrılarla yanaşı, mental ziddiyyətlərə, mənəvi sarsıntılara səbəb olurdu. Təsadüfi deyil ki, əsir düşmüş qadınlar problemi bu dövrün nəsrində ayrıca motiv kimi qabarıq xətlə keçir. 

       Eyni motiv paralel olaraq Azad Qaradərəlinin yaradıcılığından da keçir. Əsir düşmüş qadınların yaşadığı cəhənnəm əzabını, heç bir insani sərhədlərə sığmayan məşəqqətlərini Azad Qaradərəli ilk romanı olan “Günəş tutulan yerdə” (2000-2004) əsərində də qabartmaqla, kəskin sosial problem şəklində qoyur. Əgər yazıçının hekayələrindən birində (“Ulartı”) heysiyyəti tapdanan, düşmən təcavüzünə məruz qalan qadın çıxış yolunu qisas almaqda və intiharda görürsə, romanda əsirlikdən qurtulub özünü cəmiyyətin bağrında qara yara kimi təqdim etməkdə, günahsız müqəssir kimi haray qoparmaqda, taleyinə biganə cəmiyyəti birbaşa ittiham etməkdə görür. Erməni əsirliyində düşmən təcavüzündən övlad dünyaya gətirən qadın balasını öz əlləri ilə boğur və daha iki qadını bu yola təhrik edir. Əsl müsibət və cəmiyyəti sarsıdası ittiham hələ bundan sonra başlayır: “Erməni əsgərləri it sürüsü kimi üstümüzə tökülür, şərəfimizi alçaldan bütün əməlləri üstümüzdə sınayırdılar. Sonra bizi öyrədilmiş köpək sürüsüylə bir dama saldılar... Bu itlər xüsusi təlim keçmiş köpəklər idi. Onları üstümüzə buraxıb bu vəhşilərin bizimlə cinsi əlaqədə olmasını kamera ilə çəkirdilər...” (2, s. 264) 

        Dəhşətli sarsıntılar keçirmiş müharibə qurbanlarının cəmiyyətdə bir daha, bu dəfə mənəvi basqılara məruz qalması romanda toplumun özünün ittihamına çevrilir: “Hələ kefə bax ki, ermənilər məni bir erməni zabiti ilə dəyişəndən sonra atam, anam, qaynanam, hətta bacım da məni qəbul eləmədilər. Özlərini töhmətdə qoymaq istəmədilər. Hətta eşitdim ki, qaynım məni öldürmək istəyib ki, bu ləkəni nəsillərinin üstündən götürsün. Ləkəni beləmi götürürlər, Mirzə müəllim? Bəs erməni əsirliyində ildə bir uşaq doğub erməni millətinin sayını artıran qadınların ah-naləsini tanrı götürərmi?! Bəs mənim kimi əzab heykəlini görə-görə erməniylə sülh imzalayıb güzəştə getməyi, təzədən kirvəlik-şorbalıq eləməyi tanrı qəbul eləyərmi?!” (2, s. 264-265)

       Əlbəttə, yazıçının əsir qadının diliylə qabartdığı ağrılı məqamlar cavabı olmayan, lakin müharibədə uduzmuş cəmiyyəti düşündürə bilən ritorik suallardır. Həm də bu sualları əsir qadın cəmiyyətin seçilmiş üzvü, Milli Məclisin deputatı Mirzə müəllimə ünvalamaqla reallıqlara gözünü açmaq istəyir, cəmiyyətdən gerçək hesabat tələb edir. Romanda bu motivin həqiqi rezonansını da görürük, eşitdiyi dəhşətli mənzərələrdən Mirzə müəllimin rahatlığı qaçır, yuxuları qarışır, qorxunc yuxular onu təqib edir, hətta qadının ağır taleyi təsəvvüründə ümumiləşərək Azərbaycan qadınının dəyişən obrazında görünür: “Birdən haradasa yenə it uladı, özü də aramsız. Kişini elə bil qudurmuş it qapdı. Arvadının qolları arasından çıxıb ayağa qalxdı. Bu gün qəbuluna gəlmiş qadının dedikləri bir-bir təzədən gözləri önündən keçdi. Özü də bu dəfə o qadının özü yox, elə bil erməni əlindəki Zərifəydi. O Zərifə ki, bu gün oğlunu əsgərlikdən saxlatdırırdı. O Zərifə ki, bir zaman ona qoşulub meydana getmiş, Topxanada kəsilən bir ağacçün rəhbərliyin ünvanına min cür söyüşlər yağdırmışdı...” (2, s. 275)

       Azad Qaradərəli bir sıra hekayələrini romanları ilə paralel yazmış, roman yaradıcılığı ilə yanaşı hekayəçiliyini də davam etdirmişdir. Bu hekayələrdə yurdlarından ayrı düşmüş qaçqın insanların sonrakı həyatı, şəhər mühitinə və cəmiyyətə uyğunlaşması, üzləşdikləri çətinliklər müharibə dövrü insanı və cəmiyyət konflikti üzərində izlənir, qələmə alınır.

       Azad Qaradərəli ayrı-ayrı hekayə süjetlərində təsvir etdiyi qaçqınların həyatını daha geniş şəkildə “Morq çiçəkləri” romanında (2017-2018) ümumiləşdirir və keçid dövrünün, yazıçının öz sözləri ilə deyilsə “araqarışan dövr”ün həqiqətlərinin bədii dərkini verməyə çalışır. Ümumən müharibə mövzusu sosial-psixoloji romanlarda təkan rolunu oynayır: həm gerçək cəmiyyət reallıqlarını üzə çıxarır, həm də müasir qəhrəmanın mənəvi dünyasına açar olur, onun vətəndaşlıq mövqeyini üzə çıxarır. Müharibənin səbəb olduğu acı reallıqları Azad Qaradərəli romanlarında qəhrəmanın nəzərlərindən geniş panoram təsvirlə qələmə almışdır. 

        “Morq çiçəkləri” romanında real hadisələr bir “morq”da – ölüxanada təsvir olunur. “Qarabağın dərdi” qəzetinin müxbiri Süleyman şikayət məktubu alıb, bir xəstəxananın morqunda yerləşdirilmiş qaçqınların həyatı ilə tanış olmaq üçün ora gedir. İnsan həyatına yaraşmayan müdhiş mənzərələrlə üzləşir, bunun fonunda ölü halına gəlmiş cəmiyyəti təsvir edir. Əslində, morq - ölüxana məcazdır: yer-yurdlarından, ev-eşiyindən, yaşayışlarından, insana lazım olan hər şeydən məhrum olan qaçqınların gəlib çıxdığı ünvanı simvolizə edir. Amma eyni zamanda roman realist səciyyə daşıyır, aktual reportaj formasında qurulmuş əsər həyatın dibində yaşayan qaçqın insanların sosial-psixoloji vəziyyətlərini şərh edir. Romanın rəmzi olaraq “sıfır”la, çox sayda “000000” rəqəmi ilə başlayıb sıfırla da bitməsi bu vəziyyətə işarə edir. Personajlardan birinin “-Necəsən?” sualına digəri: “-Pis. Sıfır...” cavabını verir və əlavə edir: “-Hə, sıfır ölümdür. Amma ölüm də bizə yiyə durmur. Pisik. 0... 0... 0...” Roman “bütün qaçqın-köçkün düşərgələrinin spesifik bir qoxusu”nu ümumiləşdirməyi hədəfləyir: “Bu yoxluq, heçlik, sıfır qoxusuymuş. Sıfırın qoxusu...”  (3, s. 4)

      Varlıq və yoxluq arasındakı sosial-psixoloji gərginliyi qabartmaq üçün yazıçı əsas süjetə paralel şəkildə qaçqınların köçüb gəldiyi yurd yerinin həyat mənzərələrinə də ekskurslar edir. Surətlərin yaddaşında olan əhvalatlar vasitəsilə dünən və bugünün sosial durumunu üz-üzə gətirir. Yazıçı mövqeyində önəmli cəhətlərdən biri də budur ki, cəmiyyətin “sıfır” vəziyyətinə gəlməsini yalnız müharibənin nəticəsi kimi görmür. Belə hesab edir ki, buna səbəb həm də cəmiyyətin daxildən aşınması, mənəvi-əxlaqi simasını itirməsidir. Bugün qaçqınlıqda yaşayan insanların başında duranlar vaxtilə də pis əməlləri ilə cəmiyyətin mənəvi bütövlüyünə zərbə vurmuş, onu ölüxana vəziyyətinə gətirmişlər. 

Romanda surətlər müxtəlif olsa da onları birləşdirən bir məkan var – morqa çevrilmiş cəmiyyət. Təhkiyəçi-qəhrəman Süleyman, ona morqda  bələdçilik edən Haqverdi, cəmiyyətin bütün dərdlərini çiyinlərinə almış şair Lələ və hər şeydən xəbərdar dəlisi Dılı, morq əhlinin maddi durumunu yaxşılaşdırmağa çalışan deputat Asif Aslan, otaq-otaq, hücrə-hücrə təqdim olunan cəmiyyət qurbanları: Nuru və ailəsi, Seyid Mirhüseyn və ailəsi, faciəvi sevgi taleyi yaşayan Gövhər və Muğan, Əflətin, Nüsrət və b. insanlar dünənki talelərinin davamını morq-cəmiyyətdə yaşayırlar. Bu sırada yazıçı xüsusən nəfsinə aldanan Nəriman müəllim və anadan zədəli doğulmuş, ayağını çəkən gözəl Məstanın əhvalatına geniş yer verir. Şagirdinə meyl edən Nəriman müəllim Məstana təcavüz edəndən sonra ağıldan kəm Zərbəlinin boynuna qoyur, hər ikisinin faciəsinə bais olur. 

        Sosial hədəflərin ümumən cəmiyyətin mənəvi simasında axtarılması sosial-psixoloji romanlara xas olan cəhətdir. Mənəvi aşınmanın şiddətini göstərmək üçün yazıçı romanda magik realizmin ünsürlərindən istifadə edir. “Morq meydanından reportaj” hazırlamaqla bu dünyada günah işlədənləri axirətdə öz dillərindən danışdırır. Bu dünya Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”ndakı cəhənnəm aləminə bənzəyir. Fərq bundadır ki, romanda cəmiyyətin hər bir üzvü, yaxşısı da, yamanı da öləndən sonra it görkəmində meydana çıxırlar. Dayanmadan hürməklə çıxılmazlıq durumunu səciyyələndirirlər. Ədəbiyyatşünas-tənqidçi Maral Yaqubova yazır: “Şərif Ağayarın “Ağ göl” və Azad Qaradərəlinin “Morq çiçəkləri” romanında magik realizmin müxtəlif səviyyəli dominantlığı dünyaya “güzgü” tutmaqda israrlı müasir ədəbiyyatımızda fərq yaradır, yaxşı mənada ədəbi stereotipləri dağıdır” (4, s. 221-222) Magik element təzahürləri romanda ölüxana vəziyyətinə gəlmiş cəmiyyətlə, gerçəkdən də ölmüş surətlərin gedib-çıxdığı cəhənnəm və cənnətdən reportajların paralel təsvirində görünür. Hər bir “ölü surət” o dünyada və bu dünyadakı taleyini danışmaqla cəmiyyətin hər iki dünyada uğradığı axirət mifologiyasını aktuallaşdırır.

       Göründüyü kimi, Azad Qaradərəlinin “Morq çiçəkləri” romanında Qarabağ müharibəsi nəticəsində son dərəcə ümidsizlik halına gəlmiş cəmiyyətin sosial-psixoloji mənzərəsi bədii idrak və analiz olunur. Bütün ümidsizliklərə baxmayaraq, romanın sonunda diqqətçəkən maraqlı bir detal var. “Morq”un yanması nəticəsində burada yaşayan qaçqınların yeni binalara köçürülməsi məsələsi ortaya çıxır, amma sonradan binanın təmir olunması nəzərdə tutulur. Bu xəbərə qaçqınların sevinməsi sanki təəccüb doğurmalıdır. Səbəb isə müsbət surətlərdən birinin bir zamanlar dediyi sözlərdə izahını tapır: “Biz neçə ki, bu Morqdayıq, umudluyuq ki, rayonumuz alınacaq...” (4, s. 158). Ölməyən bu ümidlər, doğrudan da, 2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər Azərbaycan ordusunun sayəsində, Azərbaycan xalqının erməni işğalçılarına qarşı apardığı Vətən müharibəsində doğruldu. II Qarabağ savaşında qalib gələn xalqın özünə inamı geri qayıtdı. Həmin əhval-ruhiyyə həyatda olduğu kimi, ədəbiyyata da sirayət etdi.

Azad Qaradərəlinin sosial-psixoloji romanları çoxqütblüdür, bugünlə yanaşı cəmiyyət həyatının müxtəlif dövrlərini də əhatə etməyə, qaçqınlıq probleminin işığında milli və sosial həqiqətləri üzə çıxarmağa çalışır. “Günəş tutulan yerdə” və “Şəhərcik” romanında hadisələr şəhərdə, “Kuma-Manıç çökəkliyi”ndə kənddə və şəhərdə baş verir. Bu romanlar bilavasitə Qarabağ mövzusunda deyil, lakin Qarabağ hadisələrinə gətirən tarixi hadisələr (“Kuma-Manıç çökəkliyi”), Qarabağ müharibəsinin nəticəsində cəmiyyətdə yaranmış sosial durum (“Günəş tutulan yerdə”, “Şəhərcik”) motivlər şəklində roman strukturunda iştirak edir.

          “Kuma Manıç çökəkliyi” romanının tipi haqqında suala cavabında Azad Qaradərəli özü belə deyir: “Təbii ki, romanın mərkəzi Dursun və onun düşdüyü ağır mühit – müharibə və onun qəhrəmanları ola bilərdi. Fəqət, nə dursunların bu müharibədə oynadığı rol, nə bu müharibənin ümumxalq müharibəsinə çevrilməməsi, nə də son nəticə - torpaq itkisi buna imkan vermir. Ən əsası isə mən, əsərin müəllifi olaraq qarşıma bir müharibə romanı yazmaq kimi bir məqsəd qoymamışdım... Ona görə də Dursunun yerini asanlıqla Xosrov tutur...” (1, s. 174). 

         Romanda Dursun və Xosrov məktəb yoldaşı və dostdurlar. Xosrov dərs əlaçısı və dərrakəli, Dursun dərsdə axsayan, lakin fiziki baxımdan güclü, zorludur. Roman Xosrovun dilindən nəql olunur, özünün və ətrafındakı insanların başına gələnlərdən bəhs açır. Aydın görünür ki, bütövlükdə əsəri “Xosrovun romanı” adlandırmaq olar. Amma əsas qəhrəmanlardan biri kimi “Dursunun romanı” məqamı da haqlı sual doğurur. Romanda 1980-ci illərin sonu ermənilərin torpaqlarımıza həmlələri başlarkən könüllü özünümüdafiə dəstələrinin birinin başında məhz Dursun durur, qəhrəmanlığı ilə ad çıxarır. Doğrudur, bir çox naqislikləri üzə çıxsa da, bu cəhətlər onun məhz sosial-psixoloji dramı kimi səciyyələnir. Ermənilərin hücumu Dursunda təbii vətənpərvərlik duyğularını oyatmış, qəhrəmanlıq, liderlik istedadını üzə çıxarmışdır. Məğlubiyyətdən danışan hər kəsə qarşı amansızlığı da buna əsaslanır, o cümlədən Haşım kişinin ölümünə bais olmasının səbəbi də onu xəyanətkar hesab etməsindən gəlir. 

        Dursunun iddiaları heç də imkanlarına düz gəlmir və romanda tənqid hədəfinə çevrilir. Çünki Birinci Qarabağ savaşında məğlubiyyətin səbəbləri heç də xalqda vətənpərlik hisslərinin azlığında deyil, daha dərin sosial səbəblərin olmasındadır. İddia və imkanların ziddiyyətini bilavasitə öz acı taleyində yaşayan Dursunun romanın sonunda məğlubiyyət haqqında istehzalı qənaətləri də buradan doğur: “Əvvəl Ermənistan dövləti Xocalı dövlətiynən döyüşdü, əliyalın camaatı qırdı. Hayına yetən olmadı... Sohra ermənilər Şuşa dövlətiynən ağır müharibə elədi, şuşalılar qalanı qoyub qaçdılar. Laçın dövləti Ermənistanla döyüşdə böyük itçi verib qaşdı... Çəlbəcər dövləti döyüşəndə Füzuli, Ağdam dövlətlərinnən çöməç istədi, verən olmadı... Həəə, sohra Füzuli dövlətini məğlub elədilər... Həəə, sohra Ağdam dövlətini... Gəbrayıl, Qubadlı dövlətləri də bir-birinə çömək eləmədi... axıra biz qaldıq, Zəngilan dövləti... Yaman cüclü dövlət dövlət idik e! Ermənistan ordusu əlimizdə aciz qalmışdı...” (5, s. 332)

        Yazıçının acı ironiya ilə xatırlatdığı bu məqam oxucunu məğlubiyyətin səbəbləri barəsində düşündürür. Həm də yalnız Dursunun taleyində deyil, romandakı bütün personajların taleyində. Bu müharibə eyni qədər də mərkəzi surətlərdən biri olan Haşım bəyin taleyindən keçir. Həm də yalnız 1980-ci illərin sonlarından deyil, 1920-ci illərdən, sovet hakimiyyətinin qurulmasından başlayaraq, bütün bəy nəslinin, o cümlədən dayısı Yapon Səmədin repressiyaya uğraması ilə. Eyni qədər də romanı Hafiz müəllimin romanı saymaq olar; şagirdlərinə yalnız vətən coğrafiyasını deyil, həqiqət dərslərini də öyrətməyə çalışan Hafiz müəllimin bütün ömrü sovet quruluşu ilə, “KKB” ilə savaşlardan keçir...

İlk könüllülər dəstəsi yaratmış Dursunun şücaətləri el-obada nə qədər təriflənsə də atası Əbdürrəhmanın vəziyyətdən istifadə edərək varlanması, dağlarda qoyun-quzu sürüsünü artırması, camaatı qorxu içində, Dursunu nəzarətində saxlamağa cəhd etməsi narazılıq yaradır. Belə epizodlardan birində Əbdürrəhman qəsdən Xosrovla Zirəddinin atlarını atəşə tutur, Dursunla görüşməkdən çəkindirməyə çalışır. Əgər əsir düşmüş insanları dəyişməklə Dursun nə qədər nüfuz və şöhrət qazanırsa, “meyid alveri” haqqında şayiələr onu bir o qədər alçaldır, hörmətdən salır. Ümumən, könüllü batalyonların vuruşduğu dövrün ziddiyyətli hadisələri romanda təqdim və eyni zamanda tənqid olunur.

        Bu məqama diqqət çəkən AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu yazır: “Vətən müharibəsi ədəbiyyatımıza qəhrəmanlar gətirir. Azad Qaradərəli hələ 2012-ci ildə yazdığı “Kuma-Manıç çökəkliyi” romanını I Qarabağ savaşına kökləmişdisə də, yazıçının öz etirafıdır ki, qəhrəmanı bu yükü üzərinə götürə bilmir və hətta antipoduna çevrilirdi. II Qarabağ müharibəsində Azad Qaradərəli qəhrəmanını tapdı, az bir zamanda Vətən müharibəsində əfsanəvi ad qazanmış Cəbrayıl Dövlətzadənin həyatı və hünərlərindən söz açan bədii-sənədli “Cəbrayıl əfsanəsi” romanını qələmə aldı. Roman həm də Qarabağ müharibəsi və mübarizəsinin yüz illik tarixi köklərinə işıq salmaqla önəmlidir” (6).

         Romanlarında I Qarabağ müharibəsinin fəlakətlərini qabartmaqla, qara faciələri əks etdirməklə, Azad Qaradərəli oxucularda yalnız müharibəyə nifrət oyatmaqla kifayətlənmir. Bir nəslin yaddaşından silməyə çalışdığı ağrı-acılar yaddaşsızlıq deyil, əksinə, milli yaddaşı daha da möhkəmləndirir. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində və Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabrında başlanıb, 10 noyabrında qələbə ilə başa çatan Vətən müharibəsində düşməndən qisasını alıb, Azərbaycan torpaqlarını azad edən Azərbaycan oğulları ilk növbədə məhz həmin nəslin “müharibə uşaqları” idi. Azad Qaradərəlinin “müqəddəs müharibə” söylədiyi hadisənin vaxtı çatmışdı.  44 günlük II Qarabağ müharibəsi gedişində əsgər silahları ilə yanaşı, şair sözü, yazıçı qələmləri də susmadı, müqəddəs Vətən müharibəsinə töhfələrini verdi. Bu zaman Azad Qaradərəli müharibə şəhidlərinin həyat və qəhrəmanlığından söz açan “Vətən müharibəsi hekayələri”ni yazmış, həmin hekayələr “Sevgilim Vətən” adlı kitabda (Bakı, 2021) toplanmışdır. 

        Müharibədən dərhal sonra yazdığı “Cəbrayıl əfsanəsi” romanını Azad Qaradərəli şəhid əsgər Cəbrayıl Dövlətzadənin qəhrəmanlığına həsr etmiş, əsərdə bir əsr əvvəl baş vermiş tarixi epizodlara da geniş yer verməklə Vətən uğrunda mübarizə və müharibənin bir əsrlik salnaməsini ümumiləşdirməyə nail olmuşdur.

 

Ədəbiyyat

 

1.         Azad Qaradərəli, Renessans həsrəti. İkinci kitab. Bakı, Alatoran, 2018

2.         Azad Qaradərəli, Burda yer fırlanmırdı (hekayələr və roman). Bakı, Qanun nəşriyyatı, 2011 

3.         Azad Qaradərəli, Morq çiçəkləri, Mücrü nəşriyyatı, 2020,

4.         Maral Yaqubova, Nəsr: nəzəriyyə və yaradıcılıq texnologiyaları // Ədəbi proses-2018, Bakı, Hədəf nəşrləri, 2019, s. 201-233

5.         Azad Qaradərəli, Kuma Manıç çökəkliyi. Bakı, Xan nəşriyyatı, 2016

6.         Tehran Əlişanoğlu, Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi.-  “Ədəbiyyat qəzeti”, 2 oktyabr 2021-ci il 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)