Əli Rzazadə — Bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
Bu dəfə “axmaq”lıqdan danışacağam. Bu ifadə dilimizdə hər nəqədər kobud səslənsə də sinonimləri olan səfeh, ağılsız, nadan, qafil, bivec və s.. onu
olduğu kimi əvəz edə bilmir. Buna görə də məqalədə olduğu kimi istifadə etməyi düşünürəm.
Ağıl öz təmkinindən, ölçülü-biçili davranışından bezdi və bəsirət və hikmət pəncərələrini bir-bir örtdü. Halbuki yaxşı bilirdi ki, yenə də qınanılacaq, ittiham olunacaq, müqavimətlə qarşılanacaq, «axmaq», “səfeh”, “düşüncəsiz” və “dəli” adlandırılacaq. Amma bəlkə də məhz bunun hesabına ətrafındakı dünya dərin yuxusundan ayılacaq.
Ağıl «axmaq»lığın üzünə bir qapı açdı; o qapını görməzlik, yaradıcılıq və sualın möhkəm daşları ilə hörüb qorudu. Çünki «axmaq»lıq bəzən görməzlikdir, bəzən sualdır, bəzən də “indi”nin sərhədlərini aşan bir yaradıcılıq halıdır. Bəs doğruluğunu və mənasını itirmiş, ölçüləri bir-birinə qarışmış bir zamanda «axmaq»lıq necə belə bir məna qazana bilər? İnsan həyatı daşımağın, yıxılmamağın, zülm və hegemonluq sistemlərinə, eləcə də saxta rasionallığa müqavimət göstərməyin yolunu necə tapmalıdır? Hakim ağlın «axmaq»lıq, dəlilik və ya düşüncəsizlik adlandırdığı şey necə olur ki, insan inkişafının hərəkətverici qüvvəsinə çevrilir?
Əvvəlcədən aydınlaşdırmaq lazımdır ki, burada «axmaq»lıq dedikdə şüursuzluq və ya əqli qüsur nəzərdə tutulmur. Buradakı «axmaq»lıq, hesabların və öhdəliklərin əsirinə çevrilmiş zamanın qarşısında dayanıb hakim normalardan şüurlu şəkildə kənara çıxmaqdır. Çünki rasionallıq mütləq həqiqət deyil, o, cəmiyyətin öz sabitliyini, maraqlarını və tarazlığını qorumaq naminə zamanla qəbul etdiyi qaydalar və çərçivələrdən ibarətdir.
Rasionallıq donub sərt qəliblərə çevrildikdə və inkişafın qarşısını aldıqda, onu sındırmağın yeganə aləti «axmaq»lıq olur. Bu, bu gün "məntiqsiz" görünən bir sahəyə cəsarətlə addım atmaqdır ki, sabah həmin sahə "məntiqli" və "normal" qəbul edilsin. Tarixi, mövcud vəziyyəti qoruyanlar və öz rahatlığından məmnun olanlar deyil, dövrlərinin meyarlarına görə «axmaq» sayılanlar yazırlar. Dəyişdirici həqiqət sərt qəliblərlə toqquşarkən üç mərhələdən keçir. Məşhur Artur Şopenhauer bunu belə ifadə edirdi: "Əvvəlcə ona gülürlər, sonra ona qarşı amansız mübarizə aparırlar, sonda isə onu öz-özünə aydın bir həqiqət kimi qəbul edirlər."
Bəs «axmaq»lıq və ya dəlilik həmişə səfehlikdirmi? Yoxsa o, riskdən, cürbəcür macəradan və cəsarətdən qidalanan tarixi və mədəni bir insan hadisəsidir?
Bəzən adama elə gəlir ki, ağılla «axmaq»lıq arasında işıq şüasından da incə bir tel uzanır. O tel dahiliklə dəliliyi, məntiqlə məntiqsisliyi, gözləməklə hərəkəti bir-birinə qarışdırır. Bu mənada ağıl və «axmaq»lıq bir sikkənin iki üzü kimidir ki, hər ikisi reallıqdan qidalanır, onunla birləşir və onun içində əriyir.
Tarixi heç də həmişə mütəfəkkirlik və dahilik yazmır, çox vaxt riskli cəsarət, naməluma doğru düşünülməmiş atılan addımlar yaradır. Bəlkə də «axmaq»lıq insanı yaranışından bəri müşayiət edir. Böyük ideyalar, möhtəşəm layihələr və hətta müharibələr çox vaxt ilk baxışda düşüncəsizlik və plansız cəsarət kimi görünən bir ruhun məhsulu olmuşdur.
Nitşe yazırdı ki, «axmaq»lıq əvvəlcə mənasız və ya dəli kimi görünən yeni dəyərlər və ideyalar yaratmaqdır; lakin tarixi hərəkətə gətirən və həqiqəti dəyişdirən də çox vaxt məhz bunlardır. Tarix dünyanı dəyişdirən qəribə dönüşlərlə, hadisələrlə doludur. Onların bir çoxu yanlış anlaşılmadan, düşünülməmiş qərarlardan və ya insanların «axmaq» hesab etdiyi bir çox fikirdən doğmuş, sonradan isə uğur qazandığı üçün dahilik kimi dəyərləndirilmişdir.
Məcazi mənada desək, ağıl və «axmaq»lıq məğlubiyyətlə qələbənin cəbhələrində üz-üzə dayanan iki düşmən deyil. Onlar dəyişiklik, həqiqət və ədalət axtarışında bir-birinə toxunan eyni məftilin iki ucudur. Burada təmkin dəliliklə, məntiq instinktlə, nizam xaosla qovuşur. İnkişaf də məhz bu qovuşmanın hərarətindən doğulur.
İnsan, ağılla axmaqlıq arasında dayanaraq öz mənasını yaradır. Çünki hər ikisi zamanı dəyişdirməyə çalışır. Sadəcə axmaqlıq məchula doğru ilk addımı atır, ağıl isə hesablayır, ölçür, tərəddüd edir və sonra qərar verir. Məşhur Məcnun (dəlilik somvolu) öz dövründə dəli, axmaq adlandırılsa da, illər sonra onun elan etdiyi eşq, məhəbbət bir həqiqətə çevrildi, haqq oldu.
Fəlsəfəcə desək, əgər əşya öz ziddi ilə tanınırsa, ağıl öz ehtiyatkarlığı, risk hesabları və ənənələrə bağlılığı ilə çox zaman ideyanı yarı yolda qoyur. «axmaq»lıq isə - burada nəzərdə tutduğumuz müsbət və dəyişdirici «axmaq»lıq - ağlın yarımçıq buraxdığı yolu davam etdirir. O, ağlın qorxduğu riskləri qəbul edir, onun dayandığı sərhədləri keçir.
Məgər insanın uçması, okeanlarda üzməsi, naməlum dünyaları kəşf etməsi və bugünkü nailiyyətləri əldə etməsi bir növ yaradıcı «axmaq»lığın nəticəsi deyildimi? Əgər bu «axmaq»lıq olmasaydı, insan heç vaxt üfüqdən o yana baxmağa cəsarət etməzdi. Nə vaxtsa kimsə səmaya uçmaq arzusunu dilə gətirəndə, bəlkə də ətrafdakılar onu «axmaq» adlandırırdılar. Amma o «axmaq»lıq bu gün gerçəyə və həqiqətə çevrilə bildi. Bu mənada «axmaq»lıq, ağlı məchula doğru aparan bir məşələ çevrilir.
Çox zaman həqiqəti məhz «axmaq»lıq dilə gətirir. Çünki o, ağlın saxtakarlıqlarını üzə çıxarmaqdan çəkinmir.
«Axmaq» nəzarətdən qorxmur, o, ictimai məntiqin sərhədlərinə sığmadığına görə ağlın öz maraqlarını qorumaq üçün qurduğu nəzəriyyələri ifşa etmək azadlığına malikdir. Ağıl isə öz növbəsində onu dəli və səfeh adlandıraraq nüfuzdan salmağa çalışır; çünki hakimiyyətini və rahatlığını qorumaq istəyir.
Əgər belə ifadə etmək mümkündürsə, «axmaq»lığın ən parlaq təzahürü yaradıcılıqdır. Çünki o, dəyişiklikdən qorxan axının əksinə üzür. Donmuş düşüncəyə, zülmə və insanın əşyaya çevrilməsinə qarşı çıxır. Bir çox filosoflar «axmaq»lığı ağlın yoxluğu deyil, əksinə, onun oyanış anı kimi görmüşlər.
«Axmaq»lıq bəzən ümidsizliyə qapılmış ağılı yenidən hərəkətə gətirir. Çünki həddindən artıq sərtlik düşüncəni iflic edir, yaradıcılığı öldürür. O zaman «axmaq»lıq öz yaradıcı enerjisi ilə ortaya çıxaraq qorxunun zəncirlərini qırır və insanı hərəkətə səsləyir.
Beləcə, «axmaq»lıq şərin bütün formalarına qarşı üsyana qalxaraq müqavimətə çevrilir. Maraqların, hökmranlığın və gücün dəli etdiyi bir dünyada insanın haqqını qoruyan şüurlu etiraz olur.
Əgər ruh bir gün anlayarsa ki, ənənəvi ağıl, təmkin və nizam intizam insanın bədbəxtliyini azaltmağa qadir olmayıb, o zaman müsbət «axmaq»lıq üsyanın son forması kimi ortaya çıxar. O, hazır qəlibləri dağıdar, qapalı qalan qapıları açar və "vahid həqiqət" kimi təqdim olunanları sorğu-suala çəkər.
Çünki bəzən «axmaq»lıq maskaları çıxarar, köhnə cavabların qarşısında dayanıb yeni suallar verər, ağılın qorxduğu yerlərə addım atar.
Nitşe ilə Mövlana Cəlaləddin Rumi bu nöqtədə eyni həqiqətə işarə edirlər: bəşəriyyət tarixindəki ən böyük dəyişikliklər öz dövrlərində dəlilik və ya «axmaq»lıq hesab edilən fikirlərdən doğmuşdur.
İnsanlığın qorunmasında təmkin və rasionallıq aciz qaldıqda, müsbət «axmaq»lıq ümidin, ləyaqətin, azadlığın və mənanın son sığınacağına çevrilir.
Müsbət və dəyişdirici «axmaq»lığın gücü də məhz buradan qaynaqlanır. Ağıl dəyişiklik, yaradıcılıq və yenilənməni boğan sərtliyindən qurtulduğu an anlayır ki, bəzən onun rasionallığı durğunluğun başqa adıdır və məhz həmin anda «axmaq»lıq gerçək ağıla çevrilir. Çünki o, insanı sonsuz imkanları ilə yenidən görüşdürür, onu miras qalmış düşüncə qəfəslərindən azad edir və ağlın bağladığı qapıları açaraq yeni üfüqlərə doğru aparır. O zaman insan anlayır ki, bəzən irəliyə gedən yol ağlın cızdığı xətlərdən deyil, «axmaq»lıq adlandırılan cəsarətdən keçir.
