Edebiyyat.az » Ədəbi tənqid » KƏFƏN - MƏMLƏKƏTİN QLOBAL MƏSƏLƏSİ

KƏFƏN - MƏMLƏKƏTİN QLOBAL MƏSƏLƏSİ

KƏFƏN - MƏMLƏKƏTİN QLOBAL MƏSƏLƏSİ
Ədəbi tənqid
nemət
Müəllif:
23:50, 21 mart 2020
1 201
0
KƏFƏN - MƏMLƏKƏTİN QLOBAL MƏSƏLƏSİ







Dünyanın axırı gəlib deyəsən. İnsanları sonevlərinə yola salanda qəbirləri su ilə dolur, hətta bəziləri suda batmır, qəbirin içindəki suda mantar kimi üzürlər. Məncə, günahların və savabların nisbətindəndir. Tezliklə bizə Nuhun gəmisi lazımdır. Amma bir gəmi azlıq edəcək. Çünki bu gün Nuhun gəmisi gəlsə varı, sərvəti kalanlar, məmurlar onu hamıdan qabaq zəbt edəcəklər. Təkcə özlərini yox, sərvətlərini, saysız-hesabsız mülklərini də yükləyəcəklər gəmiyə, hətta itini, pişiyini, dəvəquşusunu, balinasını da. Kasıb-kusuba, hər heyvanın bir dişisinə və bir erkəyinə yer olmayacaq. Həyat məhvə sürüklənəcək, təbiət faunasız və florasız qalacaq. Dünyada ancaq varlılar yaşayacaq...
Belə uzun, kimin üçünsə bədbin sicilləmə söhbətimə, lafıma (bizim tərəflərdə "gap" deyirlər) səbəbkar əslində yazıçı, jurnalist, novella ustası Azər Qismətdir. Azər müəllim "Qəbirlər" novellasını yazmasaydı, mən də belə uzun və neqativ düşünməzdim. Elə bilməyin "gap"ım qurtardı, xeyr, hələ təzə-təzə girişirəm söhbətə. Bura qədər jurnalıydı, kino indi başlayır...
"Qəbirlər" ölüləri yadımıza salsa da, əslində dirilər haqqındadır. Hadisələr islam dünyasının "X"(iks) məmləkətinin "Y"(iqrek) kəndində vaqe olur. Qəbirləri həm müqəddəsləşdirilməyindən, həm də başına oyun açılmağından məlum olur ki, bu məmləkət islam dünyasının bir yeridir. Məmləkətin Baş Vəziri (Baş naziri), Baş Mollası (Din naziri), Baş suçusu, yəni cuvarı (Su naziri) Vicdan vəziri (Mənəviyyat naziri) bir müəmma qarşısında acizlikə gözünü döyürlər. "Baş"lar məmləkət üçün heç vaxt aktuallığını itirməyən, həmişə "qlobal" olacaq olayların əlində girinc qalıblar. Vəziyyət "kritik"ləşib. Məmləkətin "başbilən"lərini "X" kəndinin kəndxudası (bələdiyyə sədri) və qəbirqazanları çeçələ barmağına dolayıb fırladırlar. Yüksək çinlilərin "intellekt" göstəricisini kəndxuda "0"-a (sıfır) endirib. Kəndxudalar məmləkətxudalardan nə qədər çox bilirmiş, hələ onların torpaq satmaq "məharət"ini, "ssenari"sini demirəm. "X" kəndinin kəndxudası (bələdiyyə sədri də oxuya bilərsiniz) o qədər əlçatmaz "istedad" sahibidir ki, dünyanın ingilisinin, almanının, yaponunun əlinə çöp verər. "Mollalar müşavirəsi" sanki VII-X əsrlərdə keçirilir., Qədim ticarət mərkəzlərindən birinin "bazar yığıncağı"na bənzəyir. Alış-veriş "prioritet" məsələ kimi müzakirə olunur.
Baş vəzirin də başı heç nədən çıxmır. Onun qəbristanlıqda nə işi var ki, kəndxuda onu aldatsın? Getsin iqamətgahında otursun, əmrlərini versin. Qlobal məsələlərlə məşğul olsun, kasıbların dəfni nəyinə lazımdır? Eləcə də yaşayışı...
Torpaq satmaq da "qədim peşə" imiş...
Nə isə. Qayıdaq bu günümüzə. Bunun üçün mənim "sehirli xalat"ın gizli koduna ehtiyacım yoxdur...
Geologiya İnstitutunun alimlərini və bələdiyyə sədrini tamamilə başqa- başqa məsələlər düşündürür. Laboratoriya rəhbərinin beynini arvadının bişirdiyi kükü qarışdırıb, "kükünü keşnişlə yox, yağlı tərə ilə bişirdiyindən çox hirslənib". Bələdiyyə sədrinin "xeyirxah niyyət"i haqqında da söhbət edəcəyəm.Belə "dözülməz" vəziyyətdə elm, torpağın analizi, qəbirlərə su dolması səbəbləri necə yada düşsün? Ölüdən qoxduğuna görə ruhları qovan dualar əzbərləyən elmi işçinin elmlə məşğul olmağa vaxtı varmı ki, götürdüyü analizin dəqiq nəticəsini tapsın. Ona görə də analizlər olan kisələr qəbristanlıqdan aralanan kimi lazımsız şey kimi yolun kənarına atılır:
"Üç gündən sonra analizin yazılı nəticəsi belə oldu ki, torpaq şoranlaşıb, qrunt suları üzə çıxıb. Bələdiyyə sədri adamları toplayıb yazılı sənədi göstərdi, ölülərin gərgin ruhuna su səpdiyini düşündü. Adamlar qışqırdı ki, "su səpməyin,onsuz da onların hamısı suyun içindədir. İndi ölülər suyun adını eşidəndə ödləri ağzına gəlir".
Vəziyyət o həddə çatıb ki, nənələrin sandığındakı kəfənlik bezlər uşaqların "ruh-ruh" oyununa, gəlinlərin gecə paltarına, tənhaların pəncərə pərdəsinə çevrilməkdədir. Mollaların narahatlığı isə pik nöqtədəydi, "mərhumlara o dünyada əzab yaşatmayın, palçıqlı ölünü o dünyada kim qəbul edər? Mollalarla qəbirlərinə su dolmuş mərhumların uyuduğu kəndin sakinləri o dünyaya təmiz getmək, kəfənin palçıqlı olmasının fəsadları barədə əməlli-başlı "elmi araşdırma"ya, diskussiyaya girişmişdilər:
- Biz qərara almışıq ki, meyitlərimizi kəfənə bükməyək.
- Çılpaq halda basdıracaqsınız?
- Bu, daha məntiqlidir. Dünyaya çılpaq gəlibsə, dünyadan da çılpaq getməsinə göylər etiraz etməz. Məsləhət olsaydı, bizi ana bətnindən qalstuklu çıxarardı. Yetkin insan obrazında.
Mollalar qəti şəkildə bildirirlər ki,"dünyadan köçəndə insan artıq mələklikdən çıxır, dəryalar ölçüsündə günahlar qazanır. Mollalar elə bilir ki, hamı onlar kimi günah içindədir. Aşıq gördüyünü çağırar, daha doğrusu, oxuyar.
Mənəviyyat naziri də son qəraırını verir:
- Sellofana bürünüb basdırılan bədən dərgahda qəbul edilməyəcək.
"Eyş-işrət" sözündən ilan vuran ala çatıdan qorxan kimi diksinən Mənəviyyat nazirinə dini liderin kinayəsi də həddən ziyadə "səmimi"dir:
- Belə işlə yalnız cinsi xəstəliyi olanlar məşğul olmaz...
Təbii ki, Baş nazır də insanların o dünyadakı rahatlığından narahatdır. Çünki kasıb yaranandan alnına "rahatlıq" kəlməsi yazmağı Tanrı unudub. Baş nazir də Tanrının əmrindən kənara çıxa bilməz. Amma ona deyən yoxdur, ay kişi, sən bu dünyanın Baş nazirisən, o dünyayla nə işin? O da deyəsən elmi işçi kimi ölülərdən qorxur:
- Adamların öz ölülərini güllü-çiçəkli ərazilərdə torpağa tapşırılması, o dünya üçün rahatlıq qurması düzgün deyil... Mərhum daş-qayalıq yerdə basdırılmalıdır ki, xortlasa, başını daş-qayalıqdan çıxarmasın.
Azər müəllim milli ruhumuzun "incəlik"lərini necə də incə incələyir.
Söhbət qəbristanlığın şoran ərazilərə köçürülməsinə gələndə Meliorasiya nazirliyinin "şoran torpaqların münbit hala gətirilməsi" planı "tozlandığı arxivdə" əbədi qaldı, Su naziri sonda "gül" vurdu:
- Şoran torpağın təbii qaydada münbitləşməsi üçün 200 il gözləməliyik. Biz qəbristanlığın şoran torpağa köçürülməsinə razılıq veririk.
Bu zaman daha qlobal məsələ ortaya çıxdı: "bu günah deyil ki?" Dini lider öz "imic"inə sadiq qalaraq çox "uzaqgörən məsləhət" verdi:
- Düzdür, mərhumların ruhu narahat olur, ancaq dini dualar altında qəbirlər açılmalı, bircə sümük də unudulmamalıdır. Əgər həmin ərazidə nəsə unudulub qasa, qəribə hadisələr baş verəcək. Məsələn, güllü-çiçəkli yer olsa, çəmənlikdə uzanan sevgililərin boş şeyin üstündə mübahisələri düşəcək. Yaxud, traktorçu oraları şumlasa, torpağın altından al arvadlar çıxacaq...
Biz "vəziyyəti qəlizləşdirməyin", "xırdalıqlara varmayın" deyə-deyə "Qaçəli" oynayanlarıq. "Ruhların doyması üçün bol soğanlı xörəklər bişirilən", kimlərinsə yaşamağına laqeyd qalıb kimlərinsə ölməyini səbirsizliklə gözləyən məmurların rəhbər olduğu məmləkətin sakinləriyik. Bu məmləkətdə "yeraltı çaylar dənizə axmır", insanların sonevinə axır. O qədər qaranlıq oyunlar oynayırıq ki, işıqlı əməllərə vaxt tapa bilmirik. Biz nəinki dirilərin, heç vaxt bizə zərəri olmayacaq ölülərin də qədrini bilmirik. Dirilərə qızıl qiymətinə torpaq satmaq üçün ölülərin qəbrinə gizli boru ilə su buraxan bələdiyyə sədri də bizlərdən biridir. "Meyit aktyor"lar qəbrin içində də öz amplualarına sadiqdirlər. Ancaq bizdə evin gəlini qaynatasının dirilməsini istəmir. Axı dirilib gəlsə, o, evdə qısa şortda gəzə bilməyəcək. Ancaq bizdə "2" alan uşağın əlinə dağ basırlar, ancaq bizdə ər arvadıyla domino oynayanda arvadına yağlı şapalaq ilişdirir ki, "qadın ərini udmaz, onun hörmətini saxlayar". Yəni, qələt elə, otur yerində...
Sən demə, Nuhun gəmisi dirilərə yox, ölülərə lazımmış...
"Hər taleyin hekayəsi var. Hər taeyin yazanı yoxdur" deyir Azər Qismət. Nəhayət, qəbirdəkilərin taleyindən Mirzə Cəlidən sonra Azər Qismət də yazdı...
VAQİF OSMANOV. mart 2020.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)