AZAD QARADƏRƏLİ - YENİ ƏDƏBİ NATURALİZM
KORONA VİRUS GÜNLƏRİNDƏ OXU
Bu məqalə neçə il əvvəl “Yazı” dərgisində və bəzi saytlarda müxtəsər şəkildə yayımlanıb. Lakin dünyada və ölkəmizdə cərəyan edən dəhşətli korona virus günlərində bu yazının aktuallığını nəzərə alıb, onu daha genişləndirilmiş formada yenidən yayımlamağa qərar verdim. Ona görə ki, dünyamızın naturallığın – təbiiliyin çatışmazlığından əziyyət çəkdiyi düşüncəsindəyəm. Beləliklə, naturalizm haqqında köhnə-yeni esseni sizə təqdim edirəm.
Müəllif
NATURALİZMİN MƏNŞƏYİNƏ DAİR BİR-İKİ SÖZ
Latınca naturalis kəlməsindən alınan naturalizm öz mənşəyini antik filosofların əsərlərindən almışdır. Böyük filosoflar Sokrat, Platon, elmin atası olaraq qəbul edilən Miletli Talz, təbiət hadisələrini heç bir fövqəladə səbəb olmadan izah edən ilk filosoflardan idilər. Aristotel isə insanı və onun yaratdığı sənəti “təqlid” hesab edirdi, yəni insanın təbiəti təqlidi kimi... İnsanı “ictimai heyvan” hesab edən alim “Poetika”da o yazırdı: “Zenn etmək olar ki, poeziya (poeziya dedikdə müəllif ümumən sənəti, ədəbiyyatı nəzərdə tutur – Müəllif.) sənətini, ümumiyyətlə, iki, həm də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər canlılardan bununla fərqlənirlər ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də məhz onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən hadiselər də bunu sübut edir: həyatda bize iyrənc görünən şeylərin təsvirinə baxarkən xoşumuz gelir, məsələn, iyrənc heyvanlann ve meyitin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq neinki filosoflar, eyni zamanda başqa adamlar üçün də son dərəcə xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular bilikləri uzun zaman üçün əldə etmirlər” (“Poetika”, 4-cü fəsil).” Daha sonra oxuyuruq:“Hər bir sənətin vəzifəsi təbiətən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir”.
Düşünürəm ki, böyük alim gələcəyin insanına önəmli mesaj verib: siz vəhşi təbiəti dəyişməyin, onun təbiiliyinə xələl gətirməyin, əksinə təbiətin çatışmayanlarını tamamlayın...
Beləcə erkən filosoflar naturalizmin əsasını qoyan tədqiqatlara öz töhfələrini verdilər.
Sonralar Avropada renessans dövrünün sənətçiləri də əsərlərində naturalism ünsürlərinə yer vermişlər. (Bu nöqtəni tədqiqatçıların ixtiyarına buraxıb növbəti abzasa dönək.)
İncəsənətdə, ədəbiyyatda və fəlsəfədə naturallığın pik nöqtəsi, təbii ki, XIX əsrlə bağlıdır.
Ədəbiyyatda naturalizm XIX əsrin ikinci yarısında Fransada yaranmışdır. Bu cərəyanın nəzəri əsasını fransız Hippolyte Taini yaratmışdır. Tainin düşüncələrindən təsirlənən Goncourt qardaşları ilk naturalist romanı “Germinie Lacerteux” (1864) yazdılar. Lakin ədəbiyyatdakı naturalizm orijinal ifadəsini Emil Zolyanın “Le Roman experimental” ( "Eksperimental roman") adlı essesində tapdı. Goncourt Qardaşlarından təsirlənən Zolya iddia edir ki, yazıçı ancaq hadisə və faktları müəyyənləşdirmək və yazmaq üçün kifayət edən bir müşahidəçi deyil, həm də roman personajlarının iç dünyasını, emosiyalarını və düşüncələrini əks etdirən bir eksperimentçidir. Bu cərəyanı Zolya qədər yaxından izləyən ikinci bir yazar olmamışdır. Lakin bir müddət sonra məşhur hekayəçi Gi De Mopassan, ədiblərdən H.İbsen, K.Hamsun, H.Hauptman bu cərəyandan təsirlənərək naturalist əsərlər yazdılar.
Naturalist yazıçılar obyektiv həqiqətlər və göz önünə gələnləri yazdılar və ideallaşdırmaya qarşı çıxdılar. Onlar əsərlərində həyatın qəddar və kobud tərəflərini də əks etdirdilər. Naturalist yazarlar mühitin və xüsusən təbiətin insana həddən artıq təsir etdiyinə inanırdılar. Buna görə də, əsərlərində məzlum insanların həyatı, gecəqondu daxmaları və yeraltı dünyanı sənədli bir dil ilə insanlara çatdırırdılar. Sonralar Stiven Kran, Frank Norris və Cek London ABŞ-da naturalizmin Avropa ədəbiyyatındakı təsiri zəifləməyə başladığı bir dövrdə naturalist əsərlər yazdılar. Teodor Dreiser isə ABŞ-da naturalizmi zirvəyə qaldırdı. Ceyms T. Farrellin “Studs Lonigan” (1932-35) trilogiyası naturalizmə aid son əsər sayılmalıdır.
Naturalizm Türkiyə ədəbiyyatına 35 yaşında intihar etmiş tərcüməçi və yazar Bəşir Fuadın təsiri ilə daxil oldu. Türkiyə ədəbiyyatının ilk naturalist romanı isə 1891-ci ildə Əhməd Midhat Əfəndi tərəfindən yazılmış “Müşahedat” ("Müşahidələr") idi. Daha sonar Hüseyn Rahmi Gürpınarın mətnlərində naturalizm özünə yer aldı.
Azərbaycan ədəbiyyatında naturalism izləri “Kitabi-Dədə Qorqud” dastanlarında, daha çox M.P.Vaqifin şeirlərində görünsə də, ədəbiyyat nəzəriyyəçilərinə görə, sistemli naturalism cərəyanına aid yazıçılar N.B.Vəzirov, Ə.Müznib və C.Bünyadzadə və başqalarını missal göstərə bilərik. Bayatılarımızda, nağıl və dastanlarımızda kifayət qədər naturalist nümunələr vardır ki, bular da bizim naturaya, doğallığa meylilli xalq olmağımızı sübut edir. Təbii ki, naturalist dünyagörüşü, doğallığı həyasızca çılpaqlıqla, arsız və tərbiyəsizliklə qarışdırmaq lazım deyil. Mən şəxsən, yalnız yeri gələndə naturalizmə getməyin tərəfdarıyam. Bədii əsərlərdə yeri gəldisə, yerinə oturdusa, söyüşlərin, natural səhnələrin verilməsini təbii sayıram. Əlbəttə, aşırı ədəbsizliyin deyil. Məsələn, təbir caizsə, şəhər folkloru olan meyxanalarımızda da naturalizm elementləri güclüdür. Amma aşağıdakı nümunədəki kimi yox daha:
Sən mənə bir dərd verdün, qaytarıb on edərəm,
Əgnüvü dəyişdirib, şalvaruvu don edərəm,
Çəkərəm pistonumu, sinəni al qan edərəm
Xəlbirə döndərərəm, edərəm dəlik-deşik
Meyxanə əhliyik, içki-miçki görməmişik?!
İctimai məzmundan uzaq, şit seksizmə hesablanmış bu tip nümunələr oxucuda müvəqqəti maraq doğura bilər, amma ciddi sənət numunəsi kimi yaşaya bilməz.
Naturalizm qısa müddətli bir cərəyan olsa da, romantizmin və realizmin inkişafına, yeni mövzuların kəşf edilməsinə və formaya üstünlük verməyən və həyata, təbiətə yaxın olan bir hərəkatın inkişafına təkan verdi. Təəssüf ki, ədəbiyyat və sənət naturalizmdən uzaq düşdükcə insanlıq da naturadan – təbiətdən də uzaq düşdü. Daha doğrusu, təbiətin düşməninə çevrilən insan, özünün və nəslinin də inkişafına zərbə vurdu.
EYNŞTEYN VƏ NATURALİZM
Böyük alim A.Eynşteyn də zaman-zaman naturalist fikirlər səsləndirmişdir. Arıları uzun müddət müşahidə edən alim sonda bu qənaətə gəlir: “Əgər arılar kütləvi şəkildə Yer üzündən itərsə, ondan sonra insanlar cəmi 4 il yaşaya bilər. Çünki arıların məhvi tozlanmanın, bitki və insan nəslinin artmasının sonu deməkdir”.
Nə idi nisbilik nəzəriyyəsi kimi möhtəşəm nəzəriyyənin banisinin arılara belə ciddi önəm verməsinin səbəbi?
Cavabı bioloq alimlər belə verir: arılar 130 min növ bitkidə tozlanma prosesini yaradaraq, Yer kürəsində bəsit desək, həyatın varlığını təmin etmiş olurlar. Çünki həmin 130 min bitki bütün Yer kürəsinin oksigen tələbatını ödəməklə yanaşı, ekoloji tarazlığın bərpasını da təmin edir. Tozlanma prosesinin ildən-ilə yavaşlaması isə sosial terminologiyada ekoloji böhran adlanan, əslində isə ekoloji natarazlığı əmələ gətirir, kütləvi istiləşmə və havada maqnit induksiyasının artmasına gətirib çıxarır.
“QURAN”DA NATURALİZM İZLƏRİ
Təsadüfi deyil ki, “Quran”ın “Ən-Nəhl” surəsində arılar haqqında önəmli fikirlər var: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarında insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”.
Arının balı həm qida kimi, həm də şəfa qaynağı kimi qiymətlidir. Arının özü də müasir təbabətdə çarə kimi istifadə olunur. Tarixi qaynaqlar xəbər verir ki, hələ eramızdan əvvəl Makedoniyalı İskəndər Hindistanda vəfat edərkən onun cənazəsini təmiz balın içində vətənə gətirmişdilər...
Təəssüf ki, dünyamız bu gün arılarçün arzuolunan səviyyədə deyil. Elə buna görə də get-gedə bu qiymətli həşəratın sayı azalmağa doğru gedir.
Hesse yazır ki, insan həyatı o vaxt cəhənnəm əzabına dönür ki, iki mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı orta əsrlərdə yaşasa, min əzab içində ölər, hər hansı vəhşini bizim sivilizasiyaya gətirsən eləcə!
Nə yazıqlar ki, bu gün dünyamız ibtidai icma quruluşu ilə indiki adı bəlli olmayan quruluşun kəsişmə nöqtəsindədir. Bu isə bizi sonsuz faciələrə aparmaqdadır. Sanki dünyamız Merfi qanunlarının diktəsinə tabeymiş.
Bəs çıxış yolu nədədir?
Mən bu yazıda bir qələm adamı kimi, (hekayə və romanlarımda, əslində bunları etməyə çalışmışam) həmin suala cavab verməyə cəhd etmişəm.
BİZİM FİKRİMİZCƏ NATURALİZM VƏ YA
YENİ NATURALİZM
Ya göründüyün kimi ol, ya olduğun kimi görün.
Mövlana
Mən qırx ildir yazıram. Elə vaxt olub ki, yazmağa imkanım olmayıb – kənddə yaşayanda o ki var fiziki iş görürdüm (böyük təsərrüfatım vardı) və yazmağa sadəcə taqətim olmurdu, onda düşünür, düşünürdüm. Elə ki, boş vaxt tapdım, qələmə sarılır, hekayələrimi yazırdım. Hələlik, hekayələrimi. Ondan ki, kənddə hekayədən o tərəfə getməyə güc qalmırdı. Mən axı həm də məktəb rəhbəriydim və bir rayonun tanınmış maarif işçisi kimi həm məktəbimin problemləri ilə ilgilənir, həm də rayon maarif şöbəsinin (o vaxt belə adlanırdı) tədbirlərinə qatılırdım. Yəni yazıçılıqla mütəmadi məşqul ola bilmirdim... amma məşqul olurdum...
Zorən bakılı olandan sonra (ermənilər rayonumuzu işğal etdikdən sonra), ailə problemlərindən qurtulan kimi qələmə sarılırdım. Radiodakı işim yazıçılığıma həm mane olurdu, həm də kömək edirdi. Uşaq şöbəsində işləməyim mənə həyatın ilkini, təbiiliyini yaxşı öyrənməyə vəsilə oldu. Anladım ki, insan doğallığı elə uşaqdadır. İnsan uşaqlığından ayrılan kimi rəsmiyyətçi, əzazil, antihumanist olur...
Sonra bir Komitəyə işə çağırdılar və oradakı qısqılara (bu qısqılar yazıçı üçün intihara bərabərdir!) dözməyib istefa etdim. (Etdirildim daha düzgün olardı).
...Və elə o vaxtdan mənim başımın üstündə domokl qılıncı yox. Sakitcə əyləşib əsərlərimi yazıram. Hərdən sifarişlər gəlməsə, ( qonorar üçün redəktələr, köşə yazıları və kiçik tərcümələr səviyyəsində) demək mümkün ki, mənə heç kim mane olmur – yalnız bədii yaradıcılıqla məşqulam... Yazdıqca və ətrafı müşahidə etdikcə bəzi qənaətlərə gəlmişəm. Onları sizinlə bölüşürəm.
Son illərdə, bəlkə də lap əvvəldən bədii yazılarımda - hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizmin tərəfdarı olmuşam. Nədir bu?
1.Təbiətin get-gedə saxtalaşdırılması: nanotexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq məhsullarının – QDO-ların yaranması və onların insanlığa mənfi təsirləri;
2.Cəmiyyətin özəyi olan insanın özünün özünü saxtalaşdırılması: kluonlaşdırma, süni mayalanma, süni insan və bunların sonucu kimi süni düşüncə, süni dünyabaxış;
3.Ən nəhayət, bunların ədəbiyyatda təcəssümü: süni və saxta ədəbiyyat!
4.Mən bütün bunlara qarşıyam və 19-cu əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar sistemini özümə daha yaxın hesab edirəm.
Və sonda.
Baxmayaraq ki, əsərlərimdə, xüsusən "Şəhərcik", “Əllidən bir kəm” romanlarımda naturalist baxışlarıma geniş yer verilib, mən sözügedən konsepsiyanın elmi tərəfini də işləmək amacıyla bu yazını yazdım. Ümid edirəm ki, yaxın gələcəkdə həm elmdə, həm incəsənətin bütün sahələrində, eləcə də ədəbiyyatda bu cərəyan və ümumən naturalist düşüncə önə çıxacaq və ədəbiyyatşünaslar, ədəbiyyat nəzəriyəçiləri də bu barədə daha ətraflı yazılar yazacaqlar. Əks təqdirdə, həm təbiətin və bəşəriyyətin, həm də bunların hər ikisinə hesablanan elm və sənətin, o cümlədən də ədəbiyyatın ağır günləri başlayacaq...
Lap sonda.
Niyə bu yazını indi aktual saydım?
Düşünürəm ki, koronavirus dalğası təbiətin intiqamıdır. Doğallığı, əsiliyyəti, ilkinliyi məhv edən insan təbiəti yox etməklə özünün də yox olacağını fəhm edə bilmir. Dünyanı kapsamış kütləvi qırğın silahları, bioloji silahlar, okeanların çirklənməsi, meşələrin qırılması, güclü insanın gücsüzü aşağılaması, öldürməsi, kişilərin qadınlara aşırı şiddət göstərməsi, qız uşaqlarının ana bətnində məhv edilməsi kimi vəhşiliklər anti-natural dünyanın naturalizmi üstələdiyinə açıq mesajdır. Təbiət öz təbii seçmə üsulu ilə özünün hamıdan və hər şeydən güclü olduğunu bir daha nümayiş etdirdi. İnsan məhv etdiyi təbiətin qarşısında nə qədər aciz olduğunu bilməlidir... Qüdrət və qüvvət yalnız təbiətə, uca yaradana məxsusudur. Onun parçası kimi onun tələblərinə uymaq məcburiyyətindəyik...
23.03.2020