Arzulardan Sonrakı Şəhərdə arzular varmı? – Məhəmməd Tanhu yazır...
Ədəbi tənqid
Arzulardan Sonrakı Şəhərdə arzular varmı? – Məhəmməd Tanhu yazır...
İstanbulda magistr təhsilimə davam etdiyim həvəsli və çılğın günlərimin birində yerli yazarlarımızdan kitab oxuma ehtiyacı hiss etdim. Mövzular kənd mühitindən olmalıydı. Fəqət kim və hansı əsər? Orada mövzusu meqapolisdə keçən o qədər roman oxumuşdum ki, artıq Odissey kimi veyilləndiyim yerlərdən geri qayıtmaq istəyirdim: kənd mövzularına. Anlayıram ki, bu bölgü ziddiyyətli bölgüdür, amma necəsə dilimizə, yazılarımıza hopub. Ram edə bilmədiyim zehnim hicrət azarına tutulmuşdu. Sadə dildə böyük həqiqətlər istəyirdim. Amma axtardığım müəlliflərin xəyali siyahısında Cəlilin, Haqverdiyevin, Əkrəmin, Mövlud Süleymanlının... adlarının olmadığını bilirdim, Anar və Elçin də yox idi.
Axtardığım Şərif Ağayar idi, daha doğrusu, onun “Haramı” kitabı. Xahiş etdim və Bakıdan mənə göndərilən əşyalarla birlikdə göndərdilər. İkinci dəfə o romanı oxudum, sakitləşdim. Altı il keçsə də o zaman kitabın vərəqləri çevirərkən o əsər haqqında yazmaq istədiyimi, ancaq yaza bilməyəcəyimə əmin olduğumu yaxşı xatırlayıram.
“Azadlıq radiosu”nun roman müzakirələrinə qoşulan və haqqında tənqidlər yazılan əsərlər içində “Haramı” da vardı, xatırlayırsınızsa. Müəllif polemikalar yekunlaşdıqdan sonra son söz sahibi olaraq müsahibə də verirdi. Şərifin müsahibəsinə seçilən başlıq ilk gündən etibarən yaddaşımda saqqız kimi çeynənir: “Şərif Ağayarın tənqidlərə münasibəti: “Mən Umberto Eko deyiləm ki…”. Bəli, Umberto Eko deyilsən və buna ehtiyac da yoxdur.
Stop!
Atın tərkində atasıyla kəndlərinin üstündəki yaşıl yaylağa qalxan Şərif gördüyü ilk mənzərəni uşaq yaddaşına ömürlük həkk və həbs edir: “Çiçəklər gün işığında parıldaşır, oynaşır, gülüşür, qaqqıldaşır, uğunub gedirdilər. Onların səsini eşidirdim desəm, gülməyin.” yazır və əlavə edir: “Uşaq ağlımla soruşdum: “Çiçəklər niyə belə eləyir?” Atam indinin özündə də məni heyrətləndirən qeydi-adi bir istedadla cavab verdi: “Sən yaylağa gəldiyinə görə sevinirlər”.
Və həmin Ana təbiət çox keçmir ki, qisasını alır. Həmin mənzərəni Şərifin ağlından alıb yerinə daha dəhşətli görüntü yerləşdirir: “Mən o atları lap balaca vaxtı üfüq boyu uzanıb gedən yaşıl təpəliklərdə görmüşdüm. Qüruba enən günəşin zərif şüaları altında çəhrayı rəngə çalırdılar. Uşaqlığım deyəndə gözümün önünə bu yaşıl təpəliklər, bu yaşıl təpəliklərdə gəzişən çəhrayı atlar gəlir. Atların ağzını kimsə məftillə bağlamışdı, otlaya bilmirdilər. Otlamaq istəyəndə məftil çənələrini kəsir, qanadır, qan quruyub yumşaq tüklərin ucunda qaysaq bağlayırdı.”
İndi isə “Arzulardan sonrakı Şəhər” haqqında.
Kitabı bitirdikdən sonra ağlıma ilişən ilk cümlə: Üst-üstə qatbaqat qıfıllanan və kainatın bütün sirlərinin olduğu otağı açmaq üçün açar sözü soruşsalar, yəqin ki, bu söz “Azadlıq” olardı. “12 rəqəminin gecə və gündüzünə ithaf olunan” romanda misirli qul Amanisin zehnindəki azadlıq işığını romanda 227 dəfə adı keçən İterünün müqəddəs suları açmışdı, məndə isə bu roman. “Azadlıq” sözü əsərdə 5 dəfə keçir.
Romanı oxuduğun üçün süjet xətti haqqında danışmağa lüzum görmürəm, ey oxucu.
Bir çox oxucu kimi məni də ən çox təsirləndirən Sərdar Mehdiyevin yazdığı fəsillər oldu.
Stop!
Həsənin dilindən nəql olunan hissələri oxuyarkən qulağımda Cahid Berkayın “Dila xanım” filmi üçün bəstələdiyi musiqi gəldi. Dinləmək istəyənlər üçün hiper link qoyuram. https://www.youtube.com/watch?v=VAiKD5B-CXM)
Həsən heç vaxt görmədiyi “Arzulardan sonrakı Şəhər”i tapmaq istəyir, Amanis isə doğulub-böyüdüyü Yaşıl vadiyə qayıtmaq istəyir. Həsənin şəhəri sonda hücuma məruz qalır, dağıdılır, Amanis isə Xaxas xəndəyini ötüb ölümə doğru gedir.
Misirli qul hal-qəziyyələrini hara, necə, hansı hərflərlə yaza bilərdi ki? Romanın misirli qulun təhkiyəsiylə başlanan ikinci fəslində intuitiv olaraq bunun gündəlik, yaxud itirilmiş əlyazma olduğunu görə bilir saf və düşüncəli oxucu.
Paralel mətnlərlə qurulmuş (bu metod romana Qərbin qazandırdığıdır) çağdaş romanların bəlli “qanununauyğunluqları” var. Örnək olaraq: baş qəhrəman romandakı “cüt rəqəmli” fəsillərin müəllifi olur, oxuduğu kitabın təsiri ilə obraz əsərin əvvəlindən sonuna qədər bu təsirlərin həyatının başı üzərindəki ağalığını incələyir, obraz oxucu ilə bərabər o mətnləri oxuyur və s.
“Arzulardan sonrakı Şəhər”in Həsəni üstündə at başı işarəsinin fotosu olan və iri hərflərlə “Yaşıl vadi” yazılan qovluğu tapanda roman bitir. Həsən “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” söyləmir. Bəs, “cüt rəqəmli” fəsilləri kim danışır? Mərhum jurnalist Sərdar Mehdiyevin (müəllifin ölümü) əlyazmasını bizə hissəbəhissə oxudan kimdir? Yoxluq?
Romana görə bu əlyazma Sərdar müəllimin Misir səfəri zamanı Nil çayı ilə piramidalar arasında gördüyü bir işarədən yaranıb. Bu real işarədən yola çıxaraq misirli bir qulun həyat hekayəsini yazır Sərdar müəllim. Yadıma Almaniyanın Baden-Baden şəhərindəki ünlü freskalardan birinin hekayəti düşdü. Məşhur fresakalardan birində mələk və şeytanın minbərə çıxmağı təsviri olunur. Qarşı-qarşıya duran hündür qayalığın birində mələk, digərində şeytan vəz versə də, qayalığın ətəyində xilaskar gözləyən insanlar üzlərini ədalət simvolu sayılan mələyə sarı tutub. Bundan qeyzlənən şeytan iri dırnaqlarını qayalığa çırpır. Bu gün də inanırlar ki, şeytanın dırnaq izləri həmin qayalıqda qalmaqdadır. Üstəgəl Samuel Teylor Koldricin təsbiti: bir adam yuxusunda cənnətə getsə və ruhunun, həqiqətən də, cənnətdə olduğuna dair nişanə olaraq ona bir gül versələr və yuxudan ayılanda bir də görsə ki, əlində gül var. Hə? Yaxşı, bəs sonra?
Oxucu romanın baş qəhrəmanından xeyli öndədir. O qovluğu Həsəndən əvvəl oxuyub. Həsənin qovluğu tapıb onunla nə edəcəyi bizə qaranlıqdır. Əgər qulun dilindən azadlıq təntənəsinə gedən yol haqqında qeydləri oxuyuruqsa, deməli, Həsən axtardığı şəhəri tapıb, yaxud qurub, xoşbəxtdir və bunu bizimlə bölüşür. Əksinə, bədbəxt olsaydı, Gülsümün çəhrayı üzlü gündəliyi kimi bu qovluğa kül olmağa tərk edəcəkdi. Romanda daha bir yoxluq leytmotivi...
Romanda yer alan ən maraqlı detallardan biri də Amanisin duaları, andları və fərəh nəğmələridir. Həmin təhkiyədəki ruh, enerji adamı o qədər yerə çəkir ki. Baxırsan, Azərbaycan sözləridir, fəqət bu dildə deyil. Azadlıq dilindədir. Azadlığın dili olsaydı, o dildə bax beləcə danışılardı. Nəhayətsiz azadlıq bu dildə və bu sözlərlə danışardı. Axı bu sözlər hansı dildədir:
“Ulduzlara lağ eləməmişəm, yumru aya baxıb, ağız-burnumu əyməmişəm, çaya tüpürməmişəm, dovşanları yaralayıb buraxmamışam, kəsdiyim qurbanları incitməmişəm, məbədlərdən azuqə oğurlamamışam, çörəyi qırıqlayıb tökməmişəm, uşaqların anasını söyməmişəm, quşlara daş atmamışam” (s. 132)
“Mənim atam İterüdür! Mən ondan yaranmışam! Fironla, onun allahları ilə işim yoxdur! Doğulduğum, böyüdüyüm Yaşıl vadiyə gedirəm! Arvadım Milades, oğlum Asirus orada məni gözləyir! Mən sizə toxunmuram, siz də mənə toxunmayın! İmkan verin öz yurduma qayıdım, ailəmlə, qəbiləmlə öz istədiyim kimi yaşayım!” (s. 191)
“Salam, müqəddəs İterü! Pulcuqlu balıqların sahibi... Yol azan quşların həyanı...” (s. 231)
Servantesin ölümsüz “Lamançlı hidalqo Don Kixot” əsərində yorğun cəngavərin (Alonso Kixano) yel dəyirmanlarına nizə sancma səhnəsi dünya ədəbiyyatının ən möhtəşəm mifdağılma-xəyalciliklənmə gerçəyidir.
Necə də möhtəşəm səhnədir!
Necə də möhtəşəm detaldır!
Necə də möhtəşəm tapıntıdır!
Bu anlayışa şərti olaraq “mif və xəyalların çiliklənməsi” adını verək, yəni ən sadə dillə desək, arzu və xəyallarla süslənmişin, pillə-pillə qurulanın dağılma nöqtəsi... Təxəyyülün reallığa, çoxluğun azlığa, yuxunun gerçəkliyə, irrasionalın rasionallığa uduzmağı. Şərifin 2010-cu ildə yazdığı “Haramı” romanının final səhnəsinə yaxın Qoç Səməndər polislərlə əlbəyaxa olur. Polislərdən biri onu zərərsizləşdirmək üçün qolunu burarkən çeçələ barmağını qanırır və Səməndər üçün mif dağılır: dünya köhnə, Səməndərin xəyalındakı dünya deyilmiş, hər şey dəyişilib. Mərdlik bu deyildi axı? Mərdlik nə idi?
“Arzulardan sonrakı Şəhər” romanında isə Həsən Gülsümün çəhrayı üzlü gündəliyində “Bibim oğlu Namiq gecə məni zorla öpdü. Ağlamaq istədim.” (s. 179) və “Namiq bu gecə məni lap çox öpdü.” (s. 180) sətirlərini oxuyarkən “mif və xəyalların çiliklənməsi”ylə üzləşir. Onun gözündə artıq təmizliyini, paklığını itirmiş Gülsümün Arzulardan sonrakı Şəhərdə nəinki şahzadə, sadə vətəndaş belə olmağa layiq olub-olmamağı haqda düşündükcə Həsən çaşqınlığa yuvarlanır. Halbuki Həsənə ilk cinsi əlaqə təcrübələrində “yardımçı olmuş” Mərmər xanımın belə o şəhərə keçmək üçün icazəsi var. 10 ballıq ölçüylə 11 yazıb Arzulardan sonrakı Şəhərin şəhvət məleykəsi seçir Həsən Mərmər xanımı. Bəs Gülsüm? O əfsanəvi şəhər elə çəhrayı şərf taxan, çəhrayı çanta götürən, çəhrayı ayaqqabı geyinən Gülsüm üçün qurulacaqdı, fəqət hər şey əvvəlkiliyini itirdi. “Artıq Gülsümün çəhrayı üzlü gündəliyini oxuyub ondan əlimi üzmüşdüm.” (s. 175) Bununla, bəlkə, dünyada bilməməyin və arzulara çatmamağın xoşbəxtlik olduğuna işarə edir müəllif?
“Gülsüm mənim ömrümdən maşın gölməçədən keçən kimi keçdi. Altım üstümə çevrildi, elə bulandım ki, gözlərimin rəngi də dəyişdi, ətrafı tor görməyə başladım.” (s. 153) – Həə.
Əsərin texniki tərəflərinə kibrit boyda işıq salmağa çalışacağam. İndi isə o kibriti yandırmaq vaxtıdır. Texniki tərəfləri şərti olaraq üç qrupa bölək: Şərqin romana töhfələri, qərbin romana qazandırdıqları və şərq-qərb qovuşağında.
Şərqin romana töhfələri: Şərq ədəbiyyatının onurğa sütunu olan axtarış motivi, daha dəqiq, daima axtarışa məruz qalan aşiq obrazını bu romanda da görürük. Həsən də bu taledən qaça bilmir. Əsərin sonuna kimi Fioletov küçəsi, 26 ünvanındakı Gülsümü tapa bilməyən Həsən Çar Edip kimi qəzavü-qədərdən qaça bilmir, fəqət bu qəzavü-qədər Allahın yox, yazıçıların əliylə yazılıb. Bu vəhylərin deyil, mətnlərin kəhanətidir. Şərq ədəbiyyatındakı bu detal Allahın yox, yazar bəndəsinin qoyduğu ənənədir. İnsan daima axtarmağa məhkumdur. Sufi xəttin ideologiyasına müvafiq olaraq Məcnun üçün Leyli eşqə gedən yol idi, qızın adına söz çıxararaq ilahi eşqə yüksəldi Məcnun. Yəni daima axtarmağa məhkum oldu və yaxşı ki, Allah çox-çox uzaqlarda qərar tutub, yoxsa Məcnun Leylini görüb uzaqlaşdığı kimi Allahı da görüb uzaqlaşardı. Axtarış anlayışının şüurdakı yeri laxlayardı. Leyli xəyali varlıqdır. Poemada Məcnunun doğumu təsvir olunsa da, Leylinin dünyaya gəlməsi yoxdur. Əlbəttə, bu yazarın kobud yaddaşsızlığı deyil. Bu, obrazın ilahiliyinə və xəyaliliyinə dəlalət edir. Gülsüm Arzulardan sonrakı Şəhərdədir və o şəhər 510 mln kv.km-lik Yer üzündə yoxdur. Yaşca əmisi yerində olacaq divanə Məcnunun əlinə su tökəcək yaşda olan Həsənin də, deməli, yeganə azadlığı və xoşbəxtliyi Gülsüm imiş ki, onu axtarmağa məhkumdur.
Haradadır o şəhər? Arzulardan sonrakı Şəhər arzuların və xəyalların olmadığı neytral zona, yəni mümkünsüz və xəyali şəhər olduğu üçün (arzulardan sonra) div boyda heç nə qalır ortada. Həyat həm mənasını, həm də mənasızlığını itirir. Yüzilliklər boyu təkrarlanan yeganə mütləq həqiqət həqiqəti axtarmaqdır sillogizmini təzədən Amerika kəşf etmədən mərkəzə yerləşdirir müəllif.
Qərbin romana qazandırdıqları: Çağdaş nəsr texnikaları içərisində ən çox müraciət edilən, yerli ədəbiyyatımızda isə az-az rast gəlinən dilimizə, təxminən, meta-təhkiyənin ironik yıxılışı olaraq tərcümə olunan metoda, daha doğrusu, metoda xas özəlliyə malik cümlələrə romanda yer verilib. Bu metodun əsas xüsusiyyəti budur ki, tipik düşüncələr formalaşmasın deyə hər cür müqəddəslik rədd edilir. Mətndə hər şey bərabər olur və mətnin xammalına çevrilir. Hər növ düşüncə tərzi, müqəddəslik kriteriyaları, hökm və prinsip olduğu yerdən aşağı endirilib insanın bərabərinə gətirilir. Müqəddəslik olmayan yerdə isə hər şey müzakirə üçün açıqdır. “Arzulardan sonrakı Şəhər” romanında bu özəllikləri daşıyan cümlələr var:
“Nənəmlə mən Sərdar müəllimin mənzilində vəhy gözləyən peyğəmbər səbri ilə ömür sürməkdəydik və dayımın Kiyevdən yazıb yolladığı məktubları tanrı kəlamı kimi qəbul edirdik.” (s. 59),
“Bu, erotik hərəkətdən çox, bir ayin idi, sanki Kəbənin qara daşına əl uzadırdım. Həyatım boyu əllərim ilk dəfə çılpaq qadın döşünə dəyirdi.” (s. 177).
“Dayımdan nəinki pul, heç məktub da gəlmirdi. Peyğəmbər mağarasına göndərilən vəhylərin arası kəsilmişdi.” (s. 216).
“Aqqadan Leninin təpəsini odladı, ancaq şəhərimizdə yaxşıya doğru heç nə dəyişmədi.” (s.203) və “Leninin heykəlini uçurub bizi yaman günə qoydu!” (s. 216) cümlələriylə Lenin ideyalarına və düşüncələrinə ironik eyham edilmişdir.
Şərif romanda həqiqi və uydurulmuş adlardan istifadə edərək oyun texnikasını bir az da dərinləşdirib. Romanda rənglərin xüsusi vurğulandığını oxucu gözdən qaçırmır. Röyasında qürub çağı çəhrayı atlar görən Həsən çəhrayı üzlü gündəliyi olan, çəhrayı şərf taxan, çəhrayı çanta götürən, çəhrayı ayaqqabı geyinən Gülsümün jurnalda “Fioletov küçəsi, 26” ünvanında yaşadığını müəyyən edir. Müəllif burada da yenə rəngə (“Фиолетовый”, rus dilində və dünyanın bir çox dillərində “bənövşəyi” mənasını verir) vurğu edir. Və bu məqamda digər bir “priyom”a da əl atılıb, çünki bu adı daşıyan küçə Bakı şəhərində, Pirallahı qəsəbəsində, həqiqətən, mövcuddur və gerçəklik atmosferi yaratmaqdan ötrü bu ədəbi “priyom” uğurlu hesab oluna bilər.
Amanisin təhkiyəsində tez-tez adı keçən “Xaxas xəndəyi” uydurulmuş toponimdir.
Şərq-Qərb qovşağında: Romanda rəqəmlərin mistikasına açıq və gizli eyhamlar var. İthaf hissəsində “12 rəqəminin gecə və gündüzünə” ifadəsi yer alıb. “12” rəqəminin numeralogiyadakı yerinə dair yozumlar az qala sonsuzluğacan uzana və yenidən geriyə qayıdıb bir daha sonsuzluğa uzana bilər və bu proses dayanmaz: bir il 12 aydır, islamda 12 imam var, xristianlıqda 12 həvari qeyd olunur, yəhudilərin atası həzrəti Yaqubun 12 oğlu olub, yunan mifologiyasında 12 tanrının adı çəkilir, şumerlilər 12 planet olduğuna inanırmışlar, “Avropa birliyi”nin bayrağında 12 ulduz var... Bu axırı görünməyən yozum halqalarından birinə ilişmək istəyirəm. Romanda “12” rəqəminin “gündüz” və “gecə”sini Şərq və Qərb kimi də yozmaq olar. Məşriqdən-Məğribə, Gündoğandan-Günbatana. Gündüz “şərqi” təmsil edir, gecə isə “qərbi”.
Həsən Leylinin mənəvi kötükcəsi Gülsümü sonadək tapa bilmir. Ərəbcə və digər sami dillərində “leyli” həm “gecə”, həm də “qara” mənasını verir. Bu zaman Həsən gündüzün təmsilçisi olur və əsər həm Həsənin yəni “axtaranın”, həm də “Gülsüm”ün “axtarılan”ın romanı olur və ikisi birlikdə “Arzulardan sonrakı Şəhər”i, yəni axtaran və axtarılanın qovşağını əmələ gətirir.
Digər tərəfdən “Qurani-Kərim” də “dan yeri” mənasına gələn “Fəcr” surəsinin 12-ci ayəsində “Oralarda çoxlu fitnə-fəsad törədirlər” və “gecə” mənasına gələn “Leyl” surəsinin 12-ci ayəsində isə “bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir” kəlamları qeyd olunur. Romanda ilk onikilikdə “Gözümü açandan bizim yerlərdə müharibə gedir” (s. 8) deyən Həsən və ikinci onikilikdə Amanisə “Dünyaya neçə dəfə gəlirsən gəl, ömrünün axırınacan Yaşıl vadini axtar” (s. 111) deyən münəccim görürük.
12 rəqəmi bir çox şərq dinlərində həm də işığın simvoludur: “Bəzən qarışdırırdıq; bu səs ildırım səsidirmi, bu işıq müharibənin işığıdırmı? İşığını görəndə də müharibə mənə oyun kimi gəlirdi və bu oyuna tamaşa edib əylənirdim. İşığı gələndə nəfəsimizi qısıb səsini gözləyirdik. Müharibənin içindən gələn işığı hamıdan əvvəl görən şərtləşmədiyimiz oyunun qalibi sayılırdı.” (s. 32)
Sonda isə: bu qeydləri yazarkən düşünmədiyimi yalandan yazmamışam, müəllifi tərifləmək fikrində olmamışam, bu roman haqqındakı fikirlərimə bulanıqlıq gətirər deyə roman haqqındakı yazıları oxumamışam, esselərdən fikirlər oğurlamamışam, mənim yazdığım kimi yazan yoxdur deyə düşünməmişəm, yazanda təkəbbürə qapılmamışam, bu yazını sadəcə yazmaq istədiyimi hiss etdiyim üçün yazmışam, qeydlərimi bəlli bir mərkəzə oturdub sistematiklik yaradım deyə əndişlərə qapılmamışam, məndən əvvəl bunu bacaranlara yuxarıdan-aşağı baxmamışam, indiyədək hansısa əsər və müəllif haqqında yazmamağa dair özümü tərbiyə etsəm də bunu yazdığıma da peşman olmamışam, bu yazdığım məqalədir, essedir və onların tələblərinə tam cavab verir deyə qürrələnməmişəm, bu janrların qanunauyğunluqlarını, sərhədlərini bildiyim halda mənə tələblər və bölgülər maraqlı deyil deyə ciddi məsələləri boynumdan atmamışam, əsərin ideyasını açacağam deyə qarşıma məqsəd qoymamışam, əsərin süjet xəttinin inkişaf mərhələlərini bilərəkdən yazmamışam, abzasdan-abzasa sezilən qopuqluqları bilməyərəkdən etməmişəm, ən sevdiyim söyüşcül və zərb-məsəlçi Namaz kişi haqqında yazsam, dadı-duzu itər deyə yazmamışam, Nənə obrazını unutmamışam, əfqan döyüşçülərinə dair əsərdəki tarixi detallara bilərəkdən toxunmamışam, unutduğum və əsərdə yanlış anladığım hər şeyi, həqiqətən, unutmuşam və yanlış anlamışam, yazımda amneziya elementləri görsəniz, bilin ki, doğrudan da bu bəlaya yuvarlanmışam, romanı oxuyanlar və roman oxuyanlar üçün kibrit boyda işıq tutmağı özümə borc hesab etdiyim üçün yazmaq istəmişəm, onlar da oxuyub mənim kimi nişanələr və işarələrdən zövq alsın deyə düşünmüşəm, bütün bu birinci şəxsin təkiylə bitən cümlələri etiraf saymamışam, işdir-şayəd, etiraf sayılsa, bundan utanaram deyə düşünməmişəm. “Qoy, müəllif və oxucu yaşasın, xətadan uzaq və salamat olsun!” deyirəm!
Yazdım, yazdım, yazdım!
Bu mətn üçün çox sağ ol və çox yaşa, Şərif!
Əlavə qeyd: cümlə örnəkləri “Şərif Ağayar. Arzulardan sonrakı şəhər. Bakı, “Qanun” nəşriyyatı, 2017” kitabından götürülmüşdür.
MƏNBƏ: KULİS.AZ
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
ŞvartsMan - Sukaşnik (hekayə)
ŞvartsMan - Başqasının dodaqları (hekayə)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə