Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Mübarək uçuş

Kənan Hacı - Mübarək uçuş

Kənan Hacı - Mübarək uçuş
Ədəbi tənqid
admin
Müəllif:
22:35, 11 yanvar 2021
2 106
0
Kənan Hacı - Mübarək uçuş


Nemət Mətinin “Sonuncu uçuş” hekayələr kitabı üzərinə qısa not

 Yazıçının bədii qələbəsi öz üslubunu tapmasıdır. İstedad rüşeym halında olanda həddən artıq mütaliə bəzən onu imitasiyaya sürükləyir və gənc yazıçı təsir altından çıxmaqda çətinlik çəkir. Periferik motivlər bəzən yazıçını düz yoldan sapdırır, ona öz daxilinə enməyə imkan vermir. Mütaliə baza yaradırsa da bəzən yazıçıya mane olur. Bu fikir ilk baxışda təəccüblü görünə bilər, axı yazı sənətinın əlifbası dil və mifologiyadır. Bu iki sahəni bilməyən gəncin istedadı susuz qalmış ağac kimi tez quruyar. Bəs ustalıq nədir? Bazadan ustalıqla bəhrələnmək. Bu incə nüansı sezə bilən yazıçının düşüncəsində yeni fikir, yeni ideya cücərməyə başlayır. Fantaziya, təxəyyül istedadı qidalandırmağa başlayır. Həyat bədii mətnlərdə özünü dönə-dönə təkrarlasa da yazıçı ona estetik cizgilər əlavə edən, metafizik çalarlar qatan mistifikatordur. 
Son dövrdə ədəbiyyata kifayət qədər maraqlı, öz stixiyası olan gənclər gəlməkdədir. Bu ədəbi gəncliyin sırasında Nemət Mətin öz mətnləri ilə seçilir. Onu “Ədəbiyyat və kütlə” kitabından tanımışam. İndiki kitab bolluğunda seçilmək, yadda qalmaq bir qədər müşkül məsələdir. Nemətin ədəbiyyatla bağlı esseləri, xüsusən də “Quş” hekayəsi diqqətimi çəkmişdi. Bu gəncin fərqli düşüncə tərzi vardı və fəhmim mənə deyirdi ki, o, təsadüfi kitab nəşr etdirənlərdən, yazıçılığı təqlid edənlərdən deyil, Nemət  ən yaxın gələcəkdə özünü təsdiq etmiş bir yazıçı olacaq. Bu maraqlı mətnlərin nə zamansa ardı gələcəyinə ürəyimdə möhkəm əminlik hissi yarandı. Elə “Quş” hekayəsindəki mistik nüanslar, gənc yazarın ideyasını belə maraqlı formada təqdim etmək bacarığı buna əsas verirdi. 
Onun hekayələrini oxuyanda söz kimyagərliyinə qısa bir zamanda yiyələndiynə sevindim. Təhkiyə tərzi oynaq və sadədir, sözün məna çalarlarına bələdliyi hiss olunur. Az sözlə böyük mətləbləri çatdırmağı bacarır. Məsələn, “Quş” hekayəsinin süjetinə fikir verin: hekayənin qəhrəmanı aeroportda yükdaşıma xidmətində çalışır, yeknəsək həyatdan bezib, nə iləsə həyatına bir rəng, məna qatmaq istəyir. İşdən çıxmaq haqqında ərizə yazıb müdiriyyətə təqdim edir, ona dəli kimi baxırlar. Adam öz azadlığına qovuşur. Bəs azadlığı nə ilə maraqlı etmək olar? Restorana gedib bahalı yemək, içki sifariş edir, insanların xudbinliyi, xırda, mənasız hislərlə yaşaması onu bezdirir. İncəsənət Muzeyinə gedir, rəsm əsərlərinə baxıb özünü estetik zövqün ixtiyarına buraxır. Maddi dünyanın yapışqan kimi insanı yerə, nəfsə, ötəri nəsnələrə bağlayan cazibəsindən qurtulduğunu hiss edir. O, artıq bu dünyanın adamı deyil, qanadları çıxıb, göy üzündən insanlar çox xırda görünürlər. (Bəlkə də “Sonuncu uçuş” hekayəsindəki şüşəyə çırpılıb canını tapşıran quş imiş... Bunu müəllifdən soruşmaq lazımdır. Hər halda, bu iki hekayə süjet və ideya baxımından bir-biriylə çox səsləşir. ) Bu hekayə Nemətin ilk qələm təcrübələrindən olsa da müəllifin fərqli stixiyasından xəbər verir. 

Onun sonrakı hekayələrini oxuduqca artıq bir yazıçı olaraq özünüifadə rahatlığına yiyələndiyinin şahidi olursan. Ötən il çapdan çıxmış “Sonuncu uçuş” kitabındakı hekayələri oxuyanda bir məqam məni sevindirdi – Nemət artıq öz üslubunu tapıb. “Mənim Tanrım”, “Kölgədən çıxanlar”, “Ölüm rəqsi” hekayələrində Nemət heç kimə bənzəmir, ifadə manerası tamamən özünəməxsusdur. Cümlə quruluşu, metaforik gəzişmələr, süjet xəttinin ətrafında hörülən ideya ortaya bitkin mətnlər çıxarır. Nemət mətnin arxitektonikasını yaxşı bilir. Əlbəttə, istəməzdim ki, bu fikirlər onda arxayınlıq hissi yaratsın. Yazıçılıq bitib-tükənməyən bir marafondur, yazıçılıq bir ömür boyu axtarışlarda olmaq deməkdir. Düşünürəm ki, Nemətin üslubu hələ bundan sonra təkmilləşəcək, peşəkarlığı bir az da artacaq. Daha mükəmməl mətnlər ortaya qoyacaq. Bəlkə də nə vaxtsa romanla bizi heyrətləndirəcək. Onun istedadı və zəhmətsevərləyi yəqin ki, onu bu janra da gətirib çıxaracaq. Bu, gələcəyin işidir.
Hələlik, onun hekayələrindən danışaq. “Ölüm rəqsi” hekayəsinin fəlsəfi qatı oxucunu dərinliyə sürükləyir, düşünürsən ki, hər gün şəhərdə onlarla Vazeh kimi talesiz adamlarla rastlaşırıq, onlar ölümlə qolboyun rəqs edən və belə deyək, taleyə inad hər gün ölüb təzədən dirilən adamlardır. Siz heç ölüb təzədən dirilən adam görmüsünüz? Görməmisinizsə, bu hekayəni mütləq oxuyun. 

“Mənim Tanrım” hekayəsində Hüseyn Cavidin obrazı yaradılıb. Cavid bir obraz kimi hekayədə yoxdur və eyni zamanda var. Nemət bunu necə bacarıb? Yazıçı nəyi necə yazmağı biləndir. Nemətin hekayələri məndə həmişə xoş məmnunluq hissi oyadır. Real dünya ilə və irreal aləm arasında məntiqi bağlılıq və bədii-estetik təsvirlər oxucuda unudulmaz təəssürat doğurur və uzun müddət bu hekayələrin təsirindən çıxa bilmirsən. Bu qısa qeydlərimi burada bitirib gənc qələm dostuma uğurlar arzulayıram. Əslində Nemət Mətinin yazıçı bioqrafiyası “Sonuncu uçuş”la başlayır. Bu mübarək uçuş hələ çox üfüqləri fəth edəcək.   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)