Edebiyyat.az » Proza » "Sonuncu dərviş" Kənan Hacı

"Sonuncu dərviş" Kənan Hacı

"Sonuncu dərviş" Kənan Hacı
Proza
nemət
Müəllif:
10:13, 24 mart 2019
3 112
0
"Sonuncu dərviş" Kənan Hacı



Kənan Hacı söz adamıdır, kitab ruhlu cəngavərdir. Onu tanıyanda ürəyimdə demişdim:

" Nə yaxşı ki səni tanıdım."

 Bildikləri qədər sadə insan olan Kənan Hacının hər kitabı bir dəryadır. Bəlkə də Buzovna kəndində böyüyüb başa çatdığı üçün dəniz havası ciyərlərinə hopmuşdu. Ol səbəbdən şeirləri də, yazıları da insanı dənizin dalğaları kimi yırğalayır.

   Kənan Hacını tanıyandan yaxasından əl çəkmirəm. Onun yanında başımdan böyük tərzdə Dostoyevskinin əsərlərindən, Solnejitsından, Hüqodan danışmışam. Heç vaxt üzə vurmaz, əksinə dəstək olar, ümid verər, səni ədəbiyyat müstəvisində rəndələyər. Məclislərin birində yazdığım hekayəni tərifləmişdi. O qədər sevinmişdim ki, həmin gün heç vaxt yadımdan çıxmayacaq. O qədər də güclü olmayan yazını tərifləməsi adamı ümid verir ki, almır. Yanında gənc şair şeir deyərsə "yaxşıdır, yaz" deyər. "Səndə alınmayacaq" kəlməsini heç vaxt söyləməz.

  Kənan Hacı məclislərdə yaşadığı hadisələri, gördüyü insanları, oxuduğu kitabları danışdıqca adam ovsunlanır. Yazmağa həvəs oyanır. Çoxelinin hekayələrindən, Milan Kunderanın yaradıcılığından, Tolstoydan danışa-danışa çayından qurtum alır, əsəbləşəndə və ya hansısa hadisəni yadına salanda siqaret yandırıb çəkir. Bir neçə ay öncə Kənan Hacıdan müsahibə almışdım. Aşağıdakı linkdən izləyə bilərsiniz:



Kənan abi redaktor, baş redaktor, jurnalist işlədiyi dövrlərdən danışanda sakitcə dinləyirik. Əslində danışmağı sevmir. Bəzən onu danışdırmaq üçün bilərəkdən əsəb oyadacaq suallar veririk. Yəqin, ustad bizi bağışlayar. Kitablara qarşı olan sonsuz sevgisi yanındakı insana yoluxmasa, mümkün deyil. Həmişə qəzet alır, kitab evinin yanından keçəndə axırıncı pulu olsa belə kitab almağı unutmur. Hətta bir dəfə Nicat Həşimzadə qəzet almaq istəyəndə qayıdıb dedi: -Bax, köşkdə qəzet olmasa, deməli Kənan abi alıb.  
  Hər kəsi öz yaşına uyğun qarşılayar, mülayim davranar, qəlbinə toxunacaq söz deməz Kənan Hacı. Bunları tərifləmək üçün demirəm. Necə ürəyə sahib olduğunu tanıyanlar bilir. Kənardan fikirli. zəhmli görünə bilər. Sadəcə o "kitabı" oxumaq lazımdır.  
   Mətləbə keçmək vaxtıdır. Bu yaxınlarda Kənan ustadın "Sonuncu dərviş" adlı kitabının təqdimatı oldu. Həvəslə kitabı əldə etdim. Kitab nə kitab. "Yaddaş kartı" adlı əsərin davamı sayılacaq kitabda incilər ard-arda düzülüb. Sanki mirvaridən yığılmış təsbehdir. Bakı abu havasından tutmuş, Tehrana, İstanbula kimi oxucunu səyahət etdirən əsərdə heç bir kitabdan almayacağınız məlumatlar, hadisələr yazılıb. Azətbaycanda yazıçı olmaq istəyən insanın acı taleyi təsvir olunub. Kənan Hacının öz başına gələnləri bir günə oxumaq mümkün deyil. O qədər ağrılı yazılar yer alıb ki, hər abzasdan sonra ya dərindən nəfəs alırsan, ya əsəbləşirsən, ya da kövrəlirsən. Siçovulların qaynaşdığı, qapısı, pəncərəsi olmayan, ilanların yuva qurduğu, rütubətin at oynatdığı evdə, ev də demək olmaz, daxmada yaşamaq heç də asan deyil. Həyatla deyil, özünlə aparılan mübarizənin şahidi olursan. Parklarda gecələmək, yay ayaqqabısı ilə qış fəslini yola vermək, ana, ata itkisi, ağır xəstəliklər bir insanın həyatını nə günə qoyurmuş. Yazıçının dediyi kimi, hələ hamısını yazmamışam...
   Kənan Hacının kitaba olan sevgisinin təməli iki məqamda aşkarlanıb. Birinci dəfəsində anası ikinci sinifdə oxuyan Kənanı kitabxanaya üzv edəndə, ikincisi isə dostunun ona Etel Lilian Voyniçin "Ovod" əsərini bağışlayanda olmuşdu. "Kitablar insanı tərbiyə edir" fikrini eşitmişdim. Kənan Hacını kitablar böyüdüb, zirvəyə gedən yolda yardımçı olub. Tənhalığın caynağından yazıçını kitablar xilas edib. Məhəmməd peyğəmbər dağda olduğu kimi, Siddhartha səyahətdə illərini keçirdiyi kimi Kənan Hacı da kitablarla baş-başa qalmışdı. Elə hey oxuyur, oxuyur və yenə də oxuyurdu. Qurdun kəpənəyə çevrilməsi üçün baramada keçirəcəyi vaxt çox önəmlidir.   

  Həmçinin "Sonuncu dərviş" kitabında tanımadığımız, amma tanınması vacib olan, böyük işlər görmüş insanları tanıyırıq. Onların həyat yolunu gözdən keçiririk. Kənan Hacı olmasaydı, bəlkə də onları yada salan olmazdı.   Yazıçı kitablardan "yarana" bilər. Məsələn: Sartr kimi. Yazıçı da var həyatını yazır. Başına gəlməyən hadisə qalmır və illər keçəndən sonra yaddaşının tozlu rəflərini axtarıb yazır. Kənan Hacı isə hər ikisinin qarışığıdır. Həm kitablardan yoğrulub, həm də həyatı maraqlı keçib.   Əsər təkcə qəmgin notlar üzərində köklənməyib. Kitabda gülməli hadisələr də var. Bir mürdəşir olur. Cənazəni yuyanda birdən ona qapaz dəyir. Ölüyuyan şok yaşayır. Sonra məlum olur ki, cənazənin əli qıc olub qalıb. Mürdəşir də əlin həssas nöqtəsinə toxunub. Ani tərpənişlə mürdəşirə ölüdən qapaz gəlib. Kitabda bütün baş verənlər olmuş hadisə olduğu üçün ikiqat təsir bağışlayır.  Sonda onu demək istəyirəm ki, yazıçının əməyinə qiymət verilmir. Xeyli yeni söz öyrəndiyim, həyat təcrübəsi qazandığım, sevindiyim, kövrəldiyim kitabın sahibi yazdığı əsərdən bir qəpik də xeyir görməyib. Bax, elə bu səbəbdir ki, yazıçılarımız, yaradıcı insanlar kölgədə qalır.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)