VAQİF OSMANOV - “YAZI”DAKI ÜÇ HEKAYƏYƏ BİR YAZI.
Müəyyən fasilədən sonra “Yazı” ədəbiyyat dərgisi yenidən həqiqi sözə xidmətini davam etdirməyə qərar verdi. Təsisçi yazar Azad Qaradərəli dərin nəfəsdərmədən sonra gənclərə yaradıcılıq və naşirlik imkanı və meydanı verdi. Estafeti qəbul edən yeni baş redaktor Nemət Mətin, yaradıcı qrupunun üzvləri Mübariz Örən, Günel Rəcəb, Amin Namazlı və Elvin Rizvangil sözə yeni nəfəs, təravət, əbədi bahar ömrü vermək məqsədi ilə yola çıxaraq dərginin “payız” sayını ərsəyə gətiriblər. Bu saydakı yazılar dərginin uzunömürlü olacağına inam yaradır. İnanıram ki, “Yazı”nın sərt qış, mülayim yaz, qızmar yay sayları da payız sayı kimi barlı-bərəkətli olacaq.
“Yazı”dakı üç nəsr nümunəsi - Kənan Hacının “Buynuz qəziyyəsi”, Miri Rəsulzadənin “Ana bətnində 25 il” və Elvin Rizvangilin “Ərvahi-əzəldən” hekayələri üzərində düşüncələrimi bölüşmək istədim.
I
“Ürəklərə mərhəmət, yaxşılıq toxumu səpmək lazımdır ki”...
Yazıma müqəddiməsiz başlayıram. Çünki “Yazı”dakı “Buynuz qəziyyəsi” adlı “uzun hekayə” ( müəllifin təbirincə desək) ilə Kənan bəy məni növbəti dəfə heyrətləndirdi. Mənim onun təhkiyə, təxəyyül və dil zənginliyindən heyrətlənməm, bir az da yumşaq desək, təəccüblənməm adi hala çevrilməkdədir.
“Buynuz qəziyyəsi” ilə Kənan Hacı bu günün “İsgəndərnamə”sini yaradıb. Bu 880 il əvvəlki dahi Nizami yaradıcılığına yeni yanaşmadır. Kənan bəyin “Buynuz qəziyyəsi”ndə - yeni “İsgəndərnamə”sində hadisələr yan-yörəmizdə vaqeə olur. Biznesmen İsgəndərin bircə gecənin içində - bağ evindən məşuqəsi Şirini evə yola salandan sonra buynuzları peyda olur. İsgəndər fikirlər aləmində vurnuxur: “bircə buynuz çıxarmağım qalmışdı, o da oldu!”.
Yazıçının qəhrəmanı biznesmen İsgəndər Nizaminin fateh İsgəndərini suya aparıb susuz gətirər, işləkləri Makedoniyalıdan beş çömçə artıqdır. Fateh İsgəndər cavaşdan, fəth etməkdən başqa nə görmüşdü ki? Kənan bəyin İsgəndəri gəncliyində qumarbaz olub. Sonra Şirinə rast gəlib. “Adı kimi özü də şirin olan, İsgəndərin həyatına şirinlik qatan məşuqəsi Şirin İsgəndərə eyş-işrətin ləzzəti”ni daddırır. “Dəniz sahilində tikdirdiyi restoranın adını da məşuqəsinin şərəfinə “Qəsri-Şirin” adlandırıb. İsgəndərin katibəsi “pilə kimi yumşaq əlləri, odlu nəfəsiylə” şefinə rahatlıq gətirən əla massajistdir, halal övrəti isə evdə tənha qalıb ömrünü bada verməkdədir. Qızı Leyla barlarda viski içib siqaret tüstülədir, öz kefindədir. Oğlu Bəhram Londonda tələbədi, atasının peşəsini davam etdirir, tanınmış qumarbazdı. Tez-tez İsgəndər ona yüz minlər göndərir ki, uduzduqlarını versin. Yazıq və tənha Nüşabə ana isə üç “geydirmə” ailə üzvünün əlində çarəsiz qalıb.
Buynuz çıxaran İsgəndərdən “tale əlini qana batırmadan qisas alır”. Adaşı Makedoniyalı İsgəndərdən fərqli olaraq biznesmen İsgəndər “müftə yeyib-içməkdən göz dimdikləməyə hazır olan dəyirman xoruzuna dönüb”. Buynuzları çıxandan qanı it qanından da qaradı: Şirin, nazlı-qəmzəli katibə görsə nə deyəcək? İşçilərin arasına necə çıxacam? “Papaği başına darlıq edən” İsgəndər nəhayət anlayıb ki, hər başına papaq qoyana kişi deməzlər...
“İtoynadan” dəllək Bəxşeyişin “göstərib verməyənlər”dən biri kimi tanıdığı İsgəndərə duzlu-məzəli atmacası ləzzətlidir:
-Ay kişi, sənin arağın da çoban iti kimidir, evdə dəymir, çöldə tutur.
Kənan Hacının təxəyyülünə, təhkiyəsinə söz ola bilməz.
Bir hekayədə yazıçı 5-6 saxta sevgi dastanını yerləşdirib: “İsgəndər və Şirin”, “Neman və Şəkər”, ”Xosrov və Məhin” və Şirini pələngə dönmüş Nüşabənin caynağından xilas edən doktor Fərhadın ehtiraslı baxışlarından, “Nüşabə tərəfindən sifəti şırımlanmış, gül yanağı qanlı bulağa dönmüş Şirinin gözəlliyinə valeh olmasından” anladım ki, “Fərhad və Şirin”. “Gilgilə gözlərdə sayrışan şəhvət”, sərvət hərisliyinin, təmənnanın əlində oyuncağa çevrilən hisslərin mayasında hər mənfi xislət olar, sevgidən savayı. Mənfiliklər olan yerdə sevgiyə yer yoxdur.
Hekayədəki obrazlara fikir verin: biznesmen İsgəndər, bankir Xosrov, Fərhad doktor, fotoqraf Şapur, qumarbaz Bəhram, bar qızı Leyla, ailəcanlı Nüşabə, məşuqələr Şirin, Şəkər, böyük ticarət mərkəzinin müdiri Məhin. Ruhun şad olsun, ulu Nizami babamız...
“Tibb elmində adı olmayan buynuzçıxarma xəstəliyi “Mo” virusunun işidir, “yarasaların yaramazlığı” davam edir, insanlar! Kənan bəyin qənaətinə görə, bu mərəz xeyirxahlıq etməklə, mərhəmətli ürək sahibi olmaqla sağalır. İsgəndər bunu anlasa da qara-qura işlərindən əl çəkəcəkmi?..
II
Göyərçinlərin axtardığı və öz dünyasına apardığı Sədaqət
Miri Rəsulzadə bütün yazılarında cəmiyyətin və zamanın ən duyğulu, ən ağrılı nöqtələrinə toxunur. Onun qəhrəmanları əsasən zəngin daxili aləmlidir, mühitin barometri kimi həssasdır. Oxucu “dəli” Mehmanin ağlına, halal zəhmətinə heç vaxt haram qatmayan Ələsgərin, Hürünün, Mehdinin, Xədicənin saflığına qibtə edir. Publisistik yazılarındakı yaşantılarını hamıya yaşada bilir.
“Yazı” dərgisindəki “Ana bətnində 25 il” hekayəsinin qəhrəmanı dili sözə, qulağı səsə, gözü işığa həsrət Sədaqət müqəddəs mələkdir. 25 yaşlı Sədaqət bu çirkli-çamurlu dünyanı görmür, qəlbidaşların səsini, sözünü eşitmir, ürəyindən dilinə gələn sözlər yenidən ürəyinə qayıdır. O, bizdən həssasdı, “öz içini görə bilir, sirli bir aləmin qaranlıq dünyasını təkcə işıqlandırır. O, qaranlıq otağının daşına-divarına yaxşı bələddir”. Onun otağı bizim dünyamızdan daha təmiz və işıqlıdır. Elə hey fikirləşir: “bəlkə hamı mənim kimidir”. Bu düşüncədirmi, kövrək təsəllidirmi, təkcə Yaradan bilir. Bu halı kimsə Sədaqət kimi çözə bilməz. Sədaqətin özü özünə ünvanladığı suallar lap ürəkgöynədəndir: “mən kiməm axı? Niyə ancaq içimi görürəm? Niyə ancaq hiss edirəm? Səsim niyə çıxmır?”
“Gilənar ləbli, badamı gözlü, şümşad boylu Sədaqətin özünün bu gözəllikdən xəbəri olsaydı nə var idi“.
Sücayət ananın gözünün ağı-qarası, madar balası onu tanıyırmı? Ananı düşündürən sualın ağırlığı məni də çətinə salır. 25 yaşlı Sədaqət “anasının əlini sıxdığı gündən onun qəlbini həyəcana gətirən hiss bütün vücudunu bürümüşdü”. Onun analı dünyasının müqəddəsliyini, sonsuzluğunu, əzəmətini ölçəcək bir meyar tapmaq çətindir.
Aman Tanrı, niyə bəşər övladının sayından qat-qat çox tale yaratmısan?! Sədaqətin günahı nəydi ki, alnına, gözünə qaradan başqa yazı, rəng qıymadın?
Mirinin təxəyyülü fövqəladədir: “Sədaqətin ana bətnindəki həyatı davam edirdi”...
Sədaqət “həqiqətə bir köynək yaxın idi”, bizdən fərqli olaraq. “Bu üstünlük ona doğuşdan verilmişdi”...
Sücayət ana özü üçün yaşamırdı, ömrünü Sədaqətə bağışlamışdı. “Hər bayramda ona təzə paltar alır, ev bəzəyirdi. Hər ad günündə ona tort bişirsə də, üstündəki şamı söndürməyə qızının gücü çatmırdı”...
Eh... Nə isə... söz tapa bilmirəm... Bizdə ürək qoymadın, ay Miri...
Sədaqətin gözləri önündən yeni dünyanın kadrları keşməkdəydi, “artıq işıq görünməyə başlamışdı, tanış olmayan səslər eşidirdi, günəşin şüaları onun gözlərini qamaşdırırdı. Havadan ayrılıq dəminin qoxusu gəlirdi. Sücayətin qızıyla olan taleyinin yaxşı adamların nağılı kimi bitməsinə az qalmışdı”...
“Sücaətin duaları qəbul olunmuşdu” fikrinə görə Miri Rəsulzadəni amansızcasına qınadım. Ananın sevincinin fərqinə varanda Miriyə də, anaya da haqq qazandırdım. Mirinin üfunətli mühitin çirkinə bulaşmayan günahsız qəhrəmanı, Sücayət ananın mələyi quduz dünyanın dişqıcamalarından üzü ağ çıxıb öz dünyasına qovuşmalıydı və qovuşdu da. Mələyindən iblisi çox dünya Sədaqətlərin yeri deyildi.
Təkcə pəncərə önündə məyus dayanan göyərçinlər Sədaqəti axtarırdılar. Tapdılar və əbədiyyətə apardılar...
III
“Bu eşq bizim nəfsimizlə mübarizəmizdir”.
Elvin Rizvangil “Sümmani və Gülpəri” dastanı yaradır. Bilgi üçün deyim ki, Aşıq Sümmani (bəzi mənbələrdə Summani) 1861-1915-ci illərdə yaşamış, Çirdırlı Aşıq Şenlikdən aşıqlıq sənətinin incəliklərini öyrənmişdir. Sufi semantikanı poetikləşdirmiş, dünya malından imtina edərək dərvişliyi ilə fəxr etmişdir. Dini irfani yol və təsəvvüf təlimi (dünya yaradılmamışdan əvvəl maddi varlıqların puhlarının yaranması) onun yaradıcılığının əsas istiqaməti olub.
Filoloq alim Avtandil Ağbaba “Çildir aşıq mühiti” kitabında (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012) yazır: “Aşıq Şenliklə Aşıq Sümmaninin qarşılaşmasından bəhs edən aşıq rəvayətinin ilk cümlələrinə nəzər yetirsək bunu aydın görərik ki, Ərzurum elinin Narman qəzasında bir ustad şair vardı ki, pirlər əlindən eşq badəsi içmiş bir “haqq aşığı” olduğunu söylərdilər. Bu, Narmanlı Sümman idi. Adı-sanı Ərzurum elindən digər torpaqlara yayılmışdı”.
Elvin Rizvangilin adından, dilindən, qəhrəmanın yaşadığı mühitdən və ərazidən qədim-qayımlığı aşkar hiss olunan “Ərvahi-əzəldən” (“ərvah” sözü ərəbcədən tərcümədə “ruh” anlamını daşıyır) hekayəsi bizi 100-120 il əvvəllərə aparır.
11 yaşlı Hüseyn “Sıra gecələri”nə (Türkiyədə musiqi və şeir gecələri) qoşulur, və Aşıq Sümmani adıyla məşhurlaşır. Yuxusunda “müjdə” (buta) verilən Sümman sevgilisi - Şah Abbasın qızı Gülpərini tapmaq üçün uzun yola çıxır.
Dastan dili yüyrək olar. Elvin də dastan yaradan ustad ozanlar kimi qəhrəmanlarına yuxuda buta verir, keçilməz yola göndərir, iki sevgilini yuxuda görüşdürür, Sümmana Gülpərinin adına eşq badəsi içdirir.
Hekayəni dili də qədimdir. Atlı Ulu Dədə Qorqud sayağı dillənir :
-Qorxma, oğul, sən ərəcəyinə ərdin. Ancaq bu dünyada sevdiyinə qovuşmaq sənə haramdır...
Gülpəri də sevgisinin ülviliyini dastan diliylə Sümmaniyə çatdırır:
-Yox, Sümmani, biz bu dünyada qovuşsaq, bizi qovuşduran eşqimiz deyil, ehtirasımız olacaq. Nəfsimiz bizə qalib gələcək. Bizim eşqimiz ona görə böyükdür ki, bu eşq bizim nəfsimizlə mübarizəmizdir....
Elvin Sümmaninin ölümündən qirx gün sonra Gülpərini ona qovuşdurur və bəyan edir ki, ruhların qovuşması müqəddəs seginin toyudur.
Tədqiqatçı yazar Aygün Cəfərova (Yaşar) “Ərvahi-əzəldən...” hekayəsinin məramını iki cümlə ilə açır: “xoş təəssüratla hekayədən ayrılınca insan öz ruhunda bir arınma duyur. Ədəbiyyatın elə ilk funksiyası da ruhumuzu saflaşdırmaq, gözəlləşdirmək deyilmi?!”
Yazılan iri-xırdalı bütün əsərlər mənəvi dəyərlərə söykənməsə tez unudular. Elvin Rizvangilin hekayəsinin iki önəmini də vurğulamaq istəyirəm: birinci - sevginin cismani yox, mənəvi gücü və ülviliyi, ikinci - tarixi faktlara, təxəyyülə söykənərək haqqında bilgimiz az olan haqq aşığı Sümmanini tanıtmaq...
Ədəbiyyat milli düşüncənin məhsuludur, ruhun inikasıdır. Hər üç hekayənin kökündə bu mənəvi kriteriyalar dominantlıq edir. Sücayət ana da, sevgisini nəfsindən qoruyan Sümmani, və Gülpəri də bizim mənəvi simamızdır. Həm də çox təəssüf ki, biznesmen İsgəndərlər, qumarbaz Bəhramlar, bankir Xosrovlar, Leylalar, Şirinlər, Məhinlər, Şəkərlər də...
“Yazı”nin alın yazısını yazanlar doğru yoldadır...
29.11.2021.