Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Əsl dinin kitabı olmur(esse)

ŞvartsMan - Əsl dinin kitabı olmur(esse)

ŞvartsMan - Əsl dinin kitabı olmur(esse)
Ədəbi tənqid
admin
Müəllif:
16:48, 27 mart 2022
1 170
0
Ş vartsMan - Ə sl dinin kitabı olmur (esse)





[i]
Sənə bir sirr açacağam:
Heç kəsin bilmədiyi;
Bilsə, dözə bilmədiyi;
Dözsə, ölə bilmədiyi
Bir sirr...
 
 
Ateizm keçən əsrdə qalan démodé* bir allahdır. A-teizm -bu, teo-dan teizmə (deus-allah)* keçiddir. Ateizm (allahsız) sözünün özündə belə “allah” sözü var. Ateizm burada ayaqqabını tərsinə geyinib: olmayan allahı inkar etmək. Teistlərə deyirəm: “Ən böyük arzunuzu gerçəkləşdirim? Ateizmi məhv etmək istəyirsiniz? Onda əvvəlcə özünüzü -teizmi məhv edin ki, ateizm “a”sız qalsın.  Çünki ateizm teizmə qarşı reaksiyadan başqa bir şey deyil. 
 
Essenin adı sizə qəribə gələ bilər, amma gəlməsin. Unutmayaq: monotonlar (monoteizm) üçün politonlar (politeizm) həmişə qəribədir. Yazımı dörd şəxsiyyət üzərində sütunlaşdıracağam. Adları: Budda, Musa, İsa və Məhəmməd. 
 
&&&
 
Məhəmmədin köhnə dostları və yaraqdaşları səltənətin hər bucağından Mədinəyə axışırdı. Çünki salehlər arasında bu xəbər ildırım sürətli yayılmışdı: peyğəmbər ölüm ayağındadır*.
Məhəmmədi ağır qızdırma tutanda o, çirkin arvadı Maimunanın komasındaydı. Sonunun yaxınlaşdığını hiss etdi və arvadlarının hamısını yanına çağırtdırdı ki, hərəsinə xoş bir söz desin. Sonra onlardan xahiş etdi ki, ömrünün qalan günlərini ən sevimli   arvadı Aişənin yanında keçirməyə icazə versinlər. Aişə həm də Məhəmmədin yeganə bakirə arvadı olmuşdur. Bəlkə də bu səbəbdən azərbaycanlı (oxu: müsəlman) kişilər başqa qadınlarla gəzib-əylənsələr də, sonda öz bakirə olmuş, namuslu arvadlarının qollarından ölmək istəyərlər peyğəmbərləri kimi. Əlbəttə ki, Aişə də ilk kişisi olan Məhəmmədin qulluğunda dayandı, titrəmə içində əzab çəkən ərinin səyriyən gözlərindən öpüb saqqalını sığalladı. 
Qızdırması getdikcə gücləndi, Məhəmməd sonunun yaxınlaşdığını hiss etdi. Aişə onun başını dizinin üstünə aldı, sığalladı və üz-gözünə sərin su çilədi. Axırda hətta ovsuna əl atmağa çalışdı. Əri Məhəmmədin sağ əlini ovcunun içinə aldı. Onu öz sifətinə sürtdü və allaha yalvarmağa başladı. Bu vaxt peyğəmbər əlini tərpətdi, gözlərini açıb son sirrini demək istədi, amma susdu. Son anında belə bilirdi ki, onu nə sevimli arvadı, nə dostu və qaynatası Əbu Bəkr, nə də ki, çöldə onun ölümünü,  özündən sonra kimi xəlifə (davamçı) seçəcək deyə gözləyən müsəlmanlar anlayacaq. 
Beləliklə, çarəsizcə susdu, Buddanın, Musanın, İsanın bildiyi sirri özü ilə sonsuzluğa aparıb canını tapşırdı. O, öldüyü yerdə, Aişənin komasında düz 36 saatdan sonra torpağa basdırıldı, çünki müsəlmanlaşmış ərəblər hakimiyyət davası edirdilər. Koma sonradan məscidə qatıldı. 
Məhəmmədin ölüm xəbəri şəhərə sürətlə yayıldı. Heç kim buna inanmaq istəmirdi. Müsəlmanların çoxu peyğəmbəri ölümsüz hesab edirdi. 
Birdən qapı açıldı və mühacirlərin ən yaşlısı Əbu Bəkr qızı Aişənin komasından çıxdı. Əlini qaldırıb söylədi:
-Kim ki yalnız Məhəmmədə inanırdı, bilsin: Məhəmməd ölmüşdür. Fəqət kim ki Məhəmmədin allahına inanırdı, bilsin: allah əbədiyaşardır və əbədiyaşar olacaqdır. 
Bununla da, Məhəmmədin ömür kitabı beləcə bağlandı, amma vəhy yolu ilə gələn ayələrin toplandığı “Quran” kitabı yox idi. Kağız parçalarında və bəzi müsəlmanların yaddaşlarında olan ayələr üçüncü xəlifə Osmanın vaxtında kitab halında toplanıb “Quran” olacaqdı – təxminən Məhəmmədin ölümündən 15-20 il sonra. Məhəmməd isə ölümündən əvvəl ayələrin bir kitabda toplanması haqqında heç bir vəsiyyət etməmişdir. Özündən əvvəlkilər kimi o da heç bir kitab yazmadı. Heç bir buddistin, yəhudinin, xristianın və müsəlmanın başa düşmədiyi bir şeyi bilirdi: ƏSL DİNİN KİTABA EHTİYACI YOXDUR.  
Məhəmmədin ölümünü sizə belə uzun və bədii formada danışmağımın məqsədi var. Burada yazdıqlarım bütün müsəlmanlara aiddir, amma azərbaycanca yazdığım üçün xüsusən azərbaycanlılara  vacib olmalıdır. Bugünki prizmadan baxsaq, Məhəmməd peyğəmbər olmaqdan əlavə, bir sosial reformçu və siyasi aktivist idi. Məhəmməd əslində ərəbləri dəyişdirməyib, bütpərəst paltarlarını müsəlman paltarı ilə əvəz edib. Kəəbə islamdan əvvəl də müqəddəs hesab edilirdi, islam dinindən sonra da. Tacir ərəblər üçün çoxarvadlılıq normal bir şey idi, Məhəmməd islahat keçirərək maksimum dörd arvadla məhdudlaşdırdı. O, ərəblərə “asket olun, dərviş olun” demədi, desəydi, bu, inqilab olardı. Məhəmmədin dini isə inqilabi bir şey deyildi, köhnəlmiş damı olan evin yeni damla əvəzə olunmasıdır. Yaxşı bilirsiniz, Məhəmmədə qarşı sui-qəsdlər olub, öldürmək istəyiblər. Özünüzdən soruşun: birdən öldürsəydilər, onda Məhəmməd tarixdə necə bir adam kimi xatırlanardı? Məncə, bu suala   bir dəqiqə vaxt ayırıb düşünün. 
Məhəmməd tipik ərəb idi. Birinci arvadı Xədicənin ölümündən iki ay sonra sevmədiyi məkkəli dul Səudə ilə evlənmişdi, yalnız ona görə ki, ərəb olan kəs hörmətinə xələl gəlməsin deyə subay qala bilməz. Bir azərbaycanlı kimi bu sizə tanış gəldi? O vaxtkı ərəblər kimiyik (islamdan əvvəlki): hamını evləndirməyə çalışırıq, çünki subay adam evli adama nisbətən etibarsızdır. Necə ki biznesdə subay adamdan çox evli adamla iş görməyə üstünlük verilir, şüuraltımızda islam adı ilə ərəbdən bizə keçən düşüncə var ki, evli adam daha məsuliyyətli, hörmətli, etibarlıdır. Buna görə, müsəlman cəmiyyətində evli olmaq kişi olmaqdır, hörmətli olmaqdır. Siz desəniz ki, “mən asket olacağam, evlənməyəcəyəm”, heç bir müsəlman sizi başa düşməz. Çünki peyğəmbəri 14 dəfə evli olub. Gedin yuxarıdakı sözü xristian ölkələrinin birində deyin, normal qarşılayacaqlar. Niyə? Çünki İsa Məsih heç vaxt evlənməyib, hətta cinsi əlaqədə olmayıb. Onların peyğəmbəri subay olub, sənin peyğəmbərin evli. Demək istəyirəm ki, azərbaycanlılar hələ də həqiqət kimi qəbul etdiyi ərəb dəyərlərini öz dəyərləri kimi yaşayırlar. 
Hətta Məhəmmədə yaşadığı dövrdə “quyruqsuz” deyərdilər. Burada “quyruqsuz” nəsil davamçısı, yəni oğlu olmayan adamlara deyilir. Həqiqətən, Məhəmmədin heç vaxt oğlu olmadı. Əslində Xədicə və başqa arvadından oğlanları olub, amma körpə ikən öldülər. Ərəblər üçünsə kişi qadından üstündür, çünki səhra kimi yerdə qadının uşaq doğmaqdan başqa xeyri yox idi. Bizim köhnə adamlardan, nənə və babalarımızdan soruşun, mütləq bilərlər “quyruqsuz” kimə deyirlər. Nəticə etibarilə, bu, ərəb mədəniyyətindən gələn psixohistorik   düşüncədir ki, bizdə qızı olan kişiyə çox da kişi kimi baxmırlar. Qız atası da bu dil ilə ifadə edilməyən mənfi psixoloji atmosferi hiss edir. Və birinci qızı olan kişi  çalışır ki, ikinci uşağı oğlan olsun. Bununla kişiliyini iki dəfə sübut edəcək, daxili rahatlıq tapacaq və ictimai hörmət qazanacaq. 
Bir ərəb olan Məhəmmədin bu cümləsi azərbaycanlı kişilərinin dillər əzbəridir: “Kişinin ən yaxşı sərvəti namuslu qadındır”. Bəs “namuslu qadın” ifadəsi ilə nə nəzrdə tutulur? Bakirəlik və vəfalılıq. “Namus” sözünün etimologiyasını bilirsiniz? Namus- bu, “qayda, qanun” deməkdir. Yəni kiminsə anası-bacısı, arvadı-uşağı, yaxud paçaarası məsələsi deyil. “Mənim namusum var” demək, “mənim qayda-qanunum” deməkdir. 
Azərbaycanlı əslində millət olaraq azərbaycanlıdır, daxilində, şüuraltında müsəlmandır. Azərbaycanlıların əsl ataları atəşpərəstlərdir, ögey ataları isə ərəblər. 
Heç fikirləşmisiniz ki, niyə islamın rəmzi ay və ulduzdur? Demək olar, bütün müsəlman ölkələrinin bayrağında ay və ulduz simvolu var. Təkcə İslamın yox, bütpərəst ərəblərin baş allahı da Ay allahı idi. Bu ərəblər nə üçün yapışıblar  Aydan, ulduzdan?
Ərəbistana diqqətlə baxın: toz, qum, ucsuz-bucaqsız səhra, başının üstündə alovdan top olan günəş. Bədəvi ərəb cəhənnəmin nə olduğunu yaxşı bilir. Və nə  onu gündüzün cəhənnəmindən xilas edir? Gecələr. Gecə düşür, ay və ulduzlar görünür, isti səhraya sərinlik gəlir. Gündüzlər istidən boğulan ərəblər gecələr rahat nəfəs alırlar, sevinirlər. Gördülər ki, təbiət günəşin simasında yox, ay və ulduzların simasında onlara gülümsəyir.”Ərəb gecələri” ifadəsi, “Min bir gecə” nağılları bu coğrafiyanın məhsuludur. Niyə “Min bir gündüz” yox, “Min bir gecə”? Gecələr romantik olduğu üçün? Əlbəttə, yox. Qızmar günəşin cəhənnəm atəşində Şəhrəzad nağıl danışardımı? Gündüzlər yaşamaq uğrunda mübarizədir, gecələr isə əyləncə və istirahətdir.  Özünüzü bir anlıq ərəblərin yerinə qoyun. Ərəb olsaydınız, günəşi, yoxsa ayı özünüzə allah seçərdiniz? 
Bir xalqın mədəniyyətini, dinini, düşüncəsini öyrənmək üçün onun coğrafiyasına baxacaqsan. İbn Haldun demişkən, coğrafiya taledir. 
Bunları sizə niyə ətraflı danışdım, çünki bu haqda ayrıca məqalə yazmaq istəmirəm. Qısacası, Məhəmməd özündən əvvəlki İsa kimi bu sirri bilirdi. İsa da heç bir kitab yazmayıb. Xristianlığın müqəddəs kitabları olan dörd incili onun həvariləri yazıb. Mattanın İncili, Lukanın İncili, Markın İncili, Yuhannanın İncili var, İsanın İncili yoxdur. Əslində “İsanın İncili” var, amma onu  Joze Saramaqo* yazıb da. İsa ancaq orda-burda, xalq içində gəzərək sevgidən danışıb, öləndən sonra heç bir kitab qoymayıb.  Bir sirri əbədi ürəyində saxladı, insanlara demək olmazdı, anlamayacaqdılar. İsa da özündən əvvəlkilər kimi bu sirri bilirdi: əsl dinin kitabı olmur. 
Musa da özündən sonra kitab qoymadı. Tövrat neçə minilliklərlə toplanan dini mətnlərdir. Musa yalnız 10 əmr gətirdi, vəssalam. 
 Bodhi ağacının altında aydınlanmış Budda 80 yaşında öləndə özündən sonra ardıcıllarına heç bir kitab vermədi. Yalnız dedi ki, heç kimin arxasınca getməyin, özünüz özünüzə işıq olun.  Buddanın təlimi və aforizmləri yalnız təxminən 200-300 il sonra yazıya köçürüldü. Son sözlərini çoxdan ardıcıllarına demişdi, amma bir sirri özü ilə sonsuzluğa apardı. 
Məhəmməd də, İsa da, Musa da, Budda  da bilinməyəni bilən idilər. Bu dörd şəxs  ölüm ayağında bu sirri əbədiyyət üçün qoruyub saxladılar. Bir gün gələcək kimsə bu sirri deyəcək və insanlar anlayacaqlar. Bu sirrin mahiyyəti nədən ibarətdir?
Əsl din kitaba ehtiyacı olmadan öz-özlüyündə mövcud ola biləndir.  Əsl dini yaşamaq lazımdır, oxumaq yox. Günəşin istisini sizə təsvir edə bilərəm, amma istiliyini verə bilmərəm. Bir çiçəyin qoxusundan danışa bilərəm, amma sizə həmin qoxunu hiss etdirə bilmərəm. Məhəbbətdən kitab yaza bilərəm, amma sizin əvəzinizə sevə bilmərəm. Əsl din həqiqətdirsə, həqiqətin kitab olmur. Din hiss ediləcək, görüləcək, qavranılacaq meditativ, rəqsvari bir şeydir. Əsl din rəqsdir, içindən gəldiyi kimi rəqs etmək. Bu rəqs yalnız sənə məxsus olan musiqidir. Din minillərdir tətbiq edilən qaydalar, rituallar deyil. Allaha gedən yol ibadətdən, kitabdan, orucdan keçmir -sənin daxilindən keçir: nə qədər öz dərinliyinə ensən, bir o qədər Allaha yüksələrsən. 
 Bəs onlar bu sirri heç kimə deməmişdirlərsə, mən haradan bilirəm?
 
23.03.22
 
 
 
əllif haqqında
ŞvartsMan (Tamerlan) 1991-ci ildə Bakıda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuşdur (2011-2015). 19 yaşında “Məktub”adlı ilk hekayəsini,  29 yaşında isə ilk romanını –“Məhəbbət üçün ürəkbulanma”nı yazmışdır. Saytlarda “ŞvartsMan” imzası ilə bir çox esselər və hekayələri çap olunmuşdur. Hekayələr: “Ştaynerin evi”, “Əlcəyini çıxarmadın”, “Sukaşnik”, “Üçbucaq”, “Ailə komediyası”, “İyrənc” və s. Esseler: “Mənim üç muşketyorum: Bodler, Niçe və Şirvani”, “Dağıdıcılıqdan yaradıcılığa” , “Ecce homo: Jesus, yoxsa Nietzsche” , “Dronqo və Anti-Dronqo”və s.
 
Müəlliflə əlaqə: gschwarzmann@mail.ru 
* dəbdən düşmüş, köhnəlmiş (fr.)
* dəyyus sözünün kökü deus-dur (zarafat)
* Essad Bey: Mohammed. 1932
*Nobel mükafatlı portuqal yazıçı. 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)