Azad Müzəffərli - Mənəvi hayqırtı
(Yunis Orucovun “Boraltan – azadlığın tələsi” tarixi romanı haqqında düşüncələr)
Ədəbiyyat ucsuz-bucaqsız dəryaya, okeana bənzəyir. Tanrı bəndələrinin xeylisi ağlı kəsəndən bu nəhəngliyin ovsununa düçar olur. Yunis Orucov da əlifbadan agah olandan ədəbiyyat sevdalısıdır. Ədəbiyyat səltənətinə səyahətdən doydum demək bilməyib. İstər Azərbaycan, istərsə də dünya bədii irsinə dərindən bələd olan soydaşlarımızdandır. Günlərin birində ədəbiyyat isimli dəryanın sahilində növbəti dəfə var-gəl edərkən daxili dünyasında çoxdan qövr eləyən istəyi ona nə təhər güc gəlibsə, bir də özünü bu okeanın gur dalğalarının qoynunda görüb. Beləcə, “Nargin – tükənməz kədər” adlı ilk tarixi romanını araya-ərsəyə gətirib. Onun tarixi roman yazmaq istəyi də təsadüfi xarakter daşımır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. “Türk xalqlarının mədəniyyəti XI-XV əsrlərdə” mövzusunda magistr disertasiyası da onun türklərin tarixinə, soy-kökünə tükənməz marağına, ən başlıcası, milli kimliyinə nə qədər həssaslıqla, doğmalıqla yanaşmasına dəlalət edir.
Yunis Orucovun “Boraltan – azadlığın tələsi” yeni romanı ilk növbədə məhz məqamında qələmə alınması, zamanla dolğun ayaqlaşması ilə diqqəti çəkir. Müəllif əsərinin girişində oxucuları böyük mətləblərə kökləməyə çalışır. Onun ön sözdəki nənəsi ilə bağlı acı xatirələri də təsadüfi xarakter daşımır, romanın ruhuna işarədir. Bu baxımdan əsərin “Atanı tap, Baycan” adlı ilk bölümü sanki çalxanan nehrəyə və ya amansız qasırğa öncəsi təbiətin təlatümünə bənzəyir. Zəhmli buludların meydan suladığı qaramat səmanı andırır. Bu hissədə publisistika ilə bədiiliyin əlbəyaxa olması da diqqəti çəkir. Müəllifin bədii təhkiyəsini cilalamaq, ədəbiyyat dünyasında yenicə açdığı rizdə daha inamla irəliləmək cəhdləri qabarıq özünü büruzə verir. O, roman boyunca oxucunu qayəyə kompleksdə yanaşmağa, geosiyasi konteksdə nəzər yetirməyə yönəldir. Özü də əsərdə qələmə alınanlar bu günlə birə-bir uzlaşır. Bədii gedişlər vasitəsilə müxtəli zamanlar arasında müqayisəli paralellər aparılır, hazırkı reallıqlara işıq salmağa özünəməxsus cəhdlər edilir. Roman Türkiyəni əhatələyən əksər dövlətlərin gizlin dərin məqsədlərinə hərtəfli güzgü tutur. Əsərdə rus imperiyasının bütün türklərə qənim kəsildiyi qabarıq ifadə olunur.
Romanın dili “Hava yaman soyuqdur” başlıqlı 2-ci bölümdən axara düşür, rəvanlaşır, məğz də dərinləşir. Bu bölümdə Mustafa Kamal Atatürkün romana daxil olması ilə əsərdə sanki dan yeri sökülür, süjet xətti nura boyanır. Məhz romanın bu bölümündən müəllifin yazıçı kimi püxtələşməsi aydın sezilir. Artıq obrazlı düşüncə yerini qədərincə alıb. Psixologizmin dərin qatlarına baş vurma cəhdləri də göz önündədir. Obrazların emosional durumu oxucuya dolğun çatdırılır, onların tipikliyi və səciyyəviliyinə də kifayət qədər nail olunub. Bədii texnika da tədricən yerini tutur. Oxucu əsər boyunca zəngin təəssüratlara köklənir. Bədii fəndlər də xeyli şaxələnib. Ruhsal qat da oxucunu özünə çəkir. Dilin canlı olması üçün müəllifin tər tökdüyü, yazı texnikasını mütəmadi təkmilləşdirmək əzmi də özünü qabarıq büruzə verir. Əsər boyunca müəllif bacardıqca obrazların daxili dünyasına daha dərindən nüfuz etməyə çalışır. Təhkiyə, dil və təsvirin vəhdəti naminə şüurlu iş göz qabağındadır. Təbii ki, qələmini ədəbiyyatda yenicə sınamağa başlayan kəslərdə bu heç də həmişə rəvan alınmır. Ən əsası, ümumilikdə bu baxımdan şüurlu yanaşma, nəzəriyyəyə daha dərindən yiyələnmə istiqamətində ardıcıl səylər və nəbzi tutma istedadı həlledicidir. Məğzin dərinliyinin oxucuya qədərincə çatdırılması üçün müəllifin müdrikliyi və şəxsi qənaətlərinin sual doğurmaması da vacib şərtlərdəndir. Bu baxımdan Yunis Orucovun romandakı bir çox taleyüklü qənaətləri ən azı təqdirəlayiqdir. Əsər boyunca vizuallıq da aydın sezilir. Bu da təbiidir. Ağlı kəsəndən, əli qələm tutandan publisistikanın, telejurnalistikanın sirlərini dolğun əxz edən müəllifin əsərində vizullığa nail olunması sual doğurmur. Təhkiyənin oynaqlığının təkmilləşdirilməsi istiqamətində cəhdlərin də səngimədiyi diqqəti çəkir. Bunun əsərdəki emosional qatla peşəkarcasına uzlaşdırılması da vacib məqamlardandır. Azər, Araz, Baycan və digər obrazlar mahiyyətcə tipik və rəmzi anlam kəsb edir. Tarixi romanın uğurlu alınmasında müəllifin dövlət başçısının fəaliyyətini uzun müddət gündəlik olaraq işıqlandıran peşəkar jurnalist kimi müdrik yanaşması da vacib rol oynayıb.
Əsərdə türklərin dünəninə geosiyasi miqyasda əhatəli baxış başlıca yer tutur. Bir çox publisistik mətləblər bədii dillə oxuculara yetirilir. Bu baxımdan roman indi dünyada baş verənlərdən, o cümlədən, Rusiyanın Ukraynaya qarşı nanəcimliyindən qədərincə baş açmağa da ip ucu verir. Ukrayna hadisələri rusların əsl mahiyyətini dolğunluğu ilə ortaya qoyur. Qolodomorun – cəmiyyəti azad düşüncəli insanlardan təmizləmə, milli elita və onun sosial bazasının məhv edilməsinin bu gün də eynilə, sadəcə başqa libasda təkrarlandığını təsdiqləyir. Əsərdə dünyanın say-seçmə millətlərini yamsılayaraq özlərini matah kimi qələmə verməyə çalışan rusların mayasının əslində fitnə-fəsaddan yoğrulduğu dolğun əksini tapıb. Roman biz türklərin bu qarı düşmənlə nə qədər ehtiyatlı davranmalı olduğumuza bir daha şübhə yeri qoymur. Təbii ki, öz soy-kökündən olanlara qarşı olmazın amansızlıqlar edən qondarma toplumdan hər cür naxələflik gözləmək mümkündür.
Bütün türk dünyasının fəxri, dahisi Mustafa Kamal Atatürkün israrla təkrarladığı Sovet İttifaqı ilə dostluğu geosiyasi maraqlar naminə nəyin bahasına olursa-olsun davam etdirməyin vacibliyi, tezliklə İkinci Dünya savaşının başlayacağı, başda Almaniya və İtaliya olmaqla Avropadakı avantüristlərin dünyanı qana boyayacağı, ingilislərlə amerikalıların bolşeviklərlə işbirliyinin timsalında burjuaziyanın tabularının fəhlə-kəndli maraqlarını tapdalamaması eybəcərliyi, eləcə də, türklərin qatı düşməni Stalinin Qara dəniz hövzəsini türklərdən qəsdən təmizləməklə Türkiyə ilə əlaqəni tamamilə kəsmək cəhdləri, Qars və Ərdahanı Türkiyədən qoparıb xaricdəki erməniləri ora köçürmək, boğazlara dair Montrö razılaşmasına yenidən baxılması bəd niyyəti və sair incə faktlar tarixi romana dolğunluq gətirir. Müəllifin böyük mətləblərə dərindən bələdliyindən xəbər verir.
“Boraltan – azadlığın tələsi” romanı əslində müəllifin vətəndaş hayqırtısıdır, mənəvi ehtiyacdan qaynaqlanıb. Əsər turançılığa çağırış ruhunda yazılıb. Türk tarixinin qara səhifələrindən biri olan Boraltan faciəsinin – 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası hökumətinin Türkiyəyə doğmaca Vətəni kimi sığınan 146 soydaşımızı ruslara təhvil verməsi səhnəsi ən azı acı təəssüf doğurur. Heç cür sağlam məntiqə sığmayan bu cür ölçüyəgəlməz xəcalətin bir daha təkrarlanmaması üçün dünya türklərinnin mənəvi birliyinin zəruriliyi bu əsərin başlıca qayəsidir. Zənnimcə, bu məqamda məhz əsl vətəndaşlıq mövqeyi və millətinin layiqli ziyalısı kimi Yunis Orucovun halalcasına 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalına layiq görüldüyünü də yada salmaq yerinə düşər. Bütövlükdə, roman müəllifin ədəbiyyat səltənətinin layiqli sakini olmaq yolunda növbəti inamlı addımıdır. Əsər boyunca qələmin dilində kitabın redaktoru, əməkdar jurnalist Firuzə Nadirin nəfəsi də aydın duyulur. Təbii ki, halallıq naminə Yunis Orucovun hər iki kitabının nəşrində müəllifə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da xeyirxah məramına görə xüsusi təşəkkürü haqq edir. Yunis, qələmin iti olsun!