Edebiyyat.az » Ədəbi tənqid » Mehman Qaraxanoğlu - Tənqidçi sənətkarın azadlığına heç bir zaman dil uzatmamalıdır.

Mehman Qaraxanoğlu - Tənqidçi sənətkarın azadlığına heç bir zaman dil uzatmamalıdır.

Mehman Qaraxanoğlu - Tənqidçi sənətkarın azadlığına heç bir zaman dil uzatmamalıdır.
Ədəbi tənqid
admin
Müəllif:
06:27, 25 oktyabr 2023
561
0
Mehman Qaraxanoğlu - Tənqidçi sənətkarın azadlığına heç bir zaman dil uzatmamalıdır.




 Oskar Uayldın “Dorian Qreyin portreti” romanına yazdığı önsözü, yəqin ki, tənqidçilərimiz oxumamış deyillər. Amma çifayda?! Çünki həmin tənqidçilər ta əvvəldən  bolşevik təfəkkürlü kinli, ədəbiyyatın onlarla başlayıb onlarla da qurtaracağını düşünən,  protez dişlərlə hər cür yeniliyin üstünə atılıb onu parça-parça etməyə hazır olan konformist ədəbi bosslarının dediklərinə müticəsinə əməl etmiş (çünki özləri də o konfortun həsrətini çəkiblər), bir növ onların şəxsi varidatlarının bir hissəsinə və ya obrazlı desək, arabalarının özəl vintciyinə çevrilmişlər. Heç bir təşəbbüs-filan göstərmədən ara-sıra kələ-kötür yollarda bu vintciklər itaətkarlıqdan və qul psixologiyasından xilas olmaq üçün azacıq yerindən oynayanda həmin ədəbi bossların qiyamı başlanır. Yəni, mənim iznim olmadan "düşmənim" haqda necə yaza bilərsən?! İnsafən, haqları da vardır. Çünki vaxtilə həmin tənqidçilərin: -  “Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım” – hayqırışları rəngi avazımız qoca qulaqlarından getməyib... 

Bəs Oskar Uayldın tənqidçi obrazı kimdir?

1. Tənqidçi bədii əsərdən aldığı estetik təəssüratlarını bölüşən adamdır.

2. Nə qədər əqrəbləri aşağı, yuxarı çəksən də tənqid avtobioqrafik səciyyə daşıyır.

3. Tənqidçi asanlıqla əxlaqsıza çevrilə bilər. Bu, estetik gözəlliyə arxa çevirəndə baş verir.

4. Gözəllikdə gözəlliyi görən tənqidçi isə çox mədəni adamdır.

5. Kalibanın qəzəbi tənqidçinin gözlərini kor edib. Mərhəmətli Kanibal yoxdur. (Bax: kannibalizmə)

6. Tənqidçi sənətkarın azadlığına heç bir zaman dil uzatmamalıdır.

7. Hər bir gözəl əsərin üst və rəmz qatı olur. Hələ dahi Nizami yazırdı ki,  “Yeddi gözəl”imi zahirçilər və batinçilər üçün yazdım. Üst qatı açmağa çalışan tənqidçi (təhliliçi) də risk etmiş olur, rəmzləri açan da...

8. Sənəti gerçək həyat kimi qəbul edən yanılır. O, sadəcə, güzgüdür. Güzgü məsələsində səhv etməyin, sənət güzgüyə baxanların güzgüsüdür! Mübahisə doğurursa, demək, onda nəsə vardır.

9.  Sənətkar onsuz da özünə sadiq qalacaq. Tənqidçinin dedikləri lori dillə desək, elə onun özünə qalacaq. Çünki o öz güzgüzünə baxıb yazır. 

10.   Biz öz işlərimizi sevə-sevə gördüyümüzdən onun faydasız olduğu haqqında heç bir zaman düşünmürük. Buna görə Tanrı bizi bağışlayar. 

11.  “Gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək!” (Salam) Sizə şad bir xəbər verim: Bütün sənətlər faydasızdır!!!


Buyurun, bu da Oskar Uayldın şedevri:

“Rəssam estetik gözəllik yaradan adamdır. Sənətin məqsədi özünü və sənətkarı cəmiyyətə tanıtmaqdır. Tənqidçi isə estetik gözəllikdən aldığı təəssüratını yeni forma, yaxud yeni vasitələrlə bölüşdürmək bacarığına malik adamdır. Tənqidin ali, ya da aşağı forması – avtobioqrafiya növlərindən biridir. 

Estetik gözəlliyi olan şeylərdə eybəcər mənalar axtaran adamlar – əxlaqsız adamlardır; və bu tərbiyəsizlik heç də onları cazibəli göstərmir. Bu, böyük qüsurdur. Estetik gözəlliyi olan şeylərdə ali məna tapanlar mədəni adamlardır. Onlara ümid etmək olar. Onlar seçilmiş adamlardır və estetik gözəllikdə yalnız bir şeyi görürlər: gözəlliyi! 

Yaxşı və yaxud pis kitab olmur; yaxşı və yaxud pis yazılan kitablar olur. Vəssalam. XIX əsr realizmə nifrət bəsləyir; bu, öz əksini güzgüdə görən Kalibanın qəzəbinə bənzəyir. XIX əsr Romantizmi sevmir; bu da öz əksini güzgüdə görməyən Kalibanın qəzəbidir. 

Sənətkar üçün insanın əxlaqi həyatı onun yaradıcılıq mövzularından yalnız biridir, amma sənətin əxlaqiliyi natamam, qeyri-mükəmməl vasitələrin mükəmməl ifadəsindən ibarətdir. 

Sənətkar heç nəyi sübut etməyə çalışmır. Hətta danılmaz həqiqətləri də sübut etmək olar. Sənətkar əxlaq dərsi demir. Əgər sənətkarın belə bir niyyəti və cəhdi varsa, onda onu bağışlamaq olmaz; o, süni üslub yolu tutan adamdır. Sənətkarı qeyri-sağlam meyillərə vadar etməyin; o, azaddır, hər şeyi təsvir edə bilər. Sənətkar üçün Fikir və Dil vasitədir. Xeyir və Şər isə onun yaradıcılığı üçün sənət materialıdır.

Forma baxımından bütün sənətlərin örnəyi musiqi sənətidir. Hissiyyat baxımından götürsək, aktyorluq sənəti ən həssas sənətdir. Hər bir sənətdə üst qat və rəmz olur. Kim ki üst qatın dərinliyinə varmaq istəyir, riskə getmiş olur. Kim ki rəmzləri açmaq istəyir, o da risk etmiş olur. 

Sənət həyat deyil, güzgüdür və o güzgüyə baxanların əksidir. Əgər sənət əsəri mübahisə doğurursa, deməli, onda nəsə təzə bir şey, mürəkkəb və əhəmiyyətli bir şey vardır. Qoy tənqidçilər müxtəlif fikirlər söyləsinlər, onsuz da, sənətkar özünə sadiq qalacaqdır. Biz insanı faydalı işlər gördüyünə və bundan heç də məmnun qalmadığına görə bağışlaya bilərik. Faydasız iş görən adamı da o zaman bağışlamaq olar ki, o, bu işi sevə-sevə, özü də ehtiraslı sevgi ilə görsün. Hər bir sənət tamamilə faydasızdır.”

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)