Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin — "Tənha kentavr" kitabı üzərinə düşüncələr

Nemət Mətin — "Tənha kentavr" kitabı üzərinə düşüncələr

Nemət Mətin — "Tənha kentavr" kitabı üzərinə düşüncələr
Ədəbi tənqid
admin
Müəllif:
01:22, 25 may 2024
798
0
Nemət Mətin — "Tənha kentavr" kitabı üzərinə düşüncələr




 Nikolay Qumilyov bir məqaləsində yazır:

 "Qafiyə məsələsi çox şairləri düşündürüb: Volter eşitmə (qulaq) qafiyələri, Teodor de Banvil – görmə qafiyələri tələb edirdi, Bayron isə həvəslə öz adlarını qafiyələndirmişdi. Parnaslılar – zəngin, Verlen sönük qafiyələrdən istifadə edirdi. Simvolistlər isə daha çox assonansa (ahəngə) qaçırdılar."

 Qumilyov Əlisəmid Kürün şeirlərini oxusaydı, bunların hamısının cəmini görərdi. Sanki şair bütün ağrı-acısını, gördüklərini, duyduqlarını hər şeirində vərəqlərə boşaldıb. Məhz boşaldıb. Çünki insan içində gəzdirə bilmədiyi ağırlığı, kədər "səbətindən" mütləq və mütləq boşaltmalıdır. Ürək dözməz. Baş çatlayar...

 

  Alnımın qırış yerindən

  Taleyin çaparı keçir

  Bu yurdun süyər yerindən

  Bir ölüm qatarı keçir, —

  Elim qan-tər içində, anam,

  Obam qan-tər içində.


 Qədim yunan filosofu, Platonun şagirdi, Aleksandr Makedonskinin tərbiyəçisi Aristotel yazır ki:

  "At qaçış üçün, öküz yeri sürmək üçün, it axtarış üçün yaradılıbsa, insan da hansısa ölüm Allahı kimi nəticə çıxarmaq və hərəkət etmək kimi iki şey üçün yaradılıb."

  Sonradan qurd-kəpənək misalı Buddaya çevrilmiş Siddhartha ağacın altında oturub meditasiya etməkdən bir şey çıxmadığını anlamırdı. Günlər belə boş-boş axıb keçirdi. Bir gün eşidir ki, qayıqçı qayığında simli alətdə ifa edir. Gözlərini açır. Sanki aydınlanır. Sim dartılmasa səs çıxara bilməz. Hərəkət buna görə vacibdir. Hərəkətdən nəticə çıxarmağı Əlisəmid Kürün şeirlərində tez-tez görürük:

 

 Tütünə öyrəşən təki

  Bu daha bir vərdişdi, Vətən.

  Mən səni sevə bilmədim,

  Sənə öyrəşdim, Vətən!


  və ya;


  Səcdənə gəldim, 

  Ayaqlarını suya qoy, 

  Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!

 

 Şair, esseist Ezra Paund "Şeir necə yazılmalı" essesində qeyd edir:

 <<1912-ci ilin yazında (bəlkə də yayın əvvəlləri idi) mən, H.D və Riçard Aldinqton aşağıda qeyd edəcəyim üç əsas prinsiplə bağlı razılığa gəldik:

1.Subyektiv və ya obyektiv olmağına baxmayaraq "məsələni” birbaşa həll eləmək.

2.Məqsədimiz üçün yararlı olmayan əlavə bircə kəlmə də istifadə etməmək.  

3.Şeiri, metronom səsinin yox, musiqi melodiyasının ritminə əsasən yazmaq.>>

 Əlisəmid Kür özü də bilmədən şeirlərində üç bəndin üçünə də əməl edir. Daxili vulkanlar hesabınamı, ilahidən gələn vəhdənmi, ağrılı-acılı əzab dolu ömürdənmi, adamın cızdağını çıxaran düşüncələrdənmi, qıldan incə hisslərəmi görədir bilmirəm. Bircə onu bilirəm ki, hər şeirdə bir məna yükü var. 

 

Ayrılıq çox şeylər

öyrətdi mənə.

Bacarsan,

ürəyimin şəklini çək, —

as yaxandan...

Bu ürək mənim deyil ki...

Sənindi.

Bilənlərin nə vecinə,

bilməyənlərin nə qulağına?!.


Bir insan ki, hər an şeiri, sözü düşünmədisə, cümləni qurmağı sevmədisə, hiss etmədisə yazdığını, ətrafda gördüklərində mistika duymadısa, heç nə alınmır. Əlisəmid Kürlə atüstü bir dəfə görüşmək kifayətdir ki, onun sözlə, fikirlə, incə bəndlə nəfəs aldığını anlayasan. Sözdən yoğrulmuş Kentavr. Necə bir halda olmalısan ki, işıqlar sönəndə qarışqa misalı yük daşıyan adamları kentavra bənzədəsən? 

 

Başın bədənindən ayrı,

Bədənin başından ayrı.

özün özündən qaçırsan, 

gedirsən qəmin üstünə

söyüşə-söyüşə.

Yaşamaqçün, ölməməkçün

Atlar örüşə gedir,

Kentavrlar — döyüşə!


 Mən iki şairi könül rahatlığı ilə oxuyuram. Çünki onlar özüdür. Nə yaşayır, nə düşünür, nə görürsə, onu yazırlar. Biri Mahir Mehdidir, biri də Əlisəmid Kür. Onları oxuyanda külək də bir ayrı cür əsir. Vıyıldamır. Not üzərində pıçıldayır. Həzin-həzin. Aram-aram...

 

...Üzün yadımdan çıxır.

İlğım axır dalğa-dalğa

yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan...

—Alo! Alo!

—Ata, məni eşidirsən?

—Al-lo, mən səni görürəm, qızım...



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)