Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Rauf Ra ilə bağlı xatirələr.

Nemət Mətin - Rauf Ra ilə bağlı xatirələr.

Nemət Mətin - Rauf Ra ilə bağlı xatirələr.
Ədəbi tənqid
admin
Müəllif:
20:12, 16 noyabr 2024
725
0
Nemət Mətin - Rauf Ra ilə bağlı xatirələr.




Sonrası daha da qəribə oldu.

qorxular ümidə dönüşdü o gün,

mən sirri hamıyla bölüşdüm o gün,

bir ömür sirrimi bilən olmadı.

Günəş də üfüqdə ilişdi, qaldı,

qarşıma mürdəşir çıxdı sübh çağı,

dedim ki, bu gecə ölən olmadı.

Dedilər, yazığın bağrı çatladı.


 Rauf Ra ilə söhbət təkcə ədəbiyyat üzərindən ola bilərdi. İstinasız ədəbiyyata bağlı insan idi. Seyid Əzim Şirvanidən bir qəzəl, Həmid Hərisçidən bir bənd deyən kimi gözləri işıldayırdı və siqaretdən dərin bir qullam alırdı. Bu onun üçün ən gözəl an idi. Və yaxud hansısa ədəbi fikri müdafiə edəndə böyük şövq ilə danışırdı. Sanki bununla yaşayırdı. Bir dəfə Elvin Rizvangil ilə kirayə qaldığı evə qonaq getmişdik. Xudmani stol açıldı. O darısqal yerdə bütün dünyadan danışdıq. Söz sözə, fikir fikirə, cümlə cümləyə calandı. Badələr toqquşdu, ürəklər isinişdi, dodaqlar qaçdı. Məclisin sonunda şair Ələsgər Əhməd ilə meyxana dəyişməsi də etdilər. 

 İlk tanışlığımızı xatırlayıram. Gənc qələm adamlarıyla müntəzəm olaraq görüşdüyüm ərəfələr idi. Bir yazarı da dəvət eləmişdim. Rauf Raya və həmin gəncə kitabımdan hədiyyə etdim. Şəkil çəkdirdik. Söhbət qızışdı. Siqareti siqaretlə yandırdıq. Otaq tüstüyə bürünmüşdü. Arabir pəncərəni də açırdıq. Amma çifayda. Duman dağılmırdı. O biri gənc siqaretin zərərlərindən, tərgitmə üsullarından kitab yazdığı üçün həmin mövzuda xeyli danışdı. Mən Raufa, Rauf da mənə baxıb gülümsəyirdik. Bu qədər tüstü-dumanın içində siqareti pisləmək günah olardı...

 Başqa bir günü xatırlayıram. Rauf Raya sürpriz etməyi planlaşdırmışdım. Yazısını ədəbi portala (Edebiyyat.az) yerləşdirib ona göndərəndə hirsləndi. Şəklini silməyini xahiş etdi. Mən də tərs adam. Silmədim. Neçə dəfə zəng elədi. Yazdı. Axır sildirdi mənə. Şəkli dəyişdirdim. Çünki şəkilə qarşı fobiyası vardı. Ümumiyyətlə şəkil çəkdirməyi sevməzdi. 

 Bir dəfə də gənc yazarlardan, şairlərdən müsahibə alırdım. Növbə Raufa çatanda hiss elədim ki, ayıq adamdır. Fərqli cavablar verir. O müsahibə səhv etmirəmsə, birinci və axırıncı müsahibəsi oldu. 

 Onun kimi mətnə həssas yanaşan insan görməmişdim. Azər Qismətin "Xanım taksi" kitabını Nicat Həşimzadə ilə dəfələrlə redaktə elədilər. Əl çəkmirdilər. Sözə, cümləyə, fikirə olan hörməti sonsuz idi.

 Bir də rəsmləri sevirdi. Kənddə evlərinin divarına (Quba, Nüqədi) köz ilə Van Qoqun portretini çəkmişdi. İncəsənətə dair yazılar da yazırdı.


Quşlar yol olar, uzanar üfüqə, Vinsent,

cığır hər gün özündən keçər, sonuna çatmaz.

Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”


 Bu bir şeirinin son misralarıdır. Məclisdə səsləndirdi. Sonra soruşdu ki, "La tristesse durera toujours” nə deməkdir bilirsiniz? Susduğumuzu görüb dedi:

—Kədər əbədi olaraq davam edəcək. Van Qoqun son sözləri...

Məclisə sükut çökdü...

 Sonra ədəbiyyatdan küsdü. Şeirdən incidi. Sözə nifrət elədi. Uzaqlaşdı. Başdan ayağa dəyişildi. Ona kimi həmyaşıdı olan şairləri çox qınadı. Bayağılıq, təkrarçılıq, pafoslu bəndlər düşməni idi. Hamıdan uzaqlaşdı. Ədəbi camiədə heç kim onunla əlaqə saxlaya bilmədi. Nömrəsini və müvəqqəti yaşayış yerini də dəyişdi. Saç düzümünə qədər yenilikçi və minimalist oldu. Qaydasız döyüşü öyrənmək üçün müəllim yanına gedirdi. Arıq şair cüssəli idmançı oldu. Və birgün bizim həmişə yığıldığımız məclisə təşrif buyurdu. Yenə söz sözə, cümlə cümləyə, sağlıq sağlığa qarışdı. Nə bilərdik ki, son görüşümüzdür. Sanki vidalaşmağa gəlmişdi. Bilsəydim onu daha möhkəm qucaqlayardım. Çox heyif...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)