Rövşən Yerfi - ÇİÇƏK

Cəfər Cabbarlının əbədi, ölməz xatirəsinə...
Həyatda Çiçək üçün bu gündən ağır, çətin gün ola bilməzdi. Altı yaşından bəri onu əzizləyib böyüdən, anadan artıq sevdiyi Validə bibisini itirmişdi...
Dünən deyib-gülən, ona nəsihətlər, tapşırıqlar verən bibisi gecə yuxuda ikən keçinmişdi. Ruhu bədənindən ayrılaraq quş kimi uçub səmanın dərinliklərinə yüksəlmişdi. Təbəssümlü, mehriban bənizi nurlanmış, yatağındaca əbədi yuxuya getmişdi. Elə, çox da, qocalmamışdı, beş aydı pensiyaya çıxmışdı.
Tez qonşu ölkədə yaşayan tək oğlu – Nurəddinə xəbər etmişdi. Nurəddin təzə arvadını da götürüb bir sutkaya özünü yasa çatdırmışdı.
Yanaşı əyalətdə yaşayan anası vəfat etsəydi, heç onu belə yandırmazdı. Dünyada ən yaxın, ən əziz adamından məhrum olmuşdu. Özünü tam tək-tənha, kimsəsiz duyurdu. İndi necə olacaqdı, bibisiz necə yaşayacaqdı?.. Onu kim əzizləyəcəkdi, xətrini kim istəyəcəkdi?.. Düşünəndəki bibisinin sevimli gözlərini bir daha görməyəcək, xoş, ilıq səsini heç vaxt eşitməyəcək, o, yalnız yuxularının qonağı olacaqdı, ürəyi sızlayırdı.
Dərddən qışqıra, çığıra bilmirdi, səsini içinə qısıb aramla ağlayırdı. Axan ipisti göz yaşları yanaqlarını yandırdıqca, elə bil şüuru təzələnir, ürəyini qarsadan qəmi azalırdı. “Qoy ağlasın, sinəsi boşalsın,” sözünün mənasını indi başa düşürdü.
Bəxtsiz taleyi ondan nə istəyirdi? Azmı zərbələr vurmuşdu? Dünyaya gələndən bədliklə bir yerdə doğulmuşdu. Elə, həmin gün atası ondan imtina etmişdi. Səbəb də, o olmuşdu ki, dünyaya vaxtından xeyli əvvəl gəlmişdi. Bir başqasının deyiklisi olduğunu bilə-bilə məcbur qız qaçıran atası, o, doğulandan sonra anasını da, boşamışdı: “qız məndən deyil”! Atası şübhəsində haqlımı olub, ya axmaqlığındanmı edib, Allah bilir. Kimsə onu fikrindən daşındıra bilməmişdi. Ağlı olan başqası ilə adı çəkilən qızı məcbur qaçırarmı?..
Allah beləsini çox cəzasız saxlaya bilməzdi. Oniki yaşında eşitdi ki, Vəliyəddin qayanın başında atdan yıxılıb, uçuruma yuvarlanıb. Dərənin içinə çatanadək şil-küt olub. Kim bilir, bəlkə də, baş verən “bədbəxt hadisə”ni qisas əvəzi etmişdilər. O zaman anası bibisinə başsağlığı vermək üçün gəlmişdi. Fürsət tapıb anasından soruşmuşdu: “doğrudanmı, Vəliyəddin mənim atam deyil, mən başqasının qızıyam? Doğrusunu de, mən həqiqəti bilmək istəyirəm.”
Gözləmədiyi sualdan anası tutulmuş, sonra təmkinini pozmayıb, onu çox da, razı salmayan cavab vermişdi: “doğrusu sənə deyiləndi, mən başqa həqiqət tanımıram.” Onların otağa Validə bibi daxil olduğundan söhbət yarımçıq kəsilmişdi.
Vəliyəddin boşadıqdan sonra, körpəsini götürüb atası evinə qayıdan Gülsabah az keçmiş özündən onbeş yaş böyük, arvadı rəhmətə getmiş, iki uşaqla dul qalmış Bədirxana ərə gedir.
Anasının Bədirxana ərə getməsi ilə onun qara günləri başlayır. Atasından doğulan gündən bir adi nəvaziş görməyən Çiçək atalığının da, gözünün düşməni olur: “iti görüm, qurdu görüm, bu qızı görməyim,” - deyirdi. Allahdan qorxmasaydı, boğub öldürərdi. Özü və mərhum arvadından olan iki azyaşlı uşağı körpəni gözüqara etmişdilər. Bütün günü yerli-yersiz üstünə acıqlanır, qışqırırdılar. Evdə nə xoşagəlməz hadisə olsaydı, onu günahkar çıxarardılar. Ərinin qorxusundan dillənə bilməyən Gülsabah onu birtəhər, bir yolla qorumağa çalışardı. Körpə sərbəst gəzməyə başlayanda, ərinin və onun uşaqlarının mənəvi təzyiqindən, basqısından yayındırmaq üçün çox vaxt həyətdəki ev qazlarını qarşısına qatıb, evdən kənardakı çəmənliklərə qaz otarmağa göndərərdi. Yayın istisində qarala, qışın soyuğunda dona, Çiçəyin günü qaz otarmaqla keçərdi.
Məktəb yaşına çatanda, onun çəkdiyi əzablardan xəbər tutan Validə bibisi gəlib Gülsabaha: “ver bu qızı, aparım saxlayım”, - deyər. Bədirxan da, etiraz etməz, ürəyindən olar.
Birinci sinfə gedəndən Validə bibisi onu öz qızı kimi qoruyub böyütmüşdü. Bibisi qırx səkkiz yaşı olanda, əri yol qəzasında vəfat etmişdi. Həmin il oğlu Nurəddin peşə təhsili almaq üçün şəhərə getmişdi. Qəsəbənin tibb məntəqəsində xadimə işləyən bibi, atalığının Çiçəyə xoş gün vermədiyini biləndə, dözməyib qızı onlardan alıb saxlamaq qərarına gəlir. “Tək adamam, mən də, darıxmaram, gəlin köçənədək qızım olar,” – deyərmiş.
İllər keçər, Çiçək qızlar bulağından su içəndən sonra, xasiyyəti, davranışı xoşuna gələr, könlünə yatar, fikrini dəyişər. “Belə gözəl qızı gözüm görə, özgəyə niyə verirəm, öz oğluma alacağam. Evimin içində ola-ola, başqa qızı neyləyirəm”, - qərarına gələrmiş.
Bibi-bala bir-birlərini çox istəyirdilər. Çiçəyin istəməyə ayrı kimsəsi də, yox idi. Atasının anasından sonra aldığı qadından olan iki bacısı, bir qardaşı, atalığının onu gözümçıxdıya salan iki oğlundan başqa, anasından olan bir qardaşı və bir bacısı da, vardı. “Bəxtəvər” bacı-qardaşdan bol idi. Amma, onların heç birinin Çiçəyi götməyə gözləri yox idi. Sanki, o, gərəksiz, artıq bir insandı, dünyaya nahaqdan gəlmişdi. Olmaması, daha , münasib sayılardı.
Bu genişlikdə dünyada, bu qədər qohum-əqrəbanın , dayıların, əmilərin, xalaların içərisində tək pənahı Validə bibisi idi. İçindəki tənhalıqdan, dolanışıqdakı kasıblıqdan, başqa əyləncəsi olmamaqdan əlifbanı öyrənəndən meylini mütaliəyə, kitab oxumağa salmışdı. Dərsləri ilə yanaşı hər gün bədii ədəbiyyat oxuyurdu. Məktəb kitabxanasında olan əksər klassiklərin kitablarını alıb oxumuşdu. Bəzən oxuduqlarını bibisinə də, nağıl edərdi. Bibisi onun zəkasına heyran qalardı. “Mənim ağıllı qızım, sənin oxumağa belə həvəsin var, kaş pulum olaydı, səni oxudaydım,” – imkansızlığına təəssüflənərdi.
Orta məktəbi bitirməyə az qalmış bibisi tələsdi:
-Qızım, bu gündən sabaha ümid yoxdur. Mən istəyirəm, nəqədər sağam, səni Nurəddinlə evləndirim. Bilirəm, sən oxumaq istəyirsən, oxumağını gözləsəm gec olar. Oxumaq tələsmir, canında varsa, gələcəkdə evli də olsa, oxuyacaqsan. Mən buna inanıram. Gəl ki, mən də, rahat olmaq istəyirəm ki, borcumu yerinə yetirim. Öləndə də rahat ölüm. Arxayın olum ki, sən də, başsız, yiyəsiz qalmayacaqsan. Nurəddinə də, istəyimi demişəm...
Nurəddin bu zaman peşə təhsili ilə kifayətlənmiş, əskərlikdən qayıtmış və beş ildən artıq idi, pul qazanmaq adı ilə qonşu ölkəyə getmişdi.
Bu evə gələndən, Çiçək, bibisinin oğluna qardaş gözü ilə baxmışdı. Nurəddinin mütaliə ilə, kitab oxumaqla arası yox idi. O, dünyaya tamam ayrı baxışı olan insan idi. Hər işdə onu, yalnız, fayda, maddi gəlir maraqlandırırdı.
Uyğun deyil, fərqli adam olsa da, Nurəddinə böyük hörməti vardı, lakin, ona qarşı qəlbən laqeyd idi, sevgi hissi yox idi. Duyurdu ki, heç Nurəddin də, onu özünə sevgili saymır, sadəcə, anasının xətrinə etiraz edə bilmir.
Nə etsin?.. Dünyada bir qoruyucu mələyi, ümidi, sevdiyi insanın – Validə bibisinin əksinəmi çıxsın? Tərəddüd işində qovrula-qovrula qalmışdı, nə hə, deyə bilirdi, nə də, yox.
Razılıq verməyə çətinlik çəkdiyini anlayan bibisi onu arxayınlaşdırmışdı:
-Başa düşürəm, səni, qızım. Sizdə hələ bir-birinizə qarşı istək əmələ gəlməyib. Heç narahat olmayın, istək əmələ gələcək. Sevgi nədən yaranır? Bir-birinizin vərdişini almağınızdan, öyrəşməyinizdən, sonra da, uşaqlarınız olur, tam bir-birinizə bağlanarsız. Düzələcək, vaxt gərəkdir. Vaxtı gələndə sevginiz də, olacaq.
Dalısıyca “ah” çəkib əlavə edirdi:
-Mən də, rəhmətlik ərimlə belə olmuşam. Əvvəldən Leyli-Məcnun olmamışıq, sonralar elə isinişmişdik ki, elə bil, bir-birimiz üçün yaranmışdıq..
Bu sözlərdən sonra, onu on ildən çox ana təki əzizləyən, bəsləyən, onun xoşbəxtliyini istəyən insana necə “yox” deyəydi?.. Susdu, gözlərini yerə dikdi. Validə bibi bunu razılıq kimi qəbul etdi.
Orta məktəbi bitirən ayda Validə bibi onun Nurəddinlə toyunu etdi. Dini kəbin kəsildi. Yaşı hələ on səkkiz olmadığı üçün rəsmi nikah qeydiyyatını dilə-dişə salmadan, üstün vurmadan gələn ilə saxladılar.
Nə edəsən ki, bibinin arzuladığı kimi alınmadı, onlar bir-birilərinə öyrəşə bilmədilər. Toydan üç ay keçmiş, Nurəddin dözə bilmədi. Dolanışığın agır olmasını, ürəyincə iş tapmamasını bəhanə edib, yenidən qonşu ölkəyə qayıtdı. Hər üç-dörd aydan bir gəlib on gün qalıb, geri qayıdırdı. İl tamamında nəvə gözləyən bibi narahat oldu, onu həkimə apardı, hamiləliyin yoxlatdı, məlum oldu ki, hələ heç nə yoxdur.
Növbəti dəfə Nurəddin xaricdən gələndə, bibi haray saldı ki, niyə başısoyuqluq edirsən? Götür qızı, gedin həkimə, onu da özünü də yoxlat, mən nəvə istəyirəm.
Getdilər həkimə, diaqnozlar hər şeyin öz qaydasnda olduğunu göstərdi. Ancaq, Nurəddinin əhvalı tutqun idi, nə isə bilib deməyən, gizlədən adama oxşayırdı. O əhvalla da, xaricə yola düşdü.
Bu get-gəllə evlilikləri üç ilə çatanda Nurəddin ona gizlin etiraf etdi ki, “anam bilməsin, bizimki alınmayacaq. Həkimlər deyirlər ki, qarşılıqlı sevginiz olmadıqca, uşağınız olmayacaq.”
Doğrudanmı belə idi, yoxsa özündən uydururdu, bilmədi. Etirafı adi qarşıladı, pərt olmadı. Nurəddin ürəkləndi:
-Sən, anlaqlı qadınsan. Gizlin də edə bilərdim. İstəmirəm, nə vaxtsa eşidəndə özünü təhqir edimiş sayasan. Mənə övladım olması üçün icazə ver, orada sevdiyim qadınla yaşayım...
Hələ ötən dəfədən Nurəddinin halı buna görəmi tutqunlaşmıçdı, - fikirləşdi. Durub haray qoparsın, aləmi bir-birinə qatsın, xeyirliyə nə dəyişəcəkdi? Dava-dalaşla sevgilimi olacaqdılar? Əksinə, yazıq bibi infarkt keçirib ürəyi partlayacaqdı.
-Haralıdır, kafirdimi?
-Yox, yox, nə danışırsan? Özümüzdəndi. Peşə litseyində oxuyanda sevirdim. Mən əsgərlikdən qayıdanadək ərə getmişdi. İndi boşanıb. Mənə qoşulub yaşamağa hazırdı...
Yalan deyirdi, güman ki, neçə aylardı bir yerdə yaşayırdlar. Daim gizli saxlaya bilməyəcəyini bilib, qabaqdangəlmişlik edirdi. Qadın üçün nə qədər ağır olsa da, Çiçək razılaşdı:
-Olsun, bu andan mən də, səndən boşandım. Onsuz da bizim rəsmi kəbinimiz yoxdur. Hər il edərik, deyib etmədik. Yanlış da bir naxışdır. Bəlkə də, xeyirlisi budur. Sən narahat olma, nə vaxtadək bibi sağdır, bu evdə qalıb sənin arvadın rolunu oynacağam. Bibidən sonra isə, bu evdə qalmayacağam və səndən də, arxayın ol, heç nə tələb edən deyiləm...
Nurəddin ağzını tərpətməyə söz tapa bilməmiş, otağı tərk etmişdi.
Onu sevə bilmədiyindən xarici ölkədə kiminlə yaşamasının Çiçək üçün heç bir əhəmiyyəti yox idi.
******
Yazıq Validə ömrünün son dörd ilini nəvə həsrəti ilə yaşadı. Hər dəfə özü söhbət salıb, özünə toxdaxlıq verirdi: “hələ cavandılar, Allah qoysa, olar.” Zavallı qadın oğlunun xarici ölkədə ailəli olmasını bilmirdi. Deyəsən, bir qızları da vardı və onun anasının dalınca gəldiyini, yoxsa, Nurəddindən olduğunu dəqiq bilmirdi.
Validə bibi pensiyaya çıxanda tibb məntəqəsinin müdirinə xahiş etmişdi ki, onun yerinə Çiçəyi işə götürsün:
-Qızım, adına xadimə deyilsə də, rahat işdir, tibb məntəqəsi, elə də, natəmiz, hisli-paslı yer deyil. İşləyərsən, az da, olsa, çörək pulun olar, - demişdi. Qarşıdakı beş ayda dünyadan köçəcəyi ürəyinə dammışdı.
Ağlamaqdan qızarmış gözlərini məchul nöqtəyə zilləyib düşünürdü: indi nə etməlidir, hər qarışında bibisinin izi, qoxusu olan bu evdə tək nə qədər yaşaya bilərdi?..
Nurəddin də, ona görə narahatlığını dilə gətirdi:
-Sənə tək yaşamaq çətin olacaq, yaxşısı, mən də, ailəliklə qayıdım gəlim.
Çiçək kədərli nəzərlərlə gülümsündü:
-İştəhaya bax, bir evdə iki arvad saxlayacaqsan?
Nurəddin dillənmədi, burasını fikirləşməmişdi:
-İstəyirsən, evi bölüm, sənin üçün həyətdən ayrı qapı açarıq, ayrı da qalarsan. Bir də ki, özümüzə xoş olarkən, birlikdə, ya ayrı yaşamağımızın kimə nə dəxli var?
-Mənə, - Çiçək ona uzun danışmağa imkan vermədi, - mənə dəxli var. Heç nə üçün narahat olma. Demişdim , axı, bibidən sonra, bu evdə qalmayacayam. İndi yaşadığın şəhərdən istəyərsən gələrsən, istəməzsən gəlməzsən. O fikrimdə yenə, qalıram. Səndən heç nə tələb etməyəcəyəm, ev sənindir, yas qurtaran kimi çıxıb gedəcəyəm.
-Hara? Kimin yanına? Kim şərait yaradacaq, kim qəbul edəcək səni?
- Heç kimin. Mən də şəhərə gedib, yüz minlərlə insan sayaq işləyib kirayədə yaşayacayam. İllərim hesabına özümə bir gün ağlayacayam...
-Sən bilirsənmi, şəhər necə zibilxana, bataqlıqdır. Orda saysız-hesabsız əclaflar yaşayır. Necə zülümlər çəkəcəksən... Hər yetən adlarını kişi qoyan binamuslar bir yolla sənə ilişməyə, yataqlarına salmağa çalışacaqlar...
-Bilirəm. Hər şey insanın özündən, iradəsindən asılıdır. Məsəl var “qadın göz etməsə, kişi cürət etməz”. Yüz kişinin içində belə, məni kimsə, nəyəsə məcbur edə bilməz. Mən zəif olmayacağam, bütün əzab-əziyyətlərə tab gətirəcəyəm.
Nurəddin daha dinmədi, israr etmədi, inadcıllığını bilirdi. Qanuni ailəsi də deyildi, desin ki, mən icazə vermirəm.
Bibisinin yas mərasimləri bitənədək, Çiçək günlərlə düşünüb gələcəyi üçün seçimini etmişdi. O, daha, bu evdə qalmayacaqdı. Yaxşı ki, Nurəddindən uşağa da, qalmadı. Uşaq olsaydı, onların sevgisi yaranacaqdımı? Xoşbəxt ola biləcəkdilərmi? Uşaq ona əlavə qayğı olacaqdı. İstər-istəməz maddi dolanışığa görə Nurəddindən asılı vəziyyətə düşəcəkdi. Maddi asılılıq sevgisizlik şəraitində ona mənəvi alçalmaya məcbur edəcəkdi, yeri gələndə Nurəddinin haqsızlıqlarına susmalı, dözməli olacaqdı.
Onun xoşbəxtliyi maddiyyatda görən qadınlara yazığı gəlirdi. Özünü pula, vara satan, qurban edən tamahkar həmcinslərini öz aləmində bədbəxt hesab edirdi. Çünki, həyatda insana İlahidən də, bəndədən də, heç nə “göydəndüşmə” verilmirdi, zəhmətsiz verilənlərin əvəzinə, mütləq, nəsə alınırdı.
Nə üçün? Niyə qadın maddiyyata görə kişidən asılı olmalıdır? Ya da, niyə qadın öz yaşayışını təmin etdiyi halda onu saxlayan kişi arzulamalıdır. Əşyadırmı məgər? Niyə sevgi, ailə ruhən deyil, maddi münasibətlər əsasında olmalıdır?
Özbaşınalıq kimi təqdim və təbliğ edilən “qadın azadlığı”, “azad qadın” ifadəlırindən ürəyi bulanırdı. Əslində cinslər arasında maddi yox, ruhi bağlılıq, asılılıq olmalıdır. Evlilik - həyat poblemlərini ayrılıqda yox, sevərək seçdiyin insanla birlikdə dəf etmək və birlikdə sevinməkdir. Hiss etməlisən ki, qəlbən asılısan, onsuz yaşaya bilməzsən. Belədə qarşılıqlı hörmət, könül xoşluğu yaranır.
Yaxud, cinslər bir-birilərini yalnız, şəhvətlərini təmin etmək üçün sevməməlidirlər. Əgər kişi qadınını təkcə şəhvətə görə istəyirsə, onun şüuru olmayan erkək heyvandan heç bir fərqi yoxdur. Çünki, şüursuz erkəklər də, cütləşməni bacarırlar.
Əlbəttə, onun gəldiyi qənaətlər özünə hörmət edən, dəyər verən, intellekti, mənəviyyatı olan qadınlara aid idi. Bu xüsusiyyətlər üçünsə, Allahdan verilən zəka və zəhmətlə əldə edilən yüksək təhsil gərəkdir.
Şükür Allaha, onun zəkası var. Orta məktəb müəllimlərinin razılıqları, attestatda yazılan qiymətlərinin yüksək balı zəkasının varlığını təsdiqləyirdi. Dünya ədəbiyyatı nümunələrinin çoxusunu məktəbin kitabxanasından alıb mütaliə etmişdi. Məktəbdə keçdiyi bütün fənnlər haqqında qane edici bilikləri vardı. Yüksək qiymətləri nahaqdan almamışdı. Qalırdı bildiklərini zənginləşdirmək üçün təhsilini artırmaq.
Məktəbdən aralanması beş il olardı, yaşı çox da, ötməmişdi. İyirmi üç yaşın içindəydi. Necə var bakalavr təhsili almalıydı. Özünü təsdiq, gələcəkdə normal həyatı, güzəranın qurmaq üçün başqa yolu yox idi. Əziyyətli işlərdə çalışıb, şor çörək yeyib, pul əldə edib, müəllim yanına gedəcək, ali məktəbə hazırlaşacaqdı.
Çiçək əmin idi ki, əksər əyintilərin, çatışmamazlıqların günahı, səbəbi qadınların əksəriyyətinin yetərincə savadlı, intelektli və imanlı olmaması üzündəndir. İdarəetmədə yüksək postlarda çalışan bütün məmurları analar doğub. Kamil savadlı və Allahını taniyan ananın övladı heç vaxt yalançı, qorxaq və yaltaq ola bilməz, əgər bunlar genində yoxdursa...
Təhsil işıqlı uğurun zəmanətidir. Savadlı insanın hər yerdə hörməti var, Allah dərgahında da...
Xalqın taleyi imanlı, təhsilli və milli analardan asılıdır. Bu cəhətlərdən biri olmazsa, xoş gələcəyə ümid yoxdur...
******
Çiçək arzularına çatmaq üçün ilk növbədə Bakıya getməli idi. O, bibisindən sağlığında eşitmişdi ki, onun iki xalasından biri Bakıdadır, vəzifəli bir kişinin arvadıdır. Ümid edirdi ki, bu böyük, yad şəhərdə xalası onu darda qoymaz, bacardığından kömək edər. Xalasının ünvanın almaq üçün qonşu əyalətdə olan anasına zəng etdi. Anası onun səsini eşitcək qulaqlarına inanmadı, necə olub ki, Çiçək onu xatırlayıb? Axırıncı dəfə onu toyunda iki saatlıq gəlib görən idi. İllərdi səsini belə eşitmirdi. Bilirdi ki, Çiçək ana kimi onun üzərindən xətt çəkib, unudub, haqlı da, edib. Heç Validənin yasına da, Bədirxan onu buraxmamışdı:
-Eşidirəm, Çiçək, nə əcəb məni axtarmısan?
-Yasəmən xalamın ünvanın istəyirəm, Bakıya gedəcəyəm.
-Xeyirdimi?
Gülsabah qızının məqsədini biləndə əvvəl ani tərəddüd etdi, istədi fikrindən daşındırsın, desin ağlını başına yığ, niyə boşanırsan, rahat ev-eşiyini atıb hara gedirsən? Çiçəyin səsinin hökmündən söyləyəcəklərinin qızına təsir etməyəcəyini anlayıb çox da, əks danışmadı. Ünvanı verib dedi: “görək də, əlindən nə gələcək...”
Çiçək əvvəl işlədiyi tibb məntəqəsi ilə vidalaşdı. Müdir soruşdu:
-Sən yaxşı qızsan. İşdən niyə çıxırsan, qızım.
-Bakıya gedirəm.
-Hə, indi hamı Bakıya gedir. Belə getsə, kəndlərdə adam qalmayacaq.
Nurəddinə ağız açdı:
-Üstümdə pulum azdı, mənə borc pul verərsən? Xaricdəki ünvanını deyərsən, üç-dörd aya qaytararam...
Nurəddin incidi:
-Eyib deyil, belə danışırsan? Qaytarmağına gərək yox. Yenə nə vaxt lazım olsa, xəbər et.
-Yaxşı, onda, çoxlu pulum olan kimi əvəzini ödəyəcəyəm...
********
Səhəri günü Bakıya yola düşdü. Axırıncı dəfə Bakıya, altı il əvvəl bibisi ilə toy qabağı bazarlığa gəlmişdilər. Şəhər heyrətedici qədər dəyişmişdi. Küçələrdə maşın əlindən, tıxaclardan gəzmək çətinləşmişdi. Bütün mağazalar “market”ə, saraylar “palas”a çevrilmişdi. Yolların kənarlarındakı yaşıllıqlar, ağaclar qırılıb tikililərlə zəbt edilmiş, küçələrdəki səkilər alış-veriş üçün tutulmuş, məngirlənməyən yer qalmamışdı. Bir-birləri ilə əlaqəli işləyirmişlər sayaq market və apteklərin sayı hədsiz idi. İlk baxışdan adama elə gəlirdi ki, bu şəhərdə yaşayanların əksəriyyəti alverlə və bir də taksi sürməklə məşğuldur. İçərilərdəki möhtəşəm göydələnlər, varlıların yaraşıqlı villaları ilə yanaşı, qəsəbələrdəki kasıbların özbaşına tikililəri şəhərdə yaşanan təzadlı dolanışıqdan, ziddiyətli həyat şəraitindən xəbər verirdi.
O, çətinliklə də olsa, axşam tərəfi xalasıgilin mərkəzə yaxın ünvanını tapdı. Qapıya bir cavan xanım çıxdı:
-Kim lazımdır?
Bu xalası deyildi, qulluqçuya oxşayırdı. Bibisi həmişə deyərdi, Yasəmənin ər tərəfdən baxtı gətirib. Əri nazirlikdə işləyir, vəzifəli adamdır.
-Mən Yasəmən xanımı görmək istəyirəm. Qohumuyam, rayondan gəlmişəm.
Az keçmədi, gözlərindən və üz cizgilərindən Gülsabaha oxşayan yaşlı qadın qapıya yaxınlaşdı:
-Siz kimsiz?
Xalası onu tanımadı, görmüşdü ki, tanısın da... Çiçək Gülsabahın qızı olduğunu deyəndə içəri dəvət etdi:
-Xoş gəlmisən, gəl evə.
Xalasını çox intizarda qoymadı, gəlişinin məqsədini danışdı. Keçmişdə olanları bir xeyli danışıb müzakirə etdilər. Yasəmən xanım da, öz növbəsində cavanlıqda çəkdiyi əziyyətli günlərdən, evlənəndən sonra ərinin sayəsində əczaçılıq ixtisasını oxumasından, işlədiyi yerlərdən danışdı. Xoşbəxtlikdən Çiçəyin oxuduğu kitabların hesabına qazandığı danışıq qabiliyyətindən, dünyagörüşündən xoşu gəldi. Ona ürəyi yandı və kömək edəcəyinə söz verdi:
-Qızım, axşam Seyfəl işdən gəlsin, ona da, deyərəm. hələlik bir müddət özünə iş, qalmağa yer tapınca bizdə qalarsan, sonra sənə sərf edəni edərsən. Biz də, bu evdə ikimiz qalırıq. Uşaqlarımızın hərənin öz evi var. Aradanbir gəlib bizə dəyirlər. Əlində sənətin olmadığı üçün sənə çox çətin olacaq...
-Bəlkə, elə sizin evdə təmizlikçi işləyim, olar?
-Yox, qızım, - xalası etiraz etdi, - kənarda kimin üçün istərsən işləyərsən, amma, mən qəbul edə bilmərəm ki, bacımın qızını evimdə təmizlikçi işlədim.
********
Bakıya gələn gündən iş elanlarını araşdırdı. Heç bir ixtisası, sənəti olmayan qadın xadimə, evlərdə təmizlikçi, uşaq baxıcısı, dükanda gecə növbətçisi işlərindən başqa yaxşı nə iş tapa bilərdi.
Xalasıgildə bir aya yaxın qaldı, çox qalmağa üzü gəlmədi. Sonra şəhərdən uzaq bir qəsəbədə, təsadüfən tanış olduğu bir tələbə qızla bir yerdə otaq kirayələdi. Qeyri rəsmi olaraq, yuxarıda adı sadalanan işlərin hər birində gah üç ay, gah beş ay işlədi.
Belə işlərdə iş reimi əsl istismar idi. Hamısında on, bəzən oniki saat işləməliydin. Saatına da, bir manat, ya da, manatyarım pul verirdilər. Yola sərf edilən vaxt, üstəgəl yuxu saatı, sutkadan yaxşı halda dörd-beş saat boş vaxtın qalırdı. Həftədə bir, ya da, iki həftədə bir gün istirahət günün olurdu. Bu vəhşi kapitalizmin insanların ömrünü sümürməsi, yeməsi idi. Adi mövcudluğunu saxlamaq üçün həyatını, cavanlığını sərf etməliydin. Lakin, kimə şikayət edəsən? Bilirlər ki, işsizlər çoxdur, Çiçək kimi insanlar işləməyə məcburdular, qaniçən sahibkarlar onların istismarı üzərində sərvət toplayırdlar. Zənn edirdilər ki, belə sərvət toplamaqla xoşbəxt olacaqlar.
“Olmayacaqlar, - Çiçək inanırdı, - Allah ədalətlidir. O, “paçka-paçka” pulları özlərinin, ailələrinin başlarına gələcək bəlalara xərcləyəcəklər... Yetimin də, Allahı var, yetimdir deyə, basıb gözün çıxartmalısan?...”
Müxtəlif yerlərdə məmurlar və ya, iş adamları tərəfindən bəzən ona rahat iş, yüksək maaş üçün həyasızcasına əxlaqsız təkliflər də edilirdi. Sanki, demək istəyirdilər ki, irəli getmək, yaxşı yaşamaq istəyirsənsə, mütləq, onların yatağından keçməlisən, əksilməlisən, vüqarlı qalmamalısan. Çünki özləri də özlərindən böyüklərin qarşısında alçalıblar, şəxsiyyətsizləşiblər. Ona görə də gözlərinə dəyən qüruru olan hər kəsin əyilməsinə, özləri kimi mənliksizləşməsinə çalışırlar. Əxlaqsızlıqlarını “şəxsi həyat” adı ilə cəmiyyətə sırıyanlar, ətraflarında onlara oxşarların daha da çox artmasını, elədiklərinin adiləşməsini istəyirlər. Arvadının, qızının ya da, bacısının hesabına “kişi” olan xoşqeyrətlilərin sayı durmadan artırdı. Belələri vicdanlı, namuslu adamları xoşlamırlar.
Nə yaxşı ki, o, göyçək, gözəgəlimli deyildi. Bir dəfə aldıqları “rədd” cavabından sonra, üz vurmurdular. Yoxsa, bu sayaq vicdansızlara ardıcıl müqavimət göstərmək adamın əsəblərini olmazın korlayardı. Çiçək belə yaramazlara az qaırdı desin: “ay alçaq, tutaq ki, çətin vəziyyətimdən yararlanaraq məni sındırıb, bir neçə dəqiqəlik heyvani həzz aldın. Bununla nəyin artacaq? Olmayan şərəfin, ləyaqətinmi artacaq? Nəyi qazanacaqsan?..”
Kişilikdən kənar belə əclaflar saysız-hesabsız idi... Bir dəfə onu böyük marketlərdən birində gecə nəzarətçisi götürmüşdülər. Axşam hava qaralandan səhər açılanadək fasiləsiz işləyən marketin sənaye malları hissəsinə nəzarət edir, gələn müştəriləri qarşılayıb yola salırdı.
Bir neçə həftə idi işləyirdi, gecələrin birində işə nəzarət məqsədi ilə marketin əsas sahibi marketə gəlmişdi. O, məmur işlədiyi üçün gündüzlər bura gəlməyə vaxtı olmurdu. Etibar etdiyi yaxın qohumu marketin fəaliyyətinə onun əvəzinə rəhbərlik edirdi. Məmur sahibkar hər tərəfə göz gəzdirəndən sonra, adəti üzrə marketin özü üçün olan xidməti otağında oturub, işçiləri təkbətək çağırıb işlə bağlı suallar verməyə başladı. Növbə ona da çatdı.
Klassik geyimli, orta yaşlı, rəsmi şəxsə bənzəyən bu kişi zahirən abırlı adam təsiri bağışlayırdı. O, əvvəlcə işə dair suallar verdi: növbə ərzində nə qədər müştəri olur, satışın həcmi, çeşidi və sair. Soruşduqları, onsuz da, hər an, hər tərəfə düzülmüş kameralarla bütün market ərazisində izlənilirdi. Sonra bir daha, şəxsi suallara keçdi: yaşın, təhsilin, ailən, iş təcrübən... Çox mehriban idi, elə bil, illərin tanışıydı. Danışarkən səmimi görünməyə çalışırdı. Özünə qarşı xoş rəyin yaranması üçün məmurluqda öyrəndiyi bütün qabiliyyətini işə salmışdı:
-Gəl, mənə qulaq as, - o, yerindən qalxıb Çiçəklə üzbəüz oturdu. Deyəcəklərinin təsirini yaxından duymaq üçün onun düz gözlərinə baxdı. – Gözlərindən görürəm ki, çox əzablı həyat keçirmisən., arxalanacaq bir kimsən də yoxdur. Daxili intuisiyama görə siz qadınsız, qız da deyilsiz, eləmi?
Adamın utanmazlığı Çiçəyi heyrətə gətirdi, əsəbiləşməyə bilmədi:
-Qızam, ya qadınam, bunun sizə aidiyyatı varmı?
-Səbrli və sakit olun, düzdü, mənə aidiyyatı yoxdur. Amma gələcəyinizi düşünəndə görsənən odur ki, qadın kimi xoşbəxtliyiniz duman içindədir... Əgər bir şərtlə istəsəz mən sizə gələcəkdə xoşbəxt qadın kimi yaşamanıza kömək edə bilərəm. Necə? Mənim buradan başqa da obyektlərim var. Sizə yüksək maaşlı iş verəcəyəm, işi öyrəndikcə vəzifəni də artıracağam. Hiss edirəm ki, qabiliyyətli qadınsan. Az müddətdə obyekt rəhbəri olacaqsız. Kömək edəcəyəm şəxsi maşının, evin də olacaq. Qısası kasıblığın daşını atacaqsan.
-Başa düşmədim, hansı şərtlə, - Çiçək soruşdu, - dedikləriniz nəyin bahasına olacaq? Nə etməliyəm?
- Mənim olacaqsız, yəni çox sadə, müəyyən məqamlarda mənə qadınlıq edəcəksiz, mənimlə sevgili kimi sevişəcəksiz, kimsə də, görməyəcək, bilməyəcək...
Çiçək eşitdiyi həyasız təklifə nə deyəcəyini bilmirdi. Susmuşdu, daxilindəki şeytan var-gəl edirdi.
-Bilirsiz, mən bu sözləri hər qadına demirəm, düzünü deyim siz gördüyüm gündən çox xoşuma gəlmisiz, - məmur sahibkar bir neçə saniyə sözünə ara verib davam etdi, - başa düşürəm, anındaca qərar vermək çətindir, gedin yaxşı-yaxşı fikirləşin...
Çiçək şefin (işçilər öz aralarında sahibkara “şef” deyirdilər) otağından çıxanda fikirləri qarışdığından halı özündə deyildi. Onu pəjmürdə görənlər güman etdilər ki, şef onu işlə bağlı tənqid edib. Qanını daha da qaraltmamaq üçün dinib danışmadılar.
Çiçək səhər açılanadək işləməklə yanaşı bütün gecəni məmur sahibkarın dediklərini götür-qoy etdi, saatlarla fikirləşdi: Nə demək istəyir atam yaşda bu adam? Sevgili adı ilə əslində oynaşı, saxladığı olmalıyammı? Xəlvəti yerlərdə, könlünə düşəndə onunla sevişməyimi istəyir? Sevmədən sevişməkmi olur? Belə sevişməyi heyvanlar bacarar, insan olan kəs yox...
Demək, pul, vəzifə, “kasıblığın daşını atmaq” üçün bədənimi, özümü satmalıyam. Və guya “kimsə də, görməyəcək, bilməyəcək”... Yalan danışır. Belə işi atalar məsəlində deyilən sayaq “qırx gündən çox” gizləmək olmur, adamlar çörəyi qulağına yemirlər. Hamı tanıdıqları bu növ qadınların kimlərin himayəsində olduqlarını yaxşı bilirlər.
Doğrudur, varına, vəzifəsinə görə, düşmənçiliyi olmasa heç kim üzünə deyən deyil ki, sən filankəsin “saxladığısan”. Arxanca danışacaqlar, gözləri ilə anladacaqlar, ancaq dillərinə gətirməyəcəklər. Əksinə üzünə güləcəklər, səni görəndə əldən-ayaqdan gedəcəklər. Deməsələr belə, özün daxilində kim olduğunu hamıdan yaxşı biləcəksən. Bir başqasını - kasıb olsa da, ləyaqətini qoruyan birini görəndə özündə olmayan o hisslər üçün ona ürəyində həsəd aparacaqsan.
Yox, o, vara, vəzifəyə görə vicdanı, Allahı qarşısında ləyaqətsiz vəziyyətə düşməyə razılaşa bilməzdi. Təmiz vicdan, pak ruh onun üçün istənilən maddiyyatdan uca, müqəddəs idi.
İş növbəsi başa çatanda Çiçək qərarını vermişdi: market rəhbərliyinə könüllü olaraq işdən getməsini bildirmişdi. Şefin abırsız təklifindən sonra, burada qalıb işləməyi bacarmazdı. Ürəyində bu ən doğru qərar idi..
Şükürlər olsun, Allahı tanıyan, vicdanlı adamlar, hələ, tam qurtarmamışdı, hər yerdə az da, olsa, qalmışdılar. Çox zülümlər çəkirdi, ancaq hər dəfə axırda Allah ona elə bir yerdən qapı açırdı ki, özü də, məəttəl qalırdı. Ruhunun, niyyətini saflığından son anda, Allah onu naəlac qoymurdu. Sevinirdi ki, birlikdə otaq kirayələdiyi tələbə qız Nübar dünyanın naxşı olan, yaxşılardan biridir.
Altı yaş ondan kiçik olan, arıq, çəlimsiz, qarabuğdayı bu qızda nə boyda geniş ürək varmış. İxtisası filoloq olduğundan söhbətləri tutur, zövqləri tən gəlirdi. Çiçəyin geniş mütaliəsi onu heyrətləndirir, yaşda böyük olduğuna görə, həyatda bilmədiklərini ondan öyrənmək istəyirdi. Həm də, otaq yoldaşının təhsil almaq arzusunu alqışlayır, bu işdə ona hər cür yardım etməyə çalışırdı.
Çiçək jurnalist olmağı arzulayırdı. Xoşagələn nağıletmə qabiliyyəti vardı. Nübar inanırdı ki, Çiçək gələcəkdə istedadlı jurnalistlərdən biri olacaqdı. Onun üçün dərsliklər tapıb gətirir, qəbul imtahanına hazırlaşmaq üçün insaflı müəllimələr axtarıb tapır, onlarla sövdələşmə aparırdı. Razlaşdığı müəllimələrdən ikisi Çiçəyin çətinliklə yaşadığını, köməksiz olmasını nəzərə alıb, əvvəldən zəhməthaqqı almayacaqlarını dedilər. O biri ikisi də, çərt qoydular ki, əgər Çiçək verilən tapşırıqları vaxtında öyrənib yerinə yetirərsə, onlar da, zəhməthaqqı almayacaqlar.
Çiçək Nübarın etdiklərindən riqqətə gəlmişdi: “ay qız, sən özün kimi Allah adamlarını necə, hardan belə tapa bilirsən? Şükür sənə, ay Allah, yoluma halal adamlar çıxarırsan. Həqiqətən, dünya yaxşılardan xali deyil...”
-Haqlısan, - Nübar onun sevincinə şərik olurdu, - əsas odu ki, gərək özün yaxşı olmalısan, ətrafındakılara insan kimi yanaşmalısan. Özün yaxşı olanda, digər yaxşılar da, sənə tərəf yön alarlar. Hələ, dayan görüm, mən bir qeyri-adi şey aşkarlamışam.
Nübar Ciçəyin kitablarının arasından götürdüyü qalın dəftəri xüsusi əda ilə sərgilədi:
-Bacı, sən əmlli-başlı şair imişsən. Sənin ürəyində nələr varmış...
O, qalın dəftərdə Çiçək illərdən bəri öz hisslərini, düşüncələrini şeir formasında yazıb saxlamışdı.
-Yox, Nübar, mən hara, şairlik hara, məndən şair olmaz. Belə cızma-qaraları yazmaq həssas ürəyi olan hər kəsdə baş verir. Ötəri hisslərdir. Müəyyən yaşdan sonra, ötüb keçəcək.
******
Gözlənildiyi kimi oldu. Verilən suallara yaxşı hazırlaşdığını görən o biri iki müəllimə də, zəhmət haqqı istəmədi. Hətta, onlardan biri hərdən kömək məqsədi ilə, Çiçəyin cibinə xərclik pul da, qoyurdu.
Aylar, fəsillər ötdü, imtahan günü gəldi. Çiçək lazımı keçid balını toplaya bildi, qabiliyyət imtahanından da, müsbət qiymət aldı, tələbə adını qazandı.
Adını qəbul edilənlərin siyahısında görəndə sevincindən ağladı. Nübarı bağrına basdı: “Sən olmasaydın, mən çox əziyyətlər çəkərdim, yaxşı ki, varsan, doğma bacımdan artıqsan mənə,” – dedi.
Onu hazırlaşdıran müəllimələrin hər birinin yanına gedib, zəhmətləri üçün təşəkkür etdi. Onlar da, Çiçəyin sevincinə şərik olub, ona səadət dilədilər.
O, əzmkarlığı ilə, sübut etdi ki, heç bir xanım gələcəyini hansısa kişiyə etibar etməməlidir. Nə qardaş, nə ata, nə ər... Özü öz həyatının yiyəsi olmalıdır. Həyatını necə əminliklə başqasına etibar edə bilərsən? Qadının tək xilaskarı təhsildir. Qalan hər şey təhsildən sonra gəlir.
Demək, insan nəyi arzu, niyyət etsə, o yolda mübariz olsa, arzusuna çata bilər. Yetər ki, onu ürəkdən istəyəsən...
Tələbə olandan sonra, ona marketdə yarım gün xadimə işləməyə razı olmadılar. Məcbur olub səhər dərsə gedir, günortadan axşama qədər isə yenidən evlərdə təmizlik işlərinə gedirdi. Tələsməyəndə avtobuslara minməyib qənaət məqsədiylə yolu piyada gedirdi, pulu az xərclənsin. Bir qarın ac, bir qarın tox dərsə gəlib, auditoriyada gizlində özünə yeməyə şor-çörək gətirirdi
Ötən il yarımda əqrəbasından kimsə onu axtarmamış, necə yaşaması ilə maraqlanmamışdı. Təkcə, xalası bir neçə dəfə yanına çağırıb və hər dəfə bir “yüzlük” xərclik vermişdi. Son üç ayda nazirlikdə işləyən əri xaricə göndərildiyi üçün onlar da, Bakıdan müvəqqəti köçmüşdülər.
Nurəddin gəlirli iş tapmadığından yenə ailəsini götürüb, qonşu ölkəyə qayıtmış, bibinin evi bağlı qalmışdı. İlk dəfə Bakıya gələndə, Nurəddindən aldığı borcu unutmamışdı. Onun şad günlərinin birində, mütləq, artıqlamasıyla borcunu qaytaracaqdı.
Anası Bədirxandan gizlin üç dəfə zəng vurub, hal-əhvalını soruşmuşdu. O da, hər şeyin qaydasında olduğunu, heç nədən çətinlik çəkmədiyini demişdi.
İkinci kursa başlayanda keçən kursdakı fəallığına görə və evlərdə təmizlikçi işlədiyini bilən bir müəlliməsi halına yanıb, ona xəbər saytlarının birində yarımştat işə düzəlməyinə vasitə olmuşdu. O gündən həmin saytda dərc edilən məqalələrdə müntəzəm “Çiçək” imzası görünməyə başlamışdı.
Bu zamandan sonra daha , o, marketlərdə, evlərdə xadimə, təmizlikçi işləməyəcəkdi. Tələbə təqaüdü və aldığı maaşın , qanorarların hesabına kirayə və orta dolanışıq xərclərini ödəyə biləcəkdi.
Ona yaxşılıq edənlərin hamısına söz vermişdi ki, o, da, qarşısına çıxan hər bir köməyə ehtiyacı olana bacardığı yardımı edəcəkdi. İnanırdı ki, yaxşılıq heç zaman itmir, gec-tez, nə vaxtsa, özünə qayıdır.
********
Daha iki il ötdü. Artıq həmkarları və oxucular arasında maraqlı müsahibələri və reportajları ilə “Çiçək” imzası xeyli tanınırdı. Digər saytlardan, mətbuat orqanlarından ona işləməyə dəvətlər gəlirdi. Nübar onun uğurlarından qürurlanırdı:”Mən bilirdim ki, sən bacaracaqsan. Mən axı, adam tanıyanam...”
Saytın ümumi müxbirləri arasında Çiçəyin yazılarının oxunaqlı olması, onu istedadlı və geniş mütaliəsi sayəsində hər tərəfli məlumatlı insan olmasındaydı. Həm də, bəhs etdiyi mövzu ilə bağlı səylə, inadla axtarışlar aparması, qarşı tərəfə problemin kökünü eşən cəsarətli suallar verməsi və tələblər qoyması oxucularda ona qarşı xüsusi rəğbət qazandırmışdı. Aktivliyinin nəticəsi idi ki, hətta, ilk dəfə özəl televiziya kanallarından birinin təsisçisi əməkdaşlıq etmək üçün email poçtuna məktub yazmışdı...
Çiçək heyrət edirdi ki, iş yoldaşları arasında ixtisasdan kənar xeyli özünü jurnalist sayan vardı. Adicə test suallarının cavablarını öyrənib diplom alanların, mütaliə vərdişləri olmadığından dünya görüşləri bəsit, sadə həqiqətlərdən xəbərsiz idilər. İşçilərin çoxu baş redaktorun qohumu, tanışı, bir neçə xanım isə vəzifəli “boss”ların jurnalist adı ilə “bəslədikləri” idi.
Baş redaktor bir gün deyirdi ki, o, ən çox ixtisası jurnalist olanlara önəm verir. Səhəri gün sözünü “redaktə” edirdi ki, ixtisas əsas sayılmır, əsas istedaddır, bacarıqdır.
Günlərin birində iş vaxtı ona, “səni axtaran, soruşan var küçədə”, dedilər.
-Niyə içəri gəlmirlər, buraxın gəlsin otağıma, - qapıda durmuş mühafizəçiyə daxili telefonla tapşırdı.
-Bir kişi və bir qadındı. İçəri gəlmirlər. Küçəyə çıxmanızı istəyirlər.
-Yaxşı, gəlirəm.
Çiçək oturduğu üçüncü mərtəbədən pilləkənlə enib çıxışa yaxınlaşdı. Mühafizəçi ofisin geniş şüşə qapılardan küçənin o biri başında dayanmış boz avtomobili göstərdi:
-Onlardır, maşında gözləyirlər.
Çiçəyin çölə çıxmağını görüb bir qara çarşablı, orta yaşlı qadın və ardınca yay geyimində gənc bir kişi avtomobildən düşüb ona tərəf addımladılar.
Çiçək düşündü: kimdilər, görəsən? Qadının gülümsəyən çöhrəsi tanış gəldi. Kimliyini dəqiqləşdirə bilmədi.
-Çiçək...!
Səs iliklərinə yayıldı. Anidən dondu. Səsin ilıqlığından həyəcanlandı. Səsi tanımışdı. Gözləri doldu. Bu qadın anası idi. Gülsabah. Ürəyində küsdüyü, həm də, yazığı gəldiyi anası... Axırıncı dəfə, on il əvvəl bibisinin dəvəti ilə toyuna gələndə görmüşdü. İki saatlıq qonaq kimi gəlmişdi.
Onbeş yaşından ərə verilən, evdarlıqdan qeyri savadı, heç bir sənəti olmayan, məzlum qadın. İlk nikahının uğursuzluğundan gözüqıpıq olub, ömürlük Bədirxanın quluna çevrilmişdi. Qul kimi yaşamaq onun ərinə olan sevgisindən yox, çarəsizlikdən, mütilikdən, güvəni, başqa bir yolu olmadığından idi.
Gülsabah yerində donub qalan Çiçəyi qucaqlayıb kövrəldi, gözlərinin yaşı yanaqları boyu yayıldı:
-Qızım, - boğazına dolan qəhərdən udqundu, - düzdür, mən səni böyütmədim, qoruya bilmədim, yaxşı ana olmadım, ancaq səni dünyaya mən gətirmişəm ...
Çiçək dinmədi. Onu günahlandırmaq istəmədi. Baş verənlər Gülsabahın iradəsindən kənar olmuşdu. Hansı ana istəyər ki, balasını başqasına versin. Onu yetərincə qoruya bilmədiyinə görə Validənin saxlamasına etiraz etməmiş, təzyiqlərdən, pisliklərdən kənar olması üçün vermişdi.
-Bakıya həkimə gəlmişdim, ürəyim səni istədi. Gör nə vaxtdır görmürdüm. Sənə halaldı, təkbaşına, öz gücünə ali məktəbə girdin. Maşallah, xanım kimi işin var. Mən oxuya bilmirəm, gözlərimin işığı gedib. Bütün tanış-biliş, hamı sənin yazdıqlarını oxuyurlar. Düzdür, bəziləri, paxıllıqdan dillərinə gətirmirlər, guya görmürlər, gəl ki, hamısı ciblərindəki telefonlarda baxırlar.
-Yəqin, çoxusu səhv axtarır...
-Qoy axtarsınlar. Təki həyatda səhvin olmasın. Hə, bu qardaşındır, Mirmahmud, - beş-altı addım aralı dayanıb onların görüşünü izləyən, Bədirxan kimi qalın qara qaşlı cavan kişini göstərdi. – Bacın Zəhranı çoxdan ərə vermişəm. Mirmahmudu da, keçən yay evləndirdik. Bircə səndən nigarançılığım qalıb.
Çiçək susub anasının danışdıqlarına qulaq asırdı. Bilmirdi, nədən danışsın, nə desin
-Bədirxan xeyli vaxtdır yataqdadır, sağalmasına ümid də, yoxdur. Mirmahmudu da, ona görə tez baş-göz etdik, qoymadıq subay qalsın. Səndən iki yaş kiçikdir, iyirmi beş yaşa çatıb. Deyirəm, illər necə sürətlə keçir. Sən doğulanda qadın həkiminə bir qucaq qızılgül qönçələri alıb gətirmişdilər. Həkim demişdi, bu qönçələr açılıb çiçək olacaq, qızın adını da Çiçək qoyun...
-Nə həkiminə gəlmisən? - Çiçək soruşdu.
-Boş şeydir, ödümdür, bəlkə kəsdirdim, incidir neçə vaxtdı məni.
-Bir çətinliyiniz varsa, deyin mən də gücüm çatandan edim...
-Heç nə lazım deyil, sənin cansağlığın bəsdir. Mən səninlə fəxr edirəm. Eh, qızım, ana olanda biləcəksən, ana olmaq nədir...
Həyatda çəkdiyi əzab-əziyyətli günlər alnında, üz cizgilərindəki qırışlarda izini qoymuşdu. Saşları yarıbayarı ağarmışdı. Qırx dörd yaşlı qadın azından on yaş çox yaşlı görünürdü.
Gülsabah oğlunun baxışlarından ayrılmağın vaxtını çatdığını anladı.
-Qızım, mən, daha, gedim, salamat qal.
Vidalaşmaq üçün yenidən Çiçəyi qucaqladı:
-Ana... – Çiçəyin səsi titrədi. İlk dəfə idi ürəklə “ana” sözünü ona söyləyirdi. Başa düşdü ki, Gülsabah məhz bu sızü eşitməyə gəlib. Onun könlünü qırmaq günah olardı.
“Ana” kəlməsini eşitcək Gülsabahın üzüntülü çöhrəsinə, sanki, nur yayıldı. Minnətdarmış kimi Çiçəyi bərk-bərk sinəsinə sıxdı:
-Can, ana...
-Ana, nə vaxt, nə gərəyin olsa, mənə xəbər eylə, sağ-salamat, özündən muğayat ol!..
-Çox sağ ol, qızım. Birinci qismətin uğursuz oldu, ayrıldın. Allahdan arzu edirəm ki, bir insan balasına rast gələsən, sən də xoşbəxt olasan, ana olasan...
Gülsabahla Mirmahmud sağollaşıb avtomobilə əyləşdilər. Çiçək gözündən axmış yaşı qurulayıb, ofisə sarı döndü. Dərk edə bilmədiyi bir qəribə təfərrüat içində iş yerinə qayıtdı.
Bayaqdan olanları uzaqdan, pəncərədən tamaşa edən şöbə rəisi dəhlizdə qarşılaşarkən dilini sakit saxlaya bilmədi:
-Ümid edirəm ki, Çiçək xanım yeni təsirli yazısı ilə saytımızın reytinqini zirvələrə aparacaq...
Çiçək bu atmacaya gülümsünüb, otağına keçdi.
Heç şübhəsiz, o, hələ əldə etdikləri ilə kifayətlənməyəcəkdi. Bakalavrı fərqlənmə diplomu ilə bitirəcək, magistrliyi də oxuyacaq, ardınca dövlət qulluğuna hazırlaşacaqdı. Ömrü boyu saytda işləmək arzusu yox idi.
Elə bil, qüvvətlənmiş, güclənmişdi. Tənhalıq hissi onu tərk etmişdi. Anasının sözləri qulaqlarında təkrarlanırdı: “Allahdan arzu edirəm ki, bir insan balasına rast gələsən, sən də xoşbəxt olasan, ana olasan...”
Tələsmirdi. Mətbuat konfranslarında iştirak edərkən başqa bir saytda redaktor işləyən, özündən bir qədər yaşlı Zamir adlı birisi ilə hər dəfə rastlaşanda onda qəribə hisslər yaranırdı. Öyrənmişdi, o, hazırda ailəli deyildi. Hələlik sözə keçməsələr də, qarşılıqlı baxışlar könüldən könülə yollar çəkirdi....
“Zamanı gələndə, ruhumun həmtayını, yarısını tapdığıma əmin olanda , o da, olacaq”,.. – anasına deməyə utandığını təbəssümlə düşündü.
10.2023