Edebiyyat.az » Ədəbi tənqid » Alan Lightman - Mənim şəxsi heçliyim

Alan Lightman - Mənim şəxsi heçliyim

Alan Lightman - Mənim şəxsi heçliyim
Ədəbi tənqid
nemət
Müəllif:
00:00, 28 noyabr 2019
1 520
0
Alan Lightman - Mənim şəxsi heçliyim





Alan Lightman Amerikalı fizik və yazıçıdır. O Massachusetts Texnologiya İnstitutu (MIT) professorudur. “Enşteynin yuxuları” kitabına görə dünyaca məşhurluq qazanıb. 

Bir uşaqlıq hallunasiyasından nəzəri fizika salonlarına
Heçlik ilə ən canlı qarşılaşmam doqquz yaşlı uşaqkən yaşadığım əlamətdar bir təcrübə zamanı baş verdi. Bazar günü günortadan sonra idi. Memphis Tennessee-dəki evimin yataq otağında tək başıma dayanmışdım, pəncərədən boş küçəyə baxırdım, qulağıma xeyli uzaqdan keçən qatarın zəif səsi gəlirdi və qəfil hiss etdim ki, özümə vücudumun kənarından baxıram. Hardasa kosmosda idim. 

Qısa bir neçə dəqiqə ərzində, məndə elə hiss var idi ki, varlığımdan əvvəl sonsuz bir zaman dilimi və varlığımdan sonra sonsuz bir zaman aralığı ilə, zamanın geniş uçurumunda qısa bir titrəmə kimi bütün həyatımı və əslində bütün planetin həyatını görürəm. Mənim tez-tələsik ötüb-keçən bu hissimə sonsuz boşluq daxil idi. 

Bədən və zehin olmadan, günəş sistemindən, hətta qalaktikadan çox uzaqda, uzaqlaşan və davam edən nəhəng bir məkanda necəsə üzürdüm. Özümü mənə, canlı varlıqlara və onların varlığının kiçik nöqtələrinə əhəmiyyət verməyən geniş bir kainatda önəmsiz bir ləkə kimi hiss etdim. Və hiss etdim ki, gənc həyatımda yaşadığım və daha sonra yaşayacağım hər şey, sevinc və kədər, böyük planda tamamilə nəsə ifadə etmir. Bu, eyni zamanda həm xilasın, həm də qorxunun dərki idi. Sonra an başa çatdı və mən öz vücuduma geri qayıtdım.

Qəribə hallunasiya sadəcə bir neçə dəqiqə çəkdi. Daha sonra bu heç vaxt baş vermədi. Heçlik hər şeyin istisna edilməsi ilə yanaşı, qavrayışın da istisna edilməsi kimi görünsə də, qavrayış həmin uşaqlıq təcrübəsinin bir hissəsi idi, lakin bu, başımdakı üç kiloqram boz maddədə yerləşdirə biləcəyim adi qavrama deyildi. Fərqli bir qavrayış idi. Dindar deyiləm və təbiətüstünə də inancım yoxdu. Düşünmürəm ki, bir anda ağlım vücudumu tərk edib. Lakin bir neçə dəqiqə ərzində həyatımızı bərkitmək üçün yaratdığımız tanış çevrə və fikirlərin dərin yoxluğunu təcrübədən keçirdim. Bu, Heçliyin bir növü idi.

*** 

Aristotelin iddia etdiyi kimi, bir şeyin nə olduğunu başa düşmək üçün, həmin şeyin nə olmadığını anlamalıyıq və Heçlik istənilən şeyə mütləq əksdir. (Yaxud) antik yunanlar dediyi kimi, maddənin nə olduğunu başa düşmək üçün, biz boşluğu yaxud maddənin yoxluğunu anlamalıyıq. Doğurdan da, bizim eradan əvvəl beşinci əsrdə Leucippus boşluqsuzda hərəkətin mümkün olmayacağını iddia etmişdi, çünki maddənin hərəkəti üçün boş sahələr lazımdı. Buddizmə görə, eqomuzu anlamaq üçün boşluğun śūnyatā deyilən eqodan təmizlənmiş halını başa düşməliyik. Cəmiyyətin mədəni təsirlərini başa düşmək üçün, William Goldingin “Milçəklərin Tanrısı” romanında geniş şəkildə araşdırdığı kimi, cəmiyyətdən uzaqlaşdırılmış insanların davranışlarını anlamalıyıq.

İcazə verin Aristotelin izindən gedərək, Heçliyin nə olmadığını deyim. Bu, unikal və mütləq bir vəziyyət deyil. Heçlik müxtəlif məzmunlarda müxtəlif şeylər deməkdir. Həyat prespektivindən Heçlik ölüm mənasına gələ bilər. Bir fizikə görə, Heçlik maddə və enerjinin tamamilə yoxluğu, hətta zaman və məkanın yoxluğunu ifadə edə bilər. Aşiqdən Heçliyin nə olduğunu soruşsaq, məşuqunun yoxluğu cavabını verə bilər. Heçlik bir valideyin üçün övladlarının yoxluğu, rəssam üçün rənglərin yoxluğu, oxucu üçün isə kitablarsız dünya mənasına gələ bilər… Paskal kimi bir teoloq yaxud filosof üçün Heçlik, yalnız Tanrı tərəfindən bilinən zamansız və məkansız sonsuzluğu ifadə edir.

Kral Lir qızı Cordeliaya, “Heç nə heç nədən (yoxdan) var olmaz” (Nothing will come of nothing) dedikdə, atasına sonsuz sevgisini göstərmədiyi müddətcə iki yaltaq bacısı ilə müqayisədə krallığın daha azına yiyələnəcəyini bildirmək istəyirdi. Buradakı ikinci “heç nə” Cordelianın – bacılarının aşıb-daşan heyranlıqları ilə ziddiyyət təşkil edən – sükunətinə işarə etdiyi halda, birinci “heç nə” bacıların zəngin sarayları ilə müqayisədə onu gözləyən tək otaqlı daxmanı bildirir. 

Hər nə qədər də Heçlik müxtəlif vəziyyətlərdə müxtəlif mənalara gəlsə də, mən demək olar ki, aydın olan bir şeyi vurğulamaq istəyirəm: Onun bütün mənaları bizə məlum olan maddi nəsnə və ya vəziyyətlə müqayisədə mövcuddur. Yəni, Heçlik nisbi anlayışdır. Varlığımızın maddi nəsnələri, düşüncələri və şərtləri ilə hansısa əlaqəsi olmayan nəyisə düşünə bilmərik. Kədər sevincə istinad etmədən özlüyündə məna vermir. Yoxsulluq minimum gəlir və həyat standartı baxımından müəyyən edilir. Dolu mədə hissi boş mədə hissi ilə müqayisədə mövcuddur. Uşaqkən təcrübədən keçirdiyim Heçlik hissi də, vücudumda və zamanda mərkəzləşmiş hissiyyatın əksi idi.

*** 

Elmin maddi dünyasında Heçlik ilə ilk təcrübəmi Kaliforniya Texnologiya İnstitutunda nəzəri fikiza üzrə təhsil aldığım zaman yaşamışam. İkinci kursda Kvant Sahə Nəzəriyyəsi adlı və bütün məkanın fiziklər tərəfindən sadəcə “sahələr” adlandırılan “enerji sahələri” ilə necə doldurulduğunu izah edən çətin bir kurs keçdim. Qravitasiya üçün bir sahə, elektrik və maqnetizm üçün bir sahə və s. var. Fiziki “maddə” hesab etdiklərimiz əsas sahələrin enerji tətbiqidir. Kvant fizikasının qanunlarına görə, əsas məqam ondan ibarətdir ki, bütün bu sahələr mütəmadi şəkildə bir az titrəyir – bir sahənin tamamilə hərəkətsiz olması qeyri-mümkündür – və titrəyiş hətta daimi bir maddə olmadığı təqdirdə, qısa bir an üçün görünən, sonra yenidən yox olan, pozitron adlanan elektron və onun antihissəciyi kimi subatomik hissəciklərə səbəb olur.

Fiziklər, içərisində ən az mümkün enerji miqdarı olan boşluq bölgəsini “vakum” adlandırırlar. Lakin vakuum sahələrdən azad ola bilməz. Sahələr mütləq bütün boşluğa nüfuz edir. Və onlar mütəmadi olaraq titrədikləri üçün, ən azından qısa müddət ərzində davamlı olaraq maddə və enerji əmələ gətirirlər. Beləliklə, modern fizikanın “vakum”u antik yunanların boşluğu deyil. (Yəni) boşluq mövcud deyil. Nə qədər boş olur-olsun, kainatdakı hər kub santimetr əslində subatomik səviyyədə varlığın daxilində və xaricində titrəşərək dalğalanan sahə və hissəciklərin xaotik sirkusudur. Beləliklə, materiya səviyyəsində Heçlik deyilən bir şey yoxdur.

Qeyri-adi şəkildə, “vakum”un aktiv quruluşu laborotoriya şəraitində müşahidə edilmişdir. Əsas nümunə hidrogen atomlarındakı – yaydıqları işıq ilə yüksək dəqiqlikdə ölçülə bilən – elektron enerjilərində yer alır. Kvant mexanikasına görə, vakumun elektrik və maqnit sahəsi mütəmadi olaraq qısa ömürlü qoşa elektron və pozitron yaradır. Bu xəyali hissəciklər vakumdan çıxaraq, təxminən saniyənin milyarda birinin milyarda biri qədər mövcud olmaqdan zövq alır, sonra yenidən yoxa çıxırlar.

Zahirən boş sahə ilə əhatə olunaraq izoliyasiya edilmiş bir hidrogen atomunun mərkəzindəki proton müvəqqəti vakum elektronlarını ona doğru çəkir və vakum pozitronlarını itəliyərək elektrik yükünün bir az azalmasına səbəb olur. Protonun yükündəki bu azalma, öz növbəsində fizik Willis Lambın şərəfinə adlandırılan və ilk dəfə 1947-ci ildə ölçülən Lamb yerdəyişməsi prosesində dövrə edən (vakumsuz) elektonların enerjisini yüngülvari dəyişir. Ölçülən enerji yerdəyişməsi olduqca kiçikdir – sadəcə 100 milyonda üç hissəcik. Lakin bu, nəzəriyyənin kompleks tənliyi ilə çox yaxşı uzlaşaraq, vakum kvant nəzəriyyəsini həyrətamiz şəkildə təsdiq edir. Boş sahə haqqında belə çox şey bilmək insan ağılının zəfəridir.

Boş sahə – və Heçlik – anlayışı hətta kvant vakumu haqqında bildiklərimizdən əvvəl də modern fizikada mühüm rol oynayıb. 19-cu əsrin ortalarında edilən kəşflərə əsasən, işıq elektomaqnit enerjinin hərəkət edən dalğasıdır və səs, su kimi bütün dalğaların transferi üçün maddi bir vasitə gərəkdiyi ümumqəbul edilmişdi. Otaqdan havanı çıxarın və kimin nə dediyini eşitməyəcəksiz. Suyu göldən boşaldın və dalğa əmələ gətirə bilməyəcəksiz. Fərz edilirdi ki, işığı ötürən maddi vasitə “efir” adlanan əmici maddədi. Uzaq ulduzlardan gələn işığı görə bilmək üçün efirin bütün sahəni doldurması gərəklidi. Beləliklə, boş sahə deyilən bir şey mövcud deyildi və məkan efirlə doldurulmuşdu.

1887-ci ildə iki amerikan fiziki tərəfindən bütün fizikada ən məşhur təcrübələrdən biri Klivlend, Ohoyoda yerləşən indiki Case Western Reserve University-də həyata keçirildi; onlar efir vasitəsilə yerin hərəkətini ölçməyə cəhd göstərdilər. Lakin təcrübələri uğursuz alındı. Əksinə, efirin hansısa təsiri müəyyən edilmədi. Daha sonra 1905-ci ildə 26 yaşlı Albert Enşteyin efirin mövcud olmadığını irəli sürdü. Bunun müqabilində, onun fərziyyəsinə görə, işıq bütün digər dalğalardan fərqli olaraq tamamilə boş sahə boyu yayıla bilir. Bütün bunlar kvant fizikasından əvvəl baş vermişdi.

Efirin inkar edilməsi və bu səbəbdən həqiqi bir boşluğun mənimsənilməsi gənc Enşteyinin daha dərin hipotezindən irəli gəlirdi: Kosmosda mütləq dinclik vəziyyəti yoxdur. Mütləq dinclik olmadığı halda, mütləq hərəkət mümkün ola bilməz. Qatarın mütləq mənada saatda 50 mil sürətlə hərəkət etdiyini deyə bilmərik. Sadəcə onu deyə bilərik ki, qatar stansiya kimi başqa bir obyektə görə saatda 50 mil sürətlə hərəkət edir. İki obyekt arasında yalnız nisbi hərəkət məna daşıyır. 

Enşteynin efirdən uzaqlaşmasının səbəbi, kosmosda mütləq dincliyin referans çərçivəsini qurmaq üçün idi. Bütün sahəni dolduran maddi efir vasitəsilə, hansısa obyektin dayandığını, yaxud hərəkətdə olduğunu deyə bilərik, eyniylə göldəki qayığın hərəkətsiz olduğunu yaxud suya görə hərəkət edib-etmədiyini deyə biləcəyimiz kimi.

Beləliklə, Enşteynin tədqiqatları vasitəsilə, maddi boşluq və ya Heçlik ideyası kosmosda mütləq dinclik (vəziyyətinin) rədd edilməsi ilə əlaqələndirildi. Yekunlaşdırsaq, əvvəlcə bütün məkanı dolduran efir vardı. Daha sonra Enşteyn (ordan) efiri çıxardaraq, faktiki olaraq boş sahəni saxladı. Nəticədə digər fiziklər məkanı yenidən kvant sahələri ilə doldurdular. Lakin kvant sahələri mütləq dinclik referans çərçivəsini bərpa etmirlər, çünki onlar boşluqda statik maddə deyil. Enşteynin nisbilik prinsipi də öz yerində qaldı.

Kvant sahə nəzəriyyəsinin öncüllərindən biri, Caltech-in professoru və mənim tezis kommitəmin üzvü olan əfsanəvi fizik Richard Feynmandı. 1940-cı illərin sonunda, Feynman və digərləri elektronların vakumun xəyali hissəcikləri ilə qarşılıqlı olaraq bir-birinə necə təsir etdikləri barədə nəzəriyyə inkişaf etdirdilər. Feynman həmin on illiyin əvvəllində, təkəbbürlü gənc elm adamı kimi Manhattan Layihəsində işləmişdi. 1970-ci illərin əvvəllərində Caltech-də onunla tanış olarkən Feynman bir qədər yumşalmışdı, lakin hələ də bir göz qırpımında qəbul edilmiş müdrikliyi devirməyə hazır idi. Hər gün ağ köynək, sadəcə ağ köynək geyirdi, çünki (ağ köynəkləri) müxtəlif rəngli şalvarlarla uyğunlaşdırmağın daha asan olduğunu və paltarlar üçün vaxt sərf etməkdən nifrət etdiyini deyirdi.

Feynman-ın da fəlsəfəyə qarşı güclü nifrət vardı. Çox zəkalı olmasına baxmayaraq, maddi dünyaya tamamilə hipotetik yaxud subyektiv spekulyasiyalara əhəmiyyət vermədən olduqca sadə bir formada yanaşırdı. O, kvant vakumunun davranışları barədə saatlarca danışa bilərdi və belə də edirdi, lakin Heçlik barədə fəlsəfi yaxud teoloji mülahizələrə bir dəqiqə də sərf etməzdi. Feynman-la yaşadığım təcrübə, bir insanın elmi cəhətdən sübuta yetirilə bilənin çərçivəsindən kənara çıxan “Niyə” sualı ilə maraqlanmadan böyük elm adamı ola biləcəyini mənə öyrətdi. Bununla belə, Feynman ağılın öz reallığını yarada bildiyini anlamışdı. Bu anlayış özünü 1974-cü ildə Caltech-dən məzun olduğum zaman onun Başlanğıc nitqində göstərdi. Feynman çıxışında istənilən elmi nəticəni nəşr etməzdən əvvəl, səhv edə biləcəyimiz bütün mümkün yollar haqqında düşünməli olduğumuzu vurğuladı. “İlk prinsip” – dedi, “odur ki, öz-özünü aldatmamalısan – sən bunun üçün ən asan adamsan”. 

*** 

Wachowski Qardaşlarının məşhur filmi “The Matrix”də (1999) xarakterlər tərəfindən yaşanan bütün reallığın – küçə boyu gəzən piyadalar, binalar, restoran və gecə klubları, bütün şəhər mənzərəsi – illuziya, bir usta komputer tərəfindən insan beynində oynanan saxta film olduğunu başa düşməzdən əvvəl, yaxşıca dramın iştirakçısı oluruq. Faktiki reallıq insanların yarpaq bənzəri kapsullarda həbs edildiyi, komaya salındığı, maşınlara güc vermək üçün həyat enerjisinin tükədildiyi dağılmış və kimsəsiz planetdir.

Həyatımızda reallıq dediyimiz şeylərin çoxunun da illuziya olduğunu və ümumiyyətlə dağılma və Heçliyə hesab etdiyimizdən xeyli yaxın olduğumuzu iddia edirəm.

İcazə verin açıqlayım. Olduqca xoşagəlməz bir fikir, lakin son bir neçə əsrdə elm adamları tərəfindən qəbul edilən bir şeydir ki, biz insanlar və bütün canlı varlıqlar tamamilə maddiyik. Yəni, biz maddi atomlardan və sadəcə maddi atomlardan təşkil olunmuşuq. Dəqiq olsaq, ortalama insan təxminən 7×1027 (7000 trilyon atom) atomdan ibarətdir – 65 % oksigen, 18 % karbon, 10 % hidrogen, 3 % azot, 1.4 % kalsium, 1.1 % fosfor və digər 54 kimyəvi elementin izləri. Toxuma və əzələlərimizin, orqanlarımızın və beyin hüceyrələrinin hamısı bu atomlardan ibarətdir. Və başqa bir şey yoxdur. 

Geniş bir kosmik varlığa hər birimiz atom birləşməsi kimi görünə bilərik. Əmin olun ki, bu xüsusi bir birləşmədir. Bir qaya insan kimi davranmaz. Lakin şüur və düşüncə olaraq təcrübədən keçirdiyimiz zehni hissiyyat sadəcə atomların xüsusi birləşməsi olan neyronlar arasındakı tamamilə maddi elektrik və kimyəvi qarşılıqlı əlaqələrin tamamilə maddi nəticələridir. Və biz öldükdə, bu xüsusi birləşmə dağılır. Son nəfəsimizdə vücudumuzdakı ümumi atom sayı sabit olaraq qalır. Hər bir atom daha sonra hava, su və torpaq ilə qarışdığı üçün, etiketlənib izlənilə bilər. Material dağınıq şəkildə qalacaq. Hər birimiz atomların müvəqqəti birləşməsiyiq, nə bundan daha çox, nə daha az. Hamımız maddi sökülmə və dağılmanın eşiyindəyik.

Zehni hissiyyat elə güclü və cəlbedicidir ki, biz digər insanlara – yəni digər atom qruplarına – üstün keyfiyyətlə, müəyyən qeyri-maddi və möhtəşəm mahiyyət bəxş edirik. Və atomların birləşməsi kimi hər birimiz üçün ən vacibi məhz özümüzük, özümüzü təchiz etdiyimiz üstün keyfiyyət – öz, eqo, mənlik – sadəcə bir atom kolleksiyasından daha böyük və əhəmiyyətli şəkildə əks olunur.

Eyniylə humanitar institutlarımız kimi. Öz sənət və mədəniyyətimizə, etik kod və qanunlarımıza böyük və sərhədsiz əhəmiyyət veririk, bu institutları özümüzdən xeyli geniş səlahiyyətlə təmin edirik. Amma əslində bütün bunların bizim ağlımızın konstruksiyalarıdır. Yəni bu institutlar və kodlar, o cümlədən onların şərti mənaları, sadəcə bəsit atomlar olan neyronlar arasındakı mübadilənin nəticələridir. Bunların hamısı zehni konstruksiyalardır və bizim onlara fərdi və ictimai olaraq yüklədiyimiz reallıqdan başqa hansısa reallığa malik deyillər. Buddistlər bu anlayışı əsrlər boyu bilirdilər. Bu, budist boşluq və fanilik konsepsiyasının bir hissəsidir. 

Digər insanlara və humanitar institutlara bəxş etdiyimiz həddsiz, qeyri-maddi, uzun vədəli keyfiyyətlər Matrix-də komputer tərəfindən qurğulanan dünya kimi bir illuziyadır. Şübhəsiz ki, əldə etdiklərimiz qeyri-adi nailiyyətdir. Dünya barədə dəqiq proqnozlar verə bilən elmi nəzəriyyələrimiz var. Biz, gözəl və mənalı hesab etdiyimiz rəsim, musiqi və ədəbiyyatı yaratmışıq. Hüquq və sosial kod sistemlərinin hamısına malikik. Bununla belə, bu şeylərin ağlımızın xaricində hansısa həqiqi dəyəri yoxdur. Və zehinlərimiz sökülərək dağılmağa məhkum atomlar kolleksiyasıdır. Və bu mənada, biz və institutlarımız hər vaxt Heçliyə yaxınlaşır.

Beləsə, bu cür ayıq düşüncələr bizi hara aparır? Müvəqqəti və qurduğumuz reallığı nəzərə aldıqda, həyatımızı cəmiyyət və fərdi olaraq necə yaşamalıyıq? Şəxsi Heçliyimə yaxınlaşdıqca, bu sualları yaxşıca gözdən keçirdim və öz həyatımı yönləndirmək üçün bəzi müvəqqəti nəticələrə gəldim. Hər insan özü üçün bu dərin sualları düşünməlidir – doğru cavablar yoxdur.

İnanıram ki, cəmiyyət olaraq qanunlarımızı və digər institutlarımızı istədiyimiz kimi təsis etmək üçün çox güclü olduğumuzu başa düşməliyik. Kənar güc və məhdudiyyətlər yoxdur. Yeganə məhdudiyyət öz təxəyyülümüzdür. Yəni kim olduğumuzu və nə olmaq istədiyimizi başa düşmək üçün xeyli zaman ayırmalıyıq.

Hər birimiz fərd olaraq, ağlımızı komputerlərə yükləyə biləcəyimiz günə qədər, fiziki bədən və beynimizə məhkumuq. Və yaxşı yaxud pis olmasından asılı olmayaraq, şəxsi həzz və əzablarımızı əhatə edən şəxsi zehni vəziyyətimizlə zəncirlənmişik. Malik olduğumuz reallıq anlayışı nə olur-olsun, heç şübhəsiz, biz şəxsi həzz və əzablarımızla yaşayırıq. Biz hiss edirik. Dekartın məşhur “Düşünürəm, elə isə varam” – sözünü, “ Hiss edirəm, elə isə varam” şəklində deyə bilərik. Və mən həzz və əzabı hiss etmək haqqında danışanda, təkcə fiziki həzz və əzabdan bəhs etmirəm. 

Antik epikurçular kimi, həzz və əzabın bütün formalarından danışıram: intellektual, yaradıcı, mənəvi, fəlsəfi və s. Həzz və ağrının bu formalarının hər birini təcrübədən keçiririk, başqa cürünü bacarmarıq. Onlar bizim bədən və idrakımızın reallığıdır, bizim daxili reallığımızdır. Və gəldiyim nəticə budur: həzzimi maksimallaşdıracaq, əzabımı isə minimallaşdıracaq şəkildə yaşaya bilərəm. Buna görə də, dadlı yeməklər yeməyə, ailəmi dəstəkləməyə, yaxşı işlər görməyə, məndən daha uğursuz olanlara kömək etməyə çalışıram, çünki bütün bunlar məni xoşbəxt edir. Eyni zamada şəxsi anarxiyadan qaçmaq və başqalarına zərər verməkdən çəkinmək üçün darıxdırıcı həyat sürməkdən qaçmağa çalışıram, çünki bu işlər mənə əzab verir. Mən belə yaşamalıyam. İngilis filosof Jeremy Bentham başda olmaqla, məndən daha dərin düşünən mütəfəkkirlər, bu fərqli nəticələri çox fərqli yollarla əldə ediblər.

Hiss etdiyim və bildiyim odur ki, hal-hazırda, zamanın böyük zərfi içində burdayam. Mən boşluğun bir hissəsi deyiləm. Mən kvant vakuumunda dalğalanma deyiləm. Atomlarımın bir gün torpağa və havaya səpələnəcəyini, daha mövcud olmayacağımı, Heçliyin bir növünə çevriləcəyimi bilsəm də, mən indi yaşayıram. Mən bu anı hiss edirəm. Əlimə yazı masamda görə, pəncərədən günəşin istiliyini hiss edə bilirəm. Və çölə baxdıqda, dənizə enən iynəyarpaqlı şam yolunu görürəm. İNDİ.

bilge.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)