Edebiyyat.az » Ədəbi tənqid » Azər Qismət - Qadınların hissiyatı ilə oynayan yazıçılar

Azər Qismət - Qadınların hissiyatı ilə oynayan yazıçılar

Azər Qismət - Qadınların hissiyatı ilə oynayan yazıçılar
Ədəbi tənqid
nemət
Müəllif:
22:09, 28 noyabr 2019
1 511
0
Azər Qismət - Qadınların hissiyatı ilə oynayan yazıçılar



Onların əsərləri dünya məktəblərinin dərsliklərinə salınıb. Onları bizə nümunə göstəriblər. Onlar yalnız böyük əsərlər yazmaqda nümunəvidir. Elə ölkə var ki, təkcə bir yazıçısı ilə tanınır. Ancaq belə ədiblər şəxsi həyatlarında nümunəvi sayılmayıblar. Bəzən yarlarını düzgün seçməyiblər. Çoxları da birinci - alınmayan sevgilərinin heyfini ikincidən çıxıblar. Biz onları müdrik və ciddi görməyə adət etmişik. Doğmaları ilə münasibətlərdə isə əsl xislətləri cəmiyyətdən gizlin saxlanılıb. Daha doğrusu, "ev bizim, sirr bizim" prinsipinə əməl edilib. Ancaq bəzi yazıçıların ailə dramları ictimayyət qarşısında baş verdiyindən cidanı çuvalda gizlətmək alınmayıb. Əlbəttə, belə xislətlər sonrakı araşdırmalar zamanı üzə çıxıb. Onlardan yalnız üçü - Antuan de Sent Ekzüperi, Frans Kafka, Ernest Heminqueydən söz açacağıq.



Ekzüperinin aldatdığı qadın
Gözəl qadın, jurnalist Konsuelo Sunsin Antuan de Sent Ekzüperiyə görə Argentinanın siyasi elitası ilə dostluğundan əl çəkib. O, buna görə böyük təqaüdü, güzəştləri itirib, mülkiyyətdən məhrum edilib. Əvəzində nə alıb? Konsuelo ilə Ekzüperi Buenos-Ayresdə görüşüblər. Nəhayət, qərara alıblar ki, nikah bağlasınlar. Onların nikah mərasimi hələ də müzakirə mövzusudur. Mərasim Ekzüperinin göz yaşları ilə yadda qalıb. O, ağlayaraq deyib ki, "mən doğmalarımdan uzaqda nikah bağlaya bilmərəm". Əlbəttə, argentinalı xanım üçün də çətin anlar yaşanıb. Çünki sevgilisi ilə Fransaya getsəydi, o da valideynlərindən uzaq yerdə nikah bağlamağa məcbur qalacaqdı. Bu, argentinalı qızı aşağılamaq idi. Qız həyatındakı birinci nikahına kölgə salmağı özünə dərd edirdi. Amma sevgi xatirinə razılaşıb. Təki istədiyinə qovuşsun. Fransaya gedərək nikah bağlayıblar. Konsuelonun özünü dünyanın xoşbəxti sayması bir-iki ay çəkib. Sonrakı hadisələr həyatını zəhərə döndərib. İlk xəyanəti evlərinə qonaq gələnlərin biri ilə ərinin əylənməsi zamanı ifşa edib. Lakin yazıçı deyib ki, burada ayıb heç nə yoxdur: "Sən yaxşı bilirdin ki, kimə ərə gəlmisən". Bu xəyanət içini qovurub. Belə xəyanəti birtəhər unutmağa çalışdığı aylarda, növbəti hadisələr yaşanıb. Məşuqələri artıq çərçivəni aşaraq evə zəng etməyə başlayıblar. Hər gün dava-dalaş, üstəlik, Argentinadan doğmaların onu Vətənə çağırmaları qadının psixi durumunu pisləşdirib. Onu iki dəfə psixiatriya klinikasına yerləşdiriblər: birinci dəfə, Ekzüperinin Saxarada təyyarəsinin qəzaya uğramasından sonra. İkinci dəfə, onunla gecə məclislərinin birində mübahisə zamanı. Yaxın adamlarının sonrakı xatirələrində oxuyuruq ki, həmin mübahisə səs-küylü olub. Söyüş və qarşılıqlı ittihamları hamı eşidib. Artıq sevilmədiyini görən qadın boşanmaq istəyini dilə gətirib. Nəhayət, günlərin birində Argentinaya qayıdıb. Ancaq Antuan de Sent Ekzüperi onun ardınca gedib, söz verib ki, daha əvvəlki səhvlərini təkrarlamayacaq. İkinci Dünya müharibəsi zamanı Konsuelo Ekzüperiyə qışqırıb ki, əl çəksin: "Məni sevən, anlayan adam lazımdır. Mən tək qalmaq istəmirəm". Konsuelo hər şeyi danışıb. Məlum olub ki, bir mayor onu sevir. Qadın onunla nikaha razılaşıb. Ekzüperi Konsuelonu anlayıb, yeni xoşbəxtlik arzulayıb. Ancaq dodağını gəmirib. Kiçik qisas almaq pis olmazdı. Söhbət Fransada baş tutubmuş. Yazıçı onu mehmanxanaya dəvət edib. Oradan mayora zəng vurub ki, Konsuelo azacıq gecikir, bir az gözləsin. Konsuelo xatirələrində yazıb: "Antuan həmin mayora zəng etməyə getdi. Mən onu 1 saat gözlədim. Mehmanxana sahibi məni dadlı likyora qonaq etdi. Nəhayət, Tonio adlı oğlan gəlib dedi:
- Mayor məni göndərdi sizə xəbər verim ki, daha sizi gözləmək fikri yoxdur. O, sizdən inciyib. Mənə qulaq asın, Konsuelo. Niyə mənə ərə gəlməyəsiz? Mayordan inciməyin. Bütün kişilər eynidir.
"Mən heç nə deyə bilmədim. Tezliklə onunla nikaha girdik. Ertəsi gün bildim ki, Antuan heç mayora zəng etməyibmiş". Antuan onun mayorla əlaqəsini qırmaq üçün qadını aldadıbmış.
 

 
Sevdiyi qadının rəfiqəsinə sevgi məktubları yazan
Kafka
Frans Kafka Berlindən olan 25 yaşlı yəhudi əsilli Felitsiya Bauerlə ümumi dostu Maks Brodun evində görüşüb. Onda yazıçının 29 yaşı vardı. Xəstəhal vəziyyəti ilə adamlarda kədər oyadırdı. Özünə əminlik sıfır dərəcəsində olub. Ancaq buna baxmayaraq, Felitsiya Bauerlə sevgi romanı 5 il çəkib. Yox, elə düşünməyək ki, 5 il ərzində yüzlərlə görüşləri olub. Hər ikisi yalnız 3-4 dəfə görüşüblər, qalan vaxtlarda məktubla əlaqə saxlayıblar. Yalnız 6 aydan sonra - 1913-cü ildə Berlindəki rastlaşma zamanı Kafkanın qəlbi odlanıb. Görüş təsadüfən alınıb, yarım saat çəkib. Qrunevald parkında gəzişib ayrılıblar. İki aydan sonra Kafka təklif edib ki, məktublaşmağa son qoyulsun. 16 iyun 1913-cü ildə qəflətən 20 səhifəlik məktubu ilə Felitsiyaya evlənmək təklifi irəli sürüb. Lakin əvvəlcə bildirib ki, həkimlə məsləhətləşməlidir: "Bilməliyəm ki, ailə həyatına hazıram, ya yox". Daha sonra məktubda yazılıb: "Felitsiya, indi özün fikirləş, nikah hər birimizə hansı dəyişiklik bəxş edəcək. Səni şadlandıran Berlini və işini itirəcəksən. Sən həm də ömür boyu arzuladığın - sağlam kişiyə ərə getməyi, sağlam uşaqlar dünyaya gətirmək xəyallarını itirəcəksən. Əvəzində xəstə, zəif, ünsiyyət qurmağı bacarmayan, susqun, tərs, itmiş insanı qazanacaqsan". Təəccüb doğuran məqam burasındadır ki, Felitsiya yenə də "hə" deyib, nikah bağlamağa qətiyyət nümayiş etdirib. Ümumiyyətlə, Frans Kafkanın məktubları Felitsiyada qəribə hisslər oyadıb. Hər şeyi aydınlaşdırmağa çalışıb, 21 yaşlı rəfiqəsi Qret Bloxu onun yanına göndərib. Bəs, əvəzində yazıçı nə edib? Qret onun xoşuna gəlib. Bununla da Kafka hər ikisi ilə məktublaşmağa başlayıb. Qretə yazıb ki, "səndən xoşum gəlir", ancaq başqa məktubunda Felitsiyaya yenə evlilik təklifi edirmiş. Felitsiya yenə nikaha razılaşıb. Kafkanın Qretə növbəti məktubu hələ də təəccüb doğurur: "Mən istərdim ki, toydan sonra üçümüz bir yerdə yaşayaq: "Biz gözəl həyat sürərik. Siz mənim əlimdən tutardız, mən də sizə təşəkkür əlaməti olaraq əlinizdən tutardım". Qret Kafkanın məktublarının həmin hissələrini qırmızı qələmlə halqaya alırmış. Və onları Felitsiyaya göstərib. "Don Juan"ı Berlinə çağırıblar. Hər iki qadın onlara yazılan məktubları yazıçının gözlərinin qarşısına tutublar. Kafka pərt halda çıxıb gedib. Nikah yenidən alınmayıb. Üç ildən sonra 1917-ci ildə Kafka yenidən Felitsiyaya evlilik təklifi edib. Yenə alınmayıb. Həmin vaxt Kafkanın boğazından qan gəlirmiş. O, bunu Felitsiya ilə evlənməyin arzuolunmaz halı kimi anlayıb. Bir daha evlilik təklifini ona yazmayıb.

Üç dəfə boşanan və
arvadlarını ittiham edən
Heminquey
Ernest Heminquey dörd dəfə evli olub. Birinci arvadı Hedli Riçardsonla ayrılıb, rəfiqəsi Paulina Pfayferin yanına gedib. Sonra ailənin dağılmasında Hedlini günahkar sayıb. Bir müddətdən sonra hər iki qadınla məhəbbət macərası yaşamağa qərar verib. Hətta birinci arvadı ilə Cənubi Fransada yenidən görüşüb. Ancaq yazıçının belə hərəkəti hər iki qadını depressiyaya salıb. Hedli belə görüşlərə, belə sevgiyə dözməyib, anlayıb ki, Heminquey, sadəcə, onların hissi ilə oynayır. Paulina Pfayfer isə qatı katolik idi. O, nikah bağlamamış Heminqueylə sevgi macərasının uzun çəkməsini istəmirdi. Onlar nikah bağladılar. Qadın yazıçıya iki oğlan bəxş etdi. Heminquey çətin adam olduğundan ikinci ailəsi də dağıldı. Yazıçının jurnalist Marta Hellhornla macərası başlamışdı. Bir müddətdən sonra nikah bağlanıldı. Yazıçının çətinliyi bu dəfə də özünü göstərdi. Onların birgə həyatı uzun sürmədi. Çünki mübahisə elə ilk gündən başlamışdı. Üçüncü arvadı onu biganəlikdə və sərxoşluqda qınayırdı. Heminquey isə onun işdən evə gec gəlməsinə əsəbləşirmiş: "Əgər qadın mənim qayğıma qalmırsa, o mənə dünəndən lazım deyil". Heminquey üçüncü arvadı ilə olan nikahı axmaq zarafat hesab etmişdi. Nobel mükafatı laueratı dördüncü arvadına qarşı da aqressiv oldu. Hətta bir dəfə mərasim zamanı həyat yoldaşına fiziki təzyiq göstərməkdən çəkinməyib. Hətta Kubaya köçəndə də mübahisələr səngiməyib. Ernest spirtli içkilər qəbul edərək boşqabları sındırır, hətta qonaqların yanında Merini təhqir etməkdən çəkinmirdi. Meri ona çox dözdü. Ernest Heminquey intihar edənə qədər onun qanuni arvadı sayıldı.
Bu da qadınların hissiyatı ilə oynayan, bütün günahları daim onların üstünə atan kişilər. Məşhur yazıçılardan yalnız üçündən söz açdıq. Belə baxanda digərlərinin də şəxsi həyatı sakit keçməyib. Əsərləri kimi daim qaynayıblar.

Mənbə: Ədəbiyyat qəzeti
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)