Edebiyyat.az » Ədəbi tənqid » Günel Rəcəb - “Azğın”ın struktur-semantik təhlili

Günel Rəcəb - “Azğın”ın struktur-semantik təhlili

Günel Rəcəb - “Azğın”ın struktur-semantik təhlili
Ədəbi tənqid
nemət
Müəllif:
11:52, 20 dekabr 2019
2 446
0
Günel Rəcəb - “Azğın”ın struktur-semantik təhlili







Çağdaş ədəbiyyatın görkəmli simalarından Cəlil Cavanşirin onuncu kitabı “Azğın” öz strukturuna görə müəllifin digər əsərlərindən seçilir. Romanda reallıq və təxəyyülün sərhədləri pozulur. Gerçəklik öz simulyatorları ilə əvəz edilir. Postmodernizmə xas hiperreallıq və intertekstuallıq özünü aşkar büruzə verir. Qəhrəmanın daxili dünyasının dərinliklərini göstərmək üçün  psixologizmdən istifadə olunmuşdur. Roman elə müəllifin xaotik psixoloji durumunun təsviri ilə başlayır. Müəllif öz durumunu həyətlərindəki arxın suyuna bənzədir. Onun kimi içini görmək istəyənlərə imkan verməyəcək qədər bulanıq. Və müəllifin gözü üzü divara dayanmış qara pişiyə sataşır. Kitabın üz qabığında verilən qara pişik müəllifin qorxularıdır: “Biz bu pişiyi heç zaman evimizə buraxmırıq”. Gecə skamyada sevişən pişikləri yamanlayarkən o, əslində, özünə müraciət edir. Axı etiraf etdiyi kimi, “Onun yeganə düşməni özüdür”. O, öz qorxuları ilə danışır. “Niyə ayrılıb tənha qalmağa qorxursunuz?... Bir-biriniz qucaqlayıb köksünüzə sıxmaqdan nə qazanacaqsınız?... heç olmasa aşiq olub bir az əzab şəkin, it uşağı!”. Müəllif psixologizmdən bilvasitə istifadə edir, pişiklərə müraciət, qəhrəmanın monoloqu, yuxuları vasitəsilə şüuraltının qaranlıq guşələrindəki özü ilə, qorxuları, onların səbəbi ilə yenidən rastlaşır. Bu yolla qəhrəmanının daxili dünyasının dərinliklərini oxuculara açır. Romanda zaman kəsik-kəsik, boyunbağının qırılıb yerə tökülmüş muncuqları kimi təsvir edilir. Qəhrəman zamanı bərpa etmək üçün indidən keçmişə keçidlər edir. Qəhrəmanın keçmişə səyahəti şüuraltındakı unudulmuş, amma xatırlanmaq istəyən qatlarıdır. Yarımçıq qalmış hər şey bitmək üçün xatırlanmalıdır.

Bu keçidlər mifoloji semnatikaya malik priyomlarla həyata keçirilir. Roman süjetinin genezisində mifoloji motivlər dayanır. Öz düşüncələrini dərk edə bilmək üçün yazıçı qəhrəmanı insan təfəkkürünün daha dərin və arxaik qatına enməyə məcbur etmişdir. 

Avtobioqrafik roman  üç fəsildən ibarətdir. Fəsillərin müxtəlif hissələrinə verilən başlıqlarda məzmunla, qəhrəmanın həyatı ilə bağlı ipucları verilir. Qəhrəmanın atası ilə bağlı xatirələri və dəliliyin ilk simptomları birinci fəsildə təsvir edilir. İkinci fəsildəki başlıqlar daha mücərrəd, fəlsəfi  fikirləri əks etdirilir. Üçüncü fəsildə romanın əsas ideyaları oxucuya çatdırılır. Romanın məzmununda kənd və şəhər həyatının, indi ilə keçmişin, kimsəsizliklə bir kəndin-toplumun üzvü olmanın qarşılaşdırılması bədii təzad yaradır. Kənd qəhrəmanın keçmişini, uşaqlığını, şəhər isə onun yaşadığı indiki real zaman kəsiyini bildirir. Əsərin süjeti bu qarşı-qarşıya qoyulmuş qütblər arasında gedib-gəlmələr üzərində qurulub. İntertekstuallıqla yanaşı, əsərdə kontaminasiyalar da var: Hacalı əhvalatı, Cırt Əsgər, Toğrulla Aytənin, Əfzələddinlə Gülşənin hekayəsi. Bu hekayələrdə kəndin “dəli” hesab edilən insanlarının bədbəxtliyinin səbəbi göstərilir. Cırt Əsgər, Əfzələddin, Gülşən  “bacadandüşənlər”in qurbanına çevrilmiş, qurtuluşu dəlilikdə tapmışdılar. “Bacadandüşənlər” – İsrafil, İsrail, Mikayıl və Cəbrayıl müharibədən yayınmışdılar. Onlar nişanlı qızların, dul arvadların qənimi, kənddəki xaosun başlıca səbəbkarı idilər. Onların adlarının semantikasında da mifoloji simvolika öz əksini tapır. Öz əməllərinə görə onlar “Danabaş kəndinin əhvalatlarındakı” Xudayar bəy obrazını xatırladırlar. Bu obrazlar şər qüvvələri simvolizə edərək kiçik etnokosmik model olan kənddə xaos yaradırlar.

Müəllif adlardan istifadə edərək müxtəlif məna çalarları yaradır. Qar uçqunu altında qalıb övlad sahibi ola bilməyən Qeyrətin öz arvadı ilə dəli qardaşının münasibətindən xəbər tutub, qardaşını öldürməsini ironiya ilə təsvir edir. Qəhrəmanın keçmişindəki qadınların hamısının adları var: Gülpəri, Gülçin, Gülşən... Bu adların əksəriyyəti milli adlardan ibarətdir. Qəhrəmanın real həyatında – şəhərdə isə qadınlardan çoxunun adı verilmir. Verilən bəzir adlar isə (Aybəniz (Ayka), Rapunsel, Narsis, Polyanna, Göyçək Fatimə  və Məryəm) simvolik məna daşıyır. Gerçəkliyin təhrifinə işarədir. İkinci fəsildə qadınlar onu yuxuda görür və qəhrəman birlikdə olduğu qadınları öldürməyə başlayır. Qadınların bu cür öldürülməsi yuxu kimi ölümün paradiqmasıdır. Ümumiyyətlə, şəhərdəki qadınlara münasibətdə qəhrəman çox qəddardır. Hətta qarabasmalar zamanı Burla xatunun qara donlu kafirdən hamilə olduğu bildirilir. Qəhrəman şəhərdə içki içir, narkotikdən istifadə edir, müxtlif qadınlarla qısamüddətli münasibətlərdə olur. Qəhrəmanın şəhər həyatının təsvirində Ç.Bukovskinin üslubunu sezməmək mümkün deyil: “Deyəsən, şeir gecəsiydi, şeirdənmi, məclisin ovqatındanmı, içdiyim şərabın təsirindənmi bərk sərxoş idim”. Qəhrəmanın xaotik şəhər həyatı xaosu simvolizə edir. Obraz kosmik nizamı bərpaetmək üçün keçmişə keçid edir. “Güzgülərin bu üzündəki yeknəsək həyat” onu usandırır. Müəllif bu keçidləri təsvir etmək üçün yalnız psixologizmlərdən istifadə etməklə kifayətlənmir, mifoloji simvolikadan da istifadə edir. Qəhrəman ilk dəfə öz keçmişi ilə hamamda soyunub lüt şəkildə güzgüyə baxarkən rastlaşır. Güzgüyə baxarkən özünə bənzəyən yeniyetməni görür.  Güzgü burada portal rolunu oynayır. Bir dünyadan başqasına keçidin gerçəkləşdiyi qapılar. İndidən keçmişə, xaosdan kosmosa, yetkinlikdən yeniyetməliyə keçidi gerçəkləşdirən portal. Mifoloji təsəvvürlərə görə hamam həmişə profan dünyadan sakral dünyaya keçidi əks etdirib. Romanın sonrakı gedişatında bu keçidlər hansısa barın tualetində, metro qatarında, liftdə baş verir. Bu cür məkanlar yeraltı dünyanın müasir transformasiyalarıdır. Kənddəki hadisələr isə C.Məmmədquluzadənin “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları” əsərlərini xatırladır: “Allaha və dövlətə bir köynək uzaq, səfil-sərgərdan kəndimizi, kəndimizin talesiz, bədbəxt insanlarını düşünürəm. Səbəbini bilmədən ağlını itirmiş insanlar, dəlilər düşür yadıma”. “Atam qəhrəmanım idi, amma...”. Birinci fəsildə ata obrazı yeniyetmə oğlanın idealı kimi təsvir edilir. Lakin sonda müəllif ironiya ilə atanın oğlunun sevdiyi Gülpəri ilə ailəsini tərk edib qaçmasını təsvir edir. Qəhrəman yalnız nənəsinə inanırdı. Nənəsi onun and yeri idi: “Mən təntənəli sürətdə əlimi yuxarı qaldırıb ən müqəddəs bildiyim andı dilimə gətirdim... Nənəmin canına and içdimsə, onun sirrini kiməsə danışmağım mümkün deyildi”. Bir çox yazıçıların əsərlərində nənə obrazlarının prototipləri olub. Q.Q.Markesin “Yüz ilin tənhalığı”, M.Süleymanlının “Köç”ündəki nənə obrazlarının prototipi Hürü nənə, Trankiliana kimi. Ulucay Akifə verdiyi müsahibədə C.Cavanşir həyatında iz qoyan parlaq qadınlardan biri kimi nənəsinin adını çəkir. Qarı obrazı mifik təfəkkürdə Ulu Ana invariantı ilə bağlıdır. Mifoloji təfəkkürdə Ulu Ana himayəçi, həyat verəndir. Dövrəviliyin, ölümsüzlüyün rəmzi, körpə uşaqların himayəçisidir. Roman qəhrəmanı keçmişə -uşaqlığına səyahət etməklə inisiasiyadan keçir. Mifoloji çağ insanı həyatı boyu bir yaş dövründən digərinə keçərkən keçid rituallarından keçirdi. İnisiasiyadan keçən gəncin ölüb yenidən diriləcəyinə inanırdılar. Romanda qəhrəman da ölüb, inisiasiyadan keçir. Onun hamamda lüt soyunması buna işarədir. O yenidən doğulacaq.         

Romanın sonunda qəhrəman adının Qorqud olduğunu qeyd edir.  Türkoloq-alim C.Bəydili Qorqud obrazını “islamın belə qopuzuyla bərabər müsəlman övliyası surətində qəbul etməyə məcbur olduğu mifoloji varlıq” hesab edir. Qədim inanclara görə Qorqud Ulu əcdad, mərasim hamisi idi. “Kitabi-Dədə Qorqud” eposunun 13-cu boyunun tapılması ədəbiyyatşünaslıqda böyük bir hadisəyə çevrildiyi vaxtda C.Cavanşir də bu obrazdan özünəməxsus üslubda romanda onu yenidən aktuallaşdırır. Müəllif Qorqudun özünü mərasim qurbanı edir. “Kitabi Dədə Qorqud” dastanlarının sonunda Dədə Qorqud gəlib boy boylayır, soy soylayır,  xeyir-dua verir, igidlərə ad qoyur. Romanda da qəhrəmanın adının Qorqud olması oxucuya sonda məlum olur. Bu da qəhrəmanın ölüb-dirildiyinə, yeni statusda doğulmasına işarədir. Onun yeni sttusu isə “dəlilik”dir. Qorqud adı ilə bağlı olan əfsanələrin çoxu ölümdən qaçma motivinin fərqli variantlarıdır. O, daim ölümsüzlüyü axtarır. Onun ölümdən qaçmağı ilkin şamanın ölümlə mübarizəsinin bir başqa şəklidir. Mifoloji Qorqudun öz ölümü haqqında bilgini yuxuda alması onun sakral dünya ilə bağlılığına işarədir. Romandakı Qorqud da yuxu və güzgü vasitəsilə “dibə düşdükcə” yaddaşının qaranlıqlarına səyahət edir. O, ölümdən qaçmır, ölümü arzulayır, buna cəhd edir. Buna görə də Dədə Qorqud yox, Dəli Qorqud kimi çağırılmasını istəyir. Dəlilik mifoloji semantikasına görə şamanizmlə bağlı olub, xtonik qüvvələrlə bağlılığa işarədir.

Romanda yadda qalan sürətlərdən biri də Azad sürətidir. Bu surət çox incə boyalarla, tolerantlıqla təsvir edilib. Azadın kökü mərd Hacalı kişiyə gedib çatır. Müəllif mövcud stereotipləri qırır. Oxucuda Azada qarşı hörmət, sevgi yaradır. 

Sonuncu – iyirmi ikinci hissədə hadisələr bir birinə qarışır. Təxəyyüllə reallığın sərhədləri tamamilə pozulur. Hiperreallıq öz kulminasiyasına çatır. Romanı bitirib, yenidən başlanğıcına qayıtdıqda isə bütün düyünlər açılır. 

 


 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)