Edebiyyat.az » Film » Bəşəriyyətin incəsənətlə imtahanı: Melanxoliya

Bəşəriyyətin incəsənətlə imtahanı: Melanxoliya

Bəşəriyyətin incəsənətlə imtahanı: Melanxoliya
Film
Necef Esgerzade
Müəllif:
13:30, 15 iyul 2019
1 560
0
I HİSSƏ

Alman rəssam Albrext Dürer’in qravür işi olan “Melanxoliya I” (1514) araşdırma tarixi eradan əvvələ dayanan ümumbəşəri xəstəliyin – melanxoliyanın dolğun şəkildə alleqorik təsvirini verir. İnsanın dörd başlıca temperamentindən biri olan və akediya daxil olmaqla xristianlığın yeddi əsas günahından biri sayıla biləcək melanxoliya üçün ilk tibbi açıqlamanı Hippokrat verib. Yunancadan “melas” – “qara”, “khole” – “öd” sözlərinin birləşməsi olan bu xəstəliyin səbəbi kimi ödün şirə ifrazı vasitəsilə bədəndəki maye balansını pozması göstərilir. Depressiyadan fərqləndirilən melanxoliya üçün əsas simptomlar yersiz qorxu hisləri və ruh düşkünlüyünün davamlı olmasıdır. Əzabverici tərəflərinin olması ilə yanaşı, melanxoliya həm də incəsənətin inkişafında böyük rol oynayıb, yaradılan əsərlərdə tez-tez müraciət edilən bir mövzu halına gəlib.

***
Lars fon Trier’in 2011-ci ildə Kann kinofestivalı zamanı provokativ antisemit açıqlamaları ilə arxa plana düşmüş filmi “Melanxoliya”, bədii-fəlsəfi xüsusiyyətlərilə yeddinci incəsənət qolunun apokaliptik əsərləri sırasında dayana bilər. Rejissorun “Depressiya trilogiyası”nın “Antixrist”dən sonra ikinci filmi olan “Melanxoliya”, eyniadlı planetin Yer kürəsi ilə “ölümcül rəqsi”ni iki bacı arasındakı münasibətlər fonunda əks etdirməyə çalışır. Rixard Vaqner’in dahiyanə və tamamlanmamış əsəri – “Tristan və İzolda”nın notları ilə müşahidə olunan kadrların Trier, öz təcrübəsindən irəli gəldiyini söyləsə də, mövzunun universal bir kökə sahib olduğunu düşünmək olar. Film individualın yaşadığı hadisələr toplusunu deyil, ümumbəşəri faciəyə gedən yolda, sanki, qarşılaşacağımız son nöqtənin izahını verməyə cəhd göstərir. Rasionalizmdən sürrealizmə, optimizmdən pessimizmə, suprematizmdən nihilizmə qədər bir çox yanaşmaları özündə cəmləyən, hətta dini motivlərin belə tapılması mümkün olan bu 135 dəqiqəlik ekran əsəri, kifayət qədər simvolikaya malikdir ki məhz bu yazı da, filmin “qaranlıq” qala biləcək tərəflərini aşkara çıxarmaq üçün bir cəhddir…

***
Rixard Vaqnerin 1857-59-cu illərdə bəstələdiyi və liberettosunu yazdığı üçpərdəli opera olan “Tristan və İzolda”nın kəskin romantik və bir o qədər depressiv notları ilə başlayan açılış səhnəsi “Doqma-95” cərəyanına uyğun gəlməsə də, yavaş hərəkətli (slow motion) kadrlar tamaşaçının izləyəcəyi filmə bir növ hazırlıq mərhələsi kimi görülə bilər. Şüur axını kimi üzə çıxan səhnələr filmin əsas ideyasının treylervari açıqlamasını verir: bu filmə görə Kannda “ən yaxşı qadın aktrisa” mükafatına layiq görülən Kirsten Danst’ın – və ya obraz adı ilə Castinin (fr. Jüstin) solğun siması ilə göydən düşən ölü quşların eyni kadrda peyda olması; günəş saatı və arxasınca Alan Renan’ın özünəməxsus “Keçən il Marienbadda” (1961) filmindəki həyətə oxşar, əsas hadisələrin inkişaf edəcəyi ərazi; Piter Brügel’in yanan “Qarda ovçular” tablosu; rejissorun fetiş aktrisası Şarlot Qeynsburq’un canlandırdığı Kleirin öz oğlunu, sanki bataqlıqdan çıxarırmışcasına qucağında daşıması; iki Aylı səhnə; və nəhayətində, dünya ətrafında dövrə vuran planetin Yer kürəsinə çarpması. Qısametrajlı sürreal film effekti yaradan açılış səhnəsi, Trierin inadla Tarkovski təsirində olduğunu bildirməsinə dair bir mesajdır sanki. Eynilə “Antixrist”in açılış səhnəsində olduğu kimi.
Artur Şopenhauer’in pessimist və Lüdviq Feyerbax’ın optimist baxışlarının böyük pay sahibi olduğu və modernizmə keçidin mihəng daşı hesab edilən “Tristan və İzolda”nın əsas səhnələr üçün dəyişilməz musiqi olması, Castin və Kleir arasındakı dualist xarakteri ön plana çıxarmaqda olduqca yararlıdır. Bir-birinə zidd tərəflərin açıq münaqişəsinə çevrilən bu “ailədaxili” münasibət – böyük bacı Kleirin Castinə olan yerli-yersiz ittihamları və hər daim onu günahlandırması, filmin gedişatında əksinə çevrilir, belə demək mümkünsə, sosial tərəfini itirir kosmolojik faktorlar vasitəsilə daha da açılır.
İki bacı arasındakı münasibətlərin oxşar forması kimi fransız Markiz de Sad’ın 1791-ci ildə yazdığı “Jüstin” (“Əxlaqın fəlakətləri”) romanı ilə paralellik aparmaq olar. Filmdəki baş obrazla eyni ada sahib olan roman protaqonisti həyatı boyu ismət və təmizlik tərəfdarı kimi çıxış etsə də, əxlaqsız bir cəmiyyətdə əxlaqlı olmağın hansı bədbəxtliklərə səbəb ola biləcəyinin şahidi olur. Kömək etdikləri insanlar tərəfindən alçaldılan, kömək umduqları tərəfindən zorlanan gənc qız Jüstin, ondan kəskin fərqli yollarla cəmiyyətdə özünə yüksək yer tutan bacısının – Jülyetin əxlaq dərslərini dinləmək məcburiyyətində qalır ki, bununla da, Markiz de Sad illuzionar dəyərlərin fundamentində dayandığı insanlıq üçün ironiyanın şedevrini yaradır.
Hadisələrin mərkəz səbəbləri isə baş verən toydan qaynaqlanırdı…

***
Sürücünün naşılığı sayəsində yeni evlənən cütlük – Castin və Maykl, Kleir ilə əri Conun təşkil etdiyi toy məclisinə gecikir. Elə ilk səhnədəcə Castinin çıxılmaz vəziyyətə düşməsi, növbətilər üçün göstərici rolunu oynayır. Qonaqların onu gözlədiyi halda, atı Abrahamı görmək istəməsi, kifayət qədər özünəinamlı görünən Castinin bivec hərəkətlərilə bacısı və ərini naz çəkməyə vadar etməsi səmadakı ulduzu müşahidəsi ilə qismən bitir.
Filmin toy səhnəsi ilk doqma filmi olan Vinterberq’in “Festen”inə olduqca bənzərdir. Kənar dialoqların eşidildiyi, səs-küylü ab-havada, səliqəli geyinmiş bəy və xanımlar, Castinin anası Qabinin dililə desək, öz ‘burjua ritualları’nı həyata keçirirlər. Planlı şəkildə nə vaxt yeməyə oturub, nə vaxt rəqsə qalxmaq lazım olduğunu bildirən əmrlərlə ortalıqda gəzişən Kleir ilə hər daim məclisə çoxlu pul xərclədiyini vurğalayan əri Conun bu “yaxşılıqlar”ı altında əzilən Castinin axtardığı ovunmanı sevgilisi Mayklda da tapa bilməməsi onu melanxoliyaya yuvarlayan əsas amillərdir. Artıq o baş verənlərdə iştirakçı deyil, müşahidəçiyə çevrilir. Eynilə Trierin kamerasını bu cür hadisələrin təsvirinə yönəldərək “burjua festivalı”nı burjuanın özünə göstərməsi və “dəyərlər” adı altında bir dəyərsizlik demiurqunun yaradıldığını bildirməyə çalışması kimi. Kütləvilikdən uzaq, individualist xarakterli anası ilə danışığı Castinin, melanxoliya adı altında cəmiyyətə olan sosial yadlaşmasını ön plana çıxaran əsas dialoqdur. Mayklın verdiyi fotonu daima saxlayacağına söz verərək, gedərkən onu elə ordaca unutması, “seksual obyektləş”məyə qurban getdiyini düşünərək sevgilisindən uzaqlaşarkən, rəisinin yeni işə aldığı oğlanla elə həyətdəcə cinsi əlaqəyə girməsi Castinin bütünlüklə melanxolik halın kənar effekti olan eqoist örtüyə (S. Freyd) bürünməsinin göstəricisidir.
Rəisi Cek, Castinin rəhbəri olduğu şirkətdə ən yaxşı işçi olduğunu hər daim deməklə, onu elə toy zamanı yeni bir layihə üçün reklam şüarı fikirləşməyə təkid edir. Qonaqlar qarşısındakı monitorda kvadrat əmələ gətirəcək şəkildə yerə uzanmış dörd qadının reklam şəkli peyda olur ki, bu sloqanı əldəetmə məsuliyyəti də yeni işçi Timə tapşrılır. Bu səhnə müasir iqtisadi sistemin qadını istehlakçı obyektinə çevirməsinə dair önəmli mesaj xarakteri daşıyır.
Müasir burjuaziyanın dəyərlər fantomundan kənarlaşmağa çalışan Castinin keçdiyi otaqda rəfdəki kitabları şəkillərinə görə dəyişməsi əsas səhnələrdən biridir. Çarəsiz şəkildə melanxoliyanın ilk dalğalarını hiss etməyə başlayan qəhrəmanımızın Kazimir Moleviç’in suprematist tablolarını Piter Brügelin “Qarda ovçular”, Con E. Mileys’in “Ofeliya” və Karavacco’nun “Qoliatın kəlləsi ilə Devid” adlı tablolarını qoyması təsadüfi deyildir…

Mənbə: Kult.az



                      

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)