Dəvəçi və filosof

Səhrada avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:
-       Onların birinə buğda, digərinə qum doldurdum, -deyə cavab verdi.
Filosof:                                                                                                              
-       Buğdanı anladım, amma qumu nə üçün doldurdun? deyə soruşduqda kəndli:
-       Ikinci çuval boş qalsaydı tarazlıq pozulardı!- dedi. Filosof gülməyə başladı:
-       Tarazlıq təmin etmək üçün buğdanın yarısını da o birisinə doldursaydın hər halda daha ağıllı hərəkət etmiş olardın, -dedi.
Kəndli çaşmış, bu müdrik adama heyranlıqla baxmağa başlamışdı.
-       Sən, - dedi, padşah, yaxud vəzir olmalısan! Bu qədər ağıl ancaq onlarda ola bilər.
-       Xeyr, -dedi filosof, mən nə padşaham, nə də vəzir.
-       Elə isə dükan sahibi zəngin bir adamsan...
-       Nə gəzər, cibində qəpiyi belə olmayan bir adamam mən! Bu qədər məlumat və hikmətin əvəzində əlimdəki bu dəyənək və cındır paltarlarla gəzib dolaşıram səhralarda...
Kəndli bu cavab qarşısında heç məmnun olmamışdı:
-       Çəkil get yanımdan!-deyə qışqırdı. Sənin məlumat və hikmət dediyin şeyin bir faydası olsaydı, əvvəlcə özünə fayda verərdi. Torbanın birində qum, digərində buğda olması, sənin içiboş məlumat və fəlsəfəndən daha yaxşıdır!


Baxılıb: 245
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir