Edebiyyat.az » Musiqi » Qızıl barmaqlı Vaqif Mustafazadə

Qızıl barmaqlı Vaqif Mustafazadə

Qızıl barmaqlı Vaqif Mustafazadə
Musiqi
Necef Esgerzade
Müəllif:
23:29, 10 may 2019
1 984
0
Onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı. 

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.  

Vaqif Mustafazədə yaradıcılıq yolunu ilk dəfə Tiflisdən salır və 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz” triosunu yaradır. Son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyət göstərən bu qrupdan ayrıldıqdan sonra Vaqif Mustafazadə „Opera” ansamblına dəvət alır. Məhz bu ansablda o, gələcək həyat yoldaşı Elza Banzeladze ilə tanış olur. Bu nigahdan ikinci övladı Əzizə dünyaya gəlir. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.

1979-cu ildə Monakoda qeyri adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərindən birinə hazırlaşır. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşməyə qoymur. Nəticədə o bu konserti reallaşdırmaq üçün Daşkəndə yola düşür. Lakin uğursuzluqla burda da üzləşir. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, haqsızlıqlardan boğaza yığılmış vəziyyətdə çıxır.  

Piano arxasına keçir və ifa etməyə başlayır. Getdikcə şiddətlənən ağrılarına baxmayaraq. Ancaq Mustafazadəyə konsertin son akkardlarını vurmaq nəsib olmur. V.Mustafazadə 1979-cu il, dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.



azens.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)