Mətanət Teymurlu - "Fiammetta, sevgilərin əfsanəsi və səssiz kədəri"
1848-ci ilin qışında, İngiltərənin mavi səmasında, üç gənc ruh bir araya gəldi. Uilyam Holman Hant, Con Everett Mille və Dante Qabriel Rossetti, Kral Akademiyasının daş divarları arasında öz azadlıqlarını tapmaq üçün birləşirlər. Onlar, sənətin yalnız təqlidə deyil, ruhun dərinliklərində bir məqsəd tapmasına inanırdılar. "Pre-Raphaelite Qardaşlığı" adıyla tanınan bu qrup, klassik rəssamların nizamına qarşı üsyan edərək, sənətin əsl mahiyyətini yenidən kəşf etmək istəyirdi.
Onların hər fırça vuruşu, təbiətə, mənəvi dəyərlərə, və Viktorian cəmiyyətinin hələ də qəliblərlə möhkəm əllərini sıxıb saxladığı dünya görüşünə qarşı bir etiraz idi. Rəsmləri ilə dünyaya simvolizmin dərslərini verdilər, hər çəkdikləri rəngdə bir həyat, hər vuruşda bir anlama çağırış var idi. Pre-Rafaelitlər, sənət dünyasında bir inqilab etdi. Onların yaratdığı əsərlər yalnız gözəllik deyil, həm də insan ruhunun bütün zəifliklərini, qırılmalarını və böhranlarını əks etdirən bir güzgü oldu. Onların rəsmləri, hər biri bir melodiyanın notları kimi, zamanla uyğunlaşaraq, hər birimizə öz varlığımızın ən təmiz və ən dərin hisslərini xatırladır.
Rossetti'nin əsərləri, heç vaxt sükut içində qalmazdı. Gözəlliyin və faciənin iç-içə keçdiyi rəsmlərində, həyatının ən kədərli anlarını, ən dərin hisslərini canlandırdı. Poeziya istedadına da malik olan Rossetti hansı incəsənətin irəliləməyi ilə bağlı bir müddət mübarizə aparır. Amma sonra rəssamlıq daha çox üstünlük təşkil edir.
Siddal, Rosettinin başqa qadınlarla olduğunu xəbər verən məktublar alır. Həmin an, həyatının ən qaranlıq dövrü başlayır. Hamilə qalır, amma ölü doğumla üzləşir. Hər bir itki onu daha da çökdürür. Depressiya, alkol, maddə asılılığı ilə mübarizə edərkən, günlər keçdikcə ölümü daha yaxın hiss edir. 1862-ci ilin 11 fevralında, 32 yaşında, Laudanumun ağır dozası ilə həyatına son verir. Rosetti, sevgilisinin ölümündən sonra büsbütün dağılır. Qəlbinin ağrısını dindirmək üçün ona yazdığı şeirləri dəftərdən çıxarır, tabutuna qoyur və Siddalın arzusuna uyğun olaraq, şeirlərlə birgə torpağa verir. Lakin, onun ürəyi hələ də Siddalı axtarır, ona qovuşa bilmir, həm də arzusunun gerçəkləşməsi üçün ölümə qarşı çıxa bilmir.
Siddal dəfn edildikdən yeddi il sonra, Rosetti onun tabutunun açılmasını istəyir. Çünki Siddal üçün yazdığı şeirlərin başqa nüsxəsi yoxdur. Mezar açılır, şeirlər həyatla yenidən birləşir, amma Siddal artıq orada yoxdur. Onun siması ilə çəkdiyi tablolarında yeni üzlər görünür, amma Siddalın yeri ürəyində boş qalır. Rossetti, həyat yoldaşına olan sevgisini Dantenin idealizə olunmuş Beatriçaya olan sevgisi ilə müqayisə edərək, 1863-cü ildə “Müqəddəs Beatriça” ("Beata Beatrix")adlı rəsmini çəkdi. Onun “Beata Beatrix” əsərində, Elizabet Siddalın idealizə edilmiş portreti, həm sevgi, həm də acı ilə işıqlandırılmış bir qadın ruhunun sükutlu anını əks etdirir. Siddal, onun həyatı və sənəti üçün yalnız bir model deyil, həm də özünün itirilmiş məhəbbətinin şəklidir. İzlərindən yavaşca silinən, hər bir küncündə faciə ilə səslənən, hər bir rəngində özünün acısını gizlədən bu əsərlər, Rossettinin həyatının da bir yansımasıdır.
Rosettinin qəzəbli, itirilmiş ürəyi artıq Fanny Cornforth üçün döyünür. Fanny, Rosettinin əsərlərində Siddalın yerini alır. Qırmızı, dalğalı saçları ilə, Fanny, Rosettinin gözlərində yeni bir ilham pərisi olur. “Lady Lilith” tablosunun ilk modeli Fanny’dır, lakin həmin obrazın başqa qadın üzləri ilə işlənməsi gələcəkdə başqa bir hekayəyə dönüşəcək. Sonunda, Ceyn Morris, o şair və sənətkarın yeni ilhamı, yeni sevgisi olur. Jane Morris ilə gizli bir eşq, Rosettinin həyatında qadağan olunmuş bir sirdir. Siddalın kölgəsi, bu yeni sevda ilə hər zaman mövcud olsa da, Rosetti yeni bir dünyanın qapılarını açır. Amma bu sevda, Siddalın qəlbində son nəfəsinə qədər yaşadığı ağrının təkrarıdır.
Modern incəsənətin yaranması ilə, "Pre-Raphaelite Qardaşlığı" cərəyanı unudulur. Rosetti isə ömrünün sonuna qədər bu cərəyanda rəsm yaratmağa davam edir. O, sevginin və itkini, ruhun ən qaranlıq tərəflərini fırçası ilə rəsmləyərkən, özünü tədricən əldən verirdi. Nəhayət, 1881-ci ilin aprelində, o, dərin bir sükut içində həyatına son qoydu.
"Fiammettanın Görünüşü" (A Vision of Fiammetta) tablosu, Rossetti'nin qadına və təbiətə olan ehtirasını ən yüksək səviyyədə əks etdirən əsərlərindən biridir. Bu əsər, İtalyan şairi Covanni Bokaççio’nun "Dekameron" əsərindəki bir xarakterdir. "Decameron", cəmiyyətin müxtəlif təbəqələrindən olan 10 gənc insanın (7 qadın və 3 kişi) İtaliyada "bubon" adı verilən taun xəstəliyinin yayılmasından qaçaraq, Toskana'nın təbii gözəllikləri ilə əhatə olunmuş bir villa və ya bağ evində 10 gün ərzində bir-birinə hekayələr anlatdıqları bir əsərdir. Hər gün bir nəfər hekayə danışır və ümumilikdə 100 hekayə ortaya çıxır. O, əsərdə gənc və gözəl bir qadın olaraq təqdim olunur və Bokaççionun yazdığı bir neçə hekayədə önəmli bir yer tutur . Fiammetta, xüsusən Filomena ilə birlikdə hekayələrin başlıca və ən çox danışan şəxsidir. O, əsərdə özünün romantik həyatına dair təcrübələrini və sevgi ilə bağlı əhəmiyyətli hekayələrini paylaşır. Həmçinin Fiammetta, ədəbi əsərdəki xarakterlərin davranışlarını təsvir edən bir xarakter olaraq da əhəmiyyətlidir. Fiammetta, sevgi və münasibətlər mövzusunda həm idealist, həm də reallığı əks etdirən bir obraz kimi təqdim olunur.
“Fiammetta” adının mənası "kiçik alov" və ya "kiçik yanğın" olaraq tərcümə edilə bilər. Boccaccio'nun "Son Baxışı" adlı sonnetində Fiammetta, sevgi və itki arasındakı əlaqəni təmsil edir. Dante'nin "İlahi Komediya" əsərində isə, Fiammetta, Dante'nin gözündə ideal sevgi və ilahi ilhamın bir simvolu olan Beatrica'nın təsiri altında olan bir şəxs kimi göstərilir.
Rossetti'nin rəsmlərində isə, Fiammetta, bəzən bir mükəmməl gözəllik və ehtirasın obrazı olaraq, qadınlıq və həssaslıq ilə əlaqələndirilir. Fiammetta, Rossetti üçün yalnız bir xarakter deyil, həm də idealizmin, sevginin və ilahi gözəlliyin simvoludur. Tabloda bu obraz, ehtirasla, təbiətin qəlbini oxşayan bir mənəviyyatla və həm də ruhani bir dərinliklə təqdim olunur. Əsərdə "Pre-Raphaelite Qardaşlığı" cərəyanın üzvü-Maria Spartali Stillman modellik edir.
Rossetti, qadının bir simvol olaraq həm fiziki gözəlliyini, həm də onun iç dünyasında var olan ehtiraslı, təmiz sevgi və mənəvi gücünü birləşdirir.
Əsərdə alma çiçəkləri təsvir edilib. Bu güllər, ağac budaqları üzərində incəliklə təsvir olunaraq həm təbiətin təravətini, həm də simvolik dərinliyi vurğulayır. Alma çiçəkləri adətən yazın başlanğıcı, yenilənmə və məhsuldarlıq rəmzi olaraq qəbul edilir. Çiçəklər qadının ətrafını bəzəyərək onun təbiətlə harmoniya içində olduğunu və həyatın dövri proseslərinin bir hissəsi olduğunu göstərir. Eyni zamanda, alma çiçəkləri qədim simvolikada sevgi və təmizliklə də əlaqələndirilir ki, bu da əsərin mövzusu ilə uyğunlaşır.
Tablonun emosional atmosferi, onun rəng palitrasından, çiçəklərin və təbiət elementlərinin hər detallığından, qadının üz ifadəsindən açıq-aşkar görünür. Qırmızı və sarı tonlarının birləşməsi "kiçik alov"u və insanın daxili aləminin harmoniyasını simvollaşdırır. Qadının əlindəki budaqlar, onun və təbiətin qarşılıqlı əlaqəsini, təbiətin həyatın yenilənməsini, insanın ruhu ilə təbiət arasında qurduğu zəngin bağları təsvir edir.
.."Və mənim ürəyimdə, sənin işığın var,
Ay işığı kimi uzaqlarda, hər an,
Bəlkə də gözlərində, heç itməyən,
Hələ də sevgi ilə yanan o alov var."...
Fiammetta'nın başının üstündəki işıq həlqəsi, onu sadəcə bir bədii obraz kimi deyil, həm də müqəddəs, ilahi bir varlıq kimi təqdim edir. Bu işıq, Rossetti'nin şairlik duyğularını təsvir etdiyi kimi, həm də insan ruhunun təbii və mənəvi həqiqətlərinə olan işıqdır. Qadın obrazının baxışları isə bir növ uzaq gələcəyə dair bir gözləntini, emosional dərinliyi və həyatın təməl suallarını ifadə edir.
Bax, burada Fiammetta, bir görüntü olaraq göstərilir.
Yaz çiçəkləri ilə dolu alma ağacının kölgəsində dayanır;
Və əlini budaqların üzərindən çəkərkən,
Çiçəklər ayrılıb düşür, hər biri bir göz yaşı kimi;
Budaktan titrəyən quş qanadlarını açır,
Və bax, ruhun həyatın titrəyib tökülməsi və Ölümün yaxınlaşması olduğunu anlayır.
Hər şey dəyişir. Onun paltarları havada dalğalanır;
Mələklik halə çevrəsi ətrafında uçaraq parlayır;
O isə, ən incə gözləri ilə çox gözəl bir şəkildə
Əlini uzadır, bir xəbərdarlıq və vəd kimi dayanır;
Sanki Ölümün qaranlıq fırtınasına qarşı
Ruhun göy qurşağıdır.
Rossetti’nin Fiammetta əsəri, yalnız bir xarakterin təsviri deyil, bir ideyanın da vizual ifadəsidir. Bu obraz, qadının bir tərəfdən fiziki cazibəsini, digər tərəfdən isə onun ruhani və emosional gücünü özündə birləşdirir. Rossetti burada qadını sadəcə estetik bir varlıq olaraq təqdim etmir, həm də onun iç dünyasında yatan ehtirası, sevgi və gücü ön plana çıxarır. Tablodakı qadın, eyni zamanda təbiətin və həyatın yenilənməsinin, insanın və təbiətin bir-birinə paralel olaraq davam edən həyat dövrlərinin simvolu olaraq təsvir edilir. Qadın obrazı bir növ həyatın əbədi dövranını, sevginin və ehtirasın hər an təzələnən təbiətini, insanın ruhunu və onun mənəvi yüksəlişini göstərir.
https://youtu.be/_pysf5ixCTQ?si=xbtLsHm9Zd3DByvK
Dante Gabriel Rossetti'nin "Fiammetta" tablosu, sənət və həyatın birləşdiyi nöqtədə doğan gözəlliyi, qadının və təbiətin simvolizmini, eyni zamanda insanın mənəvi axtarışlarını özündə cəmləyən bir əsərdir. Bu əsər, yalnız estetik baxımdan zəngin deyil, həm də emosional və ruhani mənada böyük bir dərinlik daşıyır. Rossetti'nin əsərlərində olduğu kimi, "Fiammetta" da həyatın və sevginin simvolik bir təcəssümü, insanın daxili dünyasına və onun təbiətə olan münasibətinə dair bir dərsdir.