AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə) / Dördüncü, sonuncu hissə
...Ata sirri açmaz heç bir insana,
Bu yarımçıq nağıl, yarımçıq dastan
Beləydi, belə də gərək saxlana...
Corc Qordon Bayron
ATANIN DODAQLARINI TƏRPƏTMƏSİNDƏN ANLADIQLARIM
“Ata üçün, özü də bir şərqli ata, türk ata üçün oğulun ağır gününü görmək qədər böyük dərd olmaz. (Qoy digər millətlərin ataları məni bağışlasın, axı mən ingilis dili müəllimiyəm. Dikkensi, Şekspiri, Bayronu orjinaldan oxumuşam. İngilisdilli ədəbiyyatlarla tanışam. Və inanın ki, o əsərlərdəki atalara baxanda heyrət edirdim. İnsan nə qədər soyuqqanlı ola bilər axı?! Sevdiyim yazıçılardan Heminqueyin “Əlvida silah” romanının sonunu heç unutmaram. Əsərin qəhrəmanı Henri doğuş zamanı əvvəl yeni doğulası uşağını, bir neçə saat sonra isə gənc xanımını itirir. Sonra ölmüş xanımının palatasına keçir və deyir:”Elə bil ki, heykəllə vidalaşırdım.” Və sakitcə otelə gedir...
Təsəvvür edirsiniz? Nə bir həyəcan, nə bir təşviş, nə bir ağlamaq... Heç nə. Heç nə olmamaış kimi yağışın altında çıxıb otelə gedir...
Bilmirəm, bəlkə, belə yaxşıdır?.. Amma düşünürəm ki, hər halda Şərq insanında, xüsusən biz türklərdə vəziyyət ayrı cürdür. Biz övladımızı canımızdan artıq sevərik...)
Oğlumu o vəziyyətdə görəndə anladım ki, həyatımın ən ağır gününü yaşayıram.
Düzdür, həyatımın ağır və ağırdan da ağır günləri olub. Elə Qarabağın işğalı, Xocalı faciəsi, Zəngilanın, doğma Məmmədbəylinin əlimizdən getməsindən ağır nə ola bilər. Həyatımın ən çiçəklənən dövründə, gəncliyimin qılınc kimi kəskin zamanında heç nəyə yaramayan, korş (bizlərdə kəsməyən kəsərə belə deyərlər) bir alət kimi oldum. Hələ ayağı güclə yer tutan 3-4 yaşlı uşaqlarımı, həyat yoldaşımı, yaşlı ata-anamı götürüb düşdüm çöllü-biyabana. Hara gedəcəyim belə bəlli deyildi...
Beləcə, böyük bir elin, obanın – adına Məmmədbəyli deyilən Zəngilanın ən böyük kəndinin adamları ilə bircə saatın içərisində qaçqına-köçkünə çevrildim...
Amma bundan betəri də varmış...
Hələ ora gəlməmiş, qoy həyatımın digər acı günləri ilə səni tanış eləyim. Sən ki məni yaxşı tanıyırsan. Az danışan, hisslərimi hələm-hələm biruzə verməyən, dəmir kimi soyuq, qaraqabaq birisiyəm. (Bir az əvvəl ingilisləri soyuqqanlılıqda qınayan mən, bizim adamların nisbətən soyuqqanlısı sayıla bilərəm. Özüm olan yerdə deməsələr də, eşitmişəm ki, daldada mənə İngilis deyirmişlər. Bu, bir tərəfdən ixtisasımla bağlıdırsa, o biri tərəfdən yüz sözün birinə cavab verən, soyuqqanlı olmağımdan irəli gəlir.) Amma, necə deyərlər, xəşil də daşar. Hə, hə! Mən hələ bu xalqın, bu millətin ən soyuq adamıyam. Elə ingilis kimiyəm guya... Guya e, guya...
Bizdə bir söz var, ölləm, üstümdə qarış-qarış otlar bitər, amma indi danışacağım müsibəti unutmaram. Qarabağ davası hələ dava olub davalara qarışmayan zamanlar idi ki, ona hələ münaqişə deyirdilər. Biz yazıqların qulağı nələr eşitməyib, xadaya!.. Hə, Qarabağ münaqişəsinin təzə-təzə alovlanan vaxtları idi. Hələ milli ordu əvəzinə könüllülərdən ibarət dəstələr qoruyurdu sərhədlərimizi. Belə bir vaxtda kəndimizə ilk şəhid cənazəsi gəldi. Qardaş, bütün kənd o şəhidin cənazəsinin başına yığışdı. Bütün kənd, sənin də yaxşı tanıdığın o böyük el bir səsə dönüb şəhidi ağladı. Məktəbdə uşaqları düzdük sıraya, şəhid haqqında şeir söylədilər.
O gündən leksikonumuza yeni söz daxil oldu: şəhid!
Sənə bir söz deyim, amma fikrimi qəribçiliyə salma, sən axı yazıçısan, bunu bizdən yaxşı bilirsən, hə, bax, o gündən bizdə şəhid torpağına münasibət dəyişdi. Ona qədər ölü düşəndə hamı yasda iştirak etsə də, dəfnə hamı, xüsusən qadınlar və uşaqlar getməzdi. Amma o gün bütün kənd, hətta rayondan və qonşu kəndlərdən gələn adamlar da qəbirsanlığa yığışmışdı. Qəbirsanlıq hələ belə izdiham görməmişdi...
Sonra Xocalı faciəsi baş verdi. Vallah mən müəllim olsam da, çoxlu kitablar oxusam da və müharibələr zamanı bir sıra faciə və soyqırım haqqında filmlərə baxsam da, Xocalı dərdinin dünyadan gizlədilməsi kimi bir məkrli plana görə Qərb dünyasını, xristian aləmini heç cür bağışlaya bilmirəm. Necə olur ki, Xatın faciəsi və başqa faciələr haqqında Amerikanın məşhur kino şirkəti Hollivud filmlər çəkə bilir, amma Xocalının adı belə dilə gətirilmir?!
Xocalı faciəsindən sonra bir çoxları kimi mən də dözə bilmədim; kostyumumu çıxartdım, qalstukumu boynumdan açdım, təbaşiri yazı taxtasının qırağına qoydum və könüllülərə qoşulub davaya getdim...
Şuşanın işğalı zamanı mən gördüyümü allah heç kimə göstərməsin!
O boyda Şuşa eli gəlib bizim kəndin qabağından keçən yola sığmışdı. Hamı kimi mən də dərsi yarımçıq qoyub, Şuşa qaçqınlarına baxmaq üçün məktəbdən çıxıb yol qırağına gəlmişdim. Avtobuslar, köhnə kolxoz maşınları, özüboşaldan ZİL-lər, lafet qoşulmuş Belarus traktorları, ay qardaş hətta tırtıllı traktorlar yola düşülmüşdü. Ata, eşşəyə yükünü yükləyənlər, piyada gedənlər də vardı.
Orada gözüm bir qoca qarıya sataşdı. İki inəyini qabağına qatan o qarı arxasına şəllədiyi şələsini gah yerə qoyur, gah dalına şəlləyir, gah da sürüyürdü arxasınca. Öyrəndim ki, qarının nəvəsi şəhərin müdafiəsində iştirak etdiyi üçün nənəsinə kömək edə bilməmiş, qarı da yalnız yatacaq-duracaq götürüb belinə şəlləmiş, iki inəyini də qabağına qatmışdı...
İllər sonra bizim müqəddəs 44 günlük müharibə başladı və o müharibənin uğurlarına sevinərkən bir gözüm televizorun cəbhə xəbərlərində, bir gözüm də şəhid balalarımz haqqında acı xəbərlərdə idi. Nə yalan deyim, bütün balaların sağ-salamat qayıtmasını istəsəm də, cəbhənin ən ağır nəqtələrində döyüşən oğlum barədə Allahıma ayrıca dua edirdim.
Belə günlərin birində bizim el üçün çox ağır olan bir xəbər aldıq – Məmmədbəylinin qəhrəman zabiti, gələcəyin generalı olacaq kapitan Surxay Noçiyev Şuşa uğrunda döyüşlərdə həlak olmuşdu...
Məmmədbəyli ilk şəhidini necə qarşılamışdısa, Surxayı da elə qarşıladıq. Sağ olsun, prezident ona ən böyük ad – Vətən Müharibəsi Qəhrəmanı adı verdi...
Amma Noçuyevlər ailəsinin çırağı sönmüş, igid oğulları şəhid olmuşdu...
Ən dəhşətlisi isə o idi ki, Surxayın sonralar yeni doğulan körpəsi bütün bunlardan xəbərsiz idi...
Əlim ürəyimin başında qəhrəman şəhidimizin yasında iştirak etdim. Onun haqqında sonralar yazılmış bir yazıdan bu sətirlər yadımda qalıb:
“...həmişə acıqlı olardı... hirsli... bir neçə günə Şuşaya yola düşəcəkdik... Taborun önündə necə çıxış elədi, necə çıxış elədi... barmağını bizə tuşlayıb qəzəblə dedi: ”İllərdir biz dünya xalqlarının yanında başı aşağıyıq. 30 ildir torpağımız erməni quldurlarının tapdağındadır! Bir milyondan çox insanımız qaçqın-köçkündür. Mən, qarabağlı olduğuma görə demirəm, bu gün onsuz da hamımız – on milyonluq Azərbaycan türkü də, əlli milyonluq dünya azərbaycanlıları da qarabağlıdır!.. Sizi bilmirəm, hər il 26 fefralda mən bəlkə neçə dəfə ölüb-dirilirəm! Qisas gününü gözləyirəm!.. Biz axı əsgərik, Vətəni dardan qurtara bilərik!.. İndiyə qədər belə bir imkanımız yox idi, amma indi cənab Ali Baş Komandan bu imkanı bizə yaratdı! Bax, önümüzdə üç yol var: ya şəhid olacaqsan, ya qazi olacaqsan... ya da qalib!.. mən çox istəyirəm ki, hamımız qazi və qalib olaq... amma bilirsiniz ki, bunların ikisindən də uca şəhidlik zirvəsi var! Kimə qismət olacaq, bilmək olmaz... sizdən xahiş edirəm, son dərəcə diqqətli olun! Bu həm də əmrdir! Ölmək olmaz! Şuşanı götürmədən heç kimə ölməyə icazə vermirəm!...”*
...Oğlum əməliyyatdan sağ çıxsa da, əvvəl bir müddət danışa bilməməsi, yaxud danışmaması məni qorxutmağa başladı. İllah da danışandan sonra elə şeylər soruşdu ki, qorxudan sarımı uddum. Mənim atamı, rəhmətlik babasını soruşması (elə soruşdu ki, guya atam sağmış, ona yoluxmağa gəlibmiş) ürəyimi qırdı. Dedim, evim yıxıldı, balamın yaddaşı pozular, başı tərpənər.
Və bir dəfə də Ağoğlan barədə soruşdu, ürəyimin başı sızladı. Axı Ağoğlan bir rəvayətin qəhrəmanıdır, mənim hərbçi oğlumun Ağoğlanla-filanla nə işi var?! Dedim hə, ay İngilis, evin yıxılmışdı, indi lap alt-üst oldu... Oğlumu qara basır, haldır-huldur danışır. Mən, ömür billah evdə uşaq-böyüklə danışmayan adam, birdəncə başladım köhnə bir nağıl danışmağa. (Bu da necə oldu? Demək, yadıma bir rəvayət düşdü. Bir ovçu şaha bir palıd tinginin üzərinə qonmuş vəziyyətdə artıq uçuşa hazır olan iki şahin balası gətirir. Şah bu şahinlərin gözəlliyinə heyran olur və əmr edir ki, onları uçurtsunlar, şah baxıb, feyziyyab olsun.
Şahin quşunun biri göy üzündə dəfələrlə dövrə vurub qiyya səsləri ilə qayıdır həmin palıd tinginin budağına qonur. O biri quş isə budaqdan ayrılmadan ciyildəyir.
Şah məmləkətin bütün şahin təlimçilərini çağırır ki, ikinci quşa da təlim versinlər, o da o biri tayı kimi göy üzündə qanad açsın. Amma bir faydası olmur. İkinci şahin oturduğu budaqdan ayrılmaq istəmir ki, istəmir.
Nəhayət, ölkənin ən sonuncu təlimçisi gəlir və quşu qonduğu palıd tingiqarışıq aparır. Cəmi bir neçə saatdan sonra şah baxır ki, ikinci quş da o biri tayı kimi qıyya çəkərək göy üzündə dövrə vurur.
Təlimçidən soruşur ki, bunu az müddətdə necə bacardın?!
Təlimçi cavab verir:
-Şah sağ olsun, mən sadəcə onun qonduğu budağı kəsdim və şahin məcbur olub göyə qalxdı...
Hə, mən bu şahin məsələsində anladım ki, oğlumun fikrini dolaşdıran o Ağoğlan mifinə qarşı yeni bir miflə cavab versəm, bəlkə onu düşdüyü bu bataqlıqdan xilas edə bilərəm.) Ona görə də, heç də mif olmayan, amma qədim miflərdən geri qalmayan 70-80 ilin əhvalatını bir qədim dastan kimi oğluma danışmağa başladım...
Bilirsən, hansı əhvalat idi danışdığım? O əhvalat ki, sən də bir kitabında yaralamısan onu, bir az başlamısan, sonra nədənsə yarımçıq qoymusan...
Qabaqcan sənin yazdıqlarını, qoca bir qarının dilindən danışılanları danışdım oğluma.
(O danışmağına danışdı həmin yeri. Amma yaddaşında, təbii ki, alayarımçıq qalmışdı, buna görə də, mən o hissəni sonradan olduğu kimi bura köçürürəm – Müəllif):
“...Biz tərəflərdə rus-alman davasından neçə il qabaq bir kənd olub, indi mən onun da adını çəkməyəcəm, dedim axı, bizdə pisin üstündən tullanmaq, onu görməməzliyə vurmaq var. O şey ki, yasaqdı, onun adını dilə gətirmək lənətlənmək kimi bir şey hesab olunur. Sadəcə, susurlar, vəssalam.
Neyləyim, belə görmüşəm, belə də qəbul eləmişəm... Hə, bu kəndin camaatı bir ayın içində ağır bir dərdə mübtəla olur. Bakıdan həkimlər gələnəcən, yarısı batır. Kəndə giriş-çıxış qadağan imiş. Nə yolnansa bizim kişi gedib çıxıb ora. Nə təhər gedib, daha bunu bilmirəm, amma gedib. Səbəb də o olub ki, xalası qızlarının biri bu kənddə ərdəymiş. Hə, gecəynən gedib gəlini qoyub atın tərkinə, qaçırdıb kənddən. Nə illah eləyibsə, gəlinin uşağını verməyiblər. Üç gün sonra gəlin durmayıb, baş götürüb gedib həmin kəndə. Görüb ki, əri də, uşağı da ölüblər. Bir az sonra gəlin də ölüb orda.
---------------------------------------------------------------------------------
*Azad Qaradərəlinin “Noçuyev taktikası” hekayəsindən parça.
Hə, sonradan həkimlər biliblər ki, kəndə düşən dərd cüzam imiş. Həmin ölülərin hamısını qəbirdən çıxardıb yandırıblar. Kəndin də üstünü torpaqlayıblar. Bura sovetin yaxşı vaxtlarında heç quş da səkməzdi. Qadağan zonası idi... Hökumətin qadağası vardı, bu heç, həm də camaat özləri özlərinə qoymuşdu bu qadağanı. Qorxu, o lənətlənmiş, camaatın özləri demişkən qarğanmış torpağa getməyi yasaqlamışdı...
Kəndin üçdə ikisi batandan sonra yerdə qalanını köçürdürlər bir az aralıda yovşanlığa və orda təzə kənd salırlar.”*
“Hə, o batan kənd haqqında babam belə bir əhvalat söyləyirdi ki, bu kənddə bir qoçaq nəsil varmış ki, onlara Qapçaxlar deyərmişlər. Ta dədə-babadan vuran-yıxan, atıb-tutan bu nəslin adamları gözüqannı imişlər. Gözləri bir şeyi tutdumu, almamış geri dönməzmişlər.
Sovet höküməti qurulanda onlara deyiblər ki, özünüzə familya seçin, pasport yazılacaq. Bunların da böyük babasının adı Qapçaxdı axı. Ona görə hamısı istəyir ki, Qapçaxlı yazdırsın. Deyirlər yox e, Qapçaxlı nədi, mütləq –ov, -yev olmalıdır, gəlin onda Qapçıyev yazdırax. Dədən yaxşı, nənən yaxşı, razılaşırlar, olurlar Qapçıyev.
Rus-alman müharibəsi başlamağa az qalmış (biz məktəbdə oxuyan illərdə o müharibəyə Böyük Vətən Müharibəsi deyərdilər, amma sonradan bildik ki, bu, bizim müharibə deyilmiş, heç o müharibəni aparanların biri – Sovet höküməti də bizim hökümətimiz deyilmiş, ona görə də bu müharibəyə sadəcə, rus-alman müharibəsi deməyə başladım), səksən yaşlı Qapçax kişi görür ki, bunların mal-heyvanını əllərindən almaq istəyirlər, bir gecə atını minir, tüfəngini, patrondaşını qurşayır, qohum-əvladınnan əli çomaq tutannarı da yanına alır, qoyun sürülərini də götürüb qaldırır Korqaya səmtinə. Bu o Korqayadır ki, orda hər adam nəinki üç yüz baş qoyun, heç öz başını da saxlaya bilməz. Çünki bu dağda hər cür vəhşi heyvana rast gəlməklə bərabər, yayın ortasında da ildırım çaxması, sel-su, hətta dolu əskik olmazmış. Xüləs ki, orda itən adamları hələ də axtarırlar...
Qapçax kişi üç yüzəcən qoyunu hərləyib Korqayada gizlənməkdə olsun, sizə xəbər verim Qapçağın oğlu Durmazdan. Elə ki müharibə başladı, Durmaz ərizə yazıb könüllü getdi müharibəyə.
Ev qalmışdı Durmazın oğlu on dörd yaşlı Toğrulun umuduna. Atası müharibəyə gedəndə Toğrula demişdi ki, bala, nənənə, anana, ev-eşiyimizə yaxşı bax, amma oxumağını axsatma. Burdakı məktəbi bitirən kimi get Bakıya, gir universitetə.
Toğrul müharibənin qızğın vaxtında babasının dağlara çəkildiyini görəndə anladı ki, onun daha kənddə qalmağının bir mənası yoxdur. Ona görə də orta məktəb sənədini alan kimi birbaş Bakıya yollandı və imtahan verib universitetin hüquq fakültəsinə qəbul olundu.
Gün o gün oldu ki, kənddə dediyimiz xəstəlik fəğan eləməyə başladı. Ölən öldü, qalanlarını da aparıb doldurdular adına xəstəxana dedikləri orta məktəb binasına, yanlarına su, çörək qoyub qapı-bacanı bağladılar.
Bu məktəb-xəstəxanadakılar öldükcə hökümətin xüsusi ayrılmış adamları onları sellofan torbalara salıb aparıb ayrıca qəbiristanda dərin yerdə basdırırmışlar.
Qapçax kişinin arvadı Suray nənə, Durmazın arvadı Hürü xanım və Toğrulun sevgilisi Sevilay da bu adamların içərisində imişlər. Fərq orasındaymış ki, kənddə ara həkimi kimi ad çıxardan Suray arvad kəndin dərə-təpəsindən yığdığı ot-ələflə dərman qayırıb özü də içir, Hürü xanıma da, Sevilaua da verir. Dərman yetdiyi qədər digər adamlara da veriblər. Dərman çatanlar sağalıb, çatmayanlar da batıb qırılıblar.
Deyir, Korqayada Qapçax kişiyə xəbər çatır ki, bəs nə durmusan, kənddə belə bir hadisə olub, kənd əhlinin yarıdan çoxu batıb-qırılıb, arvadın və gəlinin də o adamların içindədir. Öldüləri-qaldıları bəlli deyil. Qapçax kişi qoyunu köməkçilərinə etibar eliyib, atını minir, sürür kənd səmtə. Iıtdıyır, dııtdıyır, öyrənir ki, arvadı türkəçarəynən düzəltdiyi dərmandan içdiyinə görə salamatmış. Amma məktəb-xəstəxananın qapısında beş-altı silahlı adam keşik çəkir, içəri quş da səkə bilmir.
----------------------------------------------------------------------
*Söhbət müəllifin “Qarğanmışlar” hekayəsindən gedir. Həqiqətən, o hekayədə həmin əhvalat, nədənsə yarımçıq verilib.
Qoca atını uzaqdan bu qapalı məkanın yanında səyirdir. At iki dəfə kişnəyir. Suray nənə hələ cavanlığında ərinin atının səsini yüz atın kişnərtisinin içindən seçərdi. Bu at da Qapçağın qabaqkı atlarının cinsindən idi. Ona görə atının kişnərtisindən bilir ki, gələn əridir. Tez durub, şələ-şüləsini hazırlayır, qaldıqları otağın pəncərəsindən qızılı düyməli bənəviş nimtənəsini asır, başlayır ərini gözləməyə. (Bu nimtənə məsələsi onların köhnə işarəsiymiş. Qız vaxtı atası onu Qapçağa vermək istəmir. O da oğlana deyir ki, atam evdə olmayanda nimtənəmi eyvanımızdan asacam. Onda gəlib məni atın tərkinə alarsan, qaçarıq. Onlar belə evləniblər.)
Pəncərədən asılan bənövşəyi nimtənəni görən Qapçax kişi məktəb-xəstəxananın üstünə çıxır, çavıstanı sökür, damdan girir binanın içinə. Ər-arvad yüz ilin ayrıları kimi qucaqlaşıb bir küncə çəkilirlər, başlayırlar həsbi hal eləməyə.
Zaman o zaman imiş ki, rus-alman müharibəsi bitibmiş, Durmaz döşündə bir şələ orden-medal gecəynən gəlir kəndə. Əhvalatı eşidib pərişan olur. Amma biləndə ki, anası və xanımı salamatdır, o gənclik illərində oxuduğu bir mahnını pəsdən zümzümə eləyir:
Evlərinin yanı əncir ağacı, balam, əncir ağacı,
Meyvəsi şirindir, yarpağı acı, balam, yarpağı acə,
Sən mənə qardaş demə, mən sənə bacı,
balam, mən sənə bacı,
Əldə tatarı,
A könlüm yarı!
Sevirəm səni,
Eşqimin barı!
Dağlarının başı ağca buluddur, balam, ağca buluddur,
Mən nə dedim, yarım məni unutdu, balam, məni unutdu?
Düşmənə deyin ki, yarım iyitdi, balam, yarım iyitdi.
Əldə tatarı,
A könlüm yarı.
Sevirəm səni,
Eşqimin barı...
Hürü xanım avazınnan bilir ki, gələn əridir. O da yır-yığış eləyir. Durmaz da atasının girdiyi yerdən binaya daxil olur və arvadını qucaqlayıb boş otaqlardan birində gecənin müəyyən hissəsini bir yerdə keçirməyi qəsd edirlər.
Deyir, zaman elə zaman idi ki, hələ bulaqların gözü qurumamışdı, çaylar suyundan göllərə, dənizlərə pay verərdi, torpaq toxumu göydə qapar, dəni sünbül eliyərdi, ürəklər bir döyünər, arzular bir çiçəkləyərdi. Dava vaxtı olsa da, qan qanı çəkər, ruh ruhu axtarar, könül könülə bənd olar, könüldən könülə yol görünərdi.
İşə bax ki, Toğrul da həmin gecə ali məktəbi bitirib kəndə qayıdır və o da qəmli əhvalatı eşidib qüssələnir. Amma biləndə ki, nənəsi, anası və sevgilisi şaddılar dörd barmağını ağzına aparıb qapçaxsayaq bir fit verir və Sevilay bu fit səsinnən bilir ki, gələn Toğruldur. O da digər qadınlar kimi əl-ayaq edib sevgilisini gözləməyə başlayır...
Xüləs ki, gecənin bir aləmi Qapçax kişi arvadından doyub dəhlizləri imsiləmək, girişi-çıxışı yoxlamaq üçün əlhavasına gəzəndə oğlu ilə toqquşur. Deyirmiş ki, çiyni çiynimə dəyəndə bildim ki, bu qapçax çiynidi, hələm-hələm adamda belə çiyin gücü olmaz, bu ya Durmazdı, ya da elə genə Durmazdı.
Ata-bala dəhlizdə bir qucaqlaçırlar, bir süpürləşirlər, bir ağlayıb-bozlayırlar ki, gendən baxanın içi sökülərmiş. Ata deyirmiş ki, gördüm gədənin sinəsinnən daş-qəyə səsi gəlir, dəmir-dümür cingiltisi eşidilir. Dedim ə, bı nədi?!
Dedi, dədə, bəs müharibəyə getmişdim, dörd il idi ki, rus-alman döyüşndə idim.
Dedim, ə, nə müharibə, bə bını mən niyə eşitməmişəm?!
Durmaz deyir, ay pir olmuş, sən Korqəyədə bunu hardan eşidəssən?! De görüm qoyunnarı neynəmisən?
Dedyir, dedim ki, üç yüz başıydı, indi min baş olublar. Hələ satıb-savdığımı, ayıya, qaplana, canavara verdiyimi demirəm. Bir də qohum-əvladdan köməkçilərim də var axı, onnara da pay-püş vermişəm...
Xüləs, elə hazırlaşırdıq ki, məktəb-xəstəxananın zirzəmisindəki gizli yolnan çıxıb gedək, Hürü xanım dedi ki, ay namərdlər, bə mənim oğlumun istəhlisini bırdamı qoyub gedəjiyiy?!
Yönəldi qonşu otağa, Sevilayı çağıra. Nə görsə yaxşıdı?!
Pah! Gördü ki oğluynan Sevilay qol-boyun dəmir kravatda yatıblar. Utandığınnan bilmədi neyniyə, tez geri qayıtdı. Əlini atıb ərinin ətəyinnən tutdu, üzünü göyə döndərib dedi:
-Ə, a Durmaz, gözümüz aydın, oğlumuz gəlib Bakidən!
-Az bə hanı?!
-Ordadı, o otaxdadı...
-Az qoy gedim çağırım dənə!
-Yox, oğlum sevdiyiynən şirin-şirin yatır, ora girməy olmaz!
Qapçax dünyagörmüş adamıydı, dedi, a gəlin, olmuya oğlun kəhliy avlıyıb?!
Gəlin ağzınnan düşən yaşmağını yerinə qaytara-qaytara gülümsündü.
Gözlədilər, cavanlar bir-birinnən doysunnar, özdəri dursunnar. Harda ki? Bir azdan gün düşəcək göbəklərinə, onda da ələ keçə bilərlər axı. Gərək gün çıxmamış Qapçaxın gətirdiyi o biri atlara minib sürələr Korqaya səmtə.
Hannan-hana Suray nənə üzünü nəvəsi sevdiyiynən yatan otağa tutub astadan oxudu:
Ay asta-asta kəhliy,
Quyruğu dəstə kəykiy.
Ətıı kabab eyliyim,
Yolluyum dosta, kəyliy...
Gün düşdü göbəyiıa,
Dur, ay usta kəyliy...
Cavanlar daşın onların bostanına atıldığını bilib, utana-utana durdular, təzədən öpüş-görüş başladı. Və bir azdan zirzəmidən gizli yolla çıxıb atlara mindilər, Korqaya səmtinə yola düzəldilər...
...Əhvalatı danışdım. Gözümnən yaş dama-dama əlimi aparıb oğlumun saçını tumarladım.
Dedim, ay oğul, sənin sevdiklərin yolunu gözlüyir, yatma bala, qalx, o dərdi-azarı at üstünnən...
Unutma, ay bala, biz o qədim Qapçax türklərinin nəslinnənik...
(Bu əhvalatdan doğan daha bir əfsanə var.
Sovet hökümətindən qaçıb Korqayanın sirli-sirpiçli məkanlarına sığınan əhali sonralar danışırmışlar ki, guya Qapçax kişi ölməyib, qeybə çəkilib. Hər dəfə atına minib Yolaşan tərəfə bazarlığa gələn qoca orada hökümət adamı görəndə beşaçılanını çıxardıb atışa-atışa gəldiyi yolla meşəyə çəkilərmiş. Milisə-silisə rast gəlməyəndə isə sakitcə həftəbazarından un, düyü, duz, istiot kimi gündəlik tələbat malları alar, sonra gətirdiyi meyvəcatı tanıdığı adamlara satmaq üçün verib gedərdi.
Belə günlərin birində qoca Korqayanın kəpirli qayalıqları arasında yoxa çıxıb. Atı üstündə xurcun, yəhərin qaşında beşaçılan düz Qapçağın alaçığına gəlib çıxıb. Qoca isə yağlı əppək olub göyə çəkilir. Hamı kişini axtarsa da, qarısı beşaçılana sarılır, ərinin atının boynunu qucaqlayır, pəsdən ağı deyərmiş. Axırı gəlinlərdən biri qarıdan soruşur ki, ay nənə səndə bir hallar var. Nə bilirsən, bizə də de. O da qayıdır ki, a bala, nə deyim axı? Qapçax hər gecə mənim yatağıma gəlir, həsbi-hal eliyirik, qucaxlağıb yatırıx. Səhərə yaxın da durub gedir ki, mən getməliyəm...
Hətta oğluynan nəvəsi kişiyə rəmzi bir qəbir düzəltmək istəyəndə də qarı qoymayıb ki, sağ-salamat adama qəbir qoymazlar. O kişi mənimdisə, o sağdı.
Qarı düz 150 il yaşadı və bu illər ərzində həmişə ərinin yolunu gözlədi.
İllər əvvəl o dağlarda itkin düşən milis-silisi onun ayağına yazdılar. Qaçaq Fərzalının, Bəhlul Əfəndinin dəstələrinin bolşeviklərlə döyüşdə qazandıqları uğuru da Qapçaxla əlaqələndirdilər ki, bə nədi, o hər yeri tanıyır, onları ərzaqla, silah-sursatla təmin edir deyə, məğlub olmurlar...
Hələ işğal dövründə o torpaqlarda qalıb ermənilərlə döyüşən qoca partizanı* da Qapçax hesab eliyənlər vardı. Baxmayaraq ki, o qocanın obrazı olan romanda onun ad-soyadı göstərilmişdi, baxmayaraq ki, o əsər erməni doktorun gündəlikləri əsasında yazılmışdı yenə də camaat dediyini deyirdi. Hətta onu da deyirdilər ki, Korqayada Qapçaxla yanaşı bir neçə ailə də qalıb və o qayalıqlarda erməninin onlara əli çatmır və həkaza...
Sizi inandırım ki, hərdən mənim özüm də şübhələnirəm ki, ayə, bəlkə elə doğrudan o kişi sağdır?
Oğlum da, elə rastlaşdığım digər döyüşçülər də deyirdilər ki, 44 günlük müharibədə sanki tanımadığımız o torpaqlarda qabağımıza düşüb bizə bələdçilik edirdi. Axı o müharibədə döyüşənlərin çox gənclər idi ki, o yerlərdə heç zaman olmamışdılar. Yaxud mənim oğlum kimi oranı tərk edəndə 4-5 yaşları olmuşdu. Əcəba, niyə qədim zamanlarda belə söhbətlərə bif, rəvayət, əfsanə deyirdilər, indi biz bunlara yalan-palan deyək?!)
...Ay müəllim, sən yaxşısın bilirsən, qapçax deyil, qıpçaxmış onlar. Qafannan aşağı Qapıcığ dağı var, bir az o yanda Qapçıqay var, hələ Korqaya səmtdə Qipçəy düzü var... Böyük Dəşti-Qıpçax dövləti var tarixdə... O boyda Ukraynalılar da qıpçax olublar... Hamısı onların adınnan qalmadı. Bizdə zaman-zaman oğuzların içində əriyiblər...
Genə oğluma dedim:-Sən o Qapçaxların törəməsi kimi erməni quldurlarına can vermədin, indi bir namərdin basdırdığı minanın qəlpəsinmi təslim olassan?! Dur bala, dur, aç gözünü, oyan, balaların, sevgili yarın yolunu gözləyir...”
Hər zaman atalarla oğulların arasında söz olub. Ata oğlunun tutduğu yolu bəyənməyib, deyib ki, heyif deyildi bizim zəmanə?! Arada pərdə vardı, xətir-hörmət vardı! Gəlin nədi, qaynatanın sözünün qabağına söz dedi nədi?! A kişi, indi oğul dillənməmiş, gəlin özünü atır ortaya ki, mən də varam! Yaxşı deyiblər, qamış ola, gomuş ola, görməmiş ola.” Hələ bundan da sərti var:”Ay doğar gədiyindən, utan bir dediyindən.”
Düzdür, bu dediklərimin mənim oğluma, gəlinimə bir aidiyyəti yoxdur, amma təəssüf ki, bunlar günümüzün reallığıdır...
Mənə görə, ata ilə oğulun, qızın, ümumən ailənin münasibətində gərək fitrətdən gələn təbiilik saxlanılsın. Yəni, burada improvizəyə, yenilikbazlığa və hər hansı yad təsirə güzəşt olmamalıdır. Unutmayaq ki, bizdə dövlət və dövlətçilik anlayışları hələ bərkiməyib, möhkəmlənməyib. Baxın, Amerikanın müstəqilliyinin yaşı neçə yüz ildir, hələ Türkiyənin yaşı?! Osmanlıdan bəri hesablasaq, ay hay! Haralara gedib çıxar... Bizdə isə ayrı-ayrı xanlıqlar, kiçik dövlətlər olsa da, ümumən dövlətimiz olmayıb və buna müqabil də dövlətçilik hisslərimiz yox kimidir...
Bəs necə olub ki, biz özümüzə aid, yalnız Azərbaycan türklərinə aid xüsusiyyətləri həm O tayda, həm Bu tayda qoruyub saxlaya bilmişik? Bəli, bunun yeganə səbəbi ailə institutumuzun olmasıdır. Bəli, məhz ailə ənənələri bizi bu günlərəcən sağlam şəkildə gətirib çıxarda bilib...
Bilirsiniz ki, hərə bir şeyin bazıdır. Biri quşbazdır, biri atbaz, biri də bağışlayın, arvadbaz və sair. Mən də kitabbazam. Hətta bukinistdən də kitab alıb oxuyanam. Əlimə nə düşsə oxuyur, öyrənirəm. Elə sizin də bir çox kitablarınızı həm özüm oxumuşam, həm şagirdlərimə oxutmuşam. Ən çox sizin kitablarınızda xoşuma gələn təbiiliyə çağırışdır. Onu necə adlandırırsınız... Eeee, hə, yadıma düşdü: ədəbi naturalizm...
--------------------------------------------------------------------------------------------------------
*A,Qaradərəlinin “Erməni doktorun gündəliyi, Qarabağın qara hekayətləri” romanının qəhrəmanlarından Yaqub kişiyə işarədir.
Bax, südün üzünü çəkəndə nə baş verir?
Sanki, sən də bağışla, gözəl bir qadının makiyajını pozursan... Hətta, üzr istəyirəm, paltarını soyundurub lüt qoyursan... Bu daha naturalizmin ötəsidir...
Bu, ata ilə oğulu, ata ilə qızı, ailəni üz-üzə qoymaq kimidir...
Yüz illərin naxışının pozulması, tabuların dağıdılması, ailə institutunun məhv edilməsidir...
O ucuz şou göstərən televiziya tamaşaları var e, bax, onların da işi buna hesablanıb. Bu gün ölkədə güclü propaqanda gedir ki, ailə institutunun təməlləri çöksün...
Unutmaq olmaz ki, burada bumeranq amili var. Hər mənada. Nə edəcəksən, önünə o gələcək...
Evdə ailəmə də, sinifdə uşaqlarıma da ən çox bu mövzuları anlatmağa çalışıram. Elm, bilik elədir ki, bununçün hər zaman şərait var. İstəsən, lap daşın üstündə də uzanıb oxuya bilərsən. Əxlaq və tərbiyə anlayışı isə...
Mənim oğlumla xırda-para söz-söhbəti nəzərə almasaq, bir ciddi mübahisəmiz, fikir ayrılığımız olmayıb. Olmağına olub e, amma bu bizim şəxsi məsələmiz deyil, millət, xalq, torpaq məsələsi üstdə olub. Məsələn, oğlum bizim 90-cı illərdə ermənilərə qarşı mübarizəmizlə heç cür barışmır. Torpaqlarımızı qoyub qaçqın kimi oradan qaçmağımıza qarşı üsyün edir. “Məktəbdə uşaqlar mənə “qaşqın” deyəndə hirsimnən oturub ağlayardım. Axı niyə bizim on milyonluq xalqımız üç milyon hayın qabağında aciz qalmalı idi?! Niyə biz o müharibədə yeddidən yetmişə silahlanıb daşnaklara yerlərini göstərmədik?! Niyə axı biz məğlub olduq?!”
Nə cavab versəm də, o razılaşmır, biz ataları, əmiləri qınayırdı. Və son sözü də bu olardı ki, vaxt gələcək, bizlər, sizin övladlarınız sizi məğlub edən ermənilərin övladlarına yerlərini göstərəcəyik! Onları süpürüb torpaqlarımızdan atacağıq!
Onu da deyim ki, oğlum haqlı çıxdı. Şükür yaradana ki, mən onun qarşısında məğlub görkəmə düşdüm. İnanın, buna sevinirəm...
Amma bəs indi o odlu-alovlu balam niyə susdalıb? Niyə odun-alovun, topun-tankın gülləsinin içindən sağ-salamat çıxıb gəlib bir mina partlamasından itirdiyi ayağının ağrısına qalib gələ bilmir?!
Mən onun arqumentlərinin həmişə doğru çıxmasını istəyirəm!
Mən oğluma qalib gəlmək istəmirəm!
İs-tə-mi-rəmmmmmmmm!!!!!!!!........................................................................
(Əsəbdən dodaqları əsir. Hiss edirəm ki, onun dodaqlarının tərpənməsindən oxuduqlarımın düz anlaşılmamasından da narahatdır. Əlimi aparıb çiyninə qoyur, mən də onun kimi heç nə demədən susur, gözlərimi gözünə dikərək hər şeyi yaxşı anladığımı ona inandırmağa çalışıram. Gülümsünür və rahatlayır. –Yazıçının qeydi.)
Bir dəfə dərsdə söhbət hardansa gəlib Bayronun üzərinə çıxdı. Mən bu böyük şairin yaradıcılığından, əsərlərindən şövqlə danışdım. Və birdəncə özümdən asılı olmadan dedim: “Uşaqlar, təəssüflə deməliyəm ki, bu böyük şair bir türk düşməniydi. Türklərin yunanlarla müharibələrində daim yunanları müdafiə edərdi...”
Mənim Türkiyə, İstanbulla bağlı gənclik “travmam” var...
Uzaq bir qohumun toyunda idim. Sıradan bir toy idi. Darıxmağa başlamışdım. Ara mahnıları, şit söhbətlər, adamda mənfi emosiya yaradan bəyin qohum-qardaşının təpiklərini at kimi yerə döymələri, oynamaq üstündə az qala dava-şavaya səbəb olan mübahisələr...
Qəfil masabəyinin bu elanı içimdə bir zəlzələ yaratdı:
-Söz bəyin dayısı İstanbula verilir.
Bir anlığa əlim-ayağım əsdi, sevincdənmi, ya nədənsə ağzımda dilim keyidi.
A kişi, mən Türkiyədə olmuşam, elə sən də olmusan, orada nə İstanbul adında adam eşitdim, nə də gördüm. Bunu yalnız İstanbulun həsrətini çəkənlər edə bilər ki, ediblər də. O gözəl şəhərin, o gözəl Türkiyənin adını öz oğluna verməklə xalq yaddaşında belə əbədiləşdirib...
Bunu niyə xatırladım? Mən axı arada dostların təklifi ilə İstanbula işləməyə, daha doğrusu, alverə getdim. Getdim və başa düşdüm ki, mənnən alverçi çıxmaz. Mənnən çıxsa, çıxsa elə müəllim çıxar deyib, bir az orada qaralandıqdan sonra geri qayıtdım Vətənə, köhnə sənətimə baş endirdim, sinif otaqlarının qapılarını əlimlə oxşadım, uşaqların ayaqlarından qalxan tozu ciyərlərimə çəkib “uxayyyy” dedim...
Onu da deyim ki, mənim İstanbul səfərim də alverə-zada hesablanmayıbmış – mənim İstanbulu görməyim, Türkiyəni görməyim elə ziyarət imiş. Dədə-babalarımızın həsrətində olduğu o torpağa mənim gedişim onların da ruhunu şad etdi...
İstanbulla bağlı ürəyimdə niskilli bir xatirə var...
Bizim bir yanımız ora bağlıdır. Anam hər dəfə Cəbrayıldakı Qaraman ocağınnan, Çələbilərdən danışanda, Bəhlul əfəndidən söz salanda az qalırdı ağlasın. “Bizim bir yanımız İstanbuldu, a bala. Bilmirəm, hansı zamandasa dədə-babamız İstanbul sultanlarıynan yola getmiyib, bizi ordan buralara sürüblər... Qaşqına-köşkünə dönmüşüy... İndi urusnan erməni birləşib bizi Məmmədbəylidən qavanda yadıma Bəhlul əfəndinin vaxikən dediyi kəlmələr düşür... Yox e, yox, nə görmək, mən hara, Bəhlul Əfəndi hara? O yazığı, tü, tü, tü, dilim, ağzım qurusun, o boyda əjdahaya yazıxmı deməy olar, o boyda əfəndini otuzumuncu illərdə gülləliyiblər... Mən də atamnan eşitmişəm... Deyirmiş ki, Bəhlul Əfəndi, bir xalqda bir şey olduysa, genə havaxtsa baş qaldlracax... Bude ha, genə qaşqına-köşkünə döndüy... Qorxum bilirsənmi nədəndi, qorxuram ki, bizi bir gün bırdan İstanbula sürələr ki, hardan gəlmisıız, ora da gedin... Gör üstünnən neşə yüz il keçib, heş bilmirəm, İstanbul sağdadımı, soldadımı, amma havasın hiss eliyirəm, qoxusun imsiliyirəm, dadın-tamın duyuram... İşdi-şayət, bizim ailədən kimin o səmtə yolu düşsə, mənnən də orya salam söylüyün... Deyin ki, bırda, Azərbaycanda İstanbulun həsbəntin çəkənlər vardı...”
...Bir qədim rəvayət də var yaddaşımda. Həmişə o rəvayəti özümçün, atalıq heysiyyətimçün norma saymışam. Övladların uğuru da, uğursuzluğu da yarı-yarıya atanın ayağına yazılmalıdır. Əvvəla, onlar bütöv də olmasa (hər halda bir ana faktoru da var axı!), sənin geninin daşıyıcılarıdır. İkincisi də, sən onlarla bir damın altında yaşayırsan və hərəkətlərinlə, tövrünlə, yeyiş-geyişinlə, danışığınla, oturuşun-duruşunla onlara nümunə olursan. Övladlarının məktəbdə müəllimisənsə, payın daha da artır...
Hə, o rəvayətə görə, eradan əvvəl Yunanıstanda Zaleucus adlı qanunlar toplusu müəllifi yaşayıb ki, onu Yunanıstanın ilk yazılı qanunlarının banisi adlandırmaq olar. Sonrakı zamanlarda Yunanıstanın və hətta bəzi ölkələrin qanunları bu qanunlara istinadən tərtib edilib.
Hə, rəvayətə görə, Zaleucusun oğlu bir gün oğurluq səbəbi ilə məhkəmədə mühakimə olunurmuş. Məhkəmə onun özünün tərtib etdiyi qanunlara əsasən, oğluna hər iki gözünün çıxarılması qərarını qəbul edir.
Zaleucus ayağa qalxır, üzünü məhkəmə heyətinə tutaraq deyir:
-Mən istəyirəm ki, qərarda belə bir dəyişiklik edilsin: iki göz çıxarılsın, amma biri oğlumun, biri mənim. Nəticədə, ədalət öz yerini tapar və oğlum heç olmasa, bir gözlə həyatını davam edə bilər... Bu həm də daha ədalətli olar, ondan ki, oğlumun bu cinayəti törətməsində mənim də günah payım var - ona düzgün tərbiyə vermədiyim üçün mən də cəzamı almış olaram...
Deyirlər ki, Luvr muzeyində əlindəki xəncəri öz gözünə soxan bir heykəl təsvir olunub. O heykəlin müəllifi Jan Gujon 1564-cü ildə yaratdığı bu əsərlə həmin hadisəni təsvir etmişdir...
Mən oğlumun ən ağır günlərində, hansı ki, ikinci dəfə əməliyyat olunacaqdı, onda onun çarpayısının başına fırlanaraq allahımdan oğlumun həyatını bağışlamasını, ona gələn qadanın mənə gəlməsini arzulamışdım...
Şükür kərəminə! Allah eşitdi istəyimi. Cəmi iki gün sonra dilim tutuldu. Oğlumun məni o vəziyyətdə görməməsi üçün, nə qədər ağır olsa da, qospitalı tərk etdim. Evə gələndən sonra insult keçirdim və indi ölüm döşəyindəyəm. Şükür allahıma!
Allah arzumu eşitdi...
Allah övladlara gələn bütün bəlaları atalara versin.
Amin...
...İndi mən heç də, mən, uşaqlarımnan qıraq yerə, belə bədbaxt oldum... Həm lalam, həm ayaxlarım yerimir, ürəyim heylə, başım onnan da betər... Diri gözdü ölüyəm... Hər halda sən məni gözdərimnən, dodaxlarımı tərpətməyimdən anlayırsan, bilirəm...
Saa bir maraxlı şey danışacam...
O xəntənə sevinmişəm ki!..
A kişi, ayrı işdi e bı əhvalat!
Hə...
...Demək, bu yaxınlarda, öz dərdimlə boğuşa-boğuşa bir hadisənin şahidi oldum. Yanıma gələn dostlardan biri bir xeyli ordan-burdan danışannan sonra dedi ki, toya çağırıblar. Müəllim yoldaşımızın oğlunun toyudur. Sonra da əlavə elədi ki, sən o müəllimi tanıyırsan də, Nəbi müəllim, Sırxəvənd tərəfdən idi gərək ki, ya Əsgərannanıydı, dəqiq yadımda deyil. Onun da oğlu 44 günlük müharibədə iştirak etmiş, bir ayağını itirmişdi. Neçə vaxt idi ki, kəsilən ayağında problem vardı, həkimə gedirdi. Nəbi müəllim də yaman dilxor görünürdü. Dedim, a kişi, nolub, oğuldu də, allahın köməyiynən ayağı da sağalacaq, bir yüngül işdə də işləyəcək, evlənəcək. Ailə quracaq, oğil-uşaq sahibi olacaq...
Kişi fikirli-fikirli dedi ki, orası heyədir, amma anası, bacıları ha desə də, daş atıb başın tutur ki, məni bu vəziyyətdə hansı qız qəbul eliyər, lap tutalım ki, biri getdi maa, ailə qurdum, ayağımın biri yox, o biri də hələ tam sağalmayıb, bu təqaüdlə necə ailə dolandıracam? Bunun dava-dərmanı var, evə hər gün çörək almağı var, ət almağı, hər gün evdə qazan üstə qoymağı var... Sizə zarafat gəlir? Mən də fikirləşirəm, amma bir tərəfə çıxarda bilmirəm... Belə baxıram ki, mən elə ömrüm boyu tək yaşayacam... Anası, bacıları fikir eləyir, elə mən özüm də oğlumun dərdini çəkirəm. Nə olacaq bunun axırı?! Allah erməninin evini yıxsın!..
Bir gün Nəbi müəllimi çox şən, gümrah gördüm. Neçə vaxtdır üzü gülməyən nədi, heç dodağı qaçmayan bu kişinin indi əməlli-başlı rəngi-urufu yerinə gəlmişdi, qaş-qabağı açılmışdı, geyim-keçiminə də fikir vermiş, belə bir az cavanlaşmışdı elə bil. Onu belə görəndə, düzü sevinəntəhər oldum. Dedim, ay Nəbi müəllim, tü, tü, göz dəyməsin. A kişi, bu nə cah-cəlal?! Nə olub, bu gün hardan doğub?!
Əllərini yuxarı qaldırdı, üzünü göyə tutub dua elədi, dedi, a kişi, şükür allahın cəlalın, allah umud kəsən deyilmiş!.. Oğlumu sənə demişdim axı, bir ayağını davada itirmişdi, kəsilən ayağı da tam sağalmırdı ki, işimizi bilək. Evlənmək söhbətini də heç yaxına buraxmırdı. Hə, nə başıı ağrıdıram, bir gün oğlumu taksiyə qoyub apardım bir özəl xəstəxanaya. Dedilər orada bir yaxşı həkim var, ayağına o baxsa, yaxı olar. Xüləsey ki, oğlumu gözəl bir xanım həkimin yanına göndərdilər. Xanım qız mənə xahiş elədi ki, siz, zəhmət olmasa, bayırda gözləyin...
Çıxdım çölə. Təxminən, bir saatacan vaxt keçdi və oğlum qəstillərin köməyi ilə həkimin otağından çıxdı. Üzünə baxanda ata ürəyim təlaşlandı. Nə isə, uşaqda bir dəyişiklik vardı. Düzü, əvvəlcə nə baş verdiyini anlamadım. Hətta qorxdum da. Elə bildim, həkim, nə isə pis xəbər deyib. Həyəcanla “nə olub, bala, həkim nə dedi?” deyə soruşdum. O, əvvəlcə danışa bilmədi. Diqqətlə baxdım və gördüm ki, yox e, oğlanda nəsə yaxşılığa doğru dəyişiklik var. Amma onun danışmaq istəmədiyini duyub, səsimi içimə salıb susdum. Ürəyimdə dedim, ey yerin, göyün sahibi, nə olar, mənim oğluma kömək elə. Onu, sən o odun-alovun içindən biz ata-anasına görə sağ-salamat çıxardıb gətirmisən, şükür kərəminə! Nə olsun, bir ayağı yoxdur, şükür ki, canı sağdır, qazidir. İnşallah bir babat iş tapar, işləyər, bir babanın qızı ilə evlənər... Şükür sənin məsləhətinə...
Həkim demişdi ki, bir həftə sona gələrsən yanıma, amma oğlum səhər durub geyindi, taksi çağırıb həkimə getmək istədi. İstədim, deyəm, a bala, axı deyirdin, həkim deyib bir həftə sonra gəl, indi nə oldu?
Arvad mənə göz-qaş elədi ki, dinmə.
Dinmədim.
Oğlan bu dəfə tək getdi. Bir də axşam tərəfi qayıtdı. İki dəfə cib telefonuna zəng etmək istədimsə də, arvad dedi, a kişi eləmə, bəlkə uşağın ürəyi belə istəyir...
İstəyir, istəyir də.
Susdum.
Oğlum gələndə hiss etdim ki, mənimlə göz-gözə gəlmək istəmir. Tək onu anladım ki, oğlumda yaxşı mənada dəyişiklik baş verir. Arvadın dediyinə görə, yarası də sağalmağa başlayıb.
Bu söhbətdən bir ay keçəndən sonra arvad məni yan otağa çağırıb dedi ki, kişi, muştuluğumu ver, oğlumuz evlənir. Hazırlaş, elçi gedəcəksən.
Dedim, ağız, kiminlə evlənir?
Dedi, həmən həkim qızla.
Sonra da dedi ki, bax, ağzınnan çıxmasın, qız oğlumu müalicə eliyəndə bilib ki, subaydı, deyib, niə evlənmirsən? Bizim gədə də deyib ki, bu vəziyyətdə necə evlənim? Ayağımın biri yox, yaxş maaşlı işim yox, ayrıca ev-eşiyim yox... Bu vəziyyətdə məni hansı qız qəbul eliyər?
Qız deyib ki, mən qəbul eliyərəm! İndiyəcən məni istəyənlərin hamısı saçına jele sürtüb çayxanalarda, restoranlarda gününü keçirənlər olub. Mən də istəyirəm ki, Vətənimin bir qəhrəman qazisi ilə ailə qurum. Sənin o ayağına dəyən güllə sənə dəyməsəydi, sən və sənin döyüş dostların canınızı Vətənimizin yolunda qoymasaydınız, biz qızların namusu əldən gedərdi. Demək, sən mənim kimi Azərbaycan qızlarının namusu uğrunda vuruşmusan. Ayağını bu yolda itirmisən. Əgər, etiraz etmirsənsə, bir neçə dəfə mənim yanıma müalicəyə gəl, həm də oturub söhbət edək, əgər bizimki tutsa, gedib atana deyərsən məni gəlib atamnan istəyər... Ayrıca evim də var, cehizim də... Sadəcə, mənə sənin kimi igid kişi lazım idi...
Görürsən, müəllim, allah bir yannan bağlayanda, o biri yannan açır...
İndi oğlumun o həkim qızla toyudur. Səni də o toya dəvət eləyirəm...
...Görürsən də, həyatda nələr olur...
İndi mən çox xoşbəxt adamam...
Allah səsimi eşidib...
Oğlumun ağrılarını mənə yükləyib...
Suçəkən kimi o ağrıları canıma çəkirəm...
İndikilər bilməz ki, suçəkən nədi?
Çayın soyudu axı...
Sən canın, bircə stəkan çay iç...
Bircə qurtum...
Mən də içəcəm...
Boğazım qurudu...
MÜƏLLİFDƏN
Bir gün dahi Mikelancelo Musa peyğəmbərin heykəlini yaratdıqdan sonra ona gedib uzaqdan baxır, sonra yaxınlaşıb özünün heyrətamiz əsərini yaxından seyr edir, sanki danışacağına əminmiş kimi “Perche non parli?”* deyib qışqırır, lakin heykəlin susduğunu gördükdə əlindəki çəkici hirslə ona tullayır. Xoşbəxtlikdən çəkic heykəlin üzünə deyil, dizinə dəyir. Görənlər danışır ki, bu möhtəşəm əsər Romanın San Pietra bazilkasında indi də saxlanılmaqdadır, təbii, dizində də çəkic izi...
Eynən Mikelancelo kimi mən çox tərs adamlarla üz-üzəyəm. Ata və oğul Musa kimi susurlar. Onların obrazını yaratmaq isə mənimçün yazıçılıqdan ötə, həm də vətəndaşlıq məsələsidir. Oğul qəhrəmandır, ata isə Vətənçün qəhrəman tərbiyə edən atadır, müəllimdir.
Qələmin gücü bağlı dilləri açmaq deyilmi? Həmd olsun yaradana!..
...Öz otağımda işləyirəm. Hansısa yarımçıq yazımı təzədən başlamaq üçün neçə saatdır özümü oda-közə vururam. Yarımçıq yazdığım, yaraladığım o yazıdan sonra nələrin yazılacağını bilsəm də, kompüterin qapağını açıb-örtməkdən yorulsam da, bir şey çıxmır. Səhərdən bir cümlə belə yaza bilməmişəm. Yumurtası tərs gələn toyuq kimi bu doqquz kvadrat metrlik otaqda çıxmadığım oyun qalmır. Heç nə alınmır ki, alınmır...
-------------------------------------------------------------------------------------------------------
*”Niyə susursan, danışsana!” (Latınca.)
Belə bir vaxtda ev telefonunun cingiltili səsi mənim yarıbağlı qapımın yanavından içəri təpilir. Özgə vaxt olsa, durub qulaqlarıma pambıq tıxayaram, amma indi o telefon səsindən sanki mədət umuram – bəlkə məni bu bitməz işin əlindən o zəng aldı?
Qulağımı şəkləyib qapıdan söhbətə qulaq verirəm.
-Bəli.
-...
-Bəli, bəli, oradır.
-...
-Nə?! Vay-vay-vay! Nə pis oldu!
Mən iş otağımdan xanımımın həyəcanlı səsini eşidirəm və dözməyib soruşuram:
-Nə olub?!
-... müəllimin dili tutulub! Heyf...
Əlim dəstəyə uzalı qalır. Bizim ailənin yaxın dostlarından olan o müəllim və onun ailəsi gəlib gözümün önündən keçir...
Bu ailənin son vaxtlarda yaşadığı bir sıra məhrumiyyətlər...
Atasının, anasının, qardaşının dalbadal vəfat etməsi və ən dəhşətlisi gənc zabit oğlunun 44 günlük müharibə bitəndən sonra dinc vaxtda minaya düşməsi, bir ayağını iturməsi...
Və indi də bu bəd xəbər...
Az sonra elə bil, təbii qarşılayıram bu xəbəri.
Heç heyfsilənmirəm.
Sanki belə də olmalıymış...
***
Üç gün havalı kimi gəzirəm. Götürüb dostuma zəng etmək istəyirəm. Amma necə zəng edim? O ki danışa bilmir?.. Bəs nə edim?
Heç nə...
Gəlib iş otağımın qapısında durur, sonra qorxulu bir yerə gəlmiş kimi tez geri dönürəm. Və hiss edirəm ki, o yarımçıq, yaraladığım yazıya yaxın zamanlarda qayıda bilməyəcəyəm...
Və nəhayət, üç gün sonra əlini balıq kanına soxmuş və çoxlu balığın içərisində fərəhdən çatlayan balıqçı kimi yazı masama yaxınlaşıram. Kompüteri haçan açdığım, nələrisə sürətlə yazmağa başladığımı belə hiss etmirəm. Bir onu bilirəm ki, bu dəfə inamla və inadla yazıram...
***
Adətən, “Müəllifdən” başlığını mətnin əvvəlində verirlər ki, mahiyyəti anlaşılsın. Bu dəfə axıra düşdü. Səbəbi də sadədir: biləndə ki, belə bir əhvalat olub və əhvalatın içində də gündəlik var, sifariş etdim ki, o gündəlik yazılan dəftəri mənə göndərsinlər.
Dedilər, nə dəftər, ortada heç bir dəftər-filan yoxdur.
“Necə yəni? Bəs gündəlik?”
“Gündəlik telefonla yazılıb. İstəsəniz, sizin votsapınıza ata bilərik.”
“Atın”, – dedim.
Atdılar.
Məlum oldu ki, bizim qəhrəman bu gündəliyə bənzər qeydlərini Mİ A2 telefonunda bir şəhid dostunun votsap divarına yazıb.
“Niyə şəhidin votsapına yazdınız?”
Qazi başını buladı:
“Bu qeydləri ürəyimi boşaltmaq üçün yazırdım. Heç kimin oxumağını istəmirdim. Bir də şəhid dostumun vatsapının işığının sönməsi arıma gəlirdi. Bu qeydləri onun divarında yazmaqla sanki onu diri tuturdum. Bu da bir növ mənimçün təsəlli idi.”
Belə. Qazi indi yaxşıdır. Protezin gücünə də olsa, gəzir, yeriyir, yüyürür...
Ancaq onun atası, mənim dostum olan o müəllimin... Artıq bildiyiniz kimi, qəflətən dili tutulub... Təkcə dili tutulsaydı, nə vardı ki, kişi ayaqlarını da itirib – iki odun kimidir, tərpədə bilmir.
Bilirsiniz, onun adını bura yazmıram. Hələ ümidim var. Ümidim var ki, onun dili açılacaq...
Yaradandan diləyim budur ki, bütün dilsizlərin dili açılsın.
***
...Sabunçuda təpədəki evdən çıxıb, üzü aşağı millənmişdim ki, bir uşağın arxamca yüyürdüyünü gördüm. Yanıma çatanda əlində büküb yumruladığı şagird dəftərindən qoparılmış vərəqlər qomunu mənə uzatdı:
-Babam dedi ki, yadımdan çıxıb vermək... Bunnar sizə çatacax... Babam bir də dedi ki, bınnarı da qatsın yazdıqlarının gözünə...
Bizim zamanımızda kərpici dediyimiz riyaziyyat dəftərinin vərəqlərinə dikinə, yaxud uzunasına nəfis bir xətlə yazılmış beş-altı kağız parçası idi. Soldan səliqə ilə qatlanmış, qatlanmış yeri boş buraxılmış, köhnə kişilərin bildiyi qaydada protokol yazırmış kimi inci hərflər yan-yana düzülmüşdü. Qəribə də başlığı vardı: BİLİRDİM GƏLƏCƏKSƏN...
Lap o iki əsgərin əhvalatındakı kimi. Yaralı dostunu götürməyə qayıdan əsgərə artıq can üstə olan əsgərin dediyi kimi: bilirdim gələcəksən...
O vaxt biz də əsgər olmuşduq... Uğursuz da olasa...
Amma bir-birimizi atmamışdıq...
Torpaqlarımızı qoruya bilməsək də, onları azad edəcək və qoruyacaq oğullar yetişdirmişdik azından...
...Bu yazı son savaşımızda torpaq uğrunda fəda olanların ruhuna salam və ehtiram, sağ qalanlara can sağlığı arzusuyla qələmə alındı...
Tanrı bizi bir daha savaşla sınağa çəkməsin.
Amin.
sentyabr-noyabr 2024