Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə - ikinci hissə)

AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə - ikinci hissə)

AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə - ikinci hissə)
Proza
admin
Müəllif:
19:30, 27 noyabr 2024
532
0
AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə - ikinci hissə)



                

                          Bütün müharibələrdə qələbə ilk əvvəl insan şüurunda qazanılır


                                                   Janna Dark





    21 APREL. AXŞAMÜSTÜ. HOSPİTAL.


    Şeirə qayıdış nə deməkdir?

    Hərbçi həyatı ilə vidalaşmaq?

    Hazırkı halımla barışmaq?

    Mirtağıyevin qadağasını sındırmaq?

    Yox. Mən, sadəcə, anamın gəlişi ilə doğuşdakı halıma, çılın-çılpaq bu dünyaya düşdüyüm halıma qayıtmış oldum. Mənə görə, bu dünyaya gəldiyində çığırıb ağlamaq insanın şairliyidir. O çığırtı, o ağlamaq insanın bu dünya ilə olası tutaşmasını ona xatırladır və insan elə o andaca ilk şeirini yazır... Yox, yazmır, söyləyir, deklamasiya edir, qışqırır...

    Mən də elə oldum. İlk insani halıma döndüm...

    Bu yazdıqlarımı elə-belə bədahətən yazdım. Bilmirəm, heç yazdığım gündəliyə dəxli varmı?

    “Ana, ay ana! Hardasan?! Mən təkrar şair oldum, biləsən...”

    Anam isə yoxdur...

    Heç kim yoxdur...

    Təkəm...

    Bu dünya ilə təkbətək döyüşüm başlayır bu gündən...

    Gəl, a dünya, gəl!

    Ya sənə verən allah, ya mənə...

    

    HƏMİN GÜNÜN AXŞAMI.

    Atam-anam gedib. (Daha doğrusu mən atamı halı pisləşəndən sonra, gərək ki, görməmişəm. Ona görə gərək ki, deyirəm, həmin günlərdə mənim özümün halım yaxşı deyildi. Nəyin yuxu, nəyin qarabasma, nəyin həqiqət olduğunu yalnız sonralar, bu gündəliyi başlayanda ayırd edə bilmişəm. İlk günlərdə heç özümdə olmamışam. Olsam da, illüziya ilə həqiqətin sərhəddini ayırd edə bilməmişəm.) İndi qəstillərlə özüm durub gəzə bilirəm. Qəfərin gözündə və üzündə daha bir əməliyyat olacaq. Ona görə onu mənim yanımdan aparacaqlar. Dua edirəm ki, əməliyyat uğurlu keçsin.

    Qəfərə əməliyyatqabağı sanki vəhy gəlib. Elə hey mənə öyüd-nəsihət verir, səbrli olmağı tövsiyə edir. Ürəyimdə deyirəm ki, insan gərək naşükür olmasın. Bax, Qəfər bu gündədir, amma həmişə allaha şükür edir.

    Birdən Qəfər qəhərlənir. Başını aşağı salıb öz-özünə mızıldanır. Mən onun nə isə qəmli bir hekayət söyləyəcəyini anlayıb, səsimi içimə çəkirəm. O isə içini döyən xəstə quzu kimi hıqqıldayır, eşqırır, bir az özünə gələn kimi olur və deyir:

    “Sən bilirsən ki, mən Hadrut uğrunda döyüşdə iştirak etmişəm?

    “Hə, demişdin. Doğrudan, ay Qəfər, mən də orda olmuşam axı... Hətta bir neçə dəfə qəsəbə  əldən-ələ keçmişdi... Haylar Hadrutu heç cürə əldən vermək istəmirdilər...”

    “...Hadrut gözəl yerdir. Bilirsən də, Sovetin vaxtında Moskva erməniləri Xankəndini, Hadrutu gözəlləşdirmək üçün nə qədər Kremlin rəhbərlərinə dil tökmüşdülər. A kişi, xan kefində yaşayırmışlar e, oradakı ermənilər... Burunlarınnan gəlsin, gəldi elə...

    Oktyabrın ortalarında biz Hadruta girəndə hər küçə uğrunda döyüş gedirdi. Diviziyamızın əsgərlərinin bir çoxu Hadrutda şəhid oldu. Məni allah saxladı, qardaş canı. Düz üç dəfəm yaralansam da, rezinkaynan qolumu sıxıb, üstündən sarıq qoydum, irəli atıldım...

    O döyüşdən bir acı xatirə var ki, ürəyimdə yara kimi qövr eləyir. 

    Yadındadı, Xocalıya görə and içmişdik ki, düşmənin kimliyindən asılı olmayaraq heç bir üzvünə acımayacağıq?!.” 

    “Hə, yadımdadır. Hətta siyasi rəhbərlər bu barədə bir çıxış da hazırlamışdılar. “Xocalı – qan yaddaşımız” adlanırdı. Mən az qala o andın bütün sətirlərini əzbərləmişdim:

            ”Mən, bir Azərbaycan döyüşçüsü olaraq Xocalıda Azərbaycan türklərinin başına gətirilən müsibəti heç vaxt unutmayacağıma, uşaqlara, qocalara, qadınlara – bütün dinc əhaliyə qalxan düşmən əlini kəsəcəyimə, düşmənin heç bir üzvünə güzəşt etməyəcəyimə, Xocalının intiqamını alacağıma

    AND İÇİRƏM! AND İÇİRƏM! AND İÇİRƏM!”

    “Hə, bax, onu deyirəm” – Qəfər tək gözünü üzümə dikərək boğuq səslə dilləndi.

    “Bir gecə döyüş səngisə də, komandir bizi yığıb dedi: 

              -Aldığımız məlumata görə, şəhərdə dinc əhali qalmayıb. Hətta qalsa belə, biz and içmişik. Düşmənə aman verməyəcəyik. Dinc erməni yoxdur. Onların hamısı Azərbaycan türkünü özünə düşmən bilir. Ona görə də, aldadıcı bir manevr edəcəyik. Kəşfiyyat məlumatımıza görə, düşmənin Hadrut istehkamını müdafiə edən əsas qüvvələr geri çəkilib və yeni qüvvə toplayaraq üstümüzə hücuma keçməyə hazırlaşırlar. Üstəlik, düşmənin buradakı komandirlərindən Manuçaryanın və Davityanın öldürülməsi onlarda ruh düşkünlüyü yaradıb. Buna görə də biz onları qabaqlayacağıq. Təxminən, bir saat sonra düşmənin istehkam qurduğu üçmərtəbəli binanı və ona yaxın olan əraziləri gizlicə mühasirəyə alacağıq. Səhərə yaxın, mənim səsgücləndirici ilə onlara müraciətim olacaq. Ya təslim olacaqlar, ya da hamısını məhv edəcəyik.”

    Deyildiyi kimi də etdik. Az sonra üçmərtəbəli yaşayış binası və ona bitişik birmərtəbəli evlərdən ibarət döyüş xəttinə yaxın istehkamı mühasirəyə aldıq və komandir səsgücləndirici ilə rus dilində müraciət etdi. Bu vaxt üçmərtəbəli binadan bir erməni təmiz Azərbaycan dilində qışqırdı:

    -Bu binada çoxlu dinc insan var. İcazə verin, biz onları da götürüb geri çəkilək. Yoxsa, onların hamısını güllələyəcəyik!

    Komandir ratsiya ilə dedi:

    -Uşaqlar, bu alçaq yalan deyir. Mənim atəşimi gözləyin!

    Əlbəttə, biz dinc əhali söhbətinə görə atəşə ara verməli olduq.  Maraqlı burasıdır ki, bir qədər aralıdakı yaşayış binasındakı erməni dəstələri ilə bizimlə danışanlar arasında atışma başladı. Biz əvvəl elə bildik ki, bizi çaşdırmaq üçün belə edirlər. Lakin bir qədər sonra qadın və uşaq səsləri eşidildi. Biz hələ də əlimiz tətikdə gözləyirdik. Təxminən yarım saat sonra atəş dayandı. Biz bunun tələ olduğunu güman edib xəbərdarlıq atəşi açdıq.

    Onların atəşindən sonra biz də atəş açmağa başlamışdıq ki, binadan yenə uşaq və qadın səsləri eşidildi. Bu səsləri, binaya yaxın olduğum üçün ilk olaraq mən eşitdim və komandirə xəbər verdim. Az sonra bizimkilər atəşi dayandırdılar. Komandir erməni əsgərlərinə geri çəkilmələri üçün şərait yaratdı. Və onlar geri çəkiləndən az sonra biz binaya daxil olduq. İki uşaq və bir qadın qan içərisində can verirdi. Bir qadın isə uşağını qucağına sıxaraq  ağlayırdı. Qadın dedi ki, ölənləri öz əsgərləri güllələyib... Üzü üstə yıxılaraq  qanlar içində çabalayan erməni əsgərini göstərib dedi ki, yalnız bu əsgər o birilərlə razılaşmadı və bir-birinə atəş açdılar. Bu gənc əsgər tək canı ilə ona yaxın erməni döyüşçüsü ilə bizim üstümüzdə vuruşdu və çoxsaylı güllə yarası aldı.

             Biz o qadını da, uşağını da xilas edərək sağ-salamat arxaya göndərdik.  Amma hələ də düşünürəm ki, o uşaqları və qadını xilas etmək olardı... Xüsusilə, o gənc erməni əsgəri gözümün önünnən getmir. Bilirsən, mən buna görə özümü günahkar bilirəm... Hər dəfə namaz qılanda allahdan bağışlanmağımı xahiş edirəm...”

    Mən Qəfərə təskinlik verdim və dedim ki, bu, müharibədir, orada ədalət axtarmaq mənasızdır. Amma sənin bu humanistliyin adamın qəlbini fərəhləndirir. Hadrut əməliyyatı zamanı mən də bir zabitimizin erməni uşağını xilas etməsindən bəhs edən bir yazı* oxumuşdum... Telefonumun yaddaşında olmalıdır o yazı. Bir az özümə gəlim, tapıb atacam, sən də oxuyarsan...


    22 APREL. Hospital. Səhər çağı.

    Zakon podlosti, ruslar demiş. (Bu, atamın işlətdiyi deyimdir. Bizim nəsil rusca nəinki deyim, atalar sözü işlətmirik, heç bu dildə məktəbdə öyrəndiyimiz beş-altı kəlmə bilirik, ya yox. Əvəzində, Türkiyə türkcəsini bilirik! Şükür qovuşdurana!) Mənim günümə bax. Yaralarımla əlləşdiyim bir zamanda yadıma Lenin düşüb. Axı bu gün onun günüdür...


---------------------------------------------------------------------------------------------

*Burada söhbət yazıçının Vətən müharibəsi qazisi Orxan Məmmədzadəyə həsr etdiyi “Körpə “əsir” hekayəsindən gedir.


    Düzdür e, böyük adam olub. O boyda imperiyanı dağıdıb, ağlının və iradəsinin gücü ilə daha təcavüzkar bir imperiya – SSRİ-ni qurub... Kaş qurmayaydı! O imperiya da mənim xalqıma qarşı olub...

    Nə isə, bu hardan gəldi düşdü yadıma?! Heç gör dəxli var?!

    Yaxşısı budur, Qəfərin bəhs etdiyi Hadrutla bağlı düşüncələrimi yazım. Axı mənim batalyonum da Hadrut uğrunda vuruşub...

    (Yəqin gah batalyon, gah tabor yazdığımın fərqindəsiniz. Əlimdə olsa, birdəfəlik qədim və indiki türk dilindəki hərbi terminlərə keçmək əmri verərdim. Axı biz türklərin böyük hərb tariximiz var. Və hərb tariximiz olan yerdə hərb sənətinə aid çoxlu da terminlərimiz var. İndi biz, uzun illər rusların müstəmləkəsində olduğumuz görə, özümüzün bir sıra sahədə söz ehtiyatımız olmadığı kimi, hərbi terminlərimiz də rus və Avropa dillərindən keçmədir. Elə bilirəm ki, bu sahədə qəti fikir bildirməyin vaxtıdır – türkiyəli qardaşlarımızın dilində işlənən hərbi terminləri dilimizə gətirməliyik. Onda mənim kimi hərbçilərin yazanda əziyyət çəkməsinin qarşısı alınar...

            Belə görürəm ki, mən, deyəsən, gələcəkdə özümü hərbi müəllim kimi sınamaq fikrindəyəm. Ona görə, bu cür fikirlər yazıram.)

    ...


    Hadrut bizim üçün ən sərt döyüş nöqtəsi idi. Buranı yarımçıq da olsa, nəzarətə götürəndə tamam əldən düşmüşdük. Düşməni xeyli qovub uzaqlaşdırdığımızdan dincələ bilərdik. Ona görə, tabora əmr etdim ki, döyüş maşınlarını rahat yerdə saxlamaqla özünüzün dincəlməyiniz üçün bir-birinə yaxın və təhlükəsiz mövqelərdə olan yaşayış binaları seçin, yaxşıca yuyunun, növbə ilə yemək yeyin və yatın. 

    Mən özüm də bir evin balkonundan ətrafı müşahidə edib içəri qayıtdım. 

    Gecənin bir aləmi uşaqlardan biri məni oyatdı ki, komandir, deyəsən qaldığımız evin zirzəmisində kimlərsə var. Əvvəl elə biliblər, siçan-zad səsidir. Sonra görüblər yox e, əməlli-başlı hənirti gəlir. 

    Əli avtomatlı iki əsgəri fanar işığında zirzəmiyə saldıq. Az sonra qoca bir ermənini əlində tutduğu çatlaq narla bayıra çıxartdılar. Uşaqlar vurmaq istəyəndə imkan vermədim. Hətta dedim ki, buraxın, narını yesin. Sonra üzümü ona tutub dedim:

    -Ey qoca, yadındadır, sizinkilər Xocalıda necə bir əxlaqsızlıq törətmişdilər?! İndi nə edim? Mən də səni verim bu cavan hərbçilərim təpikləsinlər?! Yox, mənim qanım və türk kökənim müdafiəsiz bir insana əl qaldırmağa imkan verməz. Bizim inancımıza görə, yaşlı adama, qadına, uşağa toxunmazlar. Amma siz Xocalıda elə bir soyqırım törətdiniz ki, bütün zamanlarda bu haylar üçün üz qarası olacaq. Biz, məhz Allah adamı olduğumuzçün sənə toxunmuruq. Əgər günahın varsa, araşdırılacaq, cəzan veriləcək. Bizim haqq işimiz, inşallah sizin nahaq işinizə qalib gələcək.

    Biz onu ən qısa zamanda sağ-salamat arxa cəbhəyə göndərdik. 


    HƏMİN GÜN. GECƏ VAXTI.

    Yadıma, görün, nə düşür...

             Müharibənin şirin vaxtlarıydı. (Bəlkə kimlərəsə bu söz qəribə gələr, lakin mən necə düşünürəmsə, o cür də yazıram. Bu müharibə bizimçün bir şans idi. Atalarımızın buraxdığı səhvləri buraxmamaq baxımından, o səhvləri düzəltmək baxımından və işğaldakı torpaqları qaytarmaq baxımından şans idi. Ona görə içində ölüm, şikəst olmaq da varkən, biz bu müharibəyə bizim nəslin şansı kimi baxırdıq. Bir-birimizə söz vermişdik: birimiz öldüksə, arxadan gələnlər onun yerini boş qoymayacaq. İrəli, yalnız irəli gedəcəyik. Çünki irəlidə “ay oğul!” deyib hayqıran, şərəfi, namusu tapdanmış ana torpaq var və biz özümüzə söz vermişdik ki, onu o dardan qurtaracağıq. Ona görə də, o müharibə bizimçün “şirin müharibə” idi.) Bir gözümüz düşmən cəbhəsində, bir gözümüz sosial şəbəkədə idi. Qonşu cəbhələrdəki vəziyyəti bilmək üçün sosial şəbəkədən yararlanırdıq. Bir də arxadakı vəziyyət də bizimçün maraqlı idi. Görəsən, Bakıda, cəbhədən uzaqdakı şəhər və rayonlarımızda bizim müharibəmiz barədə nə düşünürlər? Bu kimi xəbərləri isə feysbukdan və başqa sosial şəbəkələrdən öyrənmək olurdu.

    Bir axşam üstü meşənin ortasında sərilib dincimizi aldığımız vaxtda uşaqlardan biri qəribə bir xəbər oxudu. 

    Bir qız arxa cəbhədən feysbukda yazıb ki, əsgərlərimizin düşmən üzərinə qorxmadan şığımaları hamımızı sevindirir. İstəyirəm ki, o döyüşən oğlanların heç birinə güllə dəyməsin. Axı onlar oarada şəhid olsalar, bəs biz qızları kim alacaq? Mən özüm neçə vaxtdır ki, sevəcəyim, bəyənəcəyim, ailə quracağım bir oğlana rast gəlməmişəm. Bəlkə, elə mənim evlənəcəyim oğlan o döyüşən oğlanlardan biridir? Ona görə, çox istəyirəm ki, bu müharibə tezliklə qələbə ilə bitsin və mənim ərə gedəcəyim oğlan da gəlib məni bəyənsin, ailə quraq...

    Və ən maraqlısı o idi ki, qızın bu yazısına müxtəlif cür reaksiyalar olsa da, biri daha çox marağımıza səbəb oldu. Döyüşən oğlanlardan biri qıza yazmışdı ki, ay qız, bax, buradan sənə deyirəm, heç kimə könül vermə, inşallah müharibə bitsin, səni gəlib özüm alacam...

    Hamımız həmin gün çox kefli olduq. O qızın mərdi-mərdanə yazısı hamımızı cuşa gətirmişdi. Baxmayaraq ki, mən ailəli idim, o qıza qarşı mənim özümdə də xüsusi simpatiya baş qaldırmışdı. Başqa vaxt olsaydı, bəlkə də ayrı cür baxardıq, mentalitetdən gələn hisslə qızı qınayardıq və sair. Amma bu sağı-solu bilinməyən müharibənin, qan-qada, ölüm-itimlə dolu ağır savaşın getdiyi bir vaxta belə bir yazı oxumaq bizdə qəribə duyğular oyatmışdı.

    Döyüşçü qardaşımızın cavabı da bizi əməlli-başlı rahatlatmışdı. Yəni biz burada təkcə ölüm-dirim savaşı aparmırıq, biz burada arxa cəbhəni də, ailə qurmamış qızlarımızı da düşünürük. O oğlan sanki hamımızın əvəzindən yazmışdı o cavabı!..

    Həmin statusu oxuyan əsgərə tapışırdım ki, bizim komanda heyəti adından oğlana cavab yaz və əlavə et ki, inşallah hamımız gəlib sizin toyunuzda iştirak edəcəyik...

    ...Lakin kor tale o oğlanın da, o qızın da, elə bizim də arzumuzu ürəyimizdə qoydu. Bir neçə gün sonra eşitdik ki, həmin oğlan şəhid olub...

    O meşədə gecə vaxtı bizdə yaranan o könül rahatlığı bircə anda suya döndü. Heç kim heç kimlə danışmır, ən əziz adamını itirmiş kimi yalnız irəliləmək barədə düşünürdü. Həmin günün səhəri mən komandanı salamlayarkən dedim ki, biz o qız bacımızın, döyüşçü dostumuzun intiqamını düşməndən ikiqat almalıyıq. Bu gün sizdən daha rəşadətlə irəli şığımağı tələb edirəm! 

    Düzdür, bizim tankçılar düşməndən intiqamımızı qatbaqat aldı, amma o iki gəncin həyata keçməyən arzusu mənim ürəyimdə əbədi qübar bağladı...

    Müharibə bax, belə cəhətləri ilə ağırdır...


    23 APREL. HOSPİTAL.

    Cəbrayıl uğrunda qızğın döyüşlər getdiyi vaxtda diviziya komandirimiz olan general zəng edib dedi ki, bir müxbir var, ingilisdir deyəsən, hansısa məşhur agetlikdəndir. Ona müsahibə vermək lazımdır. Mən sənin onunla görüşməyini istəyirəm.

    Bir qədər döyüşlər səngiyən kimi nisbətən qorxusuz pozisiyaya qayıtdım və ratsiya ilə müxbiri gətirmələrini tapşırdım.

    Otuz yaşlarında bir xanım idi. Elə ilk sualından hiss etdim ki, ermənipərəstdir. Generalın tapşırığı olmasaydı, qovardım bunu. “Mən cəbhə boyu erməni əsgərlərinin meyidlərinin yolun qırağına səpələndiyini gördüm. Buna sizin münasibətiniz necədir?” – ilk sual belə idi. Əlbəttə, onsuz da müharibənin bu qızğın çağında belə bir sual eşidən hər hansı zabitimiz necə cavab verərdisə, mən də ona elə cavab verdim. Elə qışqıra-qışqıra danışırdım ki, deyəsən, xanım jurnalist qorxudan sarısını udmuşdu. Düzü, ona verdiyim cavabları indi qəti xatırlamıram. Tək xatırladığım o idi ki, jurnalist bir-iki sualdan sonra tərcüməçiyə deyib ki, bu, deyəsən, bizim axtardığımız adam deyil...

    (Sonradan ayıq başla o hadisəni xatırlayanda xarici müxbirə dediklərimin tam da olmasa, müəyyən epizodlarını yadıma sala bildim. Təxminən bunları demişdim: “Sisseron deyib ki, müharibə danışanda, qanunlar susur. Biz də müharibə qanunları ilə hərəkət edirik. Bir də yaxşı olar ki, siz 1992-ci ilin fevral ayında hayların ruslarla birləşərək bizim Xocalıda dinc insanları necə qırdıqlarını yazasınız. Orada öldürülənlərin əksəriyyəti qadın, qoca və uşaqlar idi! Biz isə burada torpağımızı işğaldan təmizləyirik. Sizin gördükləriniz isə özünüzün də dediyiniz kimi əli silahlı işğalçılardır! Biz bir uşağa, qadına, qocaya toxunmamışıq!..”)

    O hadisə yadıma düşdükcə gülümsünürəm. Əgər o jurnalist indi gəlib məndən müsahibə alsaydı, ona bunları deyərdim:

           ”Rayonumuz işğal olunanda mənim dörd yaşım olub. Dörd yaşlı uşaq nə bilir Vətən nədi, rayon nədi, kənd nədi?! Bakıda, asfaltın üstündə böyüdüm, kənd-kəsək nədir, bilmədim, dağ-dərə nədir, heç bilmədim. Məskunlaşdığımız Bakının Sabunçu qəsəbəsindəki yerdə ağ daşları olan alçaq dağlar vardı, elə bilirdim ki, dağ belə olur.

    Yaxşı ki, babamın, nənəmin, atamın söhbətləri vardı, yoxsa, tamam gözüyumulu böyüyəcəkdim...

    Amma...

    Belə deyilmiş. İnsanın harasındasa yığılıb qalmış bir hiss, bir enerji var ki, zamanı gələndə onlar işə düşür, sənin bilmədiyin duyğularını oyadır. Düşünürsən ki, mən burada haçansa olmuşam - əlinlə qoymuş kimi tanıyırsan hər yeri... Kodmu deyək, gennən gələn şifrəmi deyək, bilmirəm, o yığılan enerji oyandıqca anlayırsan ki, sən o sən deyilsən... Siz avropalılar buna dejavü deyirsiniz... 

    Füzulinin, Cəbrayılın azad olunması uğrunda döyüşə girəndə o enerji içimi dağıdır, məni dəyişdirir, formalaşdırıdrdı. O yerləri qarış-qarış düşməndən təmizlədikcə üzümə vuran Vətən, yurd havası qarşıdan vıyhavıy üstümüzə gələn güllələrdən qorxmağa qoymur, daha ürəkli, mətin olmağa səsləyirdi.

    Füzulidə Ohanyan xəttini dağıdandan sonra ürəyim köksümə sığmır, PDM-in içərisində özümə yer tapmırdım. Anladım ki, sanki məndə nəsə fiziki hal baş verir. Sanki əynimdəki hərbi forma mənə dar gəlirdi. Döyüş maşınını saxladıb, üstünə çıxdım, əlimi qulağımın dibinə qoyub var gücümlə qışqırdım:

    -Eheyyyyyyyyyy! Biz gəlirikkkkkkk!

    Səsimi dağlar, qayalar bir-birinə ötürür, hələ azad etmədiyimiz yerlərəcən gedib çatdırdı sanki.

    O anda başa düşdüm ki, daha bizi heç bir qüvvə dayandıra bilməz.

    Ürəyimin hansısa guşəsində bəslədiyim o doğma hiss mənə dedi ki, bu döyüş maşınlarını bir an belə saxlamaq olmaz.

    Bizi o torpaqlardan çılın-çılpaq qovmuşdular. Piyada yollara tökülmüşdük. İndi o torpaqları tanklarla, toplarla, PDM-lərlə qaytarmağa gəlirik! Bax, yolun sağı, solu düşmən meyidləri ilə doludur. Hələ nə qədər əsir götürmüşük. Əsgərlərimin qələbə sevincinə mane olmamaq üçün onların əsir aldıqları erməni əsgərləri ilə məzələndiklərini guya görmürmüş kimi üzümü yana çevirmişəm. Bir zamanlar onların ana-bacılarını Xocalıda təhqir edən, qadınları, uşaqları, qocaları vəhşicəsinə öldürən daşnakların övladlarıdır onlar! İndi cavab vermək zamanı onlarındır! Qoy işğal nəymiş, qoy öldürmək nəymiş, qoy alçaltmaq, təhqir etmək nəymiş dadanı bu daşnak köpəy oğlanları da bilsinlər... Hələ bax, sıraya düzülüblər, quzu balası kimi, Həmid onları popuqaya döndərib. Hamısı bir ağızdan qışqırırlar: Karabax Azerbaycandır!..

    Ay alçaqlar, bəs deyirdiniz Bakıyacan gələcəyik!? Zırt görərsiniz! Julik köpək uşağı! Gəbərin elə!

    Hələ Həmidin prezidentin sözlərini bu daşnak tör-tökülüntüsünə əzbərlətməyinə bax! Hamısı bir ağızdan bağırırlar: -Noldu, Paşinyan?!”

    İlk dəfədir ki, gözlərim dolur. Əlbəttə, bu sevinc göz yaşlarıdır. (Amma nə olur-olsun, hərbçinin gözündə yaş görünməməlidir! Axı bizləri dəmirə-daşa bənzədirlər. Doğru da edirlər. Belə olmasaq, düşməni diz çökdürə bilmərik.) Axı qarşıdan əsən yellər Zəngilanın sərin küləyidir. Mənim ata yurdumun, ana torpağımın küləyi... Məni bir anlığa duyğulandıran bax, o qarşıdan əsən Vətən, yurd mehidir... 

    Amma tez də bu duyğusal anları özümdən uzaqlaşdırıram. Axı bizim hələ qarşıda çox işlərimiz var. Bizə ürəyiyumşaqlıq qəti olmaz...

    Şükür ki, bu il kimi keçən sevincli günlərdə əlimiz bir dəfə də titrəmədi...


    HƏMİN GÜNÜN AXŞAMI. HOSPİTAL.

    Gecə gələn kimi ağrılarım başlayır. Salamat ayağımı çəkib-uazadandan sonra o birisini – amputasiya olunanı da tərpətmək istəyirəm və mənə elə gəlir ki, dünyanın bütün ağrıları o ayağımın kəsik hissəsinə yığılıb. Qışqırmamaq üçün bəzən biləyimi ağzıma soxuram, amma xeyri olmur. Ağrıdır axı bu. Dayanmaq olmur və tələb edirəm ki, mənə morfi vursunlar...

    (Sonradan bilmişəm ki, bəlkə də bu ağrı deyilmiş, məndə ağrıya qarşı yaranan psixoloji qorxu hissi imiş. Düşünürmüşəm ki, ayağımın kəsilən hissəsi belə tez sağala bilməz. Hətta ağrı olmasa da, mən bunu özümə inandırırmışam. Yaxud ağrını, bir növ özümə yaxınlaşdırırmışam. Hətta buna bir az da ərköyünlük deyirlər. Hərbçi ədası uşaq ərköyünlüyü ilə qovuşur və sən qışqırmağa, aləmi bir-birinə qatmağa başlayırsan. Hətta morfi vurulması da belə vəziyyətdə kömək edə bilmir. Çox hörmətli bir professor anlatdı mənə bunları. Bir az da qorxutdu məni:”Əgər çox morfi vurdursan, sonda morfist, allah uzaq eləsin, narkaman olarsan...”)

    Tibb bacısı bir az gecikəndə onun da üstünə qışqırıram. Mən həmişə əmrə tabe olmuşam axı... İndi mənim əmrimi... Eeeehhhh... Ay cənab mayor! O tibb bacsı sənin əsgərin deyil axı! Niyə onun üstünə qışqırırsan?!

    Təəccüblənməyin...

    Biz hərbçilər bir qədər robot kimi oluruq. Əmr verildimi, o an hücuma keçirik. Gözümüz heç nəyi görmür. İrəliləyir, irəliləyirik. Hətta elə olub ki, döyüş yoldaşımızın sifəti aşağı qan qxdığını görüb, onu saxlamaq istəmişik. Qışqırıb ki, nə olub?! 

    “Əşşi, necə yəni nə olub?! Tamam qanın içindəsən e!”

    Necə qan tutubsa, yaralandığını unudub.

    Özümün də başıma gəlib. Qolumdan yaralanmışam, bərk-bərk sarıyıb irəli getmişəm. Axı mən komandirəm! Komandir dayandısa, əsgər neyləməlidir?!

    Yalnız bir neçə saatdan sonra yadıma düşüb ki, axı mən yaralıyam... 

    Yaranı açanda baxmışam ki, gömgöy göyərib və təcili tibb işçisinin müdaxiləsi lazımdır.

    Heç yadımdan çıxmaz, bir döyüşçümüz tankın içərisində (başımı aşağı salıb yadıma düşənləri yazıram, deməyi unutmuşam, axı bizim tabor tankçılar və PDM-lərdən ibarətdir) bir neçə yerdən qəlpə yarası alsa da, dayanmadan tankı ilə irəli şığıyırdı. Mən bunu biləndə ratsiya ilə əlaqə quraraq ona acıqlandım: axı sən yaralısan, niyə tankı saxlayıb tibbi personaldan kömək istəmirsən?!

    O gülə-gülə cavab verdi: “Cənab komandir, allah haqqı tanka bir şey olmayıb! Mən isə yüngülvari yaralanmışam, onu da hələ ki, yola veririk. Qoy bu namussuzların dərsini verim, sonra özüm tibbi personalı çağıracağam.”

    Sonradan məlum olub ki, onun “yüngülvari” dediyi əməlli-başlı güllə yarası imiş. Uşaqlar onu zorla tankdan çıxardıb mediklərin yanına aparıblar...

    (Mən hələ dinc dövrdə bir sıra müharibələr haqqında kitablar oxumuşam, filmlərə baxmışam. “Əli və Nino” romanını oxumuş, onun əsasında çəkilmiş filmi izləmişəm. Həmişə bu fikirdə olmuşam ki, hərbçinin geri baxmaq söhbəti olmamalıdır. Əgər arxaya baxsan, anan, həyat yoldaşın, uşaqların yadına düşəcək və irəli gedə bilməyəcəksən. Əli sevgili xanımı Ninonu qoyub Vətənin azadlığı üçün işğalçı ruslarla döyüşə getmədimi?! Bilə-bilə ki, burada ölüm var, sevgili qadınına bir daha qovuşmamaq var! Amma  belə etdi. Ona görə də, bizim bu müharibəmiz “arxaya baxmayanların müharibəsi” idi. Mən də geri qanrılsam, anamı, həyat yoldaşımı, övladlarımı görəcək və ölümdən qorxacaq, irəli gedə bilməyəcəkdim... Biz bu müharibəni “geri boylanmadığımız üçün” udduq.)

     Gecənin bir aləmi üstünə qışqırdığım tibb bacısı məni yoxlamağa gələndə üzr istəyirəm. O isə gülümsünüb deyir:

    -Cənab mayor, sizin tək mənim yox, arxa cəbhədəki bütün insanların üstünə qışqırmaq ixtiyarınız var! Axı siz bizim əminamanlığımız üçün vuruşmusunuz...


    24 APREL. HOSPİTAL.

    Nənəm uşaq vaxtı bizə maraqlı nağıllar, əhvalatlar danışardı. Biz o nağılların, rəvayətlərin qəhrəmanlarının boy-buxunu, qədd-qaməti, yaraşığı, qorxmazlığı ilə fərəhlənər, onlara oxşamağa çalışardıq. Belə rəvayətlərdən biri “Ağoğlan” adlanırdı. Nənəm onu danışanda özü də rola girərmiş kimi səslər çıxardar, bizi həvəsləndirmək üçün dondan-dona girərdi. O nağıla elə şövqlə qulaq asardıq ki, nə zaman yuxuya getdiyimizi unudardıq. Bir gün baxıb gördüm ki, nənəmin bu sevimli nağılını əzbərləmişəm. Nəinki əzbərləmişdim, hətta mən də özümü ona oxşadırdım. Ağoğlan kimi yerimək, onun kimi camaatın dərdini çəkmək, düşmənə qarşı amansız olmaq...

    “Biri vardı, biri yoxdu, Akara çayının yuxarı başında, gözəl bir ormanın kənarında, ağ çalmalı dağların ətəyində yerləşən gözəl bir obada şahqəvətli, gen çiyinli, bir üzü isti, bir üzü soyuq, qılıncınnan qan daman, nəfəsinnən od yağan, baxışınnan qaranlıqlar işıqlanan bir igid vardı. İgidin adı Ağoğlan idi. Bu igid oğlan qılıncını qurşayanda yer tərpənər, göy ünnəşər, buludlar dağılışar, hər tərəfə nur saçılardı. Adam haqqın, kimsəsizlərin, yoxsulun, gücsüzün tərəfində idi. Vay vaylıydı ki, bir varlı bir kasıbın haqqına girə, çörəyini kəsə, qəlbini qıra... Pəh! Adam yel qanadlı Bozyel atını minib sürərdi o varlının qapısına, bir qılınc zərbəsiylə onun başını bədəninnən ayırar, malını-mülkünü kasıb-kusuba paylayardı. Qəlbi qırılan kasıbın qəlbinə öz qəlb evinnən pay verər, gözünün yaşın silər, insafsız varlının varınnan onu barındırardı...

    Ağoğlan belə Ağoğlan idi.

    Sizə kimnən danışım, kimnən xəbər verim, o vilayətdəki bir ədazil şahdan.

    Bir gün Ağoğlana xəbər çatdı ki, bəs, nə durmusan, genə bir ədazil adam peyda olub? 

    Kimmiş o ədazil?

    Mən deyim, siz eşidin...

            Akara çayının ağzında, Məmmədbəyli türbəsi ilə üzbəüzdə (bu türbədən çayın bu üzünə yeraltı yol olduğunu demişik – Müəllif.) yerləşən adı dillər əzbəri, oğulları şir biləkli, qızları gözəl-göyçək, şəhərlər şəhəri Şəhri-Şərifanda* bir şah peyda olub, qorxu-hürkü bilmədən, doydum demədən, ürəyinə tanrı xofu dammadan adamların haqqına girir, vergiləri birə beş artırır, cütçünün cütünə, hodağçının hodağına ilişir, buğdanı bülülüynən sayır, arpanı arbasıynan çəkdirir, tərəzinin dartıb dilini boğazınnan çıxartdırır, əkizin tayına, dirinin payına, ölünün vayına göz dikir...

    Xüləsey kəlam, bu şah şahlıqdan çıxıb, bir qara ilana dönüb sarılıb xalqın boğazına...

    Ağoğlan ağ evinin qapalağınnan tülyan çıxıb ağ qanadlı atına mindi, yel olub əsdi, qılıncınnan şimşək çaxıb o qara ilana dönən şahın mülkünə düşdü, mülk yandı, alovu göyə bülənd oldu, xidmətçilər, xəbərçilər, dəllallar, vəzir, vəkil - bütün saray əhli tüstüdən boğula-boğula çöllü-biyabana yürüdülər.

    Ağoğlan göy gurultusuna bənzər səsi ilə Şərifan əhlinə üz tutub bağırdı:

    -Ey bu qara ilanın əlinnən zülmə düçür olan fağır-füqara! Cumun saraya! Bu gün qarət günüdür! Daşıyın, aparın o alçaq şahın var-yoxunu! Halal xoşunuz olsun!

    Şah, vəzir, vəkil, bütün saray əhli mülkün necə talan-tarac edildiyinə baxa-baxa qaldılar. Qorxudan cınqırlarını da çıxarda bilmədilər...

    -Nənə, bəs Ağoğlan şahı öldürmədi?

    -Yox, a bala, onu sağ buraxdı ki, ömrü boyu incitdiyi adamların qapısında nökərçilik eləyib gün çörəyi qazansın...”

    Yəqin ki, bu rəvayətin arxası da vardı. Amma həmişə məni yuxu rutardı və o rəvayətin necə bitdiyini eşidə bilməzdim. Lap sonralar isə nənəmdən soruşmağa utandım. Nənəm lap qocalmış, mən isə gənc adam olmuşdum. Daha nağıla inanan vaxtımız deyildi...


                ***

------------------------------------------------------------------------------------------------------

*Şəhri-Şərifan – Zəngilan rayonunda qədim şəhər. Xarabalıqları qalmaqdadır. Bu barədə müəllifin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” kitabında geniş məlumat verilmişdir. Həmin kitabdan parçalar:”Burada "Şəhri Şərifan" və ya “Şəhri Xəlifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Şəhər cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşirmiş. Qazıntılar ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Bu isə burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu güman edilir. Şəhər XIV- XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar zamanı tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunu şəhərdə tapılan düyü anbarı sübut edir. Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. 

       Həkəri çayının çox hissəsini yuduğu orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Salamat qalmış sərdabənin ölçüləri beşin dördədir, lap bugünki evlərdə olduğu kimi.  Onun 3 qolu çatma tağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş  qapısı, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur. Abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri, nazik tili sütunlarla bəzədilmişdir. Abidənin tağları  çıxıntılı formadadır. Üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağ tavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə bağlanmışdır.  Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir. 

    Bu tarixi-arxeoloji məlumatdan sonra əlavə edim ki, ərazidə yaşayan qocaların dediyinə görə, Şəhri-Şərifan sərdabəsindən Həkəri çayının o üzündəki Məmmədbəyli türbəsinə yeralı yol olmuşdur. Orta əsr mənbələrində qeyd olunur ki, Babək, məhz Şəhri-Şərifan qalasında dustaq saxlanılmış, oradan yeraltı yolla Məmmədbəyli türbəsinə aparılmış, sonra Sünik (bəzi mənbələrdə Şəki – Şəki adı indi həmin ərazidə, Sisyan rayonunda kənd adı kimi qalmaqdadır) knyazı Səhl Smbat onu ərəblərə satmışdır. (Bax: Alban tarixçisi Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”) (Müəllifin qeydi.)

 

                

    Hospitalda ağır vəziyyətdə yatanda bir gecə gördüm ki, pəncərə ikiyə bölündü, o yel qanadlı, ağ atlı Ağoğlan palataya girdi. O vaxtlarım idi ki, dünya ilə bağlarım qopmaq üzrə idi. Elə bilirdim ki, bir ayaqla daha heç kimə lazım olmayacağam. Düzün axtarsanız, heç sağalmaq, ayağa qalxmaq istəmirdim. 

“Axı mən hərbçiyəm. Tək ayaqla nə edəcəm? Karyeram cavan yaşımda bitdi. Daha heç kimə lazım olmayacam. Nə orduda, nə cəmiyyətdə, nə ailədə heç kim mənimlə maraqlanmayacaq. Telefonumu gündə az qala on dəfə yığan, min cürə xahiş edən, yalvaran qohum-qardaş indi heç məni yada salmayacaq... Hələ bax, neçə gündür ki, atam da gözə dəymir. Heç sağollaşmadan, mənimlə adicə vidalaşmaq belə istəmədən çıxıb gedib... Atam e, ay kişi, atam! Daha başqalarına nə deyə billəm ki?!”

    Bax, belə həsbi-halda ikən o hadisə baş verdi. (Elə də baş verdi deyirəm ki, guya həqiqətən olub belə bir şey. Mən axı realist, gözümlə gördüyümə inanan zabitəm! İndi durub nənəmin uydurma nağıl-mağılınamı inanacağam?! Əlbəttə, məni qara basmışdı. Yox bir, XXI əsrdə Ağoğlan peyda olub! Bəsdir sən allah, güldürmə məni!) Nə qədər inkarçı olursam olum, o adam nərilti ilə, gurultu ilə girdi palataya. Girməyi ilə də kəsdirdi başımın üstünü.

    -Cavan oğlan, necəsən?! Nə dərdin var?!

    -Sən kimsən?! Bura hardan girmisən?!

    -Yaxşısı budur, sən mənim suallarıma cavab ver: sənə necə kömək edə bilərəm? Problemin nədir?

    -Nə?! Problem?! Ha-ha! Sən Ağoğlan deyilsən?! Axı sənin zamanında problem sözü lüğətdə yox idi! Özünü mənə güldürmə...

    Bir də gördüm qılıncını siyirdi, çəkib qoydu çarpayımın üstünə. Elə buna bənd imiş. Qılıncdan bir şimşək çaxdı. Bir ildırım qopdu, dedim bu saat palatamız od tutub yanacaq. Pəncərənin ağzından sel-su tökülməyə başladı. İncəvara, sel palataya dolmadı. Bir göy guruldadı, bir nərilti qopdu, gördüm Qəfər də oyandı səsə və qışqırdı:

    -Bissimillah, bissimillah! Allah özün kömək ol! Ə, bu nə idi, ə?! Aprelin axırında da belə nərilti-gurultumu olar?! Vay səni! Hər tərəfi sel-su apardı ki!

    -Ağoğlanın işləridi də! – Bunu mən deyirəm. Və Qəfəri gic gülmək tutur.

    -Ağoğlan nədi?!

    Və baxıram ki, palatada nə Ağoğlan var, nə qılıncı. Sadəcə, bayırda ildırım çaxır, bir yağış yağır ki, beş dəqiqə belə davam eləsə, doğrudan dünyanın üzünü su alar...


                ***


    O hadisədən sonra gecələr Ağoğlan hamı yatandan sonra mənimlə görüşə gələr, oturub dərdləşər, dərdlərimə dərman olardı. Sizə səmimiyyətimlə deyirəm: mən nənəmin o nağılına bütün qəlbimlə, ağlımla inandım. Çünkü Ağoğlan olmasaydı, mən yəqin ki, belə sürətlə sağalmazdım.


                ***


    -Ay maşallah! Səndə əməlli-başlı dəyiçiklik baş verib! Tibb bacısı da tərifləyirdi ki, yeməyini vaxtında yeyirsən, dərmanlarını vaxtında atırasın... Çox sevindim... Bilirsən, insan gərək tək özünü fikirləşməyə... Axı biz həkimlərin də zəhmətini itirmək olmaz. Özaramızdır, sənin üstündə nə qədər əməliyyat aparmışıq, bədənindən qəlpələri təmizləmişik, səni həyata qaytarmışıq... belə vaxtda birdən-birə xəstədə ruh düşkünlüyü yaranır və yüz həkim gələ, kömək edə bilməz!.. Çox şükür ki, hansısa qeyri-adi bir qüvvə köməyimizə gəldi...

    Həkim danışdıqca az qalıram ki, deyəm, ay doktor, Ağoğlana sağ ol deyin. Amma demirəm. Bilirəm ki, mənə güləcək, hələ bəlkə o biri palatada ələ salacaq ki, mayorun başı xarab olub...

    Ağoğlana isə, doğrudan da, təşəkkür düşür..

    Elə rəhmətlik nənəmə də... Buradan sağ-salamat çıxım, gedim qəbri üstündə Yasin oxudacağam, inşallah...


                ***


    Xeyli gümrahlaşmışam. Hospitalın foyesindəki televizor  qoyulan yerə gedib uzun fasilədən sonra televizora baxmaq istəyirəm. 

    -Gedəy televizor olan foyeyə, baxax, görəy dünyada nə var, nə yox? – Qəstillərimi qoltuğuma ala-ala Qəfərə deyirəm və birdən onun sarıqlı gözünə baxıb xəcalətdən başımı aşağı dikirəm. O isə heç bənsitmir.

    -Yox, sən get... Mən bir az uzanacam...

    Bir az qəstillə yerimək öyrənsəm də, çox qorxuram. Qorxuram ki, qəstillərin ucu linonimin üzəri ilə sürüşər, üzü üstə yerə yıxılaram. (Bu vaxt elə bil göy guruldayır. Hətta günün günorta çağı şimşək də çaxır və qulağım səslər eşidir: “Özünü zabit kimi apar. Axı sən Ağoğlansan!”

    Nə?! Ağoğlan?! Mən hardan Ağoğlan oldum? İşə bax ha... İndi də Ağoğlan olduq... Başım xarab olmasa yaxşıdır.)

    Heç nə olmur. Rahatca gəlib stula əyləşirəm. Məndən başqa altı-yeddi hərbçi də var. Salamlaşırıq. Artıq bir neçəsini tanıyıram. Deyəsən, məni görməsələr də, hekayəmi bilirmişlər. Xüsusən, qızıl yatağına yaxın yerdə minaya düşməyim lətifə kimi danışılır...

    Mən oturan kimi baxdıqları film sona çatır. Bəziləri durub gedir, bəziləri isə nə barədə isə danışıb gülürlər. Mən isə yerdə qalmış pultu götürüb çevirirəm. Aha, İctimai televiziyadır. Nəsə maraqlı bir abidə göstərirlər. Nədənsə səs yoxdur. Səs vermək istəyəndə qəfil aparıcının səsi eşidilir...

    “Qarabağ yaylasında, Ağoğlan çayının sağ sahilində, Laçın rayonun ən qədim yaşayış məntəqələrindən birində, Kosalar kəndində Qafqaz Albaniyası abidələrinin ən möhtəşəm nümunələrinnən olan  Ağoğlan məbədi yerləşir. Dəniz səviyyəsinnən 1250-1300 metr yüksəklikdə yerləşən Kosalar kəndi tarix və mədəniyyət abidələri ilə zəngindir. Kənd ərazisində Azərbaycan tarixinin antik dövrlərə qədər gedib çıxan qədim abidələr, yazılı daşlar olmuşdur. Ağoğlan məbədi V-VI əsrlərə aid alban manastırıdır. Dağın ətəyində, Ağoğlan çayının sahilində yerləşən kompleksin ümumi daxili ərazisi iki hektara yaxındır. Bu möhtəşəm manastır alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur.”

    Ay allah! Nə baş verir? Nənəmin bu Ağoğlanı məni niyə belə təqib edir axı?! Nə bilmək olar, bəlkə xeyrimədir?.. 

            “Ağoğlan manastırı məşhur pir yerinin yanında inşa edilmiş qədim alban məbədidir. Ağoğlan adının yerli əhalinin astral dini görüşləri ilə bağlı olduğu və Günəşə sitayişlə əlaqədar olduğu ehtimal edilir. Ağoğlan məbədinin eramızın I əsrində inşa edilməsi, abidə kompleksinin hətta xristianlığa qədərki dövrə aid olması barədə xeyli arxeoloji və etnoqrafik dəlillər mövcuddur.”

    -Bu nə danışır, ə?! Ağoğlan hara astral dini görüşlər hara?! A bala, o bir qəhrəman idi! – Az qala qışqırıram və yaralı hərbçilər təəccüblə dönüb mənə baxırlar.  

            “Qafqaz Albaniyasında IV əsrdə xristianlıq dövlət dininə çevrilənnən sonra xalqın qədim inanc yerlərində kilsələr tikilməyə başlamışdı. Ağoğlan kilsəsi də belə qədim məbəd yerində inşa edilmiş, daha sonrakı mərhələlərdə manastır kompleksinə çevrilmişdir. Buna görə də Qafqaz Albaniyasındakı erkən xristianlıq dövrünə aid bütün alban kilsələri kimi Ağoğlan manastır kompleksi də bütpərəst məbəd elementləri daşıyırdı, qədim kult simvolikaları ilə zəngin idi.

           İşğaldan öncə Ağoğlan məbədinin həyətində xristinalığaqədərki dövrə aid düzbucaqlı çərçivə içərisində cızma texnikasında, çox güman ki, Ay allahı simvolu olaraq qadın təsvirlərinin olduğu stella olmuşdur. İşğal dövründə bu stella ermənilər tərəfindən oğurlanmışdır.”

    -Alçaqlar! Oğrular! Yaxşı verdik payınızı! – Gənc bir əsgər yerindən qışqırır.

            “Ağoğlan kilsəsi qədim məbəd yerində inşa edildiyi üçün bu ibadətgah yerli əhali arasında hər zaman pir kimi ziyarət edilmişdir. XIX-XX əsrlər boyu məbədə ətraf kəndlərdən həm xristian, həm müsəlman əhali ziyarətə gəlirdi. Rəvayətə görə, Ağoğlan yerli əhalinin müdafiəçisi, tanınmış atlı süvari olmuşdur. Döyüşlərin birində o qəhrəmancasına həlak olub və bu ibadəgahda dəfn olunub. Ağoğlan məbədi ilə bağlı yerli əhali arasında mövcud olan əfsanəyə görə, Ağoğlan bu ziyarətgahda gündə 3 dəfə gözə görünərmiş. Qalan vaxtlar meşəyə çəkilib tənha həyat sürərmiş. IV əsrdə Albaniyada xristianlığı təbliğ edən maarifçi Qriqori bu ərazini özünə məskən seçdikdən sonra Ağoğlan qeybə çəkilmişdir...”

    -Bu boyda yalan olar?! O kişi qeybə-zada çəkilməyib! – Yenə mən bağırıram. Aparıcı isə davam edir: 

           “Bu məlumat indi də xalqın pir yeri kimi yaddaşında qalmaqda davam edən Ağoğlan adının xristianlıqdan əvvələ aid olduğunu göstərir. Eyni zamanda burada IV əsrdən etibarən kilsə olduğunu təsdiq edir. Yüksək təpədə daş hasarla əhatələnmiş Ağoğlan pirində qədim qəbir yerinin yanındakı yeganə ağac da kult yeri olmuşdur. Bütün Azərbaycan pirlərində olduğu kimi bu ziyarətgaha da gələnlər ağaca müxtəlif parçalar bağlayır, şam yandırır, qurban kəsirdilər.”

    -Uşaqlar, bax, mən burada bir əhd edirəm! Sağ-salamat hospitaldan çıxaq, gedib Ağoğlan məbədində bir qurban kəsəcəyəm!

    Hamı bir ağızdan “allah qəbul elədin” deyir.

          “Azərbaycan Ordusu təkcə torpaqları deyil, dini məbədləri də əsirlikdən azad etmişdir. 2021-ci ilin fevral ayında azad Laçında qədim alban məbədində Xocalı qurbanlarının anım mərasimi keçirilmişdir. Ağoğlan məbədində Alban Udi icmasının üzvləri Xocalı qurbanlarının ruhuna şam yandırıb dualar oxumuşlar.”

    Gözlənilmədən əlimi bir-birinə vurur, qışqırıram:

    -Qarabağ Azərbaycandır!

    Foyedəkilər səsimə səs verirlər:

    -Qarabağ Azərbaycandır! 


    25 APREL. HOSPİTAL.

    Atam  yanımda olanda qulağıma  pıçıldamışdı: “Orta məktəbdə oxuyanda sənə bir kitab vermişdim oxumağa, yadındadı? “Əsil insan dastanı”... Boris Polevoyun romanı... O əsərin qəhrəmanı Meresyevi  unutmamısan? Sən axı ədəbiyyatı sevirdin?! Bax, istəyirəm ki, onun kimi əzmli olasan... Sən otuz ilin həsrətinə son qoyan ordunun zabitisən! Sən və sənin silah qardaşların bizim başımızdan düşən papağımızı özümüzə qaytarmısınız. Hə, cənab zabit! Biz sənə inanırıq!..”

    Əvvəlcə, atamın sözlərinə pafoslu kəlmələr kimi baxmışdım. “Atamdır də. Müəllimliyi tutub... Nə əsil insan, nə Meresyev?! Bu ağrıları hiss edən adam o cür danışmaz axı.. Nəfəs kəsən ağrılar bütün orqanizmimi sustaldır. Əgər gündə bir dəfə lazimi iynəni vurmasalar, inanın ağrıya dözə bilmərəm. Artıq, bilirəm o hansı zibil iynədir... Əlimdə olsa, qoymaram vuralar. Amma belə deyil axı. O ağrılar ki, mən çəkirəm, onu ancaq o iynə sakitləşdirə bilər...”

    Bir gün cib telefonuma zəng gəldi. Açdım. Atamın yazıçı dost idi. Gündəlikdə bir neçə dəfə onun kitablarından bəhs etmişəm. Həm yerlimizdir, həm də atamın hörmət bəslədiyi adam.

    -Buyurun, müəllim. Xoşdur sizin məni yada salmağınız... İnanın, heç gözləmirdim... Axı heç biz həyatda qarşılaşmadıq...

    -Hə, oğlum, mən sənin başına gələn namənşir qəzadan çox sarsıldım. Atana zəng etsəm də, onunla danışa bilmədim; gah evdə olmadı, gah da... Nə isə... Ona görə telefonunu evinizdən alıb zəng vurdum... Demək, istəyirəm, biləsən ki, sənin kimi adamlar odda bişmiş, bərkimiş olurlar, onlara öyüd-filan vermək heç düz olmaz. “Odda yanmaz, suda batmaz” kimi bir deyim var, bax, o deyim sənin kimilərin boyuna biçilib... Türkiyəli qardaşlarımız demişkən, keçmiş olsun... İnşallah, durarsan ayağa, Vətən torpağını azad edən igidlərin nəyə qadir olduğunu bir daha göstərərsən... İndi texnika inkişaf eləyib, hər cür protez düzəldirlər... Hər şey yaxşı olacaq... Sərbəst gəzəcəksən, hələ bəlkə işinə də davam edəcəksən... Xüləsey ki, istəyirəm biləsən ki, biz qələm adamları da sizin müqəddəs müharibənizə qələmimizlə dəstək vermişik... Mən müharibə gedə-gedə bir roman, bir hekayələr kitabı yazıb çap etdirmişəm... O hekayələr kitabını sənə bu gün göndərirəm... Bir də bir hekayəm var, onu çap etdirməyə ürəyim gəlməyib... Heç saytlara da verməmişəm... Bilirsən, biz yazıçılar da daş-dəmir deyilik... O ailənin dərdini təzələməyə ürək eləmədim... Nə isə... O hekayənin əlyazmasını sənə göndərirəm, qatlayıb kitabın arasına qoymuşam... İnşallah sağ-salamat gələrsən, evinizdə səni ziyarət edəcəyəm... Sağlıqla qal...

    ...Kitabı vərəqləsəm də, oxumağa cürətim çatmadı. Ona görə ki, kitabın arasına qumbara kimi girmiş bu vərəqlər məni daha çox özünə çəkirdi. Çünki hekayənin adında iliyiməcən işləyən bir şaxta soyuqluğu vardı, adına baxan kimi, adətən hərarəti çox olan bədənimə Sibir soyuqluğu çökdü və əsim-əsim əsməyə başladım. Elə əsə-əsə, titrəyə-titrəyə o vərəqləri oxudum...

    ...TƏK AYAQ (hekayə)

    (Vətən müharibəsinin şəhidi, cənazə kimi yalnız tək ayağı gələn Ramil Yusifzadənin xatirəsinə)    Komandir olmaq da çətindir. Çox çətindir. İgid bir əsgərimin cənazəsini evlərinə aparmalıyam. (Allah belə cənazə aparmağı düşmənimə də qismət eləməsin!) Elə bil ki, oğlun ölüb, aparırsan özünə təhvil verməyə... İnanın, mənimçün bu, belədir. Amma nə edəsən ki, onun bioloji atası var və şəhidin nəşini ona təhvil verməlisən...

    Bilirsən, bir var ki, apardığın sağ-salamat əsgər nəşi ola, bir də...

    Ah, qardaş, ah! Ağırdır, çox ağırdır... Elə bil döyüş zonasındasan, nəüzimbillah hamı ölüb, sən tək qalmısan və bir tank da üstünə gəlir. Əlində tank əleyhinə heç nəyin yox. Və tank üstünə çıxır. Bax, bu dəfəki kimi əsgər nəşi aparmaq o cür ağırdır...

    Gəlin, əvvəlcə onu sizə tanıdım ki, necə bir oğuldan danışdığımı biləsiniz. Adı Ramil idi. Sadə, gülərüz, yaraşıqlı bir gəncdi. Könüllü gələnlərdən idi. Hara göndərirdim, təpəsi üstə gedirdi. Çox danışmaqla işi yox idi. Hiss olunurdu ki, görüb-götürmüş ailədən çıxıb. Tək bircə dəfə uşaqlarla söhbət əsnasında deyib ki, müharibə başlayan gündən ərizəsini verib. Dərhal da çağırıblar. “Evdə otura bilmədim. Qabağıma qoyulan yeməyi yeyə bilmirdim. Sizin kimi oğulların burada soyuqda, küləkdə, güllə altında olmalarını bilə-bilə evdə rahat otura bilməzdim. Ona görə də, evdəkilərlə vidalaşıb çıxmışam. Bir amalım var: ölsəm də, burada ölüm. Torpaqlarımızın bir daha itirilməsini görməyə təhəmmülüm qalmayıb. Bilirsiniz, adamın qeyrəti götürmür... Üzr istəyirəm, alfons kişilər olur e, bax, o cür... Ya bu namussuzluğa son qoyacağıq, ya da ölüb bu namussuzluğu görməyəcəyik...

    Nə qədər yalandan, boğazdanyuxarı sözlər danışmaq olar?! Nə qədər Vətən, ana Vətən, qəhrəman xalq filan kimi sözlər demək olar?!  Biz, belə getsə, bir xalq kimi tarix səhnəsindən birdəfəlik silinəcəyik... Bütün bunlara ya bu dəfə son qoyacağıq... Ya da... Ölüb büralarda qurda-quşa yem olacağıq...”

    İlk döyüşündə yaralansa da, bildirməmiş, özü birtəhər sarıyıb, yenə irəli getmişdi. Hətta o vəziyyətdə ağır yaralı yoldaşını güllə altından çıxarda bilmişdi. Uşaqlar yarasına baxanda danlamışdılar onu. Yara yüngül olsa da, mikrob qapıbmış. Ona görə zorla iki gün arxada saxlatdırdım ki, iynə-dərman etsinlər, qızartılar keçsin, irinləmələr olmasın...

    Daha ağır döyüşümüz olanda dedi ki, mən idmançıyam. İcazə verin öndə gedən dəstələrə qoşulum. Təbii, mən icazə vermədim. İdmançı olsa da, hələ döyüş praktikası yox idi. Havayı gülləyə tuş gələrdi. Ön yox, orta cərgələrdə olmasına icazə verdim. Onun bir cəhəti də xoşuma gəlirdi ki, gözü açıq idi. Diqqətli idi. Ən çətin situasiyada vəziyyətdən çıxa bilirdi. 

    Bir dəfə döyüş vaxtı uşaqlardan biri kantuziya alaraq əvvəlcə yerə yıxılıb qışqırmış, sonra isə ayağa qalxaraq düşmən səmtə doğru qaçmağa başlamışdı. Ramil onun vəziyyətini anlamış, arxadan qaçaraq onu tutub yerə yıxmış, güllə yağışı altında geriyə sürüyüb gətirmişdi. 

    Heyf ki, o bu kimi çevikliyi özü ağır yaralanarkən göstərə bilmədi...

    ...Füzuli uğrunda gərgin döyüşlər gedirdi. Mən on nəfər könüllü seçərək ön cəbhəyə göndərməliydim ki, həm kəşfiyyat aparsınlar, həm də arxadan əsas heyət gəlincən düşmənin müqavimətinə qarşı dirəniş göstərsinlər. Ramil israrla həmin onluğa onu da daxil etməyimi istədi. Düzü, o mənə orta hissədə daha çox lazım olduğundan razı olmadım. Amma az qala yalvarmağa başladı ki, o yeri mən əvvəlcədən xəritədə də öyrənmişəm və icazə verin, ön hissədəkilərlə gedim. Əlacsız qalıb, razılaşdım. 

    Elə ilk həmlədə Ramil çiynindən yaralansa da, bunu biruzə verməmiş, irəliləyən dəstədən geri qalmamışdı. Sonra ağır döyüş zamanı o ikinci dəfə yaralanır. Yoldaşlarının təkidinə baxmayaraq qabağa getməkdə davam edir və Ramilin qorxamzlığı sayəsində dəstə düşmənin əsas hədəf nöqtəsini darmadağın etmiş və ən mühüm postu arxa qüvvələr gələnədək əllərində saxlaya bilmişdi.

    Təəssüf ki, düşmənin artileriya qurğusunun endirdiyi zərbələrdən biri Ramilin üstünə düşmüş, onu parça-parça etmişdi. Ramildən yalnız bir ayaq salamat qalmışdı...

    ...İndi mən o tək ayağı cənazə adına ailəyə aparmaq kimi ağır bir yükün altında əzilirəm...

    Sizə danışdıqlarımı onlara necə izah edəcəyəm?!.

    Bacısı tabuta baxıb qardaşının tək ayağını görəndə, o mübarək sifətini dırnağı ilə didəndə mən nə edəcəyəm?! Hələ anası?! Doqquz ay qarnında gəzdirdiyi “oğlanların oğlanı” olan bu idmançı igiddən qalan o ayağı görəndə süd verdiyi döşlərini qana bulayanda mən başıma haranın daşını salacam?! Bəs o ata? Belə mərd bir oğul böyüdən o müdrik ataya mən “götür, oğlunun bədənini top mərmisi yox edib, qalan budur” kəlməsini necə deyəcəyəm?

    Vallah, billah, belə dərd olmaz...

    Akademiyada mənə dərs demiş qoca generala zəng vurub dərdimi dedim. O bir müddət susdu. Hiss etdim ki, qəhər boğub onu. Nəhayət, dilləndi:”Oğlum, biz hərbçilər bir qədər soyuqqanlı olmalıyıq. Allah eləməsin, bu hadisə sənin də başına gələ bilərdi. Özünü o tək ayaqdan ibarət əsgərin yerinə qoy və nə cür lazımdır, o cür də hərəkət et.”

    Daha nələr oldu, nələr olmadı, bunu sizə danışa bilməyəcəyəm. İyirmi illik əsgəri həyatımda hələ belə bir müsibətlə qarşılaşmamışdım...

    Yanımdakı əsgərləri də alıb getdim və fikrimdə yalnız bu vardı: “Tabutdakı Ramil deyil, mayor Əhmədovdur. Yəni mənəm. Vəssalam...”


    ..Hekayə burada qırılırdı. Qəribədir ki, yazıçı da, deyəsən yazmağa söz tapmayıb...

    Və mən hekayəni oxuyandan sonra düz bir saat arxası üstdə çarpayıda gözüyumulu qaldım.

    Gözümü açanda, yazıçının bu hekayənin əlyazmasını niyə mənə göndərdiyini anlamağa çalışdım... 

    

    ...Yavaş-yavaş  ağrılara bədənim öyrəşəndən sonra başa düşdüm atamın dediklərini. İnsana təlqin mütləq lazımdır. Mənim halımda olana mütləq inandığı adamın təlqin etməsi fayda verə bilər...

    Atamgil gedəndən sonra artıq yerin içərisində uzalı vəziyyətdə olsa da, idman hərəkətləri edirəm. Ən çox da qollarımı və qıçlarımı işədirəm. (Elə də qıçlarım deyirəm ki, guya iki ayağım da yerindədir...)

    Birdən məni soyuq tər basır və gözümün önünə kəsilmiş ayağım gəlir. Havam çatmır. Təngənəfəs halda çarpayımın yanındakı qırmızı düyməni basıram. Beş saniyə keçməmiş, tibb bacısı içəri daxil olur. Məni bu vəziyyətdə görüb, təlaşla soruşur:

    -Sizə nə oldu? Axı yaxşı idiniz?

    -Hə... İdman eləmişəm... Qorxmayın... Tər ona görədir... Mənim sizə sualım var...

    -Buyurun.

    -Bilmirsiniz, mənim kəsilmiş ayağımı harada basdırıblar? Bunu mənə sonralar kimsə deyəcək?

    -Əlbəttə, əlbəttə... Cənab mayor!.. İndi bu barədə düşünməyin... Sağalın, sonra hər şeyi özünüz yoluna qoyacaqsınız... Axı sizin yolunuzu ailəniz, dostlarınız gözləyir... Xahiş edirəm...

    O, narahat halda iynə vurub gözləyir. Gözlərimin nə vaxt yumulduğunu hiss etmirəm...


                (davamı olacaq)

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)