Mahir Mehdidən üç yeni şeir
...Gecənin içində
son şəhər,
şəhərdə sonsuz mən...
Məndə dolu bir sükut,
sükutda
partlamağa hazır
qışqırıq -
qırıq - qırıq...
Qışqırıqda axsayan yol,
yolda
yüyürə - yüyürə
arxamca səpələnən
məğlub baxışlar,
lampasız işıq dirəkləri...
... öz suyunu çimizdirən
yağışlar...
***
... Açılıb taybatay,
göründü hərf - hərf,
dibdəki anlamı
üzü bu adın.
Özümü soyunub
sonuncu dəbdə,
ölçümü eninə
uzun yaşadım.
Qaçıb, heçdə çıxdım
birinci yerə,
oldum hər tərəfdən
sıranın ilki.
Atəşə tutuldu
şeir postları,
verdim misra - misra
çoxqatlı itgi.
Dəyişib sözbəsöz
mənim olanlar
girdi ayrı notda
saysız yozuma.
İxtisar eləyib
son bölümünü,
mahnı bəstələdim
alın yazıma.
Rəqəmsiz - fılansız
düşdüm tarixə,
yazıldı gəlişim
min addan qabaq.
Hər şeyi ölçürsən
İsa yaşıyla,
biz ki doğulmuşuq
miladdan qabaq...
***
Uçan qadın
... Sözləri min versiyada
pozub,
təkrar - təkrar yazır.
Qıraqda bişir sevinci,
göz yaşı da gəlir hazır.
Ət doğradığı bıçaqla
yağışı kəsir eninə.
Küləkdən
qoparıb bir az,
saxlayır isti gününə.
Hündürə qalxıb, çıxarır
yüksəkliyinin dadını.
Öz milyonillik canında
bir qız uçur
bu qadını.
Silkələnib göy üzünü,
yerə yağır buludları.
Qanadını
geri çırpıb,
qayıdır özünə sarı.
Uçur qarışıq notlarda
ona qoşulub hər qatı.
Çalınıb
özündən əvvəl,
improvizədi həyatı.
Yox olmur, dəyişir halı,
soyunub girir ölümə.
İllərdi uçur,
hələ də
çıxa bilmir öz çölünə...