Jak Preverin şeirləri
Poeziya
Jak Preverin şeirləri
Pişik və quş
Kənddə kədərlidir hamı:
Quş ölümcül yaralıdır.
Kənddəki yeganə quşun
Yarısını yeyib
Kənddəki yeganə pişik.
Və quş daha oxumur.
Pişiksə qanlı ağzını yalayıb
Toxluq içində xoşhallanır...
Quş ölür.
Onu basdırmaq qərarına gəlir kənd camaatı.
Pişik də dəvət olunub cənazə mərasiminə.
Balaca tabutu balaca qız
aparır ağlaya-ağlaya.
"Ah, bilsəydim ki, - pişik qıza deyir, -
Quşun ölümü sənə belə təsir edəcək,
Onu bütün yeyərdim...
Və sənə deyərdim ki,
Quş uçdu
Mavi dənizin o tayına,
Bəyaz işığın bitdiyi,
Qayıdışı olmayan yerə.
Onda sən daha az qəmlənərdin,
Və tezliklə
Bütün kədər silinərdi
Üzündən...".
Kim nə deyir desin,
Hər işi axıracan görmək lazımdır!
Barbara
Yadındadır, Barbara,
Brestə səhərdən yağış yağırdı,
Sənsə
Gözəl, islaq və xoşbəxt
Halda harasa qaçırdın, Barbara...
Leysan yağırdı səhərdən Brestə,
Və səninlə təsadüfən rastlaşanda
Gülümsədin,
Mən də gülümsədim qeyri-ixtiyari.
Bir-birimizi tanımadığımıza baxmayaraq,
Yadına sal, yadına sal o günü, Barbara!
Yadına sal:
Talvarın altında kimsə səni gözləyirdi
Və o səni çağırdı:
- Barbara!
Sənsə
Gözəl, islaq və xoşbəxt halda
Onun yanına qaçdın yağışın altında
Və o səni qucaqladı, Barbara!
Sənə "sən" dediyim üçün
hirslənmə, Barbara:
Sevdiyim adamlara
Həmişə "sən" deyirəm;
Bir-birini sevən adamlara da
Həmişə "sən" deyirəm.
Və onlarla tanış olmasam da
Hamısına gülümsəyirəm.
Yadındadır, Barbara,
Bu xoşbəxt və sakit şəhər,
Üzündəki yağış damcıları,
Yadındadır həmin yağış,
Səhərdən yağırdı
Talvarın üstünə, körpünün üstünə,
Brestin üstünə?
O, Barbara!..
Müharibə çox dəhşətlidir!..
Alov yağışının altında başına nə gəldi?
Talvarın altında səni gözləyən adam
İndi hardadır?
Səni ehtirasla qucaqlayan əllərin sahibi
İndi ölüdür, yoxsa diri?
O, Barbara!..
Brestə yağan yağış heç kəsmir,
Amma bu yağış, o günlərin
yağışına heç oxşamır.
Bu yağış kədərlidir, matəmlidir,
Ona görə tükənməz kədər içində
Batırır hər şeyi.
Göydəkilər də adi buludlardır,
İt kimi xırıldayır
Şəhər alatoranlığının üstündə.
Xırıldayır sürünürlər
Tükənməz kədər içində boğulan
Brestdən çox-çox uzaqda
Çürümək üçün.
Gecə vaxtı Paris
Gecə vaxtı bir-birinin dalınca
yandırılan üç kibrit:
Birincisi - bütünlükdə üzünü görmək üçün,
İkincisi - gözlərini görmək üçün,
Axırıncısı - dodaqlarını görmək üçün.
Qatı qaranlığın ağuşunda səni qucaqlayanda
Xatırlamaq üçün.
İşığı söndürün!
İki qaranquş gecə Aya baxır
Qapı üstündəki yuvada.
İki qaranquş başını tərpədir
Sükuta qulaq asa-asa.
Gecə elə yuxusuzdur ki.
Ay elə böyükdür ki.
Yatmır onun sakinləri,
Yatmır Aydakı selenitlər.
Qaradamı
Qaçıb gəldi tövşəyə-tövşəyə,
Və Ayın qapılarını
Döyməyə başladı hirslə.
"İşığı söndürün!
İşığı söndürün!
Viktuar meydanında
İki nəfər öpüşür!
Onları görə bilərlər.
İşığı söndürün!
Və mümkünsə, onları rahat buraxın!
Mən veyillənirdim özümçün,
Təsadüfən onlara rast gəldim,
Yanlarından keçdim.
Qızın kiprikləri
biləsən-bilməyəsən titrəyirdi,
Oğlanın gözləri yanırdı alov kimi".
İki qaranquş gecə Aya baxır
Qapı üstündəki yuvada.
İki qaranquş başını tərpədir
Sükuta qulaq asa-asa.
Böyük, qırmızı
Böyük,
Qırmızı
Qış günəşi
Qran-Pale sarayının üstündə görünür,
Üzür
Və təzədən yoxa çıxır.
Eynən belə itəcək mənim də ürəyim,
Bütün qanım da axacaq damarlarımdan,
Ürəyim səni axtarmağa başlayacaq,
Sevimlim,
Gözəlim,
Və harda olsan
Səni tapacaq.
Ailəvi
Ana hörməklə məşğuldur,
Oğul müharibəylə.
Ana bu gedişatı qanunauyğunluq hesab edir.
Bəs ata?
Bəs ata iş gününü necə keçirdir?
Arvadı hörməklə məşğuldur,
Oğlu müharibəylə.
O isə işə gedib.
O da bu gedişatı qanunauyğunluq hesab edir.
Bəs oğul? Bəs oğul?
Bəs oğul nə hesab edir?
Oğul orta hesabla heç nə hesab etmir.
Anası hörməklə məşğuldur,
atası işlə, özü də müharibəylə.
Və müharibə qurtaranda
O da işləməyə gedəcək.
Müharibə davam edir,
ana hörməyə davam edir,
Ata davam edir işiylə məşğul olmağa.
Oğul ölür - daha heç nəyə
davam edə bilməyəcək.
Cənazə arabasının dalınca gedir
Atayla ana.
Onlar bu gedişatı qanunauyğunluq hesab edir.
Həyat da davam edir öz axarıyla,
Hörgüylə, müharibəylə, işlərlə,
Və yenə işlərlə, işlərlə, işlərlə,
Və ölülərlə.
Nəğmə
Bu gün ayın neçəsidir?
Tarix? İstənilən tarixdir...
gün də istənilən gündür,
Əzizim.
Bizim hər günümüz belədir,
Bütün ömrümüz belədir bizim.
Sevirik və nəfəs alırıq,
Yaşayırıq və sevirik bir-birimizi,
Həyatın nə olduğunu bilməyərək,
Günün nə olduğunu bilməyərək,
Sevginin nə olduğunu bilməyərək.
Getdikcə azalır
Getdikcə azalır meşələr:
Ağacları kəsirlər,
Ağacları qırırlar,
Ağacları seçirlər
Və istifadə edirlər,
Çoxlu kağız düzəldirlər
Kəsilən ağaclardan,
Milyardlarla qəzet kağızı edir hərəsi,
Bu qəzetlərsə bar-bar bağırır
Meşə zolaqlarının getdikcə azaldığını.
Möcüzə
Çılpaq qız dənizdə üzür,
Saqqallı kişi suyun üstündə gəzir.
Və sual yaranır:
Yuxarıda dediyimiz möcüzə hansıdır?
Mənbə: Edebiyyatqazeti.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Marsel Prust. Silvani vikontu Baldassar Silvandın ölümü (Hekayə)