Marsel Prust. Silvani vikontu Baldassar Silvandın ölümü (Hekayə)
I
Şairlər deyir ki, Apollon tanrı Admetin qoyunlarını otarırmış;
Hər adam özünü dəliliyə qoyan, sima dəyişdirmiş tanrıdır onsuz da.
Emerson
- Ağlamayın, müsyö Aleksis, çox güman, cənab vikont sizə at hədiyyə edəcək.
- Böyük at, yoxsa poni? Hə, Beypo?
- Bəlkə də cənab Kardenisin atı kimi böyük at bağışlayacaq… Amma belə ağlamayın… Bu gün axı on üç yaşınız tamam olur.
At hədiyyə olunmağı ehtimalı və on üç yaşının tamam olmağının xatırlanmağı Aleksisin yaşlı gözlərini parıldatdı. Amma bu da onu sakitləşdirə bilməzdi, çünki Silvani vikontu Baldassar əmisini ziyarətə gedəcəkdi. Əlbəttə, əmisinin sağalmaz xəstəliyə tutulduğunu öyrənənədən sonra Aleksis bir neçə dəfə onu görmüşdü. Amma o vaxtdan çox şey dəyişmişdi. İndi Baldassar taleyiylə barışmışdı və üç ildən çox yaşamayacağını qəbul etmişdi. Aleksis əmisinin bunu necə belə rahatlıqla qəbul etdiyini, nə üçün ürəyi partlamadığını başa düşə bilmirdi, həm də bu görüşün onu kədərləndirəcəyini təxmin edirdi. Əmisinin onunla yaxınlaşan ölümündən danışacağına əmin idi və nəinki onu təsəlli etməyə, heç öz göz yaşlarını saxlamağa da gücü çatmayacağını bilirdi. Aleksis qohumları arasında ən cavanı, ən hündürü, ən yaraşıqlısı, ən şəni, ən incəsi olan əmisini həmişə çox istəmişdi. Əmisinin boz gözlərini, sarımtıl bığını, lap balaca vaxtı təhlükə hiss edəndə gizlənə biləcəyi ən etibarlı istehkam olan dizlərini sevirdi. Bu dizlər ona qala kimi alınmaz, taxta at kimi əyləncəli, məbəd kimi toxunulmaz gəlirdi. Aleksis üçün həmişə tünd rəngli paltar geyinən və olduqca ciddi olan atasındansa Baldassar əmi əsil ideal idi; əmisinin yaraşıqlı olduğunu və özünün də əmisinə oxşadığını bilirdi; həmçinin əmisinin ağıllı, comərd və yepiskop və ya general qədər güclü olduğunu da bilirdi. Düzdür, valideynlərinin danışıqlarından vikont əmisinin müəyyən çatışmazlıqları olduğunu da öyrənmişdi. Aleksis xala oğlu Jan Qaleasın əmisiylə zarafat edəndə Baldassarın necə cırnayıb özündən çıxdığını, Parma hersoqu ona bacısıyla evlənməyi təklif edəndə sevincdən gözləri parıldadığını və məmnunluğunu üzə vurmamaq üçün dişlərini qıcadıb Aleksisin heç bəyənmədiyi mimikanı aldığını və Lukresiya onun musiqisini bəyənmədiyini deyəndə qızla necə alçaldıcı tonda danışdığını yaxşı xatırlayırdı.
Valideynləri tez-tez Baldassarın Aleksisin bilmədiyi başqa mənfi xüsusiyyətlərindən də danışıb, qızğınlıqla onu qınayırdılar.
Şübhəsiz ki, indi Baldassarın bütün çatışmazlıqları və bayağı mimikası yox olub gedib. Yəqin, Jan Qaleasın lağlağısı, Parma hersoqunun dostluğu, hətta öz musiqisi də onun üçün dəyərini itirib, axı iki il sonra öləcək. Aleksis əmisini hələ də yaraşıqlı, amma bir az ciddi və bir az da yetkin təsəvvür edirdi. Hə, yetkin və artıq bu dünyanın adamı olmadığını başa düşən biri kimi! Bundan başqa, onun kədərinə bir az ümidsizlik və qorxu da əlavə olunurdu.
Atlar çoxdan qoşulmuşdu, getmək vaxtı idi. Aleksis ekipaja mindi, sonra müəllimiylə məsləhətləşmək üçün təzədən aşağı düşdü. Söhbət vaxtı birdən-birə möhkəm qızardı:
- Cənab Leqran, əmim onun öləcəyini bildiyimi bilsə yaxşı olar, ya bilməsə?
- Bilmədiyinizi zənn etsə daha yaxşı olar!
- Birdən o bu barədə söhbət açsa?
- O sizinlə bu mövzuda danışmayacaq.
- Danışmayacaq? – Aleksis hər dəfə əmisiylə görüşünü təsəvvür edəndə, əmisinin ölümdən danışacağını fikirləşirdi, amma əmisinin ölümdən danışmayacağı ehtimalını heç fikirləşməmişdi.
- Birdən danışdı?
- Onda deyərsiniz ki, o, səhv edir.
- Bəlkə məni ağlamaq tutdu, onda necə?
- Bu gün səhər həddindən artıq ağlamısınız, daha ağlamayacaqsınız.
- Ağlamayacağam! – Aleksis kədərli səslə qışqırdı. – Ağlamasam, onda əmim elə fikirləşəcək ki, onu sevmirəm, onun öləcəyi üçün kədərlənmirəm… əziz əmim!
Və Aleksis yenə ağlamağa başladı. Gözləməkdən yorulan anası onun dalınca gəldi və onlar yola düşdülər.
Aleksis hollda paltosunu sinəsinə ağ sapla Silvani gerbi işlənmiş yaşıl paltarlı lakeyə verdi, sonra qonşu otaqdan gələn skripka səsinə qulaq asmaq üçün anasıyla bir anlıq ayaq saxladı. Sonra şüşə divarlı dairəvi zala keçdilər. Vikont adətən bu zalda vaxt keçirdirdi. Zala girən kimi dəniz görünürdü, sağ və sol tərəfdə isə çəmənlik və meşəlik. Zalın dərinliyində iki pişik, güllər və çoxlu musiqi aləti vardı.
Bir neçə dəqiqə gözlədilər. Aleksis anasının üstünə atıldı, anası elə bildi onu öpmək istəyir, amma Aleksis onun qulağına yaxınlaşıb pıçıltıyla soruşdu:
- Əmimin neçə yaşı var?
- İyunda otuz altı yaşı tamam olacaq.
Aleksis istədi soruşsun ki: "Səncə o otuz altı yaşının tamamını görə biləcək?” – amma cəsarəti çatmadı.
Qapı açıldı, Aleksis titrəməyə başladı. Lakey dedi:
- Müsyö vikont indi gələcək.
Tezliklə lakey təzədən gəlib əmisinin hər yerə apardığı iki tovuzquşunu və çəpişi zala buraxdı. Sonra ayaq səsləri eşidildi və qapı təzədən açıldı.
"Yəqin yenə lakey gəldi, - hər dəfə qapı açılanda ürəyi döyünən Aleksis fikirləşdi, - hə, mütləq lakeydi”.
Eyni zamanda kiminsə incə səsini eşitdi:
- Salam, balaca Aleksis, doğum günün mübarək.
Əmisinin öpüşü onu qorxutdu. Çox güman əmisi də bunu hiss etdi və Aleksisə özünə gəlmək üçün vaxt verib Aleksisin anasıyla, öz anası öləndən sonra dünyadakı ən çox sevdiyi adam olan sevgili gəliniylə danışmağa başladı. Bir neçə dəqiqədən sonra Aleksis özünə gəldi. Artıq bu cavan, ecazkar, az-maz rəngi ağarsa da, heç nə yox imiş kimi şən halda söhbət edən əmisinə heyranlıqdan başqa heç nə hiss etmirdi. Əmisinin boynuna sarılmaq istəyirdi, amma buna cəsarət etmirdi, bu hərəkətiylə əmisinin özünəinamını sarsıda bilərdi. Əmisinin kədərli və incə baxışları ona xüsusilə təsir edirdi, Aleksis ona baxdıqca ağlamaq istəyirdi. Aleksis bilirdi ki, əmisinin gözləri həmişə belə kədərli olub, hətta ən sevincli məqamlarda da elə bil əzablardan qurtulmaq üçün yalvarıb. Amma indi fikirləşirdi ki, əmisinin danışığından qovduğu kədər gözlərində yerləşib və bu saat əmisinin varlığındakı ən səsmimi şeylər bu kədərli gözlərlə arıqlayıb solğunlaşmış yanaqlarıdı.
- Əziz Aleksis, - Baldassar dedi, - bilirəm ki, iki at qoşulmuş ekipaj sürmək istəyirsən. Sabah sənin üçün at gətirəcəklər. Gələn il sənə ikinci atı, o birisi il isə ekipaj bağışlayacağam. Bu il yəqin ki, at minməyi öyrənəcəksən. Mən qayıdandan sonra yoxlayarıq. Qəti qərara gəlmişəm, sabah gedirəm. – Bir az susub əlavə etdi. – Amma qısa müddətlik. Gedib-qayıtmağım heç bir ay çəkməz. Qayıdandan sonra gedib sənə söz verdiyim komediyaya baxarıq.
Aleksis əmisinin bir neçə həftəlik hansısa dostunun yanına gedəcəyini bilirdi, üstəlik, hələ vikonta teatra getməyə icazə verdiklərini də bilirdi. Bura gəlməmişdən qabaq əmisinin öləcəyi fikriylə dərindən sarsıldığına baxmayaraq, əmisinin dediyi sözlər onu heyrətləndirdi.
"Getməyəcəyəm, - Aleksis öz-özünə dedi. – Aktyorların zarafatı, tamaşaçıların gülməyi ona pis təsir edəcək”.
- Bura gələndə eşitdiyimiz gözəl ariya nə idi? – Aleksisin anası soruşdu.
- A! Xoşunuza gəldi? – Baldassar sevincək halda soruşdu. – Bu, keçən dəfə sizə dediyim romansdı.
"Görəsən doğrudan sevinir? – Aleksis yenə öz-özündən soruşdu. – Bu vəziyyətdə musiqisinin bəyənilməyinə necə sevinə bilər ki?”
Bu an vikontun simasında dərin əzab göründü, rəngi ağardı, dodaqlarını sıxdı, qaşlarını çatdı, gözləri yaşla doldu.
"İlahi! – Aleksis fikirləşdi. – Rola girmək onun üçün nə qədər çətindir! Yazıq əmim! Nə üçün dərdini bizimlə bölüşmək istəmir? Nə üçün hər şeyi özü tək çəkməyə çalışır?”
Amma Baldassarın vaxtaşırı keçirtdiyi iflic tutması tezliklə çəkildi və o, özünə gəlib gözlərini sildi, yenə şən səslə danışmağa başladı.
- Mənə belə gəlir ki, Parma hersoqu sənə qarşı əvvəlki qədər nəzakətli deyil, elədir? – Aleksisin anası soruşdu.
- Parma hersoqu? – Baldassar bərkdən dedi. – Parma hersoqu əvvəlki qədər nəzakətli deyil! Nə üçün bu qərar gəlmisiniz, əzizim? Elə bu gün səhər ondan məktub almışam, yazır ki, əgər dağ havası mənə xeyir olacaqsa, onda İlliriyadakı qəsrini mənim ixtiyarıma verə bilər.
Cəld yerindən sıçradı, amma yenə ağrısı tutdu deyə sancının təsirindən büzüşdü, ağrının keçməyini gözlədi, sonra lakeyə qışqırdı:
- Çarpayımın yanındakı stolun üstündə məktub var, onu gətirin.
Və oxumağa başladı:
"Əzizim Baldassar,
Sizin üçün elə çox darıxmışam ki və s. və i.a.”
Hersoqun nəzakəti üzə çıxdıqca Baldassarın siması yumşalır, üzündə sevinc və özünəinam görünürdü. Birdən, yəqin ki, bu qədər sevindiyini üzə vurmağın yaxşı olmadığını fikirləşdiyi üçün yenə dişlərini qıcayıb, Aleksisin heç bəyənmədiyi mimikanı aldı.
Baldassarın dodaqlarını sıxıb aldığı bu mimika Aleksisin gözlərini açdı; əmisinə baxdığı bütün vaxt ərzində onun artıq dünyadan qopduğu, ətrafdakı hər şeyin ötəriliyindən ayrılıb ancaq ölümə kökləndiyi, simasında ancaq güclə özünü şən göstərən adamın təbəssümünü görəcəyi fikrinin üstündən xətt çəkdi; Aleksis artıq şübhə etmirdi ki, əmisi xala oğlu Jan Qaleasın zarafatlarına əvvəlki kimi hirslənəcək; həmçinin əmisinin şənliyi, teatra getmək istəyi də qondarma deyil, əmisi hər nə qədər ölümə yaxınlaşsa da, yenə həyat haqda fikirləşir.
Aleksis evə qayıdandan sonra, haçansa özünün də öləcəyini fikirləşdi və bu fikirdən kefi pozuldu, amma hər halda əmisindən fərqli olaraq, onun hələ qabaqda yaşamalı uzun həyatı vardı, həmçinin əmisinin xalası qızı hersoqinya d`Aleriuvrdan da çox, hersoqinyanın bağbanından da çox. Bağban Rokkonun xeyli pulu vardı, o pulla rahatlıqla təqaüdə çıxıb qalan ömrünü yaşaya bilərdi, amma o daha çox qazanmaq üçün hələ də işləyirdi, qızılgüllərinə görə əlavə pul almaq üçün onlara cani-dildən qulluq edirdi. Həmçinin hersoqinya da yetmiş yaşı olmağına baxmayaraq, səylə bəzənib-düzənir, qəzetlərdə onun nə qədər gənc qaldığını, şax yerişini, evində təşkil etdiyi balların gözəlliyini, verdiyi naharların və ağlının incəliyini mədh edən yazılar yazsınlar deyə pul verirdi.
Bu nümunələr Aleksisin əmisinin hərəkətlərini görəndən sonra düşdüyü heyrəti azaltmadı, əksinə, bir az da çoxaltdı, fikirləşdi ki, özü də daxil olmaqla hamı ölümə yaxınlaşdıqca daha çox geri gedir, yaşamağa daha çox can atır.
Aleksis başqaları kimi özünü aldatmamaq qərarına gəldi, dərs kitablarından oxuyub öyrəndiyi peyğəmbərlərin həyatını xatırladı, onlar kimi bir neçə dostunu götürüb səhrada inzivaya çəkilmək qərarına gəldi.
Qərarını valideynlərinə deyəndə onlar gülməyə başladılar. Amma xoşbəxtlikdən, həyat onlardan daha güclüydü və döşünü Aleksisə uzadıb onu bu fikirdən uzaqlaşdırdı. Aleksis şirin südü əmməyə davam etdi.
II
Heyif, bədən kədərlidir…
Mallarme
Aleksisin ziyarətindən bir gün sonra Silvani vikontu fikrini dağıtmaq və daim onu izləyən kədərdən bir az qurtulmaq üçün üç-dörd həftəlik qonşu qəsrə getdi.
Qəsrdə qonaq olan bir gənc qadın vikontun aldığı həzzi ikiqat artırırdı. Baldassara elə gəlirdi ki, qadın ona vurulub, amma hər halda ona qarşı müəyyən qədər məsafə saxlamağa çalışırdı: qadın olduqca təmiz idi və səbirsizliklə ərinin yolunu gözləyirdi, bundan başqa, Baldassar qadının onu sevdiyindən əmin deyildi, ancaq bu cür qadını şərəfsizliyə sürükləməyin nə qədər günah olacağını da başa düşürdü. Münasibətin haçan dəyişdiyini bilmədi. İndi, haçan əmələ gəldiyini bilmədiyi sözsüz razılıq anında Baldassar qadının biləklərini öpür, qadını qucaqlayırdı. Qadın elə xoşbəxt görünürdü ki, Baldassar bir dəfə daha çoxuna cəsarət etdi; əvvəlcə uzun-uzadı qadını öpdü, sonra xeyli sığallayıb-əzizlədi, daha sonra yenə qadının gözlərini, yanaqlarını, dodaqlarını, boynunu öpməyə başladı. Qadının gülümsəyən dodaqları vikontun dodaqlarına tərəf uzanırdı, parlaq gözləri isə günəşin əksi düşən su kimi bərq vururdu. Baldassarın əlləri bir az da cəsarətləndi, amma qadının üzünə baxanda rənginin ağardığını və enli alnının əzabla qırışdığını gördü, elə bil qadının yorğun gözləri ağlayırdı, amma su çıxmırdı, qadın dəhşətli dərəcədə əzab çəkirdi. Baldassar bir dəqiqə ərzində qadına baxdı, qadın gözlərini qaldırdı, onun gözlərində yalvarış və rəhm oxunurdu, amma şüursuz hərəkətlə titrəyən dodaqları öpülmək üçün alışıb-yanırdı. Nəhayət daxili sarsıntılarını ələ verən gözlərini yumub öpüşməyə başladılar. Onlar bu daxili sarsıntını görmək istəmirdilər. Xüsusən vikont səylə gözlərini açmamağa çalışırdı, elə bil edam əmrini yerinə yetirən cəllad idi, qorxurdu ki, baltanı endirəndə əlləri titrəsin. Baldassar qadının ehtirasa qapılan, sığal tələb edən simasının yerinə əzab çəkən simasını görməkdən qorxurdu.
Gecə düşmüşdü, qadınsa hələ də onun otağındaydı. Qadının dalğın gözləri quruydu. Nəhayət qadın bircə kəlmə də demədən, Baldassarın əlini öpüb getdi.
Amma vikont yata bilmədi. Elə bil qurbanının yalvarış dolu nəzərlərini üstündə hiss edirdi. Birdən ağlına gəldi ki, qadın da indi yata bilmir və özünü olduqca tənha hiss edir. Durub geyindi, ehtiyatla qadının otağına yaxınlaşdı, bacardıqca səs salmamağa çalışdı ki, işdir birdən qadın yatıbsa, onu oyatmasın. Amma öz otağına qayıtmağa da qorxurdu, otağında yer də, göy də, öz ruhu da ağırlığıyla onu əzirdi. Beləcə qadının qapısının ağzında dayandı, hər an qapını açıb içəri girə biləcəyindən qorxurdu. Səhərə qədər qadının nəfəs almağına qulaq asa-asa qapının ağzından çəkilmədi, gah oturdu, gah diz çökdü, gah da uzandı. Səhər sakit halda otağına qayıdıb uzun müddət yatdı və yüksək əhvalla yuxudan durdu.
Qalan müddət ərzində ikisi də digərinin vicdanını rahatlatmaq üçün müxtəlif yollar axtardı və Silvani vikontu öz evinə qayıdanda, eynən qadın kimi, o qaynar və qəddar dəqiqələrin şirin, bir az da soyuq xatirəsini özüylə apardı.
III
Gənclik onun qulağını batırıb, o eşitmir.
Madam de Sevinye
On dörd yaşı tamam olan gün Aleksis əmisinin yanına getdi, amma keçən ilki həyəcanı təkrarlanmadı. Əmisinin bağışladığı atı davamlı sürmək onun gücünü çoxaltmışdı, Aleksis artıq zəif deyildi və bütün gənc adamlar kimi, daim özünü gümrah hiss edirdi.
Atı sürətlə çapıb külək yaradanda sinəsinin də qabardığını, bədəninin qış vaxtı yanan soba kimi qızışdığını, alnının isə yolüstü sifətinə toxunan yarpaqlar kimi soyuq qaldığını hiss edirdi. Bir vaxtlar əmisi Baldassarın qürur yeri olan, amma artıq onu tərk edən həyat eşqi indi Aleksisə keçmişdi, gələcəkdə də ona xəyanət edib gənc ürəkləri sevindirmək üçün gedəcəkdi.
Artıq əmisinin zəifliyi Aleksisdə heç nəyi zəiflətmir, əmisinin tezliklə öləcəyi fikri Aleksisdə nələrisə öldürmürdü. Qanının şən pıçıltısı və xoş arzuları xəstənin ahu-zarını dinləməyinə mane olurdu. Aleksis bədəninin ruhuyla arasına qəsrlər tikdiyi və hansısa xəstəlik və ya kədər peyda olub ruhunu təzədən oyadana qədər ruhun qeyb olduğu yaş çağına qədəm qoymuşdu.
O, ətrafında baş verən şeylərə öyrəşdiyi kimi, əmisinin ölümcül xəstəliyinə də öyrəşmişdi və əmisinin hələ sağ olmasına baxmayaraq, onunla artıq ölü biriylə rəftar etdiyi kimi davranmağa başlamışdı, bir vaxtlar onun xəstələndiyini eşidəndə ağlamağı, özünü pis hiss eləməyi artıq yadından çıxmışdı.
Əmisi həmin gün: "Balaca Aleksisim, sənə ikinci atla bir yerdə ekipaj da hədiyyə edirəm,” - deyəndə, Aleksis başa düşmüşdü ki, əmisi özlüyündə: "ekipajı indi verməsəydim, bəlkə də heç vaxt verə bilməyəcəkdim,” – deyə fikirləşib; Aleksis bu fikrin özlüyündə çox kədərli olduğunu bilsə də, kədərlənə bilmədi, çünki artıq dərindən sarsılıb kədərlənə bilmirdi.
Bir müddət sonra oxuduğu kitabda bir cani obrazı gördü, onu sevən xəstə birinin ən incə sözləri də caniyə təsir edə bilməmişdi, o obraz Aleksisi dərindən sarsıtdı. Özünü kitabdakı caniyə oxşatdı, bu fikir gecə yatmağına da mane oldu. Amma səhəri gün elə həvəslə at çapdı və valideynlərinə sevgisini elə izhar etdi ki, vicdanı sakitləşdi və həyatdan zövq almağa, gecələr rahat yatmağa davam etdi.
Silvani vikontunun vəziyyəti isə ağırlaşmışdı, artıq çətinliklə hərəkət edirdi və qəsrdən heç çıxmırdı. Qohumları və dostları onu tək qoymurdu. O, nə edir-etsin, nə deyir-desin, fərqi yox idi, onu nə qohumları qınayırdı, nə də dostları ələ salırdı. Elə bil, sözsüz razılıq əsasında etdiklərinə və dediklərinə görə heç bir məsuliyyət daşımırdı. Hamı onun artıq həyatla vidalaşmaqda olan bədənindəki ağrıları sakitləşdirməyə çalışır, ağrılar onun fikrini yayındırmasın deyə onu nəvazişlə boğurdu.
Vikont uzun axşam saatlarını ömrü boyu axşam ziyafətlərinə dəvət etmədiyi tək adamla – özü özüylə keçirdirdi. Əzabkeş bədənini hiss etməkdən, pəncərəyə dirsəklənib dənizi seyr etməkdən qəribə həzz alırdı. Ehtiraslı kədərlə çoxdan quraşdırdığı ölüm səhnəsini fikirləşir, o səhnəni getdikcə uzaqlaşıb dumanda qeyb olan və buna görə daha da gözəl görünən obrazlarla bəzəyirdi. Xəyalında artıq platonik sevgisi olan, sarayında verdiyi ziyafətlərdə yüksək çinli zadəganların, Avropanın bütün beyinlərinin iştirak etməyinə baxmayaraq, vikontun hökmranlıq etdiyi hersoqinya Olivianayla vida səhnəsi canlanırdı. Elə bil axırıncı görüşləri haqda hekayəni oxuyurdu:
"…Günəş artıq batmışdı, alma ağacının yarpaqları arasından görünən dəniz zümrüd rəngindəydi. Üfüqdə solğun budaqlar qədər yüngül, qüssə qədər sonsuz görünən göyümtül və çəhrayı buludlar üzürdü. Çəhrayı kilsə qübbəsinin kölgəsinə təslim olan bir sıra qovaq ağacı kədərli görünürdü; günəşin axırıncı şüaları artıq ağacların gövdələrinə düşmür, budaqları arasından süzülür, yarpaqların arasından işıq çələngləri asırdı. Xəfif meh dənizin, nəm yarpaqların və südün iyini bir-birinə qarışdırırdı. Hələ heç vaxt Silvani çölləri belə melanxolik olmamışdı.
- Mən sizi çox sevirdim, amma çox azını sizə verdim, - qadın dedi.
- Nə danışırsınız, Oliviana? Siz mənə mənim arzuladığımdan daha çoxunu vermisiniz. Siz Madonna kimi səmavi, dayə kimi incəydiniz, məni körpə kimi əzizləmisiniz. Sizi elə ülvi məhəbbətlə sevirdim ki, bu sevgi cinsi təmas ümidiylə çirklənməmişdi. Sizsə mənə əvəzində müqayisəyəgəlməz dostluq, sadə çay dəstgahı əhatəsində söhbət və təzə açmış qızılgüllər verdiniz. Alışıb-yanan alnımı sərinlətməyi, quruyub çatlamış dodaqlarıma məlhəm sürtməyi ancaq siz, ancaq sizin mehriban və ana əlləri qədər isti əlləriniz bacardı.
- Əziz dostum, icazə verin əlinizi öpüm…”
Təkcə Kastruççonun məhəbbətinə aludə olmuş sirakuzlu knyaginya Pianın etinasızlığı hərdən Baldassarın yadına düşür, onu ciddi-cəhdlə unutmağa çalışdığı qəddar reallığa qaytarırdı. Elə axır vaxtlaracan getdiyi ziyafətlərdə knyaginya ilə qol-qola girib gəzir, bu hərəkətiylə rəqibini alçaltdığını fikirləşirdi; amma knyaginyanın gözlərindən başqa məhəbbətlə alışıb-yandığını, sadəcə vikont xəstə olduğuna görə bunu üzə vurmadığını görürdü.
Baldassar indi heç buna da qadir deyildi. Ayaqlarını hərəkət etdirə bilmədiyi üçün evdən bayıra çıxmırdı. Knyaginya tez-tez onu başa çıxmağa gəlirdi, elə bil vikontun qohumlarıyla, dostlarıyla razılığa gəlmişdi, həmişə də onunla incə-incə danışırdı, əvvəllər olduğu kimi hirsini və ya onun sevgisinə qarşı etinasızlığını nümayiş etdirməyə çalışmırdı. Knyaginyanın gəlişi Baldassara başqalarının gəlişindən daha yaxşı təsir edir, onu sakitləşdirirdi.
Bir dəfə stuldan durub stola tərəf gedəndə, lakey onun əvvəlkindən daha yaxşı gəzdiyini görüb dərindən təəccübləndi. Həkim çağırdılar, amma o hələ dəqiq bir şey demədi. Səhəri gün vikont bir az da yaxşı gəzdi. Növbəti həftə ona evdən çıxmağa icazə verdilər. Qohumlarıyla dostlarında ümid cücərdi. Həkim dedi ki, ola bilsin hansısa əsəb xəstəliyi iflic simptomlarını üzə çıxartıb, amma indi həmin xəstəlik sağalmağa başlayıb. Həkim bunu əminliklə deyib əlavə etdi:
- Təbrik edirəm, xilas oldunuz!
Edama məhkum olunmuş vikont bağışlanmağını həyəcan və sevinclə qarşıladı. Amma bir müdddət sonra, gözgörəsi yaxşılaşandan sonra sevinci narahatlıqla əvəz olunmağa başladı. Özü hələ bilməsə də, xəstə yatdığı müddətdə əhatə olunduğu qayğı onda ölüm fikrini cücərtmişdi. O səbəbini hələ bilmirdi, amma təzədən yaşamalı, taleyin zərbələrinə sinə gərməli olduğunu və daha heç kimin onun qayğısını çəkməyəcəyini fikirləşəndə anlaşılmaz qorxu hissi keçirtməyə başladı. Bir şey də vardı: dumanlı da olsa hiss edirdi ki, özüylə - öz içindəki tanımadığı doğmasıyla, saatlarla pəncərəyə dirsəklənib dənizdəki qayıqları seyr edə-edə söhbət etdiyi məhrəmiylə tanış olandan sonra özünü həzzlərə və işə kökləmək asan olmayacaq. İçində harda doğulduğunu bilməyən gəncin hələ görmədiyi təzə vətəninə qarşı baş qaldıran məhəbbəti baş qaldırır, xəstə olanda əbədi sürgün kimi gördüyü ölüm üçün darıxmağa başlayırdı.
Bir dəfə ağlına bir fikir gəldi, deyəndə artıq onun sağaldığını bilən xala oğlu Jan Qaleas əvvəlki kimi onu dolamağa başladı. İki ay ərzində hər gün səhər-axşam onu ziyarət etməyə gələn qardaşı arvadı da iki gün idi ki, gəlmirdi. Bu ona qarşı qəddarlıq idi. O həyatın qəddarlığını çox görmüşdü və təzədən onu hiss etmək istəmirdi. Xəstəlikdən sonra həyatın cazibəsi hələ ona hakim ola bilməmişdi. Tədricən gücü özünə qayıdırdı və gücü qayıtdıqca həyat eşqini də gücləndirirdi. O evdən çıxmağa, yaşamağa və ikinci dəfə özünü itirməyə başladı. Bir ay sonra yenə iflicin simptomları göründü. Keçən dəfəki kimi, yavaş-yavaş hərəkətdən düşməyə başladı; bu dəfə ölümə necə yaxınlaşdığını müşahidə etmək üçün xeyli vaxtı oldu. Amma bu dəfə Baldassar çox əsəbi olmuşdu, yaşamadığı həzzlərin acısını çəkirdi.
Təkcə çox sevdiyi, gündə bir neçə dəfə Aleksislə gəlib onu başa çıxan qardaşı arvadı Baldassarın axırıncı günlərinə müəyyən qədər rahatlıq gətirə bilirdi.
Bir dəfə nahardan sonra qardaşı arvadı vikontun yanına gedirdi, qəsrə çatmağa lap az qalmış atlar nədənsə hürküb oynaqladı, qadın ekipajdan yıxıldı, yoldan keçən atlının atı altında qaldı, huşsuz və başı yarılmış halda Baldassarın qəsrinə gətirildi. Qəzadan salamat çıxmış arabaçı tez vikontun yanına qaçıb hadisəni danışdı. Vikontun sifəti saraldı, gözləri şişib hədəqəsindən çıxdı, dişlərini qıcadı; hirslə arabaçının üstünə şığıdı. Amma elə bil vikont bu qışqırıqlarla hansısa xəstənin iniltisini basdırmaq istəyirdi. Tezliklə bu iniltilər onun qışqırığını batırdı və o stula çöküb hönkürməyə başladı.
Sonra o ağladığı bilinməsin deyə üzünü yudu, istəmirdi qardaşı arvadı onu belə görsün. Qulluqçu kədərli halda başını yellətdi: xəstə hələ özünə gəlməmişdi. Vikont iki gün, iki gecə onun yanında oturdu. Qadın hər an ölə bilərdi. İkinci gecə çox təhlükəli əməliyyatı keçirtməyə razılaşdılar. Üçüncü gün xəstənin qızdırması düşməyə başladı və xəstə Baldassara baxıb gülümsədi, vikont sevincdən ağlamağa başladı. Vikont addım-addım ona yaxınlaşan ölümə fikir vermirdi, indi isə ölümlə üzbəüz dayanmışdı. Ölüm onu ən çox sevdiyi adamla sınağa çəkmişdi; vikont ölümə yalvardı və ölümün ona yazığı gəldi. Baldassar özünü güclü və azad hiss edirdi. İndi o ölümün düz üzünə baxırdı və daha şairanə səhnələr uydurmurdu.
IV
Sabah, sabah, sabah… ah, bu sabahlar!
Kiçik addımlarla hey günü-gündən,
Sürünür, can atır bəxt kitabımın
Sonuncu, kədərli səhifəsinə.
Bizim keçmişimiz, dünənlərimiz,
Deməli, daima biz axmaqların
Məzar yollarını işıqlandırıb.
Həyat nədir axı? Gəzəri kölgə,
Səhnədə sürəkli hay-küy qoparan,
Tez də unudulan, can evi viran,
Biçarə, zavallı bir aktyordur.
Həyat sarsaqların acı dilində,
Cəfəng söz yığını, boş bir nağıldır.
Şekspir. Maqbet
Qardaşı arvadının başına gələn bədbəxt hadisəyə görə keçirtdiyi həyəcanlar və yorğunluq Baldassarın xəstəliyini sürətləndirmişdi. Rahib demişdi ki, uzağı bir aylıq ömrü qalıb.
Səhər saat on idi, leysan yağış yağırdı. Bir ekipaj qəsrə yaxınlaşdı. Hersoqinya Oliviana gəlmişdi. Baldassar öz-özünə fikirləşdi ki, özünə əcəb axırıncı görüş səhnəsi fikirləşibmiş:
"Bu, gözəl axşamlardan birində olacaq. Günəş batacaq. Alma ağaclarının yarpaqları arasından görünən dəniz zümrüd rənginə çalacaq. Üfüqdə solğun budaqlar qədər yüngül, qüssə qədər sonsuz görünən göyümtül və çəhrayı buludlar üzəcək…”
Amma hər şey başqa cür oldu: hersoqinya Oliviana səhər saat onda gəldi. Çirkli göyüzü elə bil yerə yaxınlaşmışdı, leysan yağış yağırdı. Xəstəlik Baldassarı lap əldən salmışdı, artıq əvvəl gözünə gözəl, möhtəşəm görünən şeylər onu cəzb etmirdi, ağlı daha yüksək fikirlərlə məşğul idi. Buna görə də hersoqinyaya xəbər göndərdi ki, çox zəifdir, onu qəbul edə bilməyəcək. Hersoqinya israrla görüşmək istədiyini desə də, vikont onu qəbul etmədi. Vikont bunu nəyəsə görə eləmirdi, sadəcə hersoqinya artıq onun üçün mövcud deyildi. Ölüm vikontun bir neçə həftə əvvələ qədər köləsi olmaqdan dəhşətli dərəcədə qorxduğu bağları qırmışdı. Vikont hersoqinya haqda fikirləşməyə çalışdı, amma bu xatirələr onun nə ağlına, nə fantaziyasına, nə də əbədiyyən susmuş qüruruna heç nə vermədi.
Ölümünə təxminən bir həftə qalmış Bohemiya hersoqinyasının bal təşkil edəcəyini, Pianın isə o balda iki gün sonra Danimarkaya getməli olan Kastruçço ilə katilon qərsi oynayacağını eşitdi. Pianı yanına çağırmaqlarını istədi. Qardaşı arvadı qarşı çıxmağa çalışdı; Baldassar isə Piayla görüşməyinə mane olduqları üçün hirsləndi. Xəstəliyindən əlavə bunun da fikrini çəkməsin deyə Pianın dalınca adam göndərdilər.
Pia gələndə vikont sakit, amma olduqca kədərli idi. Pianı çarpayısının yanına çağırırb Bohemiya hersoqinyasının balından danışmağa başladı.
- Biz qohum deyilik, siz mənim üçün yas da saxlamayacaqsınız, amma bir arzumu yerinə yetirməyinizi istəyərdim: söz verin ki, bu bala getməyəcəksiniz.
Bir-birinə dikdikləri gözlərində ölümün də qovuşdura bilmədiyi kədərli və ehtiraslı ruhlarını görürdülər. Baldassar Pianın çətinlik çəkdiyini başa düşüb dodaqlarını dişlədi, lap astadan dedi:
- Yaxşısı heç nəyə söz verməyin! Ölüm ayağında olan birinə verdiyiniz sözə əməl edə bilməyəcəksinizsə, söz verməyin!
- Sizə söz verə bilmərəm. Onu iki aydır görməmişəm, bəlkə bundan sonra bir də görməyəcəyəm. Əgər bala getməsəm, ömür boyu peşman ola bilərəm.
- Haqlısınız. Axı onu sevirsiniz… Mən öləcəyəm, siz isə hələ təzə-təzə çiçək açırsınız… Heç olmasa mənim üçün bunu edin: baldan tez çıxın. Əgər mən də bala gəlsəydim, şübhələrimi dağıtmaq üçün mənimlə bir az vaxt keçirtməli olacaqdınız. Həmin vaxtı balda keçirtməyin. Nə olar, bir az da məni fikirləşin! Bir neçə dəqiqəlik də olsa, ruhumu yanınıza çağırırn.
- Buna da söz verə bilməyəcəyəm. Bal çox qısa olacaq. Axıracan dayansam da, onu çox az görə biləcəyəm. Növbəti günlərdə bir neçə dəqiqəmi sizə həsr edərəm.
- Yox, siz bunu edə bilməyəcəksiniz. Siz məni unudacaqsınız! Amma əgər bir il sonra, hansısa kitabı oxuyanda, kimsə öləndə və ya yağışlı bir gecədə sizin yadınıza düşsəm, - mənə böyük bir yaxşılıq etmiş olacaqsınız! Sizi bir də heç vaxt, heç vaxt görə bilməyəcəyəm… Sizi ancaq xəyalən görə bilərəm, onda da gərək siz də məni fikirləşəsiniz. Mən daim sizi fikirləşəcəyəm ki, haçansa məni görmək istəsəniz, ruhumun qapıları sizin üçün açıq olmuş olsun. Görəsən o qonaq haçan gələcək? Qəbrimin üstündəki güllər noyabr yağışlarında çürüyəcək, iyun günəşinin altında quruyaca q, ruhumsa həmişə sizi gözləyəcək. O! əgər haçansa sizə bağışladığım hansısa hədiyyə, ölüm ildönümüm və ya fikirləriniz məni sizin yadınıza salsa və siz məhəbbətimin sərhədlərinə yaxınlaşsanız, onda sizi gördüyümü, eşitdiyimi hesab edəcəyəm, gəlişinizlə hər yer çiçək açacaq. Məni fikirləşərsiniz! Amma təəssüf! Sizin ciddiyyətinizlə ölümün, ehtiraslarla həyatın edə bilmədiyini bacaracağına ümid edə bilərəmmi?
V
Heyif, susdu böyük, gözəl bir ürək.
Yatın, rahat yatın, gözəl şahzadə!
Müqəddəs göylərdən enib mələklər,
Sizə lay-lay çalsın nəğmələriylə.
Şekspir. Hamlet
Vikont titrədir, sayıqlayırdı. Yatağını Aleksisin on üç yaşı tamam olan gün oturduqları dairəvi zalda salmışdılar.
Vikont bu zalda bir tərəfdə dənizi, o biri tərəfdə çölləri görə bilirdi. O, hərdən danışmağa başlayırdı, amma sözləri axır həftələrdə ağlını məşğul edən fikirlərlə əlaqəni tamam itirmişdi. Elə bil kimsə başının üstündə dayanmışdı, o da həmin adamı lənətləyir, dövrünün ən istedadlı musiqiçisi və ən yaxşı zadəganı olduğunu deyirdi. Sonra birdən sakitləşib mehtərə tapşırırdı ki, ekipajı qoşsun, ya da ova getmək üçün hazırlaşsın. Sonra Parma hersoqunun bacısıyla evlənəcəyini deyirdi və bütün Avropa monarxlarını toy ziyafətinə dəvət etmək üçün poçt kağızı istəyirdi. Uduzduğu məbləği verə bilmədiyinə görə stolun üstündəki kağız kəsmək üçün işlədilən bıçağı götürüb revolver kimi özünə tuşlayırdı. Keçən gecə döydüyü polisin sağ qalıb-qalmadığını öyrənmək üçün çapar göndərir, əlindən tutduğu qadına gülə-gülə əxlaqsız sözlər deyirdi. İradə və Dərrakə adlı mələklər artıq onu tərk etmişdi.
Üç gün sonra, axşam saat beşdə özünə gəldi, elə bil dumanlı şəkildə xatırladığı, amma cavabdeh olmadığı pis yuxu görmüşdü. Yatdığı vaxt ərzində qohumların və dostların yanında olub-olmadığını soruşdu və əgər bir də bu hal təkrarlansa, onda hamını yanından çıxartmağı əmr etdi. Zalı nəzərdən keçirtdi və Çin vazının üstünə çıxıb xrizantemi iyləyən qara pişiyini görəndə gülümsədi. Sonra hamıdan çıxmağını istədi və rahiblə uzun-uzadı söhbət etdi. Amma etiraf mərasimindən imtina etdi. Bir saat sonra qardaşı arvadıyla Jan Qaleası yanına çağırıb dedi:
- Taleyimə boyun əyirəm, ölüb Tanrının hüzuruna gedəcəyim üçün xoşbəxtəm.
Otaq isti olduğu üçün dənizə baxan pəncərələri açdılar, amma meşə və çöl tərəfdən külək əsirdi deyə, o tərəfə baxan pəncərələrə dəymədilər.
Baldassar dedi ki, çarpayısını açıq pəncərələrin qabağına çəksinlər. Limanda bir neçə dənizçi balaca gəmiylə üzməyə hazırlaşırdı. On beş yaşlı yaraşıqlı uşaq göyərtədə əyilmişdi, hər dəfə dalğa gəmini yellədəndə elə bilirdin uşaq yıxılacaq, amma o, güclü ayaqları üstündə sabit dayanırdı. O, duzlu dodaqlarıyla yanan qəlyanını sıxıb balıq torunu atırdı. Yelkəni doldurub havalandıran külək Baldassarın ciyərini də doldururdu. O, bir daha dada bilməyəcəyi həyat nemətlərini görməmək üçün üzünü çevirdi. Sonra təzədən gəmiyə tərəf baxdı. Gəmi lövbərini yığırdı.
- Bu Hindistana gedən gəmidir, - Jan Qaleas dedi.
Baldassar sahildə dayanıb dənizçiləri yola salanları görmürdü, amma onların baxışlarını hiss edirdi. Onların hələ qabaqda neçə illik ömürləri vardı, çox şey görüb, çox şey yaşaya bilərdilər. Lövbəri qaldırdılar, qışqırıq eşidildi, gəmi qaramtıl sularla qərbə - gəmiylə buludun seçilmədiyi üfüqə və günəşin şirin vədlər verdiyi tərəfə üzməyə başladı.
Baldassar bu pəncərələri bağlayıb meşəylə çölə tərəf baxan pəncərələri açmağı əmr etdi. O çölə baxdı, amma hələ də gəmidən eşidilən səslər qulağına çatdı və o nəzərində qəlyan çəkə-çəkə toru atan uşağı canlandırdı.
Baldassarın əli əsdi. Birdən o lap uzaqdan gələn, ürək döyüntüsünü xatırladan səs eşitdi. Bu çox uzaq kənddə çalınan zəngin səsiydi, külək onu çöllərin və çayların üstündən keçirdib Baldassarın qulağına çatdırmışdı. Bu səs ona tanış idi; ürəyinin də zəng səsinin ritminə uyğun döyündüyünü hiss etdi. O, nəfəsini içinə çəkib zəng səslənən vaxt buraxdı. Ömrünün hansı çağında olur olsun, hər dəfə zəng səsini eşidəndə, uşaq vaxtı düzənliklə qəsrə qayıtdığı vaxt eşitdiyi zəng səsini xatırlayırdı.
Elə həmin dəqiqə həkim hamını çağırırb dedi:
- Axır nəfəsidi!
Baldassar gözlərini yumub uzanmışdı, artıq ölümün batırdığı qulaqları zəng səsini eşitmirdi, amma Baldassar ürəyiylə zəngi hiss etməyə davam edirdi. O, səhərlər gəlib onu öpən, axşamlarsa yerinə salıb ayaqlarını əlləriylə isidən, yata bilməyəndə yanında oturan anasını görürdü; Robinzon Kruzonu xatırlayırdı; bacısının bağçada oxumağını xatırlayırdı; ona böyük musiqiçi gələcəyi vəd edən müəllimini xatırlayırdı; bu sözlərin anasında yaratdığı həyəcanı xatırlayırdı. İndi daha anasının və bacısının arzularını yerinə yetirmək üçün gec idi. Altında sevgilisinə evlənmək təklif etdiyi cökə ağacını və nişanının pozulduğu günü xatırlayırdı. O gün ancaq anası onu sakitləşdirə bilmişdi. Qoca dayəsini öpdüyünü və birinci skripkasını əlində tutduğunu təsəvvür edirdi. Bunların hamısını çöllərə baxan pəncərələrdən vuran incə və kədərli işıq uzaqlığında görürdü. Baldassar bunların hamısını gördü, baxmayaraq ki, həkimin "Axır nəfəsidi!” deməyindən cəmisi iki saniyə keçmişdi.
Həkim ayağa durub dedi:
- Canını tapşırdı!
Aleksis, anası və Jan Qaleas indicə gəlib çatan Parma hersoquyla bir yerdə mərhumun qabağında diz çökdülər. Açıq qapının ağzında qulluqçular ağlayırdı.
Tərcümə: Həmid P.
Mənbə: Yarpaq.az