Əyyub Məmmədovdan uşaq şeirləri
Poeziya
Əyyub Məmmədovdan uşaq şeirləri
BALACA RƏSSAM
Türkay şəkillər çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür,
İki yaşlı rəssamın.
Bir iş var ki, biləsiz,
Rəsmi çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.
Atasıyla bağçaya,
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə,
Çəkdi asanca rəssam.
GÜNAYIN SƏHVİ
Bir payız səhərində,
Günay durdu yuxudan.
Şimşəyin bərk səsindən
Gözün qırpdı qorxudan.
Baxdı pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi dərsə getməyə,
Soyuq verərmi aman?
Anası qulaq asıb,
Bəhanəni anladı.
Qucaqlayıb qızını,
Bir balaca danladı.
Söylədi qızcığaza
Boran-çovğun olsa da,
Məktəbi heçə sayıb,
Dərsi verməzlər bada.
Günay səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını götürüb,
Yola düşdü məktəbə.
ASLANIN DƏRDİ
Xəlil ilk dəfə,
Zooparka getdi.
Gördü aslanı,
Arzuya yetdi.
Söylədi ana,
Kaş çıxa geri.
Burda aslanın,
Çətindir yeri.
Anası dedi,
Əzizim Xəlil.
Onların yurdu,
Meşələrdir, bil.
Əlbəttə, qəfəs,
Çətindir ona.
Bunu uşaqlar,
Gərəkdir, qana.
Xəlil düşündü,
Azadlıq qədrin.
İndi anladı,
Heyvanın dərdin.
DƏMİRAĞAC
Müəllim uşaqlara,
Təbiətdən danışdı.
Bildirdi bir ağac var,
Hamınıza tanışdı.
Suya atsan batacaq,
Oduncağı möhkəmdir.
Sanki, dəmir kimidir
Çox qəribə görkəmdir.
Uşaqlar çaşbaş qaldı,
Çoxu dedi vələsdi.
Düşünmədi heç biri,
Yəqin hamı tələsdi.
Gözlərini döyərək,
Baxdılar müəllimə.
Arxa sıradan qalxdı,
Hazırcavab Həlimə.
Dedi:-dəmirağacdır
Oxumuşam jurnaldan.
Məlumatım var mənim,
Verilən bu sualdan.
ZƏHMƏTKEŞ BABAM
Babam hər il bostanda,
Çoxlu tərəvəz əkir.
Görürəm asan deyil,
Xeyli əziyyət çəkir.
Məhsul vaxtı sahədə,
Kələm, xiyar bol olur.
Biz tərəvəz yığanda,
Yeşiklər barla dolur.
Babamın zəhmətini.
Heç vaxt unutmaram mən.
Ona kömək etməmiş,
Kənddən qayıtmaram mən.
"QORXAQ BACIM"
Evimizə həkim gəlib,
Mənim bacım qızmalıdır.
Tez yoxlayıb bildirdi ki,
Ona resept yazmalıdır.
Ağ xalatdan qorxan bacım,
Heç bu dəfə ağlamadı.
Səbəbini soruşanda,
Güldü, sirrin saxlamadı.
Həkim baba sağ olsun ki,
Heç iynə vurmadı mənə.
Dedi: -gözəl, şirin balam,
Dərman verəcəyəm sənə.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Viktoriya Tokarevadan povest
LALƏ HÜSEYNOVA - SİRR
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )