Edebiyyat.az » Poeziya » Ələsgər Əhməd - (N)AMİL

Ələsgər Əhməd - (N)AMİL

Ələsgər Əhməd - (N)AMİL
Poeziya
admin
Müəllif:
18:14, 03 may 2022
1 413
0
Ələsgər Əhməd - (N)AMİL



Bütün sahillərin danışıq tərzi,
gəmilərin ümidvar yelkən səsidir, Liman
Dəstəklərini həyatın əyləcindən alan ahılların
dilindəki zəvvar yalan - həqiqət məhbəsidir
Güzəşt etsək, yüksək iman

Gözüm yumulduqca əyildi qəddim
tələsik hesablanma sıfırlanıb qayıtdı səbr sayğacına
Döydüyüm qapıyla eyni açıldı
itin boyunbağına çevrilən xalta
oyun bağına silahların beyni açıldı - təbiət matəmi başlatdı
Xatəmi doğrayan balta

Pendirdən çətin daş atdı qarğa ac-acına
Bu baltanın sapıyla
özümü gizlətdim,
ömrümü yellətdim çörək ağacından dar ağacına

Udqundum:
gürzələri lərzəyə gətirənlər mirzəmi?
Sancırmı müvəffəqiyyətləri hərzə yerə çimdikləyən paxılları
Taxılları çürüddükdə bir zəmi

Uğundum:
Zirzəmi damcılarındakı saray xəbərləri
dəlidən doğrudu
Alnımdakı tərli taleyin uğurudu əlimin qəbərləri

Ağlın qatı məni bezdirib,
səni çərlətdikcə
təşvişlərdə gəzdirib
atı tərləddikcə öyrətdi xain ata
yerin cazibə qüvvəsi;
atmosferin kainata müsahibə nüvəsi

Cavablar susduqca suallar danışdı
Dünyəvi evi hasarladı
küdurətlər parladı kinləri qəti
Sakinləri təhlükəni anlamaz,
oğrular məşəqqəti
yalanlar bəlkəni unudursa, gündəlikdi
doğrular müvəqqəti

Barmaqların azaddısa,
Qlobuslar dövrünü uzatdısa, reallıqlar dəlikdi
Təkcə,
axsaq misralarım,
indinin özündə də ədəbi çəliklərimin qorxusuymuş
Seysmik düşüncə:
Düşündüklərim
edə bilmədiklərimin yuxusuymuş
Hə, yat!
"Həyat" sözündə də bir küncə döşəkçə atmaq, yatmaq var.

Bəşəri mənafe yatır
səmaları deyindirməkdə
simaları don vurub
Torpağın damarlarını sovurub
yaradılan qara zəlzələyə "seysmik don" geyindirmək də
quruya çatmaq - çatmaqçün çəkdiyin avar

İnandırıldığınız,
yandırıldığınız közərtilərdən miras:
içdiyin andın da əməlində iblis olasan
O iblis ki,
özün özündən zövq aldıqda sevişdiyin ehtiras

Həmin hiss ki
göyərçin başlarına bildirir gilyotin dəndi

Payızkən
torpağın yarpaq ehtiyacından bilirsən,
asılılığın tərkibi nikotindəndi

Qiyamətdən fraqmentlər :
Ölü torpaq qayıdır qışdan
Basdırılmış tumurcuqlar "bitki"n tarix "yaz"ır yağışdan
Sən də,
dağa qaldırdığın çürük meyvələrin dadından xəbərdar.

Məcburən,
utancından ölürsən,
sancından imtinan gəlir, sola - sağa saldırdığın şəhvət adından.
havaya çevrilirsən, sərhədsiz yaranışdan, məhv etdiyin qadından.
Bu genişlikdə gəbər,
dar səhpası görünsə də kürən

Bəzən
"özümü göstərmirəm" deyən adam, başqalarının  gözündən özünü göstərər.

Günahlandırıldığı budaqdan
yanlız meyvə sözünü dərər
Yalnızkən.

De,
eşq sabit mərtəbə
və yaxud saxlayacağın ən münbit "Dayanacaq"
Ora çatan hər kəs, özlüyündən oyanacaq

Onuncu divar
11 oyunçunun qələbə köməyində
9 aylıq təqvimin doğumu idi 12-ci imam,
sonuncu şam yeməyində

Göz, burun, dodaq, qulaq bulağımızdı
Gözün gördüyü,
burnun dərdiyi,
dodağın işlətdiyi,
qulağın eşitdiyi etirazı səsləndirsək

Görərik ən böyük parçamız qulağımızdı

Qəflətdi?
oyandır
gözü bağlı qayıtdığın qapılarda
açar söz vəhdəti: "rəhmli və bağışlayandır"

Cəhənnəm alovuna
cənnət suyu səpdilər sanki
İnan ki
Bu günün sabahları qaytarılmır dünənlərə

Təyyarədən paraşütlə enənlərə,
"Allahın dostları" deyən uşağın məsumiyyəti
Bir-birinə dəyib
qığılcımdan alov yaradan daşların məsuliyyəti
Bir də sənin varlığın
Bunların hamısı karlığın, gözlərdən eşidilən hərfləri

zaman zərfləri, bir cümləlik xəbər gətirdi;
Nökərin tər qoxusu,
şahın özünü əhaliyə sevdirdiyi ətirdi.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)