Jasmindən yeni şeirlər
Ah, bir bilsən, qəlbimdə necə əzab çəkirəm
Darıxmağın ən incə tellərində əsirəm.
Məsələn, darıxanda əllərin yada düşür,
Saçlarımı hörməyən əllərini gəzirəm.
Sonra daraq ucunda tellərin yada düşür,
Çiynimdən sürgün olan tellərini gəzirəm.
Sonra birdən zümzümə etdiyin musiqinin həsrət qoxan sözləri durmadan yada düşür.
Qulağımı oxşayan eşq səsini gəzirəm.
Birdən hava qaralır,
Gözlərin yada düşür.
Ruhumu itirdiyim gözlərini gəzirəm.
Birdən gecə tam yarı,
Bədən yanıb tutuşur... izlərin yada düşür,
Sevgini əks etdirən izlərini gəzirəm...
Sonra birdən nolursa, susayır dil-dodağım...
Busələr yada düşür,
İçimi susuzduran ləblərini gəzirəm.
Birdən əlim ilişir yatağın sol küncünə, üşüyür bütün ruhum,
Sol yanımı isidən o ətrini gəzirəm.
Getdikcə hey batıram darıxmağın içində,
Artıq gücüm çatmayır darıxmağın əlində
o yan bu yan gəzməyə...
Alıb telefonumda sildiyim on rəqəmi yenə yığıb yaddaşa Darıxmağım qoyuram...
Dəfələrcə pozduğum mesajların yerinə “Darıxıram...” yazıram,
Qürurumu tapdayıb sağ düyməni basıram...
***
Bir sevgilik ruhum var,
O da boşa xərclənir.
Sənə olan sevgim də
Darıxmaqdan dərdlənir.
Gözümdən ovucuma
Damla-damla tökülür.
Sən əkilən sol yanım
Hər gün bir az sökülür.
Hər gün gözüm yol çəkir
Sən sökdüyün yollara.
Elə darıxmışam ki,
Məni qucan qollara.
Hər gün Bakım əsəndə
Düz önündə dururam.
Səndən gələn ətirin
Xəyalını qururam.
Tuturam buludlardan,
Hey cizgini çəkirəm.
Səndən yetim ömrümə
Sənli ümid əkirəm.
Bilirəm, dönəcəksən,
Yoxluğun əldən salıb.
Nə olsun ki, getmisən,
Ürəyin məndə qalıb.
***
Saçlarım darıxıbdır
Əlinin sığalına.
Bir öpücük göndərsən,
Qondursam uclarına.
Gecələri pərişan
Yastığıma uzansın,
Sərin bir meh göndərsən,
Qoy mehi də sən sansın.
Səhərin günəşi də
Boyasın saçlarımı.
Mən çilli günəş qızı
Axıtma yaşlarımı.
Telimi bəhanətək
Düzmüşəm sözlərimə,
Hicranın toz misalı
Düşmüsən gözlərimə.
Çöldə avqust istisi,
Içimdə darıxmaqlar.
Görən Bakı dolumu
Mənimtək bir axmaqla?!