Edebiyyat.az » Poeziya » Kənan Hacı - Şeir haqqında üç abzas

Kənan Hacı - Şeir haqqında üç abzas

Kənan Hacı - Şeir haqqında üç abzas
Poeziya
admin
Müəllif:
22:17, 15 oktyabr 2022
1 864
0
Kənan Hacı - Şeir haqqında üç abzas



Klassik şeirimizə bu gün dayandığımız yerdən baxanda qət olunan məsafənin böyüklüyü bizi şaşırdacaq qədərdir. Şeirdə davam edən bu macəra, düşünürsən ki, sonsuza qədər davam edəcək. Təbii dialektik qanunlar burda da keçərlidir. İtirdikləri zamanın təlaşıyla yaşayan şairlər bu qısa ömürdə təzə söz demək əndişəsiylə yaşayıb yaradıblar. Bu gün də irfan şeirinin estetikasına (əruz) boyun əyənlər var və çox da mükəmməl şeir nümunələri yaradırlar. Bu modern qəzəllər Füzulinin, Seyid Əzimin təsirindən çıxmış kimi görünür. Forma mühafizə olunmaqla məzmun yenilənir. 

Orta əsr divan şeirinin təsəvvüfi nöqteyi-nəzərdən şərhini yazan əruzşünaslarımız bu boşluğu doldurmaqdadırlar. Sovet dövrü isə klassik şairlərimizə sadəcə, "gözəllik aşiqi" deməklə işi bitmiş hesab edirdilər. Onların poeziyasındakı semantika, simvolika tamamilə kənarda qalırdı. Bu gün isə o gizli xəzinə sanki yenidən kəşf olunmaqdadır. Nizami poeziyasının (eləcə də Nəsimi, Füzuli) üzərindən sirr pərdəsi götürüldükcə bu proses müasir şeirimizin gedişatına yön verməkdədir. 

                                 *****

Şeir şairin qələmindən çıxdıqdan sonra müstəqil həyatını yaşayır. Hər şeir şairin hansısa sirri açmaq cəhdindən doğur və bu proses sonsuza qədər davam edir. Tənqidçilər çox vaxt şeirə bu yöndən yanaşırlar: şair bu şeirdə nə demək istəyib və necə deyib? Şairin şeiri yazma prosesindəki əhvalı və bu şeirin ictimai-sosial platformada hansı impulslar doğurduğu araşdırılır. Halbiki şeir yazıldıqdan sonra heç də bitmir. Şeirlə oxucu arasında bağların yaranması prosesi başlayır. Bu bağlar yarandıqca şeir müstəqil yaşamaq gücü qazanır və müəllifdən xilas olur. Bu zaman artıq şeir fərqli anlamlar qazanır, o şeirin altında yatan hekayə hər oxucuya görə dəyişir. Şeirin anlamı bu ola bilər ki, o artıq yazılıb. Bundan sonra bitib-tükənməz izahlar başlayır... 

Bu məqamda hardansa yadıma Pablo Nerudanın fikirləri düşdü. Böyük şair deyirdi: “Kaş dünyanın qəzəbini bircə misra şeirlə yumşalda biləydik...”

*****

Cemal Sürəyya Tofiq Fikrət haqqındakı yazısında çox haqlı olaraq qeyd edir ki, Tənzimat dövrünün yazarları Qərb mədəniyyətinə lazımı qədər aşina deyildilər. Tofiq Fikrət onunla eyni dövrü paylaşmış yazıçı və filosofların əsərlərindən xəbərsiz idi. Freydin, Mallarmenin, Hötenin, Andre Jidin və digərlərinin estetik sənət platforması haqda bilgiləri sıfırın altında idi. C. Sürəyyanın təbirincə desək, “qulaqdan dolma olaraq” da bir bilgisi yox idi. Bu səbəbdən sağlam bir çıxış nöqtəsi yox idi. 

Olsa-olsa, Qərbin üçüncü, dördüncü sinif yazarlarının yaradıcılıqları ilə səthi tanışlığı vardı. Daniel Defo, Aleksandr Düma tipli yazıçılardan söhbət gedir. Tofiq Fikrət o dönəmdə üçüncü sinif bir fransız şairini – Fransis Koppeni özünə ustad seçmişdi. Bu çatışmazlıq Tofiq Fikrət kimi əksər istedadlı şairləri də inkişafdan qoymuş, onların türk poeziyasının ön sıralarına çıxmasına əngəl törətmişdir.

C. Sürəyya yumor hissiylə Tofiq Fikrət və bu qəbil şairlərin türk poeziyasının inkişafına qatqılarının olmamasını belə izah edir: “Heç biri bığına göstərdiyi qayğını şeirə göstərməmişdilər”. 

O, yaradıcılığında şeirsəl yönlərə baş vurmayıb, sadəcə, fikir sloqanları ilə kifayətlənib. Bu, Tofiq Fikrətin şanssızlığı idi. Bəlkə də özü belə istəmişdi... 

                                       ****

Şairin işi mürəkkəbi sadələşdirməkdən ibarətdir. Şeir mürəkkəb, qəliz ola bilər. Amma dil sadə olmalıdır. Hər kəs şeirə öz bioqrafiyası ilə gəlir, elə nəsrə də. Mətn o tərcümeyi-hal kimi aydın olmalıdır. Amma bədii təfəkkürün süzgəcindən keçmək şərtilə... 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)