Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Şeirdə fayda gətirən yalan

Kənan Hacı - Şeirdə fayda gətirən yalan

Kənan Hacı - Şeirdə fayda gətirən yalan
Ədəbi tənqid
admin
Müəllif:
23:37, 09 avqust 2022
1 010
0
Kənan Hacı - Şeirdə fayda gətirən yalan




 

Aldanma ki, şair sözü əlbəttə, yalandır.

                                         Füzuli 

 

İstənilən sənətkar bir əsər yazarkən tam azad ola bilməz. Çünki istər bunun fərqində olsun, istər olmasın, içində gizlənmiş ilahidən bəxş edilən istedad sayəsində qələm işlədir. Bu, bir növ, Tanrının yaratma yetənəyinin təqlididir. Sənətin də kökündə məhz imitasiya dayandığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Zatən, mövcudatın əsası təqliddən ibarətdir. Yaradılmış dünya başdan-başa rəmzlər, simvollar aləmidir. Sənət simvolizmə söykənir. Sənətin dili də bu baxımdan Tanrının özünüifadə formalarından biridir.

Zühur aləmi, təzahür aləmi kimi müxtəlif adlar verdiyimiz bu müəyyən məkanda batin zahir ilə aşkar olarkən ruh da içinə üfürülmüş bədən vasitəsilə əllə tutula, gözlə görülə bilir. Bu nöqteyi-nəzərdən ədəbi sənətlərin tarixi dinlərin tarixi ilə kəsişir. Elm, din, ədəbiyyat- bu üçbucaq ən çox Füzuli yaradıcılığında bir-biriylə sıx əlaqədədir. 

Yazmaq üçün təkcə istedad yetərli deyil, dilə hakim olmağı bacarmaq, sənətin elmi-nəzəri cəhətlərinə müdaxilə etmək tələb olunur. Füzulinin fikrincə, şairlik ehtirası ilə alimlik istedadı birləşməyəndə elmli şeir yarana bilməz. Şeir elmə söykənməyəndə “qalibi biruh” olur. 

Elmsiz şeir əsassız divar olur,

əsassız divar qayətdə bietibar olur. 

Füzuli hesab edir ki, şair alim olmaya bilər, ancaq poeziyanı alim qədər mükəmməl bilməlidir. Ədəbiyyatşünas Mustafa Quliyev 1930-cu ildə çap etdirdiyi “Oktyabr və türk ədəbiyyatı” məqaləsində yazır: “Onun hər bir qəzəlində geniş həyati biliklər, təbiət hadisələrinin dərin təhlili, dünyanın fəlsəfi dərki öz əksini tapır”.  Təbii, sovetlər dönəmində Füzuli (digər klassiklərimiz də eləcə) müasirlik kateqoriyası ilə dəyərləndirilib. Bəkir Çobanzadə kimi miqyaslı bir alim “Füzuli və onun yeri” məqaləsində Füzulinin sufizmini tamamilə inkar edərək onu türk sufi şairlərdən ayırır: “Füzuli sufi, mistim degildirş Gerçək sufilər kibi o da “şərab”dan, “eşq”dən bəhs edər. Lakin onun bəhs etdiyi şərab, üzümdən yapılmış qırmızı şərab, “meyi-ləl”dir”. Füzulinin tərənnüm etdiyi ilahi eşqi Çobanzadə qara sevda, melanxoliya adlandırır. Elə həmin məqalədəcə yazır ki, “gərçi Füzulidə həqiqi sufi parçalar da vardır”. Göründüyü kimi, Füzulini maddi aləmə bağlamaq cəhdləri hələ ötən əsrin 20-ci illərindən başlamış və böyük mütəfəkkir şair yanlış istiqamətdə araşdırılmışdır. 

Bu, bir aksiomdur ki, Füzuli şeiriyyəti təsəvvüfi əxlaqla tam uyğunlaşır. Bəşəri eşqdən bəhs edən məhəbbətnamələrin alt qatı məhz ariflər üçün işarələr sistemidir. Özü farsca “Divan”ının dibaçəsində belə yazırdı: 

“Bir gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri “Divan”ını tərtib etdim ki, həm kamil müdəqqiqlər оnun üstüörtülü gözəl məzmunlarından həzz alsınlar, həm də sadədil zəriflər оnun zövq ziyafətindən paylarını götürsünlər”.

Füzuli demək istəyir ki, mən qəzəllərimi bilərəkdən iki mənada yazdım ki, zahirindən aşiqlər zövq alsın, batinindən ariflər. Füzulinin qüdrəti və böyüklüyü də məhz bundadır. 

Füzuli həm də bu günlə keçmiş arasında bir körpüdür. Onun kimi şairlərin vasitəsilə şeirimizin ərəb-fars klassik poetikası ilə əlaqə və təmasını öyrənmək mümkündür. Orta əsrlər leksik quyusundan bizi məhz Füzulinin işarələr və rəmzlər dili çıxarır. Bu baxımdan Aristotelin fikri yada düşür: “Poeziya tarixdən daha ciddidir”. Doğrudan da bəzən tarixin nişan verə bilmədiyi həqiqətləri, pərdəyə bürünmüş sirləri poeziya gözlərimiz önünə sərir. Füzulinin “Padişahi-mülk” qitəsi olmuşları bizə tarixdən daha canlı, daha diri formada göstərə bilir. Əsrlər keçdikcə Füzulinin söz dünyası bir az da aydın görünür – bütün tərəfləri ilə...

“Rind və Zahid”i yenidən oxuyun, heç oxumayanlar isə mütləq bu zövqü dadmalıdır. Ata nəsihət qapısını açır və oğulu düz yola səsləyir. Oğul isə öz dəmir məntiqi ilə atanın bütün dəlillərini alt-üst edir. Bu əsərdə Füzuli öz dövrünün ziddiyyətlərini yüksək sənətkarlıqla təsvir edir. Ata-oğul qarşıdurması, atalar-oğullar problemi fərqli aspektdən – Şərq düşüncəsi nöqteyi-nəzərindən təqdim olunur. Zahid “yalan söz naməşrudur, əqlə müğayirdir” deyir, Rind isə cavabında “şeirdə fayda gətirən yalan zərər yetirən doğru nəsrdən yaxşıdır”. Rindlə Zahid oksimoronu bədii müstəvidə ilk dəfə Füzuli qələmində bir-birinə bu qədər yaxınlaşır. 

Rind zəkidir, ağlı ilə dünyanı idrak edir. Demək, o, haqdan aralı düşməyib. Yenə Aristotel yada düşür; o, Tanrıya Ağıl, Us deyirdi.  Bütün formaların ana prinsipi Ağıl-Tanrıdır. Burada Rind də, Zahid də ağıla əsaslanır. Ata-oğul dialoqunda hər ikisi həqiqəti özünün dünyagörüşünə uyğun təqdim edir. Fatalistlər hər şeyi taleyin ixtiyarına buraxırlar. İnsanların çoxu hər şeyi bəxtin, taleyin boynuna atıb iş görməkdən boyun qaçırırlar. Belə tənbəllərə Füzuli Zahidin dili ilə xitab edir: 

“Hər kəs öz səyinin sayəsində müəyyən rütbəyə çatmalı, hər kəs öz səyi nəticəsində ruzi şərbətini içməlidir. Bəxtin qapılarını açmaq ixtiyarı hər kəsə verilib. Ta heç kəs özünün zillət töhmətini yaradılışa istinad etməsin və bir bəhanə tapıb zəhmətdən əl çəkməsin”.

Füzuli yaradıcılığında hürufi fəlsəfəsinin izləri də görünməkdədir. Surət aləmiylə bağlı şairin düşüncələri məhz hürufilərin “Allah insanın surətində təcəlla etmişdir” postulatından qaynaqlanır. Şair yazır ki, zənn etmə ki, hüsnün nəşəsi su ilə palçıqdır. Bəlkə həqiqətdir ki, gözəl üzdə aşkara çıxıbdır. Bu pərdədə bir oyunçu var, yoxsa heç kim özlüyündə nə pərdə saxlayan, nə pərdədə oturan, nə də pərdəni qaldırandır.

Yalnız surətdən mənaya yol tapmaq olar,

Məna gülünün bağçası surət bağçasıdır. 

Göz görür və gördüyünün daxilinə nüfuz etməyə çalışır. Allahın nişanələrini insan surətində bəyan edən həqiqətlər dünyanın bir Yaradıcı tərəfindən oyuna cəlb edildiyini göstərir. İnsan dünyaya gəlir, bu oyunda öz rolunu oynayır və səhnədən çəkilib gedir. Şekspirin “dünya bir səhnədir, insanlar aktyor” məşhur deyimi müxtəlif mütəfəkkirlər tərəfindən bu və ya digər şəkildə dəfələrlə təkrarlanıb. İnsan iri planda Allahın təcəssümüdür. Zahirlə batin arasındakı ziddiyyətlər sonsuzdur. 

Füzuli yazır ki, iki şey dünyada fəsad maddəsidir: riya və zina. Bunlar olmayan yerdə Rind ilə Zahidin həqiqəti birdir. Rind Zahiddə riya görür, Zahid Rinddə zina görür və bu səbəbdən bir-birlərinə müxalifdirlər. Bu iki zillət aradan qalxsa, zahidlər rindlərdən qaçmazlar. 

Rind “Allaha şükür ki, havavü-həvəs gözəlini aldım və boşadım” – deyir. Bu məqamda Zahidlə Rindin fikirləri üst-üstə düşür. Zahid qəlbindən riya tozunu silir, Rind surəti-halını tövbə ilə bəzəyir və ata ilə oğul arasında konflikt aradan qalxır. İnam ilə inamsızlıq arasındakı tərəddüdlər yoxa çıxır, ekzistensial müstəvidə Tanrıya yaxınlaşma baş verir. Şərq ədəbiyyatında atalar ilə oğullar arasındakı mübahisə sonunda oğulun atanı öldürməsiylə başa çatır. “Rind və Zahid”də isə bu toqquşma iman və küfr arasındakı əbədi münaqişənin sona çatmasıyla nəticələnir. Bu mənada Füzulinin əsəri nadir ədəbi nümunələrdəndir. 

Yalan həqiqətin tərs üzü deyilmi?!  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)