Edebiyyat.az » Poeziya » Mahir N. Qarayev - Son nöqtə

Mahir N. Qarayev - Son nöqtə

Mahir N. Qarayev - Son nöqtə
Poeziya
admin
Müəllif:
00:46, 20 iyul 2023
733
0
Mahir N. Qarayev - Son nöqtə

 


 

 

 

SON NÖQTƏ 

 

Hər şey hədərmiş –

bu gün də, bu həftə də,

bu şerin sonluğuna

bir azdan qoyacağım nöqtə də.

 

Bu siqarın tüstüsü,

bu qapının cəftəsi, 

bu divarın güzgüsü, bu çiçəyin ətri də;

 

o çərtdiyin qələmin, 

o yortduğun dəftərin 

əyri-üyrü cizgisi, qara-qura xətti də –

 

hər şey, 

hər şey hədərmiş...

 

Ən qısa şeir də,

ən uzun nəsr də,

ən yorucu şəhər də,

ən üzücü fəsil də bitərmiş.

 

Yetərmiş –

gec-tez sona yetərmiş

min birinci gecə ,

min ikinci küçə də; 

 

yorulduğun o döngə, 

burulduğun bu tin də, 

oturduğun o kətil, yatdığın bu mitil də...

 

 

Heç bir fərqi yoxmuş 

gecin, ya tezin; 

heç bir sirri yoxmuş 

gedər-gəlməzin –

 

gedənlər 

bir daha gəlməzmiş geri, 

gələnlər gedərmiş...

hər şey hədərmiş.

 

Sevgi dedikləri 

bir qara həvəsmiş, bir qara qanmış;

Ömür dedikləri 

bir quru nəfəsmiş, bir quru canmış –

 

o da buracanmış, bura qədərmiş...

hər şey hədərmiş.

 

İtərmiş 

hər şeyin mənası,

Kədərmiş 

əvvəlisonrası.

 

Günü günə calasan da

gün çatmayan ötən günlər,

əl çatmayan

ün yetməyən

bütün aylarbütün illər

unudulub gedərmiş...

hər şey hədərmiş.

 

Hər şey alın yazısı,

hər şey qədərmiş –

 

keçdiyin yol 

seçdiyin yol deyilmiş;

seçdiyin yol

keçdiyindən betərmiş –

 

hər şey, 

hər şey hədərmiş... 

 

***

 

Hədər olmayan 

yalnız bircə sözdü, bircə sətirdi –

o da nə yazılmış, oxunmuş nə də;

 

Qalan hər şey hədərdi –

son nöqtənin önündəki bu misra,

bu misranın sonundakı nöqtə də!

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)