Edebiyyat.az » Poeziya » Saday Əlizadə - Xatirəsinə

Saday Əlizadə - Xatirəsinə

Saday Əlizadə - Xatirəsinə
Poeziya
admin
Müəllif:
13:31, 31 mart 2024
797
0
Saday Əlizadə - Xatirəsinə




Kədərin əlində dustağa dönüb,

Xəyallar bir addım yeriyə bilmir.

O qədər soyuqdur sənin yoxluğun,

Şam da öz istisinə əriyə bilmir.


Hayana baxıram səni görürəm,

Xəyalın hər yanı alıbdı burda.

Gəl apar özünlə xatirələri,

Getmisən, cehizin qalıbdı burda.


Getmisən elə bil düşmən evindən,

Nə üçün gəlmişdin, onu bilmirəm.

Gedəndə yollarda saldığın o toz,

Rəsmini alıbdı, mən də silmirəm.


Rəsminin tozunu almıram ki mən,

Görməyim şəkildə mənim kimim var.

Döyüşür qəlbimdə eşq ilə nifrət,

Sənə həm məhəbbətim, həm də kinim var.


Görmək istəməsəm də, üzünü daha,

Ağlımdan heç çıxmır sənli günlərim.

Yazıram bu şeiri xatirəsinə,

Sənsiz yaşadığım, sənli günlərin.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)