Edebiyyat.az » Poeziya » Xəlil Rza Ulutürk - Azadlıq

Xəlil Rza Ulutürk - Azadlıq

Xəlil Rza Ulutürk - Azadlıq
Poeziya
Necef Esgerzade
Müəllif:
22:17, 01 iyun 2019
4 075
0
                İlham üstündə

Kameram – qızıl saray, barmaqlığım – bağça, lək,
Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
Ərzin hökmdarı tək!
Qarşımda ağ vərəqlər… büllur bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
Mürəkkəbim – Göygölüm bir cüt mavi damlası,
İlhamım – əzəmətli bir Xəzər qasırğası.
Köksüm – alov kürəsi, üzüm-gözüm dan yeri,
Barmaqlarım – günəşin şüa-şüa telləri.
Addımlarım – toprakdan bir azca hündür, uca
Hazıram varıb keçim xəttüstüva boyunca.
Gülüm qaima nigaran obadayam, eldəyəm,
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.

        Dədə Heydər - Atatürk

Azadlıq allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk.
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır – o işığa yol açaq.
Məsləki varlığından böyükdür, min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış… o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
Dalğalanır nəhr tək Dədə Heydər – Atatürk.
Azərbaycan, Türkiyə… Daş qala – qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük…
Qucur iki sahili Dədə Heydər – Atatürk.

Yaşasın od yurdu, kardeş Türkiye

Beşerin yoludur Atatürk yolu
Yağsa da yıldırım, boran, kar, dolu
Yar bu covğunları , ey genç Koroğlu,
Sarmaşsın Od yurdu, kardeş Türkiye
Türkseverler tacı Mustafa Kur’an,
Ölmez millet üçün yaradan, kuran
Sensen arkamızda dağ kibi duran
Dayağım, Od Yurdum, arkam Türkiye

                Vur

Elə mən özüm də bu gün yırtıcı…
Yırtıcı nifrətim düşməni qovur.

Ayıq kirpiklərim qisas qılıncı…
Vur, ölən daşnakdır, adam deyil, vur !
Yırtıcı düşmənim düşməni qovur.

Adam bənzəyir yalnız zahiri,
Kirli caynaqları neştərdən iti.
Dişinin dibində ölüm zəhəri,
Gəlir Yer üzünün ən murdar iti.
Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır, adam deyil, vur !
Yurdum özü boyda intiqam doğur.

Nə ilan, nə əqrəb təhlükəlidir,
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
Maskalı surəti ərzə bəllidir.
Paklar məbədinə girir natəmiz.
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.

Girir qılığına Nazarbayevin,
Girir arxasına Rafaellinin.
Min – min sifəti var təpəgöz divin,
Haça ürəklinin, haça dillinin.
Girir arxasına Rafaellinin.

İnanma millətbaz dələduzlara,
Rütbədən rütbəyə sürünənlərə.
Çoxu qulbeçədir tox donuzlara.
Rütbədən rütbəyə sürünənlərə.

Yalnız Ulu Türkə, Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim, dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun !

Güllə tükənərsə avtomatında,
Baxışın güllədir, əsirgəmə,vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan, raketdən də güclü qardaşım,
Vur, fateh külünü göylərə sovur.

Baxışın güllədir, əsirgəmə,vur !

Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağzında,
Vur,ölən daşnakdır, adam deyil,vur !

Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı !
“Dənizdən dənizə…” deyən alçağı
Boğmağa ildırım, ümman olmalı.
Ayağı altında vulkan olmalı !

Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım, Şuşa adlı sonsuz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə…

Çağırır ox kimi minarələri,
Müqəddəs heykəli devrilənlərim.
Yıxılan baş daşı, məzarı, qəbri
Nəbatat bağına çevrilənlərim,
Müqəddəs heykəli devrilənlərim.

“İntiqam” Qışqırır yaralı dağlar,
Qanları çaylara qarışanlarım.
Dağılan tifaqlar, sönmüş ocaqlar,
Şikəst taleyilə barışanlarım,
Qanları çaylara qarışanlarım.

“İntiqam” qışqırır yaralı çaylar –
Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.
Çaylara nə söylər ulduzlar, aylar:
Qul kimi sürünmək ölümdən betər !

Qalıbsa canında bircə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan, Laçından əl çəkən, inan,
Kor olur, əl çəkir iki gözündən
İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin,qeyrətin,
Vur,ölən daşnakdır, zərbəni bərk vur !
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır, adam deyil,vur !

Bakı, 3 sentyabr

      Azərbaycan

Gəzdim sənin çöllərini
Oba- oba, oymaq- oymaq.
Nə gözəlmiş qoynun sənin,
Ana torpaq, ana torpaq!

Astarada, Lənkəranda
Limonların rəngi sarı,
Süfrələrin bəzəyidir
Kürdəmirin qızıl narı.

Kür üstündə, göy Xəzərdə
Vətəgələr nə gözəldir!
Tora düşən balıqların
Ağ pulları sanki zərdir.

Seyr edirəm Abşeronun
Səhərini, axşamını.
Çox sevirəm burda bitən
Bal ənciri, ağ şanını.

Qızıl Quba, qızıl Qusar
Xatırladır ilk baharı.
Bağlarının şöhrətidir
Gül yanaqlı almaları.

Zaqatala qoruğunda
Cüyür- ceyran sürü- sürü.
Baxdıqca bu gözəlliyə
Uzanmazmı insan ömrü?

Mingəçevir dənizindən
Neçə- neçə kanal gəlir.
Bağ- bağatlı Şirvanla bir
Ağ pambıqlı Muğan gülür.

Gör nə qədər filiz yatır
Daşkəsənin dağlarında.
Xan çinarlar göyə qalxır
Qədim Gəncə bağlarında.

Çıxdım Şuşa yaylağına,
Çeşmələrdə gözüm qaldı.
Endim İsa bulağına,
Cığırlarda izim qaldı.

Kəlbəcərin dağlarında
Durub baxdım al səhərə,
Yerdə əlvan çiçəklərə,
Göydə qızıl şəfəqlərə.

Dərələrin gül beşiyi
Təpələrin gül dağıdır.
Səni belə gözəl edən
Azərbaycan bayrağıdır!

                        ***
Başım üstə yelləndikcə  göy, qırmızı, mavi bayraq,
Göy gül açır, yer göyərir budaq-budaq, yarpaq-yarpqaq.
Sağ-solumda yeriyənlər nəhrə dönür, axınlaşır,
Yaxınlaşır səadətim, ilk baharım yaxınlaşır.

…Haray ellər, dağ seliyəm, şəlalələr qanımdadır,
Sən baharı çöldə gəzmə, o cismimdə, canımdadır.
Mən adicə vətən oğlu, nə bəbirəm, nə də şirəm,
Ağaran saç ağ gül açır, döyüşlərdə gəncləşirəm.

                        ***

TÜRK sözündən qorxan gəda
Qəribədir şakərin:
TÜRK sözünü eşitcək, dərhal omba durursan,
Bacarsan həmin sözün düz gözündən vurursan.

Qardaşım oğlu—Türkel,
Doğma kəndim də—Türkan.
Şeirimdə görsən, dərhal pozub qaralayırsan.
Ya Mərdəkan yazırsan,
Ya Şüvəlan yazırsan,
Təki Türkan olmasın.
Dodaqaltı mırtdanıb, söylənib xısın-xısın
Bəzən aşkar deyirsən:
—Qardaş, “Türkan” olmasın.

Yox, “qardaş” sözünü sən götür geri, ey gəda!
Sözdən qorxan hərifdən qardaş olmaz dünyada
nə yaxına, nə yada.

Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:
Oddan, sudan, dənizdən, ilandan qorxan da var.
Həyulədən, teyfdən, xortdandan qorxan da var.
Ancaq sözdən qorxanı dünyada görən hanı?
— Yox, bu adi söz deyil,TÜRK sözüdür, ay canım!

Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!
Otuz yeddinci ilin lap dibinin xıltısan.

Sən neçənci ildənsən?
Qırxıncıdan?
nə fərqi?
Hələ heç doğulmamış qorxuludur qorxaqlar,
Bütün cinayətlərdə qorxağın barmağı var.
Sənin kimilərini süpürməsək cahandan,
Inan, bir də qayıdar bəlkə o qırğın, o qan.

Sənə xitab etməyi ar bilsəm də özümə,
Gərək davam eləyim başladığım sözümə.
Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm,
Ərzin ən böyük çayı Nilə bənzəyən TÜRKƏM!

AZƏRBAYCAN TÜRKÜYƏM, bu soyun şah budağı,
Neçə-neçə eranın köksümdədir qaynağı.
Ərzin buz laylarını əridən qüdrət mənəm,
Daş dövrünü yaşayan tunc,
Dəmir dövründə polad əridən qüdrət mənəm.
Avropanı oyatdı Atillanın qılıncı,
O qılıncı Füzuli qələminə çevirən
Cürət, ləyaqət mənəm.

Raketlərin anası arabanı kəşf edən,
Nə qədər uluslara: yunanlara, ruslara,
Tunquslara, lehlərə, almanlara, çexlərə
Min-min sözü bəxş edən bəşər atası TÜRKƏM!
Qulaq as, ey əqli kəm:
Məndən başlanır tarix,
Tarix qədər qocaman, tarix qədər müdrikəm.

TÜRKƏM, neçə millətə öz qanımı vermişəm,
Dənizlər bətnimdədir, ümmanımı vermişəm.
Get dolan Kamçatkanı, Alyaskaya gedib çat,
Amerikaya kəmənd at, orda rişəm var mənim.
Dillərini araşdır,

Öz doğmaca balamdır qədim hindular mənim.
Mən cığır yox, tarixin kəhkəşantək yoluyam,
Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.
Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm,
Türküstanda Farabi, İraqda Nəsimiyəm.
Bir qanadım Nəvai, o biri Yunis Əmrə,
Öyrən, hansı məqamda endim səmadan yerə.

Neçə millətin saçı əllərimlə darandı,
Iohan, İvan sözləri
Bizim “Xan”dan yarandı.
Uluq—Oleq qardaşdır, bəs Uğur—İqor necə?
Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.

Volqa—İrtış, Yenisey, Qızılirmaq – qollarım,
Ərzin şah damarıdır mənim döyüş yollarım.
Yox, biganə qalmadım nə xeyirə, nə şərə,
Mən “çelovek” sözünü bəxş eylədim bəşərə.

Sınırlanma boş yerə,
TÜRKƏ qarşı tuşlanmış cəsuslar görmüşəm mən,
Bulanlıqkən durulmuş,
Öyrənərkən ayrılıb özü TÜRKƏ vurulmuş.

TÜRKƏM!
Bircə həyatım yetmiş dəniz yelkəni,
Sən get anandan öyrən kimdən qazanmış səni?! 

       Yavaş-yavaş

Hər şey yavaş-yavaş olur,
Bu dünyaya gəlişimiz yavaş-yavaş,
Bu dünyadan gedişimiz yavaş-yavaş,
Günlər axır,ilə dönür.yavaş-yavaş
Fil balası filə dönür yavaş-yavaş
Qayğı,əmək-qızıl gülə,
Yağış,yağmur selə dönür yavaş-yavaş,
Çaylar polad sahilləri didir,eşir yavaş-yavaş,
Maviləşir,müdrikləşir,dənizləşir,yavaş-yavaş
Birdən-birə qalxarmı dağ?
Daş üstünə gələr bir daş
Təpə qalxıb dağa dönər yavaş-yavaş
Lapdan alov püskürsə də,
Vulkan özü güc toplayır yavaş-yavaş
Bəslənilir qanda qeyrət,ürəkdə şir yavaş-yavaş.
İgid bəzən əfəlləşir, əfəl bəzən igidləşir yavaş-yavaş
Pak ürəyə bəzən qara əl uzanır yavaş-yavaş,
Dar gözlükdən satqınlığa yol uzanır yavaş-yavaş.
Nəfs,tamah güc gələndə,insan dönür canavara yavaş-yavaş,
Mətləbimi qanaydın kaş;
Torpaq cənnət ola bilər, yaxud dönər cəhənnəmə yavaş-yavaş.
Sən Dəmirləş!Sən Poladlaş!
Bil ki,ürək döyünmürsə sönə bilər yavaş-yavaş,
El birləşsə,Vətən olar!
Vətən insan yığımına dönə bilər yavaş-yavaş,
Əziz balam,umud qalam!
Bu gün cahan işıqlanır, sevgi,sevinc qönçələnir yavaş-yavaş,
Əjdahalar ölüb gedir, imperiyalar parçalanır yavaş-yavaş.
Sən dağlara qalxmaq üçün əzaba döz,dərdə qatlaş!
Yoxuş dırmaş!
Aşırım aş!
Enmək birdən-birə mümkün, qalxmaq usə yavaş-yavaş…..

        Azadlıq

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)