Edebiyyat.az » Proza » Dərviş - Yemək yeməyənlər şəhəri

Dərviş - Yemək yeməyənlər şəhəri

Dərviş - Yemək yeməyənlər şəhəri
Proza
admin
Müəllif:
22:35, 26 dekabr 2020
2 875
2
Dərviş - Yemək yeməyənlər şəhəri





    Təxmini on milyon əhalisi olan şəhərin tənbəl gənclərindən biri idim və mərkəzi parkda oturub kənarda baş verənləri sakitcə izləyirdim. Günün bu vaxtı şəhərdə hərəkət pik səviyyəyə çatırdı adətən. Tanımadığı birisinin evindən çıxıb öz evinə qayıdan fahişə, sevdiyi komandanın oyununu izlədiyi üçün yuxusuz qalan taksi sürücüsü, məndən iki skamya kənarda öpüşən gənclər, onlara baxanda düşünürdüm ki, bu istidə də öpüşmək olar? Nə isə, çox baxmadım. Kiməsə gözlərini zilləməkdən zəhləm gedirdi. Üzümü çevirib yolun digər tərəfindəki Burger King filialına diqqət etdim, içəri yenə insanlarla dolmuşdu. Hamı fast-food’ları mədələrinə ötürüb piylənmə əmsalını artırmaq üçün daha bir addım atırdı. Üstəlik bəziləri görüşməkçün gəlirdilər bura və təbii ki, boş oturmaq istəmirdilər.
    Birdən beynimin içində bir qığılcım olduğu hissi yarandı. Sanki kimləsə danışırmış kimi sual verdim. Görəsən, yemək yeməsək nə olar? Yeməksiz yaşaya bilərikmi? Ayağa qalxıb evə doğru getməyə başladım və kənardakı gənclərin qarşısından keçdim. Hələ də öpüşürdülər. Evə çatıb internetdə aclıqla bağlı araşdırma etməyə başladım. Cavab olaraq əsasən Afrikayla bağlı məlumatlar çıxırdı. “Bu gün daha 400 nəfər aclıq səbəbiylə öldü”, “Afrikada susuzluqdan uşaqlar öz qollarını yalayır” kimi xəbər başlıqları sıxırdı məni. Bir anlıq arzu etdim ki, kaş o Burger King’də həmin Afrikalılar olardı. Amma arzular bəzən elə arzu olaraq da qalırdı. Ağlıma bir fikir gəldi və telefonumu götürüb dostlarımdan birinə yığdım:
    - Alo, Ram necəsən? (Mənə qısaca Ram deyirdilər)
    - Səninlə görüşüb bir məsələ barəsində danışmalıyam. Bəlkə onda yaxşı oldum.
    - Ram, nəsə pis bir şey olub?
    - Hə və getdikcə daha da pisləşir. Yarım saatdan sonra həmişə görüşdüyümüz parka gəl.
    - Yaxşı.
    İçimi sıxan həmin xəbər başlıqlarını telefonun kamerasına çəkib evdən çıxıram. Dostumla yarım saatdan sonra həmin parkda görüşürük.
    - Hey, dostum, sən yaxşısan? Telefonda səsin təlaşlı gəlirdi.
    - Gəl, burda oturaq.
    Yaxşı ki, bayaqkı gənclər burada deyildilər. Yolun digər tərəfindəki Burger King’i göstərib deyirəm:
    - Ora bax. Nə görürsən?
    - İnsanlar.
    - Nəylə məşğuldular?
    - Necə yəni nəylə? Ora qidalanmaq üçün yaradılıb və normal olaraq insanlar da yemək yeyir.
    - Niyə?
    - Ram, sənə nə olub? Bu nə mənasız suallardı verirsən? Buna görə görüşmüşük?
    Cibimdən telefonumu çıxarıram. Evdə çəkdiyim şəkilləri ona göstərib bir də soruşuram:
    - Niyə?
    Əvvəlcə şəkildəki yazıları diqqətlə oxuyub sonra yemək yeyən insanlara bir də baxır. Telefonu mənə qaytarıb təəssüf hissiylə başını yelləyir.
    - Ram, bilirsən bu çox pisdi. Məncə, bu ədalətsizdir.
    - Hə, ədalətli deyil.
    - Biz nə edə bilərik axı?
    - Sənlə görüşməzdən qabaq kənarda iki gənc dəqiqələrlə öpüşürdü. İnsanlar buna heç bir reaksiya vermirdi. O iki nəfərə Afrikadakı insanlar maraqlı olmadığı kimi onları görüb keçənlərə də maraqlı deyildi. Amma mən belə boş dayanmaq istəmirəm.
    - Anlayıram səni. Bəs nə etməyi planlaşdırırsan?
    - Bu dəqiqədən etibarən yemək yeməyəcəm və bütün şəhərə bu xəbəri necəsə yaymalıyam.
    - Axı, sənin pəhriz saxlamağın nəyi dəyişəcək?
    - Dostum, bu pəhriz deyil. Mən istəyirəm bütün şəhər – 10 milyon insan da yeməkdən imtina etsin. Heç olmasa bir neçə gün.
    - Nəəə? Sən ağlını itirmisən, Ram?
    - Mənə kömək etməlisən. Həm də o aclara. Sənin atan dövlət adamıdı. Buna görə səni çağırmışam. Mənə kömək et, dostum!
    - Ram, bunun alınacağına heç ümidim yoxdu amma sənə görə cəhd edəcəm. Mən indi evə gedirəm atamla danışmaq üçün. Sən də öz fikirlərini çalış yazı şəklində internətə qoy. Bəlkə səsimizə səs verən oldu.
    Onu qucaqlayıb təşəkkür etdim. Daha sonra sağollaşıb evlərimizə yollandıq. Evə çatan kimi bir səhifəlik bir yazını internetə yerləşdirdim. Bu həm də mitinqə çağırış xarakterli bir yazı idi.
    Axşam dostumdan gələn zəngi gözləməklə keçirdi. Söz verdiyim kimi yemək yeməmişdim, bu haqda heç düşünmürdüm də. Hərdən bir internetdə yazımın nə qədər oxunulmasına baxırdım. Çox az idi və heç bir rəy yox idi. Bir neçə saatdan sonra dostumdan gözlədiyim zəng gəldi. Cavab müsbət deyildi. Kor-peşman çarpayıma uzanıb tavana baxırdım. Elə beləcə də yuxuya getmişəm.
    Səhərlər yuxudan çox gec oyanırdım. Yatmağı sevirdim və heç kim oyatmasın deyə telefonumu səssizə qoyurdum. Dünən axşam isə bunu etməyi unutmuşdum. Elə bu səbəbdən də telefonun zənginə yuxudan çox tez oyanmalı oldum. Mədəm ağrıyırdı. “Yes”ə basıb gözüyumulu dinləyirəm:
    - Ram, oyan! İnana bilmirəm bu alındı. Atam artıq buna görə bir neçə nəfərlə danışmalı olub. Hamısı sənin sayəndə oldu. Tez ol, oyaaan. Ram!
    Gözlərimi açıb nə demək istədiyini anlamağa çalışırdım:
    - Sən nə danışırsan? Mən anlamıram.
    - Tez ol, internetə gir.
    Telefonu bir əlimdə saxlayıb internetə girirəm. Dünən axşam yazdığım bir səhifəlik yazının oxunma sayısını görəndə tam olaraq yuxu hormonlarımdan ayrılıram. 17043.
    - Vau. Bu necə oldu axı?
    - Hələ bu harasıdır? Email’inə göndərdiyim linklərə gir.
    Həmin linkləri bir-bir açıram. İnsanlar ac qalma aksiyası keçirtmək istəyirdilər.
    - Ram, atam dedi ki, bu gün aksiya olacaq çox güman və o artıq sənin məsələnə ciddi yanaşmağa başlayıb. Bir neçə polis də göndəriləcək hər hansı xoşagəlməz hadisələr yaşanmasın deyə. Tez ol, gəl.
    Telefonu söndürüb tez paltarlarımı geyinirəm. Qapını örtüb evdən çıxıram. Heç əl-üzümü də yumamışdım. Tələsik addımlarla aksiyanın keçiriləcəyi yerə addımlayırdım. Az da olsa sevinirdim və ümid yaranmışdı ki, nəsə alınacaq.
    Ora çatıb dostumla görüşürəm.
    - Ram, buna bir bax. Azı min nəfər.
    İnsan izdihamını görəndə özümü hələ də yuxudaymış kimi hiss edirdim. Bu vaxt dostum qolumdan dartıb irəliyə aparır məni.
    - Sən onlara başçılıq etməlisən, Ram.
    - Mən? Axı...
    - Nə axı? Bəsdi görək. Bu qədər insan sənin bir səhifəlik yazına görə bura yığışıb.
    Dostum irəli gedib səs ucaldıcı ilə qışqırmağa başladı:
    - Hey, əziz şəhərlilər! Bax bu yanımda gördüyünüz oğlan o yazını yazıb. Onun adı Ramdı.
    Hamı bir anda mənim adımı qışqırmağa başlayır: “Ram, bir söz de”, “Ram, nəsə etməliyik”, “Ram, Afrikalılar aclıqdan ölür”.
    Mən səs ucaldıcı aləti götürüb hündür bir yerə çıxıram. Dərindən nəfəs alıb ilk dəfə bu fikirlərimi insanlara ötürürəm:
    - Əziz, şəhərlilər! İlk olaraq çox sağ olun ki, burdasınız. O yazını yazmazdan əvvəl heç bir ümidim yox idi. Sadəcə xeyirli bir iş görmək istəyirdim və bu gün min nəfərə yaxın insanı burada görmək məni sevindirir. Biz yemək yeməsək həm dünyamıza, həm də Afrikalı insanlara yaxşılıq etmiş olarıq. Biz bu dünyada yaşayırıq. Afrikalılar da həmçinin bu dünyadandırlar. Sadəcə bir neçə gün yeməklərə yox deməyi bacarmalıyıq və bunu mədəni şəkildə etmək lazımdı. Yəni, nə McDonalds’ın şüşələrini sındırmaq, nə də Burger King’dəki insanları məcbur çölə çıxarmaq lazımdır. Mən dünəndən bəri heç nə yemirəm. Bu bir şəhər üçün vacib deyil amma min nəfər günlərlə ac qalsa, dövlət qurumları artıq nəsə etməyə məcbur olacaq. Bu şəhərdə 10 milyon insan yaşayır. Təxmini 3 milyon ailə. Hər evdən iki gün ərzində ən azı üç kiloqram tullantı atılır. Bu o deməkdir ki, bizim on milyonluq gözəl şəhərimiz iki gün ərzində dünya üçün 9000 ton tullantı hədiyyə edir. Marketlər, restoranlar və fast-food mərkəzlərini hələ hesablamıram. Və bu sadəcə iki gün üçün təxmini statistikadır. Bunun bir il ərzində nə qədər olduğunu düşünün. 8 milyard insanın hədiyyə etdiyi tullantının çoxluğunu isə düşünməyə qorxuram. Üstəlik plastik paketlər dəniz canlılarını məhv edir. Onların məhvi mərcanların məhv olmasıdır. Mərcanlarsız həyat isə qlobal istiləşmənin artmasına səbəb olur. Başa düşürsüz, dostlar? Biz yemək yedikcə dünyamızı, yəni özümüzü məhv edirik. Həə, nə deyirsiz? Dünyamız üçün, Afrika üçün ac qalmağa razısız?
    Hər kəs alqışlayır və dəstəklərini qışqıraraq göstərirdi: “Mən bu gündən yemək yeməyəcəm”, “Yaşasın pəhriz, yaşasın Afrika”, “Təmiz dünya üçün”, “Delfinlər ölməsin”, “3 gün çox deyil”, “Bağlayın marketləri!”.
    Biz - min nəfər dünyanı xilas etmək istəyən gənc artıq evə getmir, elə küçələrdə qalır və yemək yemirdik. İkinci gün artıq iki TV kanalı, beş-altı internet saytı müsahibə alır və məqsədimizi soruşurdu. Polislər isə hakimiyyətə qarşı çıxdığımız üçün deyil, sadəcə bir neçə gün yeməksiz yaşamaq istədiyimiz üçün heç nə etmirdi. Sayımız artıq 5 mini keçmişdi. Biz restoranlarda yemək yeyən insanları yanımıza çağırırdıq. Bir neçə magistral yol ordumuz tərəfindən bağlanmışdı. Bəli, ordu. TV-lərdə bizə bu adı qoymuşdular – Dünyanı xilas edənlər. Pankartlara yeni sözlər əlavə olunurdu: “Afrika üçün ədalət”, “Afrika qızıl istəmir, onlara su və yemək lazımdır”.
    Üçüncü gün biz demək olar artıq bütün ölkənin diqqət mərkəzindəydik. Hətta dünyanın başqa ölkələrində də bu haqda xəbərlər yayımlanırdı. Ordumuza qoşulmaq istəyənlər səhəri gözləmir elə qərar verdikləri anda bizə qoşulurdular. Hər kəsdən bir gün çox ac qaldığım üçün getdikcə taqətdən düşürdüm. Amma yaratdığım “dünyanı xilas edən” ordumu görmək güc verirdi mənə.
    Növbəti gün bizim əleyhimizə olan bir qrup insanla qarşılaşdıq. Onlar “Siz xəstəsiz”, “Fuck of”, “İnsan yeməksiz yaşaya bilməz” kimi şüarlar yağdırırdı üstümüzə. Bizim ordu isə qarşılığında belə cavab verirdi: “Düzdür, insan yeməksiz yaşaya bilməz, Afrikalılar kimi”.
    Mən onların başçısıyla danışıb hər şeyi ətraflı izah etdikdən sonra o öz qrupuna düşünmədən bizim ordumuza qoşulmağı bildirdi. Bu inanılmaz idi. Beşinci gün bizim sayımız 25 mini ötmüşdü. Bütün ölkə bu haqda danışırdı və xaricdə bu mövzu bir nömrəli mübahisəyə çevrilmişdi. Biz insanların inamını qazanmışdıq. Əsas məsələ indi bunu tətbiq etməkdə idi. Şəhərdə xeyli yol bağlanmışdı. Xaos getdikcə böyüyürdü. Məni həbs etmək istəyən polislərin cəhdləri uğursuzluqla nəticələnirdi. Çünki 25 minlik ordu mənim tərəfimdə idi və polislər nəsə edə bilməyəcəklərini anlayırdılar. Say baxımından onlardan qat-qat üstün idik. Artıq digər şəhər və hətta ölkələrdən bizə qoşulanlar var idi. Bir həftənin tamamında sayımız rekord həddə çatmışdı – 53 min nəfər. Biz sadəcə üç günlük bütün qida satılan məkanların bağlanmasını və yemək yeməməyi istəyirdik. Bunun faydasını isə artıq biz yox TV-lər danışırdı.
    Şəhərdə yaranmış xaos mənfi hal idi. Bir həftə heç bir qida almayan minlərlə insan qida sektoruna ciddi təsir göstərməyə başlamışdı. Bunu anladıqdan sonra geri çəkilməyəcəyimizi görüb üç günlük qida satılan bütün obyektlərin şəhər üzrə fəaliyyətinin dayandırılması barədə məlumat aldıq. İstədiyinə nail olmuşdu “Dünyanı xilas edən” ordu. Bu səbəbdən biz izdihamı dağıtmağa başladıq və verilən sözə əməl olunmayacağı təqdirdə daha böyük kütləylə qayıdacağımızı bildirdik. Dövlət tərəfindən bir tarix seçildi və üç gün ərzində bütün marketlər, restoranlar və digər qida sektoru olan yerlər bağlı qalacaqdı. Bütün şəhər üç gün ac qalmağa məcbur idi. Bu səbəbdən şəhəri tərk edənlər də var idi. Lakin bu nəyisə dəyişmirdi. Çünki digər şəhərlərdə də bu cür aksiyalar, mitinqlər keçirilməyə başlamışdı. Vəziyyət daha da ciddiləşməsin deyə şəhər üzrə üç günlük ac qalma qərarı dəyişdirilib ölkə üzrə edildi. Buna da qarşı çıxanlar var idi təbii ki. Amma bu şəxslər polislər tərəfindən zərərsizləşdirilirdi.
    “Dünyanı xilas edən” ordu istisna olmaqla bütün ölkədə fövqəladə hal qeydə alınmışdı. Növbəti gün isə üç gün ərzində qida üçün xərclənməli olan amma xərclənməyən pulların toplanması üçün fond yaradılmışdı. İnsanlar Afrikaya ərzaq göndərmək üçün bunu edirdilər. Təbii ki, bu dəfə də seçim insanlara buraxılırdı və heç kim məcbur edilmirdi. Ən maraqlısı isə dünyada fərqli günlər olmaqla hər ölkə üzrə iki günlük ac qalma söhbətləri yayılırdı. Bu hadisə əlamətdar bir günə çevrilmişdi.
    Mən öz sevimli kreslomda əyləşib hamburger yeyə-yeyə dünyanın gözəlləşməsini izləyir və mədəsi tox Afrikalılara görə sevinirdim.




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (2)