Nemət Mətin - Ruh
Həmin gün ilk dəfə heyrətlənmişdim. Əvvəllər də olmuşdu. Lakin o gün hədsiz dərəcədə böyük heyrət hissi ürəyimə yağ kimi yayılmışdı. Hər şey nənəmin ağlamağı ilə başladı...
Nənəm doxsan yaşında üzü qırışmış, beli bükülmüş bir xanımdır. Saçları düm ağdır. Görəndə təəccüblənirəm. Mən onu tanıyandan başında şal olub. Arada saçını daramaq üçün yaşmağını açar və uzun ağ saçları çiyninə qədər tökülər. Çətin həyat yaşayıb nənəm. Doğulan ili böyük kəndimiz iki yerə bölünüb. Neft həddindən artıq çıxdığı üçün kəndin yarısını beş-altı kilometr aralıda yeni salınmış kəndə köçürülüb. Kiçik yaşlarında üç bacının bir qardaşı vəfat edib. Nənəm Zümrüdün on bir yaşı olanda İkinci dünya müharibəsi başlayıb. Belə də kasıb yaşayan insanlar müharibə ərəfəsində daha da kasıblayıb. İşə bir bax, adın Zümrüd ola kasıb yaşayasan. Nənəm üç sinif oxumağına baxmayaraq yaddaşı polad kimi bərk olub həmişə. Hər kəsi tanıyırdı. Suallara dəqiq cavab tapan adam olub. Az danışan olsa da, ağzı açılanda maraqlı hadisələr danışardı. Bir dəfə danışır ki, günlərin bir günü kəndə uzaq sibirdə sürgün həyatı yaşamış kəndçimiz geri dönür. Belində də bir kisə kartof. O zamanlar biz tərəfdə kartof nədir bilmirdik. Bütün kənd namaz əhli olduğundan xristian torpağından gətirilmiş tərəvəzi qəbul etmirlər. Kişi nə qədər izah etsə də anlamaq istəmirlər ki, ac qalmaqdansa, kartof yemək yaxşıdır. Axırda səbri tükənən keçmiş dustaq kisəsini də götürüb evə gedir.
Nənəm müharibədən sonra ayağından güllə yarası almış babama ərə gedir. Daha doğrusu gəlir. O zamanlar görüşmək, nişan üzüyü taxmaq, həri, nişan, xınayaxdı olmayıb. Sənəd söz olub. Söz dedinsə, əməl etməlisən. Bir dostunun maşını ilə nənəm gilə gedərək onu öz evinə gətirib. Cehiz olmayıb, gəlin paltarı olmayıb. Makiyaj, dırnağ düzəltmək, fotosessiya olmayıb. Sadəcə olaraq gəlinə ata evindən nəsə pay verirdilər. Zümrüd xanıma qəzetə bükülmüş quru balıq veriblər. Vəssalam. Beləcə nəslimiz çoxalmağa başlayıb. Dörd uşağı zülüm ilə böyüdüb nənəm. Həmçinin sonbeşik olan atamı da. Babamla bir yerdə dəmir zavodunda işləyib. Axşam evə gələndə paltarları əl ilə yuyub, uşaqlara yemək bişirib. Bir sözlə bütün işləri özü görüb. Yorulmadan çalışıb. Kəndin bütün xanımları kimi. Nənəmdə olan enerji heç Günəşdə də yoxdur. Hər zaman belə fikirləşmişəm. Dəfələrlə bir-iki daş çörək üçün əvvəlcə alabaş avtobusla, sonra bir neçə kilometr ayaqla yol qətt edib.
O cür ağır günlərdə babamın da qeydinə qalıb. Onu cəmiyyət içinə dəmir ütü ilə ütülənmiş kostyumda göndərirdi. Medallar yaxasında, araxçın və buxara papaq başında, əsa əlində... Bir baxışından bilərdi babam çay istəyir, yoxsa yemək. Babamın sevimli yeməkləri səhər xəşil, axşam küftə bozbaş idi. Nənəmin zövqünü soruşan yox idi. Heç özü də bilmirdi nə xoşlayır. Həmişə uşaqları və əri nə yeyirdisə, ondan yeyib Allaha şükür edirdi. Babam quran oxuyanda sakitcə dəmir sobaya söykənib dinləyərdi. Heç nə anlamasa da Allahın böyüklüyünə və sözlərinə şəkk etməzdi. Babam salavat çevirəndə o da çevirərdi. Günlər, aylar beləcə ötüb keçirdi. Nəvələri dünyaya göz açanda sevinmişdi. Ağlamışdı ürəkdən. Oğlunu, yəni əmimi xərçəng xəstəliyindən itirəndə isə havalandı. Bəlkə də havalanmazdı. Ona pis təsir etməsin deyə, məclislərdə iştirak etməyinə icazə vermədilər. Evdə tək qalıb dəli oldu. Yavaş-yavaş burnu torpağa yaxınlaşmağa başladı. Qəddi əyilmiş nənəm heç kimi tanımır, tanısa belə adları qarışıq salırdı. Ölüləri sağ bilir, sağları öldürürdü. Arada pis ruhları kəndin qədim dilində söyür, sonra da barışardı. Qardaşını da diriltmişdi. O hər gün bizə gəlib qapının arxasında qalırmış. Biz qapını açmırdıq. Bütün ölmüş tanışları ilə söhbəti var idi. Hərdən onlar üçün bağlama hazırlayıb hasardan o tərəfə atardı. Atam isə gedib deyinə-deyinə gətirərdi. Bağlamada corab, sabun, konfet olardı...
Havanın çönəcəyini nənəmin sakit və ya çılğın olmağından anlayardıq. Söyüş söydüyü gün külək, yağış olardı. Sakit olduğu günlər Günəş hər tərəfi isidərdi. Barometr deyərdim ona zarafatyana...
Həmin gün müsəlmanın həmin günüdür. Dünən olmuşdu hadisə. Nənəm son bir həftədə heç nə danışmır. Qapıya qədər getsə də sakit dayanıb yenidən geri qayıdır. Dünən isə qəfil ağlamağa başladı. Nə üçün ağladığını soruşanda isə bir cümlə dedi:
“Tərlan ölüb, hə?”
Düz gözlərinin içinə baxdı sonbeşik oğlunun. O isə quruyub qaldı. Sonra sağ olduğunu bildirib getdi. Tərlan bibisi nəvəsi idi. Onun öldüyünü Zümrüd xanıma deməmişdik. O isə xəbər tutmuşdu. Haradan, necə? Kim demişdi? Ruhlar? Bəlkə, ölmüş qardaşı? Dünəndən yata bilmirəm...