ĞADƏT ƏS-SƏMMANIN “BEYRUT KABUSLARI” ROMANINDAN PARÇA
Kabus 1
Səhər günəşin ilk şüaları görünəndə biz özümüzə gəldik və inanılmaz olsa da, anladıq ki, biz sağ qalmışıq və dəhşətli gecə arxada qalıb.
Həmin gecə bizim ev atəşin mərkəzinə düşmüşdü – mina və mərmilərin aramsız uğultusu elə bil bütün dünyanı ağılagəlməz, çılğın bir hücumla üz-üzə qoymuşdu. Hər tərəfi bürümüş kükrəmə və ulartı səsləri, elə bil axmaq döyüşçülərin cızdığı anlaşılmaz döyüş ssenarisi ilə əhatələnmişdi.
Hələ bu hadislələrdə silkələnib ayılmağa və yuxusuz keçən gecədən sonra biz qərar qəbul etdik ki, qocaları və uşaqları evakuasiya etmək lazımdır. Hamı sarsıntı içərisində əllərinə keçən ilk əşyaları, uşaqlarıçün və qeyrilərinin çantalarını əllərində tutaraq vurnuxur və mənim maşınımın dayandığı yerə düşürdülər. Maşının sürücü tərəfdən qabaq şüşəsinə dəyib dəlik açan güllə yerini gözüm aldı, hansı ki, orada olsaydım, düz alnıma dəyəcəkdi. Arxa şüşə çat-çat olmuşdu və təsadüf nəticəsində qırılıb tökülməmişdi. Əlimi istəmədən başıma apardım və gülümsünəntəhər oldum: başım hələ yerindəydi.
Təlaşlanmış qocalar və uşaqlar küçədə idilər. Qırılma nöqtəsinin diktəsi adama narkotik kimi təsir edir və səndə əlavə güc yaranır ki, sərt məntiq və sağlam düşüncənin boğucu təsirinə yönələsən.
Maşına yığışanda qapıları sanki astadan örtdük ki, çatlamış arxa şüşə qırılıb üstümüzə tökülməsin.
Çox qorxurdum ki, mənim bu köhnə maşınım özünün adi şakərini təkrarlasın – yerindən tərpənməsin, yaxud heç işə düşməsin. Açarı yerinə salıb buranda ürəyim Afrika tamtamları kimi çarpırdı. Xoşbəxtlikdən mühərrik işə düşdü və maşın yerindən tərpəndi. Başımda bir fikir vardı ki, sərnişinlərimi tez yerlərinə çatdırım və geriyə, evimizə dönək.
Nəhayət, biz onları bir qohumumuzun evinə yerləşdirib, geriyə evimizə qayıtdıq; maşını bir gəlincik kimi sağa-sola döndərir, ən sərt şəkildə sürürdüm. Geri dönəndə çoxlu sayda postlardan keçməli olduq, hansı ki, əli silahlı adamlar gözlərini bizə dikmişdilər. Mən onlara baxmamağa çalışsam da, onların gözlərini mənə zillədiklərini hiss etmişdim. Onlar görürdülər ki, mənim maşınım gülləyə tutulub və hətta güllənin biri düz başımın üstündən keçib. Onlara qəribə gəlirdi ki, mən bu halda özümü necə rahat hiss edə bilirəm, hətta emosiyalarımı hiss etdirmirəm. Bəlkə də onlara elə gəlirdi ki, mən ölmüşəm və öləndən sonra rahaca maşını sürməyə başlamışam. Bizə isə elə gəlirdi ki, yollar boşdur və bir maneəyə rast gəlməyəcəyik.
İş ondadır ki, onlardan heç biri bizi saxlamadılar.
Kabus 2
O səhər maşınımı buraxıb rahat şəkildə evə gələndə - sonrakı əmrə qədər – evimi həmişəlik tərk edəcəyimi bilmirdim. Qapını arxamdan kilitlədiyim andan etibarən, həyat və rahatlıq arasını da sanki bağlamış oldum... və dustaq oldum... uzun sürən bir kabus oldum və hələ də sürməkdədir...
Qardaşım və mən məhkum rolunu oynamaq üçün evə döndük... və əgər bilsəydik, geri dönərkən özümüzə yemək də gətirərdik... və əgər bilsəydik, bəlkə də geri dönməzdik... və əgər... və hətta... peşmanlıq tarlalarına “əgər” əkdik və “keşkə” kəlməsi...
Kabus 3
Hələ radionu dinləməmişdik. Sadəcə geri dönərkən bir ay sonra ilk dəfə diktor Şərifin* təlimatlarını dinləmədən evdən çıxdığımı və əl -üzümü yumadığımı xatırladım.
Onu dinləyəndən sonra xeyli keçdi. Silahlı adamlar köhnə kiçik evimizin üçüncü mərtəbəsinə baxan “Holiday ınn” mehmanxanasına doluşurdular; bir kəndlinin evciyini zəbt edən quldurlar kimi...
Ancaq onda oyandım ki, müdafiəsiz halda müharibə meydanının ortasında, müdafiəsiz şəkildə, həhsxanadaymış kimiyəm... Yemək sifarişi üçün baqqala zəng etdim, cavab vermədi. Bütün məhəllədəki dükanlara da zəng vurduq, cavab verən olmadı. Qonşulara səsləndik, oğlanları Amin şaşqın halda soruşdu ki, hansı mərtəbədəsiniz? Ətrafda nələr olduğunu bilmirsinizmi?
---------------------------------------------------------------------------------------------------------------------------------------
*Şərif – 1975-76-cı illərdə Livandakı Vətəndaş Müharibəsi zamanı Livan radiosunun diktoru. Şərif şəhərdəki vəziyyəti gündəlik şərh edir, əhaliyə hansı küçələrdə təhlükəsizliyin necə olduğu barədə məlumat verir, hərəkət barədə xəbərdarlıq edirdi. (Tərcüməçinin qeydi.)
Kabus 4
Harda yaşayıram?
Bu sual məni qorxunc bir gerçəkliyə qaytardı. Bir müharibənin içərisində yaşayıram; heç bir silahım yoxdur... qələmdən başqa heç nəyim yox... barmaqlarımın arasında, kağız üzərində axan, ağ pambıq tarlasında sürünən və yaralı bir adamın qan izləri kimi damlayan görüntünün xaricində heç nə hiss etmirəm...
Harada yaşayıram?
Görünüşə görə misralar arasında – şeir evində yaşayıram, qırılıb tökülmüş... Başımı qoyduğum yastıq bir əfsanə boğçası, üstümə örtdüyüm örtük – cildimin qapağı, bütün dünyam – silah-sursatım otuz üç hərfdən ibarət qrammatik qaydalardır...
Harada yaşayıram?
Bir mərmi partladı. Hər şeyimiz ağır zərər gördü. Niyə mənə özümü silahla qorumağı öyrətmədilər? Mənim qələmimin kağız üzərində buraxdığı səslər kimə gərəkdir? Bu döyüş zəbanəsində ədəbiyyatın, mənim qələmimin mübarizəsi nə vəd edə bilər? Və mən qərar verdim: əgər belə davam etsə, mən öz səhvimi düzəltməliyəm, əgər zaman mənim səhv etdiyimi üzə çıxartsa... İndi öz-özünü qınama və boş filosofluq etmə zamanı deyil. Önəmli olan yaşamağımdır, çünki bu, həyatın tək qarantisidir.
Mərmilər bir-birinin ardıncan düşməkdə davam edir. Düşündüm ki, indi hərbin qanunları ilə qərar qəbul etməliyəm.
Kabus 5
Mən ayrıca bir vərəqdə özüm üçün bunları yazdım:
1.Evdə heç bir silah yoxdur. Hətta mətbəx bıçaqları da kütdür. İş ondadır ki, mən vuruşmağı bacarmıram, Mən Mahatma Qandi üsulundan istifadə etməliyəm. (Amma bu o demək deyil ki, mən ölməyə hazırlaşıram.)
2.Əks halda mən yanğınsöndürən cihazına ümid bağlayıram. Uzun axtarışdan sonra mən onu kabinetdən tapdım. Mənə elə gəlir ki, onun köməyi ilə ancaq siqareti söndürmək olar.
3.Ərzaqımız beş günə çatar. Görünür, ərzaqdan qənaətlə istifadə etməliyik, lap quşlar kimi.
4.Su sistemi sıradan çıxıb, təbii ki, içməli su da yoxdur. Çardaqdakı bakdan su alıb qaynatmaq lazım gələcək, qaz balonu hələ tamam boşalmayıbsa.
5.Evdə cəmi iki şam var, tərslikdən biri də qara rəngdədir. Əgər elektriki kəssələr. Yeganə işıqlanma mənbəyimiz mina və mərmilərin işığı olacaq.
6.Bu da var – bərk qorxmuşam.
Bütün bunları yazaraq vərəqi kiçik hissələrə bölürəm. Küçədə atəş səsləri davam edir və mən hərarətlə hissələrə böldüyüm kağızları birləşdirməyə cəhd edirəm. Bu o qədər də asan başa gəlmir. Ayrı düşmüş adamları birləşdirmək qədər çətin. Dəlilmiş, deşilmiş ürəklərə sevinc toxumu səpmək kimi.
Gülən kimi oluram.
Mən müharibədəyəm, hansı ki, öz ölümlü bədənimi qorumalıyam, əl-Mütənəbbinin* misralarındakı kimi.
----------------------------------------------------------------------------------------------------
*əl-Mütənəbbi – 10-cu əsr tanınmış ərəb şairi.
Kabus 6
Atışma bir az səngiyib.
Pəncərəyə yaxınlaşdım... üzbəüzdə yaşayan qarı da elə etdi. İpə bağlanmış səbətə baqqal çörək qoyur, qarı isə ipi dartaraq səbəti yuxarı çəkir.
Tam sakitlikdir. Düşündüm ki, yəqin yorğun döyüşçülər yuyunub dincəlirlər.
Baqqalı axtarmağa qərar verdim. Çünki çörək ehtiyatını çoxaltmaq lazımdır.
Qarı ipə bağlı səbəti çox yavaş qaldırmağa başladı. Düşündüm ki, yəqin indi əlləri titrəyir.
Amma səbət qalxdıqca qalxırdı. İp o qədər nazik idi ki, bu kosmosa uçan qorxunc gəmi kimi yüksəlirdi... Pəncərələrin arxasından boylanan digər qonşuların da kosmosa uçan bu çörək səbətini həyəcanla izlədiklərini sezdim və anladım ki, hələ qəlbimiz bir qəlb kimi döyünməkdə davam edir.
Onun üçün dua edirdik. Sanki o səbət deyil, bir uşaq idi... sadə insanların dünyasıyla sevgi, inam və əlaqə vasitəsi kimi...
Səbət ikinci mərtəbənin hüdudlarını ötüncə sükut davam etdi...
Anidən bir güllə açıldı.
Öncə səsinimi eşitdik, yoxsa boşluğa düşən səbətimi gördük, bilmirəm.
Hamımız bir şimşək çaxmasına bənzər nəyinsə baş verdiyini anladıq: snayper nazik ipi hədəf almışdı. O, məhəllə sakinlərinə məharətini göstərdi. Hamımıza anlatdı: nə qədər nazik olsa da, hər hədəfi vura bilərəm! Ürəyinizi də. Damarlarınızı da... oradan axan qanınızı da. Gözünüzü, bəbəyinizi belə nişan ala bilərəm. Gülləni bədəninizin hər hansı bir yerindən keçirə bilərəm!..
Səbət yerə dağılanda anladım ki, sanki bütün qonşuların ürəyi o səbətdə döyünür, hamı bir ürək olmuşdu. Durbinli tüfəngi ilə hamımızı əsir edibmiş kimi nişangaha alan bu sirli qulyabanının dustaqları olduğumuzu fərq etdik. İllərlə universitet həyatına sərf etdiyimiz vaxtımız da indi heç nəyə dəyməzdi.
Səbətlə bərabər ümidlərimiz də yerə çırpıldı. Neçə il əvvəl lunaparkda karuseldən bir uşaq düşmüş, işıqlar sönmüş, qəhqəhələr bir anda yox olmuş, həyat dayanmışdı.
O andan məhəllənin sakinləri bütün pəncərələri qapatdılar, jalüzləri saldılar.
Əlvida, Günəş!
Kabus 7
Snayperin atəşi deyirdi ki, biz hamımız tələdəyik. Buradan çıxmaq, rayonu tərk etmək, hansı ki, orada ağır döyüşlər gedirdi, praktik olaraq mümkün deyildi. Hətta ehtiyat ərzaq məsələsi barədə düşünmək belə mümkün deyildi. Güllə hər kəsi gözləyirdi, kim bircə addım küçədə atsa...
Mən möhtəşəm materialdan yaradılan insanın güllələnməsi, güllə ilə öldürülməsi, doğranması mənzərəsini düşündükcə istər-istəməz titrəyirdim. Hətta ağlıma gəldi ki, bəlkə elə buna görədir ki, saatları da indi sukeçirməz, zərbəyədavamlı düzəldirlər. Nə etmək olar, bu gün saatlarımızı qurmalıyıq...
Məni kədər bürüdü ki, bizim gücsüz bədənimiz dayanıqsızdır, həyat isə bircə dəfə verilir və bir daha təkrar olunmayacaq. Dünyada insan həyatından qiymətli heç nə yoxmuş. Təsadüfən demirlər ki, qocalıq – yeganə dəfn hadisəsidir ki, insan ona doğru öz ayaqları ilə gedir. Birdən qocalmaq istədim. Düşündüm ki, mənim və yaşıdlarımın yetmiş yaşımız var və oturub ağır illər barədə danışırıq. Necə ağırdır, belə vaxtda qoca olmaq istəyi...
Qardaşımla bir kəlmə də kəsmirdik. Atəş səsi pəncərəni qapatdığı kimi bizim söhbətimizi də kəsmişdi –aramızda sanki divar vardı. Hərə öz hayındaydı, təklik dibsiz quyu kimi idi və sən onun üzərində gəzinir, bilirsən ki, xilas yolu yoxdur...
Kabus 8
Mən özümü buraxmışam və uçuram. Xəyallarımdakı kabuslar məni sanki əsir etmişlər. Görürəm ki, qapı açılır və o içəri daxil olur – hündür, incə, dümdüz, Afrika soğanının cücərib uzanmış sapı kimi. Çox istəyirəm ona deyəm ki, mənə sənsiz çox çətindir, amma dilim açılmır və susuram. O isə hər şeyi anlayır və deyir: “Mən də darıxıram və sevirəm...”
Bu an başa düşürəm ki, o qan içindədir. Onun çılpaq sinəsini şüşə qırıqları parçalayıb. Mənə elə gəlir ki, mən də yaralıyam və qan itirirəm. Ancaq anlamıram – ağrıyırmı, ya yox. Çox sevincliyəm ki, o gəlib. Mən ona yalvarıram: “Gəl, sən olmadığın yerə... Gəl ki, sənsiz heç nə olmur...”
Budur, o göründü. Mən onu sinəmə sıxıram və şüşə qırıqları döşümə batır...
Yaxında mərmi partlayır və məni divara çırpır. Kabus görüntülər yoxa çıxır. Mən döşəməyə uzanıram, həyəcanla anlayıram ki, yenə bu dünyada təkəm. Özümü cəmləşdirib anlayıram ki, mən niyə belə ağrıyıram. Ürəyimdən qanlar axırmış.
Kabus 9
Başa düşürəm ki, bir işlə başımı qatmalıyam ki, bu kabuslardan canımı qurtarım.
Gün başa çatmaqdaydı. Alaqaranlıq kül kimi kvartalımızın üzərinə öz izlərini qoyaraq yayılırdı. Mən gizlicə pəncərədən boylandım. Səbət əvvəlki yerində durmuşdu. O, cansız əşya kimi düşüb qalmışdı, hansı ki, götürməyə imkan olmamışdı. Hündürmərtəbəli Holiday-inn mehmanxanası dənizin qənşərində idi. Bu anlarda batan günəşin solğun şüaları mənim pəncərəmdən süzülürdü.
Amma bu gün hər şey tərsinə idi. Qalın tüstü mehmanxananın üstünə yığılır, qalın pərdə kimi ətrafı bürüyürdü.
Kabus 10
Mərmilər bir az susmuşdu...
Sadəcə gecə və səssizlik... sirli və gərgin bir səssizlik... elə bil zəif səslər eşidirdim... sıxıntılı səslər...
Bunun qarabasma olduğunu düşündüm, sonra yanımızdakı ev heyvanları satıcısını xatırladım... Bəlkə də bu dükançı da bir snayperdir və o da bu işlə məşğuldur. Nə bilim, o da beləymiş...
Onu qəfəslərində düşündüm. Barıt və tüfəng qoxusu verirdi... Əcaba, onu həbsə atmamışdılarmı?
Bəs dükançı hanı? Axı o hər şeyini satıb Avropaya qaçmışdı.
(Onu xatırlayıram. Üzündə protokol nəzakəti, müştərilərə gizlətmədiyi bir zülmlə birgə... Bir dəfə dükanında bir dostumla həmsöhbət oldum. O bir Siyam pişiyi almaq istəyirdi: mavi gözlü, qəhvəyi quyruqlu və o rəngdə də qulaqlı... Boş yerə onu bir uşağı olmasına inandırmağa çalışdı. Ondansa pişiyi övlad yerinə sevməyəmi?.. O, uşaqlarının anasını əsla boşamaq fikrində deyildi və rəfiqəmlə evlənməyəcəkdi də, çünki arvadını hələ də sevirdi. Amma gənclik səhvini düzəltmək üçün ona pul veririrdi və zəngin sevgilisi ilə olan əlaqəsindən razı idi və eşqini övlada qurban verəcək halda deyildi. Doğumu mümkün olmadığı zamanda...)
Dükana girdik... Gəlmələr üçün, daha doğrusu Livandan gələnlər üçün xüsusi salon vardı. Buralar göz oxşayırdı, özünü İsveçrədə hiss edirdin. Elə bil Həmra* küçəsində idin, aeroport yolu, tranzit salon, ər-Rauşada qumarxanası... Rəfiqəm bu təmiz döşənmiş modern guşədə durdu. Paslanmaz poladlar, rəngli şüşələr, xalılar... Mən ev heyvanları saxlanılan qəfəslərə yönəldim. Bu vaxt rəfiqəmin səsi gəldi: “Bir siyam pişiyi istəyirəm – bir ailəyə övlad olası kimi, mavi gözlü, qara bığlı, rəngbərəng, yumşaq tüklü...”
Mağaza sahibi mehirli səslə dedi:
“Hər şey siz istəyən kimi olacaq. Mən sizin ürəyiniz istəyən şəkildə, müvafiq qiymətə təşkil edəcəyəm. Üç pişik gətirəcəyəm. Amma gərək özünüz seçəsiniz...”
Bu vaxt telefon çaldı. Telefonda kimsə ov iti istəyirdi.
Divarların arasında qəbristanlıqda olduğu kimi fərqli qəfəslər və şəkillər görünür. Qəfəslərdə hərəsi bir özəlliyinə görə insanı andıran cürbəcür itlər, anqor pişikləri, Suriya pişikləri, siam pişikləri; ağ və rəngbərəng siçanlar; akvariumda üzən rəngbərəng balıqlar; qanadlarını gərən quşlar – bülbüllər, tutuquşular ... günəş görməmiş, mavi göy üzündən xəbərsiz... səssiz... İtlər hürmür. Quşlar oxumur. Niyə əcaba? Bəlkə acdırlar, yorğundurlar? Ya dükan sahibi onlara dərman içizdirir ki, sakit olsunlar?
------------------------------------------------------------------------------------------------------------------------
*Həmra – Qərbi Beyrutda ticarətçilər küçəsi.
Gözlərim yavaş-yavaş bu bədbin yerə uyğunlaşır. Dinamikdən gələn güclü musiqi səsinə rəğmən mən heyvanların zəif səslərini eşidirəm. Yaralı, xəstə və təhdidedici səs kimiydi. Satıcı yəqin ki, onlara yaşaya bilmələri üçün az miqdarda yemək verir, satılana qədər ölməsin deyə su içizdirir, hərdən də gün işığına çıxardırdı. Bunlar dəniz, meşə, hava, gün işığı, azadlıq deyilən şeylərdən əsla xəbərdar deyildilər...
Birdən mağaza sahibi yanıma gəldi. O rəfiqəmin sifarişini yerinə yetirmək istəyirdi. Qəfəslərin birini dartdı və içərisindəki pişiklərqarışıq götürdü. Qəfəsdə yeddi pişik vardı. Bir-birinə hücum etmiş, yaralamışdılar. Bir pişik daha güclü idi və o birilərə daha çox hücum etmiş kimi görünürdü. Onu tutub çıxardı. Bu vaxt gözü məni aldı. Müştərilərin bu yerə buraxılmamsı səbəbindən mənim bura necə gəldiyim onu hiddətləndirdi.
“Bura müştərilərin girişi qadağandır. Xahiş edirəm, çıxın.”
Alış-veriş baş tutdu. Pişiyin pulunu ödədi və peyvəndi üçün lazım olan bir veterenarın adını öyrəndikdən sonra bayıra çıxdıq. Mən rəfiqəmin pişiyi götürəndə dükançının rahat nəfəs alması diqqətimi çəkdi. Bir heyvandan xilas olduğu üçün sevinirdi.
...Həbsxanada belə dustaqla dustaqxana xidmətçisi arasında bir bağ vardır. İkisi də əzilən sinfin nümayəndəsi. Dükan sahibinə gəlincə onunla heyvanlar arasında tək bir həssas toxunuş hiss etmədim. Qazanacağı gəlirdən başqa onunla heyvanlar arasında heç bir bağ yoxdu. Bu aclıq, həbs, pis yaşam tərzi, əslində heyvanların ev şəraitinə uymaları üçün bir vasitədir.
Veterenar klinikasına getdik. Burada hər şey lüks və təmizdi. Hiss olunurdu ki, bu gözəl şərait ancaq aristokrat ailədən olan varlı adamların pişikləri üçün idi. Bu yerdə Akkarda bir çadırın kənarında pambıq tarlasında həkimə möhtac ananın öz körpəsini necə doğduğunu niyə xatırladığımı da bilmirəm...
O gün bir araşdırma yazmağa getmişdim. Doğan qadının yanında heç bir sanitar ləvazimat yox idi. Hətta kimsə ağacdan bir budaq ağac kəsib qadının ağzına uzatdı ki, ağrıdan qışqıranda ağacı dişləsin. Nəhayət uşaq göründü. Qadın özü qalxıb onu torpaqla sildi, sonra bir daş tapıb özündəki bağı – uşağın ona birləşik bağını – göbəyini kəsdi və qucağına aldı. Mən heyrət içində bu mənzərəyə baxırdım!..
Pişiyi tibb bacısının köməyi ilə rəfiqəm qəfəsdən çıxardı. Heyvan təslim olmaq istəmir, bu yad yerdə başına nə gələcəyindən qorxub yeganə silahı olan caynaqları ilə özünü qorumağa çalışırdı. Nəhayət, onu tutdular, caynaqlarını kəsib, iynə vurdular. Yenə yadıma Akkardakı ana düşdü. Ona heç kim lazimi prosedurları etməmişdi. Bəlkə də qadın çoxdan ölüb.
Sonra həkim pişiyə sakitləşdirici dərman da yazdı. Və tapşırdı ki, ətraf kimsəsiz pişiklərlə doludur. Pişiyinizi qoruyun ki, boğaz olmasın, çünki boğaz olmaq onun qiymətli bədəni üçün ziyandır.
Rəfiqəm biləndə ki, dükançı ona erkək pişik deyil, dişi pişik satmışdır, pis oldu. Dalbadal yeddi qız doğmuş bir qadın sifəti vardı onun üzündə, elə bil səkkizinci də qız olsa, əri onu boşayacaqdı.
Başqa yol yox idi. Taleyi ilə barışmalı idi.
Həkim pişiyə valiumu necə verməyi izah edib, hesabı ödəməsini dedikdə qadın yalançı dükan sahibinin qarasınca deyinməyə başladı.
Kabus 11
Yox, mənə belə gəlmədi...
Binanın zirzəmisindən, bəlkə də zoomağaza tərəfdən səslər gəlirdi. Yəqin onlar acdırlar. Bizim binadakı qonşular da elə qəfəsdəki heyvanlar kimidlər. Mənim qəfəsimdə divarlar üstümə gəlir, başımı divara, daha doğrusu dəmir qəfəsə vururam.
Partlayış eşidilir. Sonra dalbadal yenə eşidilir. Qan axır.
Özümə söz verirəm ki, heç kimə icazə verməyəcəyəm caynaqlarını mənə sancsın. Zoomaqazinin sahibinin də. Silahsız qalmaq olmaz!
Kabus 12
Atəş durmurdu. Pəncərənin altında döşəmədə oturduğumu fərq etdim. Başım pəncərə altlığına dəyirdi. Sinəmə dəyəcək güllənin haradan gələcəyini təyin etmək istəyirəm. O halda ən yaxşısı yatmaq deyilmi, yorğanı başıma çəkim, güllənin səsini də bəlkə eşitmədim?
Həyatda mən çox ağır şərtlərlə yaşadım. Soyuq, şəraitsiz, rütubətli yerlərdə yatdım. Hətta bir dəfə gur lampa işığının altında yatası oldum.
Bu gün bir savaş meydanında yatmağı öyrənməliyəm. İradəmin və yoqa təliminin yaddaşımda ilişib qalanlarından yararlanaraq vücudumun hissələrini ayrı-ayrılıqda duymaq istədim. Əvvəl sağ ayağıma əmr edirəm yatmağı. Sonra sol ayağıma. Sonra o biri bədən üzvlərimə əmr edirəm: yatın!
Və qəfil ard-arda partlayışlar. Bu səslər məni sındırır. Partlayışlar olduğundan artıq məni özümdən çıxardır. Sonra qəribə bir şey baş verdi. Yad bir cism - canlı, qorxunc, odlu bir şey otağa girdi. Əvvəl qapının taxtasına, sonra kresloya, yatağa və pəncərənin altına dəydiyini duydum. İlk anda tam olaraq nə olduğunu anlamadım. Otağı yanıq qoxusu bürüdü. Sonradan anladım ki, bu partlamış böyük bir mərminin parçası imiş. Onun parçaları masadakı dərgiləri yerə tullamışdı. Mərminin kiçik hissələri saçlarımda ilişib qalmışdı.
Bir şey də məni dəhşətə gətirmişdi. Mən görmüşdüm ki, güllə açılanda düz bir istiqamətdə gedib hədəfə dəyər. Mənim otağıma düşən mərmi isə düşdüyü yerdə bilyard şarı kimi dağılaraq hara gəldi səpənmişdi.
Dəhlizdə uzalı halda bu mərminin haradan atıldığını öyrənməyə çalışırdım. Axı qapı bağlı idi, pəncərələr də örtülüydü. Bəs bu hardan evə girib?
Mən bu düşüncədə ikən yeni mərmi partladı. Yan otağa keçdiyimdə burada divarın dəlildiyini, mərminin buradan isabət etdiyini anladım.
Bu dəfə həqiqətən çox qorxdum... İlk dəfə mərmilərin düz irəli atılmadığını, bir otaqdan o birinə dağıldığını, bir sıçan kimi ora-bura tullandığını, ziqzaqlı hərəkət etdiyini fəhm etdim. Bu duyğularla da filmlərdə gördüyümdən fərqli, daha təhlükəli bir düşmənlə üz-üzə olduğumu anlayıb salondakı divana çökdüm.
Kabus 13
Mən qonaq otağındakı divanda uzanmışam. Qaranlıq idi. Küçədə cüzi işıq belə görünmürdü. Baxışlarım pəncərənin çatlaq şüşələrinə və taxtasına dikilib. Detektiv romanlardan bilirəm ki, mərmi partlayırsa, pəncərədən aralı durmalısan – şüşələr parçalanıb bütün evə səpələnə bilər. Bu düşüncədən bədənim ürpərir. Dəməşq və Beyrutda evlərin çoxunda açılmayan və yuxarısı oval olan kiçik pəncərəciklərə dikdim gözümü. Bu pəncərəciklərin əsas amacı gündüz gün işığını, gecələrsə ay işığını otaqlara ötürməkdir.
İndi isə bu pəncərəciklər mənə ölüm saçmaqda idi – hər hansı bir partlayış zamanı mərmi qırıqları buradan evə girib, düz sifətimə çırpıla bilərdi.
Beləcə, qaranlıqda tənha uzanıb qalmışam. Raket və bombaların işığı hərdən otağı işıqlandırır. Çox qorxsam da birdən doğan ayın gecəni yarıb ətrafı aydınlatması xoşuma gəldi.
Niaqara şəlaləsinin dibinə çökmüş kimiyəm. Yaxud əllinci mərtəbədən düşən və ölüm yolunda balkon çiçəklərinə heyranlıq duyan birisi kimi.
İşıqda Yusifi gördüm. O, qan içində idi. Mən onu qucaqlayıb bağrıma basdım, üzündən öpdüm.
-Mən hələ də səni sevirəm, sevirəm, - qışqırdım. – Sevirəm...
Kabus 14
Mən gördüm insan qaranlıqdan necə çıxar. Onun üzündə qara maska vardı. Yolayrıcında başqa bir adamla görüşdü və gördüm ki, aralarında necə sövdələşmə oldu. Maskalı adamın əlində dərman dolu çanta vardı. Etiketdə yazılmışdı “Dəlilik virusu.” Qaranlıqda yaxşı görünməyən satıcı aldığı pulları sayır. Maskalı adamsa dağlara aparan yola adlayır. Orada o, kəhrizin kənarına gələrək çantasını açır, içindəki dərmanları Beyrutun içməli su mənbəyinə tökür. Kəhrizdə su bulanır, qabarcıqlayıb ətrafı basır və partlayış baş verir. Maskalı adam əyilib sudan içir. Sonra adamın əllərinə yumru düyünlər çıxır, əvvəl qolları, sonra qıçları və bədəni tüklənir və böyük bir qorillaya dönür. Vəhşiləşmiş məxluq ayaq izlərində qan və partlayışlar buraxaraq şəhərə doğru irəliləyir.
Bu vaxt su borularından insanların evlərinə su əvəzinə dəlilik virusu axmağa başlayır. Bir çoxları nə baş verdiyini və onları hansı dəhşətin təhdid etdiyini anlamayaraq o suyu içirlər...
Mən qəfil ayılıram və başa düşürəm ki, yuxu görürəm. O zəhərlənmiş sudan içməmişəm ki?..
Kabus 15
Pəncərədə gecikmiş payızla üz-üzəyəm.
Mən isə əsirəm. Heyvan mağazasındakı qəfəslərdəki heyvanlar kimi əsir.
Mən heç vaxt başıaşağı enən dağ cığırlarını, məşhur kənd yollarını görməyəcəyəm. Mən yəqin ki, burada öləcəyəm, o gözəl, rənbərəng mənzərələri, yaşıl çəmənləri, günəşin bərq vurduğu yamacları görmədən.
Mənim məhbusluğumun ikinci günü başlayır. (Bəlkə də mən həyatım boyu dustaq olmuşam, amma bunu anlamamışam.) Elə heyvan mağazazasındakılar da öz cinayətlərini hiss etmirlər.
Ola biər ki, bütün həyatım boyu mən əzab çəkmişəm, qolumdakı qandallardan qurtulmaq üçün azad səmalara həsrətlə baxmışam. Həqiqi azadlıq zolaqlı dirəklərdən sonra gələn türmə qapılarından çıxış deyil...
Mən yenə Yusifi xatırladım. Onun üzü şimşək çaxışına bənzər işıqlardan sonra görünür. Biz bu illər ərzində hər şeydən çox payızı sevmişik. Dağlar və dənizlər bizim olurdu, haçan ki, kurort sezonu başlayırdı, şələ-şüləmizi yığıb gedərdik.
Taxta məhəccəri yağış döyür. Atışma səngiyib, elə bil döyüşçülər payızda matəm işarəsi olaraq bir dəqiqə sükut elan ediblər. Bir az əvvəl onlar bütün gücləri ilə payızı məhv etmək üçün səfərbər olmuşdular...
Kabus 16
Möhlət uzun çəkmədi. Sol partiyaları andıran tək-tək atəş səsləri eşidilirdi, sanki orkestrin ifasına hazırlıq görülürdü.
İlk böyük partlayışı əvvəlki gecədə oturduğum kresloda qarşıladım. Ağır günü rahat qarşılamaq üçün sinirlərimə hakim olmağa çalışdım. Amma bu çətin işdi. Əvvəllər mən günə başlamaq üçün qəzetlərə baxardım, amma indi onları qapının arxasında çətin ki, tapam. (Qəzetləri yəqin ki, gülləkeçməz maşınlarda daşımayacaqdılar, yaxud gülləkeçməz köynək geymiş poçtalyon atəş xəttinin içərisində gətirməyəcək.)
Bilirəm ki, belə vaxtlarda pişiklər belə çölə çıxmazlar, amma yenə də qonşu baqqalın nömrəsini yığıram. Heç kim cavab vermir. Pəncərəyə yaxınlaşıb tayını az-maz açıram. Küçələr bomboş, pəncərələr qapalıdır. Sanki məhlə sakinləri evlərini atıb getmişlər.
Atəş kəsiləndən sonra yağış da dayandı və ətrafa dərin bir səssizlik çökdü, sanki min illərdir burada heç səs-səda olmamış, tabutdakı ölüm sükunəti kimi.
Qardaşım hələ də yatır, yaxud gözləri yumulu uzanıb.Maraqlıdır, görəsən radioda nə verirlər? əvvəllər radioya heç maraq göstərməzdim, amma son zamanlar buna meylim artıb: görəsən Şərif vəziyyətlə bağlı nələr deyəcək? Onun yatımlı səsi, ritorikadan uzaq danışığı xoşuma gəlirdi. Uğultulu səs, itələyici musiqi, dözülməz səs mənə toxunur və doğma səsi axtarıram. O səsi tapdıqda tonunu artırır, dinləyir və bağlayıram.
Bu gün mən xüsusilə tənhayam. Ona görə nə edəcəyimi bilmirəm və yenə radionu açıram: “Keçən gecə Beyrutda sakitlik olub. Ancaq Kantari rayonunda və Holiday-in mehmanxanasında arabir atışma səsləri eşidilib.”
Bunları eşidib bağırıram: “Bu yalanlarınızdan heç utanırsınızmı?!”
Əlbəttə replikama cavab verən olmur. Xəbərləri oxumağa davam edib İordaniyadakı daxili vəziyyətdən danışdı.
Yenə radioya tərəf bağırdım: “Sən bir silahsan və qatillər səndən yararlanır! Yalanınla bizə atəş açırsan.”
Diktor, təbii ki, yenə mənə cavab vermir. Əvəzində bizə Anqoladakı vəziyyəti izah etməyə başladı.
-Sən özün silahsan! – Mən qışqırmağa başladım. Sən silahsan, tətiyin başqalarının əlində. Sizləri türməyə basmaq lazımdır!
Diktor öz bildiyini danışmaqdadır. Deyəsən, onu hava məlumatı və Kanar adalarındakı hava şəraiti daha çox maraqlandırır...
Qəflətən pəncərədə partlayış baş verir. Ardınca ikinci, üçüncü... Atışma başlayır. Qardaşım oyanır, qorxmuş halda ora-bura döyükür.
-Ən təzə xəbərləri külək gətirir...- Mən öz-özümə qırıldadıram. – Radio deyil, külək...
Kabus 17
Fikrimi dağıtmaq üçün səhər yeməyi hazırlamağa başlayıram. Mətbəxin qaranlıq guşəsində bir neçə kartof çoxdan ora-bura diyirlənir. Mən onun birisini götürüb qazana atmaq istəyəndə üstündə ağ ləkələr görürəm. Bu da canlı orqanizmdir və ona da hava və nəfəs lazımmış. Az qala bu canlı orqanizmi mən bişirəcəkdim. Ömrü boyu hər hansı bir canlını, hətta milçəyi belə öldürməyən biri, indi...
Hər bir ölüm mənə kosmik masştabda faciə kimi görünür. Mən düşünürəm ki, gülün budağını qırmaq ölüm hadisəsidir. Biri mənə gül buketi bağışlayanda mən təsirlənirəm. Bu fikir mənə rahatlıq vermir ki, mənə görə bu gülün həyatına son qoymuşlar. Yaxud biri yasəmənin gülcüklərini sapa düzüb boynuna asdıqda və o gülcüklər onun boynunda dərisinə toxunduqda mən özümü pis hiss edirəm.
Yəqin öz düşüncələrimlə mən professor Loren Eşli ilə yaxınam. Professor haqqında qəribə şeylər danışırlar. Bir dəfə gəzinti zamanı o büdrəyib yıxılır. Dodağı qanayır, qanı asvalta çırtlayır. Asvaltda qanı görüb pərt olur və deyir: “Mən günahkaram, - qeyri-müəyyən tərəfə üz tutub deyir. – Mən baş verənə görə üzr istəyirəm.”
Məlum olur ki, professor yerə çilənən öz qanından üzr istəyirmiş. “Hər damcı qan, - professor söyləyir, - ən kiçik və canlı hissəciklərdən ibarətdir. Mənim ehtiyatsızlığım milyonlarca kiçik qan hissəciyinin ölümünə səbəb oldu.”
Onun bu halını görən bir yaxını elə bilir ki, professor ağlını itirib. Amma bu belə deyildi. “Hər damcı qan, - professor izah edirdi, - canlı orqanizmdir. Mən asvaltda əzabla ölən qan hissəciklərini quma atılan balıq kimi hiss etdim. Mənim günahım üzündən bədənimdə gəzdirdiyim canlı orqanizmlər məhv oldu. Bunu atom partlayışından insanların ölümü ilə müqayisə edərdim.”
Bu belədir. Hər bir ölüm – miqyasından asılı olmayaraq fəlakətdir, bizi əhatə edən dünya əhatəsində baxsaq... Bu kainatı dünya okeanının nəhəng canlı aləmi ilə müqayisə etsək, hər canlı öz masştabına görə daha əzəmətli görünə bilər. Hər ölüm əbədidir və sonsuzdur, geri dönüşü yoxdur. Hər canlının məhvi təkcə onun ölümü deyil, Yer kürrəsinin bir parçasının yox olmasıdır.
Mənim ləngliyim qardaşımın bir neçə dəfə mətbəxdə hərlənməsinə səbəb oldu.O, ac idi və gözləyirdi ki, mən, nəhayət ki, yeməyə bir şey hazırlayacağam.
-Kartof yeyiləcək halda deyil, xarab olub, - mən dillənirəm.
Bildim ki, o, həqiqəti bilsə, mənimlə mübahisə edəcək...
Soyuducuda isə nənənin gətirdiklərindən belə bir şey qalmamışdı. Ancaq bir az ət vardı, o da məndə ikrah hissi oyadırdı. Bu altı ayda vətəndaş müharibəsi zamanı küçələrdə o qədər meyit görmüşdüm ki, ətdən iyrənmişdim.
Soyuducunu təkrar açdım ki, bəlkə oradan bir az buzlamış da olsa, tərəvəz tapdım. Bu an yuxarı gözdə bir şey gördüm – bu kəsilmiş insan başı idi.
Özümü pis hiss etdim. Qardaşım qışqırığımı eşidib qonşu otaqdan qaçıb gəldi. Baxdı və sakitcə dedi ki, soyuducudakı sadəcə qoyun başıdır. Sonra onu dartıb oradan çıxardı və əlinə alıb dedi ki, birinci mərtəbəyə düşür ki, bəlkə Fuad dayı ilə birlikdə ondan yararlı bir şey hazırlaya bildilər. Gedə-gedə dedi ki, sən də aşağı gəl. Mən isə hələ də soyuducunun açıq qapısından içəri baxa-baxa qalmışdım. Mən əmin idim ki, soyuducuda meyit var və o dişsiz ağzı ilə qışqıraraq xilas olmaq istəyir.
Və fikirləşirdim ki, bütün beyrutluların soyuducularında küçələrdə öldürülmüş insanların meyitləri ilə doludur.
Kabus 18
Düz iki saatdır sakitlikdir...
Məni bir tərəfdən də heyvan mağazasının heyvanlarının taleyi narahat edir. Onların çıxardığı səslərdən dəhşət, ümidsizlik, qəzəb yağırdı. (Bilmirəm, bu səsləri onlarmı çıxardırdılar, ya mən öz daxili vicdanımın səsi ilə eşidirdim?) Məntiqlə mən o səsləri eşidə bilməzdim – heyvan mağazası bağın başqa səmtində id. Axı heç əvvəllər mən bu tərəfdən səslər eşitməmişdim? Ola bilər ki, indi küçə səsləri, nəqliyyatın taqqıltısı, silahlıların çıxardığı səslər, heyvan satan başıboşların səsləri bir-birinə qarışıb fasiləsiz həyat simfoniyasına dönürdü. Elə indi də o heyvanat mağazasındakı heyvanların səsləri açık və kəskin şəkildə duyulmaqdadır. Bəlkə bu səslər mənə xüsusi xətlə ötürülməkdədit? Nə üçün bu səslər bütün kvartalı başına götürmüşdür? Axı bu səslər hər qəfəsdən bir cür çıxmaqdadır? Mən barmaqlarımı qulağıma tıxayaraq pəncərəyə yanaşıram.
Kabus 19
Yağış kəsmişdir... Göy üzü aydınlaşmış, bulud yox idi. Belə gündə heç ölüm haqqında düşünmək istəmirsən. İki saatdır atəş səsləri də gəlmir. Yəqin ki, döyüşçülər öz silahlarına söykənib mürgüləyiblər. Ya da mərmiləri bitib.
Bu qəfəsdən qaçmaq qeyri mümkündür və burada ölmək, diri-diri yanmaq da var; yaxud burada acından ölmək...
Bir neçə müddət küçəyə qulaq kəsildim. Əgər küçədə bir maşın görünsə, ona atəş açılmasa, o an qardaşımla, ya tək evi tərk edəcəyəm.
Saatın əqrəbləri günün tam yarı olduğunu göstərir. Günün ikinci yarısı da mən küçədə bir piyada, yaxud maşın görmədim. Nə küçədə, nə qarşı səkidə həyat əlaməti yoxdur. Elə təlaşla qaçıb evdən çıxmaq barədə düşünürdüm ki, qarşı səkidə bir it göründü. O, əvvəlcə zibil qutusuna yanaşdı ki, bəlkə yeyiləsi bir şey tapdı. Sonra evin arxasına keçdi. Qəribədir, o küçədəki dəyişikliyi hiss edibmi? Bu boşluq ona necə təsir edib? Həsrətlə küçənin əvvəlki halınımı axtarır, yoxsa ona belə daha xoşdur? Ya bəlkə o heç ətrafda nə baş verdiyini anlamır?
Hardansa atəş açılır və it qəfil asvaltın üstünə yıxılır. Daş səkilər çoxlu sayda mikrofon qoşulubmuş kimi onun ulartısını ətrafa yayır.
Bu həmin snayperin işidir, hansıki dünən çörək qoyulmuş çantanı vurmuşdu. Bu gün o yenə özünü yada saldı – küçədəki yeganə canlının həyatına son qoydu.
Kabus 20
Sanki bizim bu sərsəm dünyamızın sakinləri var gücləri ilə barabanlara zərbələr endirmişdilər... Dinozavırlar yuxarıdan əmr alıbmış kimi müharibəyə başlamışdılar. Dörd fəsil bir-birinə qarışmış, təbiətin də ritmi itmişdi...
Bütün bu olub-bitənlər mənim ağlımda mərmilərin partlayışı, köhnə binamızın dözümü, yüksəkliklərdən axıb gələn günahlar kimi qalmışdı. Bir kor nifrət ətrafı bürümüşdü – sanki od püskürən atlar yer üzünü ağzına almışdı. Bu dalğa məni bürümüş, təhtəlşüur vəziyyətinə salmış, real həyatdan ayıraraq labirintə soxmuşdu. Yaşamaq xatirinə, dözməyərək LSD tabletkası qəbul etmiş, çoxdan unutduğum dünyanın haləsinə düşmüşdüm. O hisslər hamımızda var. Amma biz onlarla əlaqəmizi kəsmişik. Onların köməyi ilə biz qadın rahminə, yaxud planetlərin fövqünə, əbədi sonsuzluğa çıxa bilərik. Bu hisslər bizi qəribə duyğular aləminə aparar, gələcək dünyamıza qovuşdurar.
Bax, indi mən həyatla ölümün balanslı sərhəddindəyəm. Mənim hisslərim oyanır, dalğalı dənizdə dalğaların üstünə çıxan qayıq kimi yüksəlir, ordansa sərhədsiz dərinliklərə enir. Dalğa şiddətlənir, qeyri-insani alətlər məni alıb sonu bilinməz yerlərə aparır... Gözlərimi yumuram - hər şeyi daha aydın və daha kəskin görmək üçün...
Kabus 21
Baş geyimləri mağazasındayam. Vitrindəki şlyapalarda güllə yeri var, daha bir neçə aydın görünən deşiklər... Yanındasa həmin şlyapalara aid olan başlar. Bu insanlar müxtəlif yerlərdə yaşayırlar. Mən bu başlara dəymiş güllələri də aydın görürəm, həmin şlyapaları deşmiş güllələr...
Ərəb dilindən çevirən Türkan Mehdiyeva
ĞADƏT ƏS-SƏMAN - غادة السمان
1942-ci ildə Suriyanın Şam şəhərində doğulub. İbtidai məktəbi bitirdikdən sonra fransızların açdığı ingilisdilli liseyi, sonra isə Beyrutdakı Amerika Universitetinin ingilis dili fakültəsini bitirib. Gözəl şeirlər müəllifi olan xanım yazar, eyni zamanda maraqlı hekayələr də qələmə almışdır. Onun “Gözlərin taleyimdir” (“Aynake kaderi”, 1962), “Beyrutda dəniz yoxdur” (“La bahri fi Beyrut”, 1965), “Qürbət gecəsi” (“Leylü’l-garbâ”, 1967), “Yaxın limanlardan uzaqlarda” (“Rahilul-merafiil-garibe”, 1973), “Sənə eşq elan edim” (“Əaləntü aleykə əl-hubb”, 1976) hekayə kitablarının, “Beyrut – 75” (1975), “Beyrut kabusları” (كوابيس بيروت -“Kəvabis Beyrut”, 1979) romanlarının müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə çevrilmişdir. Mətnlərinin Azərbaycan türkcəsinə çevrilməsi, nə yazıqlar ki, ürək açan səviyyədə deyil. İlk dəfə “Yazı” dərgisinin 20-ci sayında bir şeiri Güntay Gəncalpın tərcüməsində çap olunmuşdur. “Limansız qaraçı gözəli” hekayəsi edebiyyat.az saytında (tərcümə Tükan Mehdiyeva) yayımlanmışdır. Akademik Gövhər Baxşəliyeva isə Ğadət əs-Səmmanın bir neçə hekayəsini rus dilinə çevirmişdir.