Edebiyyat.az » Proza » Rövşən Yerfi - Vacib göstəriş.

Rövşən Yerfi - Vacib göstəriş.

Rövşən Yerfi - Vacib göstəriş.
Proza
admin
Müəllif:
07:22, 15 avqust 2021
1 916
0
Rövşən Yerfi - Vacib göstəriş.




     Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yuxarılardan rəsmi göstəriş gəlmişdi: ayın sonuna qədər yeni açılan xeyriyyə fonduna mütəşəkkil və könüllü qaydada maddi yardım toplanıb hesaba köçürülməlidir.
     Məsələ aydın idi. Adəti üzrə belə vacib göstərişlər, əsasən də “pul yığımları” müzakirə olunmurdu, yerinə yetirilirdi. Tələb edilən məbləğin yüksək olmasına görə  mütəşəkillik zəruri hal kimi qeyd olunur, ardınca könüllülük prinsipi nəzərə çarpdırılırdı. Kimin cürəti çatardı etiraz etsin. Könüllülük əslində göstərişin hamıya aid olması, dolayısı ilə məcburilik demək idi. Məlum idi ki, göstərişdəki məbləğ başqa vaxtlarda olduğu sayaq yalnız rəisin və müavinlərin boynuna yüklənəsi həddə deyildi, müəssisədə çalışan bütün şəxsi heyətin əlbir fəaliyyəti ilə yoluna qoyulacaqdı.
     Rəis baş idarəyə çağrıldığından əməliyyat-rejim üzrə müavinin geniş olmayan otağında təcili müşavirə keşirildi. Bu əməliyyat müşavirəsinə əvvəlkilərdən fərqli olaraq dəstə rəislərini də toplamışdılar. Dazbaş rəis müavini həmişəki ədası ilə kabinetinə yığılanları bir-bir hərtərəfli süzüb xırıltılı səsi ilə sözə başladı:
     -Cənab zabitlər, vacib göstərişdən yəqin ki, xəbəriniz var. Deyilən məbləğ mütləq toplanıb lazımi yerinə köçürülməlidir. Tələb yuxarıdandır və sözsüz yerinə yetirilməlidir. Şübhəsiz, hazırkı məbləği ödəməyə tək rəisin, ya da müavinlərin gücü çatmayacaq. Bu vaxtadək nə kənar xərclər olub, hamısını rəislə köməkləşib yola vermişik. İmkan verməmişik sizə güc düşsün, əziyyət çəkəsiz. Bilirsiz ki, rəisin dar gün üçün fondu, kassası var və çətin şəraitlərdə o kassa dadımıza çatır. Amma indi vəziyyət tamam başqadır. Daha vacib bir fonda böyük məbləğdə pul yığılıb köçürülməlidir. Hamı gərək bacardığından kömək etsin. Rəislə məsləhətləşmişik, hərənin öz vəzifəsinə, işinə, səlahiyyətinə uyğun hədd təyin etmişik. Həmin həddi gərək necə var, hardan, nədən bacarırsızsa tapıb düzəltməlisiz. Bacaran məhkumdan alsın, bacarmayan maaşından versin, maaşından vermək istəməyən getsin borc alsın, kredit götürsün, necə xoşdur. Onsuz da indi kimin krediti yoxdur, hamının var. Mən də kiçik oğluma aldığım evin pulunu, qızımın maşınının pulunu kreditlə ödəyirəm, - yarım istehza ilə sözünə ara verdi, kimsənin qımıldanmamasını görüb davam etdi, - ən yaxşısı isə işlədiyin işdən-yerindən qazanmaqdır. Bunun üçün nə etmək lazımdır? Ciddi qaydada işləmək, məhkumu sıxmaq lazımdır. Qayda-qanuna riayət edilməsi tələbi artırılmalıdır. Rejim qaydaları sərtləşdirilməlidir. O rejim qaydalarını ki, məhkum pozmağa meyllidir. Pozuntu aşkar edilən kimi töhmət, cərimə təcridxanasına salınması cəzaları elan edilməlidir. Cəzanın tətbiqin istəməyən məhkum həmişəki kimi cəzasının ləğvi haqqı – yəni rəsmi olmayan, öz aramızda dediyimiz “cərimə”ni ödəməlidir. Cərimələrin, həm də “toçkalarda” xidmətlərin – görüş, hamam, camaşır, bərbər, dərzi, çəkməçi, telefon danışığı və sair hamısının qiymətləri və o “toçkaların” aylıq haqqları artırılmalıdır. Məhkum seçim qarşısında olmalıdır. Ya tam təlimat əsasında acizanə yaşamalıdır, ya da qaydalardan fərqli bir az yumşaq, rahat yaşamaq istəyirsə göz yumulan, yaradılan şəraitin “haqqını” ödəməlidir. Əgər, kim ödəmək istəməsə töhmət şəxsi işinə yazılacaq, bir sutkadan onbeş sutkayadək “şizo”ya salınacaq, yəni qanuniləşdirilib cəzalandırılacaq. Fəaliyyətimizin işimizə də xeyri olacaq, qazancımıza da. Düz demirəmmi?
     -Doğrudur, cənab mayor, - baş əməliyyatçı rəis müavininin fikrini təsdiqlədi, - bunun üçün də elə bu gündən məsuliyyətimizi, sayıqlığımızı artırmalıyııq. Hər kəs sahəsində öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, ümumi işimizə kömək etməlidir. Hamımız bir olmalıyıq. Biz birlikdə daha güclü oluruq... 
     -Qısası, hər bir əməkdaş qanuna arxalanıb pul qazanmaq qabiliyyətinə yiyələnməlidir. Müşavirənin ikinci hissəsində dəstə rəisləri və başqa sahələrin əməkdaşlarının iştirakı olmayanda digər məsələləri – bizim nəzarətimizdə olan xidmətlərdəki bəzi qiymətləri və “ştrafların” (cərimələrin) artırılması məsələlərini də öz aramızda müzakirə edəcəyik. Demək istədiklərimiz hər kəsə aydın oldumu? Əgər təklifləri yoxdursa, əlavə söz, fikir demək istəmirlərsə əməliyyatçılar və rejim işçilərindən savayı qalan zabitlər işlərinin arxasınca gedə bilərlər. Sizə yaxşı yol, dediklərimdən nəticə çıxarın, şöbə müdirlərinizlə də məsləhətləşin, xidmətinizdə ayıq-sayıq olun!
     Rejim və əməliyyat əməkdaşları müavinlə kabinetdə qaldılar. Qalanları isə dəhlizə çıxıb, oradan da aidiyyatı yerlərinə dağılışdılar. Dəhlizdə xidmətə yeni başlayan dəstə rəisi, cavan leytenant yanaşı addımladığı, ona hami təyin olunmuş kapitandan soruşurdu:
    -Mən başa düşə bilmirəm, bizim işimiz pul yığmaqdı, yoxsa müəyyən edilən cəza ilə məhkumu islah etmək?
    -Biz də elə həmin işi görürük, nə tələb edilir, onu da yerinə yetiririk, - kapitan müdrükcəsinə cavab verdi.   
***
     Az keçmədi cəzaçəkmə müəssisəsində keçirilən əməliyyat müşavirəsinin təsiri görünməyə başladı. Adi gündəlik normaya çevrilmiş pulyığma vacib göstərişdən sonra böyük vüsət almışdı. Qaydalar sərtləşmiş, “toçka”larda (bərbər, dərzi, çəkməçi, camaşır, hamam, telefon yeri, görüş, kafe, “taksi” deyilən araba ilə sovqatdaşıma xidməti və ilaxır) qiymətlər artmış, rejim tələblərinə riayət etməyə nəzarət yüksəlmişdi. Zabit və nəzarətçilər məhkumları cərimələmək üçün hər addımda “naruşitel”, qayda pozuntusu axtarırdılar. Müəssisə rəisinin növbə üzrə köməkçisinin otağı, iş kabinetləri tutulub gətirilən “pozucularla” dolub boşalırdı. Bütün günü protokollar, aktlar, izahatlar yazılır, rəsmi olmayan “cərimə”lər, yəni rüşvətlər toplanırdı. Əvvəldən verilən rüşvət “hörmət”, cəza əvəzinə alınan isə “cərimə” adlanırdı. “Cərimə”sini yerindəcə ödəyə bilməyənlərə vaxt verilirdi. İmtina edən, nə indi, nə də sonra pul verməyə boyun olmayanları başqalarına görk olması üçün “daxili rejim qaydalarını pozma” adı ilə hərəsini bir neçə sutkalığa cərimə təcridxanasına, “karsa” göndərirdilər. Zona od üstündə olan qaynar qazan kimi qaynaşırdı.
     Deməli əmr belə verilmişdi: müəssisənin bütün fəaliyyəti “qanuni” təlimata əsasən tənzimlənərək aparılmalıdır. Səhər saat 6-dan başlayaraq yataq yerindən gec duranlar, yataq yerini qaydaya uyğun yığmayanlar, dolabında icazə verilməyən əşyalar saxlayanlar, təlimata uyğun paltar geyinməyənlər, üzünü-başını vaxtında qırxdırmayanlar, toplantılarda sıraya gecikənlər, yoxlamalarda üzürsüz sırada durmayanlar, klub, yeməkxana qaydalarına əməl etməyənlər, icazə verilməyən yerlərdə siqaret, maxorka papiros çəkən, yemək yeyənlər, yuxu vaxtında yatmayanlar, üç nəfərdən artıq toplantı yaradanlar, bir sözlə, “icazəsin” almadan bütün daxili rejim qaydalarına əməl etməyənlər, onu pozanlar hamısı yaxalanıb müəyyən edilmiş həddlərlə “cərimələnirdilər”. Qaydalara əməl etməkdən yayınmaq istəyənlər yaxalanmamışdan əvvəl, irəlicədən xoşluqla tələb edilən “hörməti” edib, icazəsin almalı, cəza “cəriməsindən” canlarını qurtarmalıydılar. 
     Müəssisədə vəziyyət gərginləşmişdi. Tətbiq edilən “sıxılma tədbirləri” günbəgündən zonada narazılığı artırır, məhkumları hövsələdən çıxarırdı. Narazılarla əməliyyatçılar tərəfindən təcili “profilaktiki” yönəltmələr qurulurdu. Radikal etirazçıları isə “ağlı başına gəlməsi üçün” müəyyən müddətlərlə tək adamlıq kameralara salırdılar. 
     Bura oğruların dili ilə desək “qırmızı”, yəni paqonluların hakim olduğu zona idi. Qanun əsas sayılmırdı, “alternativsiz” rəisin sözü qanuna bərabər idi. Kimsə ona etiraz edə bilməzdi. Hətta zabitlərdən etiraz edəndə, az keçmirdi, o, həmin zabitin başqa iş yerinə dəyişdirilməsinə nail olurdu. Sanki, müəssisə icarəyə götürdüyü öz obyekti idi. Hər kəsin vaxtlı-vaxtında “hörmətini” etdiyi üçün yuxarılarda xətrin çox istəyirdilər. 
     Bütün məhkumları birləşdirən, “oğru dünyasını” idarə edən “lotu” deyilən başçı da yox idi. Sonuncusuna əlavə cinayət işi açaraq müəssisədən uzaqlaşdırmış, qapalı həbsxanaya göndərmişdilər. Avtoritetlər rəisdən bəzi imtiyazlar alıb susaraq öz başlarını saxlayırdılar. Onların içərisindən seçilmiş “obşak”a isə müəssisə rəisi ilə gizli əlaqəsi olması şübhəsinə görə məhkumlar tərəfindən böyük etimad göstərilmirdi. Ona açıq deməsələr də, rəisin qeyri-rəsmi müavini gözü ilə baxırdılar. Bu kimi səbəblər üzündən ortalıqda birlik yox idi, hər kəs öz canının hayındaydı. Müəssisə tamamilə nəzarət kameralarının müşahidəsi altında idi. Rəis izləyici video-kameralarla kabinetindən istədiyi hər qarışa nəzər yetirirdi. Şayiə gəzirdi ki, o, hətta məhkumların görüş otaqlarına da gizli kameralar yerləşdirmişdi, “xüssusi əməliyyat faktları” əldə etmək üçün... Ən nəhayət, belə qənaət yaranmışdı ki, rəis zahirən mədəni, intelektli görünsə də, istədiyini etməkdən ötrü onun üçün hər cürə yoldan, vasitədən istifadəyə hədd, sərhəd yoxdur.
     Çanax, təbii ki, həmişə kasıbın başında çatlayırdı. Çünki əsas kütlə, çoxluqda olan onlar idi və böyük ağırlıq onların üzərinə düşürdü. Hər zaman olduğu kimi aparılan qayda-qanun sərtləşməsindən, qiymət artımından ən çox əziyyət çəkənlər – borca düşənlər, karsa salınanlar - kasıb təbəqə sayılan “mujiklər” idi. Yeni şəraitə ən tez uyğunlaşanlar isə imkanlı “burjuylar” oldu. Maddi cəhətdən xeyli sıxılsalar da, adətləri üzrə rəhbərliklə tez dil tapa bildilər. Məcbur olub bəzi vərdişlərini ixtisara saldılar. Bilirdilər ki, yeni yaradılan şərait müvəqqətidir, müəyyən məqsədə yetənə qədərdir, sonra yenə hər şey keçmiş qaydasına qayıdacaqdı. Sadəcə, bir müddət dözmək gərəkdir. Reyim pozuntusu sayılan daim etdikləri müəyyən köhnə vərdiş və hallara görə isə tələb edilən “hörməti” çatdırıb rəisin razılığını almışdılar.
      Gündəlik “cərimələr” toplanıb rəis müavininə ötürülür, o da öz növbəsində görülən fəaliyyət barəsində rəisə məruzə edirdi. Hər bir əməkdaşa plan və günlük norma təyin edilmişdi. Plandan artıq bacaranlara rəis tərəfindən ödədiyinin dörddə biri həcmində mükafat veriləcəyi vəd olunmuşdu. 
     Əlbəttə, yenə əməliyyatçılar və rejim nəzarətçiləri fəallıqda xüsusi seçilirdilər. O səbəbdən ki, onların nəzarət etdikləri sahələrdə “manevr” etmək imkanları çox geniş idi: əməliyyat-rejim şəraitinə nəzarət, məhkumlara verilən görüş yerləri daxil olmaqla müəssisənin daxilindəki bütün xidmət “toçkaları” bura daxil idi.
     Ən kasıb xidmət sahələrindən biri təbiyəçilər bölməsi – dəstə rəisləri idi. Ziyalıya bənzəyən dəstə rəisləri yol ayrıcında idilər sanki. Nə etməli? İndi gəl, həm məhkumla arandakı inamı, nüfuzu qoru, həm də pula görə “cərimə” ilə sıx. O inamı ki, əməliyyatçının cəzanın gücü ilə qazandığını sən etibarınla, şəxsi nümunənlə əldə edəsən. Hər “cəriməni” hər kəsə tətbiq etmək alınmır. Ona görə ki, hər insanın öz fərdi xarakteri, sosial mənşəyi var, hamıya eyni gözlə baxmaq olmaz. Baxsan, sənə də elə baxacaqlar, sən də onların nəzərində dönüb olacaqsan tərbiyəçi yox, ilişməyə bəhanə axtaran digər cəza verənlərdən biri. Yəqin ki, rəis illərin təcrübəsindən dəstə rəislərinin məhkumlar içərisində tutduğu mövqeyi anlayıb onlara ən az norma müəyyən etdirmişdi.   
     Bir çox məlumatlar və mətləblər kimi yeni yaradılan fonda ianə yığılması üçün yuxarıdan gələn göstəriş haqqında söhbətlər işçi heyət arasında gizli qala bilməmiş, məhkumların qulağına da çatmışdı. Məhkumların bəziləri bunu anlaşıqlı qarşılamışdısa, bir çoxları etiraz edir, hansısa fond üçün götürülən öhdəliyi onların “belindən, dərisindən” çıxarılmasına razılaşmırdılar: “Belə cəza çəkmək olmaz, elə bil zonda yox, katorqadayıq. O olmaz, bu olmaz, azqala ayaqyoluna getməyimizə də limit, hədd qoysunlar. Biz azadlıqdan məhrum olmuşuq, insanlıqdan yox. Əslində bu müəssisədə hər şey olar, hələ artıqlaması ilə. Təki əlin cibində olsun, istədikləri pulu verəsən. Rejim, qayda-qanun hamısı görüntüdür, həqiqət olan isə kalonun bazara çevrilməsidir. Bütün mümkün olan istəklərin alınıb satıldığı bazar!..”
     Etirazla danışanları əməliyyat şöbəsi tez nəzarətə götürüb bir bəhanə ilə cərimə təcridxanasına, karserə salırdılar. Ən azından onbeş sutkalıq. Bu “zərərsizləşdirmə” sayılırdı. Karserə yerləşdiriləndən sonra isə “islah” məqsədi ilə “profilaktik” izahat aparılırdı. Söhbətlər nəticə verməyəndə də “yumşaltma” tədbirləri həyata keçirilirdi. Günün müəyyən vaxtlarında əməliyyatçı zabitlər dörd-beş nəfər nəzarətçini özləri ilə karserə aparıb ipə-sapa yatmayanları “dubinka” deyilən rezin dəyənəklə qol-qabırğasını əzib “həyatı başa salırdılar”. Rəis sözə baxmayanları “sındırmaq” üçün ölümə gətirib çıxarmayan istənilən cəza üsulunu, ən ağıla gəlməzini belə tətbiq etməyə icazə vermişdi. Görülən tədbirlər faydasız qalmırdı, işgəncələrin “sədası” bütün məhkum heyətinə “göz odunu almaq” niyyəti ilə yayılır, “preslənmə” qorxusunun, ümumi itaətin artmasına, möhkəmlənməsinə gətirib çıxarırdı. Sonucda hamı “cəriməsini” hərə bir yolla, dostdan, tanışdan, çöldən-evindən gətizdirib tələb ediləni ödəməyə, borclu qalmamağa çalışırdılar. 
     Amma deyir, sən saydığını say, gör fələk nə sayır. “Analoqu olmayan” belə idarəetmə “modelində” sərt cəza tədbirləri daim “uğurla” həyata keçmirdi. Gözlənilməz hallar da baş verirdi. Bu dəfəki “cərimə yığımı” zamanı karserdə “islaholunmaz”, həmişə qiyamçı çıxışlar edən məhkumlardan birini rezin dəyənəklə döyərkən, dəyənək gözlənilmədən məhkumun başının gicgah hissəsinə necə zərblə dəydisə otuz-otuz beş yaşlarında olan adam kökündən qopmuş ağac kimi beton döşəməyə sərildi. Məhkum bir daha qımıldanmadı. Son zərbələri vuran iki nəzarətçi, məhkumun özündən getdiyini düşünüb tez əl-ayağa düşdülər. Ayıltmaq üçün vedrə ilə soyuq su gətirib üstünə tökdülər. Tərpətdilər, silkələdilər, xeyri olmadı. Həyəcanla biri o birinə dedi:
     -Ə, ölüb elə bil, bir nəbzini yoxla görüm.
     Həyəcan ətrafdakılara da yayıldı. Nəbzini yoxladılar, dayanmışdı. Deyəsən, adam artıq keçinmişdi.
     -Nə pis oldu, indi neyniyək, - əməliyyatçı zabit təlaşla yanındakılardan soruşdu. Axırıncı dəyənəkləri vuran iki nəzarətçiyə acıqlandı, -  yüz dəfə deyilib, bu zibili vuranda baxın hara vurursuz, hara gəldi, necə gəldi vurmayın. Sizə öyrədilib axı, hansı yerdən və necə vurmaq olar. Üstəlik, bilirsiz ki, bu adam şəkər xəstəsidi. Soruşsalar nə cavab verəcəyik? Rəis sarıdan problem yoxdur, gəl prokurora, nazirliyə, nə bilim kimə izahat ver, qabaqlarında ikiqat olub büzül qal...
     Tez rəis və əməliyyat-rejim üzrə müavinə xəbər verildi. Onlar hadisə yerinə gəlib baxış keçirdilər. Rəis vəziyyətlə tanış olandan sonra dedi: 
     -Gərək belə olmayaydı. Nəzarətçilər ehmallı, ehtiyatlı davranmalı idilər. Ehtiyatsızlığa görə cəzalandırılacaqsız, bu öz yerində. Qaldı ki, hadisəni heç kimə belə təqdim etmək olmaz. Meyidi tez götürün yerdən uzadın yatacaq yerinə - naraya. Bir dəsmaldan, maykadan da gətirib dolayın boğazına. Guya intihar edib, özünü boğub öldürüb. Başqa çarə yoxdur. Dediyim qaydada hazırlayın, mən də gedim rəhbərliklə danışım, məsləhətləşim.
     Rəisin dediyi qaydada edildi, ölüm intihar kimi rəsmiləşdirilib, aktlaşdırıldı. Sonra da təcili yatab çağırılıb məhkumların xəstəxanasının morquna göndərildi. Oradan da ölü yiyəsinə təhvil veriləcəkdi. 
     Yaranmış faciəvi vəziyyət ilk belə hadisə deyildi. Ötən qış da bir məhkum döyülməkdən ölmüşdü. Adını qoymuşdular, karsda ürək çatışmamazlığından keçinib. İndiki halda isə zonada hamıya və hər kəsə təlqin edildi ki, intihar baş verib, məhkum özünü nara adlanan yataq yerindən asaraq boğub.
 
     Baş idarədən, prokurorluqdan, digər hüquq-mühafizə və müdafiə təşkilatlarından dəstə-dəstə “monitorinq”çilər gəldilər, yazdılar-pozdular, rəhbərliklə “təkbətək görüşdən” - rəisin kabinetindən də yola salındılar. Rejim şəraiti zahirən sakit görünsə də, kədərlənmiş məhkumlar qorxularından açıq çıxışlar etməsələr də, ürəklərində, öz aralarında intihar söhbətinə inanmadılar: “Axı, rəhmətlik elə ağıl yiyəsi deyildi ki, anidən intihar etsin. Həmişə haqsızlığa qarşı çıxırdı. Əgər intihar edibsə, demək dəhşətli işgəncəyə dözməyib. Uzun sözün qısası, günahkar “paqon”du, onun səhlənkarlığı, amansızlığıdı. Və bu həbsxanada nə baş verirsə, yaxşı da, pis də, hər şey o andıra qalmış pula görədir. Axır nəticəsi, nöqtəsi yalnız puldur, vəssalam!..”
     Ölən məhkumun ailəsi mətbuatda haray, şivən qopardı, bütün saytlara, təşkilatlara yazdılar, şikayət etdilər. Baş idarənin mətbuat məmuru çox vaxt belə hallarda istifadə etdiyi “əsassız”, “yanlış”, “böhtan”, “yalan”, “ictimaiyyəti çaşdırmaq” kimi sözlərdən yararlanaraq “intihardı” deyib üzə durdu. Özünü günahkar bilən nəzarətçilər keçirdikləri təlaşdan bir müddət “sarılarını uddular”. Hətta işə çıxmaq istəmədilər. Rəis yanına çağırıb onlara ürək-dirək verdi: ”Məhkumun ailəsi hara istəyir, şikayət etsin. Qorxmayın, məhkum ölümünə görə hələ paqonu olan kimsə həbs edilməyib, ya da xidmətdən qovulmayıb. Nə qədər burada mən rəisəm, qoymaram belə işlərə görə bir işçim cəzalansın. Məhkum kimdi bəyəm, cinayətkardı da, elə deyilmi, ölübsə daha xoş, sayı azalıb. Xidmətinizə davam edin, məsələ çox “şişsə”, uzaqbaşı yerlərinizi dəyişib  başqa zonaya göndərəcəyik.”
     Ayın ortalarından başlamış “ianə marofonu” növbəti ayın əvvəllində başa çatdı. Doğrudur, bir az qanqaraçılıq olsa da, nəzərdə tutulan “hörmət” və cəza əvəzi “cərimələrin” əksəriyyəti toplanılmışdı. Narahatlıq müvəqqəti də olsa bitmişdi. Müəssisəyə verilən önəmli göstəriş artıqlaması ilə yerinə yetirilmiş, əmin-amanlıq, “stabillik”, həsəd olunası sabitlik şəraitində,  “daxili imkanlar” sayəsində deyilən məbləğ yeni yaradılmış xeyriyyə fondunun hesabına vaxtında köçürülmüşdü. Mütəşəkkilliyə görə rəisə zəng vurulub “təşəkkür” (“malades”) elan edilmişdi. Vətənpərvər, “ədalətsevər” rəis də öz növbəsində böyüklər qarşısında hər zaman belə vacib göstərişləri can-başla yerinə yetirməyə bütün xidmət əməkdaşları və şəxsi heyət adından daim hazır olduğunu bildirmişdi...
     İanə toplanmasının nəticələrini yoxlayarkən cavan leytenantın fəaliyyətindən narazı qalan rəis kapitanı çağırıb danladı:
    -O leytenantı sənə tapşırmışıq ki, işi öyrədəsən, nəticələri niyə belə zəifdir?
    -Cənab polkovnik, çox saf uşaqdır, xaricdə təhsil alıb, bizim qayda-qanuna alışması üçün hələ gərək bir neçə il keçməlidir. Raport yazıb başqa müəssisəyə yerini dəyişmək istəyir.
   -Məgər bizim müəssisədən yaxşısı var? Qoy yazsın, xahiş edərəm onu uşaq kaloniyasına göndərərlər, gedib orada yeniyetmələrin tərbiyəsi ilə məşğul olar, - rəis rişxəndlə güldü.

 ***
     Ötən uğurlu fəaliyyətdən sonra cəzaçəkmə müəssisəsinə növbəti “fırtına” - kampaniya qabağı sakitlik çökmüşdü. Yeni “vacib göstəriş”in olacağı təxmin edilirdi...
01.2021   

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)