Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - Bəyim nənə (“Taleyin izləri” kitabından)

Lətif Şüküroğlu - Bəyim nənə (“Taleyin izləri” kitabından)

Lətif Şüküroğlu - Bəyim nənə (“Taleyin izləri” kitabından)
Proza
admin
Müəllif:
11:24, 26 avqust 2021
1 226
0
Lətif Şüküroğlu - Bəyim nənə (“Taleyin izləri” kitabından)



 O, atamın əmisinin yeganə yadigarı idi. Ancaq atam bu ifadəni iki-üç dəfədən artıq dilinə gətirməmişdi. Özü də ancaq ikili söhbətlərimizdə. Başqalarının yanında bunu deməkdən utanıb çəkinmişdimi? Yoxsa sentimental görünməkdən xoşlanmadığı üçün belə etmişdi?! Uşaqlar hamısı onu “Bəyim nənə” deyə çağırardılar. Atam valideynlərini lap körpəliyindən itirmiş əmisi qızına böyük qardaşdan daha artıq, ata əvəzi olmuşdu. O da atamı həmişə öz böyüyü, ağsaqqalı bilmişdi, son nəfəsinədək də belə oldu. 
Bəyim nənəyə bu ad elə-belə, təsadüfən verilməmişdi. Biz anamızdan ayrılanda təkcə 8 yaşlı böyük qardaşım nə baş verdiyini tam anlayacaq yaşda idi. Bu ayrılığın səbəbini, mahiyyətini başa düşməsəm də, ətrafdakıların, daha çox da qonşuların “yazıqlar yetim qaldılar” deməsi nəyisə izah edirdi. Boşananda tək pencəyini çiyninə atıb çıxan atam məhkəmədə uşaqların onunla qalmasını istəmişdi. Anamdan ayrılmağımızdan 3-4 ay hakimin qərarı ilə böyük qardaşımdan və məndən kiminlə qalmaq istədiyimizi soruşduqda, əvvəl o, sonra da mən tərəddüdsüz atamı seçmişdik. Anam nə qədər şikayət etsə də, sonunda razılaşmaq məcburiyyətində qalmış, bacımın da bizdən ayrı olmasını istəmədiyindən 5-6 ay sonra süddən kəsiləndə onu da atama vermişdi. Həmin vaxta qədər Bəyim nənə bizə analıq etmiş, atamın ikinci dəfə ailə həyatı qurmasına baxmayaraq, biz şəhərin ayağında ikimərtəbəli evimizə köçənədək belə davam etmişdi. 
Biz əmimgildən ayrı yaşamağa başlayanda mən ikinci sinifdə oxuyurdum. Doğrusu, qonşuluqdakı dostlardan, ən çox da əmiuşaqlarından və Bəyim nənədən ayrılmaq bizə ağır gəlirdi. Ancaq nə edəsən? Bu məsələləri böyüklər yoluna qoyurdu. Bir də, bizi yeni həyat gözləyirdi. Keçmiş həyatımızda isə bizə anamız qədər doğma olan Bəyim nənə vardı. Atamdan da qarayanız, dolu bədənli, tund qonur gözlü, bir az şabalıdıya çalan qara saçları, ən əsası, xoş siması olan bu qadın nə qədər həyatsevər, mehriban, səmimi idi. Bizə çox nadir hallarda hirslənəndə də gözündəki sevgi işığı azacıq da dəyişmirdi. Pis hərəkətlərimizi, yaramazlıqlarımızı görməzdən gələr, bizi özü tənbeh edər, bir dəfə də olsun atama deməzdi. Yeməklərin yaxşı yerini bizə verərdi. Həmyaşıd əmioğlum, ya da balacalardan kimsə niyə mənə orasını yox, burasını, yaxud az verdin deyəndə “səsini kəs, payına nə düşüb, onu ye” deyərdi. Səsindəki qətiyyətdən, kişi kimi sözü bir dəfə deməsini yaxşı bildiyimizdən etiraz dərhal kəsilərdi. Bəlkə də bizə baxanda özünün körpəlikdən ata-anasız qaldığı illəri xatırlayırdı. Anası Mələyi lap südəmər vaxtında itirmişdi. Atası Əmirxan həbsxanada yatarkən ürək partlamasından vəfat etmişdi. Ona görə də bu gün anasız qalan doğmalarına başqa hansı duyğuları bəsləyə bilərdi ki?
Bəyim nənənin atası sovet quruluşunu qəbul etməyən qaçaqlara qoşulduğuna görə bir neçə il Gorus həbsxanasında yatmış, ona baş çəkməyə gedən bir nəfərdən qardaşının ölüm xəbərini eşitdikdə, ürəyi tab gətirməmişdi. Atam onun haqqında mənə çox danışmışdı. Əmisi hakimiyyət nümayəndəsini öldürən qaçaq Balacaya qoşulub bir müddət meşələrdə, dağlarda yaşamış, ancaq sonunda ələ keçmiş, Gorus həbsxanasına salınmışdı. Xasiyyətcə tündməcaz, tərs, ancaq mərd və etibarlı adam imiş. Atam deyirdi ki, “əmim qoçaq, vurub-tutan adam idi. Böyük qardaşının başaşağı, güzəştə gedən adam olmasını həzm edə bilmir, hərdən buna etirazını bildirirdi. Ancaq bu, nadir hallarda baş verər, dərhal da peşiman olub qardaşının könlünü alardı. Əmim böyük-kiçik yeri bilən adam idi, verdiyi sözü tutardı. Ətraf kəndlərdə də çoxları ondan çəkinsə də, haqsızlıq etməz, səbəbsiz yerə kimsəyə söz deməzdi. Özü də çox güclü, çevik adam idi. Yaxşı da ovçuluğu vardı. Gəzib dolanmağı, kefinin duru vaxtlarında astadan zümzümə etməyi xoşlayardı. Ətraf kəndlərdən başqa Qafandan, Gorusdan, Qubadlıdan çoxlu dostları vardı. At üstündə elə otururdu ki, boy-buxunu, əzəməti adamı heyran qoyurdu. Deyərdin, başqasına belə yaraşmaz. Ancaq qəzəblənəndə gərək gözünə görünməyəydin, bir yumruğa şil-küt edərdi. Adamı nə qədər çox istəsə də, dilinə gətirməzdi”. 
Laqeyd görünüşünün arxasında həqiqətdə nələrin gizləndiyini qardaşının ölüm xəbərindən sarsılıb, onun yanında ola bilmədiyinə görə qəzəbdən ürəyinin partlaması da göstərir.
Elə bu xüsusiyyətlərinə görə, rayonun Bəsitçay boyu kəndlərinin sahibi olan Nəriman bəy onu öz yanında işə götürmüş, az keçmədən malikanəsinin əsas idarəçilik məsələlərini ona həvalə edibmiş. Nəriman bəyin qızı Həcər xanım isə atasının ölümündən sonra etibarına, mərdliyinə, qocaqlığına bir daha əmin olaraq onu, əslində, onun təklifi ilə qardaşını övladlarına kirvə tutmuşdu. Həmin ailələr arasında bu qohumluq neçə nəsil davam etmişdi. Bu kirvəlik məsələsi barədə Həcər xanımın atama danışdıqları maraqlı olduğundan bunu çatdırmaq istəyirəm. Atasının ölümündən sonra uşaqlarına kirvə tutmaq barədə götür-qoy edən Həcər xanım Əmirxanın üzərində dayanır. Bu fikrini Əmirxana deyib, həyat yoldaşı Cavad kişinin də onun kirvə tutulmasına razı olduğunu bildirir. Əmirxan “Sizin qərarınıza mən nə deyə bilərəm, ancaq razı olsanız uşaqları mənim ağsaqqalım sayılan böyük qardaşımın qucağına qoyarsınız”, deyir. 
Həcər xanım etiraz etmir, “nə fərqi var kirvə sən, ya qardaşın olsun”, deyir. 
Beləcə vədə gəlib yetişir, o vaxtın adətinə görə uşaqları müsəlman etmək üçün hazırlanmış boğçanı gətirirlər və kirvə, yəni babam Məmiş keçib oturur boğçanın üstündə. Başı içəridə işə qarışmış Həcər xanım mərasimin baş tutacağı eyvana çıxıb boğçanın üstündə oturan adamı görəndə çaşıb qalır. Bu adam bir vaxtlar meşə ətəyində qanlısını axtararkən rastlaşdığı və onun kimliyini bilmədən artıq söz işlədərək təhqir etdiyinə görə üstünə silah çəkdiyi adam idi. Əhvalat belə olubmuş. 
Atası Nəriman bəyin başına topladığı kiçik dəstə ilə Qarabağda və Zəngəzurda 1918-1920-ci illərdə erməni quldur dəstələrinin törətdikləri türk-müsəlman qırğınlarının qarşısının alınmasında Laçınlı Sultan bəylə bir döyüşməsini, ona dəstək olmasını unutmayan ermənilər nəhayət bu ailədən öz qisaslarını almışdılar. Məlum düşmənçilik zəminində bir nəfər erməni Həcər xanımın qardaşını öldürüb, qaçıb gizlənibmiş. Qardaşının qisasını almaq istəyən Həcər xanım onu ətraf dağlarda, meşələrdə axtarsa da tapa bilmirmiş. Bu minvalla neçə müddət imiş gecə-gündüz, yaxın-uzaq demədən qatil ermənini axtarırmış. Bir gün axşamüstü meşənin yaxınlığından keçən bir neçə adam çiynində tüfəng bir qadının at belində ağacların arxasından çıxdığını görür. Aralarındakı məsafə azalanda Həcər xanımı yaxşı tanıyan həmin şəxslərdən biri ərkyana günün bu vaxtında meşədə nə etdiyini soruşur. Həcər xanım cavabında:
-    Düşmənimi, o alçaq ermənini (Həcər xanım onun adını çəkibmiş) axtarıram ki, öldürüm, məgər sənin xəbərin yoxdur, deyir?
-    Xəbərim var, ancaq daha gecdir, belə vaxt meşədə kimi tapmaq olar, - deyir.
Adamların işərisində nisbətən cavanı, Həcər xanımı tanımadığından:
-    Sən adam öldürənsən ki, çiyninə də tüfəng götürmüsən, qorx ki, sənin özünü vurmasınlar, deyir.
Həcər xanımı gözqırpımında tüfəngi çiynindən aşırıb bu sözləri deyən həmin adamı vurmaq istəyəndə, bayaq ona müraciət edən şəxs tez araya girir:
-    Sən Allah bağışla, Həcər xanım, cavandır, bilmədi bir səhvdir etdi. Sizi tanımadığına görə belə dedi. Keçin günahından, çevirin balalarınızın başına, deyir.
Həcər xanım daha bu sözdən sonra atının başını çevirib yoluna davam edir. Ancaq içinə dolan qəzəbi bir neçə gün də boğa bilmir. İlk dəfə üzünü gördüyü tanımadığı birinin ona belə tənə etməsi qüruruna toxunduğundan urəyində nə vaxtsa bu adama yerini göstərməyin gərəkdiyinə qərar verir. Yol yoldaşları da babamı möhkəm danlayıb, kiminlə necə danışmaq lazım olduğunu başa salırlar. Bir il qabaq ermənilər tərəfindən dağıdılmış kəndlərindən Kolluqışlaq kəndinə köçdüyündən bəy qızını tanımayan babamın adını qardaşından dəfələrlə eşidib üzünü görmədiyi Həcər xanımla ilk tanışlığı belə olub. 
İndi bir vaxtlar əlindən bərk qəzəbləndiyi həmin cavan oğlanı kirvəlik boğçasının üstündə oturan görəndə Həcər xanımın urəyində nələr keçirdiyini bir Allah bilir. Onun üzünü Əmirxana çevirib açıq sezilən narazılıqla:
- Əmirxan, sənin məsləhət yerin, böyük qardaşın budur, soruşmuşdu.
Məsələdən az-çox xəbərdar olan Əmirxan:
-    Həcər xanım, siz onu bir yaxından tanıyın, görəcəksiniz mənim qardaşım necə oğlandı, o məndən də yaxşıdır. Etdiyi səhv də sizi tanımamasının, bir də səbirsizliyinin xətası olub, deyib.
Özünün sonralar danışdığına görə, Həcər xanım bu sözlərdən tam qane olmasa da, təmkinini pozmamış, “görünür bu da bir qismətdir” deyib kirvəliyin baş tutmasına razılıq vermişdi. 
-    Məmişi tanıyandan sonra yüz yol Əmirxana sən hələ bunun tərifini az etmisən, dedim. Məmiş nə Məmiş. Qızıl Məmiş, aydan-arı, sudan duru Məmiş.
Eşidənlər deyirdilər ki, hər dəfə bu sözləri təkrarlayan Həcər xanımın gözləri dolur, astadan köks ötürürmüş. Bu bəy qızı özünün rəiyyəti olan, ancaq mərdliyini, kişiliyini yüksək qiymətləndirdiyi sadə bir insanı kirvə seçməkdən çəkinməmişdi. Elə Əmirxanı kirvə seçməsini də, Məmiş kimi bir insanla tanış olmasını da talenin yaxşı qisməti sayırmış.
Bəyim nənə belə bir kişinin qızı idi. Dostuna görə həbsə düşən, aylarla ailəsindən, evindən kənarda dağda-daşda yaşasa da, təslim olmayan, tutulanda başqa qaçaq yoldaşlarını ələ versə bağışlanacağı vədinə qarşılıq heç nə bilmədiyini deyib duran, həbsi çuğulluqdan üstün tutan bir kişi. Yoldaşlarının yerini bildirməsə, erməni milisi onun özünü güllələyəcəyi ilə təhdid edibmiş. Ancaq açıq-aşkar edilən ölüm təhdidi də onu inadından döndərməmişdi.
Bəyim nənə də atası kimi istədiklərinə sevgisini əməlində göstərən, dilinə gətirməyən insandı. Yaşının indiki ağbirçək çağında hərdən xəstələnəndə yanına gələn cavanların dil-ağız etməsinə:
-    Bala, təki siz sağlam olun, ömrünüz mənimkindən də uzun olsun, ta mənim yaşımda adam xəstələnər də. Təki Allah sizi qorusun, deyir. Yaşının 80-i ötdüyü çağında da ağrılardan bir dəfə şikayətlənməyən, doğmaları üçün ürəyi nanətək əsən bu insanın iradəsinə, qəlbinin böyüklüyünə qibtə edirsən.
Bilirəm ki, yurd həsrəti onu da üzür, dərdinin üstünə dərd gətirir. Yeganə arzusu bir saatlıq da olsa, doğmalarının yatdığı torpağa qayıtmaq, son nəfəsini onların yanında verməkdir. O yerlərdə ata-anasının, körpə ikən itirdiyi bacısının, əmisi oğlunun, əmisi qızının, başqa doğmalarının və 28 yaşlı oğlunun da qəbirlərini qoyub gəlib. Atamın ilk və son məsləhət yeri olan Bəyim nənə. 
Mən onun haqqında bu qeydlərimi əvvəllər qələmə almışdım. Uşaqlığı, gəncliyi əzablar, çətinliklər içərisində keçmiş Bəyim nənə heç olmasa ömrünün ahıl çağını oğul-uşağının, nəvələrinin əhatəsində qayğısız yaşamaq ümidində idi. Ancaq tale ona bu istəyi də çox gördü. Ağbirçək yaşında tale onunla elə amansız, elə qəddar davrandı ki. Sən demə qismətində ömrünün bəlkə də ən dəhşətli günlərindən birini görmək də varmış. Soyu-kökü bilinməyən bir nadanın, manyakın ucbatından körpə fidan kimi nəvəsi dünyadan kamını almadan  gözlərini əbədi yumdu. Heç orta məktəbi də bitirə bilmədi. Öldürüldüyü yer qanı ilə boyandı və bu rəsmlər orta əsr vəhşiliyinin canlı tablosuna çevrildi. Həkim olub insanları qorumaq istəyən bir gəncin günahsız qanı axıdıldı, qönçə gül kimi açmaqda olan həyatı sona yetdi. Bu vəhşiliyin törədilməsində hədsiz laqeydləşmiş, deqradasiyaya uğramış, dəyərlərini itirmiş cəmiyyətin, kriminal mövzuları ucuz şou mövzusuna çevirmiş, yanlış təbliğata qucaq açmış medianın və digər səbəblərin də payı var. Bu çoxsaylı səbəblər qaldıqca cəmiyyət belə dəhşətli, tükürpədən cinayətlərin törədilməsindən sığortalana bilməyəcək.
Onu körpəliyindən “qarayanız balamı çox istəyirəm”, deyən babasının yanında torpağa tapşırdıq. Ruhları qovuşsa da, arzuları yarımçıq qaldı. 
Ömrün qürubunda fələk deyilən amansız qüvvə Bəyim nənənin ürəyinə çəkilməz dərd saldı. “Allah mən dura-dura bu körpəyə necə qıydı”, deyib özü-özünə verdiyi cavabsız sualların qarşısında taleyinə, qismətinə yanır. Bu vaxtsız və faciəli ölüm varlığını elə sarsıdıb ki, başqa dərdləri yalan olub. 
İxtiyarsız düşünürsən, onun həyatının son dövrü nədən bu qədər faciəli oldu? Bu xeyirxah ağbirçəyin dünyadan gözüyaşlı, çəkilməz dərdlə gedəcəyi fikri nə qədər ağırdır.
Bəyim nənə barəsində ilk yazdıqlarım burada tamamlanırdı. Sonra nələr oldu, həyatında daha hansı ağrı-acıları, sevincli-kədərli günləri yaşadığı barədə geniş bəhs etməsəm də, iki məsələni yazmaya bilmərəm. İlyarım yataq xəstəsi olan ağbirçək, yanına tez, gec gəlməsinə görə kimsədən narazılıq etmədi, ağrılarının heç onda birini də dilinə gətirmədən yaşadı. Allahdan yeganə istəyi öz dədə-baba torpaqlarının azad edilməsi gününü görmək idi və nə yaxşı ki, bu arzusuna çatdı. İşğal altından qurtarılan Zəngilana gedə bilməsə də oradan çəkilmiş videolara baxdı və “Allahım, sənə min şükür”, dedi.

İlk itki
Bibim rəhmətə gedəndə mən və bacım tələbə idik. Onun ölüm xəbərini yalnız bir neçə gündən sonra aldıq. Doğrusu, bu xəbər mənim üçün aydın səmada ildırım çaxması qədər gözlənilməz və təsirli oldu. Onun neçə vaxtdan bəri xəstə yatdığını bilsək də, həkimlərin dilindən vəziyyətinin elə də ağır olmadığını eşitməyimiz hamımızda ümid doğurmuş, hadisənin belə tez baş verə biləcəyi qorxusunu xeyli azaltmışdı. Ancaq əbəs yerə “sən saydığını say, gör fələk nə sayır” deməyiblər ki. Bibimlə bağlı da məhz belə oldu. Bizim ümidlərimiz özünü doğrultmadı, 60 yaşının tamamına bir neçə ay qalmış vəfat etdi. Çətin, daha çox ağır keçmiş bir insan ömrü başa çatdı. Bəlkə bu səbəbdən özü başqaları qədər üzülməmişdi. Çünki ömrü boyu heç bir yaxınına əziyyət verməmiş, əksinə, özü doğmalarının qarşısında kül-torpaq olmuşdu. 
Bibim indiki vəziyyətindən əzab çəkirdi. Doğmalarının, yaxınlarının ona canı-dildən qulluq etməsini, kədərli baxışlarını gördükcə ürəyi ağrıyır, gözləri qeyri-ixtiyari dolurdu. Onların əziyyət çəkmələri ona çox ağır gəlir, ancaq bunun qarşısını ala bilmədiyindən daha da üzülürdü. Bütün ömrünü Allahına şükür etməklə, əlləri göydə sevdiklərinə duada keçirmiş bibim özü ilə bağlı yalnız bir dilək diləmişdi. İlahidən onu son gününə qədər heç kimə möhtac etməməyi, əli-ayağı üstündə yaşatmasını istəmişdi. Bunu ona göstərilə biləcək ən böyük lütf saymışdı. Yaradandan nə uzun ömür, nə də başqa nemətlərin təmənnasında olmuşdu. Elə bil, Allahı da onu eşitmiş, bugünədək nə zillətlər çəkdirsə də, kimsəyə möhtac etməmişdi. İndi son günlərində düşdüyü vəziyyət onu qorxudur, yaşadığı kimi ölə bilməyəcəyini düşünəndə bütün varlığı üşənirdi. Deyəsən, kimsəyə əziyyət vermədən köçüb getmək arzusu ürəyində qalacaqdı. Bu ona düçar olduğu dərddən daha ağır gəlirdi. Buna necə dözərdi?
Məni isə tamam başqa dərd üzürdü. Onunla vidalaşa, heç olmasa, dəfnində iştirak edə bilmədiyimə yanırdım. Axı bibimin bizim üstümüzdə çox haqqı-sayı vardı. Uşaqlıqda biz az qala iki gündən bir onun yanına gedir, nəvələri ilə oynayır, bişirdiyi dadlı xörəklərdən yeyir, həmişə qayğısını hiss edirdik. Mən bibimin Arzu adlı ilk oğlan nəvəsi ilə dostluq edirdim. Aramızdakı 4 yaş fərq olmasına baxmayaraq, onunla münasibətlərimiz həmişə tutmuş, o məni özünə böyük qardaş, mənsə onu kiçik qardaş hesab etmişdim. Biz şahmat oynayır, velosiped sürür, hərdən uşaqlarla birgə top qovalamaqla başımızı qatırdıq. Sonralar daha da möhkəmlənmiş bu münasibətlər onun qəfil ölümünə qədər davam etdi. O da bibimin başqa nəvələri kimi atama “baba” deyirdi. Elə babaları sayılan atam da onlara münasibətdə baba kimi davranırdı və buna hər iki ailədə artıq vərdiş etmişdilər. 
O, tələbə olanda da biz sıx-sıx görüşür, müxtəlif məsələlər ətraflnda söhbətlər edir, hətta bəzən saatlarla mübahisələrə girişirdik. Əksər məsələlərdə fikirlərimiz əsasən uyğun gəlsə də, bəzən tutduğumuz mövqe daban-dabana zidd olurdu. Mübahisəni sevən Arzu bəzən hətta ifrata varırdı. Ancaq bütün hallarda fikir ayrılıqları sülhlə, yaxud qarşılıqlı güzəştlə bitirdi. Mənim əksər dostlarım da onu tanıyır, istiqanlılığına, dürüstlüyünə və etibarına görə yüksək qiymətləndirirdilər. Sonralar onunla qan qohumluğuna kürəkən-qayın münasibətləri də əlavə olundu. Böyük bacımla öz istəkləri ilə ailə qurdular. Doğrusu, mən bununla yalnız onların qəti qərarına əmin olduqdan sonra razılaşdım. Çünki biz onsuz da yaxın qohum, az qala qardaş idik. Onlar ailə qurdular və bütün bu illər ərzində aramızda bir dəfə də inciklik, anlaşılmazlıq olmadı. Onlar Vətəndən kənarda, uzaq ölkədə yaşayanda da biz sıx əlaqə saxladıq, fikirlərimizi, planlarımızı bir-birimizlə bölüşdük. Kədəri də, sevinci də birgə yaşadıq. Qarşılıqlı münasibətlərimizə qibtə edənlər də az olmadı, ancaq heç kəs səmimiyyətimizə şübhə etmədi. Çünki bizim münasibətlərimiz tam təmənnasız və açıq idi. Səhvlərimizi, qəbul etmədiklərimizi bir-birimizə çəkinmədən deyə bilirdik və bundan heç kəs incimirdi. Onun vaxtsız ölümü hamımızı sarsıtdı. Yaxınlarımız ancaq bir şeylə təsəlli tapırlar ki, nəşi Vətənə gətirilərək, burada dəfn olundu.
Arzu ilə bağlı xatirələrimi vərəqləyəndə həmişə yadıma onunla birgə olduğumuz sonuncu qış günlərindən biri düşür. Soyuq, qarlı hava idi. Gəzə-gəzə qarın necə yağmasını seyr edirdik. O, üşüsə, əlləri soyuqdan gömgöy olsa da evə dönməyə tələsmirdi. Elə bil, ömrünün sonuncu qarını gördüyünü fərq etmişdi. Maraq və bir qədər də sevgi dolu baxışlarla qara baxırdı. Sonralar hər dəfə qar yağanda həmin günü xatırlamışam. Belə günlərdən birində bəzi qeydlər də etmişdim. “Qara baxıram. Bayaqdan bəri yağır. Yer-yurd tamam ağappaqdır. Sənin sonuncu dəfə qarın yağmasını gördüyün o günü xatırlayıram. Nə vaxt olmuşdu sənin ömrünün o sonuncu qarı? Dəqiq tarixini yadıma sala bilmirəm. Ancaq yəqin ki, ömrün bitməzdən bir neçə ay, bəlkə 9-10 ay əvvəl. Çünki sən xalq arasında yay ayı sayılsa da, təqvimdə payızın ilk ayı kimi qeyd olunan sentyabrda dünyadan köçdün. Ömrünün sonuncu qarı. Bilmirəm, haradan yadıma düşdü bu qəribə fikir. Yəqin hərənin bu dünyanın qarını, yağışını, günəşini, elə dünyanın özünü gördüyü bir sonuncu gün var. Bir sonluq, vaxtın bitdiyi bir an. Hamı üçün hər şeyin ilki olduğu kimi, sonu da var. Elə mənim üçün də nə vaxtsa görəcəyim sonuncu qar, sonuncu yağış olacaq. Görəsən, mən bu qardan sonra hələ neçə dəfə qarın yağmasını görəcəyəm? Bəlkə on, bəlkə daha az, cəmi bir dəfə, ya daha çox? Ancaq bir şeyi yəqin bilirəm. Yadımda qalanı ən sonuncu olacaq. Yox, mən onun sonuncu olduğunu əvvəlcədən hiss etməyəcəm. Yalnız son çatanda, bax o anda duyacağam ki, o sonuncu imiş. Ömrümüzün, Arzunun ömrünün sonuncu qarı. Ölümdən sonra kaş yaddaşımızı vərəqləmək mümkün olaydı. Qəribə bir mənzərə alınardı. İnsanlar haqqında yaddaşımızda hər şey var. Birincilər də, sonuncular da. Ancaq təbiətlə, dünyanın yağışı, qarı, küləyi ilə bağlı əksər hallarda sonuncular qalıb. Bəlkə də belə olmaz. Ancaq nədənsə, mən bu qənaətdəyəm.
Bəs o sonuncu qardan əvvəl nə düşünürdün? Bu barədə onda düz-əməlli danışmadıq. Soruşmaq ağlımdan keçməmişdi. Axı onun sonuncu olduğunu haradan biləydim? Qar yağanda özünü birtəhər hiss edirdin. Deyirdin qar elə bil ki, barmaqlarımın ucundan tökülür. Barmaqların gömgöy göyərirdi. Əgər ömrünün sonuncu qarı olduğunu bilsəydim, səninlə bərabər mən də ən kiçik detallarına qədər yaddaşıma yazardım onu. Bir detalını da buraxmazdım. Sən isə barmaqlarının göyərməsinə, göynəməsinə baxmayıb, o qarı ovuc-ovuc sıxmalayırdın. Hardan biləydim? 
İndiki qarı tamam yaddaşıma köçürürəm. Dənəvər-dənəvərdir. Torpağın üstünə qalaqlanan əzilmiş kağıza oxşayır. Əgər bu sonuncu qar olmasa, yaddaşımı oxuyanlar təəccüblənəcəklər. Mənim yaddaşımda bu dünyanın üç qarı qalacaq. Biri səninlə seyr etdiyimiz, biri bu gün sənin haqqında düşünə-düşünə gözlərimlə beynimə həkk etdiyim və bir də hələ nə zaman yağacağından xəbərsiz olduğum ömrümün sonuncu qarı. Hələ onu görmədiyimdən necə olacağını deyə bilmərəm. Bəlkə o artıq yağıb, kim bilir?”
... Kiçik qardaşlarım da bibimgilə tez-tez gedirdilər. Onlar burada həmyaşıdları ilə oynayır, günlərini daha xoş keçirirdilər. Bibim bağda yetişən meyvələrin nübarını öz nəvələrindən qabaq bizə yedizdirirdi. Özü də “qardaşımın balalarına qurban olum” deməkdən yorulmazdı. Bunu yalnız söz xətrinə deyil, ürəkdən deyir, belə vaxtlarda tez-tez əllərini göyə açıb Allaha şükür edir, dodağının altında hansısa dualar pıçıldayırdı. Bu duaların kimlərə ünvanlandığını hamımız yaxşı bilirdik. Bunların özü ilə heç bir əlaqəsinin olmadığına kiminsə şübhəsi də yox idi. 
Bibim son dərəcə təmizkar, səliqə-sahmanlı qadın idi. Soyuq suyun altında dönə-dönə yuduğu qab-qacağı par-par parıldadır, salavat çevirə-çevirə qüsul verirdi. Belə vaxtlarda bizim maraqlı baxışlarımızla qarşılaşanda: “gedin oynayın, mənə mane olmayın”, deyirdi. Bibim danışırdı ki, bir dəfə hələ ataları sağ ikən sacda çörək bişirirmişlər. Artıq bişmiş 4-5 fətir süfrənin üstünə qoyulubmuş. Bu zaman onların başının sacın üstündəki çörəyə qarışdığını görən bir erməni qəflətən yaxınlaşaraq əlini tez hazır fətirlərə vurur. Həmin erməni bibimin xasiyyətinə bələd imiş, bilirmiş ki, bibim artıq həmin fətirləri murdar sayıb, ona verəcək. O fikirləşdiyi kimi də olur. Bibim onun üstünə qışqıraraq: “fətirləri də götürüb, buradan rədd ol”, deyir. Müharibənin ikinci ilində, ərzaq qıtlığının artıq hiss edilməyə başlandığı bir vaxtda erməni əli dəydiyinə görə çörəkdən imtina etməyi yalnız bibim kimi inancına sadiq insanlar bacarardı.
Zəif vücudunda, arıq barmaqlarında nə qədər enerji vardı. Bütün günü ayaq üstə ora-bura getməkdən, dayanmadan iş görməkdən yorulmazdı. Yemək bişirməsi də bir möcüzə idi. Qısa müddətdə, bəzən hətta iki-üç cür xörəyi bişirib süfrəyə düzməyi necə çatdırdığını fikirləşəndə indi də adamın inanmağı gəlmir. Özü də daha çox bizim istədiyimiz, yaxud boyun qaçırmayacağımıza əmin olduğu xörəkləri bişirirdi. Gördüyü işlərdən zövq alması da bir başqa aləm idi. 
Neçə illər ərzində onun səsinin tonunu qaldırdığını kimsə görməmişdi. Ancaq bu həlim, mehriban xasiyyətin arxasında necə böyük iradə gizləndiyini də yaxşı bilirdik. Onu qəbul etdiyi qərardan, böyüklər demiş, inadından döndərmək hər adamın işi deyildi. Belə hallarda təkcə atamın sözünü eşitdiyini bildiklərindən bibimi fikrindən daşındırmaq üçün hamı ona müraciət edirdi. O da hər xırda şeylə bağlı deyil, ciddi məsələ olanda bacısına ağız açır, onu özlərinə məlum üsullarla yola gətirməyə çalışırdı. Bibimin sonuncu xəstəliyi zamanı köçüb bizdə yaşaması üçün yola gətirilməsi də belə söhbət nəticəsində mümkün olmuşdu. Həkimlər xəstəliyi ağırlaşmasın deyə, onun daha sakit mühitdə müalicə olunmasını məsləhət bilmişdilər. Bibim də yalnız atamın israrından sonra bizə köçməyə razılıq vermişdi. Ancaq ürəyinin bir parçası yenə də qızının çoxuşaqlı ailəsinin yanında qalmışdı.
- Onlar nə yeyir, nə içir? Yazıq bala, həm işə getməyə, həm uşaqlara baxmağa necə vaxt çatdıracaq? 
Xüsusilə iki sonbeşik körpə nəvəsindən nigaran idi. Ona görə də tətildə olanda bəzi günlər atamdan xəbərsiz böyük qardaş-bacıları ilə birlikdə onları bibimin yanına gətirir, sanki bununla nigarançılığını aradan qaldırmağa çalışırdıq. Ancaq onda fikirləşmirdik ki, bu “xeyirxahlığımız” onun səhhətinə, müalicəsinə pis təsir edə bilər. Çünki belə vaxtlarda özünü yaddan çıxarır, körpə nəvələri ilə məşğul olurdu. Bizsə, bibimin fikir çəkməsinin qarşısını aldığımızı düşünüb, öz yanlış hərəkətimizlə az qala qürur duyurduq.
... O vaxtlar adamlar Allaha inansalar da, bunu açıq şəkildə dillərinə gətirməkdən, xüsusi ilə “Quran” kəlamlarını ucadan söyləməkdən çəkinirdilər. Doğrudur, bu ehtiyatlılığın dərəcəsi insanların cəmiyyətdə tutduqları mövqedən asılı olaraq dəyişirdi. Heç bir vəzifəsi, yaxud ictimai statusu olmayan insanların dini qaydalara əməl etməsi nisbətən az diqqət cəlb edirdi. Bu mənada ömrü boyu dövlət orqanlarında işləməmiş minlərlə insan kimi bibim üçün də öz Allahı ilə tez-tez tək qalmaq, ona dua etmək əsla çətinlik, ya da narahatlıq doğurmurdu. Odur ki, ağzından duası, qəlbindən inamı əskik deyildi. Biz bu məsələləri başa düşmədiyimizdən uşaq vaxtı bəzən onun dilinin altinda hansısa sözləri təkrarlayıb durmasına, ucadan “ya Allah, özün kömək ol” deməsinə gülür, istəmədən ürəyinə toxunurduq. Ancaq bibim bizə irad tutsa da, qəzəblənmir: “uşaqdılar, başa düşmürlər, günahlarından keç, ay Allah, onlara gələn bəla mənə gəlsin. Günahlarını mənim ayağıma yaz”, deyirdi. 
Bibim bizim də, nəvələrinin də yaxşı təhsil almasını çox arzulayırdı. Mən və bacım ali məktəbə daxil olanda sevincindən özünə yer tapa bilmirdi. Ən çox arzuladığı da bizlərdən birimizin həkim olması idi. Ona görə əmioğlumun həkim olmaq istədiyini eşidəndə ürəyi atlanmış, daha bir arzusunun nəhayət çin olacağı ümidi ilə Allahına min dəfə şükür etmişdi. Ancaq bütün dualarına baxmayaraq, bizlərdən heç kim həkim olmadı, əmioğlum da hərbi xidmətdən qayıtdıqdan sonra tamam başqa ixtisas seçdi. Sonrakıların seçimindən isə o, xəbər tutmadı. Həmin günləri görmək ona nəsib deyilmiş. Yox, bunu həkim olub onu müalicə edəcəyimizə görə istəmirdi. Əslində, həmin günlərə qədər yaşayacağına heç inanmırdı da. Bu sənətə olan ehtiyacı lap uşaqlıqdan hiss etmişdi. Uşaqlığının o acı xatirəsi ömrü boyu yadından çıxmamışdı. 
Danışırdı ki, həmin illər kənddə nəinki həkim, heç tibb bacısı da yox imiş. Camaat ya türkəçarə müalicə alır, ya da xəstənin sağalması Allahın ümidinə buraxılırmış. Anası neçə vaxt imiş ki, xəstə yatırmış. Onu tez-tez rayon mərkəzinə aparıb-gətirmək və ya orada müalicə etdirmək mümkün olmadığından xəstəlik gündən-günə şiddətlənir, bədəni gücdən düşürmüş. Anasının vəziyyəti lap ağırlaşanda növbəti dəfə ona baxmağa gələn həkim “nəzarət altında müalicə almalıdır, başqa əlacı yoxdur”, deyəndən bir neçə gün sonra o vəfat etmiş, uşaqları yetim qalmışdı. Hər dəfə bu hadisəni yada salanda dərdinə əlac tapılmayan anasının taleyinə üzülür, doğmaları arasında həkim olsaydı, bəlkə də onun belə cavan yaşında ölməyəcəyini düşünürdü. Bu peşəyə məhəbbəti, onu digərlərindən üstün tutması da elə o vaxtdan yaranmışdı. Bibim nəticələrindən ikisinin onun arzusunu çin etdiklərini də görmədi. Görsəydi, necə də sevinər, ürəyi dağa dönərdi. Ancaq nə edəsən ki, qardaşı kimi ona da çox şeyi görmək qismət olmadı. Tale hər şeyi bizim istəyimiz, yaxud planlarımızla deyil, özünün yazılmamış qanunları ilə müəyyən edir.
Görünür, onunla vidalaşa bilməməyim, ölümündən gec xəbər tutmağım da taleyin işi imiş. Köhnə kişilər demiş: “qədər belə yazılıbmiş”. Qədərdən qaçmağın mümkünsüzlüyü barədə qədim mifologiyadan azmı oxumuşuq? Mən buna o qədər inanmasam da, başqalarının inamına hörmət edirəm. Bibimin qismətinə canından artıq sevdiyi bir çox doğmaları ilə, eləcə də bizimlə halallaşmadan dünyadan köçmək yazıldığına isə inanıram. 
Onun ölüm xəbəri məni bir neçə gün qüssəyə, kədərə boğdu. Nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Dostların təsəllisi də köməyimə çatmır, bəlkə, üzüntümü bir az da artırırdı. Həmin günlər keçirdiyim duyğuların necə misralara çevrildiyindən də xəbərim olmadı. Özümə qoyduğum qadağanı neçə ildən sonra pozmuşdum. İçimdə yığılmış hislər qeyri-ixtiyari misra-misra vərəqlərə süzülmüşdü.  
Yüyürə-yüyürə gəldiyim yollar,
qışqıra-qışqıra dediyim sözlər,
Bir də, gözlərini qapamağa
barmaq-barmaq uzanan əllərim,
Bir ovuc torpağın
bir ömürlük sərhədində ilişib qaldı.
Bu şeir özüm üçün  qoyduğum yasağı pozmağımla bağlı ilk və sonuncu hadisə oldu. Onun başqa misralarını çoxdan unutsam da, bibimin ölümünün təsiri ilə yaranmış bu duyğular yaddaşıma əbədi həkk olub. Bu itkinin ağrısını dünən olmuş kimi hiss edirəm.
Bibimlə bağlı xatirəmi bir kiçik qeydlə bitirmək istəyirəm.  Onun nəvələri analarına da nənə deyirdilər. Fərq bu nənə sözünə analarının adını əlavə etmələri idi. Bibim rəhmətə gedəndən sonra onlar bir müddət nənə sözünü dillərinə gətirmədilər. Elə bil, bununla nənələrinin ölümünə üsyan edir, onun bir daha dönməyəcəyini qəbul etmək istəmədiklərini nümayiş etdirirdilər. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)