Edebiyyat.az » Proza » Lətif Babayev - Anamı istəyirəm.

Lətif Babayev - Anamı istəyirəm.

Lətif Babayev - Anamı istəyirəm.
Proza
admin
Müəllif:
19:20, 08 iyul 2021
1 250
0
Lətif Babayev - Anamı istəyirəm.






Anam bizdən ayrılanda cəmi 3 yaşım vardı. O məni və böyük qardaşımı bağrına basıb, ona “qardaşından muğayat ol, qoyma kimsə incitsin”, deyə bərk-bərk tapşırdı. Bizi kimsənin incidəcəyinə inanmasa da, nədənsə belə deyirdi. Yanındakılardan birinin, yəqin xalalarımdan hansınınsa “necə alıb aparırlar, qoy elə də saxlasınlar”, deməsi qulaqlarımda indiyədək qalıb. Həmin günün hadisələri də indi baş verirmiş kimi gözlərimin qabağındadır. Adamlar öz aralarında nəsə pıçıldaşırdılar. Onlardan biri, yəqin qonşu idi “yazıqlar yetim qaldılar”, dedi. Düzü, bu sözün mahiyyətini tam dərk etməsəm də, atamın, anamın sağ ola-ola onun bizə yetim deməsinə bərk acığım tutdu. Ürəyimdə, “yetim özünsən, uşaqlarındır”, dedim. Anam bizi bacardıqca yanında çox saxlamaq, çöldə gözləyən ata tərəfi qohumlarımıza vermək istəmirdi. Ancaq artıq nəsə etməsi mümkün deyildi. Bizim öz razılığımızla atamın yanında qalacağımız barədə məhkəmə qərarı çıxarılmışdı. O bizi daha bir neçə saatdan artıq ləngidə bilməzdi. Məncə, o da elə bunu edirdi. Hələ bir yaşı olan bacım da bizim harasa hazırlaşdığımızı görüb, nəsə duymuş kimi ucadan ağlayır, az qalırdı çatlasın. Nə qədər çalışsalar da, onu sakitləşdirə bilmirdilər. Anamın isə başı bizə qarışmışdı. Elə hey qucaqlayıb başımızdan, üz-gözümüzdən öpür, rabitəsiz sözlər deyərək ağlayır, bacımla məşğul olmağa vaxt tapmırdı. Bir az da keçsə, bacımın ağlamaqdan az qala huşunu itirəcəyini görən anam: “Ay qız, biriniz onu kiridin də. Mənim evim yıxılıb, ocağım sönüb, sizə nolub?” deyə bacılarına təpindi. 

Elə bil, bu sözləri eşidəndə bacım səsinə bir az da güc verdi. Onu birinci qucağına alan xalam sakitləşdirə bilməyəndə, içəridən bizim paltarlarımızı yığışdıran yaşca daha böyük olan xalam Mənzəri cağırdılar. Bacım həmişə onun qucağında rahatlıq tapırdı. Doğrudan da, onun qucağına gedən kimi xalamın adını qışqıra-qışqıra bir az da ağlayıb sakitləşdi. Hamı bizi öpüb, vidalaşdıqdan sonra anam hər ikimizi bir də bağrına basıb göz yaşı axıtdı. Sonra da ağlamağına ara vermədən əlimizdən tutub çölə çıxardı. Burada bizi qohumlar və tanımadığımız başqa adamlar gözləyirdilər. 

Anam həmin adamlara: “Siz allah, zəif uşaqdır, yolda yorulsa, qucağınıza alarsınız”, dedi. Məni nəzərdə tuturdu.

Biz həmin adamlarla bərabər əmimgillə birgə qaldığımız evə gəldik. Mən bu yolu yaxşı tanıyırdım. Bir neçə dəfə anamın yanından bura, buradan da geriyə qaçıb gəlmişdim. Bu yolu isə mənə qardaşım tanıtmışdı. Onunla birlikdə bir-iki dəfə gedib-gəldikdən sonra yolu yadımda yaxşı saxlamışdım. İndi bu yol bizi həmişəlik anamızdan ayırırdı. Bacımla bərabər qalan və bir müddət sonra bizim kimi ondan da həmişəlik ayrı yaşayacaq anamdan. Doğrudur, mən onda baş verənlərin nə demək tam başa düşmürdüm. Ancaq adamların üzündəki, baxışındakı kədərdən, qardaşımın başını aşağı salıb gözlərini hamıdan gizlətməyə çalışmasından, anamın dərdli-dərdli ağlamasından heç nəyin daha əvvəlki kimi olmayacağını duyurdum. Bu fərqli həyatda artıq bizsiz necə yaşayacağını bilməyən anam olmayacaqdı. Başqa yol da yox idi. Artıq nəyisə geri qaytarmaq, həyatı əvvəlki axarına salmaq mümkün deyildi. Çünki atam ikinci dəfə ailə həyatı qurmuşdu. İndi bizim başqa anamız olacaqdı və o artıq bir aya yaxın idi ki, əmimgillə eyni evdə yaşayırdı. Bu başqa ana bizim doğma anamızı əvəz edə biləcəkdi, ya yox?! Bunu gələcək göstərəcəkdi. Ancaq bir şey qaçılmaz idi. Biz “yazıq uşaqlar, yetim qaldılar” sözlərini hələ çox eşitməli olacaqdıq və hər dəfəsində də bu sözlərin dərd yükü qəlbimizi parçalayacaqdı.

... Analığımız bizimlə mehriban davranır, bütün istəklərimizi yerinə yetirməyə çalışırdı. Əlbəttə, 3 və 8 yaşın içində olan uşaqların “bunu yemirəm”, “onu istəmirəm”, “mənə ondan, ya bundan ver”, “bir az da oynayım, gəlirəm” və buna bənzər şeylərdən başqa nə istəkləri ola bilərdi. Doğma anamız bizim nədən xoşlanıb-xoşlanmadığımızı yaxşı bildiyindən, əksər hallarda ona nəsə deməyə ehtiyac qalmırdı. Analığımız isə bütün bunları indi öyrənirdi və insaf naminə, tədricən də olsa, bizi yaxından tanımağa, necə deyərlər, xasiyyətimizə bələd olmağa çalışır, şıltaqlıqlarımıza dözürdü. Doğrudur, yazıb-oxumaq bacarmadığından böyük qardaşıma ev tapşırıqlarında kömək edə bilmirdi. Buna görə da qardaşımın dərsləri ilə əksər hallarda işdən gec və yorğun gələn atam məşğul olurdu. Bəzən gecə düşənə qədər davam edən bu proses özü demiş, “səhərdən axşama qədər rol bulayan” atamın yorğunluğunu daha da artırır, rahatlığını pozurdu. Əsasən də riyaziyyat və rus dili dərslərini qardaşım atam gələnə saxlayırdı. Çünki, bu fənlərin öhdəsindən əmim və Bəyim nənə də gələ bilmirdilər. 

Bizə ayda 2 dəfə anamla görüşmək icazəsi verilsə də, o,  hər həftə bizimlə görüşmək üçün evimizin arxasına gəlir, Bəyim nənə də bizi ora göndərirdi. Analığım atamın xəbər tutacağı qorxusu ilə bizim əlavə görüşlərimizdən ehtiyat etsə də, qəlbimizə toxunmaq  istəmədiyindən bir söz demirdi. Ümumiyyətlə, o, bizə bacardığı qədər diqqət yetirir, ancaq ürəyimizdən nələrin keçdiyini axıra qədər müəyyənləşməkdə bəzən çətinlik çəkirdi. Doğrudur, bu, həm də onun xarakteri, dünyagörüşü ilə bağlı idi. Onun nəzərində uşağın yaxşı yeməyi, geyimi vardısa, sağlamdırsa, başqa şeylər ikinci dərəcəli idi və o qədər əhəmiyyət kəsb etmirdi. Ona görə də işdən qayıdan atama bizim haqqımızda, gün ərzində nə etməyimiz barədə verdiyi məlumatlarda bir qayda olaraq nə yediyimizi, nə qədər yatdığımızı və s. bu kimi şeyləri çatdırırdı. Uşaq vaxtı tez-tez xəstələndiyimdən atam mənim vəziyyətimlə ayrıca maraqlanırdı. Bir dəfə yaramazlıq etdiyimə görə analığım mənim üstümə bərk acıqlananda mənim: “Atam gələndə görərsən”, deməyim onu lap hövsələdən çıxardı. Məni vurmaq üçün üstümə qıcandı. Ancaq nəsə fikirləşib əl saxladısa da, sifətinin qəzəbli ifadəsi dəyişmədi. “Buna bax, indi də məni atası ilə qorxudur, hələ qoy bir gəlsin, nə iş tutduğunu deyim, sən də gününü gör”, dedi. Ancaq Bəyim nənənin: “Az, sənə nə olub, uşaqla prinsip aparırsan. Nə tənbehin var, özün gör də. Daha atasına şikayət etmək nədi?”, deməsi onun sanki dərdini tərpətdi. “Ay bacı, mən neyləyim axı, sözə baxmır, səhərdən axşama qədər bir yerdə durmur, sonra xəstələnəndə də atası deyir, uşaqları yaxşı saxlamırsan. Mən başı daşlı neyləyim?” 

“Sözlə başa sal, onu indiyə qədər vuran olub ki, sən də vurasan?”. 

Əlbəttə, Bəyim nənənin bizi hər vasitə ilə müdafiə etməsi onun xoşuna gəlmir, bunu özünə qarşı inamsızlıq kimi qəbul edirdi. Halbuki o bizə bacardığı qədər diqqət yetirir, hər vasitə ilə qəlbimizə yol tapmağa, özünü doğmalaşdırmağa çalışırdı. Bir neçə il sonra, həqiqətən, belə də oldu, analığımız bizə, biz də ona nəinki öyrəşdik, aramızda xoş münasibətlər yarandı. Biz artıq ona bibimə müraciət etdiyimiz kimi, mama deyir, daha cığallıq etmir, sözünə qulaq asırdıq. Münasibətlərimizin belə normal, etibar və etimad məcrasına yönəlməsində həyatımızda baş verənlərdə onun heç bir günahının olmamasını qəbul etməyimizin xüsusi rolu vardı. Ancaq bu, nə mənim, nə də qardaşımın deyil, bu gün minnətdarlıq hissi ilə yad etdiyimiz, bizi özünə doğmalaşdırmağı bacarmış Zülfünaz ananın, bizim mamamızın xidməti idi. Artıq haqq dünyasında olan sadə, zəhmətkeş, əziz mama, sənə borclu olan övladların ruhuna dua edirlər. Yerin behşit, ruhun şad olsun.

Mamamın bibimlə münasibətləri daha yaxşı idi. Əslində, anamın ayrılmasında bəzilərinin nəyə görəsə, məncə, nahaq yerə günahkar hesab etdiyi bibim atamın ikinci dəfə belə tez ailə qurmasının təşəbbüskarı olmuşdu. Sonralar qohumlardan eşitdiyimə görə, anamın peşimanlıq çəkdiyini, barışmaq istədiyini bilən bibim əvvəl atamı barışmağa, üç uşağını anasız qoymamağı məsləhət bilmiş, bu baş tutmadıqda isə (atam buna qəti razı olmamışdı) ikinci dəfə evlənməyə yola gətirmişdi. Bununla da, hansısa barışıq məsələsi birdəfəlik aradan qalxmışdı.

… Mən anamın yoxluğu ilə gec barışdım. İlk vaxtlar daha çox sussam da, sifətimin rəngindən, gözlərimin tez-tez səbəbsiz yerə dolmasından, iştahsızlığımdan narahat olan atam hey məni sorğu-suala tuturdu: 

“- Bir yerin ağrımır ki, niyə heç nə yemirsən? Ürəyin nə istəyir, de, alım”.

Sonuncu sual gözlərimin daha da dolmasına, qəlbimin bir az da sıxılmasına, az qala sinəmi yarıb çıxmasına səbəb olurdu. Ancaq bütün sualları cavabsız buraxıb, israrla “heç nə istəmirəm”, deyirdim. Anamı, bacımı istədiyimi dilimə gətirməsəm də, atam bunu bilirdi. Ancaq mənim dilimdən eşitmək istəyirdi. Bəlkə gizlətməyib vaxtında desəydim, ailə yenidən birləşər, hamımız bir yerdə olardıq. Bəlkə atam bu addımı bizə, mənim və qardaşımın istəyinə görə atardı. Mənə elə gəlirdi ki, dilinə gətirməsə də, o da bizim kimi anamın qayıtmağını istəyərdi. Öz əli ilə dağıtdığı ailəsini, vaxtı ilə özü sevib-seçdiyi, indi isə ayrıldığı qadınını geri qaytarmaq üçün birinci addımı atmağı kişilik qüruruna sığışdırmayan atam. Həyatının acı günlərinin geridə qaldığını düşünərkən, indi də onu canından artıq sevdiyi uşaqlarının ana həsrəti ilə parçalanan qəlbini, buludlar tək dolan gözlərini görüb, bütün bunları dərd kimi ürəyinə yığan atam. Ancaq nə o, nə də tərslikdə heç də geri qalmayan anam inadından dönüb, “ailəni dağıtmaqda səhv etmişəm”, deyib bağışlanmasını istəməyi özünə sığışdırmadı. 

İki insanın qüruru sınmadı, ancaq sınan talelər oldu. Həm özlərinin, həm də övladlarının taleləri. Bir-birini kimsənin təsiri olmadan seçib evlənmiş iki nəfər ayrıldı. Anadan yetim qalan uşaqların isə sanki, Əli Kərim demiş, oyunlarını götürüb, sadəcə, oyuncaqlarını verdilər. Sevincləri gözlərindən, xoşbəxtlikləri qəlblərindən çalındı. Hər şeyləri o gündən yarıya bölündü, heç vaxt bütövləşə bilmədi. Ən şad günlərində də nəsə çatmadı. 

Bir necə ay sonra tez-tez təkrarladığım sözlərin atamı necə sarsıtdığı, onun qəlbini parçaladığı indiyədək yadımdan çıxmayıb. Məndən niyə kədərli olduğumu, nə istədiyimi soruşduqda artıq susmur, eyni şeyi təkrarlayırdım: “Belə deyirəm ki, belə deyirəm ki, bax belə...” bu sözləri təkrarlayıb, əllərimi qəribə şəkildə havada hərəkət etdirir, sanki nəyəsə işarə edirdim. “Axı nəyi deyirsən?”  atam soruşurdu. “Nə istəyirsən, edək”. Mənsə yenə eyni sözləri təkrarlayırdım: “Belə deyirəm ki ...” 

Dəfələrlə soruşurdular, nə istədiyimi öyrənmək üçün üzümdən öpür, başımı sığallayır, az qala yalvarırdılar. Ancaq mən yenə nəsə demir, eyni cavabı verirdim. Mənim nə istədiyim bu qədərmi anlaşılmaz, qaranlıq idi? Əlbəttə, yox. Başqaları bir yana, atam ki nə istədiyimi bilirdi. Elə başqaları da demək istədiyim, ancaq deyə bilmədiyim sözlərin mənasını yaxşı başa düşürdülər. Ancaq heç kəs  bunu dilinə gətirmir, nə istədiyimi sonadək özümün deməyimi gözləyirdilər. Mən isə tutuquşu kimi eyni şeyi təkrarlamaqdan yorulmurdum. Zəif olduğuma görə üstümdə əsən atam fikir çəkməkdən daha da arıqladığımı görüb çox narahat olurdu. “Yeməyinə yaxşı fikir verin, uşaq bir dəri, bir sümük qalıb”, desə də məsələnin yeməklə bağlı olmadığını yaxşı bilirdi. Bilirdi ki, mən anamın fikrini çəkirəm. Buna son verməyin yeganə yolu isə atamın öz qərarını dəyişməsi və anamın evimizə qayıtması idi. Bir neçə il sonra bu istəyimin baş tutmasının, dağılmış ailənin bərpasının artıq mümkünsüz olması qətiləşəndən və mən bu reallığı qəbul etmək məcburiyyətində qalandan sonra həmin sözləri unutdum. Bəlkə də, dilimə gətirməyi özümə qadağan etdim desəm, daha düzgün olar. Başlıca səbəb isə artıq anamın da yeni ailə qurması idi. Bunu qonşu arvadlardan birinin söhbətindən eşitmişdim. Bakıya köçmüş anam fabrikdə işə düzəlmiş və atamdan üç il sonra ailə qurmuşdu. Bu hadisədən sonra anamla əlaqələrimiz tamam kəsildi və mən onu bir də orta məktəbi bitirəndən sonra, tələbə olarkən gördüm.

Həmin gün anam iki bacısı ilə şəhərin Dağlı məhəlləsi deyilən ərazidə bacımla kirayə qaldığımız mənzilə gəlmişdi. İlk dəqiqələrdə onun özünü sanki günahkar kimi aparması, nə qədər toxtaq olmağa çalışsa da, bizi bağrına basıb tez-tez ah çəkib ağlaması və dərhal da “Allaha min şükür, ikiniz də tələbəsiniz, mən necə xoşbəxtəm”, deməsi bacımla məni bir az çaşdırmışdı. Ancaq dərslərimizlə, dolanışığımızla bağlı sualları başlayanda, iki kiçik otaqdan ibarət kirayə mənzildə şəraitin necə olmasını araşdıranda özü də, biz də xeyli sakitləşdik. Tələbəlik həyatına yeni başladığımızdan nələri isə çatdıra bilməyəcəyimizdən narahat qalaraq, paltarlarımızı yumaq, hərdən yemək bişirib gətirmək istəməsini deməsi ilə qəti razılaşmadıq. Bacılarının israrla bu təklifə qoşulmasının da bizi qərarımızdan döndərə bilməyəcəyini görən anam “yaxşı vaxtınız olanda bizə gəlməyə necə baxırsınız”, deyə soruşdu. Bacımın cavabını gözləmədən mən:

  • Harada desən, elə burda istədiyin qədər görüşə bilərik, ancaq sizə gələ bilmərik, dedim.

Anam susdu. Ancaq bacıları sanki şərtləşmiş kimi bir ağızdan “niyə, ananız deyil?” soruşdular.

Anam bizim cavab verməyimizi gözləmədən, həm də elə bil bacılarının qarışmasını istəmədiyini göstərmək üçün “necə istəyirlər, elə də etsinlər. Onlar daha uşaq deyillər”, dedi.

Bəlkə də atamın adının yersiz çəkiləcəyindən ehtiyatlandığı üçün belə etdi. Çünki o, da, bacıları da yaxşı bilirdilər ki, atam bizə anamızla görüşməyi heç vaxt qadağan etməmişdi. Əksinə, anam rayona gələndə bizi onunla görüşmək üçün qaldığı yerə qədər aparmış, görüşlərimizə mümkün şərait yaratmışdı. Həmin vaxt atam da rayondan bizə baş çəkməyə gəlmişdi. Yəqin bundan xəbərdar olsaydı anam bizi yoluxmasını başqa vaxta saxlayırdı. Ancaq görünür, qismət beləymiş. O, getməyə hazırlaşanda atam gəlib çıxdı. Qapıdan içəri girmək istəyən atam anamı və bacılarını görəndə bir anlığa ayaq saxladı. Baxışları toqquşdu. Hər ikisi sanki donub qaldılar. Atam heç nə demədən sakitcə yarıaçıq qapını çəkib getdi. O, yalnız anamgilin çıxmasından bir neçə saat sonra geri qayıtdı. Ancaq nə onların gəlişi, nə də başqa şeylər barədə heç nə soruşmadı. Tamam ayrı məsələlərdən danışdı və yola düşəndə də “bacından və özündən muğayat ol, nəsə almaq istəsəniz deyin pul göndərim, heç nədən özünüzə korluq çəkdirməyin”, dedi. 

Atam 5 illik tələbəlik dövrümüzün təqribən 4 il yarımına qədər bizi heç nədən korluq çəkməyə qoymadı. Hər dəfə lazım olduğundan artıq pul yollaması bir yana, 2 dəfə yay tətili zamanı SSRİ və Azərbaycan daxilində turist səfərlərinə getməyim üçün də mənə artıqlaması ilə pul göndərdi.

Tələbəlik dövründə anam bizə müntəzəm gəlsə də, nə özü ilə anabir qardaş-bacımız gətirdi, nə də biz onları gördük. Mən ali təhsilimi başa vurub təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetinə işləməyə göndərildiyim 1984-cü ilin yayından ailə həyatı qurduğum 1990-cı ilin dekabr ayına qədər anamla görüşə bilmədik. Anam yalnız 6 illik fasilədən sonra, toy günümdə rayona və birbaşa bizim həyətimizə gəlmişdi. Evə keçmədən, elə həyətdəcə gəlininə gətirdiyi hədiyyəni ona verməyimi istəydi. Mən razılaşmadım, “sən bura qədər gəlib, bizə xeyir-dua vermədən getməkmi istəyirsən”, deyib onu vaz keçə bilməyəcəyi seçim qarşısında qoydim və analığımla bir yerdə gəlin otağına girdi. Gəlini ilə görüşüb hədiyyəsini təqdim edəndən sonra bizə xeyir-dua verdi. Çox kövrəlsə də, ağlamadı. Sonralar o günü xatırlayanda, yaxşı ki, özümü saxladım, o qədər sevinmişdim, ixtiyarsız ağlayıb qanınınızı qaraldacağımdan qorxurdum. Yazıq anam evliliyinin ilk 10 ilini şıxmaqla, qalan dövrünü beləcə, barəsində kimin nə düşünəcəyi, düz başa düşülüb-düşülməyəcəyi, canından artıq sevdiyi uşaqlarını bir də görüb-görməyəcəyi qorxusunun içərisində keçirmişdi.

Anamla əlaqələrimiz mən ailə qurub Bakıya köçəndən sonra tam bərpa olundu. Bunda mənim həyat yoldaşımın da danılmaz rolu olmuşdu. O, bir yerdə qaldığı qaynanasına, qayın-baldızına və başqa yaxınlarımıza da bizim anamızla münasibətlərimizin heç kimə zərər yetirmədiyindən danışır, onu tez-tez yoluxmalı olduğumuzu deyirdi. Əlbəttə, buna eturaz etməsələr də, ayrı cür düşünənlər də vardı. Biz bacım ailəsi ilə birlikdə ABŞ-a köçdükdən sonra anamın yanına daha tez-tez getməyə başladıq. Bu, anabir qardaş-bacımla da yaxınlaşmağımıza, bir-birimizi yaxından tanımağımıza səbəb oldu. Onların qısa müddətdə evin xanımı ilə dil tapmaları, bir-birmizə doğmalaşmağımız anamı da sevindirdi, ömrünün son illərində lap cavanlığındakı kimi özünü yenidən xoşbəxt hesab etdi. 

Bu sonuncu cümləni 2016-cı ildən bəri verdiyim fasilədən sonra, 2021-ci ilin aprel ayında yazdım. Anam artıq 6 aydır ki, aramızda yoxdur. 2020-ci ili oktyabr ayının 15-də onu son mənzilə uğurladıq. Axırıncı ay yarımlıq müddəti keçirdiyi ağır, müalicəsi mümkünsüz olan xəstəlik ucbatından çox əziyyətlər çəksə də anam taleyindən, insanlardan razı getdi. Sonuncu həftədə yuxusunu tam qarışdırsa da yaddaşı, nitqi tam yerində idi. Həmin günləri daha çox yanında olan qardaşımın həyat yoldaşının dediklərinə görə, sanki atamı qarşısında görürmüş kimi onunla danışırmış. “Şükür, orda gözlə, gəlirəm. Bilirsən ki, mən səndən başqa heç kimi sevməmişəm. Sən axı, həmişə mənə inanırdın, bəs, niyə belə oldu. Burda, sənin yanında nə gözəl güllər açıb, mən də gəlirəm, az qalıb, bir az gözlə. Yoxsa, məndən incimisən, niyə danışmırsan. Mən səndən sonra ancaq uşaqlara görə yaşadım, sən ki, bilirsən. Bizim xoşbəxtliyimizi əlimizdən aldılar. Necə oldu, niyə oldu, axı, heç kimə pisliyimiz keçməmişdi. De ki, məni bağışlamısan, səni dünyalar qədər istəsəm də, gəl məni apar demədim. Üzünü çevirsən də, səndən savayı kimsəyə ürək qızdırmadım.” Buna bənzər, sevgi, həsrət, peşmançılıq dolu fikirlər söyləyirmiş.

Əksər yurd, vətən, torpaq həsrətli insanlar kimi ömrünün son illərində anamın da tək bir dərdi vardı. Doğulduğu, uşaqlığı, gəncliyi keçən, nə qədər ağır günlər yaşasa da, ata ocağı olan Zəngilan düşmən işğalında idi. İllərlə ayrı düşdüyü övladları yanında idi, hamımız ailə qurmuşduq, nəvələri gözü qarşısında böyümüşdü, iki nəvəsinin toyunu, hərəsindən bir nəticə payı da görmüşdü. Gəncliyində, orta yaşda çəkdiyi ağrı-acılar, yaşadığı müsibətlər artıq geridə qalmış, ahıl vaxtında da olsa yaşadığı xoş günlər ona çox şeyləri unutdurmuş, həyatını dəyişdirmişdi. Bəlkə də bizə belə gəlirdi, nə bilim. Ancaq onun özünü xöşbəxt sayması, bütün analar kimi gündə yüz, min kərə övladlarına, nəvələrinə dua, Allahına dönə-dönə şükür etməsini görəndə başqa nə fikirləşə bilərdik ki. Ən çox sevdiyi nəvəsi Emin könüllü olaraq Vətənin müdafiəsinə qoşulan gündən dualarının bir ünvanı da atmışdı. “Allah əsgər, zabitlərimizi qorusun, hamısı, Emin içində olmaqla evlərinə sağ-salamat, qələbə ilə qayıtsınlar”, deyirdi. Ermənistanın 28 ildən artıq işğal altında saxladığı torpaqlarımızın, kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması xəbərlərini eşitdikcə ürəyi dağa dönürdü. İmkan düşən kimi evə zəng vuran Emin birinci nənəsi ilə danışır, “tezliklə bütün yerləri azad edib, qayıdacağıq”, deyirdi. Oktyabrın 14-nə qədər belə oldu. Sonuncu danışıqlarında “nənə sənin kəndinə tərəf irəliləyirik, ora çatan kimi zəng vurub danışacam”, demişdi. Ancaq Zəngilanın işğaldan qurtarıldığı həmin günü görmək qisməti deyilmiş. Füzulinin, Hadrutun, Cəbrayılın azad olunmasına bütün varlığı ilə sevinən anam qəhrəman hərbçilərimiz tərəfindən Zəngilanda müqəddəs bayrağımızın dalğalandırıldığı 2020-ci il 20 oktyabr tarixindən 5 gün əvvəl gözlərini əbədi yumub Allahın rəhmətinə qovuşdu.

Zəngilanın işğaldan qurtarıldığı tarixi gün barəsində öz Facebook səhifəmdə sevincimi dostlarla bölüşmüşdüm, inanırdım ki, atamın, anamın, əmimin, minlərlə doğma ocaq həsrətli insanın ruhu artıq rahatdır. 

Ancaq nə yazıq ki, yurd həsrətli anam da Zəngilanın düşmən tapdağından qurtulduğu günü görmədi. Son arzusu atamın yanında torpağa tapşırılması idi. “Allahdan ömür yox, möhlət istəyirəm. Heç olmasa, bu yol məni onun (atamı nəzərdə tuturdu) yanında üzüqara etməsin”, deyirdi. Görünür, taleləri, qismətləri beləymiş, məzarları da ayrı, bir-birindən uzaq olmalıymış. 

Həmin gün onu nə qədər istədiyimi tam aydınlığı ilə başa düşdüm. Kiçik oğluma, həyat yoldaşıma bu ağır xəbəri çatdıranda sözlər bir neçə dəqiqəlik qəhərdən boğulan boğazımda tıxanıb qaldı. Oğlum: “nə olub, niyə danşmırsan, hardasan, yerini de, gəlirəm”, deyəndən sonra bir az özümə gəldim. Xəbəri çatdırıb, “Ana, ana, dərdini içində çəkib, cavan yaşında ürəyi param-parça olan, özündən başqa kimsəyə qıymayan, nələr itirəcəyini bilə-bilə qüruruna qurban gedən Ana”, deyib hönkürdüm.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)