Lətif Babayev - Dərəli kəndindəki günlərimiz.
Bir neçə il yay tətilini Dərəli kəndində, Əli kişigildə keçirdik. Biz onu Əli dayı çağırırdıq. Üç tərəfdən dağlarla, meşələrlə əhatələnmiş Dərəli kəndi bir ucu Xustub dağına çatan yaylaqların aşağısında, dərədə yerləşirdi. Adını buradan almış Dərəli bol meyvə bağları, abad evləri olan çox mənzərəli bir kənd idi. Camaatın bağ-bostanındakı meyvə ağaclarından əlavə, kəndin üç tərəfində heç kimə mənsub olmayan, ancaq hamının bəhrələndiyi kiçik meyvə bağları da vardı. Cır armuddan, tutdan, alma, qoz ağaclarından tutmuş, heyvaya, əzgilə qədər. Ərazisi 4 hektara çatan müxtəlif alma ağacları ilə dövrələnmiş “Alma bağı” da kimsənin deyildi. Bu bağın tən ortası biçənək yeri, bir tərəfi isə təbii meşəlik idi. Kimsə bu ağacları, meşəni hasarlamağı, ona sahiblənməyi heç ağlının ucundan da keçirmirdi. İşğal gününə qədər də belə olaraq qaldı.
Biz vaxtımızın çoxunu “Alma bağı”nda, meşədə gəzib dolanmaqla keçirir, kəndin dərəaşağı və dərəyuxarı ərazilərindəki böyürtkəndən ləzzətlə yeyirdik. Hərdən də kənd uşaqlarına qoşulub top qovur, müxtəlif oyunlar oynayırdıq.
Kəndin ortasındakı gursulu, novlu bulaqdan doyunca içir, sərinləmək üçün üzümüzə vurur, qollarımızı, boynumuzu suyun altına tuturduq.
Əli kişinin həyat yoldaşı Nazlı xala atamın qan qohumu idi. Onlar eyni ulu babanın – İsmayıl kişinin nəticələri idilər. Atam onun böyük oğlu Baba kişinin, Nazlı xala isə ikinci oğlu Hevi kişinin nəvəsi idi. Nazlı xalanın ulu babası kimi Əli kişinin əsli də Cənubi Azərbaycandan idi. Qafanda tikintidə işləyən bu arıq, ovurdları batmış, qabarıq alınlı, beli azca bükük, çöhrəsi gülən Əli kişi qohumcanlı adam idi. Yaxşı yumor hissi vardı. Ətraf kəndlərdə, işlədiyi Qafanda böyük hörmət sahibi idi. Yaşına fərq qoymadan hamı ilə söhbət etməyi, ələlxüsus ədəbiyyat həvəskarları ilə oxuduğu bədii əsərləri müzakirə etməyi sevərdi. Özünün də hərdən şeir yazması vardı. Əsasən həcvlər yazar, ünvanını da dəqiq göstərərdi. Ona görə bir suç işləmiş adamlar onun qələminə düşməkdən çəkinərdilər. Camaat arasında lağ yeri olacaqlarından ehtiyat edərək Əli kişiyə yarınar, bu, işə yaramayanda isə barələrində yazılmış həcvdə deyilənləri təkzib etməyə çalışardılar. Ancaq hamı bilirdi ki, Əli kişi nə artırır, nə də əskildir, olanı yazır. Əlbəttə, poeziyaya xas təşbehlər, obyektin, yaxud hadisənin təsvirində məqbul sayılan bənzətmələr, ümumiləşdirmələr də öz yerində, gülüş obyektinə çevrilən qəhrəmanın hansısa əlamətinin şişirdilməsi də bura daxildir. Onun şeirlərinin xüsusi azarkeşləri vardı və bu adamlar yazılan həcvləri mürəkkəbi qurumamış əzbərləyib yayırdılar.
Əli kişi yaman siqaret çəkən idi. Özü də ancaq filtirsizindən, əsasən də “Avrora” çəkir, “o birilər ləzzət eləmir” deyirdi. Siqaretin biri sönməmiş, o birini yandırırdı. Hərdən buna hirslənən həyat yoldaşı: “A kişi, bir nəfəsini dər də, nədi, yenə tüstüyə güc vermisən, camaatı boğmayacaqsan ki”, deyirdi. O da artıq vərdiş etdiyi bu sözlərə əhəmiyyət vermir, müştüyə keçirdiyi papirosundan dərin bir qullab alıb söhbətinə davam edirdi.
O vaxtlar mən də cızma-qara etdiyimdən bu həcvləri oxuyur, onlar barədə öz fikrimi bildirirdim. Bir az lovğalıqdan, bir az diqqət cəlb etmək istəyindən irəli gələn bu yanaşmaya Əli kişi səmimi maraq göstərir, məni bir az da ruhlandırırdı. Ancaq nə qədər israr etsə də, mən yazdıqlarımı onun yanında üzə çıxarmaqdan çəkinirdim. Müxtəlif bəhanələrlə hər dəfə bu söhbətlərdən yayınır, hələ şeirlərimin üstündə işlədiyimi, hazır olanda oxuyacağımı deyirdim.
Əli kişinin bir çox şeirləri başına gələn hadisələrlə bağlı idi. Bir dəfə sovet sədrindən ailə tərkibi haqqında arayış almaq üçün aralıda yerləşən qonşu kəndə gedir. Ancaq sədri yerində tapa bilmir. Deyirlər ki, sədr rayon mərkəzinə gedib. Əli kişi bir neçə saat gözləyəndən sonra kor-peşiman geri qayıdır. O biri həftə yenidən arayış ardınca qonşu kəndə üz tutur. Yenə də sədrin hansısa iş üçün rayon mərkəzinə getdiyini deyirlər. Dilxor olan Əli kişi dəftərçəsini çıxarıb bir neçə bəndlik şeir yazır və kağızı qapının başından içəri atır. Səhəri günü idarəyə gələn sədr qapını açanda yerdəki vərəqi görür və götürüb oxuyur. Oxuyan kimi də rəng verib, rəng alır. Kim tərəfindən yazıldığını başa düşür və möhürünü, ştampını cibinə qoyub birbaşa Dərəli kəndinə üz tutur ki, məsələni yerindəcə həll etsin, həm də Əli kişiyə öz giley-güzarını çatdırsın.
Həmin şeirin yaddaşlarda indi cəmi 4 misrası qalıb.
Adım Musa, atam Nağı,
Gətir mənə yağ, qaymağı.
Gündəki peşəmdi mənim
Yazıq-yuzuğu soymağım.
Başqa bir savadsız məmurun camaata əziyyət verməsinə, özünü apara bilməməsinə layiq olduğu yeri göstərən həcvində yazırdı:
Kəndə gəlcək, bizə gəlir hədəni,
İki metr uzanıbdı bədəni.
Bisavaddı, danışammır mədəni
Götürün aradan belə “dədə”ni.
Əli kişinin əksər şeirləri köçkünlük dövründə it-bata düşdü, yaradıcılığının təkəmseyrək nümunələri qaldı. Yaşının ahıl çağında qələmə aldığı, həsrət-nisgil dolu qaçqınlıq şeirlərindən də indi yalnız bir neçəsi əldə qalır. Mən ailə üzvlərininn razılığı ilə həmin şeirlərdən ikisini bu kitaba saldım ki, gələcəkdə onu xatırlayacaq doğmaları Əli kişinin söz əhli olmasından xəbərdar olsunlar.
Dağlar
Əskik olmaz sürün, ilxın,
Dərdlərə dərmandı otun.
Yayda olur ziyarətin
Yönü bəri baxan dağlar.
Möcüzədi Gəlinqaya,
Gül-çiçəyin gəlməz saya.
Görüşümüz qaldı yaya,
Yönü bəri baxan dağlar.
Təkə gözləyir ülkəri,
Səndə gördüm etibarı.
Sovqat göndər bizə qarı
Yönü bəri baxan dağlar.
Gədiyində duman, boran
Zülm eylədi bizə aran.
Təzələndi yenə yaram
Yönü bəri baxan dağlar.
Atlanır ürəyim, yerimir qıçım
Kişnəmir kəhərim, mələmir quzum
Yaxınlaşıb mənim də axır köçüm
Yönü bəri baxan dağlar.
Dumanındı ala-tala,
Ayaqyalın düşdüm yola
İnanmıram Əli qala
Bir də sənə qonaq ola
Yönü bəri baxan dağlar.
Qazançıda
Qoz ləpəsi gözə verir işığı,
Dağlardı o kəndin yaraşığı
İki şairi var, bir aşığı
Heyif ki, yaşadım az Qazançıda.
İtirmişik Rəhim ilə Səlimi
O yerlərdən mən üzmüşəm əlimi.
Qaçqınlıq lal eyləyib dilimi
Qış çıxa, gəzəsən yaz Qazançıda.
Payız olcaq xurmalanır əzgili
Ağzında bala döndərir dili
İstəyirsən çatsın ömürün yüz ili
Əylən Qazançıda, döz Qazançıda.
Hanı İbrahimin indi yallısı
Öldü, getdi göz dərisi, ballısı.
Bəşir idi o yerlərin pullusu
Qoyasan torpağa üz Qazançıda.
Kəsilmədi Gomaranın davası
Dərdə dərman Rəzgahəmın havası,
Günqışlaqdı şeytanların yuvası
Axtarsan taparsan düz Qazançıda.
Allahverdi oxu vuran gözündən
İbrahimdi kənddə çıxan özündən
Yaralıydı, axsıyırdı dizindən
Ağızlarda gəzir söz Qazançıda.
Yada düşər Məşədinin dərəsi
Vaxım olub ovçuların bərəsi
Hanı indi təzə pendir, kərəsi
Daha qalmayıbdı iz Qazançıda.
Əskik olmaz quzeyində zirəsi
Nə ditdisi olur, nə də birəsi
Hanı indi təzə şoru, kərəsi
Yayda ləzzət verir yel Qazançıda.
İki şairi var, bircə ovçusu
Mən görmədim o yerdə baş ağrısı
Müxtəsəri budur, sözün doğrusu
Şükür dizliyirdi fil Qazançıda.
Min dərdə dərmandı yazda yarpızı
Qeyrətli oğlu var, namuslu qızı
Heç zaman itirməz çörəyi, duzu
Götür qələmini yaz Qazançıda.
Əli kişinin baməzə söhbətləri, zarafatları da məşhur idi. Bir dəfə qonşu kənddən bir nəfər onu “qatırını mənə sat deyib” bərk narahat edirmiş. Əli kişi nə qədər “qatırım yoxdur, çoxdan satmışam”, desə də həmin şəxs əl çəkmir. Axırda eyni sözü təkrarlamaqdan yorulan və bu adamı başqa cür başa sala bilməyəcəyini görən Əli kişi:
“Sabah gəl, qatırı apar, sən dağa-arana gedirsən, qatır daha çox gərəyin olar. Mənə sənin qədər lazım olmur” deyir.
Həmin şəxs səhəri gün əlində zənbil kəsdirir Əli kişinin qapısını. Özünü itirməyən Əli kişi qonşunu haraylayıb:
-Ay qonşu, mənim çər dəymiş qatırımı görməmisən, deyə, soruşur.
Qonşu Əli kişinin qatırının olmadığını bilsə də özünü itirmir:
- Qatırın kəndin atlarına qoşulub Şişdaşın o tərəfinə aşıb, dağlara doğru getdi, deyir.
Kənddən çox aralı olan bu yerə gedib-qayıtmağın azı yarım gün vaxt alacağını yaxşı başa düşən həmin adam kor-peşiman geri qayıdır və bir də qatır söhbəti eləmir.
Onun şeirlərinin çoxsaylı həvəskarları və sinədəftərləri arasında böyük oğlu Zakir də vardı. Poeziyanı ürəkdən sevən Zakirin bəlağətli, gur və təsirli səslə oxuduğu bu şeirlər daha yaxşı səslənirdi. Onun şirin ləhcəsi, səsindəki ahəngdarlıq adama o qədər xoş gəlirdi ki, bəzən saatlarla oturub qulaq asmaq istəyirdin. Yaşca bizdən böyük olsa da, o da atası kimi uşaq-böyük demədən hamı ilə eyni qaydada söhbət edir, şirin danışığı ilə adamı heyran qoyurdu. Düzdür, bir az şişirtməyə meyilli idi. Öz fantaziyasını tez-tez işə salmağı da xoşlayırdı. Ancaq bunlar söhbətin şirinliyinə xələl gətirmir, əksinə, onu bir az da maraqlı edirdi. Sonralar yazdıqlarımı əsl şeir nümunəsi hesab edib, üzə çıxaranda mənim də ən fəal təbliğatçım oldu. Həmin vaxtadək yazmağımdan xəbərsiz olan əksər qohumlar və tanışlar da: “eşitdik şeir yazırsan, özü də pis alınmır, hə”, deyə məndən soruşur, xəbəri kimdən aldıqlarını da gizlətmirdilər. Bir dəfə yaxın qohumların məclisində Zakir şeirlərimdən birini əzbərdən deyib, məni o ki, var təriflədi. Gözlənilməz olduğundan bir az çaşdım, hətta utandığımdan pörtdüm də. Ancaq az sonra daxilimdə bir məmnunluq hissi baş qaldırdı. Bu, böyük şair olacağıma özümü inandırdığım zamanlar idi.
Zakir hər dəfə məndən təzə şeirlər yazıb-yazmadığımı soruşur, müsbət cavab olanda onları alıb oxuyur, tərifini göylərə qaldırırdı. Açığı, bu mənim eqomu təmin etdiyindən və yazdıqlarımı hələ obyektiv qiymətləndirmək iqtidarında olmadığımdan etiraz etmir, əksinə, təzə şeirlərimi bəzən özüm ona verirdim. Bir dəfə məndən “Qarışqalar” poemasını istədi və onu nə vaxt bitirəcəyimi soruşdu. Doğrusu, çaşıb qaldım. Axı, mən nə belə bir poema yazmışdım, nə də yazmaq fikrində idim. Həm də həmin vaxtadək düzüb-qoşduğum ən irihəcmli şeirim 7 ya 8 bənddən ibarət olmuşdu. Belə bir əsər yazmadığımı desəm də, mənə inanmadı. Sonra bu söhbəti xatırlayanda haradan qaynaqlandığını təxmin etdim. Görünür, tatar şairi Musa Cəlilin “Moabit dəftəri”ndən əzbər dediyim “Quşcığaz” şeirinin misralarını eşidib, nəsə yazdığımı güman edib. Həmin misralar oxucuya da yaxşı tanışdır:
Səhərdən ulduzlar görünənədək,
Eşirik torpağı qarışqalar tək.
... Əli kişinin evi kəndin şimal-qərb səmtində, Qafan şəhərinə gedən yolun üstündə yerləşirdi. Birmərtəbəli, kürsülü evin uzun eyvanı, qapıları bu eyvana açılan 3 otağı və bir mətbəxi vardı. Külfət sahibi olan Əli kişinin qazancı az olmasa da, ailənin ildən-ilə artan tələbatını qarşılamaq üçün təsərrüfatı genişləndirmək məcburiyyətində idilər. Orta məktəbi bitirən uşaqlar kənddə, rayon mərkəzində tapdıqları azmaaşlı işlərlə, qalanları da təsərrüfat işlərinə əl tutmaqla ümumi dolanışığa bacardıqları qədər kömək edirdilər. Kənd yerlərində adətən uşaqlar ayağı yer tutandan qoyun-quzu otarır, bir az böyüyəndən sonra isə əkin-biçin işlərinə də cəlb olunurlar. Xüsusilə yaz-payız aylarında kəndin aralığında bekar adam tapmazsan. İyun ayından da ot tədarükü, meyvə-tərəvəz yığımı və qış üçün qablaşdırılması başlanır. Qışa hazırlanan mürəbbələrin, turşuların dadından doymaq olmur. Yığılan meyvələrin bir hissəsi də evlərin çardaqlarında samanın, küləşin üstünə səliqə ilə düzülərək mövsümdən sonrakı dövr üçün saxlanır. Kənddə az ev tapılardı ki, çardağında meyvə ehtiyatı, eyvanında, yaxud zirzəmisində kartofu, soğanı, çəllək-çəllək turşusu, taylarla arpası, buğdası və başqa ehtiyatı olmasın. Bəziləri hətta payıza doğru bəslədikləri toğluları kəsib, öz yağında qovurur, yerə basdırır, ya da zirzəminin ən soyuq yerinə qoyurdular ki, lazım olanda istifadə etsinlər. Əli kişigil də qışa tədarük görürdülər. Evin qabağındakı həyətdə, bostan yerində əkilmiş müxtəlif meyvə ağacları may ayından başlayaraq oktyabra qədər bar verir, bostandan isə faraş pomidor, xiyar, badımcan, bibər, göy-göyərti əskik olmurdu. Biz yay uzunu tərəvəzlərin çoxunu tağdan yığıb elə oradaca yeməyi, meyvə ağaclarının ağ, göyümtül rəngə çalan budaqlarından sallanan təzə-tər meyvələri dərib paltarımızın qolu ilə silərək ağacın üstündəcə dişimizə çəkməyi xoşlayırdıq. Qoz-fındıq mövsümü başlamamış onların dadına baxmaq həvəsimiz əllərimizin qoz qabığından qaralmasına səbəb olur, kal zoğal, əzgil ağzımızı büzüşdürürdü. Meşənin alçasının, cır almasının da ağızbüzən ləzzətli dadı indiyədək damağımdadır. Hərdən insafa gələndə bu meyvələrdən yığıb evə də gətirirdik. Zoğalın, alçanın kölgədə süfrələrin üstünə necə sərilməsinə tamaşa edərdik. Ancaq onların da bir hissəsini gizlicə yeyirdik. Yuyulub, azca duzlanaraq qurudulmaq üçün sərilmiş bu meyvələrin dadından doymaq olmurdu. Nədənsə, təzə meyvədən daha çox belə məhsullara üstünlük verirdik.
Əli kişinin həyətindəki iri armud ağacının altında əldəqayırma uzun bir stol, sağ-soluna da eyni uzunluqda və eyni qaydada hazırlanmış ensiz skamyalar qoyulmuşdu. Biz səhər, günorta yeməyini həmişə bu ağacın kölgəsində yeyir, axşam isə eyvandakı stolun başına toplaşırdıq. Üstündən illər keçəndən sonra da mən ev sahiblərinin bizim yaxşı dincəlməyimiz, tətili maraqlı keçirməyimiz üçün necə ürəkdən səy göstərdiklərini, birimizin başı ağrıyanda, ya nəsə olanda necə təlaşlandıqlarını bugünki kimi xatırlayıram.
Kənddə ən maraqlı məşğuliyyətlərdən biri də həmyaşıdımız Mustafanın sevgi macəraları idi. O, əmioğlum Mehmanla mənə əvvəl sevdiyi, sonra nəyə görəsə özü demiş “atdığı” qızı da, indiki sevgilisini də göstərmişdi. Bəzən sevgili sayılan qızların özlərinin heç bundan xəbərləri olmurdu. Növbəti il kəndə gələndə bu söhbətlər yenə təzələnir, o, qızla “münasibət”lərini ən kiçik təfsilatına qədər bizə danışırdı. Onunla harada görüşdüyünü, meşədə meyvə, böyürtkən, xəzəl yığmaq adı ilə gəzdiklərini, hətta belə günlərdən birində onu öpdüyünü, bunun bir neçə gün sonra yenidən təkrarlandığını elə həvəslə danışırdı ki, adamın paxıllığı tuturdu. Biz bu söhbətlərin təsiri altında xəyala qapılır, gözəl bir qızın əlindən tutduğumuzu, yanağından öpdüyümüzü təsəvvür edir, bundan həzz alırdıq. Əmioğlum hərdən zarafatla: “Gop eləyirsən” deyib onu cırnadırdı.
O daha da qızışır, qızı görüşə çağırıb bizim yanımızda öpəcəyindən mərc gəlirdi. Buna inanmasaq da, elə bil, indicə bizim yanımızda qızı öpdüyünü düşünüb, həyəcanlanırdıq. Nəfəsimizi kəsən bu həyəcan bizdə ona qarşı həsəd, həm də maraq yaradırdı. Nəhayət, belə mübahisələrdən birinin sonu onun qızı bizim yanımızda görüşə çağırması ilə nəticələndi. Onlar qabaqda, biz arxada “Alma bağı”na tərəf getdik. Bir ara bağın lap yuxarısına doğru gedərkən, həqiqətən, qızın əlindən tutduğunu da gördük. Ancaq bundan artıq bir şey baş vermədi. Mustafa pərtliyini gizlətmək və mərci uduzmadığını sübut etmək üçün “sizin gözünüzün qarşısında öpüb onu utandırmaq istəmədim. Bir də o, meşəyə getməyə qorxdu”, dedi.
Növbəti yay biz kəndə getməsək də, Mustafanın artıq başqa qızı sevdiyini eşitdik. Həmin qızgil də yay tətilində dincəlmək üçün kəndə nənəsigilə gəlirdilər. Bunu bizə dostlarından biri çatdırdı. Həmin dostu da özü kimi hər yay az qala bir qız sevir, hamısını da bir il keçməmiş unudurdu. Sanki onların məhəbbəti də fəslə uyğun dəyişirdi. Uşaq əyləncələrindən başqa bir şey olmayan bu hərəkətlər nə qədər zərərsiz, maraqlı olsa da, qızları aldatmaları heç ürəyimə yatmırdı. Hətta onları daxilimdə qınayır, bu hərəkətlərinə görə yamanlayırdım. O vaxtlar artıq özüm də sevməyə başladığımdan qızları aldadanları az qala düşmən hesab edir, hətta onları cəzalandırmaq haqqında düşünürdüm.
Kənddə başqa maraqlı adamlar da vardı. Yay-qış sırıqlısını əynindən, uzunboğaz çəkməsini ayağından çıxarmayıb bunu cavanlara da məsləhət görən Alış kişi kimi. Bu xasiyyətinə təəccüb qalanlara: “istidən hələ ki, heç kim ölməyib, adamın başına nə gəlsə, soyuqdan gələr”, deyirdi. Ya da dərədə yerləşən evindən üzüyuxarı dırmanmaqdan bezib, əkdiyi bostana güc-bəla ilə su verən başqa birisinin adı “düz istəyirəm e, düz” dediyinə görə camaat arasında adı “düz Hüseyn” qalmışdı. Ancaq onların heç biri gop söhbətləri ilə hamının dilinə düşmüş Vəliyəddin qədər məşhur ola bilməzdi. Vəliyəddin yaşlılardan daha çox uşaqların, gənclərin dostu idi. Onun danışdıqlarının çoxuna inanmasaq da, həvəslə qulaq asır, hər dəfə yeni əhvalat söyləməsini xahiş edirdik. O, söhbətinə adətən belə başlayırdı:
“Kimə desən inanmaz, ancaq başına gələnlər bilir ki...” və s. və i. Müharibədən bir neçə il əvvəl doğulmasına baxmayaraq, guya müharibədə iştirak etdiyini, bir il cəbhədə olduğunu deyirdi. Öz aləmində bunun təsdiqi kimi müharibə mövzusunda baxdığı filmlərdəki əhvalatların üstünə beşini qoyub, söhbətlərinin daha inandırıcı çıxması üçün Belarusda, Ukraynada, Avropa ölkələrində bildiyi və eşitdiyi yerlərin adlarını çəkir, onları necə azad etdiklərindən danışırdı.
“Bir dəfə Visla çayını təzəcə keçib yarımdağlıq bir əraziyə çıxmışdıq ki, almanlar üç tərəfdən bizə hücum etdilər. Bəxtimdən mən iki dağ arasında tək adamın güclə yerləşə biləcəyi bir yerdə dayanmışdım. Almanlar buradan keçsəydilər, bizimkilər tam mühasirəyə düşəcəkdilər. Bunu bilən komandir yaman dilxor idi. –“Qadan alım, ay Vəliyəddin, yenə ümid sənədir, amanın bir günüdür, nə qədər bacarırsan, qarşılarını kəs, görək bu tərəflərdə nə edirik” dedi. Mən ştıknojumu çıxartdım, tüfəngin ucuna taxıb gözlədim. Onlar keçmək istədikcə, mən ştıknoju qarınlarına soxub, arxaya tullayırdım, daha öldüsü, qaldısı ilə maraqlanmırdım. Bilirdim ki, məndən arxadakı yoldaşlarım sağ qalanlara aman verməyəcəklər. Taxdım, atdım, taxdım, atdım. Keçə bilməyəcəklərini görən almanlar geri çəkiləndə alnımın tərini silib bir anlığa geri baxdım. Gördüm alman meyitlərindən arxada, yalan olmasın, bir təpə yaranıb. Mənə köməyə gələn yoldaşlarımın dediyinə görə, yüzdən çox düşmən öldürmüşdüm. Qərəz, həmin gün biz düşməni xeyli geri sıxışdırdıq. Cəbhəni yara bilməyən almanlar dabanlarına tüpürdülər. Komandir mənim boynumu qucaqlayıb sevindiyindən ağladı. Amma vaxt itirmədən yanımdakı döyüşçülərlə birlikdə avtomatlarımızı çiynimizə salıb cəbhənin başqa istiqamətinə yoldaşlarımıza köməyə tələsdik. Məlumat almışdıq ki, başqa istiqamətlərdə üstünlük hələ də almanların tərəfindədir”.
Ancaq bizlərdən heç kim cəsarət edib onun tüfənginin birdən-birə avtomata necə çevrildiyini soruşmurduq. Həm də qorxurduq ki, soruşsaq, daha bizə maraqlı əhvalatlar danışmaz. Bir dəfə də Qafan şəhərində 400 ton kartofu gün ərzində necə satmasından və işi qurtarıb evə gələndən sonra radioda (o vaxt kənddə tək-tək evlərdə televizor vardı): “Sağ ol, Vəliyəddin, sağ ol”, deyildiyini eşitdiyindən danışmışdı. Guya bu ittifaq miqyaslı uğuruna görə ona hansısa orden verilməli imiş, ancaq xain ermənilər mane olublar. Onlar Vəliyəddinin nəticələrini 10 qat azaltmış, özlərinkini isə eyni qədər artırmışdılar. Qafanda dəmiryol qovşağında işləyib yük vaqonlarına xidmət göstərən Vəliyəddin bəzən təcili yüklərin, xüsusi ilə ərzağın maşınlara boşaldılmasında iştirak edirdi.
Vəliyəddin həm də yaxşı divar ustası idi. Kənddə çox adama ev tikintisində kömək etmişdi. Ancaq bu sahədəki fəaliyyətini də hədsiz dərəcədə şişirdir, hətta ağılasığmaz yalanlar uydururdu. Guya bir dəfə evi tez tikib qurtarmaq üçün divarların aralarına çınqıl, daş yerinə kal meyvə töküb, üstünü də palçıqlamışdı.
“Baxdım ki, axşam düşür, yanımda da çınqıl materialı, xırda daşlar tam qurtarıb, iri daşlar da yox idi ki, doğrayıb töküm. Əlacsız qalıb uşaqları çağırdım ki, həyətdəki meyvə ağaclarında nə qədər dəyməmiş meyvə varsa, hamısını bura toplayın. Onlar kal meyvələri, armud, alma, heyva, əllərinə nə keçdi, daşıyıb gətirdilər. Mən də duvarın iki tərəfini daşla hörüb arasını həmin meyvələrlə doldurdum. Üstündən də necə lazımdır, palçıq vurdum. Divar elə möhkəm alınmışdı ki, maşınla vursan, dağılmazdı”.
Daha heç kim soruşmurdu ki, axı bu meyvələr çürüyəndən sonra, divar uçmazdımı, yaxud çürüntü qoxusundan o evdə necə oturmaq olardı? Belə sualların verilməsi hamını bu maraqlı hekayələrdən məhrum etmək demək olardı. Bunu isə heç birimiz istəmirdik.
Bir dəfə maşında bir neçə nəfərlə birlikdə kəndə gələrkən o, Beyləqanda işləyən vaxt ayda 3-4 min manat (söhbət sovet pulundan gedir) əmək haqqı aldığı barədə bir əhvalat uydururmuş. Bu vaxt maşında olanlardan biri yanındakılara göz vurub işarə ilə Vəliyəddinə deyir ki, axşam gəlim, mənə 1000 manat borc ver, yaman ehtiyacım var. Vəliyəddin də özünü adamların yanında sındırmayıb: “Gəl, nə qədər istəyirsən, borc verim” deyir.
Axşam Vəliyəddinin qapısını döyən həmin adam borc üçün gəldiyini deyəndə özünü itirmir:
“Sən bir işə bax, evdə 10 min manat pul vardı. Kişi (atasını nəzərdə tuturdu) məndən xəbərsiz aparıb banka qoyub. Səhər biz kəndə gələndə, o da rayon mərkəzinə çıxıb. Yoxsa səni boş qaytarmazdım” deyir.
Təsadüfən həmin gün atası həqiqətən də rayon mərkəzinə getdiyindən Vəliyəddinin yalanını çıxarmaq mümkün olmamışdı. Həmin adam heç nə deməmiş, əli ətəyindən uzun geri qayıtmışdı.
Başqa bir söhbətdə isə o, qış vaxtı dağlara, Qazangölə qədər getməsindən, 2 dağkeçisi, bir ceyran, xeyli kəklik vurmasından danışmışdı. Özü də qoşalülə tüfənginin bir gülləsi ilə daşların arasından qalxan kəkliklərin guya 7-8-ni birdən vurub, çoxunu da dağdan enəndə yolda qarşısına çıxan adamlara vermişdi. Dağkeçilərini ağır olduğundan səhəri gün gətirmək üçün orada qoymuş, ceyranı çiyninə atıb kəndə gətirmişdi. Səhəri gün dağkeçilərinin arxasınca gedəndə onlardan birini guya vaşaqların yediyini görüb, kor-peşman o birini götürüb geri qaydıbmış. «Heç onu da yemək mənə qismət olmadı. Sovxoz direktoru dedi ki, “rayondan qonaqlarım gəlib, könüllərinə ov əti düşüb, gör bir neynirsən, amma cəld ol». Mən də dedim “maşını sür evə, bir dağkeçisi vurmuşam, görünür, qismət onların imiş”. Sonra da köks ötürüb - “kim qazana, kim yeyə, o qədər belə hadisələr olub ki” dedi.
… İllər sonra tələbə dostum Nəsimanla Dərəli kəndinə getmişdik. Kəndin təbiətinə heyran qalan dostum: “Bu kəndin çayı da olsa, dünyanın ən gözəl guşələrindən biri olmağa tam haqqı çatardı”, dedi. Sonra dostum məndən xahiş etdi ki, haqqında bir vaxtlar ona danışdığım qədim yurd yerlərinə gedək. Oraları öz gözlərilə görmək istəyirdi.
Biz kəndin lap yuxarısındakı evləri geridə qoyub, üzü dağlara doğru bir xeyli yol getdik...
Qədim yurd yerlərinin ərazisində ötən əsrin əvvəllərində Karrar kəndi yerləşib. Babamgil yaşayan bu kənddən yalnız bir neçə evin qalıqları, daha doğrusu, uçub tökülmüş torpaq kahalar nişanə qalmışdı.
Atamın dediyinə görə, Karrar kəndinin özü və əhalisi ermənilərin 1918-ci ildə Zəngəzurda törətdikləri qırğınlara qurban gedib. Qafanla lap sərhəddə yerləşdiyindən hücuma məruz qalan ilk kəndlərdən biri olub. Qaniçənlər qadın, qoca, uşaq demədən əhalinin yarıdan çoxunu elə birinci gün qırıblar. Əli silah tutanların bir hissəsi də qəfil basqında öldürülüb. Dağa, meşəyə qaçanlar bir neçə aydan sonra kəndə qayıdanda yurdlarını dağıdılmış, yandırılaraq vuran qoyulduğunu görmüşlər. Evində tək-tük silahı olanlar da dəstə şəklində hərəkət edən ermənilərin qarşısında davam gətirə bilməyiblər. Atam deyirdi ki, bu qeyri-bərabər döyüşlərdə babamın əmisi və bibilərindən biri də əllərində silah vuruşublar. Öz ailələrinin qisasını alarkən hər ikisi şəhid olublar. Atam Qaraqız adlı həmin bibisinin igidliyindən qürur hissi ilə danışırdı. Qaraqız hələ ərə getməmiş 21-22 yaşlı gənc qız olsa da, cəsarətli imiş, silahla davranmağı bacarırmış. Əksər kənd qızları kimi yaxşı at minməyi də varmış. Qardaşlarının, başqa yaxınlarının, qohum ailələrin başına gətirilən faciələr onu kişilərə qoşularaq əlinə silah almağa məcbur etmişdi. Bir neçə ermənini öldürsə də, özü də, qardaşı da həlak olmuşdu.
Karrar kəndi tamam yandırılıb dağıdıldığından kənd camaatının sağ qalanları rayonun bir neçə kəndində qohumların, yaxınların, tanışların evində müvəqqəti yerləşmiş, sonradan əsasən Dərəli və Kolluqışlaq kəndlərində daimi məskunlaşmışdılar. Babamgil də Kolluqışlaqda yurd salmışdılar. Ancaq Karrar kəndini heç vaxt yaddan çıxarmır, nə zamansa ora qayıdacaqları günü gözləyirmişlər.
Nəsiman ilə qədim Karrar kəndindən, dədə-baba yurdlarından aşağı enərkən artıq toran vururdu. Bu qədər ləngiməyimizdən narahat olan qohumlar uşaqları üzü yal yuxarı bizim arxamızca göndərmişdilər. Əli kişi bizi böyük oğlu Zakir üçün tikdirdiyi yeni ikimərtəbəli evdə şam yeməyinə çağırmışdı. Tədqiqatçı kimi artıq ölkədə tanınan dostumun (o sonralar tarixi araşdırmalarını davam etdirərək, dəyərli əsərlər yazdı. Hazırda tarix elmləri doktoru, professor olan dostumuz öz araşdırmalarının miqyasını daha da genişləndirmişdir) Əli kişi ilə ünsiyyəti yaxşı alındığından biz üçlükdə bir neçə saat söhbət etdik. Bundan bir neçə ay sonra ermənilərlə münasibətlər daha da gərginləşərək açıq müharibəyə keçdi. Qızğın döyüş əməliyyatlarının getdiyi ərazilərdən biri də Dərəli kəndi oldu. Və bir neçə il sonra bu kənd də Zəngilanın digər 10 kəndi ilə yanaşı, rayonun ilk işğal edilən kəndlərindən oldu. Əli kişi də camaatla birlikdə ailəsini götürüb böyük oğlunun rayon mərkəzindəki evində yaşadı. Ancaq orada da çox qala bilmədilər. Kənddən rayona, oradan da ölkənin paytaxtınadək uzanan bu qaçqınlıq taleyi, köçkünlük həyatı onların da ömrünə amansız balta çaldı. Zəngilanın işğalından bir neçə il sonra Əli kişinin, onun ardınca da həyat yoldaşı Nazlı xalanın ruhu uçub əbədi rahatlıq tapmaq ümidi ilə doğma yerlərə getdi. Qəfil gələn amansız ölüm Əli kişinin nəvəsi, əmimin gəlini Zülfiyyəni də cavan yaşında, Zəngilanı, Dərəli kəndini görmədən, yurda dönüb bulaqlarımızın can dərmanı suyundan içmədən, həsrətində olduğumuz cənnət məkanlarımızı gözüdolu seyr etmədən apardı. Onun ruhu da doğmalarının ruhuna qovuşdu.
İlk dost
Dördüncü sinifdə oxuyurdum. Artıq bir neçə ay idi ki, sinfin birinci əlaçı qızından xoşum gəldiyindən, hansısa oğlanın ona yaxınlaşmasını qısqanır, hər vasitə ilə diqqətini cəlb etməyə çalışırdım. Ancaq o, sanki bunları sezmir, mənə də başqaları ilə eyni münasibət göstərir, ürəyi kiminlə istəyir danışır, deyib-gülürdü. Mənə əzab verən bu vəziyyətə bəzən o qədər hirslənirdim ki, həmin uşaqlarla dalaşmaq istəyidim. Ancaq uşaqlıqdan bəziləri məni cığal hesab etsələr də, dalaşmaqdan, səbəbsiz yerə mübahisə etməkdən xoşlanmırdım. Özüm də sinfin əlaçı şagirdlərindən olduğuma görə qızın gec-tez məndən xoşu gələcəyini düşünüb, bir qədər sakitləşirdim. Adətən uşaq yaşlarında kimdənsə xoşumuz gəlməsini biz sevgi ilə qarışdırır, əslində, ünsiyyətə olan ehtiyacın doğurduğu bu duyğuları bir-birindən ayıra bilmirik. Mənim də sevgi adlandırdığım bu hislər ünsiyyət ehtiyacından başqa bir şey deyildi. Ancaq 10-11 yaşlarında bunu ayırd etmək o qədər də asan olmur.
Başqa bir cəhət, uşaq vaxtı, bəzən yeniyetməlik dövründə də oğlanlar daha çox ən yaxşı oxuyan, əlaçı və səliqəli qızlara, qızlar isə güclü, onlara öz hislərini açmaqdan qorxmayan, cəsarətli oğlanlara vurulurlar. Bəzən aldadıcı olan bu duyğular çox vaxt bir neçə aydan sonra ya tamami ilə itib gedir, ya da dostluq münasibətlərinə çevrilir. Hələ xarakteri tam formalaşmadığından bu yaşda qızlardan “yox” cavabı alan oğlanların psixoloji durumlarında daha ciddi dəyişikliklər baş verir. Onlar qısamüddətli sarsıntı keçirir, özlərini ələ almaqda çətinlik çəkir, hamıya qarşı acıqlı və davakar olurlar. Hətta bəziləri özünəqəsd həddinə çatırlar. Bəzən 7-8-ci sinfə qədər dərsdən başqa heç nə haqqında fikirləşməyən, əla qiymətlərlə oxuyan yeniyetmələrin birdən-birə dərslərdə geri qalmasının, dalğın görünməsinin, ətrafına qarşı ən yaxşı halda laqeydləşməsinin başlıca səbəblərindən biri uğursuz sevgi olur. Doğrudur, qızlar arasında da ilk məhəbbətin uğursuzluğuna görə müxtəlif psixoloji vəziyyətlərə düşənlər olur, ancaq onların sayı oğlanlarla müqayisədə çox azdır. Belə sarsıntılar yaşayan oğlanların durumundakı yeganə ümidverici cəhət onların düşdükləri psixoloji vəziyyətdən qızlara nisbətən tez çıxmaları, ikinci, üçüncü, hətta dördüncü qızı da “eyni ehtirasla sevmələri” və özlərini indiki sevgilərinin daha güclü və həqiqi olmasına inandıra bilmələridir.
Sinfin əlaçısı olan bir oğlanın da həmin qıza tez-tez baxdığını sezmişdim. Bəlkə o da eyni şeyi məndən duymuşdu. Adı artıq sizə tanış olan Nəriman məktəbdən evə qayıdarkən yolun yarıdan çoxunu bizimlə birlikdə gəlirdi. Bir gün yolda necə oldusa, söhbət qızlardan, kimdən xoşumuzun gəlməyindən düşdü. İlk olaraq mən ondan soruşdum. O, cavab əvəzinə eyni sualı mənə verdi: “Bəs sənin kimdən xoşun gəlir?”. Qərara gəldik ki, xoşumuza gələn qızın adının baş hərfini ikimiz də eyni vaxtda deyək. Belə də etdik. İkimiz də eyni hərfi dedik. Sonra sonuncu hərfi deməyə qərar verdik. Çünki sinifdə adı həmin hərflə başlayan dörd qız vardı. Sonuncu hərf də eyni oldu. Qızların sayı yarıbayarı azaldı. İndi növbə üçüncü hərfin idi. Bununla ikimizin də eyni qızdan, yaxud ayrı-ayrı qızlardan xoşlandığımız aydınlaşacaqdı. Sonuncu hərfi də ikimiz eyni vaxtda dedik. Həmin qız idi. Nərimanın da, mənim də xoşumuza eyni qız gəlirdi. Doğrusu, bu anda nə edəcəyimi bilmədim. Ürəyimdə onun hərəkətinə qəzəblənsəm də, sadəcə, ayrılıb uzaqlaşdım. Yol boyu ondan acığımı necə çıxacağım, xoşuma gələn qızın adını çəkdiyinə görə onu necə cəzalandıracağım barədə düşündüm. Yəqin bütün günü Nəriman da mənim kimi eyni şey haqqında düşünmüşdü. Bəlkə də həmin qızın adını bir də dilimə gətirməmək üçün məni möhkəm döyəcəyini, hətta öldürəcəyini fikirləşib durmuşdu. Səhəri gün dərsdən sonra onunla görüşüb məsələni aydınlaşdırmaq qərarına gəldim. Mən təyin olunmuş yerə həmyaşıd əmioğlumla getdim. Nəriman isə tək idi. Nədənsə biriylə mübahisə edəndə, yaxud iş davaya çatanda Mehman məndən qabaq irəli atılır, ya birinci zərbəni mənim əvəzimə qəbul edir, ya da rəqibimi özü vururdu. Əksər hallarda dava bununla da bitir, mübahisə mənim ucbatımdan yaransa da, günahkar əmioğlum olurdu. Görünür, bu missiyanı öz üzərinə könüllü götürməsinin əsas səbəbi mənim uşaqlıqdan zəif və onun aləmində gücsüz olmağım idi. Bu dəfə də eyni vəziyyət yarana bilərdi. Sinif yoldaşım heç bir qorxu-hürkü keçirmədən qarşımızda dayanmışdı. O vaxtadək sinifdə hamıdan güclü olduğunu dəfələrlə sübut etdiyindənmi, ya mənimlə əmioğlumu birlikdə döyə biləcəyinə tam əminliyindənmi doğurdu bu arxayınlıq, bu cəsarət?! Biz davaya başlamaq üçün bir-birimizə lap yaxınlaşanda baxışlarımız qeyri-ixtiyari toqquşdu. Elə bil, birdən-birə onun da, mənim də dava etmək həvəsimiz tamam söndü. Onun “Qoy, qız özü müəyyən etsin, kimdən xoşu gəlir”, deməsi isə sanki məni ağır bir yükdən qurtardı. Əmioğlumun bütün cəhdlərinə baxmayaraq, biz nəinki dalaşmadıq, əksinə, mehribanlıqla ayrıldıq.
Səhəri gün də münasibətlərimizdə heç bir gərginlik olmadı. Cəmi bir neçə gün sonra isə dərsdən evə yenə birlikdə gəldik. Bəzi günlər isə mən onların evinə, o da bizim evə gəldi və birlikdə vaxt keçirdik. Beləcə, aramızda ünsiyyət daha da artdı və bir qədər sonra özümüz də fərq etmədən dostluğa çevrildi. Ancaq bu dostlaşmaqdan qabaq hər ikimizin artıq o qıza olan marağı sönmüşdü. Sonra isə hətta ondan xoşlanmadığımızı bir-birimizə etiraf etmişdik. İndi o qız bizə özündən razı, eqoist, hər şeydə bir nöqsan axtaran adam təsiri bağışlayırdı. Qızın bizim ondan xoşlandığımızı bilmədiyi halda, indi ona qarşı az qala ədavət aparmağımızın bir qədər qəribə təsir bağışladığının da fərqində deyildik. Qız da bəzən açıq xarakter alan kobudluğumuzun səbəbini başa düşmədiyindən çaşıb qalır, bacardıqca bizimlə ünsiyyətdən qaçmağa çalışırdı. Bəlkə də müəllimlərin hamıdan çox onu tərifləməsinə bizim qısqandığımızı güman edirdi, hətta uşaqcasına paxıllığını çəkdiyimizi düşünürdü, bilmirəm. Ancaq onun üçün qısa müddətdə baş verən bu dəyişikliyin, əslində, başqa izahı da yox idi.
İllər sonra bütün bunlar barəsində sakit mülahizə yürütmək, yaşanan psixoloji vəziyyətləri nəzərə almadan, hər şeyi sadə məntiqin dili ilə izah etmək bəlkə də asandır. Ancaq vəziyyətin dəqiq qiymətləndirilməsində məntiqin həmişə köməyə çatdığını güman etmirəm. Bizim ona qarşı əvvəl xoş, bir qədər sonra isə tamami ilə əks münasibətimizin yaranmasında özünün heç bir iştirakı, hətta xəbəri yox idi. Bəs bu bir-birinə daban-dabana zidd proseslərin baş verməsini necə izah etmək olardı? Təbii ki, burada məntiq axtarmaq faydasızdır. Yaxşısı budur ki, baş verənləri uşaq ağlının nəticəsi kimi qəbul etməklə kifayətlənək.
Bizim dostluğumuz aydan-aya deyil, günbəgün möhkəmlənirdi. Artıq bir-birimizin ailəsinə daha tez-tez gedib-gəlir, saatlarla bir yerdə vaxt keçirirdik. Etiraf edim ki, əksər məsələlərdə Nəriman özünü daha təcrübəli, bacarıqlı göstərir, ancaq bunu elə etməyə calışırdı ki, mənim xətrimə dəyməsin. Həm dərslərini çatdırmağı, həm də evdə təsərrüfat işlərinə əl tutmağı necə bacarması isə məni daha çox təəccübləndirirdi. Bizimlə müqayisədə onların təsərrüfatları böyük idi. Həm mal-qara saxlayır, həm də bostan-tərəvəz becərməklə məşğul olurdular. Atası zəhmətkeş olduğundan, onları da körpəliyindən əməyə alışdırmışdı. Özündən böyük və kiçik qardaşını da daim nə işləsə məşğul görərdin.
Onun atasını bütün rayonda tanıyır və hörmət edirdilər. Onu tanıdan və uşaqlı-böyüklü hamının rəğbətini qazandıran səbəblərdən biri də yetişdirdiyi növbənöv güllər idi. Həyətində gül becərən elə bir rayon sakini yox idi ki, ondan gül tingi, yaxud toxumu almasın. O, insanların bu istəyini həvəslə yerinə yetirir, gülü necə becərmək barədə onlara usanmadan məsləhətlər verirdi. Həqiqi zəhmətkeş, sadə insan olan dostumun atası Əvəz dayının boş dayandığını görmədim. Övladları da bu cür böyümüşdülər. Heç bir çətinlikdən qorxmayan, hər işi bacaran, qürurlu və təmkinli. Onların həyətləri tamam başqa bir aləm idi. Buradakı səliqə-sahman, cərgə ilə əkilmiş gül kolları, ağaclar, onları həm evin qarşısında, həm də həyətin o biri tərəflərində əhatə edən ağardılmış daşlar və bütün bunlarla ikimərtəbəli evi ayıran göy rəngli taxta hasar göz oxşayırdı. İsti yay günlərində yaxınlıqdakı dəmiryol vağzalından keçənlərin çoxu giriş qapısının düz yanındakı su quyusundan sərin su içib yanğılarını söndürürdülər. Elə bil, bu quyunu bilərəkdən qapının ağzında qazmışdılar ki, susuzluğu olanlar daim açıq qapıdan keçib, kimsəni çağırmadan istədikləri qədər su içə bilsinlər.
Nərimanın atası sadə, sözübütöv, dəqiq adam olduğundan övladlarından da bunu tələb edir, onların layiqli insanlar kimi yetişmələri üçün əlindən gələni əsirgəmirdi. Böyük ailəni dolandırmaq, uşaqlarına yaxşı təhsil vermək üçün hər cür əziyyətə qatlaşır, ancaq bir dəfə də bunu dilinə gətirmirdi. İşinin başından aşmasına baxmayaraq, bütün valideyn iclaslarına qatılan Əvəz dayını məktəbdə hamı tanıyırdı. Balaca boylu, arıq bədənli, ancaq çevik və qüvvətli adam idi. Xalq arasında belələrinə “qayış kimidir”, deyirlər. Hərdən mənə elə gəlirdi ki, onun yetişdirdiyi meyvə-tərəvəz başqalarından daha dadlıdır. Həmin meyvələrdən dadıb mənim fikrimlə razılaşmayanlar da bir şeyi etiraf edə bilərdilər ki, onların bağındakı meyvələr daha iri, daha şirəli idi. Eyni havanı udub, eyni günəşdə qızaran, bəlkə də eyni suyu içən qonşu bağların meyvələri niyə bu qədər fərqli idi, anlaya bilmirdim.
Dostumun anası Sarıtel xala da sadəliyinə, zəhmətsevərliyinə görə ərindən geri qalmırdı. Həlim xasiyyətli, ağzıdualı bir ana idi. Az danışan, sözünün yerini bilən, ancaq ürəyi dolu, sözü-sözdən seçən insan idi. Nə demək istədiyini dərhal başa düşür, ancaq heç vaxt başqasının sözünü kəsmirdi. Bütün analar kimi övladlarını çox istəsə də, onları ərköyün böyütməmiş, böyüklərin bir sözünü iki etmələrinə yol verməmişdi.
Hər dəfə qapılarını açanda az qala eyni mənzərənin şahidi olurdun. Həyətdə nə işləsə məşğul olan bu gülərüz, mehriban insanlar adamı dərhal evə dəvət edir, utanmağa, narahatlıq keçirməyə imkan vermirdilər.
“Orada dayanma, sən yuxarı çıx, bir stəkan çay içincə, dostun da gələr”, deyir, bir az keçməmiş dostumu tapşırılmış işdən tam azad edirdilər. Mən bütün bunların nə qədər səmimiyyətlə edildiyini, Nərimanın yarımçıq qoyduğu işlərin böyük qardaşı, yaxud atası tərəfindən davam etdiriləcəyini görüb, yaxud bu barədə düşünəndə ixtiyarsız utanırdım. Belə vaxtlarda tez çıxıb getmək istəsəm də, mümkün olmurdu. Dostumun anası:
- A bala, bir stəkan çay içməmiş hara gedirsən, deyib məni zorla saxlayırdı. Bu sözün ağzından çıxması ilə dostumun bacılarından birinin əlində 2 fincan çay içəri girməsi bir olurdu.
Mən hər dəfə rayona gələndə bəzən ən yaxın qohumlardan da qabaq Nərimangilə baş çəkir, onlardan hal-əhval tuturdum. Rayonun işğalına qədər belə də davam etdi. O vaxtlar dostum da, mən də Bakıda yaşayırdıq. Dostum Nəriman ali təhsil almağa gəldiyi vaxtdan burada qalıb işləmiş, ev-eşik sahibi olmuşdu. Valideynləri də məcburi köçkünlük vaxtı onun yanında yaşadılar. Ancaq yurd, torpaq dərdlərinin üstünə bir də itkin oğul (şəhid olduğu indiyədək dəqiqləşməyib) dərdi gəlmiş bu ahıl insanlar çox dözə bilmədilər. Sonbeşikləri Elşadın taleyindən nigaran, öldüsünü-qaldısını dəqiq bilmədən dünyadan köçdülər. Nərimana çox ağır təsir edən bu itkilər onun da qara saçlarını vaxtsız ağartdı.
Nərimanın mənim tələbə, mənsə onun əsgərlik dostları ilə tanışlığımız və onlarla aramızda yaranmış mehriban münasibətlər hər ikimizin ürəyincə idi. İkili görüşlərimizdə indi də imkan düşəndə onların iştirak etməsi hər ikimizə xoş gəlir. Düzü, Nərimanın həmişəki kimi vaxtının azlığı səbəbindən belə görüşlərin əsas təşəbbüskarı mən oluram.
Bizim dostluğumuz özümüzdən asılı olmadan qohumluğa da çevrildi. Həyat yoldaşlarımızın qohum olmasının gətirdiyi yeni münasibətlər bizə nə qədər xoş olsa da, heç nəyi dəyişmədi. Dostluğumuz nə artdı, nə də azaldı.