Edebiyyat.az » Proza » Nazlı Eray – Monte Kristo

Nazlı Eray – Monte Kristo

Nazlı Eray – Monte Kristo
Proza
admin
Müəllif:
20:16, 20 sentyabr 2021
1 399
0
Nazlı Eray – Monte Kristo



 Ayrançı tərəflərdəki Portağal Çiçəyi küçəsində, 51 nömrəli binanın ikinci mərtəbəsində yaşayan evdar qadın, əksərən dörd divar arasında keçən həyatından çox da razı deyildi. Əri hər axşam evə yorğun gəlir, onunla lazımınca maraqlanmırdı. Kobud adam idi, tez-tez arvadının qəlbini qırırdı. Evin darısqallığı, həmişə eyni olan gündəlik işlər, uşaqlarla əlləşmək qadıncığazı həm yormuş, həm də stresə salmışdı. Adı Nəbilə idi; süpürgələrin, əskilərin, xəkəndaz və paltar sabunlarının olduğu balaca otağın divarını dırnaqlarıyla gizlicə qazmağa başlamışdı. Məqsədi bir tunel qazıb azadlığa çıxmaq idi. Arabir divarın o biri tərəfindən bəzi səslər eşidirdi. Divarı axşamüstləri, gündəlik ev işlərini bitirəndən sonra, əri işdə, uşaqları məktəbdə olanda qazırdı. Əvvəl dırnaqları ilə qazmağa başlamışdı, sonra sapı qırıq çəngəllə davam etdi. Divardan çıxan suvağı və daş-kəsəyi bir çuvala doldurub hər axşam gizlicə zibil qabına boşaldırdı. Səhərlər həmişə kimi ertədən durur, süfrəni qurur, yeməyi hazırlayır, sonra qab-qacağı yuyub evi yığışdırırdı. Amma iki gün idi ki (divarı iki gün qabaq qazmağa başlamışdı), durduğu yerdəcə içində bir sevinc, bir ümid cücərir, elə bil, gördüyü bütün işlər həmin andaca asanlaşırdı.
 İçində süpürgələrin, əskilərin, xəkəndazın və camaşır səbətinin, sabunların olduğu otağa ondan başqa elə də girən olmurdu. Ancaq Nəbilə yenə də qazdığı deşiyin qabağını böyük camaşır səbətiylə örtürdü. Sınıq çəngəli də sarı rəngli çörək qabının arxasında gizlədirdi.
Hər səhər həmin gün bişirəcəyi şeyləri almaq üçün evdən çıxır, meyvə-tərəvəz alır, qəssaba, baqqala dəyirdi. İstəsə bu vaxtlarda qaçardı, bir küçəni burular və gözdən itərdi. Amma o, bu cür qaçıb xilas olmaq istəmirdi. Özü də ki, küçədə həmişə əlləri dolu olurdu. Məsələn, bir səhər qoltuğunun altında böyük bir kələm, torbasında portağal, kartof, bir az da qiymə varkən bir küçəyə burulub aradan çıxmağı düşünmüşdü. Eləyə bilmədi, ürəyi istəmədi. Evə qayıdıb kələm dolması bişirdi.
 Divarın o biri tərəfindən qulağına xoşbəxt, nizamlı bir həyatın səsləri gəlirdi. Əvvəlcə elə bu səslər diqqətini divara yönəltmişdi. O, divarın o biri tərəfindəki xoşbəxt həyata qarışmağı özünə məqsəd seçmişdi. Dözə bilməsəm, uşaqlarımı da özümlə götürürəm – deyirdi.
Əvvəlki kimi ev işlərinə köklənə bilmirdi. Əvvəllər tavandakı hörümçək torlarını görən kimi təmizləyərdi, indi eləcə buraxırdı.
O səhər əri  “Yenə mənim açıq mavi köynəyimin düyməsi qopub. Gecikdim, zəhrimara qalsın” – deyərək deyindi. “Amanın günüdür, bugün nə yemək bişirirsən-bişir, amma dolma olmasın, bezmişəm dolmadan, bura yığımışam. Nəbilə, bərbərə get. Saçların formasını itirib, xudahafiz.”
Uşaqlar da cib xərcliklərini alıb məktəbə gedəndən sonra Nəbilə süfrəni yığışdırdı, qab-qacaqları yudu. Torbasını götürüb bazara getdi. Orta ölçülü bir gül kələmi, qəssabdan bir kilo dana əti, baqqaldan bir paket “Sana” yağı və kəpənək formalı makaron aldı.
Evə gələndə paltosunu qapının yanındakı asılqana asdı. Ayaqqabılarını çıxardı, tərliklərini geyindi. Gül kələmini pörtdətdi. Xırda hissələrə bölüb üstünə zeytun yağı, limon, duz əlavə etdi. Soyuması üçün qırağa qoydu. Bir qazan su qaynadıb kəpənək formalı makaronu içinə boşaltdı.
Sonra güzgünün qabağına keçdi, saçını düzəltdi. Sabah bərbərə gedib düzəltdirərəm – dedi.
Günorta yeməyindən sonra ərindən soruşdu: “Aydın kinoteatrındakı film çox gözəliymiş, qəzetdə oxudum. “Yeni dalğa” fransız filmiymiş. Bu axşam gedəkmi?”
Əri onu inanmayan nəzərlərlə süzdü.
“Amanın günüdür, Nəbilə, elə bilirsən başımı qaşıma vaxtım var mənim? Onsuz da axşam evə yorğun gəlirəm. Bircə kinoteatrımız çatmırdı. Onsuz da fransız filmlərindən zəhləm gedir. Bir də ki, televizor var da” – dedi və çəkmələrinin ipini bağlayıb işə getdi.
Nəbilə qabları yudu. Gül kələmi salatının qalanını soyuducuya qoydu. Çörək qabının dalındakı sapı qırıq çəngəli götürdü. Süpürgələrin, əskilərin, xəkəndaz və sabunların olduğu balaca otağa getdi. Camaşır səbətini yana çəkdi, qaldığı yerdən divarı deşməyə başladı. Nəbilə divarda bir insanın keçə biləcəyi boyda deşik açırdı. O tərəfə keçməyinə az qalmışdı. Deşik açılanda sürünərək divarın o biri tərəfinə keçmək mümkün olacaqdı. O taydan hündür dabanlı tərlik səsi gəlirdi.

 Nəbilə düşünürdü ki, yəqin evin xanım üstü dəvə quşu tükü ilə bəzəli, hündür dabanlı tərliklərdən geyinir. Qaçan, oynayan bir uşağın səsi də gəlirdi qulağına.
Qapı döyüldü.
Nəbilə quruyub yerində qaldı. Əvvəlcə elə bildi ki, vəsssalam, hər şey bitdi. Ovuclarının içi tərlədi. Sonra özünü ələ aldı, deşiyi camaşır səbətiylə örtdü. Üst-başına əl gəzdirdi, gedib qapını açdı.
Gələn bir rəfiqəsiydi. Saçlarını təzə kəsdirmişdi, adı Güzin idi.
“Yatmışdın, Nəbilə? Dedim, keçərkən bir sənə dəyim. Bir kofe içib gedəcəm.”
“Yox, canım, nə yatmaq, mən də darıxırdım. Yaxşı ki, gəldin Güzin!”
Qabaq-qənşər oturdular.
“Bilirsənmi, Nəbilə, bahar gəlib, günlər uzanıb ha, evdə otura bilmirəm. Ev işi qurtaran kimi özümü küçəyə atıram.”
“Mənim də evdə bağrım çartlayır, Güzin. Dayan kofeni gətirim.”
“Bugün rosto bişirdim. Çox gözəl alındı. Sarımsaqlı. Yanında kartofla kök də bişirdim. Suyu çox ləzzətli şorba oldu. Hilmi fərqli yeməklər istəyir. Amma rostonu isti-isti kəsəndə dağılır. Yadında olsun, soyuyanda kəsmək lazımdır, Nəbilə!”
“Güzin, fincanı tərsinə çevirirəm.”
“Pərdələri necə yuyursan, Nəbilə?”
“Bir gecə əvvəldən camaşır tozu qatdığım suda islağa qoyuram. Ertəsi gün üç dəfə yuyuram. Duruladığım suya dörd dənə kəsmə şəkər atıram ki, kraxmallı kimi olsun. “
“Nəbilə, falında yol görünür. Vallah, bura bax. Qısa bir yoldur, açılmaq üzrədir.”
Güzin gedəndən sonra Nəbilə kofe fincanlarını yaxalayıb rəfə qoydu. Sonra birbaşa süpürgələr, əskilər və xəkəndaz olan otağa getdi. Səbəti kənara çəkib yenidən qazmağa başladı.
Divarın o tərəfindən xəfif musiqi səsi gəlirdi. Evin xanımı taqqataq addımlayırdı.
“Oğlum, əllərini yu, indi atan gələcək, səni təmiz görsün” – dedi evin xanımı qaçıb-oynayan uşağa.
Nəbilə divardan çıxan daş parçalarını plastik qaba doldurdu. Deşiyin qabağını camaşır səbətiylə örtdü, otaqdan çıxdı.
Əvvəlcə uşaqlar məktəbdən gəldilər. Sonra əri gəldi. Nəbilə mətbəxdə şam yeməyini hazırlayırdı. Əri, “Bu axşam yaxşıca çimib yatım” – dedi.
Nəbilə səhəri gün bərbərə getdi.
 “Saçım uclardan qısalmadan düzəldiləcək, yuyulub mizampli ediləcək” – dedi. “Əl-ayaq dırnaqlarım da düzələcək” deyə əlavə etdi.
Saçları qurudulub, dırnaqları düzəldilən ərəfədə xeyli şeylər düşündü.
Evə qayıtdı, günorta yeməyini isidib masaya qoydu.
Günortadan sonra, əri işə gedən kimi, qolsuz qara paltarını geyindi. Gözəl paltar idi. Nəbilə bu paltarı toyda-nişanda geyinərdi. Dar idi. Boz rəngdə kapron kalqotka ilə hündürdaban ayaqqabılarını da geyindi.
Güzgüyə baxandan sonra, çaydana su doldurdu. Salondakı çiçəkləri suladı. Bir dəvədabanı vardı, ən yaxşı o böyüyürdü. Yerini bəyənmişdi.
Bufetin üstündəki saatı qurdu. Xalıların saçaqlarını, pərdələrin qıvrımlarını düzəltdi. Uşaqların otağına baxdı, hər şey yerindəydi. Bir stəkan sərin su içdi, stəkanı yaxalayıb rəfə qoydu. Ərinə bir qeyd yazıb-yazmamağı düşündü. Heç nə yazmamaq qərarına gəldi. Bəlkə də heç kim yoxluğundan xəbərdar belə olmayacaqdı…
 Nəbilə sapı qırıq çəngəli divara bir-iki dəfə çəkdi. Divar nazilmişdi, bir deşik açıldı. Nəbilə səssizcə deşiyi böyütdü. Deşik keçiləsi boyda olanda, sürünərək içəri keçdi, sonra isə əl atıb camaşırı səbətini deşiyin qabağına çəkdi.
İnnən belə süpürgələrin, əskilərin, xəkəndaz və sabunların olduğu otaqdakı deşiyi heç kim görə bilməzdi.
Nəbilə sürünərək qapqaranlıq bir otağa çıxmışdı.
Gözü qaranlığa alışandan sonra ətrafına baxdı. Bura gəldiyi balaca otağın əkiziydi. Görünür, başqa iş üçün istifadə edilirdi. Əski, süpürgə, xəkəndaz, ya da paltaryuyan maşın kimi bir şey görmədi, Nəbilə. Küncdə bir əl-üzyuyan vardı. Nəbilə qapının yanına getdi, qulaq asmağa başladı. Evin xanımı arada onun olduğu otağından qabağından keçirdi. Bir müddət keçdi, qapı döyüldü, evin xanımı qapını açdı.
“Xoş gəldin, Səlahəddin” – dedi.
“Çantamı götür, çox yorğunam, bugün canım çıxıb. Axşam yeməyinə nə var?” – dedi evin kişisi.
Nəbilə qaranlıq bir otağın küncündə büzüşüb oturdu. Öz evindən də qarışıq səslər gəlməyə başlamışdı. O yana heç qulaq asmadı.
Xeyli keçəndən sonra qaranlıq otağın qapısı açıldı. İşıq yandı. Gələn Səlahəddin bəy idi. Nəbilə büzüşdüyü küncdən dikəldi. Səlahəddin bəy Nəbiləni görəndə təəccübləndi. Donub qaldı.
Nəbilə, “Bağışlayın, evimi tərk etdim, bu otağa sığındım” – dedi.
Səlahəddin bəy, “Bu otaq mənim qaranlıq otağımdır, burada foto-şəkillərimi yuyuram. Mənim də marağım fotoyadır” – dedi. Sonra ağlına gəldi, soruşdu: “Siz yemək yemisiniz?”
Səlahəddin bəy hündür boy idi. Bığlıydı. Nəbiləyə gözlərini qıyıb baxırdı.
Səlahəddin bəy gizlincə Nəbiləyə iki dilim çörək və soyuq dil gətirə bildi. Dəsmala büküb cibində gizlətmişdi. Nəbilə dilli çörəyi yeyərkən Səlahəddin bəy onu süzürdü. Nəbilə Səlahəddin bəyin gözlərini qıyıb onu süzməsindən qəribə bir həyəcan, vicvicəyə oxşar bir şey hiss etdi.
O gündən sonra Səlahəddin bəy vaxtının çoxunu qaranlıq otaqda keçirməyə başladı. Nəbiləyə yemək, su gətirirdi, oturub pıçıltıyla uzun-uzun söhbətləşirdilər.
 Nəbilə əvvəlki həyatını danışmışdı ona. Səlahəddin bəyi özünə çox yaxın bilirdi. Bu cür bəslənmək, baxılmaq xoşuna gəlirdi.
Səlahəddin bəy danışırdı: “On beş illik evliyəm. Fəriha mən heç başa düşmür. Dünyalarımız çox ayrıdır. Mən axşam işdən yorğun qayıtsam, o gəzmək istəyir, mənim ürəyim bir yerə getmək istəyəndə, o yorğun olur. Hər səhər Öməri götürüb alış-verişə çıxır, yeməyə nəsə alır, bax, sən onda tualetə gedərsən.”
Nəbilə axırda Səlahəddin bəyin ən yaxını oldu. Səlahəddin bəy gizlicə ona son dəbdə olan paltarlar, ətirlər, namnazik kül rəngli corablar, altı poliuretanlı çəkmələr, hamiləlik kontrol həbləri, arabir də çiçək gətirirdi.
Nəbilə qaranlıq otağın bir küncünə ip gərərək paltarlarını asmışdı. O biri küncdə də bir yer yatağı düzəltmişdilər. Xoşbəxt idilər.
Nəbilə gündüzləri uzandığı yerdən Fəriha xanımın ev işləriylə məşğul olmasına qulaq asırdı.
Səhərləri gec durmağa başlamışdı. Hər gecə gec vaxta qədər Səlahəddin bəylə birlikdə olurdular. Səlahəddin bəy Nəbilənin cürbəcür pozalarda rəngbərəng fotolarını çəkirdi.
 Nəbilə Səlahəddin bəyi arvadına qısqanırdı. Səlahəddin bəy onun yanından çıxıb öz arvadının yanına gedəndə, qulağını qapıya dirəyib nə danışdıqlarını eşitməyə çalışırdı. Amma yataq otağı çox uzaqdaydı. Arada dəhliz vardı. Heç nə eşidilmirdi.
Səlahəddin bəy, “Bizim evliliyimiz çoxdan ölüb. Mən sənin yanında olanda yaşadığımı başa düşürəm. Niyə boş-boşuna özünü üzürsən ki, başa düşmürəm” – deyirdi.
Nəbilənin Fəriha xanımla bağlı maraqlandığı çox şey vardı. Öz-özünə fikirləşir, beynində müəyyən şeylər düzüb-qoşur, axırda dözə bilməyin Səlahəddin bəydən soruşurdu: “Maraqlıdır, Səlahəddin, arvadın qab-qacağı nə ilə yuyur? Çiti ilə yoxsa, Pril ilə? Nolar denən. Düşünə-düşünə dəli olacam yoxsa.”
Səlahəddin bəy arvadının qab-qacağı nə ilə yuduğunu bilmirdi. “Bunları bilmək sənin üçün vacibdirmi, Nəbilə? Bunları niyə düşünürsən ki?” – deyirdi.
Nəbilə axırda, “Mənim üçün qab-qacağın nə ilə yuyulması, camaşır tozunun markası, mətbəxdə istifadə edilən yağın növü çox vacibdir, Səlahəddin. Sənə bunu başa düşməzsən. Bunlar mənim bütün həyatım idi. Hələ də təsirindən çıxa bilmirəm” – deyirdi.
Səlahəddin Nəbilənin üzülməsinə, fikrə qərq olmasına dözə bilmirdi. Bu qadının dərin düşüncələri onu ovsunlayırdı. Arvadının istifadə etdiyi şeylərin adlarını bir-bir öyrənib Nəbiləyə dedi.
Nəbilə bəzən Fəriha xanımın ucbatından göz yaşı da tökürdü.
“Ah, Səlahəddin,” deyirdi Nəbilə, ”ah, bizim sevgimiz həmişə belə qaranlıqda qalacaq?”
Onda Səlahəddin bəy belə cavab verirdi Nəbiləyə: “Onsuz da küsülü kimiyik. İnan, üç aydır ona əlimi vurmamışam. Bu iş öyrənsə, məndən ayrılmaz, süründürər bizi. O da nədənsə şübhələnir. Diqqətli olmalıyıq. Səbr elə.”
Nəbilə ötən vaxt ərzində divarın o tayındakı köhnə evini tamamilə unutmuşdu. Arabir, gecə vaxtı, oradan gələn səslərə qulaq asdığı olurdu. Çox vaxt ərinin gur səsini eşidirdi.
Əri dostlarına yanıqlı-yanıqlı deyirdi: “Ah, nə yaxşı qadın idi. Həyatından məmnun görünürdü. Hər səhər işə gedəndə yanıma qaçar, Mətin, təmiz dəsmalını unutma deyərdi. Namuslu qadın idi. Aldatdılar onu. “Nəbilə, evə qayıt” deyə qəzetə elan vermişəm. Bəlkə oxuyub qayıdar. Ah, Nəbiləm, ah.”
Uşaqlar məktəbə gedib-gəlir, ev işləri o olmadan da öz axarında gedirdi. Əri gündəlik işləri görmək üçün bir qadın tutmuşdu.
Nəbilə xoşbəxt olmağına xoşbəxt idi. Bütün gün dincəlir, üzünü losyonla silir, dırnaqlarını düzəldir, Səlahəddin bəyin hədiyyə aldığı qara krujevalı gecə paltarını geyinir, yatağa uzanaraq qaranlıq otaqdan çıxıb evin içinə keçəcəyi günü gözləyirdi.
 
Dilimizə uyğunlaşdıran: Qismət
Mənbə: Sim-sim.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)